Читать книгу «Cəmilə» онлайн полностью📖 — Чингиза Айтматова — MyBook.
image
cover



– Bu gəlininiz necə adamdır? Kandara qədəm basdığı heç bir həftə olmaz, ancaq elə bil dilotu yeyib: nə hörmət başa düşür, nə həya.

– Elə yaxşı ki, belə adamdır! – anam onların cavabını verirdi. – Mənim gəlinim sözün düzünü adamın gözünün içinə deməyi sevir. Pıç-pıçı danışıb altdan sancmağındansa, bu yaxşıdır. Sizinkilər özlərini məlakə kimi göstərirlər. Ancaq, əslində, iyimiş yumurta kimidirlər: bayırdan təmiz və hamar, içərisinin iyi adamın ürəyini bulandırır.

Atam və kiçik anam Cəmilə ilə rəftarda heç zaman başqa qayınata və qayınanalar kimi sərt və öcəşkən deyildilər. Ona mehriban idilər, onu sevirdilər və yalnız bir şey arzulayırdılar ki, o, Allaha və ərinə sadiq olsun.

Mən onları başa düşürdüm. Dörd oğullarını müharibəyə göndərdikdən sonra onlar hər iki həyətin yeganə gəlini Cəmilə ilə təskinlik tapırdılar. Buna görə də onun üstündə əsim-əsim əsirdilər. Lakin mən öz anamı başa düşmürdüm. O, adamı elə-belə sevən adamlardan deyildi. Ağır və tünd xasiyyəti vardı. Öz köhnə adət-ənənəsi ilə yaşayardı və həmişə də buna riayət edərdi. Hər il baharın girməsi ilə o, atamın hələ vaxtilə cavanlıqda düzəltdiyi köçəri alaçığını həyətdə qurar, içərisində ardıc budaqlarından ocaq qalayıb tüstülədərdi. O bizi də ciddi zəhmət sevən və böyüklərə hörmət ruhunda tərbiyə edərdi. Bütün ailə üzvlərindən tələb edərdi ki, qeyd-şərtsiz ona tabe olsunlar.

Cəmilə isə bizə gəldiyi ilk günlərdən özünü başqa gəlinlər kimi aparmadı. Doğrudur, o, böyüklərə hörmət eləyir, onların sözünə qulaq asırdı. Ancaq heç zaman onların qabağında baş əymirdi. Bununla belə, başqa cavan gəlinlər kimi üzünü yana çevirəntək burnunun altında mızıldanıb söymürdü. Ürəyindəkini həmişə açıq deyərdi və öz fikrini deməkdən də çəkinməzdi. Anam tez-tez Cəmilənin tərəfini saxlayıb onunla razılaşardı, ancaq axırıncı söz həmişə özününkü olurdu. Mənə elə gəlirdi ki, anam Cəmilənin simasında, onun ürəyinin açıq və özünün ədalətli olmasında özünə tay bir adam görürdü və gizlində fikirləşirdi ki, gələcəkdə onu öz yerinə qoysun, onu özü kimi tamhüquqlu ev sahibəsi, özü kimi baybiçə və ailənin sirdaşı etsin. “Qızım, Allaha dua et ki, – deyə anam Cəmiləyə nəsihət verirdi, – sən varlı və xoşbəxt bir evə düşmüsən. Bu sənin xoşbəxtliyindir. Qadının xoşbəxtliyi ondadır ki, uşaq doğsun və bir də evində bolluq olsun. Allaha şükür, biz qocaların topladığı bu şeylərin hamısı sənə qalacaqdır. Özümüzlə qəbrə aparmayacağıq ki! Xoşbəxtliyi yalnız o adam əlində saxlaya bilər ki, o öz namus və vicdanını qoruya bilsin. Bunları yadında saxla və özündən göz-qulaq ol!”

Lakin Cəmilənin bəzi xasiyyətləri qayınananı açmırdı: o, uşaq kimi həddindən artıq gülüb-danışandır. Bəzən adama elə gəlirdi ki, Cəmilə heç bir səbəb olmadan gülməyə başlayır, özü də lap hündürdən, ürəklə. İşdən evə döndükdə o, təmkinlə həyətə girməkdənsə, arxın üstündən hoppanıb qaça-qaça gəlirdi. Boş-boşuna gah bir qayınanasını, gah da o birini öpməyə başlayırdı.

