Читать книгу «Çippolinonun macəraları» онлайн полностью📖 — Джанни Родари — MyBook.
image

Professor Armud, Kəvər və Qırxayaq barədə…

Həmin gündən Çipollino pinəçi Üzümün yanında işləməyə başladı. O, pinəçilik işini həvəslə və çox tez öyrənirdi. Üzüm oğlanın işindən çox razı idi. Üstəlik, Çipollino işə başlayandan pinəçi dükanına gələnlərin sayı birə-beş artmışdı. Hamı kavaler Pomidoru ağlamağa məcbur eləmiş bu cəsarətli oğlanı öz gözü ilə görməyə can atırdı. Beləliklə, qısa vaxt ərzində Çipollino özünə çoxlu dost qazandı.

O, əvvəl professor Armudla tanış oldu. Daim skripkası qoltuğunda gəzən Armud musiqi müəllimi idi. Professor Armudun arxasınca həmişə bir topa arı dəstəsi uçardı. Çünki onun skripkası ətirli, şirəli armuddan düzəldilmişdi. Bəzən skripkanın içinə qurd da girirdi. Qurd armudun içini gəmirib aləti yararsız hala salırdı. Odur ki professor özünə yeni skripka düzəltməli olurdu.

Armuddan sonra dirrikçi Kəvər gəldi. Onun başında sıx kəkili vardı, upuzun bığları çənəsindən aşağı sallanırdı.

– Bu bığlar başıma çox dərd açıb, – Kəvər bığlarının ucunu buraraq Çipollinoya şikayətlənirdi. – Arvadım paltar qurutmaq istəyəndə məni balkonda oturdub bığlarımın ucunu divardakı mıxa bağlayır. Sonra da mələfələri, köynəkləri, corabları bığlarımın üstünə sərir ki, qurusun. Mən də onlar quruyana kimi balkonda, Günəşin altında oturmalı oluram.

Bir dəfə pinəçi dükanına Qırxayaq ailəsi təşrif buyurdu: ata və iki oğlu. Qırxayağın oğlanları bir dəqiqə də yerlərində dinc durmur, ora-bura vurnuxurdular.

– Onlar həmişə belədirlər? – Çipollino soruşdu.

– Nə danışırsınız! – ata Qırxayaq ah çəkdi. – Əslində, burada özlərini çox sakit aparırlar. Siz onları evdə görəsiniz! Onları çimizdirdiyimiz vaxt arvadım qabaq ayaqlarını yuyana kimi arxa ayaqlarını çirkləndirirlər. Hər dəfə onları yuyunduranda bir qutu sabun işlətməli oluruq.

Pinəçi Üzüm boynunun ardını qaşıyıb dedi:

– Hə, nə deyirsiniz, ayaqlarının ölçüsünü götürüm?

– Yox, yox! Mənim o qədər çəkmə sifariş eləməyə pulum çatar?!

– Düzdür, – Üzüm razılaşdı. – Heç məndə də o qədər çəkməni tikmək üçün dəri yoxdur.

– Yaxşısı budur, siz oğlanların hansı ayağındakı çəkmələr daha çox yırtılıbsa, onların ölçüsünü götürün, – ata Qırxayaq dedi. – Heç olmasa, bir neçə cütünü dəyişək.

Nəhayət, pinəçi oğlanların ayaq ölçülərini götürəndən sonra Qırxayaq ailəsi dükandan çıxıb getdi. Bala qırxayaqlar qabaqda qaçışırdılar, ataları isə onların dalınca axsaya-axsaya ayaqlarını sürüyürdü.

Çipollino susuzluqdan yanan itə necə kələk gəldi

Yaxşı, bəs Kudu lələnin evi necə oldu?

Günlərin bir günü kavaler Pomidor yenə dörd xiyar qoşulmuş kareti ilə ətrafda toz qopararaq gəlib çıxdı. Bu dəfə onu bir xeyli sayda lumucuq da müşayiət eləyirdi. Əsgərlər zavallı Kudu lələni zorla öz evindən çıxarıb onun yerinə Mastino adlı iti daxmaya bağladılar.

