Yenicə zirzəmiyə girmişdilər ki, missis Hollun yadına düşdü ki, yataq otağındakı lampanı götürməyi unudub. O, ərini lampanın dalınca göndərdi. Dəhlizə çıxarkən Holl naməlum adamın otağının qapısını aralı görüb təəccüb etdi. Lakin ayaq saxlamadan yataq otağına keçdi və arvadının dediyi yerdə lampanı tapdı.
Geri qayıdarkən mister Holl bayır qapısının cəftəsinin açıq olduğunu gördü. O yaxşı xatırlayırdı ki, gecə missis Holl qapını bağlamışdı, arvadı qapının cəftəsini vuranda o özü lampa ilə işıq salırdı. Holl heyrət içində dayandı, sonra əlində lampa yuxarı qayıtdı, kirayəçinin qapısını döydü, amma cavab verən olmadı. Daha sonra qapını taybatay açıb otağa girdi. Otaqda heç kim yox idi. Naməlum adamın bütün pal-paltarı və tənzifləri kreslodan və çarpayının başından asılmışdı. Holl tam şaşqınlıq içində otağın ortasında dayanmışdı ki, birdən aşağıdan, zirzəmidən arvadının səsini eşitdi:
– Nə oldu, Corc, harada qaldın?!
Holl geri dönüb arvadının yanına tələsdi. O, pilləkəndən zirzəmiyə tərəf əyilib arvadını səslədi:
– Cenni! Kirayəçi otaqda yoxdur, küçə qapısı da açıqdır.
Missis Holl əvvəlcə onun nə barədə danışdığını başa düşmədi. Lakin işin nə yerdə olduğunu dərk edəndə özü boş otağa baxmağı qərara aldı.
Mister Holl:
– Onun özü burada yoxdur, amma paltarı buradadır, – dedi. – Paltarsız o hara gedə bilər? Qəribə işdir…
Onlar zirzəmidən pilləkənlə yuxarı çıxarkən ikisinə də elə gəldi ki, kim isə bayır qapısını açıb örtdü. Lakin onlar qapını bağlı gördükləri üçün bu barədə bir-birinə heç bir söz demədilər. Dəhlizdə missis Holl ərindən qabağa keçib yuxarıya qalxdı. Bu zaman pilləkəndə kim isə asqırdı. Holl arvadının asqırdığını düşündü; bir az irəlidə gedən arvadı isə asqıranın əri olduğuna əmin idi. O, yuxarı çıxaraq qapını taybatay açdı və naməlum adamın otağını gözdən keçirməyə başladı.
– Ömrümdə belə şey görməmişəm! – missis Holl dedi.
Bu zaman arxada, lap qulağının dibində kimsə fısıldadı. Qadın geri dönərək ərinin ondan on-on iki addım uzaqda durduğunu görüb lap mat qaldı. Əyilib yastığı və döşəkağını əli ilə yoxladı.
– Soyuqdur… – dedi. – O, bir saatdan artıqdır ki, yoxdur.
Missis Holl bu sözləri deyib qurtarmışdı ki, olduqca qəribə bir hadisə baş verdi. Döşəkağı burulub bükələndi və dərhal çarpayının başından atlandı. Elə bil kiminsə əli onu bürmələyib atdı. Bunun dalınca naməlum adamın şlyapası asıldığı yerdən sıçrayıb havada qövs cızaraq düz missis Hollun sifətinə çırpıldı. Sonra kreslo naməlum adamın pencək və şalvarını saymazyana öz üstündən atdı və havaya qalxaraq ayaqlarının dördünü də missis Holla tərəf çevirdi. Kreslo qadını nişan alaraq onun üzərinə hücum etdi. Qadın qışqırdı və qapıya tərəf döndü, bu zaman kreslonun ayaqları ehmalca, lakin qətiyyətlə onun kürəyinə dirənərək itələyib otaqdan çıxartdı. Qapı tarappıltı ilə örtüldü, açarın səsi eşidildi. Kreslo ilə çarpayı, öz qələbələrini bayram edirlərmiş kimi, bir qədər rəqs etdilər. Sonra birdən-birə hər şey sakitləşdi.
