– Bilirsən nə var, gəl zər ataq.
– Oldu, – o birisi cavab verib komanın bir küncündə ayaq xizəyini təmir edən hinduya tərəf döndü. – Ey, Bilbidem, Olsonun yanına gedib de ki, xahiş edirik zərlərini bizə versin, oynayıb qaytararıq.
Fəhlələrin maaşından, yanacaqdan, ərzaqdan söhbət gedən anda birdən bu gözlənilməz xahiş Bilbidemi çaşdırdı. Bundan başqa, hələ ertə idi, o, ağ adamların – xüsusilə Pentfild və Hatçinson kimi sahibkarların işlərini görüb qurtarmamış zər atdıqlarını və ya kart oynadıqlarını görməmişdi. O, yukonlu əsl hindu kimi təəccübləndiyini heç vəchlə büruzə vermədi; əlcəklərini əllərinə keçirib komadan çıxdı.
Səhər saat doqquz olsa da, hava hələ qaranlıq idi. Komanı şam ağacından düzəldilmiş stolun üstündəki qarmaqarışıq, bulaşıq qab-qacaq qalağının arasındakı piy şam işıqlandırırdı. Şamı uzunboğaz viski butulkasına keçirmişdilər; butulkanın boğazında saysız-hesabsız şamların piyi kiçik buzlaqlar kimi donub-qalmışdı. Komanın tənha otağının arxa divarında yorğan-döşəyi yığışdırılmamış iki taxt görünürdü. Otaqda elə stolun üstündəki kimi hərc-mərclik idi.
Lorens Pentfild və Korri Hatçinson zahiri görkəmlərindən heç kimin ağlına da gəlməsə, milyonçu idilər. Onların görkəmlərində heç bir qeyri-adilik yox idi, Miçiqan meşəqıranlarının düşərgəsində işçilərdən heç nə ilə seçilmirdilər. Ancaq bayırda qaralan çalaların dərinliyində onlarca adam gündə on beş dollara daş təbəqələri xırdalayır, başqaları dolamaçarxı hərləyir, şurflardan1 qum, qızıl, süxurlar çıxarırdılar. Hər gün hasil olunan min dollarlıq qızıl Bonanzanın ən dövlətli “qızıl kralları” sayılan Pentfild və Hatçinsona məxsus idi.
Bilbidem çıxıb gedəndən sonra araya çökən sükutu Pentfild pozdu. O, bulaşıq qab-qacağı stolun boşaldılmış hissəsinə itələdi, təmiz hissədə barmaqları ilə stolu taqqıldat- mağa başladı. Hatçinson his eləyən şamın gözünü baş və şəhadət barmaqları ilə təmizlədi. Sonra isə onları bir-birinə sürtüb qəfil dilləndi:
– İkimiz də çıxıb gedə bilsəydik, nə yaxşı olardı. Heç zər atmalı olmazdıq.
Pentfild qaşqabaqla ona baxdı:
– Sənin bu lənətə gəlmiş tərsliyin olmasaydı, heç mübahisə də eləməzdik. Sən ancaq şeylərini yığışdırıb yola düşərdin. Mən işlərə göz olar, gələn il gedərdim.
– Mən niyə gedim? Axı mənim yolumu gözləyən yoxdur…
Pentfild onun sözünü ağzında qoydu:
– Bəs qohum-qardaşın?
Hatçinson sözünə qaldığı yerdən davam etdi:
– Səni isə gözləyirlər. Bilirsən də mən kimi nəzərdə tuturam.
Pentfild qaşqabağını sallayıb çiyinlərini çəkdi:
– Gözləyər.
– Axı o, iki ildir ki gözləyir…
– Bir il də gözləsə, qocalmaz.
– Axı onda üç il olacaq! A kişi, bir ağlına vur, üç il dünyanın bu başında, bu lənətə gəlmiş cəhənnəmdə ilişib qalmaq olar?! – Hatçinson əllərini məyusluqla yellədi.
O öz şərikindən yaşca kiçik idi, iyirmi altıdan artıq yaşı olmazdı. Sir-sifətindən qəm-qüssə yağırdı: çoxdan bəri həsrətini çəkdiyi şeylərdən məhrum olan üzündə kədər vardı. Eynilə Pentfildin də üz-gözündən, donqar çiyinlərindən məyusluq tökülürdü.