– Sizə hələ bu da azdır! – Pomidor qəzəblə bağırdı. – Əgər bu səfeh Kudu başının üstündə damının olmasını istəyirsə, ona geniş, rahat həbsxanamızda həmişə yer tapılar!

Pinəçi Üzümlə şagirdi Çipollino baş verənləri uzaqdan izləsələr də, zavallı Kuduya heç cür köməklik göstərə bilmədilər.

Kavaler Pomidor üzünü Mastinoya tutub əmr elədi:

– Buralardan göz-qulaq ol!

Sonra karetinə minib xiyarları qamçılayaraq gözdən itdi.

Həmin gün hava çox isti və günəşli idi. Kavaler Pomidor gedəndən sonra boynu zəncirli Mastino bir müddət evin qabağında o tərəf-bu tərəfə gəzindi. Bərk susamışdı. İstidən dilini bir qarış çölə çıxarıb ləhləyirdi. Boynunda zəncir olduğundan gedib su içə bilmirdi. Birdən pinəçi dükanının qapısı ağzında dayanmış Çipollinonu gördü.

– Ey oğlan! – Mastino onu çağırdı. – Qaç mənə sərin su gətir.

– Böyük məmnuniyyətlə sənə su gətirərdim, – Çipollino dedi, – ancaq ustam mənə vacib iş tapşırıb, əlimdəki çəkməni yamamalıyam. Təəssüf ki, bu işi bitirmədən heç yerə gedə bilmərəm.

Çipollino bunu deyib dükana girdi.

– Tənbəlin biri tənbəl! – Mastino fınxırdı.

Bir qədər sonra Çipollino yenə dükanın qapısında göründü. Mastino bu dəfə də ondan su istədi. Çipollino yenə əlindəki işi bəhanə gətirib su dalınca getmədi.

Əslində, onun susuzluqdan dili bir qarış çölə çıxmış zavallı itə yazığı gəlirdi, lakin senyor Pomidora dərs vermək üçün plan cızmışdı. Bu plana görə hələ bir qədər də gözləmək lazım idi.

Nəhayət, gündüz saat 3-də Çipollino artıq Mastinonun susuzluqdan yandığını görüb bir şüşəyə su doldurdu. İçinə də pinəçinin arvadının axşamlar içdiyi yuxu dərmanından töküb itin yanına gəldi. Şüşəni başına çəkib özünü elə göstərdi ki, guya sudan içir.

– Xahiş eləyirəm, mənə də bir qurtum ver, – Mastino yalvarmağa başladı, – bircə qurtum…

– Bir qurtum niyə?! Al, istədiyin qədər iç, – Çipollino bunu deyib şüşəni itə uzatdı. Mastino şüşəni alıb acgözlüklə suyu başına çəkdi. Şüşədəki bütün suyu içib qurtaran kimi onu yuxu tutdu.

Çipollino itin boynundakı zənciri çıxarandan sonra onu belinə şəllədi və Albalı qrafinyalarla kavaler Pomidorun yaşadığı qəsrə tərəf üz tutdu. Geri boylanıb baxanda gördü ki, Kudu lələ artıq öz evinin içindədir. Onun kürən saqqalı pəncərədən çölə çıxmışdı.


Çipollino yolda öz-özünə mızıldanırdı:

– Yazıq it! Məni bağışla, lakin bunu etməyə məcbur idim.

Qəsrin qapıları açıq idi. Çipollino iti yaşıl otların üstünə qoyub başını sığalladı və dedi:

– Məndən senyor Pomidora və qrafinyalara salam de.

Qaragilə qapıya oğrular üçün zınqırov asır

Kəndə qayıdan Çipollino gördü ki, Kudunun evinin ətrafına çoxlu adam toplaşıb. Adamlar nə barədəsə qızğın mübahisə edirdilər, ağız deyəni qulaq eşitmirdi. Belə görünürdü ki, məsələ xeyli ciddidir.

– Görək indi kavaler Pomidor kimi günahkar biləcək, – professor Armud qəmgin və qayğılı halda dilləndi.

– Məncə, bu işin axırı yaxşı qurtarmayacaq, – Kəvər dedi. – Buranın ağası onlardır, istədiklərini eləyəcəklər.

