Читать книгу «Hekayələr» онлайн полностью📖 — Герберта Уэллса — MyBook.
image
cover

Amma heç cür öyrənə bilmədim ki, bu pərilər necə görünürdülər. Skelmersdeylin söz ehtiyatı çox kasıb idi, düşündüklərini izah etməkdə çətinlik çəkirdi. Müşahidə qabiliyyəti də çox zəif olduğundan, demək olar ki, təfərrüatları unutmuşdu. Bircə, dediyinə görə, pərilərin əynində yüngül, qəşəng paltar varmış, ancaq nədən – ipək, yun, yarpaq və ya gül ləçəyindən olduğu bəlli deyil. Pərilər ətrafında dövrə vurub gözləyirmişlər ki, oğlan tam ayılsın. Bu zaman hadisələrin əsas qəhrəmanı olan pərilər kraliçası, alnında ulduz, işıqlara qərq olmuş çəmənlik boyunca, xiyabanla yeriyirmiş kimi ona doğru yaxınlaşırmış. Heç olmasa, onun haqqında bəzi şeyləri dəqiqləşdirməyə nail oldum: kraliçanın əynində şəffaf-yaşıl don varmış, incə belinə enli, gümüş kəmər dolayıbmış. Dalğalı saçları arxaya daranıbmış, saçları pərişan olmasa da, bəzi çəngələr kənarlardan dağılıb yellənirmiş. Başını birulduzlu tac bəzəyirmiş. Paltarın qollarının kəsiyindən ağ əlləri, yaxalığından da incə, uzun boynu görünürmüş. Zərif boynuna mərcan həmail dolayıbmış, yaxasına isə qırmızı gül sancıbmış. Yanaqları və çənəsi körpə uşaqlardakı kimi yupyumru imiş. Hamar qaşlarının altındakı qəhvəyi gözləri aydın, səmimi, xumar baxışlarla süzülürmüş. Əgər Skelmersdeyl kimi nitqi zəif adam bu təsvirləri bütün təfərrüatlarına qədər edə bilibsə, indi özünüz təsəvvür edin ki, həmin gözəl onun qəlbinə necə təsir edib. Düzdür, bəzi məqamlarda yenə də müfəssəl təəssürat yarada bilmirdi. Məsələn: “Bax belə, bu cür yeriyirdi”, – deyə dəqiq ifadə tapmayıb bir neçə dəfə təkrarlayırdı, mən də təmkinimi pozaraq içimdəki sevinci büruzə verə-verə qızı təsəvvür edirdim.

Belə bir gözəl məxluqla arzulanan və seçilmiş qonaq olan cənab Skelmersdeyl parlaq işıqlara qərq olmuş çəmənlikdən keçərək Pərilər ölkəsinin ən xəlvət guşəsinə yollanıblar. Qız ona qarşı çox mehriban və gülərüz davranıb, xoş təbəssüm saçan üzünü oğlana tutaraq yüngülcə əllərini sıxıb. Axı hadisənin baş verdiyi on il bundan öncə Skelmersdeyl, yəqin ki, daha yaraşıqlı olub!

Cənab Skelmersdeylin dolaşıq və anlaşılmaz təsvirlərindən harada olduğunu və nə gördüyünü anlamaq çətin idi. Solğun qırıq xatirələr pərilərin toplaşdığı məkanları, çəmənlikləri, onların həyat tərzi və əyləncələrini çox dumanlı şəkildə təsvir edirdi. “Kaş ki öz gözlərinizlə görəydiniz, zəhərli, qırmızı göbələklər çəhrayı işıq saçırdı, yırğalanan çiçəklərdən ecazkar sədalar eşidilirdi, sanki musiqi qutusundan süzülən həzin hava idi. Geniş bir çəmənlik vardı: pərilər orada bir-biri ilə oynaqlaşır, əylənir, xırda cücüləri yarışdırırdılar”. Düzü, bilmək olmurdu ki, cənab Skelmersdeyl “cücü” deyəndə nəyi nəzərdə tuturdu, ola bilsin ki, əllə tutula bilməyən, xırda böcəklərdən və ya digər həşəratlardan bəhs edirdi. Bundan başqa, deyirdi ki, orada bir yerdə sahilində nəhəng qaymaqçiçəkləri açan çay axırdı və pərilər isti havalarda o çayda çimirdilər. Yosunların arasında bu balaca məxluqlar dövrə vurub bir-birini əzizləyir, gülüb-oynayırdılar.

