Batalbalılar, əlbəttə, burada səhv buraxıblar. Onlar çiçbalıları özlərinə yaxın sayıb qonaqlarının yoluna ətindən yedikləri cöngənin iki budunu qoydular. Lakin batalbalılar nəzərə almayıblar ki, çiçbalılar tək deyillər, onların yanında qonaq var, özü də, əlbəttə, o görməyə bilməzdi ki, ev sahibinin onların yoluna qoyduğu iki bud, ətindən yedikləri heyvanındır. Buna görə də çiçbalılara, xüsusilə onların böyüyünə elə gəlirdi ki, qonağın yanında biabır olublar.
Bəli, onlar yola düşdülər, yüzlərlə qoyun-keçini dağlara tərəf sürməyə başladılar. Yolda onların böyüyü bir müddət susduqdan sonra, nəhayət, dözməyib dedi:
– Sən demə, bu batalbalılar bizi heç adam yerinə qoymurlar! Süfrənin artığını bizə atdılar, elə bil dilənçipayı verirdilər. Eybi yox, peşman olarlar.
Qonaq onu sakitləşdirmək istədi, ancaq ağsaqqal yaman inciyibmiş. Hər şey də bundan başladı. Batalbalıların isə heç ağlına da gəlmirdi ki, burada bir inciklik ola bilər. O yazıqlar elə bilirdilər qonaqlarını yaxşı qarşılayıb, yaxşı da yola salıblar. Qərəz, onların heç nədən xəbərləri yox idi, çunki o vaxt abxazlar arasında xəbərçilik nə gəzirdi.
Bəli, bir müddət keçir, iki ailənin nümayəndələri yenə də bir məclisdə görüşməli olurlar. Burada da iş elə gətirir ki, Batalba ailəsindən bir cavan bağışlanılmaz səhv buraxır. Oxumağa başlayanda yaxşı səsi olanlar bir yerə yığışırlar. Elə olur ki, cavan batalbalı ilə ağsaqqal çiçbalı yanaşı düşür. Və burada cavan batalbalı oxumağa başlayır. Əlbəttə, bu, böyük səhv idi.
Cavan gərək yaşlı çiçbalıdan soruşaydı:
– Mənim oxumağım sizi narahat etməz ki? Bəlkə, bir az aralı durum?
Bu sözə qarşı ağsaqqal, yəqin ki, deyəcəkdi:
– Eybi yox, oğul, oxu. Təki bizi narahat edən mahnı olsun. Adətən, belə olur. Gənc batalbalı isə icazə-filan istəmədi, çünki o, çiçbalıları özünə doğma sayırdı, özü də bir az içmişdi və ağlına belə gətirmirdi ki, arada inciklik var.
Bəli, hər bir səhvi ayrılıqda yenə bağışlamaq olardı, lakin iki səhv bir yerdə yaşlı çiçbalını lap özündən çıxartdı.
– Sən niyə mənim qulağımın dibində oxuyursan? – deyə o qışqırdı. – Mən görürəm siz batalbalılar bizi heç adam yerinə qoymursunuz!
Bunu deyib o, xəncərini çıxartdı və gənçi yerindəcə öldürdü. Bu yerdə hay-küy qopdu, arvadların səsi aləmi götürdü. Sonra məclisi birtəhər sakitləşdirdilər. Ancaq, əlbəttə, bu sakitlik uzun sürə bilməzdi. İki gündən sonra həmin gəncin atası qocanı öldürdü.
Bəli, artıq bunun qarşısını almaq mümkün deyildi. Məgər bu, axmaqlıq deyil?
Belə hallarda ya iki kəndin hörmətli ağsaqqalları hər iki nəslin ağıllılarını bir yerə yığıb onları barışdırırlar, ya nəsillərdən biri dözməyib doğma kəndini tərk edir və uzaq kəndlərdən birinə köçür. Ya da nəsillər yerli-dibli məhv olana kimi bir-birini qırırlar.
Elə oldu ki, Batalba nəslindən dörd qardaş və bir ana qaldı. Çiçbalıların da nəslindən dörd qardaş və bir ana qaldı. Ancaq çiçbalıların sonbeşiyi hələ balaca idi – cəmi on üç yaşı var idi.