Cəmilə mahnı oxumağı da sevirdi. O, həmişə böyüklərdən çəkinmədən bir şey zümzümə edirdi. Əlbəttə, bütün bunlar gəlinin ailə içərisindəki rəftarı haqqında ayılda yaranıb hifz olunan təsəvvürlərlə bir araya sığmırdı. Lakin hər iki qayınana onunla təsəlli tapırdı ki, vaxt ötdükcə Cəmilə yaşa dolub ağıllanacaqdır: cavanlıqda elə hamı belə olmayıb məgər! Mənim üçünsə dünyada Cəmilədən yaxşısı yox idi. Bizim üçün birlikdə çox yaxşı keçirdi, heç bir səbəb olmadan gülüşür və həyətdə bir-birimizi qovurduq.

Cəmilə qəşəng qız idi. Boy-buxunlu idi. Düz cod saçlarını iki sıx və ağır hörük şəklində hörmüşdü. Ağ ləçəyini məharətlə bağlayaraq onu alnına tərəf azca endirirdi. Bu ona çox yaraşırdı, hamar sifətinin qaraşın dərisinə xüsusi gözəllik verirdi. Cəmilə güldüyü zaman onun göyümtül qara badamı gözləri gənclərə məxsus şıltaqlıq ilə parıldayırdı. Birdən-birə ədəbsiz ayıl mahnılarını oxumağa başladıqda isə onun yaraşıqlı gözlərində qadınlara xas bir parıltı görünürdü.

Mən tez-tez görürdüm ki, cigitlərin, xüsusilə evlərinə qayıtmış cəbhəçilərin gözləri onda qalırdı. Cəmilə özü də zarafat etməyi sevirdi. Doğrudur, həddini aşanların payını verirdi, ancaq, bununla belə, onun hərəkətləri mənə toxunurdu. Mən onu kiçik qardaşların öz bacılarını qısqandığı kimi qısqanırdım. Cəmilənin yanında cavan oğlanları görəndə bir bəhanə ilə onlara mane olmağa çalışırdım. Qürurlanır və onlara elə qəzəblə baxırdım ki, sanki bütün görkəmimlə: “Siz çox da qaqqıldaşmayın. O mənim qardaşım arvadıdır və elə güman eləməyin ki, arxasında heç kəsi yoxdur!” – demək istəyirdim.

Belə dəqiqələrdə mən qəsdən çəkinmədən, yeri gəldi-gəlmədi söhbətə qoşulur və Cəmilənin yan-yörəsində hərlənənləri lağa qoymağa çalışırdım. Bundan bir şey çıxmadıqda isə özümü saxlaya bilməyib xoruzlanırdım.

Cavanlar qəhqəhə çəkib gülüşürdülər:

– Sən Allah, bir buna bax. Demə, onun cenesiymiş. Qiyamətmiş, heç xəbərimiz yox.

Mən canımı dişimə yığıb özümü saxlayırdım. Ancaq qulaqlarımın qızardığını hiss edirdim. Hirsimdən gözlərim də yaşarırdı. Mənim cenem – Cəmilə isə məni başa düşürdü. Özünü gülməkdən güclə saxlayaraq ciddi görkəm alırdı:

– Bəs siz elə güman eləyirsiniz ki, cenelər küçədə tökülüb qalıb, – deyə o, cigitlərə təşəxxüslə cavab verirdi. – Bəlkə, sizdə küçəyə tökülüb, bizdə isə yox! Gedək, qaynım. Sizi görüm… – O, başını dik tutaraq özünü göstərir və çiyinlərini lovğa-lovğa oynadırdı. Mənimlə birlikdə uzaqlaşdıqda isə sakitcə gülümsəyirdi.

Mən onun bu təbəssümündən həm pərtləşdiyini, həm fərəhləndiyini görürdüm. Bəlkə də, o zaman öz-özlüyündə belə fikirləşirdi: “Eh, səfeh! Əgər mən istəsəm, heç kəs qabağımı kəsə bilməz. Bütün ailənizlə izləsəniz də, bacara bilməzsiniz”. Belə hallarda günahkarcasına susurdum. Bəli, mən Cəmiləni qısqanırdım. Ona pərəstiş edirdim. Fəxr edirdim ki, o mənim cenemdir. Onun gözəlliyi, müstəqilliyi, onun sərbəstliyi ilə fəxr edirdim. Biz onunla ən səmimi dost idik və bir-birimizdən heç bir şey gizlətmirdik.

Həmin günlərdə ayılda kişilər az idi. Bundan istifadə edən bəzi cavanlar qadınlarla həyasızcasına rəftar edir və onları adam yerinə qoymurdular, guya onların sağına-soluna keçmək lazım deyil, əl eləyən kimi kefin istədiyin qaçıb yanına gələcəkdir!

Bir dəfə ot biçini zamanı bizim uzaq qohumumuz Osman Cəmiləyə sataşmağa başladı. Osman da o biri cavanlar kimi güman edirdi ki, heç bir qadın onun sözündən çıxmaz. Cəmilə onun əlini hirslə özündən uzaqlaşdırıb kölgəsində uzandığı tayanın altından qalxdı.

– Əl çək! – deyə incikliklə ondan üz çevirdi. – Siz ilxı dayçalarından bundan başqa nə gözləmək olar!

Tayanın altında özünü yayıb uzanmış Osman yaş dodaqlarını nifrətlə büzüşdürdü.

– Pişiyin ağzı ətə çatmayanda deyər ki, iy verir… Nə əzilib-büzülürsən, özün də lap sinov gedirsən, burnunu çox dik tutma.

Cəmilə kəskin bir hərəkətlə ona tərəf döndü:

– Bəlkə də, gedirəm. Ancaq bizim taleyimiz belədir. Sən axmaq isə gülürsən. Yüz il də tək qalsam, sənin kimilərin heç üzünə tüpürmək istəmərəm; adamın ürəyi bulanır. Müharibə olmasaydı, görüm sənin üzünə heç baxan olardımı?

– Mən də elə onu deyirəm də! Müharibə olduğu üçün sən ər qamçısı görməmisən, ona görə də belə qudurmusan, – Osman gülümsədi. – Eh, mənim arvadım olsaydın, gör avazın belə gələrdimi?..

Cəmilə dönüb ona nə isə demək istədi, lakin susdu, başa düşdü ki, onunla ağız-ağıza verməyə dəyməz. Nifrətli baxışlarla bir xeyli ona baxdı, sonra çimçinə-çimçinə tüpürdü və yabanı götürüb uzaqlaşdı.

Mən tayanın dalında, arabanın üstündə dayanmışdım. Cəmilə məni görən kimi tez dönüb başqa tərəfə getdi. Mənə elə gəlirdi ki, onu deyil, məni təhqir ediblər, mən rüsvay olmuşam. Ürəyim yana-yana onu danladım: “Axı sən niyə belələri ilə ağız-ağıza verirsən, niyə onlarla danışırsan?”



Cəmilə o gün axşamadək qaşqabaqlı gəzdi. Mənimlə nə bir kəlmə danışdı, nə də üzü güldü. Mən arabanı Cəmilənin yanına sürəndə o, içinə salıb büruzə vermədiyi inciklik haqqında mən heç bir şey soruşmayım deyə yabanı tez ot qalağına sancıb onu birnəfəsə qaldırdı və qabağınca gətirərək üzünü onun dalında gizlətdi. O, otu boşaldır və dərhal o biri ot qalağına tərəf yollanırdı. Araba tez doldu. Mən uzaqlaşanda qanrılıb geri baxdım. Cəmilənin yabanın dəstəyinə söykənərək bir neçə dəqiqə məyus durub nə haqda isə fikirləşdiyini, sonra isə təzədən işə girişdiyini gördüm.

Biz axırıncı arabanı yüklərkən Cəmilə durub günəşin batmasına xeyli tamaşa etdi; bu dəqiqələrdə o elə bil yer üzündə olan hər şeyi unutmuşdu. Çayın arxasında, qazax çöllərinin qurtaracağında yorğun düşmüş axşam günəşi təndirin ağzı kimi alovlanırdı. O, göydəki, yumşaq buludları öz şəfəqi ilə qızardaraq üfüqün arasına ağır-ağır çəkilir və aşağılarda artıq qaranlığın çökdüyü bənövşəyi stepə son işığını yayırdı. Cəmilə qüruba elə dilsiz bir məftunluqla baxırdı ki, sanki şirin yuxu görürdü. Zərif sifəti parıldayırdı, yarıaçıq qalmış dodaqlarında məsum bir gülüş vardı. Bu zaman Cəmilə hələ də ona demək istədiyim məzəmmətli sözlərə elə bil cavab verərək mənə tərəf döndü və elə tərzdə danışdı ki, sanki aramızda gedən söhbəti davam etdirirdi.

– Sən isə, kiçinə bala, onun haqqında fikirləşmə, qoy cəhənnəm olsun! O da insandır yəni… – Cəmilə bunu deyib susdu, sönən günəşi süzərək köksünü ötürdü və dalğın halda sözünə davam etdi: – Osman kimilər insanın qəlbini nə başa düşür? Yox, heç kəs bunu başa düşmür… Bəlkə də, belə kişilər dünyada heç yoxdur…

Mən atları döndərənədək Cəmilə bizdən kənarda işləyən qadınların yanına qaçdı. Mən onların bərkdən fərəhlə güldüklərini eşitdim. Ona nə üz verdiyini demək çətindir, günün qürubuna baxarkən, bəlkə, başına təzə bir fikir gəlmişdi, bəlkə də, yaxşı işlədiyi üçün fərəhlənmişdi. Mən arabada, hündür ot qalağının üstündə oturub Cəmiləyə baxırdım. O, ağ ləçəyini başından çəkib saldı və qollarını geniş açaraq yenicə çalınmış kölgəli çəmənlə rəfiqəsinin arxasınca qaçdı. Külək onun paltarının ətəyini yellədirdi. Birdən mənim də üstümdən qüssə götürüldü: “Osmanın laqqırtısı haqqında fikirləşməyə dəyərmi?”

– Hə-ə, getdik! – deyə mən tələsib atları qovdum. Həmin gün briqadirin mənə tapşırdığı kimi, başımı qırxdırmaq üçün atamı gözləməyi qərara aldım. Bu müddət ərzində Sadığın məktubuna cavab yazmağa başladım. Bu işdə də bizim öz qaydamız vardı: qardaşlarım məktubu atamın adına yazırdılar, ayıl poçtalyonu onları anama verirdi. Məktubları oxumaq və cavab yazmaq isə mənim borcum idi. Mən məktubu oxumamışdan qabaq bilirdim ki, onu Sadıq yazmışdır. Çünki onun məktubları sürüdəki quzular kimi bir-birinə oxşayırdı. Sadıq məktubu həmişə bu sözlə başlayırdı: “Cansağlığı haqqında məktub”. Sonra isə, bir qayda olaraq, yazırdı: “Bu məktubu poçtla səfalı, gül-çiçəkli Talasda yaşayan qohum-əqrəbama, istəkli, son dərəcə əziz atam Colçubaya göndərirəm…” Sonra anamın, daha sonra öz anasının, onlardan sonra isə cərgə ilə bizim hamımızın adı gəlirdi. Bütün bunlardan sonra qəbilə ağsaqqallarının, yaxın qohum-qardaşın haqqında vacib suallar başlayırdı, yalnız lap axırda Sadıq tələm-tələsik yazırdı: “Habelə arvadım Cəmiləyə salam göndərirəm…”

Əlbəttə, ata ilə ana sağ-salamat olduqda, ayılda ağsaqqallar və yaxın qohum-əqrəba sağ-salamat olduqda arvadının adını birinci çəkmək, xüsusilə onun adına məktub yazmaq yaxşı deyil, hətta ədəb xaricindədir. Təkcə Sadıq deyil, özünə hörmət eləyən hər bir kişi belə düşünürdü. Bunun haqqında danışmağa da dəyməz. Çünki bütün ayılda bu bir qayda idi. O nəinki müzakirə edilməli idi, onun haqqında heç düşünmürdük də. Bir də buna vaxt yox idi. Axı hər bir məktubun arzusunda idik, onun gəlişi fərəhli bir hadisə idi.

Anam məni məktubu bir neçə dəfə oxumağa məcbur edərdi. Sonra onu diqqətlə cadar-cadar olmuş əllərinə alar və vərəqi əlində elə saxlayardı ki, elə bil quşdur, indicə pırıldayıb uçacaqdır. Nəhayət, bükülməyən barmaqları ilə məktubu çətinliklə üçkünc bükərdi.

– Eh, mənim əzizlərim, sizin məktubları tilsim kimi hifz edib saxlayacağıq, – deyə onun səsi ağlamaqdan titrəyərdi, – hələ bir soruşur ki, orada atam, anam, qohumlarım necədir… Bizə nə olacaq axı. Ayılda evimizdə oturmuşuq. Siz özünüzdən danışın görək, orada nə eyləyirsiniz? Heç olmasa, bir kəlmə də olsa yaz ki, sağ-salamatam, vəssalam. Bizə bundan artıq şey lazım deyil…