Söz yox ki, kraliçanın Skelmersdeyldən xoşu gəlib, amma gənc oğlan da hər necə olur-olsun öz nəfsini tutmaqda qərarlı olub. Lakin bir gün, çayın bənövşələrin ətir saçdığı sakit, xəlvət sahilində kraliça ürəyini ona açıb.

– Onun səsi getdikcə daha da həzinləşdi, əlimi əlinə alıb mənə yaxın oturaraq pıçıldamağa başladı. Elə mehriban, elə sevimli idi ki, az qalmışdı başımı itirəm.

Xoşbəxtlikdən başını çox itirməli olmayıb. Ətir saçan bənövşələrin, füsunkar gözəlin əhatəsində olmağına rəğmən oğlan anlayıb ki, “bu külək hayana əsə bilər”, ona görə də nişanlı olduğunu nəzakətlə qıza eyham vurub. Amma bununla belə, gözəl pəri israr edirmiş ki, başqa oğlanların, yoldaşlarının arasında ən yaraşıqlısı odur və ürəyi nə istəsə, hətta ən ümdə arzusunu da yerinə yetirməyə hazırdır. Skelmersdeyl bu vədləri verən kraliçanın zərif dodaqlarından gözlərini ayıraraq bildirib ki, şəxsi dükanını açmaq üçün bir az pulu olsaydı kifayət edərdi. Bu yerdə mən kraliçanın gözəl, qəhvəyi gözlərinin heyrət dolu ifadəsini təsəvvür edirəm. Amma qız da arif imiş, hər şeyi başa düşüb və ətraflı sorğu-sual edib ki, dükanının necə olmasını arzu edir. (Pəri bütün bu vaxt ərzində ancaq gülümsəyirmiş.) Skelmersdeyl həqiqəti deməyə, nişanlısı və yaxın gələcəkdəki planları haqqında danışmağa başlayıb.

– Hamısını olduğu kimi danışdınız? – deyə mən soruşdum.

– Hə, hamısını, – Skelmersdeyl cavab verdi. – Nişanlım harada yaşayır, kimlərdəndir – hər şeyi qeyd-şərtsiz danışdım. Elə bil nəsə məni yalnız həqiqəti deməyə vadar edirdi. “Arzuladığın nə varsa, hamısı olacaq, – pərilər kraliçası mənə dedi. – Hətta hesab elə ki, hamısı artıq həyata keçib. Madam ki pula bu qədər ehtiyacın var, o da olacaq. Ancaq indi… sən məni öpməlisən”.

Cənab Skelmersdeyl özünü elə aparıb ki, guya pərinin son sözünü eşitməyib. Deyib ki, o çox xeyirxah və mehribandır. Hətta onu da bildirib ki, o belə bir pərinin xeyirxahlığına layiq deyil və… birdən kraliça ona daha yaxın əyləşərək pıçıldayıb: “Öp məni!”

– Mən axmaq da onun dediyini elədim, – Skelmersdeyl dedi.

