Biz pilləkənləri çıxıb balaca bir otağa girdik. Bura məzar kimi soyuq idi. Otağın ortasındakı iri çarpayıya dörd harpunçu birdən sığardı.
Kişi əlindəki şamı küncdəki sandığın üstünə qoydu. Bu sandıqdan həm masa, həm də əlüzyuyan altlığı kimi istifadə olunurdu.
– Gir yerinə, rahatca yat, – Tabut Piter bunu deyib otaqdan çıxdı.
Çarpayının üstündəki adyalı kənara çəkib yatağa tərəf əyildim. Yorğan-döşək çox da təmiz deyildi, lakin birtəhər yatmaq olardı. Sonra otağa göz gəzdirdim. Burada çarpayı və sandıqdan başqa, rəf və buxarı da vardı. Bir küncdə isə dənizçi kisəsi gözümə sataşdı, yəqin, harpunçunun çamadanını bu kisə əvəz eləyirdi. Rəfdə bir neçə balıqçı qarmağı vardı, çarpayının baş tərəfində isə divara bir harpun söykəmişdilər.
Mən ayaqqabımı və paltarımı çıxardım, şamı söndürüb adyalın altına girdim. Döşək elə bərk idi, deyərdin, içinə qarğıdalı cecəsi doldurublar. Bir xeyli oyan-buyana çevrildim. Elə gözümə yenicə yuxu getmişdi ki, dəhlizdən gələn səsə oyandım. Kimsə ağır addımlarla yeriyirdi, qapının arasından otağa nazik işıq zolağı düşürdü.
– Allah, özün kömək ol! – öz-özümə pıçıldadım. – Bu, yəqin, lənətə gəlmiş kəllə taciridir!
O, içəri girəndə cınqırımı çıxarmadan yerimdə uzanmışdım. Harpunçu bir əlində şam, o birində də adam kəlləsi tutmuşdu. Şamı döşəməyə qoyub yerdəki kisənin ipini açmağa başladı. Harpunçunun üzünü görmək arzusu ilə alışıb-yansam da, bu, mümkün deyildi, arxasını mənə tərəf çevirmişdi. Nəhayət, kisənin ipini açıb üzünü döndərdi. Ay Allah! Necə qorxunc sifəti vardı! Üzü qıpqırmızı idi, bəzi yerlərdə sarımtıl ləkələr görünürdü. Üstəlik, sifətinə iri qara kvadratlar çəkilmişdi.
«Gəl indi bu qorxulu məxluqla bir çarpayıda yat!» – ürəyimdə dedim.
Qəfildən bir balina ovçusu haqqında eşitdiklərim yadıma düşdü. Vəhşilərə əsir düşən həmin adamın üzünə müxtəlif naxışlar döymüşdülər. Fikirləşdim ki, yəqin, bu harpunçunun başına da belə bir iş gəlib.
Harpunçu hələ də məni görməmişdi. O, kisədən baltaya bənzər bir alət çıxarıb rəfə qoydu, gətirdiyi yenizelandiyalı kəlləsini isə kisəyə basdı. Sonra papağını çıxardı. Başında tük yox idi, lakin düz təpəsində quş pipiyinə oxşayan bir topa saç vardı. Başı günün altında qurudulmuş kəlləyə bənzəyirdi. Əgər bu «qurumuş kəllə» qapı ilə mənim aramda durmasaydı, güllə kimi qaçıb otaqdan çıxardım.
Harpunçu paltarlarını soyunmağa başladı. Bədəninin bəzi yerlərində də üzündəki kvadratşəkilli döymələrdən vardı. Çox güman, qarşımda dayanan adam balina ovçularının cənub dənizlərindən tutub gətirdiyi vəhşi insan idi. Yəqin, adamyeyənlərdəndir. Yoxsa niyə kəllə satsın ki?!