Missis Holl huşunu itirərək ərinin qolları üstünə düşdü. Mister Holl bu hay-küydən oyanmış xidmətçi Millinin köməyi ilə missis Hollu aşağıya aparıb sakitləşdirici damcı dərmanı verdi.
Missis Holl, nəhayət, özünə gələrək:
– Bunlar cinlərdir, – dedi. – Mən onlar barədə qəzetlərdə oxumuşam. Stol və stullar tullanıb oynamağa başlayır…
Holl onun sözünü kəsərək:
– Bir az da iç, Cenni, – dedi. – Bu səni sakitləşdirər.
– Qapını bağla. Onu daha içəri buraxma. Mən çoxdan şübhələnirdim… Necə də başa düşməmişəm?
– Bir az da damcıdan iç, Cenni, – deyə Holl təkid edirdi. – Əsəblərin lap pozulub.
Artıq saat beş idi. Onlar üzbəüzdə yaşayan dəmirçi mister Sendi Uocersi oyatmaq üçün Millini ora göndərdilər.
Milli gedib dəmirçini oyatdı. Onlar mehmanxanaya çatana kimi xidmətçi qız sahiblərindən eşitdiklərini qonşuya danışdı. Mister Uocers Millinin dediklərinə o qədər də təəccüblənmədi.
– And içməyə hazıram ki, bu, cadu kələyidir, – dedi. – Belə kirayəçinin bircə buynuzu əskikdir.
Sendi Uocers baş verənləri ətraflı öyrəndikdən sonra mister Holla müraciətlə dedi:
– Mən sizin yerinizə olsaydım, içəri girib bunların hamısının səbəbini ondan xəbər alardım, izahat tələb edərdim, – dedi.
Onlar bir yerdə yuxarı qalxdılar. Mister Holl qapını döydü, sonra yavaşca aralayıb:
– Bağışlayın… – deyə sözə başladı.
İçəridən naməlum adamın qəzəbli səsi gəldi:
– Rədd olun cəhənnəmə! Qapını örtün!
N aməlum adam günortaya qədər “Arabaçı və atlar” mehmanxanasındakı otağından bayıra çıxmadı. Bu müddət ərzində o heç nə yeməmişdi. Yəqin ki, bərk ac idi. O, üç dəfə zəng çaldı, lakin heç kəs cavab vermədi.
Missis Holl:
– Eybi yoxdur, “rədd olun cəhənnəmə” deməyi mən ona göstərərəm, – deyə donquldanırdı.
Mister Holl Uocerslə birlikdə məsləhət üçün şəhər hakiminin yanına getdi.
Təlaşa düşmüş, lakin maraqdan içini yeyən adamların dəstəsi getdikcə böyüyürdü. Qonşu missis Haksters gəldi. Ruhlar günü münasibətilə bəzənərək qara pencək geyib ağ qalstuk taxmış bir neçə zirək oğlan da gəlib yetişdi. Onlar mənasız suallar verməyə başladılar.
Günortaya yaxın naməlum adam birdən qapını açıb kandarda dayandı və piştaxtanın yanında oturmuş üç-dörd adama diqqətlə baxdı:
– Missis Holl, – deyə çığırdı.
Bufetə yığışmış adamlardan biri sahibəni çağırmaq üçün onun otağına yönəldi.
Missis Holl tövşüyə-tövşüyə, lakin qətiyyətlə içəri girdi. Mister Holl hələ qayıtmamışdı. Qadın artıq hər şeyi ölçüb-biçmiş və əlində balaca bir sini ilə gəlmişdi. Sinidə pulu ödənilməmiş hesab kağızı var idi.
– Siz borcunuzu ödəmək istəyirsinizmi? – deyə qadın xəbər aldı.
– Nə üçün siz mənə səhər yeməyi vermədiniz? Yoxsa elə düşünürsünüz ki, mən yeməksiz də keçinə bilərəm?
– Nə üçün siz hesabı ödəmirsiniz? – deyə missis Holl xəbər aldı. – Mən bunu bilmək istərdim.
