Читать книгу «Hekayələr» онлайн полностью📖 — Эрнеста Сетона-Томпсона — MyBook.
image
cover

Amma bu, Coya azlıq edirdi. O, ayğıra yiyələnmək arzusu ilə alışıb-yanırdı, indi bu atın bütün məziyyətlərini görəndən sonra o nəsə təzə bir plan qurmağa çalışırdı.

4

Bu səfərdə aşpaz Bets idi – kimsənin ona yollamadığı məktub və pul dalınca müntəzəm olaraq gəldiyi poçt şöbəsində özünü təqdim etdiyi kimi desək, mister Tomas Bets. Kovboylar ona Hindquşu İzli Tom deyirdilər, çünki damğasında hindquşu izi çəkilmişdi. Bets hamını inandırmağa çalışırdı ki, şimaldakı nəhayətsiz düzənliklərdə otlayan saysız-hesabsız mal-qara sürüləri, at ilxıları yanbızlarında onun damğasını daşıyırlar.

Betsə bu ekspedisiyada şəriklik təklif edəndə o, kinayə ilə söyləmişdi ki, indi atların bir düjününə on iki dollar verirlər. Həqiqətən də, həmin il atın qiyməti yaman düşmüşdü deyə o, az da olsa, bəlli bir maaş almağa üstünlük vermişdi.

Lakin bu yorğa ayğırı bircə dəfə görmüş hər hansı bir şəxs ona biganə qala bilməzdi. Elə Hindquşu İzinin də başına bu gəldi. İndi artıq o özü də mustanqa yiyələnmək istəyirdi, amma bilmirdi ki, bunu necə etsin. Lakin bir dəfə damğası at nalı şəklində olduğundan daha çox Nal Bill ləqəbiylə tanınan Bill Smit adlı birisi ilə rastlaşdı. Çörəklə ət yeyərək üstündən də keyfiyyətsiz qəhvə içərkən Nal Bill dedi:

– Mən bu gün həmin yorğanı görmüşəm, özü də elə yaxından görmüşəm ki, istəsəm, lap quyruğunu da hörə bilərdim!

– Bəs atəş açmadın?

– Az qalmışdı açım.

– Sarsaq! – deyə masanın o biri başında oturmuş “iki H” damğasının sahibi olan çoban söhbətə müdaxilə etdi. – Mən elə fikirləşirəm ki, təzə ay çıxanadək o ayğır mənim damğamı daşıyacaq.

– Bir qədər tələsməli olacaqsan, yoxsa bu dəfə onu görəndə yanbızında nöqtəli üçbucaq tapacaqsan.

– Bəs harada gördün onu?

– Belə oldu da. Antilop bulağının yanındakı çöllüklə gedirdim, birdən gördüm ki, qamışlıqda nəsə uzanıb. Fikirləşdim ki, yəqin, bizim sürüdən olan inəkdir, amma yaxınlaşanda yerə sərilmiş bir at gördüm. Külək üzü mənə əsirdi deyə lap yaxınına gedə bildim. Nə görsəm yaxşıdır? Həmin yorğa idi, özü də elə bil ölmüşdü! Amma bədənində leşə xas şişkinlik-zad gözə dəymirdi, heç yaralı da deyildi. Burnum irin, qan qoxusu hiss eləmədi. Bilmirdim ki nə düşünəm, birdən heyvan milçək qonmuş qulağının birini tərpətdi. Burada anladım ki, ölməyib, yatıb. Onda kəndirimi götürüb əlimə doladım, amma fikir verdim ki, bəzi yerlərdən yaman sürtülüb. Onda tapqırım da bir dənə idi və mən fikirləşdim ki, mənim atımın çəkisi yeddi yüz funta yaxın olar, ayğır isə, azı, min iki yüz gələrdi. Ona görə də öz-özümə dedim: “Sınamağa dəyməz, kovboy! Tapqırı qırarsan, yıxılıb yəhərini də itirərsən”. Yəhərin qaşına qamçının dəstəyi ilə bir dənə ilişdirdim – və… kaş mustanqı görəydiniz! O, yerdən, azı, altı fut hündürlüyə sıçradı, parovoz kimi fınxıra-fınxıra qaçıb getdi. Gözləri az qalırdı hədəqəsindən çıxa və bu minvalla lap Kaliforniyaya kimi qaça bilərdi. Əgər sürətini azaltmayıbsa, indi, yəqin, oradadır. Amma and içirəm ki, bircə dəfə də olsun yenə yorğasına haram qatmadı!

Billi söhbətinə arabir söyüş-zad da qatırdı. Eyni zamanda durmadan yeyir, içirdi, çünki özü də çox sağlam adam idi. Ona hamı inandı, çünki etibarlı bir oğlan kimi bu yerlərdə ad çıxarmışdı. Oradakı adamlardan yalnız qoca Hindquşu İzi dillənmədi, lakin söhbətə hamıdan çox diqqət verdi, çünki beynində tamam təzə bir plan yaranırdı.

Nahardan sonra qəlyanını çəkə-çəkə həmin plan üzərində əməlli-başlı fikirləşdi, amma bu işin öhdəsindən təkbaşına gələ bilməyəcəyini dərk etdiyindən sirrini Nal Billə açdı. Beləliklə, yorğa ayğırı tutmaq, daha doğrusu, vəd edilmiş min dollar mükafatı qazanmaq üçün yeni birlik yarandı.

Antilop bulağı mustanqın hələ də su dalınca gəldiyi yer olaraq qalırdı. Suyun səviyyəsi düşmüşdü və qumotu kolları ilə su hövzəsinin arasında artıq qurumuş qara lildən ibarət enli bir zolaq vardı. Bu zolağı bura su içməyə gələn heyvanların saldığı iki cığır kəsirdi. Atlar və vəhşi heyvanlar, adətən, həmin cığırlarla gedirdilər, iribuynuzlu mal-qara isə birbaşa qumotunun içindən keçirdi.

İki yoldaş bu cığırlardan birini seçib onun düz üstündə bellə uzunluğu on beş, eni altı və dərinliyi yeddi fut olan xəndək qazdı. Bunun üçün iyirmi dörd saat dincəlmək bilmədən işləyəsi oldular, çünki hər şeyi mustanq su dalınca gələnə kimi bitirmək lazım idi. Ağır iş idi. Xəndək qazılandan sonra üstünə şüvüllər düzdülər, çırpı, torpaq tökdülər ki, görmək mümkün olmasın. Bu işlərini bitirəndən sonra özləri üçün bir az aralıda qabaqcadan hazırladıqları xəndəklərdə gizləndilər.

Günortaya yaxın yorğa suya gəldi. O artıq tək idi, çünki bütün ilxısını əsir götürmüşdülər. Bulağın əks tərəfində ikinci cığır vardı, amma izlərdən nəticə çıxarsaq, atlar bu cığırdan çox nadir hallarda istifadə edirdilər. Amma qoca Tom ehtiyat üçün onun üstünə qamış qırıb tökmüşdü ki, at mütləq xəndək qazılan cığırdan istifadə etsin.

Vəhşi heyvanların təhlükəsizliyini hansı dahi zəka qoruyur, görəsən? Yorğa xəndəkdən yox, qamışlıqdan keçdi. Sakitcə suya yaxınlaşıb içməyə başladı.

Ovçuların bir üsulu da qalmışdı. Yorğa ikinci udum suyu almaq üçün başını aşağı salanda Betslə Smit çalalarından çıxaraq mustanqın arxasına keçib revolverdən torpağa atəş açdılar.

Mustanq özünün məşhur yorğası ilə birbaş onun üçün qurulmuş tələnin üstünə yeridi. Bircə saniyədən sonra o, mütləq xəndəyə düşəcəkdi! Budur, o artıq həmin cığırdadır… Ovçular artıq heyvanın ələ keçdiyini güman edirlər. Tezliklə ayğır onların əlinə keçəcək.

Lakin ağlasığmaz bir şey baş verdi. Mustanq bir əzəmətli sıçrayışla xəndəyin üstündən atıldı, torpağı dırnaqları ilə eşib uzaqda gözdən itdi. O, bir də Antilop bulağına dönməmək üçün qaçıb getdi.

5

Vəhşi Co uzaqgörən adam idi. O, başqalarının da bunu etmək istədiyindən xəbər tutanda mustanqı nəyin bahasına olursa olsun ələ keçirmək qərarına gəldi və yeni planın icrasına başladı. Bu dəfə çaqqalın ayaqları iti dovşanı, hindunun isə antilopu tutmaq üçün istifadə etdiyi üsulu işə salmaq fikrinə düşdü. Bu qədim üsul “dəyişmə” adlanır.

Yorğa mustanqın dolaşdığı ərazi altmış kvadratmil sahəsi olan üçbucaq təşkil edir, cənubdan və şimaldan çaylar, qərbdən isə dağlarla məhdudlaşırdı. Belə güman edilirdi ki, mustanq bu ərazidən heç vaxt çıxmır, Antilop bulağı isə onun daimi məskənidir.

Co bu yerləri əla tanıyırdı. Bütün bulaqlarına, bütün dərələrinə bələd idi.

Əgər əlli dənə yaxşı atı olsaydı, onları elə bölərdi ki, bütün mühüm məntəqələr əhatə olunardı. Lakin o yalnız iyirmi yaxşı at və elə o qədər də yaxşı süvari yığa bilərdi. Bundan artığına ümid etməyə dəyməzdi.

Atları ova iki həftə qalmışdan yulafla yemlədilər. Sonra onları yola saldılar və hər süvariyə də nə etməli olduğu barədə müfəssəl göstərişlər verdilər. Onlar təqibə bir sutka qalmış artıq yerlərində idilər.

Təyin olunmuş gün Co furqonla Antilop bulağına yollandı və kənardakı kiçik dərədə yerləşib hadisələrin inkişafını gözləməyə başladı.

Nəhayət ki, kömür kimi qara ayğır gəlib çıxdı. O, cənub tərəfdəki qumsal təpələrin o üzündən tənha gəlib sakitcə bulağa endi. Əvvəlcə bulağın ətrafına dolaşdı, burada düşmən gizlənib-gizlənmədiyini bilmək üçün havanı iylədi. Sonra suya cığır olmayan səmtdən yaxınlaşıb içməyə başladı.

Co ona baxır və istəyirdi ki, çoxlu, lap bir çəllək su içsin. Mustanq ot qırpmaq üçün yan tərəfə çevriləndə Co atını mahmızladı. Ayğır nal səslərini eşidib süvarini görən kimi qaçmağa başladı.

At özünün məşhur ləngərli yorğasıyla düz cənuba istiqamət götürdü. Onunla təqibçilər arasındakı məsafə durmadan artırdı. Qumsal təpələrə çatıb addımlarına haram qatmadan yoluna davam etdi. Conun yorulmuş atı addımbaşı quma batır, getdikcə daha da geri qalırdı.

Buradan o üzə düzənlik idi, Conun atı itirdiyi məsafəni bir qədər azalda bilərdi, amma sonra uzun eniş başlanırdı deyə at tam sürətlə qaçmağa ürək eləmirdi və yenə geriləməyə başladı.

Lakin Co yorğanı təqib etməkdə idi, nə qamçısına, nə də mahmızlarına qızırğalanırdı. Bir mil… ikincisi… üçüncüsü… və budur, artıq uzaqdan Arridanın qayaları görünürdü.

Orada Conu təzə atlar gözləyirdi və o, yeni qüvvə ilə təqibi davam etdirdi. Lakin gecənin zülməti kimi qara yalını havada oynadan heyvan ondan get-gedə daha çox aralanırdı.

Nəhayət ki, budur, Arrida dərəsi yetişdi. Orada pusquda durmuş kovboy gizləndi və mustanq ötüb-keçdi; o, əvvəlcə yel kimi enişaşağı, sonra üzüyoxuşa özünün yorğa yerişiylə yüyürdü.

Co təzə atın yəhərinə qalxıb irəli cumdu. Atı təkrar-təkrar mahmızlayaraq elə hey çapır, çapırdı, amma aralarındakı məsafə bir addım da azalmaq bilmirdi ki, bilmirdi.