Öpüşlər, bildiyimə görə, müxtəlif olur və yəqin ki, pərilər kraliçasının öpüşü Millinin, oğlanın nişanlısının bəxş etdiyi “zərifliyin səsli təzahürü”nə bənzəmirdi. Bu öpüşdə nəsə ovsunlayıcı qüvvə vardı, tilsimli idi və şübhəsiz ki, o andan etibarən də hər şey dəyişmişdi. Hər halda, oğlan bu hissəni olduğu kimi təsvir etməyə cəhd göstərdi. Mən xəyalımda qarışıq eyhamlar və hərəkətlər dolu həmin səhnəni canlandırmağa çalışdım, amma həmin anda yarpaqların arasından süzülən xəfif işığı, nağılvarı meşənin sirli-sehrli sükutunu, ətraf mühitin heyrətamiz gözəlliyini olduğu kimi təsvir edə bilərəmmi?!

Öpüşdən sonra kraliça tez-tez Milli haqqında soruşurmuş: “Çoxmu gözəldir, xasiyyəti necədir?” – deyə hər şeyi ətraflı bilmək istədiyini söyləyirmiş. Deyəsən, nişanlısının gözəlliyi haqqındakı suala “pis deyil” deyə cavab verib. Bu söhbətdən sonra pəri bildirib ki, o, ay işığında təpənin başında yatanda onu görüb və aşiq olub və əmr edib ki, oğlanı Pərilər ölkəsinə gətirsinlər. O zaman, əlbəttə, Milli haqqında heç nə bilmirmiş və ümid edirmiş ki, oğlan da bir gün onu sevər. Amma madam ki başqasını sevir, onun ölkəsində bir az da qaldıqdan sonra nişanlısına geri dönə bilər.

Pəri danışdığı müddətdə Skelmersdeyl hiss edib ki, artıq onun cazibəsinin təsiri altına düşüb. Amma özünə xas olan astagəlliyi ucbatından heç cür qərar qəbul edə bilməyib. Onun valehedici gözəlin qarşısında matı-qutu qurumuş halda necə oturduğunu, key kimi elə ancaq nişanlısı, quracağı dükan və bunun üçün at-araba lazım olacağı haqqında dodaqaltı mızıldandığını təsəvvür edirəm. Bəlkə də, bu “başağrısı” çox davam edib. Onu da təsəvvürümə gətirirəm ki, balaca sehrbaz qız oğlanın yan-yörəsinə dolanıb ondan əl çəkmir, hər vəchlə sevgisini izhar etməyə çalışır. Bu qayğısız pəri nə bilsin ki, insan həyatı, dolanışığı necə çətindir! Oğlan isə yeni hislərin təsiri altında, gözüyumulu onun dalınca gedir, amma bütün bunlara rəğmən adi insani qayğılarını da unutmur. Əlbəttə, zavallı Skelmersdeylin qarışıq, dolaşıq hekayəsinin qəhrəmanı olan bu balaca pərinin gözqamaşdırıcı gözəlliyini sözlə təsvir etmək çox çətindir. Mənim təsəvvürümdə o, yöndəmsiz söz qarma-qarışıqlığı içində təmiz şəfəqlə parlayan bir ulduza bənzəyir, sanki pırtlaşıq otların arasında bərq vuran işıldaböcək kimi…

Bu müddət ərzində, yəqin ki, Skelmersdeyl çox şeylər görüb, hətta bildiyimə görə, bir dəfə pərilərin ay işığında dövrə vurub rəqs etdiyinin də şahidi olub. Elə bununla da hər şey bitib. Həmin gecə kraliça onu böyük bir mağaraya gətirib. Oğlanın yaddaşına bel bağlasaq, mağaranın içərisini qırmızı lampa işıqlandırırmış. Ətrafda içi qızıl sikkələrlə dolu sandıqlar, qızıl piyalə və mücrülər göz qamaşdırırmış. Xəzinəni qoruyan cırtdan cinlər kraliçanı görcək təzim edib kənara çəkiliblər. Pərilər kraliçası oğlana tərəf dönərək parlaq gözləri ilə onu süzüb.

– Bax belə! – gözəl pəri deyib. – Sən elə yaxşı, ləyaqətli oğlansan ki, gərək səni buraxım gedəsən. Mənimlə də xeyli vaxt keçirdin. İndi sən öz nişanlının yanına qayıtmalısan. Mən də sənə verdiyim sözü unutmamışam, indi sənə arzuladığın qızılı verəcəklər.

– O danışarkən elə bil boğulurdu, – Skelmersdeyl dedi. Sonra sinəsinə toxunub əlavə etdi: – Mən də hiss edirdim ki, içimdə hər şey donub-qalıb. Rəngim avazımışdı, titrəyirdim, ancaq bir söz deyə bilmirdim. Axı nə deyə bilərdim ki?!

Bir anlıq susdu.

– Bəs sonra? – deyə soruşdum.

Bu səhnəni təsvir etməyə onun gücü çatmadı. Bircə onu bildim ki, vidalaşarkən pəri onu öpüb.

– Bəs siz bu məqamda da ona heç bir şey demədiniz?

– Heç bir şey… Quzu kimi boynumu büküb dayanmışdım. Gedərkən cəmi bircə dəfə dönüb mənə baxdı. Gülümsəyir, eyni zamanda ağlayırdı – bunu dəqiq gördüm, çünki yaşarmış gözləri parlayırdı. Sonra yoxa çıxdı, elə bu an balaca cırtdanlar ətrafıma dolanıb sandıqdakı qızılları əllərimə, ciblərimə, paltarımın yaxalığına doldurmağa başladılar.

Yalnız kraliça yoxa çıxandan sonra Skelmersdeyl nə hiss etdiyini dərk edib. O, birdən üstünə yağan qızılları bir tərəfə tullayaraq qışqırıb ki, ona heç nə lazım deyil. “Mənə sizin qızıllarınız lazım deyil. Burda qalmaq istəyirəm. Sizin kraliçanızla bir daha danışmaq istəyirəm”, – deyərək pərinin arxasınca qaçmaq istəyəndə ona imkan verməyiblər. Balaca əlləri ilə onu sinəsindən geri itələyiblər. Bununla belə, ətrafdakı qızılları elə hey üst-başına doldururmuşlar; əllərindən, ciblərindən qızıllar aşıb-daşırmış.

– Mənə qızıl lazım deyil! – onlara deyirdim. – Heç olmasa, bir dəfə kraliçanızla məni görüşdürün. Ona deyəcək sözlərim var.

– Görüşüb danışa bildiniz?

– Eh, nə görüşmək… dava düşdü.

– Ondan sonra heç görmədiniz?

– Yox, görmədim. Mən onları bir tərəfə tullayanda pəri artıq yoxa çıxmışdı.

Beləliklə, Skelmersdeyl qırmızı işıqlı mağaradan özünü bayıra ataraq pərini axtarmağa yollanıb. Mağaranın ağzındakı tağlı keçid boyu o qədər irəliləyib ki, bir də özünü sayrışan işıqları şölələnən düzəngahda görüb. Ətrafda isə pərilər, cinlər deyə-gülə rəqs edirmişlər. Mağaradan onun arxasınca qaçıb gələn cırtdan cinlər isə ondan əl çəkmədən hələ də üstünə qır-qızıl yağdırır və qışqırırmışlar: “Bu da sənə pərilər kraliçasından hədiyyə! Götür arzuladığın qızılları!”

