Читать книгу «Artemis Faul» онлайн полностью📖 — Eoin Colfer — MyBook.
cover

Artemis eynəyi düzəltdi. Ətrafda hər şey yaşıl rəng aldı. Dərindən ah çəkdi və baxışlarını titrəyən kölgələr zülmətinə zillədi. Boş düyü arağı şüşələri ilə əhatələnmş, rafiyadan hörülmüş xalının üzərində hansısa anlaşılmaz varlıq çömbəlib oturmuşdu və həyəcanla tərpənirdi. Artemis gecə gözlüyünü nizamlayıb bir az da diqqətlə baxdı. Varlıqun kiçik, qeyri-adi dərəcədə kiçik, sadəcə cırtdan ölçülü olduğu məlum oldu. Başını çirkli şalın içərisinə salmışdı, bayıra yalnız əl, həm də yaşıl rəngli əl çıxmışdı. Amma digər tərəfdən, gecə görməsi üçün olan gözlükdə hər şey yaşıl görünür axı.

– Madam, – Artemis dedi, – mənim sizə bir təklifim var.

Varlıq yuxulu halda başını titrətdi.

– Araq, – sanki mismarla stəkanı cızan zaman çıxan səs kimi qıcırdayan səslə xırıldadı. – Araq ver, ey ingilis.

Artemis gülümsündü. Aha, dilbilmə bacarıqları, işığa qarşı dözülməz nifrət. Uyğundur, uyğun gəlir…

– Daha doğrusu, irlandiyalı, – o düzəliş verdi. –Mənim təklifimə nə deyirsiniz?

Türkəçarə qarı hiyləgər təbəssümlə arıq barmağını yellətdi:

– Əvvəl içmək, sonra danışmaq.

– Nökər?

Xidmətçi cibinə əl atıb oradan yarım litrlik şüşədə ən yaxşı irland viskisi çıxardı. Artemis butulkanı ondan aldı və pilləkənin altındakı qaranlıqdan bir addım geri çəkilib ağzını marçıldadaraq qadını tamahlandırdı. Eynəyini çıxartmağa macal tapmamış pəncəyə bənzəyən əl qaranlıqdan ona doğru uzanaraq butulkadan yapışdı. Ləkəli yaşıl əl. Şübhəli heç bir şey qalmamışdı.

Artemis qalibanə təbəssümünü güclə saxladı.

– Nökər, dostumuzun haqqını ver, – əmr etdi. – Hamısın. Yadda saxlayın, mister Nquen, hər şey aramızda qalmalıdır. Axı siz Nökər ilə bir daha görüşmək istəmirsiniz, elə deyil?

– Yox-yox, cənab Faul, siz nə danışırsınız! Mənim ağzıma susmaq möhürü vurulub.

– Bunu unutmayın. Yoxsa Nökər dodaqlarınızı ömürlük möhürləyər.

Nquen dalanla çıxıb getməyə başladı, elə bir yüngüllük hiss edirdi ki – bəs necə, sağ qaldı! – hətta amerikan dollar-larından ibarət pul dəstini saymaq heç yadına da düşmədi. O, heç özünə bənzəmirdi. Lakin pulunu tam almışdı – iyirmi min dolların hamısını. Yarım saatlıq iş üçün pis deyil.

Bu arada Artemis eynəyini yenidən taxdı və qadına tərəf döndü:

– Madam, düzünü desəm, yalnız siz mənə kömək edə bilərsiniz.

Qarı dilinin ucuyla ağzının kənarında parıldayan damlanı yaladı.

– Bəli, irlandiyalı. Ağrıyan baş. Çürümüş diş. Mən müalicə edər.

Artemis çöməldi.

– Madam, toz gənələrinə olan yüngül allergiyanı nəzərə almasaq, mən tamamilə sağlamam, amma mənə elə gəlir ki, sizin buna gücünüz çatmaz. Yox, mənə başqa bir şey lazımdır. Sizin Kitabınız.

Qarı donub qaldı. Şalın altından Artemisə baxan gözləri işıltı ilə parladı.

– Kitab? – qarı ehtiyatla soruşdu. – Mən kitab tanımamaq. Mən insanları müalicə etmək. Sən kitab istəyirsən, sən kitabxanaya getmək.

– Siz türkəçarə deyilsiniz, – Artemis yorğunluğunu göstərircəsinə ah çəkdi. – Siz – sehrli insanlardansınız, siz uçan ruhsunuz, sprayt, p’şoq, ka-dalun. Dillər və adlar çoxdur, amma mahiyyət eynidir. Təkrar edirəm, mənə sizin Kitabınız çox lazımdır.