Sonra o, buşlatının cibindən körpə uşaq fiquruna bənzər bir şey çıxarıb buxarıya yaxınlaşdı. Həmin fiquru buxarının üstünə qoydu. Digər cibindən isə bir ovuc yonqar çıxarıb fiqurun ətrafına səpələdi. Şamı döşəmədən götürüb onun alovu ilə yonqarlara od vurdu. Əlini alova tərəf uzadıb dərhal geri çəkdi. Sonra bu hərəkətini bir neçə dəfə təkrarladı. Üz-gözünü əyərək dodağının altında nəsə mızıldandı. Görünür, yatmazdan əvvəl dua eləyirdi. Nəhayət, odu söndürüb fiquru buxarıdan götürdü və yenə buşlatının cibinə qoydu. Sonra rəfdən baltasını əlinə alıb bir ucunu yonqarın közərən qalıqlarına yaxınlaşdırdı.
Gecə duasını başa vuran harpunçu elə indicə yatağa girəcək və məni görəcəkdi. Nəsə fikirləşməli idim. Lakin necə oldusa, həmin an harpunçu rəfdən baltasını götürüb mənə tərəf cumdu. Var səsimlə çığırmağa başladım:
– Ağa! Tabut Piter! Allah xatirinə, kömək eləyin!
Harpunçu közərən baltasını başımın üstündə yellədirdi. Elə bu vaxt qapı açıldı və mehmanxana sahibi əlində şamla içəri girdi. Mən dərhal çarpayıdan sıçrayıb özümü onun üstünə atdım.
– Sakit ol, sakit ol! – Tabut Piter dedi. – Kvikeq sənə heç nə eləməz.
Sonra üzünü harpunçuya tutub dilləndi:
– Kvikeq, bu oğlan səninlə qalacaq, başa düşdün?
– Başa düşdüm, – o belə deyib əlindəki baltanı çarpayının bir az əvvəl uzandığım tərəfinə tuşlayaraq dilləndi:
– Sənin yerin buradır.
Mən yalnız indi harpunçunun əlindəkinin balta yox, iri tənbəki çubuğu olduğunu anladım. Yenə də hər ehtimala qarşı Tabut Piterə dedim:
– Ona söyləyin ki, əlindəkini məndən uzaq eləsin. Burda çubuq çəkməsin.
Kvikeq bunu eşidib dərhal «balta» sını rəfin üstünə qoydu. Sonra çarpayının lap qırağında uzandı. Bununla göstərmək istəyirdi ki, mənimlə işi yoxdur.
– Gecəniz xeyrə qalsın, ağa, – mən üzümü Tabut Piterə tutub dedim. – Hər şey qaydasındadır, siz artıq gedə bilərsiniz.
Sonra çarpayıya uzanıb yuxuya getdim.
Səhəri gün gözlərimi açanda özümü Kvikeqin qollarının arasında gördüm. Yəqin, gecə üşüdüyü üçün mənə sarılıb yatmışdı. Onun möhkəm qollarını özümdən kənar eləməyə çalışsam da, gücüm çatmadı.
– Kvikeq! – deyə qışqırdım.
Cavabında yalnız harpunçunun xorultusu eşidildi.
Bir neçə dəfə çağırandan sonra, nəhayət, oyandı, dərhal qollarını üstümdən çəkib yağışa düşmüş it kimi silkindi. Mənə elə diqqətlə baxmağa başladı ki, elə bil bura necə gəlib çıxdığımı bilmirdi. Sonra, çox güman, gecə baş verənləri xatırlayaraq çarpayıdan yerə sıçradı. Döşəmədə oturub tez-tələsik geyinməyə başladı. Əvvəl qunduz dərisindən olan papağını başına qoydu. Sonra döşəmənin üstündəki çəkmələrini əlinə alıb çarpayının altına girdi. Ufuldamağından ayaqqabısını güclə ayağına keçirdiyini anladım. Nəhayət, çarpayının altından çıxıb axsaya-axsaya otaqda gəzişməyə başladı. Çox güman, çəkmələri ayağını sıxırdı. Kvikeq şalvarsız halda başında xəz papaq, ayağında çəkmə otaqda o tərəf-bu tərəfə gedirdi. Çox gülməli görünürdü. Mən onu tələsdirdim ki, geyinib qurtarsın. Nəhayət, köynəyini və şalvarını da əyninə keçirdi.