Qalanlar lap uzaq qohumlar idi. Onlar beləcə on il idi yaşayırdılar. Bir-biri ilə işləri yox idi. Bir çoxları fikirləşdilər ki, nəhayət, ağsaqqalların köməyi ilə onlar öz aralarında bir razılığa gələ bilərlər.
Onu da deyim ki, növbəti həmlə Batalba tərəfdən olmalı idi. Həmin yay Batalba qardaşlarından ən igidi və cəsuru Adamır sürünü yaylağa apardı, o biri üç qardaş isə evdə qaldı. Bu, batalbalılar tərəfdən sülhə doğru addım idi. Onlar sanki demək istəyirdilər ki, baxın, biz kişilərimizdən ən güclüsünü alp çəmənliklərinə göndəririk, biz daha qorxmuruq, biz barışıq istəyirik.
Çiçbalılar isə bunu başqa cür başa düşdülər. Onların əsəbləri dözmədi. Onlar bu qərara gəldilər ki, düşməndən həmlə gözləməkdənsə, Adamırın yaylağa getməyindən istifadə edib üç qardaşı öldürsünlər, sonra isə Adamırı öldürüb, nəhayət, rahat yaşasınlar.
Onlar belə də elədilər. Qəflətən batalbalıların evinə hücum edib qardaşları öldürdülər və evdə qalan malı sürüb apardılar. Çiçbalılardan ən cəsuru isə atını dağlara sürdü ki, Adamıra xəbər çatmamış onu orada tapıb öldürsün.
Adamır bu zaman çobanlardan ayrılıb dağkeçisi ovuna çıxıbmış. O, iki gün dağın zirvəsində buzlaqlarda qaldı. Çiçbalı isə bir gün çobanların köçünü pusdu, nəhayət, Adamırın orada olmadığını görüb çobanlara yanaşdı və onun yerini soruşdu.
Çobanlar hiss etdilər ki, vəziyyət xarabdır, ancaq aşağıda, kənddə nə baş verdiyini onlar hələ bilmirdilər. Hər ehtimala qarşı çiçbalıya dedilər ki, Adamır aşırımdan o tərəfə, dostu çərkəzə qonaq gedib və bir həftədən sonra qayıdacaq. Çiçbalı aşağıya, Abxaziyaya qayıtmalı oldu. O fikirləşdi ki, eybi yox, onlar dörd qardaşdırlar. Adamır isə indi təkdir.
Ertəsi gün günortaya yaxın kənddən çapar gəlib oradakı müsibəti çobanlara xəbər verdi. Çobanlar fikirləşirdilər ki, bunu Adamıra necə xəbər versinlər, elə bu vaxt onun özü təpənin başında göründü və binəyə tərəf gəlməyə başladı.
Dağkeçisi çiynində, özü də üzüaşağı dağkeçisi kimi enir və qışqırırdı ki, niyə qarşılamırsınız? O, uğurlu ova sevinirdi və ağlına belə gəlmirdi ki, onu necə bir bəd xəbər gözləyir. Binəyə çataçatda çobanlar yavaş-yavaş ona tərəf yönəldilər. O hələ də sevinclə qışqırır və başa düşmürdü ki, niyə çobanlar ona tərəf qaçmırlar. Adətən, belə vaxtlarda hamı uğurlu çobana kömək etmək istəyir. Onlar isə heç addımlarını da yeyinlətmirdilər.
Birdən Adamır çobanların arasında çegemlini gördü və hiss etdi ki, onun gəlişi bura kədər gətirib. Onlara bir on addım qalmış Adamır dayanıb Çegemdən gəlmiş çapara baxdı; o nə isə bir dəhşət hiss edib özü də bundan qorxdu. Nəhayət, çiynindən dağkeçisini atıb soruşdu:
– Nə olub evdə?
Çegemli baş vermiş müsibəti ona danışdı, çobanlar da dedilər ki, çiçbalılardan biri bura gəlib onu soruşurmuş.
– Kəndə çatdır ki, – Adamır çapara dedi, – gedirəm qardaşlarımın intiqamını almağa. İki gündən sonra qayıdıb onların yasını tutacam. Əgər qayıtmasam, mənim də yasımı onlara qatarsınız.
