Читать книгу «Tomris Xan » онлайн полностью📖 — Əhməd Haldun Dərzioğlu — MyBook.
image
cover

Əhməd HALDUN DƏRZİOĞLU

Tomris xan

roman

İgid, mərd, qəhrəman türk qadınlarını hörmətlə salamlayaraq…

Dəyərli həyat yoldaşım Fikriyyə Dərzioğluna





Çöllərin hakimləri

Köklərinin müqəddəs Göy üzünə söykəndiyinə, Göy Tanrının buyruğu ilə bütün cahanı idarə etmək üçün yaradıldıqlarına inanırlar. Onlara rəhbərlik edən və Göy üzünə bağlı olan xaqan ailəsi ilahi qüvvəyə sahib olur, bu qüvvənin köməyi ilə bütün cahanı idarə edir. İnanclarıyla üst-üstə düşən, keçmişdən gələn təcrübələrlə bərkimiş, güclü və dəyişməz ənənə sahibi olmaq şərəfini daşıyırlar.

Çayların, göllərin sahillərində dünyaya göz açırlar. Çətin çöl şəraitində yaşayır, dağlarda, düzənliklərdə böyüyürlər. Lazım gəldikdə canları bahasına olsa belə, vəhşi heyvanlarla dolu mağaralara da sığına bilirlər. Atları onların hər şeyidir, ən böyük var-dövlətləri olan sürülərinin arxasından ayrılmırlar.

Çöllərin hakimi olmaq yaşamaq üçün ən vacib səbəbləridir. Çöllər onlarındır, onlar da çöllərin.

Məhsuldar torpaqlar axtarır, tapdıqca özlərinə yurd seçib ora köçürlər.

Köçdükləri yer yurddur. Toxunulmazdır.

Həyatlarının bütün mərhələlərində çətin təbiət şərtləri çıxar qarşılarına. Yaşamaq üçün var gücləri ilə mübarizəyə başlar, davam gətirər, təslim olmazlar. Güclü olmalarının bir səbəbi də bu mübarizələrdən qalib çıxmalarıdır. Ən kiçik yaşlardan etibarən mübariz olmaq üçün təlimə başlayarlar. Çünki buna məcburdurlar. Hər biri yaxşı döyüşçü, əsl qəhrəmandır.

Döyüş həyatlarının mənası, həqiqəti və dəyəridir. Bütün cahan döyüş təcrübəsini və döyüş meydanındakı hünəri onlardan öyrənib, igidlik onların adı ilə eyni tutulub. Qızları, igid ərləri və bütünlükdə xalq at minməyi, ox atmağı, qılınc oynatmağı, bıçaq işlətməyi, nizə sancmağı ustalıqla bacarır.

Başqa cür var ola, yaşaya bilməzlər.

Tanrı onları çöllərə güclü olsunlar deyə göndərib. Yumşaq döşəkdə yatarkən ölmək ən böyük qorxuları, ən böyük utanclarıdır. Ən böyük duaları yay çəkə bilməyə gücləri yetərkən, at belində döyüşərkən uçmağa varmaqdır1. Tanrının yazdığına boyun əymək isə ən böyük vəzifələridir.

Sonda qalxdıqları mərtəbə inandıqları Göy üzüdür. Göy Tanrının sonsuz çölləri döyüşçü kimi yaşayıb döyüşçü kimi Tanrı qatına yüksələnlərin, müqəddəslik zirvəsinə qalxanların sonsuza qədər xidmətində olacaq.

Sonsuzluğa, əbədiliyə inanırlar, çünki Göy üzü sonsuzdur.

Çöllər ucsuz-bucaqsız genişliyi ilə onlara göy üzünün sonsuzluğunu xatırlatdığı üçündür, bəlkə də, çöllərə olan bu sevgiləri.

Göy üzü sonsuz, çöllər sonsuz.

Deməli, son yoxdur onlar üçün.

Günəşə, aya, ulduzlara – Göydə olan nə varsa, hamısına hörmət edirlər. Onlardan gələn hər işarəni bilir, ulduzları izləyərək yolu tapır, Göy işarələrini oxuyaraq gələcəklərini qururlar.

Göy üzünün müqəddəs qəhrəmanları yol göstərir onlara. Öyrətdikləri ilə önlərinə düşür, yollarına işıq salırlar.