– Dünən gecə yuxuda gördüm ki, Zinkengildəyəm, – Pentfild dedi. – Musiqi çalınır, badələrin cingiltisi, qadın gülüşü eşidilirdi. Mən yumurta sifariş vermişdim. Hə, özü də hər növündən – həm bərk, həm ilıq bişirilmiş, həm də qayğanaq; bunları elə aşırıram ki, bişirib çatdıra bilmirlər.
Hatçinson onun sözünü acgözlüklə kəsdi:
– Mən isə salat, üstünə göyərti səpilmiş bifşteks2 sifariş verərdim, yanında da göy soğanı, turpu dişlərimin arasında xırçıldayaydı.
Pentfild ah çəkdi:
– Mən də bunların hamısını yumurtadan sonra sifariş verərdim, yuxudan ayılmasaydım…
O, döşəmənin üstündəki sınıq-salxaq banconu3 götürüb simlərinə fikirli-fikirli toxundu. Hatçinson diksinib dərindən ah çəkdi. Pentfild şən bir melodiya çalanda isə o, gözlənilməz qəzəblə qışqırdı:
– Saxla! Adam dəli olar, dözmək olmur.
Pentfild banconu taxtın üstünə atıb qiraətlə oxudu:
Açıb gizli həsrətimi4
Oxuyuram mən beləcə,
Yaddaşımın qaranlığı
Axıb gedir,
Keçir gecə.
Bir şəhərəm, dan yerinin
Şəfəqində sökülürəm,
Xatirələr əzabında
Öz içimə çəkilirəm.
Qəlbim yenə düşür oda,
O geydiyim frak mənim
Gör nələri salır yada.
Dostu başını ağır-ağır əllərinin üstünə endirdi. Pentfild təzədən stolun üstünü yeknəsəq şəkildə taqqıldatdı. Sonra onun nəzərini qapının bərk açılması cəlb elədi. Qapının üstünə ağ qırov tük kimi çökmüşdü. Pentfild pəsdən oxudu:
Ağlımdadır qoyun-quzu…
Neçə ümid, neçə arzu,
Bir quş kimi süzüb gedir.
Qızılbalıq dağ çayından
Dəryalara üzüb gedir.
Ürəyimdə bir səda var:
yeri dinlə, göyü dinlə!
Haçan mənim məhəbbətim,
Qovuşaram mən səninlə?!
İçəri girən Bilbidem zərləri stolun üstünə atdı. Ani sükutdan sonra dedi:
– Yaman şaxta var, Olson mənə dedi ki, Yukon çayı dünəndən donub.
Pentfild Hatçinsonun çiyinlərini şappıldadıb qışqırdı:
– Eşitdin, dostum? Kim udsa, sabah bu vaxt xoşbəxt diyarın yolunda olacaq.
O, içində zərlər olan stəkanı şən halda silkələdi:
– Hə, nə oynayırıq?
– Poker5, at görüm.
Pentfild stolun üstündəki qab-qacağı itələyib şaqqıltı ilə yerə tökdü. Zərləri stolun üstünə atdı. İkisi də tələsik əyildi. Heç biri qoşa düşməmişdi, ən böyük say beş idi.
Pentfild içini çəkdi:
– Boş xana.
Çox götür-qoydan sonra o, zərlərin beşini də stəkana yığdı. Hatçinson dedi:
– Sənin yerinə olsaydım, beşi saxlardım.
– Yox, indi gör nə olacaq! – deyə Pentfild zərləri atdı.
Yenə heç biri qoşa düşmədi. Bu dəfə ikidən ta altıyacan düşmüşdü. Pentfild inildədi:
– Yenə fərli bir şey düşmədi. Korri, sən daha atma, sən uddun.
Korri dinməzcə zərləri yığdı, stəkanın içində cingildədib atdı. Ona da altı ilə boş xana düşdü. O, altılığı saxlayıb qalan dörd zəri yığaraq dedi:
– Hər halda, heç-heçə, ancaq mən qoşa bir zər istəyirəm. Budur, udacam.
Stolun üstünə iki, üç, dörd, beş və Pentfilddəki kimi boş xana düşdü. Hatçinson ah çəkdi:
– Belə hadisə yüz ildə bir dəfə olur.