«Qa-lump, qa-lump, qa-lump…» – yorğa dırnaqlarını yerə müntəzəm ahənglə döyür, addımlarını yavaşıtmırdı. Bir saat keçdi, sonra biri də, biri də – və artıq yaxınlıqda Alamozo Arroyo göründü; orada Conu əvəzləyici gözləyirdi. O, atının üstünə qışqırır, hər vəchlə daha bərk çapmağa məcbur edirdi. Qara ayğır düz lazım olan yerə gedirdi, amma ona iki mil qalmış sanki qəribə bir duyğuya tabe olaraq sola döndü. Mustanqın aradan çıxdığını hiss edən Co əldən düşmüş atını var gücü ilə çapıb ayğırı nəyin bahasına olursa olsun qabaqlamaq istəyirdi. Bu, həddindən artıq çətin təqib idi. Conun nəfəsi kəsilirdi. Hər sıçrayışda yəhərin dərisi cırıldayırdı. Kəsə yolla çapan Co, deyəsən, yorğa ayğırı haqlamaq üzrəydi. Onda tüfəngini qapıb dalbadal atəş açmağa, toz-duman qaldırmağa başladı və nəhayət ki, yorğanı sağ tərəfə, əvəzləyicinin gözlədiyi yerə dönməyə məcbur etdi.

Budur, onlar çaya tərəf endilər. Mustanq irəli getdi, Co isə yerə tullandı. Onun atı otuz mil çapandan sonra tamam gücdən düşmüşdü, elə özü də çox yaxşı deyildi. Gözləri tozdan qıpqırmızı idi və o, demək olar ki, heç nə görmədən Toma əl elədi və o da Alamozonu keçib təqibi davam etdirdi.

Təzə atlı yaxşı dincəlmiş möhkəm atda düzənliklə irəli-geri çapmağa başladı, qara ayğır isə ondan irəlidə gedirdi. Onun sağrıları ağappaq köpüklə örtülmüşdü, səs-küylü nəfəsi və sürətlə qalxıb-enən böyürləri isə vəziyyətinin o qədər də ürəkaçan olmadığına dəlalət edirdi. Amma yenə də qaçmağında idi…

Əvvəlcə Tom elə bil ki məsafəni qabaqlamağa başladı, sonra isə geri qaldı. Amma bu yerdə onu başqa ata minmiş süvari əvəz etdi. Təqib qərbə tərəf yönəldi, marmotlar yaşayan yerlərdən ötüb sabunotu və atların ayağını tikanları ilə dağım-dağım edən kaktuslar bitən ərazidə davam etdi.

Qara ayğır tozdan və tərdən kəhərə döndü, amma yorğasına haram qatmadı. Cavan kovboy öz atını yarğandan sıçramağa məcbur elədi, amma alınmadı və hər ikisi – süvari də, at da aşağı yumalandı… Oğlan salamat qurtardı, at isə tələf oldu. Onun leşi indi də həmin yarğanda qalıb. Vəhşi qara ayğır isə yel kimi uçmağında idi…

Qoca Qalleqonun rançosu tərəfdə artıq dincəlməyə macal tapmış Co təqibi davam etdirdi və heç yarım saat keçmədi ki, artıq ayğırın izində idi.

Uzaqda, qərb tərəfdə Karlos dağları görünürdü. Orada onun yolunu köməkçiləri gözləyirdi – təzə atlar, təzə adamlar. Bunu bilən yorulmaz süvari təqibi qərbə tərəf çevirməyə çalışdı. Lakin yorğa özünün qəfil fantaziyasına, bəlkə də, daxili hissiyyatına uyub şimala çöndü. Onun yorulmaz, bacarıqlı təqibçisi qışqıraraq, atını mahmızlayaraq, gülləylə toz qopararaq dalınca qarabaqara düşmüşdü.

Qara meteor təpənin döşüylə üzüaşağı üz qoydu və Conun onun dalınca düşməkdən başqa çarəsi qalmadı.

Bu yerdə təqibin ən çətin, ən yorucu qismi başlandı. Mustanqa qarşı son dərəcə qəddar olan Co özünə, atına münasibətdə daha qansız idi. Günəş şüaları aman vermədən yandırır, qızmış çöl dəhşətli istidən sanki dumana bürünürdü; Conun gözləri yanırdı, dodaqları isə duzlu tozdan çat-çat olmuşdu. Təqib isə elə hey davam edirdi. Uğur qazanmaq üçün yeganə şans mustanqı geriyə – Alamozo Arroyo çayı üzərindəki böyük keçidə sarı qovmaq idi.

Təqibi başlayandan bəri ilk dəfə idi ki, Co qara ayğırda yorğunluq əlamətləri görürdü. Onun quyruğu və yalı küləkdə qabaqkı kimi yellənmirdi və heyvanı Codan ayıran yarım millik məsafə iki dəfə qısalmışdı. Lakin yenə də irəlidə idi, qaçır, qaçırdı – yorğasına haram qatmadan qaçırdı…

Bir saat, iki saat keçdi, ayğır qaçmağında idi. Lakin onlar artıq düz xətdən çıxmışdılar. Axşam, düz iyirmi mil çapandan sonra Alamozo Arroyodakı böyük keçidə yaxınlaşdılar. Co geri qalmırdı. Keçiddə yolunu gözləyən təzə atın belinə qalxıb təqibə davam etdi.

Buraxdığı at nəfəsi kəsilə-kəsilə suya cumdu və huşunu itirənə kimi içdi.

Co qara ayğırın da su içəcəyinə ümid edib bir qədər ayaq saxladı. Amma belə olmadı! O yalnız bir qurtum alıb suyu şappıldada-şappıldada o taya keçdi. Co da qarabaqara dalınca düşdü. Yoldaşlarının gördüyü sonuncu şey dəli bir yürüş oldu: irəlidə yaydan çıxmış ox kimi əlçatmaz olan qara ayğır, dalınca isə Co çapırdı…

Artıq səhər Co düşərgəyə piyada döndü. Bunun tarixçəsi lap qısa idi: nəticədə səkkiz at qovulmaqdan canını tapşırmış, beş nəfər tamam əldən düşmüşdü, qeyri-adi yorğa mustanq isə əvvəlki kimi sağ-salamat azadlıqda gəzib-dolaşırdı.

– Nə edəsən! Ona çatmaq mümkün deyil və mən təəssüf edirəm ki, imkanım olanda o lənətə gəlmişin dərisini deşik-deşik etmədim! – deyə Co dillənərək bu təqibi davam etdirməkdən, yorğanı tutmaq cəhdlərindən vaz keçdi.

6

Sonuncu ekspedisiyada aşpaz yenə də qoca Hindquşu İzi idi. O da başqaları kimi təqibi maraqla izləyirdi və Co uğursuzluğa düçar olanda o yalnız qazana baxa-baxa kinayə ilə qımışıb burnunun altında mızıldandı:

– Əgər o mustanq mənim olmasa, qoy lənətə gəlim!

Daimi təqibdən yorğa ayğır bir az da vəhşiləşmişdi. Amma yenə də daim Antilop bulağına qayıdırdı. Bu, su içmək üçün hər tərəfdən tam açıq olan yeganə yer idi, ətrafında düz bir mil məsafədə düşmən gizlənə biləcək bir yer yox idi. Mustanq hər gün günortaya yaxın bura gəlir və ətrafa diqqətlə göz gəzdirəndən sonra bulağa yaxınlaşırdı.

İlxısından məhrum olandan sonra bütün qışı tənha yaşadı. Qoca Hindquşu İzi bunu yaxşı bildiyindən öz planlarını da ona uyğun qururdu. Tanışlarından birinin qiyamət kəhər madyanı vardı. Qoca aşpaz özü ilə möhkəm at cidarı, bel, ehtiyat kəmənd və qalın bir tir götürüb həmin madyanı da yəhərləyib bulağa tərəf getdi.

Bir neçə antilop çöldə çapırdı; inəklər otun üstündə uzanmışdı; torağay nəğməsi səslənirdi. Aydın, qarsız qış bu yerlərdən artıq çəkilmişdi və yaz tələskən, iri addımlarla yaxınlaşırdı.

Tom balaca kəhər madyanı bağladı ki, ot qırpmasına imkan versin, heyvan isə durmadan başını qaldırır, ara vermədən, uzun-uzadı kişnəyirdi.

Qoca Hindquşu İzi küləyin səmtini və yerin relyefini diqqətlə araşdırmağa başladı. Bax onun qazmağa kömək etdiyi xəndək hələ durur. İndi o, tamam açıq idi, içinə ölü marmot, siçan leşləri üzən su dolmuşdu. Su içməyə gələn heyvanlar özlərinə təzə cığır salmışdılar.

Yamyaşıl talada qumotu basmış təpəcik seçib dirəyin bir ucunu yerə yaxşıca basdırdı, sonra içində gizlənmək mümkün olan qədər böyük çala qazdı və yorğanını içinə sərdi.

Balaca kəhər madyanın cidarını o qədər qısaltdı ki, hərəkəti tam məhdudlaşsın, kəməndi yerə sərdi, uzun ucunu dirəyə bağlayıb üstünə torpaq, ot tökdü. Bu işlərini bitirəndən sonra yuvasına girdi.

Bir xeyli gözləyəndən sonra günorta bayaqdan çağırış dolu kişnərtisiylə ətrafa səs salan kəhər madyan, nəhayət ki, cavab aldı. Qərbdəki yüksək təpələrdən eynən onun kişnərtisini xatırladan bir səs gəldi və məşhur mustanqın səmanın fonunda qaralan silueti göründü.

O özünün nizamlı yorğasıyla yaxınlaşırdı, amma tez-tez ayaq saxlayıb şübhəli nəzərlərlə ətrafa göz gəzdirir, səsini çıxarırdı. Madyanın kişnərtisi, görünür, onun qəlbində əks-səda verirdi. O, bir qədər də yaxına gəldi, yenə kişnədi, lakin qəflətən həyəcana gəlib madyanın ətrafında böyük çevrələrlə qaçmağa başladı – yəqin, yaxınlıqda düşmən olub-olmadığını aydınlaşdırmaq istəyirdi. Lakin bu yerdə kəhər madyan təzədən kişnədi. Mustanq daha bir dövrə vurub ona yaxınlaşdı və kişnədi. Madyanın cavabı, görünür, bütün qorxuları susdurdu və ayğırın qəlbi alışdı.

O, kəhər madyan Solliyə oynaya-oynaya yaxınlaşırdı, axırda burun-buruna gəldilər.

Ayaqlarını bir-bir ataraq Sollinin ətrafında oynayırdı və birdən arxa ayağını xain halqanın içinə basdı. Tom kəndiri cəld dartdı, halqa daraldı və mustanqın dal ayağı ilişib qaldı.

Qorxu atın gücünü ikiqat artırdı. O geri sıçradı, amma kəndir onu buraxmadı, at çarəsiz, məğlub görkəmlə yerə yıxıldı.

Qoca Tomun balaca, donqar silueti çaladan çıxdı. O, təbiətin gözəl məxluqunu məğlub etmişdi. Atın yenilməz gücü bəstəboy, zəif qocanın ağlı qarşısında yenmişdi. Mustanq fınxırdı və azad olmağa çalışaraq barışmaz bir mübarizəyə girişdi, amma hər şey əbəs idi: kəndir onu möhkəm tutmuşdu.

Tom cəld atın qabaq ayaqlarına dolaşan ikinci kəməndi də atdı. Sonra usta bir hərəkətlə bütün ayaqlarını bir yerdə sarıdı. Qəzəblənmiş heyvan bircə dəqiqədən sonra axta donuz kimi kəndirə sarılıb çarəsiz halda yerdə uzanmışdı.

Bədbəxt heyvan uzun müddət, tamam əldən düşənə kimi çapaladı. Bütün bədəni hıçqırıqlardan əsim-əsim əsir, gözlərinin yaşı sifətindən axırdı.

Tom dayanıb baxırdı və qoca çobanın qəlbində qəribə şeylər baş verirdi. Başdan-ayağa kimi titrəyirdi; ilk dəfə kəmənd atıb özünün birinci buğasını tutandan bəri başına belə bir şey gəlməmişdi və indi bir neçə dəqiqə yerindən tərpənə bilmədi, yalnız durub öz gözəl əsirinə tamaşa etdi.

Lakin içindəki bu hislər tezliklə dağılıb çəkildi. Tom mənhus rolunu yaxşı oynamış madyanını yəhərlədi və təzə kəndiri götürüb mustanqın başına keçirdi. O, madyanı ayğırın yanına çəkdi. Mustanqın daha əlindən qaça bilməyəcəyinə tam əmin oldu. Tom kəndirləri açmaq istəyirdi, amma bu yerdə ağlına gözlənilməz bir fikir gəldi. O, bir mühüm məsələni büsbütün unutmuşdu və özü ilə bütün gərəkli əşyaları götürməmişdən işə girişmişdi.

Qərbin qanunlarına əsasən, vəhşi mustanq ona ilk damğanı basan şəxsin malına çevrilir. Amma yorğanın özünə məxsus olduğunu sübut etmək üçün bunu indi necə edə bilərdi, əgər iyirmi millik ərazidə mal-qara damğalamaq üçün bir dənə də cihaz tapmaq mümkün deyilsə?

Lakin qoca Tom fəndgir idi. Öz madyanına yaxınlaşıb növbə ilə bütün dırnaqlarına, nallarına baxdı. Həqiqətən də, nalların biri yerində möhkəm deyildi, bir az laxlayırdı. Tom nalı tərpətməyə başladı, onu dırnaqdan ayırmaq istəyirdi, axırda elə ayırdı da.

Tonqal üçün yanacaq tapmaq bu çöllükdə çətin deyildi. Çırpı, quru ot bəs deyincə vardı, elə buna görə də ocağı tez bir zamanda qalamaq asan iş idi. Tom nalı götürdü, bir ucundan corabı ilə yapışıb digər ucunu alovda közərtdi. Bunu edəndən sonra onu köməksiz mustanqın sol çiyninə yapışdırdı və heyvanın dərisində Hindquşu İzinin kobud damğasının izi qaldı; ilk dəfə idi ki, bu damğa təyinatı üzrə istifadə olunurdu.

Közərmiş metal bədəninə toxunanda mustanq diksindi. Amma iş artıq bitmişdi və qürurlu, azad yorğa adi ev atları kimi damğalanmışdı.

İndi yalnız onu evə aparmaq qalırdı. Tom kəndirləri boşaltdı. Bunu hiss edən mustanq elə bildi ki, artıq azaddır: ayağa qalxıb sıçradı, amma elə o dəqiqə də təzədən yıxıldı. Onun qabaq ayaqları bir-birinə möhkəm bağlı idi və o yalnız tullana-tullana gedə bilərdi. Qaçmağa cəhd edən kimi bağlı ayaqları mane olur və o yıxılırdı. Tom özünün yüngülayaq madyanında mustanqı arxasınca aparmağa çalışırdı. Atı dartır, üstünə qışqırır, yeriməyə məcbur edirdi, lakin şıltaq, qəzəbli və bütün bədəni köpük içində olan əsiri tabe olmaq istəmirdi. O, dəli kimi kişnəyir, qəzəblə fınxırır, çırpınaraq azad olmağa çalışırdı.

Bu çox uzun, qəddar bir qarşıdurma idi. Mustanqın parlaq böyürləri köpüklə qanın qarışığından islanmışdı. O, dəfələrlə yıxıldı. Uzun günlərin təqibindən artıq əldən düşmüşdü, halsız idi. Gah bu, gah da o tərəfə sıçrayırdı, lakin bu sıçrayışlar getdikcə daha zəif olur, burun pərələrindən çıxan köpük qana boyanırdı. Qəddar, amiranə, soyuqqanlı qalib isə onu elə hey teyləyir, irəliləməyə məcbur edirdi.

Hər addım uğrunda mübarizə apara-apara artıq yamacdan dərəyə tərəf enmişdilər və uçurumdan keçirən yeganə cığırın başlanğıcında idilər. Buralar yorğa mustanqın keçmiş ərazilərinin şimal sərhədi idi. Buradan ranço da, onun çəpərləri də görünürdü. Tom sevinc içindəydi, lakin mustanq azadlığını qaytarmaq uğrunda sonuncu çarəsiz cəhdi üçün güc yığdı. İplərini qırıb arxasında vıyıldayan kəndirlərə, onun dəli qaçışını dayandırmaq üçün açılan atəşlərə baxmayaraq, üzüyamaca, getdikcə daha yüksəklərə qaçdı.

Mustanq lap zirvəyə üz tutmuşdu və sonda sıldırımın lap kənarına qalxdı. Oradan isə aşağı, düz uçuruma sıçradı, iki yüz fut yüksəklikdən qoparaq aşağı, lap aşağı uçdu… və nəhayət, daşlara, qayalara çırpıldı. Elə orada da qaldı. Cansız, amma… azad.