Qarı uzun müddət susdu, bundan sonra ani bir hərəkətlə şalı alnından atdı. Eynəyin yaşıl işığında onun üzü Artemisə Hellouində taxılan maskanı xatırlatdı. Uzun qarmaqşəkilli burnun üstündə qızılı gözlərin yarıqları parlayırdı. Qulaq məməcikləri itiləşmişdi, alkoqola hərislik isə onun dərisinə bozumtul-sarımtıl çalar veriridi.

– Ey insan, əgər Kitab haqqında bilirsənsə, – qarı astaca söylədi (yəqin ki, viski artıq ona təsir etməyə başlamışdı), – onda burada, mənim əlimdə olan sehrli qüvvədən də xəbərdarsan. Mən səni barmağımın bir hərəkəti ilə öldürə bilərəm!

– Şübhə edirəm, – Artemis çiyinlərini çəkdi. – Siz yəqin çoxdandır ki, güzgüyə baxmırsınız. Düyü arağı sizin bacarıqlarınızı kütləşdirib. Siz artıq demək olar ki, meyitsiniz. Bacardığınız bir şey varsa, o da ziyil çıxarmaqdır. Acınacaqlı mənzərədir. Mən bura sizi xilas etmək üçün gəlmişəm… Kitabın əvəzində.

– Nə səbəbdən birdən-birə insana bizim Kitabımız lazım olub?

– Bu artıq sizin işiniz deyil. Beləliklə, sizinlə əməkdaşlığımızın mümkün variantları haqqında…

Türkəçarənin qulaqları azacıq qımıldandı.

– Mümkün variantlar?

– Birinci variant: Siz Kitabı mənə verməkdən imtina edirsiniz və biz sizi bu zibillikdə çürüməyə buraxaraq evə qayıdırıq.

– Razılaşdıq, – qarı tez razılaşdı. – Bu variant məni qane edir.

– Dayanın, tələsməyin. Əgər biz buradan Kitabsız qayıtsaq, maksimum bir gündən sonra siz öləcəksiniz.

– Bir gün sonra? Ha-ha! Bir gün sonra! – Türkəçarə qəhqəhə çəkdi. – Mən sən öləndən sonra hələ yüz il də yaşayacam. Hətta bizimkilərdən bura, insanların dünyasına gələnlər də əsrlərlə yaşayır.

– Amma yarım litr müqəddəs suyu birnəfəsə başına çəkənlər yox, – Artemis barmaqları ilə boşalmış butulkaya döyəcləyərək qeyd etdi.

Qəfildən rəngi qaçan qarı dəhşətli nalə çəkdi.

– Müqəddəs su! Sən məni məhv etdin, ey insan!

– Bu doğrudur, – Artemis etiraf etdi. – Bu dəqiqələrdə sizin daxilinizdə dəhşətli hərarət başlayacaq.

Qarı tərəddüdlə qarnını əllədi.

– Bəs ikinci variant?

– Aha, deməli, siz məni dinləməyə hazırsınız? Yaxşı. Beləliklə, ikinci variant. Siz öz Kitabınızı müəyyən müddətə mənə verirsiniz. Yarım saatdan sonra isə mən sizə həm Kitabınızı, həm də itirilmiş sehrli qüvvənizi qaytarıram.

Qarının çənəsi sallandı:

– Mənə sehrbazlığı qaytarırsan? Lakin bu mümkün deyil!

– Nəyə görə? Elə yaxşı mümkündür ki. Məndə iki ampula var. Onlardan biri Tara dairəsinin altmış metrliyindəki sehrli quyudan götürülmüş əsas sudur. Bu, yəqin ki, yer üzündə olan ən sehrli yerdir. Birinci ampula müqəddəs suyun təsirini neytrallaşdırır…

– Bəs ikincisi?

– …İkinci ampulanın içində isə insan tərəfindən yaradılmış sehrli maddə vardır. Alkoqolla qidalanan virus üstəgəl böyümə hormonu. Bu qarışıq sizin bədəninizdən bütün düyü arağını son damlasınadək yuyub aparacaq, sizi alkoqol asılı-lığından xilas edəcək və hətta dağılmış qaraciyərinizi bərpa edəcək. Əlbəttə, elə də xoşagələn proses deyil, amma bir gündən sonra siz elə gümrah olacaqsınız ki, sanki yaşınız yenə də mindən yuxarı deyil.

