Читать книгу «Ovod» онлайн полностью📖 — Этель Лилиан Войнич — MyBook.

Üçüncü fəsil

Artur çox işləsə də, həftədə bir neçə dəfə vaxt tapıb Montanellinin yanına gəlirdi. Onun növbəti gəlişi zamanı Montanelli dedi:

– Mən də səni görmək istəyirdim. Çərşənbə axşamı Romaya getməliyəm.

– Orada çox qalacaqsınız?

– Bilirsən… Mənə yepiskop olmağı təklif edirlər.

– Bəs yeni rektor təyin olunub?

– Bəli, o, sabah gələcək. Artur, əgər işin yoxdursa, bir az burada qal. Romaya gedənə kimi səninlə mümkün qədər çox vaxt keçirmək istəyirəm. Səni qoyub gedəcəyim üçün çox narahatam.

– Narahat olmayın, padre! Bu saat heç bir hadisə gözlənilmir. İndi mən getməliyəm. Saat altıda iclas olacaq. Sabah yenə gələrəm.

– Yaxşı, sağlıqla qal!

Artur inqilabi iclas keçirilən otağa girəndə, ilk olaraq uşaqlıq yoldaşı Cemmanı gördü. Qız qara paltar geyinmiş, başına qara şərf örtmüşdü. Sinəsində “Gənc İtaliya” təşkilatının nişanı var idi.

– Cim, siz də buradasınız? – Artur ona yaxınlaşdı.

Uşaqlıq ləqəbini eşidən Cemma cəld başını qaldırdı:

– Artur! Sizin bu partiyada olduğunuzu bilmirdim!

– Mən də sizə burada rast gələcəyimi gözləmirdim. Siz nə vaxtdan…

– Yox, mən hələ üzv deyiləm. Sadəcə, bir neçə kiçik tapşırığı yerinə yetirə bilmişəm.

Artur sanki qanadlanmışdı. Cemma ilə eyni bir məqsəd uğrunda çalışdığı üçün özünü xoşbəxt hiss edirdi.

Axşam seminariyaya gedəndə Montanelli onu yeni rektorla tanış etdi. Rektor öz otağına getdikdən sonra isə o, Artura tərəf dönüb fikirli-fikirli dilləndi:

– Artur, əgər Romaya getməyimə etirazın varsa… Mən getməkdən imtina edə bilərəm.

– Padre! Bəs yepiskopluq?!

– Ah, Artur! Səndən məhrum olandan sonra yepiskopluğun mənə nə xeyri olacaq?!

– Mən heç nə başa düşmürəm. Padre, aydın deyin görüm, sizi nə narahat edir?

– Mən sənə görə narahatam. Düzünü de: sənin qarşında bir təhlükə var?

– Padre, biz hamımız Allahın hökmündəyik. Hər şey ola bilər. Lakin siz qayıdıb gələnə kimi məni heç bir təhlükə gözləmir.

– Qulaq as, əzizim! Sən “getmə” desən, mən getmərəm. Mənə elə gəlir ki, sənə yaxın olsam, təhlükədən uzaq olarsan.

– Padre, məncə, siz yorğunsunuz. Romaya gedib yaxşı dincəlməlisiniz.

– Yaxşı. Bəlkə də, sən haqlısan. Mən sabah yola düşəcəyəm, – desə də, Montanellinin üzündəki narahatlıq ifadəsi silinməmişdi.

Dördüncü fəsil

Montanelli gedəndən bir neçə gün sonra Artur seminariya kitabxanasına kitab almağa getmişdi. Pilləkəndə ona rast gələn yeni rektor kitabxanadakı kitablarla bağlı kömək istədi. Artur lazım olan izahatları verdikdən sonra getmək istəsə də, rektor onu saxladı:

– Yox, yox! Xahiş edirəm, getməyin. Qalın, axşam yeməyini bir yerdə yeyək.

Söhbət zamanı yeni rektor Artura günahlarını etiraf etmək üçün onun yanına gəlməyi təklif etdikdə oğlan onun təklifini məmnuniyyətlə qəbul etdi. Rektor ona səmimi insan təsiri bağışlamışdı.

Pasxa bayramından əvvəl Artur Cemmadan məktub aldı. Cemma onu evlərinə dəvət edirdi: “Mütləq bizə gəlin, sizi dostum Bolla ilə tanış etmək istəyirəm. O da buradadır, biz hər gün bir yerdə kitab oxuyuruq”.

Bu sözləri oxuyanda Arturun üzü qıpqırmızı qızardı: “Bollanın orada nə işi var? Cemma niyə onunla kitab oxuyur? Keçən iclasda onun Cemmaya vurulduğu aydın görünürdü. İndi də onunla bir yerdədir”.

Elə o dəqiqə Artur bu qısqanclığına görə xəcalət çəkməyə başladı. Cümə axşamı kilsədə yeni rektora günahlarını etiraf edərkən də bu peşmanlığını dilə gətirdi:

– Mən öz yoldaşıma qarşı qısqanclıq hislərinə qapılmaqda, kin bəsləməkdə günahkaram.

– Yoldaşınızın müvəffəqiyyəti və ya təcrübəsi sizə nisbətən çox olduğuna görə ona paxıllıq edirsiniz?

– Bəli, qismən buna görə. Amma bundan başqa… Mən… sevdiyim qızı ona qısqandım.

– Oğlum, elə bil hər şeyi açıb danışmırsınız. Sanki qəlbinizdə daha mühüm bir söz var.

Arturun dili dolaşdı:

– Mən ona görə həmin yoldaşıma paxıllıq elədim ki, mənsub olduğum “Gənc İtaliya” təşkilatı mənə tapşırılmalı olan bir işi ona tapşırdı.

– Bu iş nədən ibarət idi?

– Gəmi ilə gətirilən siyasi kitabları qəbul etmək, onları gizlətmək üçün bir yer tapmaq lazım idi.

– Təşkilat da bu işi sənin rəqibinə tapşırdı?

– Bəli, Bollaya tapşırdı. Odur ki, mən onu qısqanmağa başladım.

Yeni rektor nə isə fikirləşib dedi:

– Oğlum, unutmayın ki, siz çox müqəddəs və böyük bir işlə məşğul olursunuz. Çalışın ki, ruhunuz paxıllıqdan və ehtirasdan azad olsun.

Beşinci fəsil

Artur qapının səsinə yuxudan oyandı. Qapı bərk döyülürdü. O, tələsə-tələsə geyinib qapını açdı. Dəhlizdə ayaq səsləri, metal cingiltisi eşidilirdi. Artur bunun nə demək olduğunu dərhal başa düşsə də, xidmətçidən soruşdu:

– Mənə görə gəliblər?

– Bəli! Bir şey gizlətmək lazımdırsa, mən gizlədərəm…

– Gizlətməli bir şey yoxdur.

O, otaqdan çıxıb jandarmları gözləməyə başladı. Jandarmlar axtarışı qurtardıqdan sonra paltosunu geyinib onlarla birlikdə otaqdan çıxdı. Qardaşıgil dustağı yola salmağa çıxmasa da, xidmətçilər onun başına toplaşmışdılar. Artur doluxsunmuş halda xidmətçilərlə vidalaşıb aşağı endi.

Onu orta əsrlərdən qalmış nəhəng bir qalaya saldılar. Həbsxana həyatı Artura çox ağır görünməsə də, rütubət və qaranlıq ona pis təsir edirdi. Həbsxanada yemək də pis idi. Artur bütün vaxtını dua edərək keçirir, səbirlə gözləyirdi. Nəhayət, bir gün onu polkovnikin yanına apardılar və ilk sorğu-sual başladı:

– Artur Berton, “Gənc İtaliya” haqqında nə bilirsiniz?

– Bilirəm ki, bu, siyasi təşkilatdır. Xalqı üsyana qaldırıb, Avstriya ordusunu ölkədən qovmaq istəyir.

– Evinizdən tapılan qəzetləri haradan almısınız?

– Bunu deyə bilmərəm.

– Əlimizdə sizin “Gənc İtaliya” ilə yaxın əlaqəyə malik olmağınız haqqında sənədlər var. Əgər hər şeyi özünüz açıb danışsanız, sizin üçün yaxşı olar!

Bu cansıxıcı sual-cavab get-gedə Arturun zəhləsini tökür, onu əsəbiləşdirirdi. Bir tərəfdən də, Cemmanın və başqa yoldaşlarının taleyi onu çox narahat edirdi. Birdən polkovnik belə bir sual verdi:

– Covanni Bolla ilə son dəfə nə vaxt görüşmüsünüz?

– Belə bir ad mənə tanış deyil.

– Necə? O ki sizin universitet yoldaşınızdır.

– Mən universitet tələbələrinin hamısı ilə tanış deyiləm.

– Bollanı tanımalısınız. Baxın: bu, onun xəttidir. Görürsünüz ki, o, sizi yaxşı tanıyır.

Polkovnik bunu deyib ona bir kağız uzatdı. Kağızın yuxarısında “Protokol” sözü yazılmışdı, aşağısında isə Bollanın imzası var idi. Artur oxumağa başladı. Anladı ki, Bolla həbs edilib. Protokol sual-cavabdan ibarət idi, içində Bollanın təşkilatla əlaqəsi, iclaslar haqqında məlumatlar əks olunmuş və sonda bu sözlər yazılmışdı: “Təşkilatın üzvləri arasında Artur Berton adlı gənc bir ingilis də vardı”.

Artur qıpqırmızı qızardı. Bolla onu ələ vermişdi! Lakin birdən məsələni başa düşdü:

– Bu yalandır! Siz saxta bir kağız hazırlamısınız! Bunu sizin üzünüzdən görürəm. Siz alçaqsınız! Məni tələyə salmaq istəyirsiniz! Siz yalançısınız!

Polkovnik qeyzlə ayağa qalxıb yanındakı zabitlərdən birinə dedi:

– Əmr edin, bu cavan oğlanın dərsini versinlər. Onun ağlını başına gətirmək lazımdır.

Arturu siçovul yuvasını xatırladan bir yerə saldılar. Bütün günü zil qaranlıq, dərin sükut içində keçirdi. Ertəsi gün kimsə qapının qıfılına açar saldı. Ürkmüş siçovullar onun ayaqları yanından sivişib qaçdılar. Artur dəhşət içində ayağa qalxdı. Onun ürəyi bərk-bərk döyünür, qulaqları uğuldayırdı.

Qapı açıldı, zəif fənər işığı Arturun gözlərini qamaşdırdı. Nəzarətçi gətirdiyi bir parça çörəyi və suyu onun əlinə verib çıxdı. Qapı yenidən örtüldü.

Üçüncü gün axşam nəzarətçi yenidən gəldi və Arturu bayıra çağırdı. Dustaq sərxoş kimi büdrəyə-büdrəyə nəzarətçinin ardınca getdi. Hara aparıldığını təsəvvür etməyə macal tapmamış polkovnikin otağında olduğunu gördü.

– Hə, Berton, sizsiniz? İndi yəqin, söhbətimizi davam etdirə bilərik. Əmin ola bilərsiniz ki, özünüzü yaxşı aparsanız, sizinlə ciddi rəftar etməyəcəyik.

– Məndən nə istəyirsiniz?

– Mənə ancaq təşkilat və onun üzvləri haqqında bildiyiniz şeyləri açıb söyləməyiniz lazımdır. Amma ilk növbədə deyin görüm: Bollanı çoxdan tanıyırsınız?

– Dediyiniz adamı tanımıram…

– Bəs bu məktub yadınızdadır?

Artur ona verilən məktubu tanıdı: bu məktubu payızda bir tələbə yoldaşına yazmışdı.

Artur inkar etdi, amma səsi onun get-gedə əsəbiləşdiyini büruzə verirdi. Aclıq, pis hava, yuxusuz gecələr onu əldən salmışdı.

– Berton, unutmayın ki, siz lazım olan kimi davranmasanız, mən çox ciddi tədbir görməli olacağam.

– Necə istəyirsiniz, elə də edin.

Tutulduğu gündən hələ bir ay keçməsə də, Arturla polkovnik arasında əməlli-başlı ədavət yaranmışdı. Bu gərgin mübarizənin uzanması Arturun əsəblərini əməlli-başlı korlayırdı. Nəhayət, bir gün nəzarətçi içəri girib onun pal-paltarını yığışdırmağa başladı.

– Mənim əşyalarımı niyə götürürsünüz?

– Sizi buraxırlar.

– O birilərini də buraxırlar?

Sualının cavabında nifrət dolu bir mızıltı eşitdi:

– Yoxsa Bollanı nəzərdə tutursunuz?

– Bollanı da, o birilərini də.

– İndi ki yoldaşı onu ələ verib, yəqin, Bollanı hələ buraxmazlar… Belə də alçaqlıq olar?

– Yoldaşı ələ verib? Bu, nə deməkdir? Hə… Məsələ aydındır. Bollaya deyiblər ki, onu mən ələ vermişəm. Bilirsiniz, mənə də demişdilər ki, məni Bolla ələ verib. Axı Bolla elə axmaq deyil ki, buna inansın.

– Deməli, bu, yalandır? Sizin sözünüzü Bollaya çatdıracağam. Bilirsiniz, bir də onu deyiblər ki, siz onu qısqanclıq üstündə ələ vermisiniz… Guya ikiniz də bir qızı sevirmişsiniz.

Arturu dəhşət bürüdü:

– Bir qız?! Qısqanclıq?! Bunu haradan biliblər? Haradan biliblər bunu?

– Dayanın! Mən sizə inanıram. Amma, bəlkə, günahlarınızı etiraf edəndə nə isə demisiniz?

– Bu, yalandır! – Artur boğula-boğula qışqırdı.

– Əlbəttə, siz daha yaxşı bilərsiniz. Ancaq tələyə düşən tək siz deyilsiniz. İndi casusluq edən bir keşişdən çox danışılır. Sizin dostlarınız onu ifşa ediblər.

Artur həbsxanadan çıxıb daş pillələrlə küçəyə qalxanda sadə yun paltar geyinmiş, həsir şlyapalı bir qız qollarını açaraq ona sarı yüyürürdü:

– Artur, mən xoşbəxtəm, çox xoşbəxtəm!

– Cim! Cim!

– Qulaq asın, əzizim! O anlaşılmazlığa görə narahat olmayın. Hamı başa düşür ki…

– Hansı anlaşılmazlıq?

– Bollanın məktubunu deyirəm. O yazır ki, siz onu ələ vermisiniz. Lakin sizi tanıyanlar bunun cəfəngiyat olduğunu başa düşür.

– Cemma! Bu… həqiqətdir!

Cemma yavaş-yavaş geri çəkildi. Onun iri qara gözlərinə dəhşət çökdü. Üzü boynuna sarıdığı şərf kimi ağappaq ağardı.

– Bəli. Onun adını mən dedim. İlahi! – Artur pıçıldadı. Birdən Cemmanın yanında olduğunu dərk etdi:

– Cemma, məni düz başa düşmədiniz!

Artur qıza yaxınlaşanda Cemma çığıraraq geri çəkildi:

– Mənə toxunmayın!

– Siz Allah, qulaq asın! Mənim günahım yoxdur… mən… – Artur onun əlindən tutaraq həyəcanla dedi.

– Rədd olun! Buraxın əlimi! Rədd olun!

Cemma əlini Arturun əlindən çəkib oğlanın üzünə bir şillə vurdu. Arturun gözlərinə duman çökdü. Bir anlığa Cemmanın rəngi qaçmış üzündən, əllərindən başqa heç nə görmədi. Sonra duman dağıldı… Ətrafına baxıb tək olduğunu gördü.