– Üç gün bundan əvvəl sizə dedim ki, mən pul gözləyirəm…
– Mən də üç gün bundan əvvəl sizə demişdim ki, sizin pul gözləyib-gözləməməyinizin mənə dəxli yoxdur.
Naməlum adam susdu. Piştaxtanın yanında duranlar hamısı missis Hollun ona üstün gəldiyini hiss edirdi. Naməlum adamın sözləri də bunu təsdiq elədi.
– Qulaq asın, əzizim… – deyə o sözə başladı.
Missis Holl onun sözünü kəsərək:
– Mən sizin əziziniz deyiləm, – dedi.
Görünür, bu söz naməlum adamın heç xoşuna gəlmədi. Ayağını yerə vurub:
– Nə demək istəyirsiniz? – deyə qışqırdı.
– Ancaq onu demək istəyirəm ki, siz mənim və başqalarının başa düşə bilmədiyi bəzi şeyləri bizə izah etməlisiniz. Mən bilmək istərdim ki, otağınız boş olduğu halda siz yenidən orada necə peyda ol-dunuz. Bu evdə qalan kirayəçilər qapıdan girib-çıxırlar, siz isə başqa cür edirsiniz və mən bilmək istərdim ki, siz bunu necə edirsiniz. Bir də mən bilmək istərdim ki…
Bu zaman naməlum adam birdən əlcəkli yumruqlarını qaldırıb ayağını yerə vurdu və “Bəsdir!” – deyə elə bərkdən bağırdı ki, missis Holl o saat səsini kəsdi.
– Siz mənim kim və nəçi olduğumu anlamırsınız, – dedi. – Mən sizə göstərərəm. Allaha and olsun, göstərərəm.
O bu sözləri deyə-deyə əlini üzünə tutdu və dərhal geri çəkdi. Üzün tən ortasında boşluq göründü.
– Budur, – dedi və bir addım irəli ataraq missis Holla nə isə uzatdı.
Qadın gözlərini onun dəyişilən üzündən ayırmadan uzatdığı şeyi qeyri-ixtiyari aldı. Sonra həmin şeyə baxıb bərkdən çığırdı, onu yerə atıb geri çəkildi. Naməlum adamın çəhrayı rəngli burnu boş karton qutusu kimi taqqıldaya-taqqıldaya döşəmənin üstüylə yuvarlandı. Sonra o, gözlüyünü çıxartdı, heyrətdən oradakıların gözləri bərəlmişdi. Şlyapasını başından götürdü, qəzəblə bakenbardını və tənzifləri qoparmağa başladı. Onlar çətinliklə qopurdu. Hamı dəhşətdən donub-qalmışdı. Bura yığışanlar gözləyirdilər ki, tənzifin altında eybəcər, dəhşətli yaralar görəcəklər. Bütün bunların əvəzində isə boşluq gördülər. Sonra onlar bufetdəki səs-küyə mətbəxdən yüyürüb gəlmiş və başsız adamla üz-üzə çıxmış Millinin qulaqbatırıcı qışqırığını eşitdilər. Qışqırıq birdən-birə kəsildi.
Bu zaman mehmanxananın qarşısına yığışanların sayı durmadan artırdı. Heç bir dəqiqə keçməmiş burada böyük bir izdiham yarandı. Adamlar səs-küy salır, bir-birini itələyir, müxtəlif suallar verir, cürbəcür uydurmalar söyləyirdilər. Heç kim danışılanlara qulaq asmırdı, hamı birdən danışırdı.
– Qulyabanıdır.
– Görün nə işlərdən çıxmışdır?
– Deyəsən, qulluqçunu yaralayıb.
– Gərək ki, onların üstünə bıçaq çəkib.
– Yox, məcazi mənada deyil, həqiqi mənada başı yoxdur. Doğru deyirəm, o, başsız adamdır!
– Boş şeydir. Yəqin ki, bir fənd işlədir.