Əlüzyuyana yaxınlaşıb əvvəl qollarını, boynunu, sinəsini yudu, sonra cibindən bir parça sabun çıxarıb üzünü sabunlamağa başladı. Kvikeq ülgüc əvəzinə divara söykədiyi balina ovlamaq üçün istifadə olunan harpunu əlinə alıb iti ucunu sapından ayırdı və cəld hərəkətlərlə sifətini ülgücləməyə, daha doğrusu, harpunlamağa başladı. Nəhayət, işini bitirib buşlatını geyindi, harpununu da götürüb qalib sərkərdə ədasıyla otaqdan çıxdı. Bir neçə dəqiqədən sonra mən də onun arxasınca yollandım.
Yemək otağı adamla dolu idi. Burdakı matrosların bəzilərini axşam görməmişdim, yəqin, gecə gəlmişdilər. Əksəriyyəti balina ovlayan dənizçilərdi. Əzələli bədənləri günəşdən yanıb-qaralmış, üzlərini saç-saqqal basmışdı. Bir sözlə, əsl dəniz canavarları idilər.
– Səhər yeməyi hazırdır! – nəhayət, mehmanxana sahibi dilləndi.
Uzun yemək masasının arxasında oturduq. Heç kim dinib-danışmırdı. Kvikeqsə masanın lap baş tərəfində sakitcə əyləşmişdi. Harpunu da əlində idi. Arabir harpununu çəngəl kimi irəli uzadıb masanın ortasındakı isti bifştekslərdən[10] birini götürürdü. Bulkaya və qəhvəyə isə gözünün ucu ilə də baxmırdı.
Səhər yeməyi başa çatandan sonra hamı qonaq otağına keçdi, mənsə ətrafı gəzib-dolaşmaq üçün mehmanxanadan çıxdım.
Mehmanxanaya qayıdanda qonaq otağında bircə Kvikeq qalmışdı. Buxarının qarşısındakı kətildə oturub zümzümə eləyə-eləyə cib bıçağı ilə gecə yatmamışdan əvvəl qarşısında dua oxuduğu uşaq fiqurunu yonurdu. Məni görən kimi səsini kəsdi, fiquru cibinə qoyaraq rəfdən böyük bir kitab götürüb vərəqlərini saymağa başladı. Əlliyə kimi sayıb dayandı, sonra yenə başdan başladı. Deyəsən, əllidən o tərəfə saymağı bacarmırdı.
Mən maraqla onu izləyirdim. Bu vəhşi adam nədənsə xoşuma gəlməyə başlamışdı. Bədənini örtən döymələrin arxasında mərhəmətli bir ürəyin gizləndiyinə inanırdım. İri mavi gözləri, xeyirxah baxışları vardı. Lakin üzündəki sərt cizgilər onun cəsarətli adam olduğundan xəbər verirdi.
Mən özümü elə göstərirdim ki, guya pəncərədən çölə baxıram. Əslində isə diqqətlə onu gözdən keçirirdim. Kvikeqsə mənə fikir vermirdi, bütün diqqəti kitabda idi. Səhər yeməyində harpunçunun mehmanxanadakı başqa dənizçilərə qaynayıb-qarışmadığına, hamıdan uzaq durduğuna fikir vermişdim. Qarşımda öz doğma vətənindən çox uzaq düşmüş bir adam dayandığı qənaətinə gəlmişdim. Buradakı insanların arasında o özünü az qala yadplanetli kimi hiss eləyir, bununla belə, sakitliyini və təmkinini qoruyurdu.
Biz buxarının qarşısında oturmuşduq. Bayırda bərk şaxta vardı, külək tufan qoparırdı. Kətilimi Kvikeqə yaxınlaşdıraraq söhbət eləməyə cəhd göstərdim. O, əvvəl mənə fikir vermədi, sonra qəfildən soruşdu ki, bu gecə də onunla bir otaqda qalacağam, ya yox? Başımla təsdiqləyəndən sonra nədənsə mənə elə gəldi ki, o bu cavabdan razı qaldı.
Bir qədər sonra biz artıq söhbət etməyə başlamışdıq.
– Tənbəki çəkək? – mən soruşdum.