Pentfild zərləri tələsik qamarlayıb təzədən atdı.
– Milyonda bir dəfə.
Üç beşlik düşdü. O, stəkanı xeyli silkələdi, nəhayət, zərləri atanda bir beşlik də düşdü. Korri hövsələsini lap itirdi. Ancaq onun üç altılığı düşdü. Oyun yoldaşının gözlərində inamsızlıq, onun baxışlarında isə ümid parladı. Bir altılıq da düşsəydi, o, buzun üzəri ilə ştatlara yollanardı. O, stəkanı silkələdi, istədi atsın, tərəddüd etdi, yenə də silkələməkdə davam elədi.
Pentfild qəzəblə qışqırdı:
– At, at! Bizi incitmə! – O, həyəcanını gizlətmək üçün stolun qırağından elə yapışdı ki, dırnaqları əyildi.
Zərlər diyirləndi. Stolun üstündə altılıq göründü. Onlar yerlərində donub-qalaraq altılığa tamaşa edirdilər. Araya uzun sükut çökdü. Hatçinson altdan-yuxarı yoldaşına nəzər saldı. Pentfild onun baxdığını görüb özünü etinasız göstərmək üçün soyuq-soyuq gülümsündü.
Hatçinson yerindən sıçradı. Üzündə pərt və əsəbi ifadə vardı. Bu oyunda udmaq uduzmaqdan çətin idi. O, dostuna yaxınlaşdı, amma dostu da onun nə deyəcəyini bildiyindən danışmağa qoymadı:
– Sus, Korri, mən bilirəm sən nə demək istəyirsən. Mənim getməyimi istəyirsən və sairə və ilaxır. Yaxşısı budur, dinmə. Detroytda qohumların yolunu gözləyir, buna görə də getməlisən. Bir də ki sən mənim istəyimi yerinə yetirə bilərsən.
– Yəni?
Pentfild dostunun onun ürəyindəkiləri anladığını hiss etdi:
– Yəni ki, sən onu bura gətirə bilərsən. Fərq onda olacaq ki, toy San-Fransiskoda yox, Dousonda olacaq.
Hatçinson etiraz etdi:
– Ağlın çaşıb, nədir? Mən onu necə gətirrəm, onu heç tanımıram da. Sənin nişanlın mənə bacı kimidir, amma özün başa düşürsən də, ikilikdə yola cıxa bilmərik. Sənlə mən bilirik ki, arada heç nə ola bilməz, amma başqaları bunu söz-söhbət eləyərlər.
Pentfild boğuq səslə söyüş söyüb başqalarını Alyaskadan daha isti yerlərə göndərdi. Şəriki isə sözünə davam etdi:
– Əgər sən mənə qulaq assaydın, öz alicənablığını gözə soxmasaydın, indiki şəraitdə özünün getməyin daha yaxşı olardı. Cəmi-cümlətanı bircə ildən sonra mən gedib kefə baxaram.
Pentfild yola düşməkdən özünü güclə saxlayaraq başını buladı:
– Dostum, özünə nahaq zəhmət vermə. Mən sənin xeyirxahlığını qiymətləndirirəm, ancaq olmaz. Mən sənin burda, mənim də yerimə can qoyduğunu bilə-bilə orda rahat otura bilmərəm.
Birdən ağlına qəribə fikir gəldi. O, taxtın üstünə atıldı. Tələskənliklə yatağı alt-üst edib qələm-kağız tapdı. Stolun arxasına keçib tələsik, ancaq inamla yazmağa başladı.
– Hə, al bunu, – deyib əlindəki kağızı şərikinin ovcuna basdı. – Təkcə ünvanına çatdır, hər şey yoluna düşəcək.
Korri kağızı oxuyub şübhə ilə dedi:
– Hardan bilirsən ki, qardaşı bu dalbucaq yerə gəlmək istəyər?
Pentfild sözünün üstündə inadla durub dedi:
– O mənim, bacısının xətrinə razılaşar. Sadəcə, iş orasındadır ki, qardaşı nərmənazikdir. Qızın onunla tək yola çıxmasını istəmirəm. Sən yanlarında olsan, ürəyim rahat olar. Həm də camaat artıq-əskik danışmaz. Şəhərə çatan kimi birbaşa onlara get, hər şeyi başa sal, sonra öz evinizə gedərsən. Yazda da onların dalınca gəlib bura gətirərsən.