Bəzən çöllər həyatlarını çətinləşdirər. Elə bil yoxlayar, sınaqdan keçirər onları. Quraqlıq, qıtlıq və şiddətli soyuqlar əzab verər. Sürüləri qırılar, ac qalarlar. Nə qədər qəhrəmanlarını alar Göy üzü.

Çöllər hər zaman vermir, alır da.

Amma yenə çöllərdən imtina etməz, onu atmazlar. Əhd edər, qurbanlar kəsər, Göy üzünə bağışlar və çölləri razı salarlar ki, rahat yaşamalarına kömək etsin.

Çöl onların anasıdır. Onları var edən, onları bəsləyən ana. Heç vaxt çöllərdən küsə bilməzlər.

Baş əyməz, əyilməzlikləri ilə saylarından, güclərindən qorxmadan bütün cahana, bütün xalqlara meydan oxuyarlar. Boyunduruq altında yaşamağı əsla qəbul etməzlər. Qolları zəncir götürməz. Yox olmayacaqlarını, unudulmayacaqlarını, qəhrəmanlıq və igidliklərinin dünya durduqca danışılacağını bildikləri üçün qorxmadan həyatla üz-üzə durarlar. Onlar var olduqca həyat onlardan çəkinər.

Möhkəm iradələri və igidlikləri ilə heç bir çətinlikdən qaçmazlar. Üsyankar olsalar da, yalnız Göyün qarşısında əyilərlər. Sağ dizlərini yerə vurub baş əyərək salamlayarlar Göy üzünü.

“Yerdə sağlam və dik dururamsa, yer məni qəbul edirsə, sənin sayəndədir!”

Dastanlar yaradarlar igidlikləri ilə. Övladlarına, nəvələrinə bu dastanları əmanət qoyub gedərlər. Onlar üçün dastanlar ilahi duadır. Dünya var olduqca söylənilən, dillərdə əzbər olan dua.

Onlar çox qədimdən var olublar və ulu babalarından qalan həyat tərzini davam etdirirlər, bu müqəddəs amaldır.

Sayları az olsa da, özlərindən sayca çox yağı düşmənə qalib gəlmələrinin də, azad yaşamalarının da səbəbi budur.

Göy altındakı hər yer yurdları, Göy üzü isə çadırları, evləridir.

Köçəri həyat yaşamaları onları araba üstündə hərəkət edən çadırlar düzəltməyə məcbur edib. Tez-tez yurd dəyişdikləri üçün daha çox dörd, altı, səkkiz təkərli arabaların üstündə qurduqları çadırlarda yaşamağı seçərlər. Təkəri onlar ixtira edib, bəşər sivilizasiyasına tanıdıblar. Tanrının hədiyyəsi olan keçə onlar üçün var edilib. Hər yerdə əllərindən tutur. Çadırlarda, örtüklərdə, səccadələrdə, geyimlərdə…

Tez-tez özlərinə bu sualı verməyi xoşlayırlar:

– Keçə olmasaydı, nə edərdik?

Ailələr boylar şəklində birlikdə yaşayar, hakimiyyət bölgülərini özləri müəyyən edərlər. Haranı özlərinə yurd seçmək istəsələr, oranı almaq üçün mübarizə aparar, istədikləri yeri yurd edənə qədər savaşarlar.

Onları yurd seçdikləri yerdən uzaqlaşdırmaq asan olmaz. Bu, ölüm-qalım məsələsinə çevrilər hər zaman.

Onlarda mübarizəni yarımçıq dayandırmaq anlayışı yoxdur, can alıb-can vermək onlar üçün müqəddəs amaldır.

Tanrı onlara güclü qalmaları üçün çox mükafatlar verib. Keçə bunlardan yalnız biridir.

Ən əsas və ən dəyərli mükafatları isə onları qanadlandıran atlarıdır. Dünya, yer üzü at minməyi, qılınc oynatmağı onlardan öyrənib, lakin onlar qədər yaxşı öyrənə bilməyib.

Dünyanın ən nüfuzlu, ən sürətli, ən güclü və ən dözümlü atları onlarındır. Çöllərə yayılmış böyük at sürüləri zənginlikləri və qürurlarıdır. Atlarının müqəddəs Göy üzündən, Tanrı tərəfindən göndərildiyinə inanırlar22.

Qanadlı atlardır onların atları.

Yaşayan igidi mükafatlandıracaq, el-obada məşhurlaşdıracaq, şərəfini Göylərə qaldıracaq tək vasitə.

Tanrının onlara verdiyi ən dəyərli hədiyyədir at. Ətindən, südündən, dərisindən, sümüyündən faydalanırlar.

Atlar ən yaxın dostlarıdır. İgidi atsız təsəvvür etmək igidlik anlayışlarına ziddir. Atları çox asanlıqla öyrədirlər. Onun üstündə, yanında, ya da döyüş meydanında olsunlar – fərq etməz, hər yerdə ona səsləri, əlləri, bədən hərəkətləri ilə buyruq verməyi bacarırlar. At sülh zamanı da, savaş zamanı da ən yaxın dostları olur.

“At demərəm sənə, kanqdaşım33 deyərəm!” – söyləyəcək qədər çox sevərlər atlarını.

At südündən hazırlanmış qımız içərlər ki, güc, qüvvət versin onlara. Bəzən hiddətlənmiş başla əylənmək üçün də qımız içərlər. Qımız sağlamlıqdır. Qımız od olub yandırar bədənlərini.

Onlarınsa ürəkləri od yükündə yanğındır onsuz da.

Göyə qurban kimi at verərlər, çünki yerin ən sürətlisi yaraşar ən müqəddəs, ən böyük, ən güclü olana.

Bir də yayları var.

Başqa heç millətdə olmayan güclü, sağlam, oxu uzağa atan, sümükdən hazırlanmış, cütqatlı, möhkəm yayları.

– Mən harda yaşayacağam, ey Ulu Tanrı? – deyə soruşarlar Göy üzündən. Tanrı onlara çölləri işarə edər.

– Çöllərdə yaşamaq çox çətindir. Əgər ucsuz-bucaqsız çölləri bizə yurd seçdinsə, silahımızı da ver, ey Ulu Tanrı! – deyə dua edərlər.

– Dünyanı idarə edəsən deyə səni yer üzünə göndərdimsə, əlbəttə ki, silahlandıracağam, – deyə səslənər Tanrı.

Onlar Tanrıya inandılar və müqəddəs amal uğrunda mübarizəyə başlamaq üçün gözlədilər. Yaşamaları, çöllərdə var olmaları üçün onlara keçə, at və ox verildi.

Onlar da vəzifələrini yerinə yetirdilər. Allaha və yaradılış qayəsinə xidmət etdilər.

Çöllərin sahibləri…

Çöllərdə qorunan, çölləri qoruyan qəhrəman və igid xalq – saklar.

Zamana hökm edən Tanrı Sak xalqına səlahiyyət verdi ki, adət-ənənəsini igidlik və ədalət üzərində qursun. Onlar da Tanrıya boyun əyib buyurduğunu etdilər. Yaradıldıqları məqsədlər naminə yaşamağa başladılar. Düşmənlər onları yox etmək üçün hücum edəndə Sak döyüşçüləri hər zaman hazırlıqlı oldular.

Ordu xalqın içərisindən çıxmış igid döyüşçülərin hesabına həmişə yağı düşmənlərin hücumlarının qarşısını aldı. Yoxedilməz olduğunu, boyunduruq, əsarət altında yaşaya bilməyə-cəyini sübut elədi bütün xalqlara.

Çöllər sahiblərini qorudu, onları həmişə qoynunda saxladı. Yer üzü onların varlığı ilə şərəf duydu. Tanrının əmri ilə hökm etdilər.

Yer üzü var olduqca hər zaman hökm edəcəklər də!

Dünya, Cahan var olduqca.

Ağ Şaman

Sanki yerinə yapışmışdı. Qoparmaq mümkün deyildi. Tanrıdan əmr gəlib ölümə qovuşana qədər.

Qeybdən səs eşitmiş, müqəddəs amal uğrunda mübarizə aparması üçün ona şərəfli iş tapşırılmışdı. Bunu anlamaq heç də asan deyildi. Qeybdən gələn səslərin xüsusi dili, elmi var.

Sonda tapa bilmişdi ona səslənən bu müqəddəs çağırışların işarəsini. Əlbəttə, çox çətinlik çəkmiş, günlər, gecələr boyu davam edən sıxıntılar yaşamışdı. Ona yer bildirilmiş, oranı tapması, orda qalması buyurulmuşdu. Səbəbini soruşmadan qəbul etmişdi. Axtarmağa başlamışdı deyilən yeri. İşarələri izləmək vaxtını çox almışdı.

İlk dəfə gələndə çaşqın idi. Anladıqda isə az qala huşunu itirəcəkdi, güclə özünü ələ almışdı. Dastana mövzu olan, qorunmalı torpaqlar ona əmanət edilmişdi. Çox çətin vəzifə idi.

Müqəddəs torpaqlara yerləşmişdilər, köçərilik həyatı, gəzmələr sona çatmışdı. Halbuki, gəzməyi çox sevirdi.

Atadan oğula əmanət edilən bu müqəddəs vəzifəni daşımaq və davam etdirmək məcburiyyətində qaldığından heç cür yurd salmaq üçün yer bəyənə bilməmişdi. Demək olar ki, Sak yurdunun hər yerini, gedilməsi çətin olan uzaq torpaqları belə gəzmişdi.

Gəzmiş, görmüş, öyrənmişdi.

Get-gedə kiçilən, sərhədləri daralan Sak yurdu xəyalındakılarla üst-üstə düşməmişdi heç cürə. Keçmişdə saklar haqqında danışılanlarla indi sahib olduqları arasında çox böyük fərqlər görüb kədərlənmişdi. Tanrıya sığınmış: –“Əlbəttə, ən yaxşısını Sən bilirsən, Sak xalqı üçün ən gözəlini verəcəyinə əminəm! Əmrin müzakirə olunmaz!” – deyib qəbul etmişdi bu qisməti. Ancaq gələcəklə bağlı ümidləri ölməmişdi hələ də.

Bir vaxtlar yurd etdikləri torpaqların böyük hissəsini tərk etmiş olsalar da, bir gün yenidən güclənəcəklərini, onları geri alacaqlarını düşünərək bu ümidlə yaşamaqdadır saklar. Hər şey inanmaqla başladığı üçün övladlarına tarixlərini, keçmişdəki igidliklərini davamlı olaraq danışarlar. Bu gün əllərində olanın əslində ola biləcəklərdən daha az olduğunu dayanmadan təkrarlayar yurdun sərhədlərinə işarə edərlər.

“Gündoğanda Tanrı dağlarının o biri tərəfindən, günbatanda Xəzər dənizini keçdikdən, Qaf dağlarını aşdıqdan sonra, Günəş ölkəsini, Anadolu torpaqlarını böyük dənizlə qucaqlaşdıran o uzaq torpaqlara qədər bizimdir”44, – deyərlər.

“Bizim idi” deyil, “Bizimdir!”

Böyük Turan yurdu olmasa da, sahiblənmək və bir gün yenidən oralara hökm etmək üçün xəyal qurarlar.

“Bizimdir!”

Adını ulu əcdadları “Tur xan”dan alan bu torpaqlar “Turan eli” kimi anılır.

Dünən həqiqət idi Turan, bu gün arzudur, ancaq sabah yenidən qurulacaq müqəddəs ölkədir!

Xəyaldır. Xəyallar isə qurulub. Baxıb görmək asandır artıq. İnsandan asılıdır. Görmək istəyən mütləq görər o müqəddəs ölkəni. Birlik, bərabərlik üçün bu ölkəyə sahib olmağı arzulayar.

Gözlər günbatanda, Turanın son sərhəddi kimi göstərilən, mavi rəngini Göy üzündən alan dənizi görməyə çalışar. Dalğaların sahillərə çırpılmasının səsini eşidər: “Turan”.

Tanrı dağlarından çox-çox uzaqlardan başlayıb.

Sərhədləri yoxdur, əslində!

Sonsuzluqdan sonsuzluğa uzanar.

Onu bu arzularla yetişdirdi atası, babasının atasını yetişdirdiyi kimi. Zamanı gələndə müqəddəs vəzifəsini yerinə yetirmək üçün yola çıxmazdan əvvəl bu əmri aldı:

– Hər yerdə bu haqda danış. Unutma, unutdurma! Unudan bizdən deyil. Unutduğun gün artıq yaşama. Çünki o zaman sən sən deyilsən.

O da zamanı gələndə bu müqəddəs amal üçün yola saldığı övladına həmin şərəfli vəzifəni əmanət edəcək.

İdeallar ancaq bu cür yaşadılır.

Buraya gəlib yurd salana qədər bu torpaqları gəzməliydi. Görməyi, öyrənməyi lazım idi. Başqa yolu yox idi.

Gəncdir!

Yerində dura bilməzdi. Üzərinə götürdüyü məsuliyyət onu rahat buraxmayacaqdı.

Evindən, xanımından, obasından ayrılmaq məcburiyyətində idi. Ürəyində yanan alovun işarəsiylə yola çıxmalı idi. Zaman getdi, dolanıb geri qayıtdı.

Sonra yenə, yenə…

Əvvəllər təkbaşına, sonra oğlu böyüyüncə onunla birlikdə.

Onu böyütdükdən, öyrənməsi lazım olanları öyrətdikdən sonra bir daha obasına geri qayıtmadı. Əmri alan kimi gəlib bura yetişdi. Buranı təkbaşına yurd seçdi özünə.

Oğlunu yola saldı.

– Çıx get! Bundan sonra nə sənin mənə, nə də mənim sənə ehtiyacım var. Ancaq yer üzünün sənə, mənim isə burda qalmağıma ehtiyacı var. Çıx get.

Atlara marağı olduğu üçün “Atlı Şaman” adını alan oğlu ata əmrini yerinə yetirmək üçün yollara düşdü.

Ağ Şaman buranı seçdi.

Atlı Şamana isə gəzmək, araşdırmaq tapşırıldı.

Tanrı Ağ Şamana bu torpaqları işarə etmişdi. Çünki Sak döyüşçüləri lap qədim zamanlardan gələn dastanın işığını daşıyır ürəklərində. Yer üzünə göndərilmiş, bənzərinə rast gəlinməyəcək Tanrı hədiyyəsi olan igid döyüşçünün dastanıdır bu.

Alp Ər Tonqa. Sakların ulu xaqanı.

İgidlərin igidi, xanların xanı, döyüşçülərin döyüşçüsü Alp Ər Tonqa.

Sakların qüruru. Elmi, ruhu.

Uzun zamandır, sakları ulu xan Alp Ər Tonqa soyundan gələn, qızı Qaz qızın nəvələri idarə edib. Saklar bu müqəddəs soya sahib çıxıb, onu ucaldıb.

Kökü müqəddəs Göy üzündən gələn, müqəddəs olan soydur.

Tur xan oğlu, Zadşem xan oğlu, Peşenk xan oğlu Alp Ər Tonqa xan.

Ağ Şaman baxdığı hər yerdə Alp Ər Tonqadan iz görür, hər yerdən onun haqqında danışan səslər eşidir. Qayalar, daşlar, topraq, su, ağaclar, quşlar onun haqqında qəhrəmanlıq salnamələri danışır.

Onun haqqında şeir55 deyir, ağı söyləyir:

– Alp Ər Tonqanın ruhu yaşayır!

Ağ Şaman onun izlərini tapdı.

– Bax, müqəddəs atı Akay ilə buradan keçib. Ardınca düşən yağı düşmənlərlə burada savaşıb. Atının tərkində daşıdığı yoldaşını burada endirib, göylərə göndərib.

Hər səfərində gözləri dolur. Olanları yenidən yaşayır.

– Bax, atı Akayla birlikdə məhz buradan atlayıb müqəddəs çaya!

O dağın yamacında o müqəddəs çayın səsini dinləyir. Çay ona hər gün yenidən danışır baş verənləri, sonra da əlavə edir:

– Belə igid daha gəlməz dünyaya!

– Gəlməz! – deyə cavab verir.

– Gələ bilməz! – deyə təsdiq eşidir.

Ancaq soyu yaşayır. Saklara başçılıq edir. Xalqını ucaltmaq üçün çırpınır, kökü Göy üzünə bağlı soylarına layiq olmaq üçün.

Alp xandır bu.

Sakların xaqanı Alp xan.

Sakların başında o var indi. Müqəddəs vəzifə onundur.

İsıkkul gölü yaxınlarındakı Ordu şəhəri sakların mərkəzi şəhəridir. Əvvəlki ecazkarlığı qalmasa da, bu müqəddəs şəhər Alp Ər Tonqanın əmanətitək hələ də mərkəz kimi qalır. Dinc əhalisi çox olsa da, şəhər düşmənlərin hücumuna qarşı həmişə şücaətlə dayanıb, müqavimət göstərib, qorunub.

Alp xan daim Ordu şəhərində qalmır. Köçərilik həyatını davam etdirmək üçün obasını uyğun yerlərdə qurur. Var olmaq üçün bu cür yaşayır.

Düşmənləri güclənib. Dörd tərəfdən hücum edirlər. Sanki sakları yox etmək üçün and içiblər.

Ən böyük təhlükə yenə də Cənubdan – İrandan gəlir. Sonsuza qədər uzanacaq kimi görünən Turan-İran savaşları davam edir.

İran hökmdarı, pis niyyətli Keyxosrovun Alp Ər Tonqaya qarşı etdiyi haqsızlıq unudulmayıb. Əlbəttə, bunun qisası alınıb, ancaq əhalisinin və ordusunun sayı çox olan İran düşmənçilikdən əl çəkməyib.

Xanədanlar dəyişdi, İran taxtı dəfələrlə nəsildən-nəslə ötürüldü, lakin düşmənçilik və məkrli siyasət öz yerində qaldı. Dövlətin adı dəyişsə də, Turan xalqına qarşı düşmənçiliyi olduğu kimi qaldı. Əllərinə keçən hər fürsətdə hücum etdilər. Sak yurdunu ələ keçirmək, sakları yox etmək üçün oyun üzərinə oyun qurdular. İşlətdikləri hiylələrlə hər zaman saklar üçün təhlükə yaratdılar.

İndi İran-fars dövlətinə Əhəməni xanədanından olan hökmdarlar hakimlik edir.

İranda hökm sürən dövlətin adı fars dövlətidir.

Əhəməni xanədanı fars mənşəlidir.

Hökmdarları isə Kirdir.66

Ağ Şamana buraya gəlmək və burada qalmaq vəzifəsi tapşırıldı. Zaman keçdikdən sonra buralar onun üçün elə doğma yurd oldu. Artıq başqa yerlərə getməyi ağlından belə keçirmədi. Haqqın dərgahına buradan qovuşmaq, müqəddəs amal uğrunda vuruşaraq buradan Tanrı qatına yüksəlmək istəyirdi.

Bura onun üçün çox dəyərli yurd olmuşdu. Ruhu burda nəfəs alırdı. Bu torpaqları anlayırdı. Bu torpaqlarla danışır, onları dinləyirdi. Dərdlərini, sıxıntılarını paylaşırdı. Hər gün yenidən yaşayırdı baş verənləri. Çünki nə baş verirdisə, hamısını torpağa, daşa, suya danışırdı. Yurda olan sevgisi onu bu torpaqlara çox bağlamışdı.

“Yer üzü bilir ki, Alp Ər Tonqa gəlmiş-keçmiş ən müqəddəs döyüş əri, igidi kimi davasını bu torpaqlarda apardı. Bu torpaqlarda vuruşdu yağı düşmənlərə qarşı. Onlarla ox, qılınc yarası aldı. Ancaq yıxılmadı, təslim olmadı. Atının üstündən enmədi. Yıxa bilmədilər onu. Buradan atıldı müqəddəs çaya. Buradan yüksəldi müqəddəs Göyə! Qanı bu torpaqlarda axdı. İndi də müqəddəs ruhu ziyarət edir bu torpaqları, unudulmadığını duymaq üçün.

Alp Ər Tonqa. Tanrının müqəddəs, igid xanı”.

Ağ Şamanın astanası gündoğana tərəf böyük çadırı var idi. İnancına və adətlərinə əsasən girişi alçaq idi. Hər dəfə çıxarkən günəşi salamlamaq üçün.

Günəş doğarkən çadırından çıxıb üç dəfə əyilib qarşılardı onu:

– Müqəddəs şüalarını üzərimizdən əksik etmə!

O günəşi heç vaxt yatdığı yerdə qarşılamazdı. Günəşin şüaları yer üzünü işıqlandırdığı anda ayaq üstə olardı. Günəş hər gün səhər Ağ Şamanı ayaq üstə salamlayardı.

Qış günəşi buludların arasında gizləndiyi zamanlarda belə, o, günəşin doğuş vaxtını bilir və gəlişini ayaq üstə gözləyirdi. Gözləmək məcburiyyətindəydi. Gün də, işlər də, müqəddəs amallar uğrunda mübarizə də məhz o zaman başlayırdı.

Bəzən ziyarətçiləri olurdu Ağ Şamanın. Yurdunun igid ərləri, ata dostları, dərdinə dərman diləyənlər, yolu düşüb gələn yolçular. Hamısı ilə bir-bir maraqlanar, danışar, dərdləşərdi. Ziyarətə gələn igidlərə Alp Ər Tonqa və onun döyüş meydanındakı şücaətlərindən geniş söhbət açardı.



На этой странице вы можете прочитать онлайн книгу «Tomris Xan », автора Əhməd Haldun Dərzioğlu. Данная книга относится к жанру «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «личность», «героизм». Книга «Tomris Xan » была издана в 2022 году. Приятного чтения!