Читать книгу «Odisseya» онлайн полностью📖 — Гомера — MyBook.
image

İkinci nəğmə

Alyanaqlı Eos dünyaya işıqlı səhəri gətirəndə Telemah yatağından qalxdı. Əyninə ən gözəl geyimlərini geyinib qılıncını taxdı. Sonra carçılara əmr etdi ki, camaatı meydana toplasınlar.

Meydan insanlarla dolduqdan sonra Telemah irəli çıxıb dedi:


– Bu gün sizinlə atamdan, evimin başsız qalmasından danışmaq üçün buradayam. Atamın yoxluğundan istifadə edən adaxlılar evimizə yığılıb var-dövlətimizi dağıdır, mal-qaranı kəsir, Odisseyin evini tar-mar edirlər. Mənsə onların qarşısını alacaq gücə sahib deyiləm. Onlar anamla evlənmək istəyirlərsə, babam İkarinin qapısına gedib ondan cehiz tələb etsinlər. Anam da ürəyinə yatan birini seçərək ona ərə getsin. Belə davam edərsə, mən dilənçi kökünə düşəcəyəm, onda da qapı-qapı gəzib dilənərək əlimdən alınanları axeylilərdən geri istəyəcəyəm.

Bu sözləri eşidən hər kəsin Telemaha ürəyi yandı. Təkcə Antinoy ona etiraz edərək dedi:

– Sən nə danışırsan, çərənçinin biri?! İstəyirsən ki, bizi el içində rüsvay edəsən? Hər şeydə sənin hiyləgər anan günahkardır! Üç ildir ki, hamımıza ayrı-ayrılıqda vədlər verərək aldatmağa çalışır. Hələ bu azmış kimi, üstəlik, bir hiyləyə də əl atdı. Elan etdi ki, həlak olmuş əri üçün tabut örtüyü toxuyacaq və yalnız onu bitirdikdən sonra kimə ərə gedəcəyinə qərar verəcək. Lakin o bizi bu dəfə də aldatdı. Düz üç il boyunca örtüyü gündüzlər toxuyur, gecələrsə sökürmüş. Bizi isə bu haqda onun qulluqçusu xəbərdar etdi. İndi də deyirəm, sən də məni eşit! Anana de ki, aramızdan birini seçib ona ərə getsin. O vaxta qədər sənin evində qalıb var-dövlətini yeyib-bitirəcəyik, ancaq başqa qızın evinə elçi düşməyəcəyik!

Telemah Antinoya belə cavab verdi:

– Mən bu sözləri anama çatdıra bilmərəm, məni boya-başa çatdırmış doğma anama evimdən getməyi tələb edə bilmərəm. Bir də deyirəm, evimdən əl çəkin. Yenə də evimdə ziyafətlər təşkil eləməkdə davam etsəniz, onda Zevsi köməyə çağıracağam. Zevsin intiqamından heç kəs canını qurtara bilməyəcək, siz hamınız məhv olacaqsınız!

Telemah elə bunu demişdi ki, Zevs iki qartalı işarə kimi İtakaya göndərdi. Qartallar əvvəlcə sakitcə və yanaşı uçurdular, lakin məşvərət yerinə çatınca bir-birini iti caynaqları ilə cırmaqlamağa və dalaşmağa başladılar. Sonra gözdən itdilər.

Bunu görən bir qoca üzünü axeylilərə tutub dedi:

– İtakalılar! Odissey tezliklə vətənə dönəcək, Penelopanın adaxlılarını da öldürəcək. Bilirsiniz ki, mən heç vaxt sözlərimdə yanılmıram. İllərlə bundan öncə – Odissey Troya müharibəsinə yollananda onun evinə düz iyirmi ildən sonra dönəcəyini demişdim. Dediklərim də düz çıxdı.

