Vəkil Kevin Teylor gözlərini qoz ağacından düzəldilmiş uzun qəhvəyi masanın üzərindəki kağızlardan çəkdi, başını qaldırdı və bir müddət ətrafı mənalı baxışlarla süzdü. Çox dalğın olduğu üzündən oxunurdu. Şahidləri dindirməyə başlamazdan əvvəl sifəti həmişə bu ifadəni alırdı. Cəmi iyirmi səkkiz yaşı olan bu cavan vəkil belə tamaşaları tez-tez qururdu. İnsan psixologiyasını yaxşı bildiyi üçün teatr fəndlərindən məharətlə istifadə edirdi. Kevin suallar arasında uzun və dramatik fasilə verir, nəsə soruşmazdan qabaq sənədləri vərəqləyirdi. Bütün bunlar dindirilənləri həyəcanlanmağa vadar edirdi.
Bu dəfə o, Filip Kornblö adlı ibtidai məktəb direktorunun canına vəlvələ salmağa çalışırdı. Direktor əlli dörd yaşlı arıq, solğun bənizli, qara saçları tökülməyə başlamış bir kişi idi.
Filip Kornblö ona veriləcək sualı gözləyə-gözləyə stulda qurcalanırdı, sanki tikan üstündə oturub. O, əllərini sinəsində çarpazlamışdı, narahatlıqla barmaqlarını qollarına döyəcləyirdi. Görünür, bununla əllərinin meymun əlləri kimi uzun olduğunu gizlətməyə çalışırdı.
Kevin məhkəmə zalına baxdı. İçəridə milçək uçsa, vızıltısı eşidilərdi. Zaldakılar həyəcanla nə baş verəcəyini gözləyirdilər. Hamı nəfəsini tutmuş, sanki oturduqları yerdə quruyub-qalmışdılar. Məhkəmə zalının hündür pəncərələrindən içəri düşən günəş şüaları qəfildən geniş otağı parlaq işığa bürüdü. Görünür, gün buludların arxasından çıxmışdı. Elə bil gözəgörünməz bir rejissor səhnə işıqçısına işarə etmiş, o da projektorları yandırmışdı. İndi yalnız «Başladıq!» demək qalırdı.
Zal dolu idi, amma Kevinin baxışları onların arasından yalnız birinin üzərində dayandı. Xoş görkəmini nəzərə almasaq, bu adam, demək olar ki, başqalarından heç nə ilə seçilmirdi və arxa sırada oturmuşdu. O da Kevinə baxır və razılıqla başını tərpədirdi. Adətən, atalar öz oğullarına belə məmnunluqla baxırlar. Amma yaşına görə həmin kişi Kevinin atası roluna uyğun gəlmirdi. «Yaşı qırxdan bir az çox olar», ‒ deyə Kevin düşündü. Bu adama baxdıqca nədənsə ona elə gəlirdi ki, hər şey istədiyi kimi olacaq, bir sözlə, uğur uzaqda deyil… Kişinin əynində bozumtul miləmil «Corcio Armani» kostyumu var idi. Bu isə onun varlı və hörmətli adam olduğuna dəlalət edirdi. Kevin də uzun müddət bahalı dükanlarda və firma salonlarında özünə belə kostyum axtarmışdı. Nəhayət, buna bənzər bir şey ‒ iki yanı düyməli tünd-göy kostyum tapmışdı. Özü də onu hərracda «Armani»dən iki dəfə ucuz almışdı.
Beləliklə, naməlum adam razılıqla Kevinə baxıb başını tərpətdi. Yəni «başlamaq olar!»
Zalda hələ də sakitlik idi, hətta kimsə boğazını arıtlayanda da rahatca eşidilirdi. Müttəhim kürsüsündə iyirmi səkkiz yaşlı Lois Uilson əyləşmişdi. Beşinci sinif müəlliməsi olan bu qadın yeniyetmələri yoldan çıxarıb əxlaqlarını pozmaqda ittiham edilirdi. Hadisə Nassau qraflığında, Blisdeyl şəhərciyində baş vermişdi. Burada, demək olar, yalnız yaşayış evləri var idi, camaat hər gün səhər tezdən Nyu-Yorka işə yollanır, evə isə ancaq yatmağa gəlirdi. Buna baxmayaraq məhkəmə Blisdeyldə keçirilirdi. Görünüşündən əsl əyalət şəhərciyinə oxşayan Blisdeyldə cəmiyyətin «ortadan yuxarı təbəqə»sinin nümayəndələri «adlarına uyğun» evlərdə, villalarda, malikanələrdə yaşayırdılar. Şəhərciyin ağcaqayın və palıd ağacları əkilmiş təmiz, geniş küçələri, həmçinin nisbətən sakit mərkəzi var idi. Burada nə hay-küylü univermaq, nə gözəçarpan reklamları olan mağazalar şəbəkəsi, nə yanacaqdoldurma məntəqəsi, nə restoran, nə də otel görmək mümkün idi. Şəhərciyin insanları səs-küy sevmirdilər, evlərini də elə buna görə burada almışdılar.