Hətta hər zaman soyuqqanlığını qoruyan pinəçi Üzüm də həyəcanlanmışdı. O, əlləri ilə başını tutub dedi:

– Kavaler Pomidor artıq iki dəfə axmaq vəziyyətə düşüb. Aydın məsələdir ki, bunun əvəzini çıxacaq.

Təkcə Kudu lələ narahat deyildi. Onun cibi həmişəki kimi şüşə konfetlərlə dolu idi. Yenidən evinə qovuşduğuna görə çox sevinirdi, odur ki hər kəsi konfetə qonaq elədi. Çipollino bir şüşə konfet götürüb ağzına atdı və fikirli halda dedi:

– Mən də bu fikirdəyəm ki, Pomidor asanlıqla təslim olmayacaq…

– Deməli, onda… – Kudu lələ doluxsundu. İndi onun üzündə bayaqkı xoşbəxtlikdən əsər-əlamət qalmamışdı.

– Onda bizim bircə çarəmiz qalır: evi gizlətmək. Əgər ev böyük olsaydı, bu, ağlabatan görünməzdi, – Çipollino dedi. – Lakin xoşbəxtlikdən Kudu lələnin daxması o qədər kiçikdir ki, onu hətta arabaya qoyub daşımaq da olar.

Köhnə əşyaları alıb-satmaqla məşğul olan Lobyanın oğlu Lobyacıq cəld evə qaçdı və çox keçmədən yük arabası ilə qayıdıb gəldi.

– Siz evimi bu arabaya yükləmək istəyirsiniz? – Kudu lələ təşvişlə soruşdu. O, evin uçulub-söküləcəyindən qorxurdu.

Bunu başa düşən Çipollino gülümsünüb dedi:

– Narahat olma, evciyəzinə heç nə olmayacaq.

– Bəs onu hara aparacağıq?

– Əvvəl bizim zirzəmiyə qoyaq, sonrasına baxarıq, – pinəçi Üzüm dedi.

– Birdən senyor Pomidor daxmanın yerini öyrənsə, onda necə? – Kudu lələ təlaşla soruşdu.

Bu zaman hamı dönüb təsadüfən oradan keçən vəkil Noxuda tərəf boylandı. Noxud qızardı və and içməyə başladı ki, bu sirri heç kimə açmayacaq:

– Mən xəbərçi deyiləm, vicdanlı vəkiləm!

– Axı rütubətli zirzəmidə evin kərpicləri nəm çəkər, – Kudu lələ sakitləşmək bilmirdi. – Bəlkə, onu meşədə gizlədək?

– Bəs meşədə evə kim göz-qulaq olacaq? – Çipollino soruşdu.

– Mənim tanışım Qaragilə meşədə yaşayır, evciyi ona etibar etmək olar, – professor Armud sözə qarışdı.

Beləliklə, evciyi arabaya yükləyib meşəyə aparmaq qərarına gəldilər. Kudu lələ öz evciyi ilə vidalaşıb nəvəsi Kuducuğun yanına yollandı.

Çipollino, Lobyacıq və Armud evciyi meşəyə apardılar. Onlar evciyi daşıyarkən qətiyyən yorulmadılar. Axı Kudu lələnin daxması quş qəfəsi kimi yüngül idi.

* * *

Qaragilə şabalıd qabığının içində yaşayırdı. Evi darısqal olsa da, burada yaşamaqdan məmnun idi. İçəridə elə də çox əşya yoxdu: onun bütün sərvəti birtaylı qayçıdan, paslanmış ülgücdən, iynə-sapdan və pendir qırıntısından ibarət idi.

Professor Armud tanışına təklif etdi ki, gətirdikləri daxmaya köçsün və bundan sonra orada yaşasın. Qaragilə bu təklifdən bərk həyəcanlandı. Çünki hamının kiçik hesab elədiyi daxma onun gözünə həddən ziyadə böyük, lap saray kimi görünmüşdü. Ona görə də əvvəl etiraz elədi:

– Belə böyük evdə yaşamaq? Mümkün deyil! Bu boyda sarayda təkbaşına nə edəcəyəm? Mənə şabalıd qabığında yaşamaq daha xoşdur.