O, yerindəcə tüfəngini doldurdu və dağkeçisi cəmdəyinin üstündən adlayıb aşağıya tərəf yönəldi. Üçgünlük yolu bir gecə-gündüzə gedib onun arxasınca gələn çiçbalıya çatdı. Onu öldürüb dağkeçisi kimi çiyninə atdı. Bir on kilometr də gedib bir evə çatdı. Ev sahibini çağırıb dedi ki, qohumları gələnə kimi meyiti murdar olmağa qoymasın. Sonra meyiti darvazanın ağzında yerə qoyub yoluna davam etdi.
Səhərə yaxın o, çiçbalıların evinə çatdı və mal tövləsini yandırdı. Tüstüdən boğulan inəklər böyürməyə başlayanda qardaşlar eşidib evdən çıxdılar. Adamır böyük qardaşları öldürdü, kiçiyinin isə əl-qolunu bağlayıb onun anasına dedi:
– Sənin oğulların mənim qardaşlarımı öldürdülər. Mən sənin kiçik oğlunu öldürməyəcəm, ancaq o, ömrü boyu mənim qulum olacaq. Hökumətə şikayət eləsən, yerindəcə öldürəcəm. Ondan sonra qoy mənə nə istəyirlər etsinlər.
Bəli, o, qardaşlarının intiqamını alıb, yazıq uşağı kəndirə bağlayıb evinə gətirdi və öz qardaşlarının yasını tutdu. Onların qəbri qarşısında and içdi ki, ölənəcən sonuncu çiçbalını qul kimi saxlayacaq. Oğlanın adı Həzrət idi.
Camaat bu hadisəyə heyrət edirdi. Bəziləri Adamırı tərifləyirdi ki, uşağı öldürməyib, bəziləri onun uşağı qul etməyinə hirslənirdi, bəzi adamlar da elə hesab edirdi ki, Adamır bunu qanlı beyinlə eləyib, qəzəbi soyuyandan sonra uşağı buraxacaq.
Ancaq o, Həzrəti buraxmadı, iyirmi ilə yaxın onu əsl qul kimi tövlədə zəncirdə saxladı. Bu bizim Çegem ağsaqqallarının xoşuna gəlmirdi, ancaq onlar Adamıra təsir göstərə bilmirdilər. O, qəzəbindən vəhşiləşmişdi. Əgər o, Çegemin özündə yaşasaydı, bəlkə də, onu qovardılar, ancaq Adamır kənddən kənarda yaşayırdı və heç kimə tabe olmurdu. Amma ona çatdırmışdılar ki, bir də ayağını Çegemə basmasın.
O vaxtlar hökumət belə şeylərə çox da fikir verməzdi. Əgər aran kəndində biri qan intiqamı alırdısa, onu çox vaxt həbs edirdilər. Əgər o, meşəyə çəkilirdisə, onu heç axtarmırdılar da. Ancaq əgər biri polisi, ya mirzəni öldürürdüsə, canini mütləq tapıb cəzalandırmağa çalışırdılar. Həzrətin anası isə qorxurdu ki, şikayət etsə, Adamır onun oğlunu öldürər.
Adamır ömrünün axırına kimi subay qaldı. Bir neçə dəfə elçi getsə də, abxazlar ona qız vermədilər.
– Ona necə qız verəsən, – deyə onlar fikirləşirdilər, – qızının yanına qonaq gedəcəksən, orada isə qula rast gələcəksən. Nəyimə lazımdır belə qohumluq?
Beləliklə, onlar uzun illər bir yerdə yaşadılar, sonra Adamırın anası rəhmətə getdi və onlar ikilikdə qaldılar – Adamır və qulu Həzrət.
İldə bir neçə dəfə Həzrətin yazıq anası oğlunu yoluxmağa gəlirdi, ona xaçapuri, qızartma toyuq, çaxır gətirirdi. Adamır buna icazə verirdi. Bundan başqa, o, arvada icazə verirdi ki, ildə bir dəfə oğlunun saçını, saqqalını qırxsın və ildə üç dəfə onu çimizdirsin. Baxırdın ki, yazıq arvad oğlunun yanına gəlir, iki gün onun yanında oturur, gözünün yaşını tökür, sonra onlar yenə ayrılırlar.