Yerli əhali «ortadan yuxarı təbəqə»nin nümayəndələrindən ibarət kiçik cəmiyyətlərə xas sakit və qapalı həyat sürürdü. Blisdeyllilər hesab edirdilər ki, özlərinə arzuladıqları həyatı qurmaq üçün kifayət qədər pul qazanırlar. Onlar nə vaxt istəsələr, Nyu-Yorka gedə bilərdilər, amma geri qayıdanda yenidən özlərinin, bir növ, «Alisanın möcüzələr diyarı»na bənzəyən dünyalarına düşürdülər. Buradakı bütün «möcüzələr» əvvəlcədən planlaşdırılırdı.
Və indi Blisdeyldə təzəlikcə ibtidai məktəbə müəllim qəbul edilmiş Lois Uilson onyaşlı qıza qarşı seksual təcavüzdə günahlandırılırdı.
Əslində, məktəbdaxili araşdırmalar indiyədək buna bənzər daha bir neçə hadisənin baş verdiyini üzə çıxarmışdı. Əldə edilən məlumatlar, eyni zamanda gəzən söz-söhbətlər Lois Uilsonun lesbiyan olduğunu düşünmək üçün kifayət qədər əsas verirdi. O, yaxınlıqdakı orta məktəbdə xarici dil müəlliməsi işləyən rəfiqəsi ilə birlikdə Blisdeylin kənarında ev kirayələmişdi. Heç kim heç vaxt onların kişilərlə görüşdüyünü görməmişdi, bəziləri, ümumiyyətlə, belə hesab edirdilər ki, rəfiqələr haqqında bədgüman olmağa dəyməz, çünki onlar öz həyatlarını yalnız işə həsr edən qarımış qızlardan başqası deyillər.
Düzünə qalsa, Kevinin bu qalmaqallı işə qoşulmasına işlədiyi «Boyl, Karlton və Sessler» adlı vəkil firmasında sevinən olmamışdı. Halbuki o çoxdan öz xidmətini Lois Uilsona təklif etmək istəyirdi; elə ki işi aldı, həmkarlarından buna etiraz edənləri dərhal firmadan ayrılacağı ilə hədələdi. Kevinin işdən çıxmasını isə çətin kimsə istəyəydi; məsələ burasındadır ki, «Boyl, Karlton və Sessler»də onun hörməti sürətlə artırdı, bunun əsas səbəbi də, heç şübhəsiz, Kevinin əlaqələrinin genişliyi və psixologiyanı gözəl bilməsi idi.
Gənc vəkilin firmada qalmaq üçün gözü atmırdı, əksinə, tərəf-müqabillərinin qanunlara həddən artıq mühafizəkar yanaşmasından narazı, hətta narahat idi. Hazırkı iş yerində çox qalsa, gələcəkdə onu nələrin gözləyəcəyini təxmin etmək Kevin üçün çətin deyildi. İndi isə illərdən bəri dəyişməyən vəziyyəti alt-üst etmək üçün əlinə ilk fürsət düşmüşdü: nəyə qadir olduğunu nümayiş etdirmək, fərasətini, məhkəmə prosesini aparmaq bacarığını tam göstərmək üçün bundan yaxşı imkan?! Kevin özünü olimpiya rekordu vurmağa hazır olan idmançı kimi hiss edirdi. Düzdür, Olimp hələ gözə dəymirdi, yerli əhəmiyyətli məhkəməni udmaqla uzağa getmək mümkün deyildi. Amma bu iş «Olimp dağı» olmasa da, hər halda, alçaq təpə də deyildi. Məhkəmə prosesi paytaxt qəzetlərinin diqqətini cəlb edə bilərdi.
