Yəhudi Avraam, Cuannotto di Çivinyinin nəsihətindən sonra Roma sarayına gedir, orada kilsə xadimlərinin əxlaqsızlığını görüb, Parisə qayıdır, xristian olur
Pamfilonun hekayəsi, bəzən xanımları güldürsə də, ümumiyyətlə bəyənildi. Ona diqqətlə qulaq asdılar. Hekayə qurtardıqdan sonra kraliça, Pamfilonun yanında oturan Neifilaya dedi ki, müəyyən edilən əyləncə qaydalarına görə, öz hekayəni danış. Xoşrəftarlığı qədər də gözəlliyi ilə fərqlənən Neifila buna məmnuniyyətlə əməl edəcəyini həvəslə bildirib, sözə başladı:
– Pamfilo öz hekayəsində göstərdi ki, əgər bizim səhvlərimiz bizdən asılı olmayan səbəblərə görə meydana gəlirsə, allah öz mərhəməti üzündən bu səhvləri nəzərə almır. Amma mən öz hekayəmdə göstərmək istəyirəm ki, öz əməlləri və sözləri ilə bu mərhəmətin olduğunu sübut etmək əvəzinə, onun əksini edən adamların səhvlərinə allah, mərhəmətli olduğundan, səbirlə dözür, bununla da öz tədbiri ilə sübut edir ki, biz inandığımız şeyə daha möhkəm etiqad edək.
Sevimli xanımlar, mənə danışıblar ki, Parisdə Ciannotto di Çivinyi adlı dövlətli bir tacir və yaxşı adam yaşayırmış, özü də böyük mahud alveri edirmiş. O, Avraam adlı çox varlı, çox vicdanlı, açıqürəkli bir yəhudi tacirlə yaxın dost imiş. Ciannotto onun vic-danlı, açıqürəkli olduğunu bildiyindən, belə ləyaqətli, ağıllı, yaxşı adamın nöqsanlı bir dinə qulluq etdiyi üçün ruhunun əzab çəkəcəyini bilir, bundan yaman kədərlənirmiş. Buna görə, Ciannotto ondan yəhudi dininin yanlış yolundan çıxıb, həqiqi xristian dinini qəbul etməsini dostcasına xahiş edirdi. Deyirdi ki, özün görürsən, xristian dini müqəddəs və kamil bir din olduğundan, həmişə müvəffəqiyyət qazanır, xristianlar da artır, amma yəhudi dini, bunun əksinə olaraq, get-gedə tənəzzülə uğrayır, dağılır, bunu özün təsdiq edə bilərsən. Yəhudi də ona cavab verirdi: məncə yəhudi dinindən kamil, müqəddəs din yoxdur, mən bu dində doğulmuşam, bu dində də ölmək niyyətindəyəm, heç bir şey məni bu niyyətdən döndərə bilməz. Lakin Cian-notto ondan əl çəkmirdi. Bir neçə gündən sonra yenə də həmin sözlə ona müraciət etdi, xristian dininin yəhudi dinindən yaxşı olduğunu bir tacir dili ilə, sadəcə sübut etməyə başladı. Avraam, yəhudi dini qanunlarını çox gözəl bilsə də, – Ciannottoya bəslədiyi böyük dostluq hissindənmi, ya müqəddəs ruhun adi bir adamın dilinə verdiyi sözlərin təsirindənmi, – Ciannot-tonun dəlilləri onun çox xoşuna gəldi, lakin öz dinindən əl çəkmədi, xristianlığı qəbul etmədi. Yəhudi öz sözündə inad etdikcə, Ciannotto da ondan əl çəkmədi. Axırda yəhudi onun inadı qarşısında məğlub olaraq, dedi: «Yaxşı, Ciainotto, sən istəyirsən ki, mən xristian olum, razıyam, ancaq əvvəl gərək Romaya gedəm. Gedib orada, allahın yer üzündə canişini dediyin adamı, onun xasiyyətimi, həyat tərzini, həm də kardinal qardaşlarını görüm. Əgər onların hərəkətindən, həm də sənin sözlərindən əmin olsam ki, sənin dinin, sübut etməyə çalışdığın kimi, mənim dinimdən üstündür, onda dediyim kimi də edərəm; belə olmasa, onda necə vardımsa, elə də yəhudi olub qalaram».