Mən on səkkiz yaşına qədəm qoyanda qərara aldım ki, Həzrəti xilas edim. Ümumiyyətlə, adam cavan olanda qul azad etmək fikrinə düşür. Cavanlığıma baxmayaraq, mən o vaxt çox hiyləgər idim. Ancaq Həzrəti necə xilas etmək olardı? Adamır bir gündən artıq evdən uzaqlaşmazdı. Uzaqlaşsa da, onun itləri heç kimi evə yaxın buraxmırdılar.
Nə isə, mən evdəkilərdən gizlin Adamırla yaxınlaşdım. Əgər atam bilsəydi, məni evdən qovardı. O, Adamırı heç insan yerinə də qoymurdu. Biz abxazlar qulun nə olduğunu bilirik, hərdən türklər hücum çəkir, bizim adamları qul edib aparırdılar, ancaq abxazın abxazı qul kimi saxlamağı məlum deyildi. Bəli, mən yavaş-yavaş Adamırla yaxın oldum, özümü elə göstərdim ki, guya ova meylim var, ancaq Həzrət haqqında heç nə soruşmurdum. Bir ovçu kimi ona çatan olmazdı, qorxu-ürkü nə olduğunu bilmirdi. Biz bir neçə dəfə, birgə ovda olduq, artıq itlər də, o özü də mənə öyrəşmişdi. Çünki nə qədər qəddar adam olsa da, tək darıxırdı.
Bir dəfə ovdan qabaq o mənə dedi:
– Mən itləri yemləyim, sən də mənim quluma yem ver.
– Yaxşı, – deyə biganəliklə cavab verdim, guya Həzrət heç məni maraqlandırmırdı. O mənə bir qazan süd və bir az çörək verdi.
– Bəs qaşıq? – deyə soruşdum. – Lazım deyil?
– Nə qaşıq, əşi, südü təknəsinə tök, çörəyi də üstünə at.
Bəli, nəhayət, mən bu tövləyə girdim. Gördüm küncdə, qarğıdalı şaxının üstündə cır-cındıra bürünmüş saqqallı bir adam oturub, gözləri iki köz parçası kimi parıldayır. Dəhşət idi. Onun yanında uzun təknə vardı. Bu biri tərəfdən təknənin altına daş qoyulmuşdu ki, qula tərəf əyilmiş olsun. Burdan mən başa düşdüm ki, Adamır özü də quluna çox yaxın getmir. Mən eşitmişdim ki, Həzrət bir dəfə Adamıra hücum edib, o isə bıçağı çıxardıb onu vurub. Həzrətin yarası it yarası kimi tez sağalıb, ancaq Adamır bundan sonra onunla ehtiyatla davranmağa başlayıb. O özü bunu camaata danışırmış… Mən südü Həzrətin təknəsinə töküb dedim:
– Al, tut çörəyi.
Mən bunu ona görə dedim ki, çörəyi adamın qabağına, yerə atmaq, əlbəttə, yaxşı deyil, qula yaxınlaşmaqdan isə qorxurdum.
Çörəyi atdım. O – hop! – göydəcə tutdu və mən zəncir səsi eşitdim. Onun ayaqları zəncirlənmişdi.
O, çörəyini yeməyə başladı, hərdən təknəyə tərəf əyilib südü hortultu ilə içirdi. Bu, dəhşətli mənzərə idi və həmin gün mənim Həzrəti xilas etmək fikrim qətiləşdi. Xüsusilə onun südü hortultu ilə içməsi və parıldayan gözləri ilə mənə baxması dəhşətli idi. Mənim butün bunları görməyim onu qətiyyən çəkindirmirdi. Öyrəşmişdi. Adam hər şeyə adət edir.
Bu, bir neçə ay davam etdi. Mən Həzrətin qaçması üçün münasib imkan axtarırdım. Həmişə də ehtiyat edirdim ki, Adamır mənim məqsədimi anlayar, başqa tərəfdən də qorxurdum ki, evdəkilər Adamırla yaxınlığımdan duyuq düşərlər.
Adamır artıq mənə öyrəşmişdi və hər dəfə ovdan qabaq deyirdi:
– Mən itləri yemləyim, sən də mənim quluma yem ver.
Mən də verirdim. O, qula özü yediyindən verirdi. Ancaq elə bil it yedizdirirdi. Südü, qatığı təknəyə tökürdü, əgər heyvan kəsirdisə, ona bir tikə çiy ət atırdı. Həzrətin yanında bir neçə parça mal-qaraya verdiyimiz daş duz var idi.