Dairə prokuroru Martin Balm vəziyyətdən çıxmaq və hadisənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasına imkan verməmək, həmçinin istənilən qalmaqalın qarşısını almaq üçün dərhal Kevinə sövdələşmə təklif etdi. Prokuror ümid edirdi ki, Kevin minnətdarlıq əlaməti olaraq uşaqları prosesə qatmayacaq, onlara yenidən bu iyrənc hadisənin travmasını yaşatmamaq üçün şahid ifadəsi verməyə çağırmayacaq. Əgər Lois tutduğu işdən peşman olduğunu səmimi surətdə etiraf etsəydi, cəmi beş il şərti iş alacaq və icbari qaydada psixoloji müayinəyə göndəriləcəkdi. Əlbəttə, bununla onun müəllimlik karyerasına son qoyulacaqdı, lakin işə bax ki, Kevin müttəhimə özünü günahkar hesab etməməyi məsləhət gördü və müəllimə buna razılıq verdi.
İndi Lois guya utanırmış kimi başını aşağı salmışdı, gözlərini dizlərinin üstünə qoyduğu əllərinə zilləyib oturmuşdu. Bunu da ona Kevin məsləhət görmüşdü. Vəkil qadına tapşırmışdı ki, zaldakı adamlardan qorxduğunu və onlara bəslədiyi nifrət hissini qətiyyən büruzə verməsin, təhqir olunmuş günahsız adam kimi sakitcə otursun. Qadın isə Kevinin ona tapşırdığı acıqlı valideynlər və fərsiz şagirdlər tərəfindən şərlənən məsum müəllimə rolunu məharətlə oynayırdı. Vaxtaşırı burun dəsmalını çıxarıb gözlərini qurulayırdı.
Bütün bu fəndləri vəkil ona «Boyl, Karlton və Sessler» firmasındakı iş otağında öyrətmişdi. Şahidlərə necə diqqətlə baxmaq, sonra isə ümidlə hakim tərəfə necə boylanmaq lazım gəldiyini əyani göstərmişdi. Kevin hər şeyi videokameraya çəkmiş, sonra isə qadına nümayiş etdirərək səhvlərini demişdi. Hara və nə vaxt baxmaq, əlləri ilə saçını necə düzəltmək, çiynini necə tutmaq, daha hansı hərəkətləri etmək lazım olduğunu birbəbir, dəqiqliklə başa salmışdı. Bir sözlə, qadına hər şeyi və bütün xırdalıqları: üzünün ifadəsini, əl-qol hərəkətlərini, oturuşunu nəzərə almağı tapşırmışdı. «Biz vizuallaşma əsrində yaşayırıq, əziz miss Uilson», ‒ lap axırda Kevin təntənə ilə demişdi.
Gənc vəkil ondan dörd sıra aralı əyləşmiş arvadına gözucu baxdı. Ailə ənənələrinə görə, Miriam ərinin vəkil olduğu məhkəmə proseslərinin hamısında iştirak edirdi. Bu dəfə isə o, xüsusilə həyəcanlı görünürdü. Aydın idi ki, Kevinə görə çox narahatdır. Əslində, Senford Boyl kimi Miriam da ərinə bu işə baş qoşmamağı məsləhət görmüşdü, ancaq Kevinin qərarı qəti idi. Belə imkan bir də ələ düşməyə bilərdi. O, üçillik vəkilliyi dövründə heç vaxt nümayiş etdirmədiyi bir çılğınlıqla Loisin işinə girişmişdi. Sözü-söhbəti ancaq bu barədə idi, özü ayrıca təhqiqat aparır, hətta istirahət günləri də işləyirdi. Göstərdiyi canfəşanlıq isə aldığı qonorara dəyməzdi. Heç bir vəkil həmin məbləğin müqabilində bu qədər işləməzdi.
Kevin arvadına mənasını ancaq ikisinin başa düşəcəyi şəkildə gülümsündü, sonra cəld geri çevrildi, sanki bədənində gözəgörünməz yay işə düşdü.
‒ Mister Kornblö, siz üç məktəbli qızla söhbət üçün onları yanınıza çağırtdırmısınız. Səhv etmirəmsə, bu, çərşənbə axşamı noyabrın üçündə olub?
‒ Bəli.
‒ Sizə bu əhvalat barədə müdafiəçisi olduğum müttəhimin guya xüsusi münasibət bəslədiyi, hazırda isə onun qurbanı hesab edilən Barbara Stenli məlumat verib? ‒ Kevin sualına müsbət cavab gözlədiyi üçün əvvəlcədən başını tərpətdi.