Türkəçarə acgözlüklə dodaqlarını yaladı. O, yenə də sehrli xalqın yanına qayıda biləcək? Şirnikləndirici səslənir.

– Bəs mən haradan bilim ki, sənə etibar etmək olar, ey insan? Sən artıq bir dəfə məni aldatmısan.

– Haqlı sualdır. Mən belə bir çıxış yolu təklif edirəm. Əsas suyu mən sizə elə indi verirəm. Amma müalicəvi vasitəni isə mən Kitabı gördükdən sonra verəcəyəm. İstəyirsiniz – razılaşın, istəmirsiniz yox.

Qarı fikrə getdi. Mədəsində artıq xoşagəlməz yanğı başlanmışdı. O, əlini uzatdı:

– Razıyam.

– Mən elə belə də bilirdim. Nökər?

Yekəpər xidmətçi içərisində şpris və iki ampulanın olduğu yumşaq futlyarı açdı. Nökər ampulalardan birinin içərisindəki mayeni şrpisə çəkərək qarının toxunarkən yapışqan kimi olan qoluna vurdu. Qarı bir anlığa donub qaldı, amma elə həmin an da yüngülləşdi.

– Güclü əfsundur, – deyə o, nəfəs verdi.

– Güclüdür, – Artemis təsdiqlədi. – İkinci iynə isə sizə itirilmiş güclərinizi qaytaracaq. Amma əvvəlcə – Kitab.

Əlini çirkli paltarının büküşləri arasına salaraq qarı orada qurdalanmağa başladı. Bu axtarışlar sanki bir əsr davam etdi. Artemis nəfəsini dayandırdı. Budur o… Tezliklə Faullar yenə də möhtəşəm olacaqlar. İmperiya dirçələcək, onun başında isə o – ikinci Artemis Faul dayanacaq.

Nəhayət ki, şəfaverici paltarlarının dərinliyindən sıxılmış yumruğunu çıxardı.

– Onsuz da onun sənə bir faydası olmayacaq. Kitab qədim dildə yazılıb.

Artemis səssizcə başını tərpətdi. O qorxurdu ki, səsi onun gərginliyini üzə çıxardar.

Qarı düyünlü barmaqlarını açdı. Ovcunda kibrit qutusu boyda xırda qızılı bir cild var idi.

– Buyur, ey insan. Sizin otuz dəqiqəniz var. Çox yox.

Nökər ehtiramla kitabı ondan qəbul etdi. Miniatür rəqəmsal kameranı qoşaraq o, nazik səhifələri bir-bir çəkməyə başladı. Bu proses cəmisi bir neçə dəqiqə çəkdi. Tezliklə bütün kitabın içindəkilər fotokameranın çipinə köçürüldü. Lakin Artemis risk etməyi sevmirdi. Dünyanın bütün hava limanlarında quraşdırılmış xüsusi avadanlıq mühüm informasiya daşıyan bu çiplərdən çoxunu məhv etmişdi. Buna görə də o, xidmətçisinə tapşırdı ki, faylı mobil telefona köçürsün, oradan da elektron poçtla Faulların Dublində yerləşən malikanəsinə yollasın. Heç yarım saat keçmədi ki, Kitabın içərisindəkilərin olduğu fayl etibarlı yerə – Faullara məxsus bilgisayar-serverinin yaddaşına ötürüldü.

Artemis xırda cildi qanuni sahibinə qaytardı.

– Sizinlə işləmək çox xoş idi…

Qarı səntirləyərək dizləri üstünə qalxdı.

– Bəs ikinci maddə, ey insan?

– Ah əlbəttə, – Artemis gülümsündü, – sehrli qüvvələri qaytaran maddə. Deyəsən axı, mən həqiqətən söz vermişdim.

– Bəli. İnsan söz verdi.

– Çox gözəl. Amma qabaqcadan xəbərdar etmək istəyirəm: orqanizmin təmizlənməsi – çox ağrılı prosesdir. Çətin ki, xoşunuza gəlsin.

– Necə bilirsən, bütün bunlar mənim xoşuma gəlir? – O, əli ilə onu əhatə edən çirkab və miskinliyi göstərdi. – Mən yenə də uçmaq istəyirəm.

Nökər ikinci ampuladakı maddəni şprisə çəkdi və iynəni qarının yuxu arteriyasına vurdu.

Qarı sanki beli qırılmış kimi yerə yıxıldı və bədəni şiddətlə titrəməyə başladı.