Eşitdiyimə görə, bəzi savadlı axmaqlar əti çiy yeyirlər. Elə bilirlər xeyirdir. Ancaq adamlar min illər boyu əti bişiriblər, ya da qızardıblar, əgər çiy halda o xeyirli olsaydı, daha neynirdilər qızardıb.
Yaxşı, bəs Həzrət nə ilə məşğul idi?
Onun yalnız iki işi vardı. Biri – əl dəyirmanında qarğıdalı üyütmək idi. Kirkirə həmişə onun yanında olurdu. Ona görə də Həzrətin qüvvətli pəhləvan qolları var idi. Bundan başqa, o, səbət də toxuyurdu. Qamışı ona Adamır gətirirdi. Adamır bu səbətləri Anastasovkada yunanlara satırdı, çünki çegemlilər ondan heç nə almırdılar.
Bir neçə ay ərzində Həzrət də mənə öyrəşmişdi. Düzdür, gözləri əvvəlkitək köz kimi parıldasa da, bilirdim ki, mənə toxunmaz, ona görə də yaxın gəlirdim. Onun ağlı üstündə idi, adam kimi deyib-danışırdı.
Bir dəfə mən onun anasını gördüm və Həzrətə kömək etmək arzum daha da gücləndi. Qarı dəsmalı qarğıdalı şaxının üstünə sərib üstünə toyuq əti, xaçapuri, bir şüşə çaxır və iki stəkan qoydu.
Biz bir yerdə yeyirdik, ancaq, sözün düzü, bu məclis heç ürəyimdən deyildi. Necə ürəyimdən olaydı ki, süfrəmizin yanında onun üçün ayaqyolunu əvəz edən xəndək var idi. Düzdür, Həzrətin balaca bir beli var idi ki, ora torpaq atsın. Ancaq hər halda, belə yerdə çörək adama nuş olmaz. Mən yalnız onun anasının xatirinə çörək kəsdim. Yazıq arvad mənim kürəyimi sığallayır, həzin səslə deyirdi:
– Sən mənim Həzrətimin yanına tez-tez gəl, oğul. Bu da bir bəladır, biz düçar olmuşuq. Bu yazıq da burada darıxır… Sən tez-tez gəl onun yanına.
O bunu deyəndə Adamır tövlənin o biri tərəfində kərəntiyə sap düzəldirdi. Sən demə, o, qarının sözlərini eşidibmiş.
– Mən də qardaşlarım üçün darıxıram, – deyə o bizə tərəf baxmadan kərəntinin sapını yonmağında davam etdi.
– Ah, dünya, – qarı Adamırın sözlərini eşidib dərindən köks ötürdü.
Birdən-birə mənim hamıya yazığım gəldi. Həzrətə də yazığım gəldi, Adamıra da. Hamıdan çox isə qarının halına acıdım. Onun Adamırın paltarını yuyub yamaq vurduğunu görəndə isə lap ürəyim yandı. Arvad hər vasitə ilə Adamırda mərhəmət hissi oyatmağa çalışırdı, ancaq Adamırı razı salmaq mümkün deyildi.
Bir dəfə ov zamanı Adamır mənə dedi:
– Bəziləri elə fikirləşirlər ki, qul saxlamaq mənə xoşdur. Lakin qul saxlamaq asan deyil, elə bir xoşluğu da yoxdur. Hərdən gecə qorxumdan yata bilmirəm ki, o qaçar, hərçənd başa düşürəm ki, qaça bilməz. Zənciri əl dəyirmanına sürtməklə bir gecəyə kəsmək olmaz. Mən yoxlamışam. Kəssə də, hara qaçacaq? Tövlə bağlı olur. Tövlədən də çıxsa, itlər parçalayar. Ancaq əsəblərim dözmür. Şamı götürüb tövlənin qapısını açıram. Görürəm ki, yatıb. Bax neçə dəfə yoxlamışam, bir dəfə də oyanmayıb. Elə möhkəm yatır. Mənim isə gecələr yuxum ərşə çəkilir. İndi özün fikirləş, kim çox əziyyət çəkir – mən, yoxsa o?
– İndi ki belədir, – dedim, – burax onu getsin də.