Oğlan bu sözləri eşidəndə canını qorxu bürüyüb ki, hər şey bitib. Naəlac qalıb var gücü ilə bağıraraq pərini səsləyib. Sonra mağaranın girişindən uzaqlaşıb, üzü yamacaşağı, yemişan kollarının arası ilə qaça-qaça qışqıraraq kraliçanı çağırıb. Pərilər oğlanın ətrafında rəqs edərək onu çimdikləyir, cırmaqlayırmışlar. O isə heç bir ağrı hiss etmədən gözəl pərini səsləməyə davam edib. Sayrışan ulduzlar başının üstündə titrəşib onun üzünə işıq salırmış, cırtdan cinlər isə hələ də arxasınca qaçaraq onu qızıla tutur, “Götür qızılları, götür! Pərilər padşahının hədiyyəsidir”, – deyə əl çəkmirlərmiş. O qaçır, arxasınca isə bu əcaib dəstə onu təqib edir, yolundan azdırırmış. Oğlan gah dizə qədər bataqlığa batır, gah sıx kollara dolaşırmış. Birdən bu kolların birinə ilişərək yıxılıb. Üzüqoylu yıxılsa da, arxası üstə çevrilib və o an görüb ki, Oldinqton təpəsində uzanıb, ətrafında heç bir ins-cins yoxdur, başının üstündə ulduzlar sayrışır. Tez dikəlib oturub, yaman üşüyürmüş, bütün bədəni donub keyiyibmiş. Üstəlik, otun üstünə uzanmaqdan pal-paltarı şehdən nəm çəkibmiş. Dan yeri artıq ağarır, soyuq külək əsirmiş. Oğlan artıq düşünürmüş ki, gördükləri fərqli də olsa bir yuxu, daha doğrusu, kabus imiş. Ancaq əlini cibinə salanda baxıb ki, cibi küllə doludur. Artıq şübhə yeri qalmayıb – cibinə tökülmüş sehrli qızıllar külə çevrilmişdi. Hiss edib ki, bütün bədəni cızılmaqdan, didilməkdən göynəyir, amma baxıb görüb ki, heç bir cırmaq, qançır izi yoxdur.

Bax cənab Skelmersdeylin Pərilər ölkəsindən bizim dünyaya qəfil qayıtması belə olub. Oğlana elə gəlib ki, hadisələr bir gecənin içində baş verib, ancaq dükana qayıdanda anlayıb ki, düz üçhəftəlik yoxa çıxıbmış.

– İlahi! Mən bunu biləndə necə əzab çəkdim!..

– Niyə ki?

– Çünki insanlara izahat vermək lazım gəlirdi. Yəqin, heç vaxt belə bir çətin izahat qarşısında qalmayıbsınız.

– Heç bir dəfə də qalmamışam.

Sonra bir az onun yoxa çıxması ilə bağlı insanların necə davrandığından danışdı. Ancaq adları unutmuşdu.

– Bəs Milli? – nəhayət, mən soruşdum.

– Düzü, onu heç görmək də istəmirdim, – deyə cavab verdi.

– Yəqin, o, münasibətini dəyişmişdi?

– Əlbəttə, dəyişmişdi. Ümumiyyətlə, hər şey, həmişəlik dəyişdi. Hətta ətraf mühit mənə elə nəhəng, yöndəmsiz, yaraşıqsız, hay-küylü görünürdü ki!.. Səhər günəş doğanda isə artıq onun şəfəqləri məni xoşhallandırmırdı, əksinə, qıcıqlandırır, gözlərimi deşirdi.

– Milli necə oldu?

– Dedim də… Heç üzünü də görmək istəmirdim.

– Amma yəqin ki, görüşdünüz?..

– Hə, bir bazar günü o, kilsədən gələndə yolda qarşılaşdıq. “Harada itib-batmışdın?” – deyə soruşdu. Bildim ki, dava çıxarmaq istəyir. Heç vecimə də deyildi, ürəyindən dava keçirdisə, qoy eləsin. Heç ona əhəmiyyət də vermirdim, elə bil yanımda deyildi. Ona qarşı o qədər biganə idim ki, düşünürdüm: əvvəllər bu qızın nəyini bəyənmişəm?! Uzun müddət onu görməyəndə keçmiş günləri yada salırdım, amma görəndə də pərilər kraliçasının xatirəsi sanki ona yaxın olmağıma mane olurdu. Düzünə qalsa, heç Milli də məndən ötrü ölmürdü…

– Ərə getdi?

– Hə, öz əmisi oğluna… – Skelmersdeyl cavab verib bir müddət süfrədəki naxışlara diqqətlə baxdı.

O, yenidən danışmağa başlayanda hiss etdim ki, ilk məhəbbətindən qəlbində heç bir iz qalmayıb. Söhbətimiz yenə də onun qəlbinə hakim kəsilmiş pərilər kraliçasının üzərinə gəldi. Onun barəsində danışmaqdan yorulmurdu. O mənə qəribə sevgi sirlərini, məhrəm duyğularını açdı – bunları burda yazmaq satqınlıq olardı.

Bu əhvalatda mənə ən çox təsir edən bu oldu: baqqal dükanının geyimli-kecimli satıcısı öz hekayəsini bitirərək əlində siqar, qarşısında viski qədəhi önümdə oturub. Üzərindən çox illər keçməsinə baxmayaraq, hələ də ürəyini parçalayan eşq yanğısından, tükənməz qüssədən danışır, bu müddət ərzində ona əzab verən könül yarasını izhar edirdi…

– Yemirdim, yatmırdım, – deyirdi, – hesabları qarışdırır, sifarişləri səhv salırdım. O gözəl pərini unuda bilmirdim. Onun üçün elə darıxırdım, xiffətini elə çəkirdim ki! Əlimdəki işim bitər-bitməz hər gecə özümü Oldinqton təpəsinə verirdim. Hətta yağışlı, soyuq havalar belə mənə mane ola bilmirdi. Təpənin yan-yörəsinə dolanır, zirvəsinə qalxıb bağırır, onları səsləyirdim; yalvarırdım ki, məni yenidən öz səltənətlərinə buraxsınlar. Ağlaya-ağlaya haraylayırdım, dərddən lap başımı itirmişdim. Elə hey təkrarlayırdım ki, günahkaram, məni bağışlasınlar. Bazar günləri, hətta iş günləri günortalar da sel kimi tökən yağışın altında təpənin ətrafında dolaşırdım. Hərçənd bilirdim ki, gündüz vaxtı pərini axtarmaqdan bir şey çıxmaz. Hələ orda yatmağa da cəhd edirdim…

Gözlənilmədən susub viskidən bir qurtum aldı.

– Çalışırdım ki, təpədə uzanıb həmin gün olduğu kimi yuxuya gedim, – deyə fikrini təkrarladı. Danışarkən elə həyəcanlı idi ki, dodaqları titrəyirdi. – Neçə dəfə buna cəhd etdim, amma inanın ki, cənab, bacara bilmədim – heç bircə dəfə də… Düşünürdüm ki, gözümə yuxu getsə, bəlkə, hər şey təkrarlana bilər. Amma canıma qor dolmuş kimi ha otərəf-butərəfə dönürdümsə, yuxu gəlmirdi ki, gəlmirdi. Fikir, qəm-qüssə məni yatmağa qoymurdu. Eh, bu kədər… Mənsə istəyirdim ki…

O, sözünü yarımçıq qoyub dərindən ah çəkdi; viskini birnəfəsə içib qəfildən ayağa qalxdı, buxarının üstündəki divara vurulmuş ucuz rəsm çərçivələrinə diqqətlə nəzər salıb pencəyini düymələdi. Döş cibindən gündəlik sifarişləri yazdığı qara üzlüklü qeyd dəftərçəsi görünürdü. Düymələrini axıradək bağlayıb sinəsini şappıldatdı və birdən mənə tərəf çevrilib dedi:

– Yaxşı, mən gedim.

Baxışlarında elə bir ifadə vardı ki, sanki dillə deyə bilmədikləri gözlərinə hopmuşdu.

– Sizi də söhbətə tutdum, – bu sözü deyəndə artıq qapının ağzında idi, gülümsəyib gözdən itdi.

Bax cənab Skelmersdeylin hər kəsi maraqlandıran Pərilər ölkəsindəki əhvalatı belə olmuşdu.