Lakin adaxlılar qocaya inanmadılar, onu yalan danışmaqda ittiham edib dedilər ki, Penelopa onlardan birini seçməyənə qədər Odisseyin evindən getməyəcəklər. Telemah isə atası haqqında xəbər bilmək üçün Pilosa yollanacağını elan edib həmyerlilərindən bu səyahət üçün bir gəmi və iyirmi gənc itakalı oğlan istədi.

Lakin qəzəbli adaxlılar məşvərəti dağıdıb axeyli camaatına evlərinə yollanmağı əmr etdilər. Özləri də yenidən Odisseyin evinə döndülər.

Telemah dənizin qumlu sahili boyunca uzaqlaşaraq əllərini göyə uzadıb Afinaya yalvardı:

– Sən dünən evimə gəlib mənimlə danışdın və atamdan xəbər tutmaq üçün mənə gəmi ilə səyahətə çıxmağı tapşırdın. Adaxlılarsa mənə mane olurlar. Mənə kömək et, ilahə Afina!

Elə o an Afina Odisseyin çoxdankı dostu Mentorun surətində Telemahın önündə peyda oldu. Bu, həmin Mentor idi ki, müharibəyə gedərkən Odissey ailəsi və sərvətinə nəzarəti ona tapşırmışdı. Afina Telemaha dedi:

– Telemah, bundan sonra güclü olmalısan. Zəiflik Odisseylə Penelopanın oğluna yaraşmaz. Əgər zəifsənsə, onda onların övladı deyilsən! Əgər damarlarında Odisseyin qanı axırsa, istədiklərinə nail olacaqsan. Adaxlılar barədə düşünmə. Onlar hamısı ölümü eyni gündə tapacaq. Mən sənə gəmi tapmaqda kömək edəcəyəm. Atana necə sadiq olduğumu görəcəksən. Sənsə evinə dön və yol üçün buğda, şərab hazırlatdır.

Telemah evə qayıtdı. Orada Antinoy ona yaxınlaşaraq əlindən tutdu və ziyafətə dəvət edərək bir müddətliyə hər şeyi unudub yeyib-içməyi təklif etdi. Telemah üçün gəmi tapacağına da söz verdi. Amma Telemah əlini sərt şəkildə geri çəkərək adaxlıların köməyinə ehtiyacı olmadığını dedi. Onlarsa onun şücaətinə lağ edir, Odisseyin var-dövlətini necə bölüşdürəcəklərini müzakirə eləyirdilər.

Telemah onlara fikir vermədən ərzağın saxlandığı anbara yollandı və qoca qulluqçudan xahiş etdi ki, onun üçün on iki kuzə şərab və on iki kisə buğda hazırlasın. Qoca qadın bunları nə üçün istədiyini soruşanda o, Pilos və Spartaya yollanacağını bildirdi. Sonra xahiş etdi:

– Amma bu xəbəri anama mən İtakanı tərk etdikdən on iki gün sonra deyərsən.

Afina isə həmin vaxt Telemahın surətini alıb şəhərə yollandı və gənc oğlanların qarşısına çıxıb onları səyahətə dəvət etdi. Lazım olan miqdarda adam yığıldıqdan sonra Afina Froninin oğlu Neomondan aldığı gəmiyə gedib onu səyahət üçün hazır vəziyyətə gətirdi. İtakalı gənclər gəmidə toplaşdıqdan sonra Afina Odisseyin evinə gəlib elə etdi ki, adaxlılar öz evlərinə erkən çıxıb getdilər. Sonra ilahə Telemaha gəminin hazır olduğunu dedi. Telemahla yoldaşları ərzağı gəmiyə daşıdıqdan sonra gəmi dənizə çıxdı. Afina gəminin göyərtəsində əyləşib küləyi səslədi. Külək gəmiyə daha sürətlə hərəkət eləməyə kömək etdi. Beləliklə, gəmi bütün gecəni və növbəti günü sürətlə üzdü.