– Yox, – dedi, – mən qardaşlarımın qəbrinə and içmişəm. O zəncirlər onun ayağından yalnız öləndən sonra açılacaq. Yalnız onun ölümü mənim andıma son qoya bilər.
Bəli, mən imkan axtarırdım ki, Həzrəti azad edim. Onun qaldığı tövlə şabalıd ağacından idi. Qapının ağzında yekə qıfıl var idi, açarı da Adamırın cibində. Ancaq o hərdən bir günlüyə, ya bir gecəliyə çıxıb gedirdi. Mən qərara gəldim lağım atım, yeyə ilə onun zəncirini kəsim, özüm çölə çıxardım ki, itlər dəyməsin. Əgər Adamır qayıdandan sonra çox özündən çıxsa, deyərəm ki, yəqin, yeyəni Həzrətə anası xaçapurinin içində gətirib, lağımı isə o özü balaca beli ilə qazıb. İtlərdən də birtəhər qurtarıb. Mən bilirdim ki, o, Həzrətin anasına toxunmaz.
Qərəz, belə bir qərara gəlmişdim və bir dəfə Adamır özü ovda mənə dedi:
– Qulaq as, Sandro, sabah yanıma gəl, itlərə yem ver. Mən sabah Atara gedəcəyəm, o biri gün səhər qayıdacağam.
– Yaxşı, – dedim.
Bəli, sabahı gün axşamı səbirsizliklə gözləyirdim. Axşam bizimkilər şam edib yatdılar. Mən yavaşca qalxıb çırağı və yeyəni götürdüm. Adamırın evinə tərəf yola düzəldim.
Amma yaman qorxurdum. Adamır canıma vahimə salmışdı. Qorxurdum ki, fikrimi başa düşə və bir yerdə gizlənib məni güdə. Ona görə də qərara aldım ki, lağıma başlamazdan qabaq evi axtarım. Əgər o, evdə olsa və məndən soruşsa niyə bu vaxt gəlmisən, deyəcəydim guya itlərə yem verməyi unutmuşam.
Evə yarım kilometr qalmış itlər adam iyi hiss edib hürüşməyə başladılar, sonra da məni tanıyıb səslərini kəsdilər. Mən Adamırın həyətinə girib ora-bura baxdım, mətbəxə keçdim, ordan da anbara. Nəhayət, otaqları da gəzib əmin oldum ki, Adamır evdə yoxdur. Onda mən mal tövləsinə getdim və gördüm orda üç inək var. Çırağı yuxarı qaldırıb gördüm ki, başqa ins-cins yoxdur. Sonra yenə mətbəxə getdim, ordan itlər üçün çörək götürüb ciblərimə doldurdum, amma hələlik itlərə vermədim. Fikirləşdim ki, çörəyi Həzrətə verərəm. Biz tövlədən çıxanda itlər, çox güman, hücum çəkəcəklər, onda çörək Həzrətə lazım olacaq ki, itləri bir az sakitləşdirsin.
Sonra mən yenə anbara girib divardan üzüm səbətini götürdüm. Əlimdə çıraq və səbət eyvana çıxdım, beli də götürüb Həzrət olan tövləyə yaxınlaşdım.
Səbət nəyə lazım idi, onu da deyim.
Üzüm səbəti dar və uzun olur. Lağımı atandan sonra mən onunla torpağı tövləyə daşıya bilərdim. Çünki əgər torpağı içəri daşımasam, Adamır başa düşərdi ki, çöldən kimsə Həzrətə kömək edib. Bunu başa düşüb o məni öldürə bilərdi.
Çırağı yerə qoyub qazmağa başladım. Lağımı elə atırdım ki, içəridən düz zəncir bağlanan yerdən çıxım. Qaza-qaza təəccüblənirdim ki, bu Həzrət niyə oyanmır. Öz-özümə fikirləşdim, yəqin, doğrudan da, o, bərk yatır. Nəhayət, oyandı.
– Kimsən orda? – deyə səsləndi və mən qarğıdalı şaxının xışıltısını eşitdim.
– Mənəm, Sandroyam, – deyə səs verdim.
– Nə istəyirsən?
– Lağımı qazım, sonra bilərsən.