Ciannotto bu sözləri eşidəndə çox qəmgin olub, öz-özünə dedi: «Zəhmətim boşa getdi, amma mən bu zəhmətimdən fayda götürmək istəyirdim, elə zənn edirdim ki, onu yolundan döndərib xristian eləmişəm. O, doğrudan da, Roma sarayına getsə, ruhanilərin yaramaz həyatına, dinə müğayir olan hərəkətlərinə diqqət yetirsə, daha yəhudilikdən dönüb xristian olmaz, xristianlığı qəbul etmiş olsa da, yəqin, təzədən yəhudiliyə qayıdar». Ciannotto Avraama dedi: «Dostum, niyə sən özünü belə əziyyətə salırsan, xərc çəkib Romaya getmək istəyirsən? Hələ burasını demirəm ki, sənin kimi dövlətli bir adamın dənizlə ya quru ilə səfərə çıxması təhlükəlidir. Yoxsa elə zənn edirsən ki, səni burada xaçlayan adam tapılmaz? Sənə izah etdiyim dinə şübhən varsa, bunu sənə istədiyin kimi başa salan, suallarına cavab verən buradakı kimi böyük alim və filosofu haradan tapa bilərsən? Buna görə də, mənim fik-rimcə, sənin bu səfərin artıqdır. Təsəvvür elə ki, oradakı yüksək rütbəli ruhanilər burada gördüyün yüksək rütbəli ruhanilər kimidir, hətta daha da yaxşıdır, çünki onlar ən yüksək ruhaniyə yaxındırlar. Mənim məsləhətim budur: bu zəhməti başqa bir vaxtda müqəddəs yerlərdən birinə get-mək üçün sərf etmək lazımdır; onda bəlkə mən özüm də sənə yol yoldaşı oldum». Yəhudi bunun qabağında dedi: «Ciannotto, bunların hamısı sən deyən kimidir, ancaq uzun sözün qısası, sənə deyim ki (əgər istəyirsənsə xahişini yerinə yetirim), ora getməyi qəti həll etmişəm. Getməsəm, heç bir şey eləməyəcəyəm», Ciannotto onun qəti qərara gəldiyini görüb dedi: «Yaxşı da, get». Eyni zamanda öz-özünə düşündü: «Roma sarayını görsə, xristian olmayacaq». Bununla da sakitləşdi, çünki o başqa bir şey edə bilməyəcəkdi.
Yəhudi ata minib, tez-tələsik yola düşdü. Romaya çatanda, oradakı yəhudilər onu hörmətlə qəbul etdilər. O nə üçün gəldiyini heç kəsə demədi, orada qalıb, papanın, kardinalların, başqa prelat-ların və bütün saray adamlarının həyat tərzini ehtiyatla müşahidə etməyə başladı. Onun yaxşı müşahidəçilik qabiliyyəti vardı; gördüklərindən, eşitdiklərindən belə bir nəticəyə gəldi: onlar, ümumiyyətlə şəhvət düşgünüdürlər, özü də vicdan əzabı çəkmədən, utanmadan bunun həm təbii, həm də qeyri-təbii şəklindən istifadə edirlər; buna görə onların mərhəmətini qazanmaq məsələsində yüngül əxlaqlı qadınların və uşaqların təsiri böyük qüvvədir. O eyni zamanda lap aydınca gördü ki, bu yüksək rütbəli ruhanilərin hamısı qarınquludur, özgənin hesabına içirlər, əyyaşdırlar, heyvan kimi ancaq şəhvətlərinə deyil, qarınlarına da qulluq edirlər. Yaxından diqqət edərək, bir şeyə əmin oldu: onlar elə tamahkardırlar, pula elə hərisdirlər ki, insanı, hətta xristian qanını, dinə aid olan müqəddəs şeyləri ya kilsə vəzifələrini də alıb-satırlar. Onlar bu şeylərlə daha çox alver edirdilər, bunların dəllalı Parisdəki mahud ya başqa şey-lərin dəllalından çox idi. Simoniyaya, yəni gəlir məqsədi ilə kilsə vəzifələrini açıqca alıb-satmağa onlar himayə etmək deyirdilər, qarınqululuğu qarnı bərkitmə adlandırırdılar, sanki allaha, sözün mənasını demirəm, pozğun adamların niyyəti məlum deyildi, guya allahı da, insanlar kimi, əşyaya verilən ad ilə aldatmaq olardı. Yəhudi mötədil və təvazökar adam olduğundan, bunlar və bir çox başqa şeylər (bu barədə susmaq lazımdır) onun heç xoşuna gəlmədi; gördüyü şeyləri də kifayət hesab edib, Parisə qayıtmaq qərarına gəldi; qayıtdı da.
