Читать книгу «Alın yazısı» онлайн полностью📖 — Elnur Soltanoğlu — MyBook.
image
cover

Səma öz yaşadığı kənddə Həsənlə qarşılaşsaydı, üzünə də baxmazdı. Çünki o yerlərdə tanımadığın insan, hələ də cavan bir oğlanla danışmaq heç də normal qarşılanmırdı. Lakin qürbətdə öz həmyerlisi ilə rastlaşması onun üçün çox sevindirici bir hal olmuşdu. Amma yenə də psixologiya öz işini görür, utanc hissi onu rahat buraxmırdı. Ona elə gəlirdi ki, ətrafdakı hər kəs onlara baxır, onlar haqda danışır. Səma uzun kirpikləri ilə sanki qızarmış üzünü örtməyə çalışırdı. Həm təşəkkür etmək, həm də qaçıb uzaqlaşmaq istəyirdi. Düşdüyü vəziyyətdən özünü itirən qız Həsənin səsindən diksindi:

− Bağışlayın, əgər kömək lazımdırsa, məmnuniyyətlə hazıram, yəni harasa getmək istəyirsinizsə, buyurun.

Səma razılıq vermək istəmədi, lakin az əvvəl baş verən hadisəni düşündükdə qərarsız şəkildə Həsənin üzünə baxdı. Həsənin üz cizgiləri də sözləri kimi sərt və inandırıcı idi. Həsən qızın tərəddüdünü görüb danışmağa başladı.

− Narahat olmayın, mən sadəcə kömək etmək istəyirəm. Mən də sizin həmyerlinizəm. Buraya işlə bağlı gəlmişəm. Bilirəm ki, burada tək gəzmək sizin üçün çətin olacaq.

− Mən burada tək deyiləm. − Səma gözlənilmədən dilləndi. − Anamla gəlmişəm. Amma o, indi xəstəxanadadır. İlk gecəni yanında yatdım, bu gün isə qoymadılar. Nahardan sonra bildirdilər ki, xəstə yanında yalnız bir gecə qalmaq olar. Odur ki, otelə dönməli oldum.

Bayaqdan ağzına su alıb dayanmış qızın bir nəfəsə bu qədər danışması qəribə göründü.

− Bəs ananızın vəziyyəti necədir?

− Yaxşıdır.

− Şikayəti nədir?

− Ürəyi ilə bağlıdır. Əslində, biz elə düşünürdük, yəni həkimlər elə demişdilər. Amma ürək deyilmiş, şükür ki, qorxulu bir şey yoxdur.

– Çox şükür. Acınacaqlı haldır.

– Nə?

– Bizim səhiyyədəki vəziyyəti deyirəm. İnsanlarda o qədər inamsızlıq yaradıblar ki, xırda bir narahatçılıqda belə xəstələr xaricə üz tuturlar.

– Anam bir neçə ay idi müalicə alırdı. Əməliyyat etmək istəyirdilər. Qayıdandan sonra şikayət edəcəyik. Anam onlara görə nə qədər fikir edib. Hər gün öləcəyəm deyə ağlayır, yemək yemir, günbəgün gözümüzün qarşısında əriyirdi. İnsan həyatı ilə bu qədər rahat oynamaq? Nə bilim. Başa düşə bilmirəm.

Qızı sakitcə dinləyən Həsən təəssüflə başını yellədi:

– “Həkim soyuqqanlı olmalıdır”, – deyirlər, görünür, bizim həkimlər həm də soyuqvicdanlıdırlar. Həkim seçimində diqqətli olmaq lazımdır. İndi bəzi həkimlər xəstəlikdən də təhlükəlidirlər. Nə isə. Başım qarışdı, gedəcəyiniz ünvanı soruşmadım.

Səma sanki yuxudan oyandı. Ömründə ilk dəfə tanımadığı insan ilə bu qədər söhbət edir, səmimiyyət göstərirdi. Danışmaq istəsə də, nitqinin quruduğunu hiss etdi. Titrək əli ilə gedəcəyi otelin kartını Həsənə uzatdı.

– “Otel-e-Ziba”. Yaxındır bura. Yolu keçib sağa dönəcəyik. “Ləbniyyat” mağazasından sonra.

Onlar otelə çatana qədər Həsən burdakı insanların həyat tərzindən və öz işlərindən danışdı. Səma isə heç bir söz demədən düşdüyü vəziyyəti və Həsənin sürücüyə ödədiyi pulu ona necə qaytaracağını düşünürdü.

– Çatdıq. – Həsənin səsi Səmanı düşüncələrindən ayırdı.

Otelin binasına daxil oldular. Bir qədər irəlidə, sol tərəfdə iki xanım əməkdaş əyləşmişdi. Burada müştərilər binadan çıxdıqları zaman otağın açarını təhvil verib, vəsiqələrini götürür, geri qayıtdıqda da yenidən vəsiqə ilə açarı dəyişirdilər. Səma da qaldığı nömrənin açarını almaq üçün xanımlardan birinə yaxınlaşdı. Nəzarətçi onun vəsiqəsinə baxdıqdan sonra:

– “Xanum4, az əvvəl Mədain bimarestanından5 telefun etdilər. Madəriniz6 bihal olub. Sizi görməx istər.”

Səma tam başa düşməsə də, xəstəxananın adını eşidən kimi, özünü itirdi. Nə cavab verəcəyini bilmədi. İxtiyarsız geri çevrilib Həsənə baxdı. Həsən hələ də girişdə dayanmışdı. Çağırmaq istədi, amma necə müraciət edəcəyini bilmədi. Bu qədər söhbət etsələr də, tanışlıq olmamışdı. Onun bu çaşqınlığı Həsənin diqqətindən yayınmadı. İti addımlarla ona doğru addımladı.

– Nə baş verib?

– Anam, anama nəsə olub. Xəstəxanadan zəng vurublar. Məni axtarırlar.

– Özünüzü ələ alın. Bu oteldə qaldığınızı, yəqin ki, ananız deyib onlara. Sakitləşin. Burada işiniz yoxdursa, vaxt itirməyək.

Səma başının gicəlləndiyini hiss etdi, gözləri qaraldı, dizləri əssə də, özünü itirmədi. Birtəhər başı ilə razılıq verib Həsənin arxasınca binadan çıxdı.

Həsən maşının qapısını açıb onu gözləyirdi. Səma maşına mindikdən sonra qarşı tərəfə keçib şöferlə yanaşı əyləşdi. Sürücü mühərriki işə saldı.

– “Baba, hara inşəAllah.”

– Mədain xəstəxanasına.

– “Baba, şurəvidən gəlibsüz?”

Həsən sadəcə başını tərpətdi. Sürücü bir neçə sual da verdi. Aldığı qısa cavablardan sonra həmsöhbətinin danışmaq istəmədiyini görüncə susdu.

Maşın parkın qarşısından ötüb körpüyə doğru yön aldı. Körpünü keçib sağa döndü. Bir müddət getdikdən sonra yolun kənarında dayandı. Həsən cəld maşından düşüb Səma üçün qapını açdı. Sonra da sürücüyə yaxınlaşıb haqqını ödədi. Görünür, bu sürücü əvvəlki kimi pul hərisi, hiyləgər biri deyildi. Pulu aldıqdan sonra təşəkkür edib uzaqlaşdı. Hər ikisi tələsik yolu keçib xəstəxanaya tərəf addımladılar.

Qəbul şöbəsinə yaxınlaşdılar. Həsən önə keçib növbətçi ilə danışdı. Vəsiqəni Səmadan alıb ona təqdim etdi. Daha sonra ikinci mərtəbəyə qalxdılar. Səma anasını müayinə edən həkimi görüncə yanına qaçdı.

– Həkim, anam, anam necədir? Anamı görmək istəyirəm.

– “Xanum, kəmi ahəstə, lotfən. Esme-madərət çie?”

Burada həkimlər yarı fars, yarı türkcə danışırlar. Odur ki, ilk əvvəl onları başa düşmək çətin olur. Səma da həkimin nə soruşduğunu anlamırdı.

Həsən ona yaxınlaşıb: “Xanım, ananızın adını soruşur həkim”, – dedi.

– Mehriban, Nəcəfova Mehriban.

Xəstənin adını eşidən həkim dilləndi:

– “Hə, madərinizin fəşarı yüksəldi. Nagəhan belə hal, xeyli motəəsefəm7. Sizi çox arzuladi. Onvan dedi. Telefon etdik. Hala daru yeyib yatır. Fərda gələrsüz”8.

Həkim sözlərini bitirib getdi. Dəqiq bir şey anlamayan Səma çiyinlərini çəkərək əvvəlcə həkimin arxasınca, sonra Həsənin üzünə baxdı. Həsən məcburən yalan danışmalı oldu:

– Deyir ki, narahat olmayın, hər şey qaydasındadır. Dərman qəbul edib yatır. Sabah görüşə bilərsiz.

Həsən saata baxdı. Saat 21:30-u göstərirdi.

– Xanım, artıq gecdir, burda qala da bilməyəcəksiz. Nə düşünürsüz? Yəqin, yemək də yeməmisiz.

Səma məhz indi sabahdan bəri ac olduğunu xatırladı.

– Mən, mən anamı görməliyəm.

Həsən palatadan çıxan tibb bacısına yaxınlaşdı. Uzun danışıqdan sonra onu razı sala bildi. Səma cəld içəri atıldı.

Həsən girişdə dayanıb içəri göz gəzdirirdi. Burada nisbətən ağır xəstələr yatırdı.

– “Mehriban xanımı burada niyə yatırdırlar, görəsən. Burada sağlam insanı yatırsan, sabaha xəstə olar”, – deyə düşünən zaman gözü xəstəyə sataşdı. Ona təqribən 45-50 yaş vermək olardı. Baş örtüyünün kənarından ağarmağa başlayan saçları görünürdü. Səma onun əlindən tutmuş, nə isə pıçıldayırdı. Görünür, yuxu dərmanı hələ də öz təsirini itirməmişdi. Qız çarəsiz şəkildə oturmuş, anasının üzünə diqqətlə baxaraq boğazında düyünlənən kədəri udmağa çalışırdı. Bu zaman tibb bacısı Həsənə yaxınlaşıb:

“Lotfən, dige bəse. Fərda biyayin”9. – dedi.

Həsən təşəkkür edərək Səmaya doğru addımladı.

– Bağışlayın, təəssüf ki, çox qala bilmərik, getməliyik.

Səma ayağa qalxdı. Çaşqın nəzərlərlə gah yerə, gah da Həsənin üzünə baxaraq pıçıltı ilə: “Çox sağ olun”, – dedi.

Bu üç söz Səmanın qəlbindən qopub gələn razılığın tam ifadəsi idi. Səmanın üzündəki ifadə Həsəni kövrəltdi. Bu cizgi çarəsiz bir insanın yalvarışını əks etdirirdi.

− Təşəkkür ediləsi bir şey yoxdur. Narahat olmayın. Təəssüf ki, getməliyik. Hər şey yaxşıdır, yaxşı da olacaq. Sabah gəlib yenidən baş çəkərik.

− Bəlkə, həkimlə bir də danışaq?

− Bu heç nəyi dəyişməyəcək. Burda qaydalar ciddidir. Həm yuxu dərmanı veriblər. Sabaha qədər yatacaq. Onsuz da əlimizdən gözləməkdən başqa bir şey gəlmir.

Səma yanağından süzülən yaşı silib uşaq kimi hiçqırdı. Dodaqları titrəyirdi. Bir təhər Həsənin arxasınca otaqdan çıxdı.

− Sabah gəlib həkimi ilə danışarıq. Əgər hər şey qaydasında idisə, niyə elə oldu?

− Əslində, anam buna görə müalicə alır. Tez-tez tutmalar olur və təzyiq yüksəlir. Odur ki, bir çox həkim ürəyindən şübhələnirdi. Amma sinir sistemi imiş. Burda elə dedilər. Məncə də əsəbdir. Çünki anam atamdan sonra belə oldu.

Həsən onların ayrıldığını düşünüb susdu. Pilləkənləri enib xəstəxananın həyətinə çıxdılar. Səma dərindən nəfəs alıb özünü sakitləşdirməyə çalışırdı. Havada xoş, sərin meh var idi.

− Bilirəm, yeri deyil, amma bir şey yeməlisiz. Ac qalmaqla özünüz də xəstələnə bilərsiz. O isə güclü olmalı-sız, ən azından ananıza xatir. Otelin yaxınlığında restoran var, yaxşı yeməklər verirlər. Düzdür, bizim yeməklər qədər dadlı deyil, amma yaxşıdır. Yemək yeyər, oradan da otelinizə gedərsiz. Bir az yatıb dincəlməlisiz ki, sabah ananız sizi canlı görsün. Bu halda sizi görsə, çox məyus olacaq. Çünki ona görə burada və bu vəziyyətdəsiz.

Əslində, Həsən özü də yemək istəmirdi. Sadəcə qızı sakitləşdirmək üçün çalışırdı. Səma heç bir söz demədi. Bayaqdan bəri doğma bir insan kimi onun qayğısına qalan Həsənin yorğun üzünə nəzər saldı. Başını tərpədib razılıq verdi. Bəlkə, o da Həsən ac qalmasın, − deyə bu addımı atdı. Hər ikisi yolun kənarında dayanan sarı rəngli “Samand” markalı maşına tərəf addımlamağa başladılar.

* * *

Günəşin pəncərədən süzülərək otağı aydınladan parlaq şüası içərini isitməyə başlamışdı. Nuran yatağında çevrilib gözlərini açdı. Bazar günü idi. Hər gün tezdən oyanıb işə getdiyi üçün istirahət günlərində yata bilmir, bir iki saat yatağında sağa-sola çevrilir, bəzən uzun-uzun düşüncələrə dalır və bundan sonra yerindən qalxırdı.

Saata baxdı, artıq 10 idi. Pəncərəyə yaxınlaşanda gözlərini qıyıb sifətini turşutdu:

− “Bu gün də isti qoymaz nəfəs almağa”. − Qaş-qabaqlı halda otağından çıxıb Həsənin otağının qarşısında dayandı. Otaqda sakitlik idi. Qapını döydü. Cavabsız qaldığını görüncə içəriyə boylandı. Həsən yatağında deyildi. Çarpayısı da qaydasında idi. Zala daxil oldu.

− “Yəqin, gecəni burada keçirib. Bu insan özünə niyə bu qədər zülm edir axı?” − Nuran təəssüflə ah çəkib dostuna yaxınlaşdı, amma onu oyatmağa ürəyi gəlmədi. Geri döndükdə gözü masa üzərindəki kağız-qələmə sataşdı.

− Aaa!, məsləhətim işə yarıyıb, deyəsən. Şeir filan yazmağa başlayıb ki. Adətən, insanlar İrana “Məşhədi” olmaq üçün gedirlər, bizimki “Məcnun” olub qayıdıb. – Nuran gülümsəyərək kağızı götürdü:

Hələ də unuda bilmədin deyilmi? Səbəbini soruşdunmu tənha qaldığında özündən? Bir cavab, bir çarə tapa bildinmi heç? Çarəsizliyin nə demək olduğunu anladınmı? Ağlın acizliyini gördünmü? Heç bir şey mümkün olmadı deyilmi? Çünki sən…

İnkar etdin daima sevmədim, – deyə, amma dilin söyləyənləri qəlbin qəbul etmədi. Qəlbin hər zaman onu istədi. Bir az qorxu, bir az təlaş, bir az da sevinc hissi ilə yaşatdı daxilində.

Bəs gözlərin? Bacara bildinmi gözlərinlə sən? Hər zaman, hər yerdə onu axtarmadımı? Gördüyü insanları ona bənzədib qəlbini həyəcanlandırmadımı? Ya əllərin, əllərin ona toxunmaq arzusu ilə yanmadımı? Xəyalın, xəyalın hər an onu canlandırmadımı? Ruhun onun qəlbinə, onun cisminə həbs olmadımı? Qəbul edirsən deyilmi? Sən tam ona aidsən. Səni sən edən də odur.

Niyə qərarsızsan? Niyə bu dünyadan uzaqsan düşündünmü sən? Düşünə bilməzsən, çünki düşüncələrin də həbs olunmuşdur sevgində sənin…

Unutma!!!, Yox sandığın bir şeyi həyatında var edən həyatının sahibidir demək ki.

Nuran mətni oxuduqdan sonra diqqətlə Həsənə nəzər yetirdi. Sanki indi özünə gəldi. Həqiqətən də, son günlər Həsənin ziddinə işləyirdi. Həddən artıq zəifləmiş, üzü saralmış, gözlərinin altı kölgə salmışdı. Nuran sevgiyə inanmırdı. Daha doğrusu, indiki zamanda kiminsə həqiqi sevgi yaşayacağını təsəvvür edə bilmirdi. Həmişə qeyd edirdi ki, bu dövrdə hər şey həvəs, maraq və vərdişdən qaynaqlanır, insanlar etdiklərinin, eləcə də düşündüklərinin doğru zaman və məkanını təyin edə bilmirlər. Beləcə, zamansız və maraqdan qaynaqlanan hərəkət xoşagəlməz sonluqla nəticələnir. Həsən də onunla, qismən də olsa, razılaşırdı. Münasibətdə ağlın, qarşılıqlı anlayışın, hörmətin daha vacib olduğunu vurğulayır və deyirdi:

− “Sevgi də, ehtiras da bir hisdir. Sevgi donuna bürünən ehtiras isə daha təhlükəlidir. Heç bir halda kökündə ehtiras dayanan bir hissə sevgi adı vermək olmaz. Sevgi daimi, ehtiras isə keçici bir hisdir. Bu hisləri fərqləndirmək isə ağlın işidir. Ümumiyyətlə, bütün hislər yabanı formadadır. Onları ram edəcək qüvvə ağıldır. Sevgi də, ehtiras da ram edilməzsə, nəticəsi faciəli olar: ehtiras zalımlıqdan, sevgi isə məzlumluqdan məhv edər sahibini. Adətən, kamil olmayan sevgi də xəyallar qurmağa vadar edir. O xəyallar həyata keçmədikcə insanda məyusluq yaranar, şübhə yaranar. Şübhə yaranarsa, inam itər. İnam itən yerdə isə nə hörmət olar, nə də başqa bir şey. Odur ki, ailənin təməli ağıl və anlayış üzərində qurulmalıdır. Bir-birini anlayan insan arasında, təbii ki, sevgi də, hörmət də daimi olacaqdır”.