‒ Əlbəttə. Məhz buna görə də mən onları yanıma, direktorun otağına çağırtdırdım.
‒ Söhbəti nədən başladığınızı bizə deyə bilərsinizmi?
‒ Üzr istəyirəm, anlamadım? ‒ Kornblö sualı yersiz hesab etdiyini göstərmək üçün ağzını büzdü.
‒ Siz nəyi aydınlaşdırmaq istəyirdiniz? ‒ Kevin andlılara tərəf yönəldi. ‒ Miss Uilsonun onların yanlarını çimdikləyib-çimdikləmədiyini? Ya da, bəlkə, əlini onların ətəklərinin altına salıb-salmadığını?
‒ Təbii ki, yox. Məgər pedaqoq şagird qızlara belə suallarla müraciət edə bilər…
‒ Elə isə, ‒ Kevin direktorun sözünü kəsdi, ‒ siz konkret olaraq nə barədə sual verirdiniz?
‒ Onlardan Barbara ilə miss Uilsonun münasibətlərində müəyyən… oxşar problemlərin olub-olmadığını soruşdum.
‒ Oxşar problemlərin? ‒ vəkil təkrarladı və sonuncu sözdə üzünü turşutdu.
‒ Bəli.
‒ Deməli, Barbara Stenli rəfiqələrinə guya başına gələnlər barədə danışıb, onlar da əvəzində özlərinin də oxşar «problem»lə üzləşdiklərini söyləyiblər. Hərçənd qızlardan heç biri əvvəllər bu barədə heç kimə bir kəlmə də söz deməyib. Elədir?
‒ Bəli. Məhz belə olub.
‒ Onyaşlı qızda fərasətə bax, rəfiqələrinə necə də təsir edə bilir, ‒ Kevin kinayə ilə söz atdı. Özünü elə göstərdi ki, guya bu sözü elə-belə, havaya dedi. Andlılardan bəzilərinin qaşları qalxdı. Qabaq sırada oturan daz cənab fikirli-fikirli başını yırğaladı və gözlərini direktora zillədi.
Kevin üzünü andlılar əyləşən skamyadan çevirib zaldakı adamları gözdən keçirdi. Fikir verdi ki, arxa sırada oturan hörmətli cənab gülür, gülüşü bütün sifətinə yayılıb, üstəlik, razılıqla başını tərpədir. Bir anlığa Kevin həmin cənabın, bəlkə də, miss Uilsonun qohumu, məsələn, böyük qardaşı olduğunu düşündü.
‒ İndi isə, mister Kornblö, zəhmət olmasa, Lois Uilsonun dərs dediyi fəndən Barbara Stenlinin neçə aldığını məhkəməyə söyləyin.
‒ O ən aşağı – «C» balı alıb.
‒ Ən aşağı bal, ‒ Kevin yenə təkrarladı. ‒ Bəs onun əvvəllər miss Uilsonla problemi olub?
‒ Bəli, ‒ direktor burnunun altında dedi.
‒ Anlamadım.
‒ Bəli, olub. Miss Uilson Barbaranı sinifdə işləmək istəmədiyi və nalayiq sözlər danışdığı üçün iki dəfə mənim kabinetimə yollayıb, ancaq…
‒ Yəni siz demək istəyirsiniz ki, Barbaranın elə əvvəldən miss Uilsondan xoşu gəlmirmiş?
‒ Möhtərəm hakim, etiraz edirəm, ‒ prokuror yerindən sıçradı. ‒ Vəkil şahidi nəticə çıxarmağa təhrik edir.
‒ Etirazınız qəbul olunur, ‒ hakim başını tərpətdi.
‒ Üzr istəyirəm, möhtərəm hakim, ‒ Kevin üzünü yenidən şahidə çevirdi. ‒ Mister Kornblö, gəlin həmin üç qıza qayıdaq. Siz onların hər birinə başına gələn əhvalatı danışmağı təklif etdiniz?
‒ Düşündüm ki, belə yaxşı olar… Bəli.
‒ Demək istəyirsiniz ki, qızlar öz problemləri haqda bir-birinin yanında danışıblar? ‒ Kevin heyrət və şübhə ilə soruşdu.
‒ Bəli.
‒ Sizcə, bu, düzgündür? Demək istəyirəm, qızları ədəbsiz işlər barədə danışmağa vadar etmək, həyəcanlandırmaq nə dərəcədə doğru idi?
‒ Axı bu, araşdırma idi…
‒ Anlayıram. Əvvəllər belə bir şeylə qarşılaşmışdınız?
‒ Xeyr. Heç vaxt. Məhz buna görə həmin hadisə məni bu cür sarsıtdı.
‒ Hadisə üzə çıxacağı təqdirdə onların ciddi problemləri yarana biləcəyi haqda qızları xəbərdar etdiniz?
‒ Əlbəttə.
‒ Siz onlara inandınız, elədir?
‒ Bəli.
‒ Nə üçün?
‒ Çünki onların danışdıqları üst-üstə düşürdü. Üçü də eyni şeyi deyirdi, ‒ Kornblö, deyəsən, özündən və cavabından razı qalmışdı. Ancaq Kevin şahidə yaxınlaşdı və onun üzərinə dalbadal suallar yağdırmaqla hücuma keçdi.
‒ Sizcə, onlar nə deyəcəklərini əvvəlcədən məşq edə bilməzdilər?
‒ Nə?
‒ Yəni onlar əvvəlcədən bir yerə yığışıb nə deyəcəklərini qabaqcadan razılaşdıra bilməzdilər?
‒ Anlamıram, nə demək istəyirsiniz…
‒ Soruşuram, belə bir şey ola bilərdimi?
‒ Tutaq ki…
‒ Siz bir müəllim və direktor kimi uşaqların bu yaşda yalan danışmağa qadir olduqlarını təsdiq edə bilərsinizmi? Əvvəllər belə hallarla rastlaşmısınızmı?
‒ Əlbəttə.
‒ Bəs kollektiv yalana necə, rast gəlmisiniz? Məktəbli qızlar rəfiqələrini satmamaq və cəzalandırılmamaq üçün hərdən hətta bütün siniflə birlikdə yalan danışa bilərlərmi?
‒ Bəli, ancaq…
‒ Yəni bu ola bilərmi? ‒ Kevin hücumu gücləndirdi. ‒ Siz necə düşünürsünüz?
‒ Düşünürəm ki, ola bilər.
‒ Düşünürsünüz?
‒ Necə deyim… mümkün hesab edirəm.
‒ Mümkün hesab edirsiniz?
‒ Bəli.
‒ Qızlarla söhbətdən dərhal sonra siz miss Uilsonu yanınıza çağırtdırıb bütün bu əhvalatı ona danışdınız?
‒ Bəli, əlbəttə.
‒ Bəs onun buna münasibəti necə oldu?
‒ O heç nəyi inkar etmədi.
‒ Demək istəyirsiniz ki, o, vəkili yanında olmadan bu mövzuda danışmaqdan imtina etdi, elədir?
Kornblö yerində qurcalanmağa başladı.
‒ Belə deyil? ‒ Kevin əl çəkmirdi.
‒ Bəli, o məhz belə cavab verdi.
‒ Bundan sonra siz hərəkətə keçib məktəb nəzarətçisinə, sonra isə polis rəisi və dairə prokuroruna bu barədə xəbər verdiniz?
‒ Bəli. Qayda belədir. Biz belə hallarda necə davranmaq lazım olduğu barədə məktəb şurasının göstərişlərinə əməl edirik.
‒ Beləliklə, siz araşdırmaları davam etdirmədiniz. Bəs başqa şagirdləri dindirmədiniz?
‒ Əlbəttə ki, yox.
‒ Miss Uilsona qarşı rəsmi olaraq heç bir ittiham irəli sürülməmiş siz onu işdən kənarlaşdırmısınız, elədir?
‒ Artıq dediyim kimi…
‒ Zəhmət olmasa, suala cavab verin.
‒ Bəli.
‒ Bəli! ‒ Kevin bunu o tərzdə təkrarladı ki, sanki direktor bütün günahlarını boynuna almışdı. Vəkil sözünün təsirini gücləndirmək üçün qısa ara verib gözlərini Kornblödən ayırdı, andlılara tərəf baxdı və gülümsündü. Sonra yenidən direktora müraciət etdi:
‒ Mister Kornblö, sizin əvvəllər miss Uilsonla dərs dediyi sinifdə tərtibat işləri ilə bağlı xoşagəlməz söhbətləriniz olub?
‒ Hə, ona töhmət verməli olmuşam.
‒ Nə üçün?
‒ Sinif otağındakı elanlar lövhəsi çox balaca idi, standartlara cavab vermirdi.
‒ Deməli, siz onu bir müəllimə kimi tənqid edirdiniz?
‒ Sinif otağının tərtibatı müəllimin işinin, onun keçdiyi dərsin səmərəliliyinin ən vacib göstəricilərindən biridir, ‒ Kornblö lovğalıqla cavab verdi.
‒ Ay-dın-dır, ‒ vəkil sözü uzadıb dedi. ‒ Amma miss Uilson elanlar lövhəsinin vacibliyi barədə sizin fikirlərinizi bölüşmürdü.
‒ Xeyr.
‒ O sizin xasiyyətnamədə yazdığınız kimi «səhlənkar» idi?
‒ Təəssüf ki, indiki müəllimlərin əksəriyyəti kolleclərdə əvvəlki təhsili almırlar.
Bunu deyib Kornblö saymazyana tərzdə güldü. Kevin başını tərpətdi.
‒ Həqiqətən də, nə üçün ətrafdakıların hamısı bizim kimi olmasın? ‒ Kevin ritorik sual verdi. Zaldakılar gülüşdülər. Hakim narazı halda əlindəki çəkici masaya vurdu.
‒ Bundan başqa, siz, deyəsən, miss Uilsonun geyimini də tənqid etmişdiniz, elə deyilmi?
‒ Düşünürəm, o gərək daha mühafizəkar geyinəydi. Bilirsiniz, məktəbə nə geyib gəlirdi? Cins şalvar, dekolte paltar. Əyninə elə köynəklər taxırdı ki, qarnı görünürdü. Bir də deşilmiş, üzr istəyirəm…
‒ Göbəyi?
‒ Bu barədə danışmaq belə istəmirəm!
‒ Siz insan bədənindəki bu yeri nalayiq hesab edirsiniz?
‒ Mətləbə keçin! ‒ hakimin gur səsi eşidildi.
‒ Halbuki, ‒ Kevin səsini bir qədər yüksəldib sözünə davam etdi, ‒ miss Uilsonun bilavasitə tabe olduğu kafedra müdiri onun pedaqoji qabiliyyətini yüksək qiymətləndirirdi. O, son hesabatında miss Uilson haqda belə yazıb… ‒ Kevin əlində tutduğu kağıza baxdı, ‒ «…uşaqların qəlbinə yol tapan, onların daxili aləmlərini başa düşən insandır. Bütün çətinliklərə rəğmən rəhbərlik etməyi bacarır və uşaqları xeyirxah, gözəl əməllərə sövq edir», ‒ vəkil gözünü sənəddən çəkdi. ‒ Nə deyə bilərsiniz, cənab direktor? Gözəl xasiyyətnamədir, elə deyilmi?
‒ Elədir, amma dediyim kimi…
‒ Mənim daha sualım yoxdur, möhtərəm hakim!
Vəkil yerinə qayıtdı. Özünü elə aparırdı ki, guya o qədər hirslidir ki, az qalır tüstüsü təpəsindən çıxsın. Kevin situasiyaya uyğun haldan-hala düşməyi çox yaxşı bacarırdı. Bu onun vəkil fəndlərindən sadəcə biri idi.
Hamının gözü indi Kevinə zillənmişdi. Kevin özü isə arxa sırada oturan qəşəng geyimli kişiyə nəzər yetirdi və gördü ki, onun üzündəki təbəssümü heyranlıq əvəz edib. Vəkil özündə qeyri-adi ruh yüksəkliyi hiss etdi.
Miriam isə, əksinə, dilxor halda oturmuşdu. Az qala ağlayacaqdı. Kevin ona baxanda arvadı tez gözlərini çəkdi.
«O mənə görə xəcalət çəkir, ‒ Kevin düşündü. ‒ O, hələ də mənə görə xəcalət çəkir. Aman Allah, bəs mən bunları kimin üçün edirəm?!»
‒ Mister Balm, ‒ hakim prokurora müraciət etdi, ‒ sizin mister Kornblöyə sualınız var?
‒ Xeyr, möhtərəm hakim. Biz Barbara Stenlini dəvət etmək istərdik, ‒ dairə prokurorunun səsində ümidsizlik hiss olunurdu.
О проекте
О подписке
Другие проекты