Bu sözləri deyib saatın qapağını açdı:
– Əminəm ki, seçimimi bəyənəcəksən. – Qapağın içindəki şəkli göstərdi. Korri şəklə tamaşa etdikcə heyran qaldı. – Yaxşı bax ki, rastlaşanda tanıyasan, – deyə Pentfild əlavə etdi. – Adı Meybldir. Yeri gəlmişkən, ünvanı başa salım ki, tapa biləsən. San-Fransiskoya çatanda bir keb6 tutub sürücüyə de: “Mirdon avenyuya7, Holmsun evinə sür”. Şəhərdəki bütün faytonçular məhkəmə hakimi Holmsun harda yaşadığını yaxşı bilirlər.
O, sözünə azacıq fasilə verib dedi:
– Bilirsən nə var, sən mənə bəzi şeylər alsaydın, pis olmazdı, məsələn… məsələn…
– Ailəli adama lazım olan şeylər.
Pentfild bu cavabdan pərt halda gülümsündü.
– Hə, düz tapdın. Süfrələr, salfetlər, döşəkağı, balışüzü, yaxşı qab-qaşıq dəsti və sairə. Axı buralara alışınca ona çətin olacaq. Aldığın şeyləri gəmi ilə yola salarsan. Bir də yaxşı olardı ki… Royal barədə nə fikirləşirsən?
Hatçinson bu fikrə ürəkdən razı oldu. Bayaqdan bəri səfərə etiraz etdiyini unutmuşdu. Artıq üzərinə qoyulan vəzifə ona daha cəlbedici görünürdü. Söhbətlərini qurtarıb ayağa qalxanda o dedi:
– Lorens, Tanrıya and olsun, onu dəbdəbə ilə gətirib gələrəm. Yol uzunu bişirib-düşürməyi, itlərə qulluq etməyi də öz öhdəmə götürürəm. Onlara əziyyət çəkdirmərəm. Qardaşına da ancaq bacısının rahatlığını təmin etmək, bir də mənim nəsə yadımdan çıxsa, onları eləmək qalır. Amma yenə də çalışaram ki, heç nə unutmayım.
Ertəsi gün Pentfild dostunun əlini sonuncu dəfə sıxıb onun itlər qoşulmuş kirşədə donmuş Yukon çayı ilə üzüyuxarı “gen dünya”ya tərəf yollanmağına tamaşa etdi. Daha sonra mədənə, iş başına qayıtdı. Burada onun ürəyi çox sıxılırdı. Uzun qışı dözümlə qarşıladı. İşi başından aşırdı; fəhlələrə göz qoymalı, torpaqda aparılan kəşfiyyat işlərinə rəhbərlik etməli idi. Ancaq onu təkcə iş məşğul etmədi, təpənin üstündə, mədənlərin arxasında yeni koma tikdirdi. Bu, möhkəm tikilmiş, xudmani koma idi: üç rahat otağı vardı. Onun hər bir tiri çox yaxşı yonulmuşdu. Hər halda, dülgərlərə gündə on beş dollar vermək hər adamın xərci deyildi. Ancaq söhbət sevimli Meybldən gedəndə heç bir xərc onu qorxutmurdu. O, komanı səliqəyə sala-sala oxuyurdu:
Haçan mənim məhəbbətim,
Qovuşaram mən səninlə?!
Divardan təqvim asmışdı. Hər səhər yuxudan duran kimi təqvimdəki günün üstündən xətt çəkir, bahara nə qədər qaldığını, nişanlısını dostunun nə vaxt gətirəcəyi günü hesablayırdı. Təzə komaya özündən başqa heç kim girə bilməzdi. Nişanlısı gələndə hər şeyi təptəzə görməli idi. Özü saatlarla o evdə vaxt keçirirdi, oradan çıxanda isə üzündə qəribə nəvaziş olur, baxışlarından şadlıq və mülayimlik yağırdı.
На этой странице вы можете прочитать онлайн книгу «Hekayələr», автора Джека Лондона. Данная книга имеет возрастное ограничение 12+, относится к жанрам: «Литература 20 века», «Зарубежная классика». Произведение затрагивает такие темы, как «реализм», «рассказы». Книга «Hekayələr» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты