Читать книгу «Çippolinonun macəraları» онлайн полностью📖 — Джанни Родари — MyBook.
image
cover

Джанни Родари
Çippolinonun macəraları

© ALTUN KİTAB MMC – 2020

Çipollone şahzadə Lumunun ayağını tapdayır

Çipollino soğan Çipollonenin oğlu idi. Onun özündən başqa yeddi qardaşı vardı: Çipolletto, Çipollotto, Çipolloçça, Çipolluçça və sairə və ilaxir… Onların hamısı yaxşı adamlar idi, lakin bu həyatda bəxtləri gətirməmişdi. Nə etmək olar, harada soğan varsa, orada göz yaşı da olacaq…

Çipollone arvadı və oğlanları ilə birlikdə şitil qutusundan bir az böyük taxta komada yaşayırdı. Varlı adamların yolu bu komanın yaxınlığından düşəndə əlləri ilə burunlarını tutub deyinirdilər: «Püfff… bu soğan iyi haradan gəldi?» Və dərhal arabaçıya əmr eləyirdilər ki, oradan sürətlə ötüb-keçsin.

Günlərin bir günü ölkənin hökmdarı şahzadə Lumu şəxsən özü Çipollinogilin yaşadığı şəhərkənarı kasıb məhəlləyə baş çəkmək qərarına gəldi. Saray əyanları bərk təşvişə düşmüşdülər. Görəsən, soğan qoxusu zati-alilərini narahat eləməz ki?

– Gəlin yoxsulların üstünə ətir vuraq! – baş kamerger[1] təklif irəli sürdü.

Vaxt itirmədən bir dəstə əsgəri (Lumuya xidmət etdikləri üçün onları «lumucuq» adlandırırdılar) həmin məhəlləyə göndərdilər ki, soğan iyi verən sakinləri ətirləsinlər. Əsgərlərin çiynində həmişəkindən fərqli olaraq tüfəng əvəzinə püskürtmə başlığı olan iri bidonlar vardı. Bu bidonlara çiçək ətri, bənövşə cövhəri, qızılgül suyu doldurulmuşdu.

Komandir əmr elədi ki, Çipollone bütün ailəsi ilə birlikdə komadan çölə çıxsın. Əsgərlər onları sıraya düzüb təpədən dırnağa kimi ətirlədilər. Bu ətir yağışından sonra Çipollino elə ucadan asqırmağa başladı ki, uzaqdan gələn şeypur səsini belə eşitmədi.

Şeypur səsi isə hökmdarın gəlişindən xəbər verirdi. O, lumucuqlardan ibarət əyan dəstəsi ilə birlikdə məhəlləyə yaxınlaşdı. Şahzadə Lumu başdan-ayağadək sarı geyinmişdi, sapsarı şlyapasının üstünə isə qızılı zınqırov taxmışdı. Şahzadə yeridikcə zınqırov yellənib səs çıxarırdı. Yanındakı əyanların zınqırovları gümüşdən, əsgərlərinki isə bürüncdən idi. Bu zınqırov səsləri bir-birinə qarışıb qəribə musiqi yaradırdı. Səsə məhəllənin bütün sakinləri küçəyə çıxmışdılar. Camaat elə bilmişdi ki, səyyar çalğıçılar gəliblər.

Çipollone oğlu Çipollino ilə birlikdə lap qabaq cərgədə dayanmışdı. İrəli keçmək istəyənlər onları vurub itələyirdilər. Zavallı qoca Çipollone axırda dözməyib qışqırmağa başladı:

– Belə olmaz axı! Bir az geri çəkilin!

Bunu eşidən şahzadə Lumu qısa, əyri qıçlarıyla qocaya yaxınlaşıb onu qəzəblə süzdü:

– Nə qışqırırsan? Sadiq təbəələrim[2] məni görmək üçün irəli can atırlar, sən də onlara deyirsən ki, geri çəkilsinlər? Deməli, bu sənin xoşuna gəlmir, hə?

– Əlahəzrət, – baş kamerger şahzadənin qulağına pıçıldadı, – mənə elə gəlir ki, bu adam çox təhlükəli qiyamçıdır. Onu xüsusi nəzarətə götürmək lazımdır.

Lumucuq əsgərlərdən biri dərhal əlindəki müşahidə borusunu Çipolloneyə tuşladı. Bu alət vasitəsilə ölkədə əmin-amanlığı pozmağa cəhd göstərənləri müşahidə altına alırdılar.

Zavallı Çipollonenin qorxudan rəngi lap saraldı.

– Əlahəzrət! – qoca, nəhayət, udqunub dilləndi. – Axı onlar məni itələyirlər!

– Lap əcəb eləyirlər! – şahzadə Lumunun səsi gur-gur guruldadı. – Sənə elə belə də lazımdır!

Bu vaxt baş kamerger üzünü məhəllə sakinlərinə tutub dedi:

– Əziz təbəələrimiz, zati-aliləri ona öz sədaqətinizi bu cür nümayiş etdirdiyinizə görə sizə minnətdardır. Durmayın, bir-birinizi daha möhkəm itələyin!