Bəli, bir saatdan sonra mən lağımı qazıb qurtardım, çırağı yerə qoyub tövləyə çıxdım.
Həzrət əvvəlki yerində oturmuşdu, gözləri bayquş gözləri kimi parıldayırdı.
– Ala yeyəni, – dedim. – Zənciri kəsək, çıx azadlığa.
O, başını buladı:
– Yox, Adamır öz itləri ilə məni onsuz da tapacaq.
– Tapa bilməz. Gecə ikən başqa kəndə gedərsən. Orda izi itirmək asandır.
– Yox, – dedi, – mən yeriməyi yadırğamışam. Uzağa gedə bilmərəm. O, itləri ilə onsuz da məni tutacaq.
– Tuta bilməyəcək, – deyə mən onu inandırmağa çalışdım. – Əgər qorxmursansa, birlikdə Cqerdıya qədər gedərik, orada səni qohumlarımızın evində gizlədərəm. Sonra mən evimə qayıdaram, sən isə hara istəsən gedərsən.
– Yox, mən belə istəmirəm.
– Onda bəs neyləyək? – deyə soruşdum. O, fikrə getdi, gözləri isə dəhşətli parıltı ilə yanırdı.
– Əgər mənə kömək etmək istəyirsənsə, – deyə o, nəhayət, dilləndi, – mənə iki metr zəncir gətir. Mən onu bu zəncirə bağlayacağam. Mənə başqa heç nə lazım deyil.
– Bu sənin nəyinə lazımdır?
– Mən gecələr yavaş-yavaş gəzərəm ki, ayaqlarım bir az öyrəşsin, sonra qaçmağıma kömək edərsən.
– Axı o sənin zəncirini yoxlayır, özü mənə danışıb.
– Yox, – dedi, – birinci on beş il yoxlayırdı. Daha yoxlamır.
Mən onu nə qədər dilə tutmağa çalışdımsa, mümkün olmadı. Onda qərara aldım ki, o deyəni eləyim.
– Balta da gətir həlqəni aralamağa, – deyə o, xahiş etdi.
Bu minvalla mən gecəyarısı evə qaçdım, tövləmizə girib köhnə şeylərin içindən təxminən Həzrətin zənciri boyda bir zəncir tapdım. Yenidən geri qayıdıb mətbəxdən Adamırın baltasını götürdüm və yenə torpağın altı ilə tövləyə girdim. Mən gedib-gələnə qədər o, yeyə ilə zəncirini kəsib iki həlqənin hər iki tərəfindən yer açmışdı. Mən hətta onun bu işi belə tez gördüyünə təəccübləndim. Əl dəyirmanını fırlatmaq onun qollarına fil gücü vermişdi. O mənim gətirdiyim zənciri götürüb iki tərəfdən həlqələrə keçirdi, sonra əl dəyirmanının üstünə qoyub balta ilə onları sıxdı ki, heç nə bilinməsin.
– Daha heç nə lazım deyil, – dedi, – Get! Dizlərim möhkəmlənəndə sənə xəbər verərəm.
– Bəlkə, yeyəni özündə saxlayasan? – deyə təklif etdim.
– Yox, – dedi, – daha heç nə lazım deyil! Vəssalam. Sən get! Ancaq o biri tərəfdən yeri yaxşı-yaxşı tapdala ki, ağa heç nə hiss eləməsin.
Bəli, mən balta ilə çırağı götürüb bayıra çıxdım. Sonra tez-tez torpağı oyuğa töküb yaxşı-yaxşı tapdaladım ki, heç nə hiss olunmasın. İtlər mənim yan-yörəmdə fırlanırdılar, mən də Allaha şükür eləyirdim ki, onlar danışa bilmirlər. Birdən yadıma düşdü ki, cibimdə çörək var. Onu çıxardıb itlərə atdım.
Çırağı yuxarı qaldırıb bir daha qazdığım yerə yaxşı-yaxşı baxdım və əmin oldum ki, qazıldığı bilinmir. Belə yapışmış torpağı təmizləyib yerinə qoydum, baltanı və səbəti də öz yerinə apardım. Hər şey əvvəl necə dururdusa, eləcə də qoydum. Çırağı söndürüb evə qaçdım. Evdə də, Allaha şükür, heç nədən xəbər tutmadılar.
О проекте
О подписке
Другие проекты