Lakin o, evin Kudu lələyə məxsus olduğunu eşidən kimi razılaşdı:

– Mənim Kudu lələyə həmişə yazığım gəlib. Hətta bir dəfə onu ölümdən, daha doğrusu, tırtıldan qurtarmışam. Tırtıl Kudunun yaxalığına yapışmışdı, mən onu xəbərdar eləməsəydim, kim bilir, bu nə ilə nəticələnəcəkdi…

Evciyi qollu-budaqlı palıd ağacının altına qoydular. Çipollino, Lobyacıq və Armud Qaragilənin yeni evə köçməsinə kömək etdilər. Sonra onlar Kudu lələnin evinin yeni sahibi ilə sağollaşıb söz verdilər ki, tezliklə ona şad xəbər gətirəcəklər. Tək qalan Qaragilə narahat olmağa başladı. Birdən evə oğrular girsə, necə olacaq?

– Belə böyük evi oğrular mütləq soymaq istəyəcəklər. Elə biləcəklər ki, evdə bahalı əşyalar var. Odur ki ayıq-sayıq olmalıyam!

Qaragilə çox düşünüb-daşınandan sonra qapıya zınqırov asmaq qərarına gəldi. Zınqırovun üstünə isə bir lövhə vurdu. Həmin lövhədə bu sözlər yazılmışdı:

«Əziz oğrular, sizdən acizanə şəkildə xahiş edirəm, içəri daxil olmazdan əvvəl bu zəngi çalın! Onda sizi dərhal evə buraxacaqlar və öz gözünüzlə görəcəksiniz ki, bura boşuna gəlmisiniz, oğurlamağa heç bir şey yoxdur».

Lövhəni qapıya asandan sonra xeyli rahatlanan Qaragilə Günəş batar-batmaz yuxuya getdi. Lakin gecənin bir yarısı qapının zəngini vurub onu oyatdılar.

– Kimdir? – Qaragilə içəridən səsləndi.

– Oğrulardır.

– Gəlirəm, bircə dəqiqə gözləyin.

O, xalatını geyinib qapını açdı. Qapıda iki iricüssəli, hündürboy, saqqallı oğru dayanmışdı. Qaragilə onlara icazə verdi ki, bütün evi axtarsınlar. Onun gözünə saray kimi görünən, əslində, quş damından böyük olmayan bu evə oğruların girməsi mümkün deyildi. Odur ki növbə ilə başlarını qapıdan içəri salıb hər yerə göz gəzdirdilər, ancaq oğurlamağa bir şey tapmadılar. Oğruların əliboş qayıdacaqlarına üzülən Qaragilə dedi:

– Əgər üzünüzü taraş etmək istəsəniz, sizə ülgüc verə bilərəm. Düzdür, bir az paslanıb, amma yaxşı ülgücdür, ulu babamdan qalıb.

Havayı taraş olmağı qənimət bilən oğrular razılaşdılar. Üzlərini taraş eləyəndən sonra çıxıb getdilər. Hətta gedərkən Qaragiləyə təşəkkür etməyi də unutmadılar. Bu isə onların pis adam olmadıqlarını göstərirdi. Kim bilir, hansı ehtiyacdan oğurluqla məşğul olmaq məcburiyyətində qalmışdılar!

Qaragilə yenidən yatağına uzandı. Gecə saat 2-də qapının zəngi növbəti dəfə onu yuxudan oyatdı. Bu dəfə də iki oğru gəlmişdi.

– Buyurun, baxın, – Qaragilə dedi. – Ancaq bir-bir, yoxsa evi uçurarsınız.

Bu oğruların saqqalı yox idi, lakin onlardan birinin gödəkçəsinin bütün düymələri qopub düşmüşdü. Qaragilə iynə-sapını ona bağışlayıb dedi:

– Gedərkən ayağınızın altına diqqətlə baxın. Yolda həmişə çoxlu düymə olur. Götürüb bu iynə-sapla tikərsiniz.

Həmin gündən oğrular hər gecə zəngi çalıb Qaragiləni yuxudan oyadırdılar. Onlar evdən oğurlamağa bir şey tapmasalar da, bu balaca, xeyirxah və nəzakətli ev sahibi ilə tanışlıqdan razı qalırdılar.

Gördüyünüz kimi, Kudu lələnin evciyi etibarlı əllərdə idi…