– Axı onlar sizin özünüzü də itələyib yıxacaqlar! – Çipollino etiraz elədi.

Elə o an başqa bir lumucuq müşahidə borusunu Çipollinoya tuşladı. Oğlan cəld insanların arasına qarışdı ki, gözdən yayınsın.

Çox keçmədən izdiham çəlləkdəki su kimi yırğalanmağa başladı. İndi arxa cərgədəkilər irəlidəkiləri daha möhkəm itələyirdilər. Bu təzyiqə tab gətirə bilməyən qoca Çipollone irəli sıçradı və həmin vaxt necə oldusa, şahzadə Lumunun ayağını tapdadı. Ayağında iri döyənək olan şahzadənin ağrıdan gözlərindən qığılcım çıxdı. Dərhal on lumucuq əsgər zavallı qocanın üstünə atılıb onun əllərini qandalladı.

– Çipollino, Çipollino! – nə baş verdiyini anlamayan qoca yazıq-yazıq oğluna səsləndi.

Di gəl, oğlu onun səsini eşitmədi: həmin vaxt Çipollino hadisə yerindən artıq xeyli uzaqlaşmışdı. Bununla belə, atasının həbs olunması haqqında xəbər tezliklə onun qulağına da gedib çatdı. Şəhərdə hamı bu barədə danışırdı.

– Yaxşı ki o yaramazı vaxtında yaxaladılar! – boşboğazlardan biri deyirdi. – Bilirsiniz, o, zati-alilərini xəncərlə vurmaq istəyirmiş!

– Yox, yox! O caninin cibində pulemyot varmış!

– Necə? Pulemyot? Cibində? Ola bilməz!

– Bəs atəş səslərini eşitmirsiniz?

Əslində isə bu, şahzadə Lumunun şərəfinə düzəldilmiş atəşfəşanlığın gurultusu idi.

Çipollino var səsi ilə çığırıb bu boşboğazlara demək istəyirdi ki, onun atasının cibində pulemyot-zad olmayıb! Sonra fikirləşdi ki, axmaq adamlara nəyisə başa salmağın heç bir mənası yoxdur. Odur ki dillənmədi.

* * *

Qoca Çipolloneyə nəinki ömürlük həbs cəzası kəsdilər, onun hətta ölümündən sonra da azadlıqdan məhrum edilməsinə hökm verdilər. Məsələ burasındadır ki, şahzadə Lumunun həbsxanalarında qəbiristanlıq da vardı. Məhbuslar dünyalarını dəyişərdilərsə, həmin qəbiristanlıqda dəfn olunurdular.

Çipollino birtəhər atası ilə görüşməyə nail oldu. O, qocanı bərk-bərk qucaqlayıb dedi:

– Mənim yazıq atam! Səni qatı cinayətkarlar kimi dəmir barmaqlıqların arxasına salıblar!

– Nə danışırsan, oğlum! – atası dedi. – Bu həbsxanadakıların çoxu vicdanlı adamlardır.

– Bəs onları niyə həbs eləyiblər? – Çipollino təəccüblə soruşdu. – Onlar nə pis iş tutublar ki?

– Heç bir pis iş tutmayıblar. Elə buna görə də onları həbs eləyiblər. Şahzadə Lumunun vicdanlı adamlardan xoşu gəlmir.

Çipollino fikrə getdi, sonra atasından soruşdu:

– Deməli, həbsxanaya düşmək şərəfli işdir?

– Belə çıxır ki, hə. Əslində, həbsxanaları oğrular, qatillər üçün tikirlər. Lakin şahzadə Lumunun ölkəsində hər şey tərsinədir. Oğrular və qatillər asudə gəzib-dolaşırlar, vicdanlı adamlar isə həbsə məhkumdurlar.

– Mən də vicdanlı adam olmaq istəyirəm! – Çipollino dedi. – Ancaq həbsxanaya düşmək fikrim yoxdur! Atacan, bir az döz. Mən gəlib hamınızı bu həbsxanadan qurtaracağam!

– Bu o qədər də asan iş deyil, oğlum… – qoca Çipollone acı-acı gülümsündü.

– Görərsən! Dediyimi eləyəcəyəm!

Elə bu vaxt həbsxana nəzarətçisi görüş vaxtının bitdiyini elan elədi.

– Çipollino, – vidalaşarkən atası oğluna dedi, – sən daha böyük oğlansan, öz başına çarə qılmalısan. Ananın və qardaşlarının qayğısına isə əmin Çipolla qalar. Buralardan qaç get, dünyanı gəz-dolaş.

– Bəsdir naqqallıq elədiniz! – nəzarətçi qocanın üstünə qışqırdı. Sonra üzünü Çipollinoya tutub dedi:

– Elə bu dəqiqə çıxıb getməsən, səni də tutub içəri ataram!

Çipollino əvvəl ona gülməli bir mahnı ilə cavab vermək istədi, lakin tezcə də bu fikrindən daşındı. Axı atasını həbsxanadan çıxarmaq üçün o özü hələ azadlıqda qalmalı idi. Odur ki qocanı öpərək qaçıb oradan uzaqlaşdı. Evə gedib əmisi Çipolladan xahiş elədi ki, anasına və yeddi qardaşına göz-qulaq olsun. Sonra onlarla vidalaşdı, əşyalarını bir yaylığın arasına yığıb düyünlədi. Düyünçəsini çomağına keçirib yola düzəldi.

Bir neçə saat yol gedəndən sonra balaca bir kəndə gəlib çatdı. Kəndin girəcəyində bir daxma vardı. Əslində, o, daxmadan çox taxta qutuya oxşayırdı. Daxmanın pəncərəsindən kürən saqqallı bir qoca dərdli-dərdli çölə baxırdı…

Çipollino kavaler[3] Pomidoru həyatında ilk dəfə ağlamağa məcbur eləyir

– Əmican! – Çipollino qocaya səsləndi. – Siz niyə o qutunun içinə girmisiniz? Bəs oradan necə çıxacaqsınız?

– Buradan çıxmağa nə var ki! – hamının Kudu lələ deyə çağırdığı qoca kişi dilləndi. – Çətin olan içəri girməkdir. Oğlum, səni məmnuniyyətlə evimə dəvət eləyərdim, ancaq ikimiz bir yerdə bura sığışmarıq.

– Eybi yoxdur, – Çipollino əlini yellədi. – Deməli, bu sizin evinizdir?

– Hə, – Kudu lələ dedi, – düzdür, darısqaldır, ancaq külək əsməsə, dözmək olur.

* * *

Kudu lələ evini yenicə tikib qurtarmışdı. Az qala uşaqlıqdan arzulayırdı ki, onun da öz evi, koması olsun. Bu evi tikmək üçün hər il bir kərpic alırdı. Ancaq, təəssüf ki, hesabdan başı çıxmırdı. Ona görə də pinəçi Üzümdən xahiş eləmişdi ki, onun kərpiclərini saysın.

– Baxaq görək, – pinəçi əlindəki bizlə boynunun ardını qaşıyıb demişdi. – Sənin düz on yeddi dənə kərpicin var!

– Səncə, on yeddi kərpic ev tikməyə bəs eləyər? – Kudu lələ səbirsizliklə soruşmuşdu.

– Məncə, yox.

– Bəs nə edim?

– Bu artıq sənin öz işindir. Kərpiclər ev tikməyə çatmırsa, oturacaq düzəlt.

– Oturacaq nəyimə lazımdır axı? Parklar oturacaqla doludur…

Üzüm bir söz demədən əlindəki bizlə əvvəl sağ, sonra sol qulağının ardını qaşıyıb öz pinəçi dükanına qayıtmışdı. Kudu lələ isə uzun-uzadı fikirləşəndən sonra bu qərara gəlmişdi ki, bundan belə az yeyib çox işləsin. Nəticədə o, ildə üç, hətta bəzən dörd kərpic ala bilmişdi. Ancaq gün keçdikcə o qədər arıqlamışdı ki, bir dəri, bir sümük qalmışdı.

Camaat deyirdi:

– Kudu lələyə bir baxın! Elə bil o kərpicləri qarnından çıxarır. Hər dəfə bir kərpic çoxaldıqca o da bir kiloqram arıqlayır.

Beləcə, illər keçib-getmişdi.

Günlərin bir günü Kudu lələ gördü ki, artıq işləməyə taqəti qalmayıb. O, çox qocalmışdı. Yenə pinəçi Üzümü yanına çağırıb demişdi:

– Zəhmət olmasa, kərpiclərimi bir də say.

Pinəçi bu dəfə də uzun-uzadı haqq-hesab aparandan sonra dillənmişdi:

– Kudu lələ, sənin cəmi yüz on səkkiz dənə kərpicin var!

– Ev tikməyə çatar?

– Məncə, yox.

– Bəs nə edim?

– Toyuq hini tik.

– Axı mənim toyuğum yoxdur.

– Sən də hində pişik saxlayarsan.

– Mənim heç pişiyim də yoxdur.

– Mən nə eləyə bilərəm axı?! – pinəçi özündən çıxmışdı. – Yüz dəfə hesablasam da, kərpiclərin sayı artmayacaq.

– Hə, yəqin, elədir. Axı sən hesabı yaxşı bilirsən.

Kudu lələ bir-iki dəfə dərindən ah çəkəndən sonra bu qərara gəlmişdi ki, özünə lap balaca bir koma tiksin.

– Saray boyda ev nəyimə lazımdır?! Axı mən özüm də çox böyük deyiləm.

Kudu lələ asta işləyirdi, kərpiclərin tez qurtaracağından qorxurdu. Onları bir-birinin üstünə elə ehtiyatla qoyurdu ki, deyərdin, kərpiclər şüşədən düzəldilib. Hər kərpici necə əziyyətlə aldığını unutmamışdı…


 







На этой странице вы можете прочитать онлайн книгу «Çippolinonun macəraları», автора Джанни Родари. Данная книга имеет возрастное ограничение 6+, относится к жанру «Классическая проза». Произведение затрагивает такие темы, как «сатира», «справедливость». Книга «Çippolinonun macəraları» была издана в 2020 году. Приятного чтения!