Üçüncü nəğmə

Parlaq günəş əsrarəngiz körfəzi tərk edərək sərhədsiz səmaya qalxdı ki, öz işığı ilə ölümsüz ilahların və ölmək üçün yaranmış insanların dünyasını nurlandırsın.

İtakalılar isə həmin vaxt Nestorun əzəmətli şəhəri Pilosa çatdılar. Onlar gəmini limanda qoyub sahilə endilər. Mentor surətli Afina Telemaha dedi:

– Utancaqlığını kənara at, Telemah! Onu birdəfəlik unut! Düz Nestorun yanına yollan və ondan atan haqqında bir xəbər bilməyə çalış.

Afina belə deyib Telemahın önündə iti addımlarla getdi, Telemah da onun arxasınca tələsdi. Bir azdan pilosluların yığışdıqları yerə çatdılar. Nestorla oğulları da orada idilər. Onlar yadelliləri mehribanlıqla qarşıladılar və ziyafət masalarına dəvət edərək Nestorun yanında əyləşdirdilər. Süfrəyə şərab və dadlı xörəklər qoyulduqdan sonra Nestorun oğullarından biri Mentora, yəni Afinaya bir qədəh şərab uzatdı və Poseydona dua etmək şərəfini verdi. Afina dua etdi:

– Hökmdar Poseydon, Nestorla oğullarına cansağlığı ver! Sonra da mənimlə Telemaha buradakı işlərimizi həll edib geri dönməyə kömək et!

Hamı dua edib xörək yeyəndən sonra Nestor qonaqlardan kim olduqlarını və haradan gəldiklərini soruşdu. Afinanın dediyi sözlərdən cəsarətlənən Telemah özü Nestora cavab verdi:

– Axeylilərin şərəfi və başucalığı olan Nestor! Mən buraya səninlə birlikdə Troya divarları altında döyüşmüş atam Odissey haqqında xəbər bilməyə gəlmişəm. Yalvarıram sənə, əgər onun müharibədən sonrakı taleyindən xəbərin varsa, mənə de.

Nestor dedi:

– Dostum, sən mənə həmin döyüş vaxtı çəkdiyimiz əzab-əziyyəti xatırlatdın. Həmin vaxt ən yaxşı sərkərdələr həlak oldu. Onların arasında Ayaks, Axilles, Patrokl, mənim cəsur oğlum Antiloh var idi. İndi hamısı orada uyuyur. Troyanı aldıqdan sonra bir axşam, günəş qürub edəndə Menelay yorğun, sərxoş döyüşçüləri məşvərətə topladı. İlahə Afinanın isə Menelay və Aqamemnona ədalətsizliklərinə görə acığı tutmuş, onların arasına nifaq salmışdı. Menelay məşvərətdə evə dönməyi təklif etdi. Aqamemnon razılaşmadı. İki qardaş arasındakı fikir ayrılığı ordunu da iki yerə ayırdı. Növbəti gün yarı hissəmiz gəmilərimizə minib yola düşdük. Aqamemnonla tərəfdarları isə qaldılar. Lakin ilahlar indi də yola düşənlər arasında nifaq saldılar, bəzi sərkərdələr öz gəmilərini geri döndərib Aqamemnonun yanına qayıtdılar. Odissey də onların arasında idi. Mən, Menelay və digərləri yolumuza davam etdik. Bir neçə günə Pilosa çatdım. O vaxtdan digər sərkərdələri görməmişəm, onlardan xəbərsizəm. Ancaq yəqin ki, sizin də Aqamemnonun ölümü və oğlu Orestin intiqamından xəbəriniz var.

Telemah dedi:

– Bəli, bu haqda eşitmişəm. İlahlar Orestə belə bir güc bəxş etmişlər. Mənə də belə bir imkan versəydilər, anama adaxlı düşənlərin cavabını verərdim. Aqamemnonun başına gələnləri ətraflı danışa bilərsənmi?

Nestor bildiklərini nəql etməyə başladı:

– Biz müharibəyə yollananda Aqamemnon arvadı Klitemnestranı etibar elədiyi bir musiqiçiyə tapşırıb əmr verir ki, ona nəzarət etsin. Egistin isə gözü Aqamemnonun arvadına düşür. Egist onu tədricən razılığa gətirir. Klitemnestra onun arvadı olmağa razılaşanda o, sadiq musiqiçini uzaq bir adaya göndərir, musiqiçi orada ölür və cəsədi quşlara yem olur. Egist isə Klitemnestranı evinə gətirərək özünə arvad edir. Müharibə bitdikdən sonra bizim Menelayla dənizdə yolumuz bir idi. Gəmilərimiz bir müddət yanaşı üzdü. Amma ilahların qəzəbinə düçar olduğu üçün Zevs Menelaya ağır tale qismət etdi. O, Misir sahilinə gedib çıxdı. Bu zaman Egist Troyadan evinə dönmüş hökmdar Aqamemnonu öldürüb Mikenanı düz yeddi il idarə edir. Səkkizinci ilin başlanğıcında Aqamemnonun Afinada böyüyən oğlu Orest Mikenaya dönür, Egistlə anasını öldürərək atasının intiqamını alır. Sonra o, öldürdüyü bu iki nəfər üçün matəm təşkil edir, elə həmin gün Menelay, nəhayət ki, öz doğma diyarına dönür. Bax belə. Sən gərək Menelaya baş çəkəsən. O, vətəninə yenicə dönüb, bəlkə də, atan barədə məlumatı var. Sən Menelayın yanına gəminlə də, quru yolla da gedə bilərsən. Əgər istəsən, gərdunə6 və oğullarım ixtiyarındadır.

Nestor əhvalatı bitirəndə artıq qaranlıq düşmüşdü. Bunu görən Afina dedi:

– Müdrik qoca, sən düzgün və haqlı danışdın. Lakin indi yatıb rahatlıq tapmaq vaxtıdır.

Nestor bu təkliflə razılaşdı və Afina ilə Telemahı öz evinə gecələmək üçün dəvət etdi. Afina Telemaha məsləhət gördü ki, Nestorun təklifini qəbul etsin, ancaq özünün gəmiyə gedəcəyini bildirdi. Həmçinin Nestorun Telemahı Menelayın yanına gərdunə ilə göndərmək istəyini dəstəklədiyini deyib Afina qartala çevrildi və uçub getdi. Hamı təəccübdən donub-qaldı. Müdrik Nestor isə Telemahın əlindən tutub dedi:

– Görürəm ki, sən adi insan deyilsən, ilahlar özləri sənə arxa-dayaqdırlar. İndicə yanımızda olan isə ilahə Afinanın özü idi! Mən də elə buradaca Afinanın şərəfinə birillik buzov qurban deyirəm.



Bunları deyib Nestor dua etməyə başladı və Afina da onun dualarını qəbul etdi. Nestor Telemahı öz sarayına apardı.

Səhər açılanda isə Nestor yerindən qalxıb eşiyə çıxdı və evinin qabağında əyləşdi. Oğulları və Telemah onun yanına gəldilər. Nestor oğullarına tapşırdı ki, otlaqdan birillik buzov tutub gətirsinlər və onun buynuzları üçün qızıl bəzəklər düzəltdirsinlər.

Onlar Nestorun tapşırığına əməl etdilər, sonra da möhtəşəm ziyafət təşkil olundu, bu ziyafətə həm də Telemahın iyirmi yol yoldaşı dəvət olundu. Afinanın şərəfinə deyilmiş qurban kəsildi və hamı qarnını doyurandan sonra Nestor yenidən oğullarına müraciət edərək Telemah üçün gərdunəni, atları və yol üçün ərzaq hazırlamağı tapşırdı. Telemah Nestorun oğullarından biri ilə elə həmin gün Menelayın yanına yola düşdü.