– Gedək burdan, – Artemis xidmətçisinə tərəf döndü – İndi son yüz il ərzində qəbul etdiyi bütün alkoqol onun bədənindən çıxacaq. Heç də xoşagələn mənzərə olmayacaq.

Nökərlər Faullara artıq bir əsrdən çox xidmət edirdilər. Faullar nə vaxtdan var idilərsə, elə o vaxtdan onların yanlarında sadiq Nökərlər olmuşlar. Bəzi məşhur linqvistlər ciddi olaraq hesab edirlər ki, eyni adlı peşə öz adını məhz Nökər soyadından götürüb. Əslində isə, bu qeyri-adi birlik barədə ilk əlyazmalar böyük səlib yürüşlərindən birinin vaxtlarına təsadüf edir, o zamanlar Vercil Nökər adlı bir şəxs müqavilə üzrə lord Huqo de Faul üçün xidmətçi, aşbaz, cangüdən qismində tutulmuşdu.

İsraildə indiyədək özəl tədris mərkəzi vardır, burada Nökər nəslinin nümayəndələri on yaşlarından təlim keçirlər. Məhz orada onlar, Faullar nəslinin qorunması üçün zəruri olan xüsusi bacarıqları öyrənirlər ki, buraya yüksək səviyyəli kulinariya, sərrast atış, hərb sənətinin incəlikləri, ilkin tibbi yardım göstərmək bacarığı və informasiya texnologiyalarına yiyələnmək aiddir. Əgər onlar təlimi bitirərkən Faullardan heç birinin xidmətçiyə ehtiyacı olmazdısa, o zaman, onları çox böyük həvəslə müxtəlif kral evlərinə, əsasən Monakoya və ya Səudiyyə Ərəbistanı krallıqlarına qəbul edirdilər.

Lakin əgər Nökərlərdən kimsə Faullardan kimisə öz himayəsinə götürürdüsə, onlar heç zaman ayrılmırdılar. Bəli, iş ağır, cansıxıcı iş idi, lakin mükafatı da artıqlaması ilə edilirdi – əlbəttə, bu mükafatdan istifadə etmək üçün sağ qalmaq imkanı olduqda. Əks halda Nökər ailəsi altırəqəmli ədədlə ifadə olunan səxavətli kompensasiya, üstəgəl aylıq pensiya alırdı.

İndiki Nökər gənc Artemisi artıq on iki ildi, yəni o, doğulandan bəri qoruyurdu. Əsrlərdən bəri yaranmış qaydalara riayət etmələrinə baxmayaraq, onların münasibətləri adi ağa və xidmətçi arasındakı münasibətlərdən daha yaxın idi. Mahiyyət etibarilə, Artemis Nökər üçün ən yaxın dosta çevrilmişdi, Nökər isə öz növbəsində Artemisə onun atasını əvəz etmişdi (bütün əmrlərini bir-bir yerinə yetirən ata – hər bir oğlanın arzusudur).

Hava limanınadək bütün yolu Nökər təmkinlə susdu və yalnız Banqkokdan Xitrouya uçan təyyarənin bortunda dillənməyə cəsarət tapdı:

– Ser?

Artemis gözünü noutbukunun ekranından ayırdı. O, artıq Kitabın tərcüməsinə başlamışdı.

– Nədi?

– Bu türkəçarəçi… Onun əlindən Kitabı sadəcə almaqdan asan nə var idi ki? Öz sehri olmadan qarı çox yaşamazdı.

– Meyid – hər zaman dəlildir, Nökər. Belədə isə sehrli xalqcığın şübhələnmək üçün heç bir səbəbi olmayacaq.

– Bəs qarının özü?

– Çətin ki, o, Kitabı insanlara göstərdiyini etiraf etsin. Lakin mən qabaqcadan işimi ehtiyatlı tutub, ikinci ampulaya qismən amneziya yaradan maddə qatmışdım. Son həftənin bütün hadisələri onun yaddaşından silinəcək.

Nökər ehtiramla başını tərpətdi. Hamını və hər şeyi iki addım qabaqlamaq – budur cənab Artemisin dəst-xətti. Necə deyərlər, ot kökü üstə bitər. Amma yox, ustad Artemis ot deyil, o, artıq yeni bir ağacdır və onun kimiləri dünya hələ görməyib.

Bir qədər sakitləşərək Nökər “Silah və hərbi sursatlar”ın yeni nömrəsini oxumağa qayıtdı. Bəs kainatın sirrləri?… O, bu məsələlərdə bütünlüklə öz gənc ağasına etibar edirdi.