Ciannotto yəhudinin qayıtdığını eşidən kimi yanına getdi: onun xristian olacağına indi o daha az inanırdı. Onlar bir-birini sevinclə salamladılar. Yəhudi bir neçə gün dincəldikdən sonra Çiannotto ondan müqəddəs ata, kardinallar və başqa saray adamları haqqında nə fikirdə olduğunu soruşdu. Yəhudi dərhal ona belə cavab verdi: «Pis fikirdəyəm, allah onlara bəla versin! Əgər mənim müşahidələ-rim doğru isə, orada mən heç bir kilsə ruhanisindən nə müqəddəslik, nə möminlik, nə xeyirxahlıq, nə həyat ya da başqa bir iş üçün nümunə ola biləcək şey görmədim; lakin şəhvətpərəstlik, qarınqu-luluq, pulpərəstlik, yalan, paxıllıq, xudpəsəndlik və bu kimi, bundan da pis (əgər bundan da pis şey varsa) şeylər o adamların elə xoşuna gələn şeylərdir ki, Roma mənə allaha aid işlərin başlanğıc yeri deyil, iblisanə əməllərin məskəni kimi göründü. Mənim anladığıma görə, sizin papa, eyni zamanda o biri ruhanilər, hər cür əməlləri ilə, uydur-maları ilə, hiylələri ilə xristianlıq dinini puça çıxartmaq və dünyadan rədd etmək istəyirlər. Əslində onlar bu dinin əsası və istinadgahı olmalıdırlar. Lakin mən görürəm ki, onların can atdığı məsələdən bu şey çıxmır, sizin dininiz getdikcə yayılır, daha çox ehtişam və şöhrət qazanır, mənə aydın olur ki, müqəddəs ruh – bütün dinlərdən daha həqiqi, daha müqəddəs olan bu dinin əsasını və dayağını təşkil edir. Əvvəllər sənin nəsihətlərinə müqavimət göstərib, xristian olmaq istə-mirdim, indi açıq deyirəm: xristianlığı qəbul etmək məsələsində heç bir şey mənə mane ola bilməz. Buna görə də kilsəyə gedək, sizin dininizin qayda-qanununa əsasən məni xaçla». Ciannotto bu işin başqa cür nəticələnəcəyini gözləyirdi, lakin yəhudinin sözlərini eşidib çox razı qaldı; o heç ömründə belə razılıq hissi duymamışdı. Yəhudi isə Notrdam kilsəsinə gedib, orada kilsə xadimlərindən Avraamı xaçlamağı xahiş etdi. Onlar xahişi eşidib, dərhal onu yerinə yetirdilər. Ciannotto onun kirvəsi oldu, yəhudiyə Covanni adı ver-dilər. Sonra Ciannotto xristian dinindən başı çıxan adamlara tapşırdı ki, Çovannini bizim din ilə yaxşı tanış etsinlər, Covanni də bunu tez bir zamanda mənimsədi, sonra da xeyirxah, ləyaqətli və müqəddəs bir adam oldu.