– O, tənzifləri açan kimi…
Adamlar açıq qapıdan baxmağa, bəziləri hətta içəri soxulmağa çalışırdı. Birdən arxa sıralarda qarışıqlıq düşdü. İzdiham aralanıb qətiyyətlə evə tərəf gedən kiçik dəstəyə yol verdi. Bu dəstənin başında qızarıb pörtmüş və döyüşə hazır görünən mister Holl, onun dalınca konstebl2 mister Bobbi Caffers və nəhayət, ən axırda mister Uocers addımlayırdı. Onlar naməlum adamı həbs etmək haqqında əmr almışdılar.
Qapının ağzında duranlarla qısa söhbətdən sonra mister Caffers:
– Başının olub-olmamasının mənim üçün fərqi yoxdur, – deyə bildirdi. – Mən onu həbs etmək əmrini almışam və bu əmri yerinə yetirəcəyəm.
Mister Holl pilləkənlə yuxarı qalxdı, düz qonaq otağının qapısına tərəf gedib qapını açdı.
– Konstebl, – deyə o, Caffersə müraciət etdi. – Vəzifənizi yerinə yetirin.
İçəriyə əvvəlcə Caffers, onun dalınca da Holl, lap axırda isə Uocers girdi.
Onlar alaqaranlıq otaqda qabaqlarında başsız bir heykəl gördülər.
– Budur o, – Holl dedi.
Heykəlin yaxası üstündəki boşluqdan:
– Bu nədir belə? – deyə acıqlı səs eşidildi.
Caffers:
– Sizin kimisini mən hələ görməmişdim, cənab, – dedi. – Lakin başınız olsa da, olmasa da, fərqi yoxdur, əmrdə göstərilmişdir ki, həbs edilsin, vəzifə borcu isə hər şeydən üstündür…
Heykəl bir neçə addım geri çəkilərək:
– Yaxın gəlməyin! – deyə çığırdı.
Naməlum adam sol əlindəki əlcəyi çıxarıb Caffersin üzünə çırpdı. Caffers bir əli ilə görünməz əlin biləyindən, o biri əli ilə isə görünməz boğazdan yapışdı. Bu zaman ayağına dəyən güclü zərbənin ağrısından möhkəm çığırdı. Holl Caffersə kömək etmək istədi. Konstebl naməlum adamdan bərk yapışmışdı. Onlar bir-biri ilə süpürüşərək stula toxundular. Stul gurultu ilə bir tərəfə düşdü və hər ikisi yerə yıxıldı. Caffers:
– Onun ayaqlarından yapışın, – deyə fısıldadı.
Mister Holl bu əmri yerinə yetirməyə çalışarkən sinəsindən bərk zərbə alıb bir dəqiqəliyə sıradan çıxdı. Mister Uocers isə başsız adamın Caffersi əziş-dirdiyini, ona üstün gəldiyini görüb qorxaraq qapıya tərəf çəkildi və bu zaman onlara köməyə tələsən mister Haksters və daha bir nəfərlə toqquşdu. Bu vaxt rəfdən üç-dörd butulka düşdü, onlar sınıb havanı üfunətli iylə doldurdu.
Naməlum adam Caffersi altına basdığına baxmayaraq:
– Təslim oluram! – deyib çığırdı və zorla nəfəsini dərərək: – Onsuz da mənimlə bacarmayacaqsınız, – deyə əlavə etdi.
Sanki boşluqdan qopub gələn bu səsi eşitmək son dərəcə qəribə idi.
Caffers var gücünü toplayaraq ayağa qalxdı və kəmərindən sallanan bir cüt əl qandalını çıxardı. Lakin elə həmin an da qarşısındakı məxluqa baxaraq:
– Əcəb işə düşdük! – deyə səsləndi. – Lənət şeytana! Mən bunları nəyə taxacağam?
Bu zaman naməlum adamın boşluqdan gələn səsi eşidildi:
– Sizdən rica edərdim ki, məndən uzaq durasınız. Məsələ burasındadır ki, mənim başım, qollarım, ayaqlarım və bütün başqa üzvlərimin hamısı öz yerindədir. Ancaq mən görünməz adamam. Mən başa düşürəm ki, bu sizi narahat edir. Ancaq nə etmək olar? Hər halda, mənim bu vəziyyətə düşməyim hər yoldan ötənə məni dürtmələmək haqqı vermir!
Haksters naməlum adamın sözlərinə inanmadı.
– Nə? Görünməz adam? – dedi. – Belə şey əsla ola bilməz.
– Bu, bəlkə də, qəribədir, lakin burada heç bir cinayət yoxdur. Konstebl nəyə əsasən mənim üzərimə atılır?
Caffers:
– Bu, tamamilə başqa məsələdir, – dedi. – Doğrudur, bura bir az qaranlıqdır, sizi görmək çətindir, ancaq məndə sizi həbs etmək haqqında əmr var və bu, qaydasınca tərtib olunub. Siz görünməz olduğunuz üçün yox, qarət etdiyinizə görə həbs edilməlisiniz. Bu yaxın evlərin birində qarət olmuş və pul oğurlanmışdır.
Görünməz adam:
– Uydurmadır, – deyə çığırdı.
– Ümidvaram ki, belədir, cənab, lakin əmr almışam.
– Yaxşı, – dedi. – Mən sizinlə gedərəm. Gedərəm, ancaq qandalsız.
Caffers:
– Qayda var axı, – deyə etiraz etdi.
– Qandalsız, – deyə israr etdi.
– Bağışlayın, bunsuz olmaz, – dedi.
Birdən naməlum adam vücudunu əydi və oradakılar nə baş verdiyini anlayana kimi ayaqqabısını, şalvar və corablarını stolun altına atdı. Sonra özü sıçrayıb qalxdı.
Caffers birdən işin nə yerdə olduğunu başa düşüb:
– Dayan! Dayan! – deyə çığırdı. – Onu tutun! Əgər o, tamam soyunsa…
Hamı:
– Tutun onu! – deyə çığıraraq havada uçan ağ köynəyin üstünə cumdu. Bu, naməlum adamın əynində qalmış yeganə paltar idi.
Caffers köynəkdən bərk-bərk yapışdı, lakin bununla yalnız onun çıxarılmasına kömək etdi. Bu zaman konsteblin alt çənəsinə möhkəm bir zərbə dəydi. Gözlərindən qığılcım çıxan Caffers polis dəyənəyini qapıb var gücü ilə həmin tərəfə cavab zərbəsi endirdi. Lakin dəyənək havada qövs cızıb haradansa peyda olmuş Teddi Henfrinin kəlləsinə dəydi.
– Tutun onu! – deyə hamı çığıraraq hauada uçan ağ köynəyin üstünə cumdu. Bu, naməlum adamın əynində qalmış yeganə paltar idi.
Otaqdakılar: “Özünü gözlə!”, “Vur onu!”, “Qoyma aradan çıxsın!” – deyə bağıraraq əlləri ilə hara gəldi zərbələr endirirdilər. Nəhayət, Caffers tövşüyə-tövşüyə:
– Tutdum! – deyə çığırdı.
O, görünməz düşməni əldən buraxmadan adamların içərisində fırlanırdı. Üzü qıpqırmızı qızarmış, gərginlikdən damarları qabarmışdı. Camaat aralanıb yol verdi. Caffers boğuq səslə nə isə qışqırır, düşməni əldən buraxmadan var gücü ilə onu təpikləyirdi. Sonra o səndələyib arxası üstə yerə yıxıldı. Yalnız bundan sonra onun əlləri boşaldı.
Bir cavan oğlan əlində çömçə həmin səmtə yüyürdü, lakin o da başından aldığı zərbədən buradaca yerə sərilmiş konsteblin üstünə yıxıldı. Mehmanxanadakı adamlar dəli kimi boşluğa zərbələr endirdiyi zaman küçədəki qadınlardan biri ayağının nəyə isə dolaşdığını hiss edib yıxıldı və bərkdən qışqırdı. Mehmanxana qarşısındakı adamlar bir qədər də əl-qol atdıqdan sonra başa düşdülər ki, naməlum adam artıq onların arasında deyil.
О проекте
О подписке
Другие проекты