O, cibindən tütün kisəsi ilə baltaya oxşayan tənbəki çubuğunu çıxarıb mənə uzatdı. Biz növbə ilə bu qəribə çubuğun tüstüsünü içimizə çəkib onu bir-birimizə ötürürdük. Sonra Kvikeq alnını alnıma söykəyib məni qucaqladı və dedi ki, bundan belə biz qardaşıq. Axırda isə əlavə etdi ki, əgər lazım gələrsə, mənim üçün ölümə getməyə də hazırdır.
Şam yeməyindən sonra otağımıza yollandıq. Kvikeq yenizelandiyalı kəlləsini mənə bağışladı. Əlini tütün kisəsinə salıb oradan bir ovuc gümüş sikkə çıxardı. Təxminən otuz dollara bərabər olardı. Sikkələri masanın üstünə qoyub iki bərabər hissəyə ayırdı. Sonra onlardan birini əli ilə mənə tərəf sürüşdürüb «bu sənindir» dedi. Mən etiraz eləməyə başlayanda isə pulları masadan yığıb cibimə tökdü.
Kvikeq gecə duasına hazırlaşmağa başladı. Cibindən uşaq fiqurunu çıxarıb buxarının üstünə qoydu, yonqarları da ətrafına səpələdi. Hərəkətlərindən belə başa düşdüm ki, mənim də bu mərasimə qatılmağımı istəyir. Mən yonqarları yandırdım. Uşaq fiqurunu alova yaxınlaşdırıb geri çəkdim və iki-üç dəfə ona baş əydim.
Dua mərasimi başa çatandan sonra hərəmiz çarpayının bir tərəfinə uzandıq, di gəl, yatmadıq. Çünki Kvikeq mənə öz həyatından danışmağa başlamışdı.
Dediklərindən belə məlum olmuşdu ki, o, Kokovoko adasının yerli sakinlərindəndir. Atası qəbilə başçısı, əmisi isə kahin imiş. Anası döyüşkən ailənin qızı olub. Bir sözlə, adanın adlı-sanlı nəslinin nümayəndəsidir.
Günlərin bir günü Kvikeq adaya Seq-Harbordan gəlmiş gəmiyə minib dünyanı dolaşmaq fikrinə düşür. Ancaq gəminin kapitanı buna razılıq vermir. Kvikeqsə öz qərarından dönən adamlardan deyildi. O, balaca bir qayığa minib uzaqdakı boğaza tərəf üzür. Gəmi adanı tərk eləyəndən sonra həmin boğazdan keçməli idi. Qayığı ilə birgə sahildəki yosunların arasında gizlənib gözləməyə başlayır. Gəmi gəlib oradan keçəndə qaçaraq qayığın üstünə sıçrayır. Oradan da tullanıb gəminin lövbər zəncirindən yapışır və bir göz qırpımında göyərtəyə atılır. Gəmini sahilə bərkitmək üçün istifadə olunan halqadan yapışaraq qışqırır ki, onu öldürsələr də, halqanı əlindən buraxan deyil. Gəminin kapitanı əlindəki baltanı Kvikeqin başının üstündə hərləyərək ona hədə-qorxu gəlməyə başlayır. Lakin Kvikeq gözünü də qırpmır. Onun cəsarəti kapitanın xoşuna gəlir və gəmidə qalmasına razılıq verir. Beləliklə, Kvikeq balina ovçusuna çevrilir.
Mən ehtiyatla soruşdum ki, qayıdıb öz qəbiləsinə başçılıq eləməyi düşünmürmü? Çünki atası artıq ölmüş olar. Cavabında Kvikeq dedi ki, hələlik belə bir fikri yoxdur. Yer üzündəki dörd okeanın dördünü də görmək arzusundadır və onun harpunu qəbilə başçısının əsasından daha yaxşıdır.
Balina ovlayan gəmidə işə düzəlmək istədiyimi biləndə isə dedi ki, o da mütləq mənimlə eyni gəmiyə düşəcək. Sevincək razılaşdım. Təkcə ona görə yox ki artıq Kvikeqə isinişməyə başlamışdım, həm də bu təcrübəli harpunçudan öyrənəcəyim çox şey vardı.
О проекте
О подписке
Другие проекты