Yəhudi Məlhisedek üç üzük haqqında söylədiyi hekayə ilə, Səlahəddin tərəfindən hazırlanmış böyük bir təhlükədən qurtarır
Neifila sözünü qurtarıb susdu, hamı onun hekayəsini təriflədi. Sonra Filomena kraliçanın ar-zusu üzrə sözə başladı: – Neifilanın hekayəsi bir yəhudinin başına gələn təhlükəli hadisəni mənim yadı-ma saldı. Allahdan və bizim dinimizin həqiqi bir din olmasından çox gözəl sözlər danışıldı. İndi də insanlar arasında baş verən hadisə-lərdən, insanların tutduğu işlərdən bəhs etmək ləyaqətsiz görünməz. İndi mən bir hekayə söyləyəcəyəm, bunu eşitdikdən sonra sizə veriləcək suallara cavab verirkən ehtiyatlı olacaqsınız. Əziz dostlar, bilməlisiniz ki, axmaqlıq çox vaxt insanları yaxşı vəziyyətdən çıxarıb, çox ağır müsibətə salır, ağıl da ağıllı adamları ən dəhşətli təhlükədən qurtarır, onlara böyük xatircəmlik verir. Ağılsız hərəkət insanın var-yoxunu əlindən, alır, onu fəlakətə sürükləyir, bu doğ-rudur, bir çox hadisələr bunu sübut edir, lakin indi biz elə şeylərdən danışmaq fikrində deyilik, çünki hər gün min-min belə hadisə olur. Lakin ağlın insana təskinlik gətirdiyini mən sizə, verdiyimiz vədə əsasən, qısa bir hekayədə təsvir edəcəyəm.
Səlahəddin kiçik adam ikən, öz igidliyi sayəsində Babilin sultanı oldu, həm də sarasin və xristian krallarına dəfələrlə qalib gəldi; ancaq müxtəlif müharibələr və böyük xərclər nəticəsində xəzinəsi boşaldı. Bu arada təsadüf elə gətirdi ki, ona çoxlu pul lazım oldu, bilmədi ki, bu pulu tez vaxtda haradan tapsın, birdən onun yadına, İsgəndəriyyədə müamilə ilə pul verən Məlhisedek adlı dövlətli bir yəhudi düşdü. Fikirləşdi ki, bu adam istəsə mənə kömək edə bilər. Ancaq o yəhudi xəsis idi, özxoşuna pul verməzdi, Səlahəddin də zor işlətmək istəmirdi. O, zərurət qarşısında qalaraq çox düşündü: necə bir yol tapsın ki, yəhudi ona kömək etsin. Nəhayət, ağıllı bir tədbir pərdəsi altında zorakılığa əl atmaq fikrinə gəldi. Yəhudini çağırtdırıb, dostcasına qəbul etdi, yanında oturdub dedi: «Hörmətli adam, mən bir çoxlarından eşitmişəm ki, sən çox ağıllı və dini məsələlərdə çox dərin adamsan, buna görə də bilmək istərdim ki, sən üç dindən – yəhudi, sarasin, ya xristian dinindən hansını həqiqi din hesab edirsən?..» Yəhudi doğrudan da ağıllı adamdı, başa düşdü ki, Səlahəddin onu sözdə tutmaq, kələyə salmaq üçün bəhanə axtarır, fikirləşdi ki, mən gərək bu üç dindən heç birini o birisindən üstün tutmayım, Səlahəddin də öz məqsədinə nail olmasın. O elə bir cavab verməli idi ki, əngələ düşməsin. Ağlını işə salıb götür-qoy elədi, nə cavab verəcəyini tez müəyyənləşdirdi, dedi ki: «Hökmdarım, sizin verdiyiniz sual çox gözəl sualdır; bu barədə mənim nə düşündüyümü izah etmək üçün sizə gərək kiçik bir hekayə söyləyim. Əgər yanıl-mıramsa (yadımdadır, bu barədə mən az eşitməmişəm), bir zamanlar adlı-sanlı, dövlətli bir adam yaşayırmış, onun xəzinəsində, başqa qiymətli şeylərlə bərabər, çox gözəl, çox qiymətli bir üzük də varmış. Üzüyü keyfiyyətinə və gözəlliyinə görə qiymətləndirmək, onu həmişəlik öz nəslində saxlamaq üçün o belə bir qərara gəlir, deyir ki: oğlanlarımdan hansına bu üzüyü versəm, o mənim varisim hesab edilsin, ona başqaları da hörmət etsinlər, onu bir başçı kimi tanı-sınlar. Sonra üzük kimə düşsə, o da öz nəsli haqqında bu qaydaya əməl edirdi, o da öz sələfi kimi edirdi. Az vaxtda bu üzük əldən-ələ keçib, ;bir çox varislərə qismət oldu, nəhayət, elə bir adamın əlinə düşdü ki, onun üç gözəl, şanlı, qətiyyən atasının sözündən çıxmayan oğlu vardı, o, oğlanlarının üçünü də eyni dərəcədə sevirdi. Uşaqlar bu üzüklə əlaqədar olan qaydanı bilirdilər, buna görə onlardan hər biri üstün tutulmaq üçün, qocalmış atasından xahiş edirdi ki, öləndə üzüyü ona versin. Oğlunun üçünü də eyni dərəcədə sevən bu hör-mətli adam özü də bilmirdi ki, onlardan hansını seçsin, hər üçünə vəd etdiyi üzüyü hansına versin. Nəhayət, üçünün də arzusunu yerinə yetirmək qərarına gəldi: gizlincə yaxşı bir ustaya tapşırdı ki, bu üzükdən iki dənəsini qayırsın; «Onlar gərək birinci üzüyə elə oxşasın ki, mən özüm də onlardan hansının əsil üzük olduğunu bilməyim». Öləndə oğlanlarının, hərəsinə gizlincə bir üzük verdi. Ataları öləndən sonra onlar varis və başçı olmaq iddiasına düşdülər. Biri o birisinin varislik haqqını inkar edəndə, hər biri bu haqqa malik olduğunu sübut etmək üçün öz üzüyünü göstərdi. Üzüklər bir-birinə elə oxşayırdı ki, hansının əsil üzük olduğunu aydınlaşdırmaq mümkün deyildi; buna görə onlardan hansının varis olduğu aydın olmadı, indi də aydın deyil, hökmdarım, sizin verdiyiniz suala cavab olaraq, mən də allahın üç xalqa verdiyi üç qanun haqqında bu sözləri deyərəm: hər xalq elə güman edir ki, varis odur, həqiqi qanun onun qanunudur, bu qanunun hökmünə tabe olur, onu yerinə yetirir. Lakin onların əməl etdiyi qanunun hansı həqiqi qanundur – bu da o üç üzük haqqında olan sual kimi bir sualdır». Səlahəddin gördü ki, yəhudi, qarşısında qurulan tələdən canını çox məharətlə qurtardı, buna görə öz fikrini açıb ona söyləmək qərarına gəldi görsün yəhudi ona kömək etmək istəyəcəkmi? Belə də elədi. Yəhudi suala belə ağıllı cavab verməsəydi ona qarşı nə fikirdə olduğunu da söylədi. Yəhudi tələb olunduğu qədər pul verib, Səlahəddinə məmnuniyyətlə öz xidmətini göstərdi, Səlahəddin do sonralar bu pulu tamam-kamal ona qaytardı, bundan başqa böyük hədiyyələr də verdi, öz yanında ona mühüm və hörmətli bir vəzifə tapşırdı, həmişə onunla dostluq elədi.
О проекте
О подписке
Другие проекты
