Birnəfəsə pilləkənlə yuxarı dırmaşanda it hələ də həyətdən arxamca hürürdü. Yeni otağımda qollarımı çarpazlayıb çarpayımda oturdum. Adyalı başıma çəkib ağladım və yuxuya getdim.
Məni anamın və Peqottinin səsi oyatdı:
– Devi, nə olub? – anamın səsi idi.
Mən üzüüstə çevrildim ki, ağladığımı görməsinlər.
– Devi! Devi, mənim balam! – anamın bu nidası məni daha da kövrəltdi. Məni yataqdan qaldırmaq istəyən anamın əlini itələdim. Bu vaxt mənə başqa bir əl toxundu. Bu, mister Merdstonun əli idi. O dedi:
– Bu nədir? Klara, sən unutdunmu?.. Sərt olmaq lazımdır, əzizim!..
– Bağışla, Eduard. Mənə çox ağırdır…
– Gedin aşağı, biz Devidlə birlikdə enərik.
Onlar gedəndə mister Merdston qapını örtdü, stulda oturdu və dedi:
– Devid, mən inadkar at və ya itlə üzləşəndə, səncə, nə edirəm?
– Bilmirəm.
– Mən onu döyürəm. Qarşımda tir-tir əsir.
Hiss etdim ki, nəfəsim tutulur. Dinib bir söz deyə bilmədim.
– Sən öz yaşına görə çox dərrakəlisən. Görürəm ki, məni çox yaxşı anladın.
Biz aşağı düşəndə mister Merdston dedi:
– Klara, əzizim. İndi ümidvaram ki, hər şey qaydasında olacaq.
Üçlükdə nahar edirdik. Anamla söhbətlərindən belə anlayıram ki, atalığımın böyük bacısı bizə köçür.
…Nahardan sonra miss Merdston gəlib çıxdı. Çox qaşqabaqlı bir ledi idi. Özüylə iri, mis dəstəkli iki sandıq gətirmişdi. Faytonçunun pulunu verəndə metal qapaqlı pulqabını çıxardı. Pulqabının ağzı həbsxana qapısı kimi şıqqıltı ilə açıldı və örtüldü. Mənə baxıb soruşdu:
– Sənin oğlundur, gəlin?
Anam başını tərpətdi:
– Ümumiyyətlə, mən oğlan uşaqlarını sevmirəm, – deyə miss Merdston bildirdi.
Mənə aydın oldu ki, həmişəlik gəlib. Səhəri gün miss Merdston evdə öz bildiyi kimi qayda yaratmağa başladı. Sanki buranın əsl sahibəsi anam deyil, o idi. Evdə hamı yatanda o ayaq üstə olurdu. Peqotti deyirdi ki, yəqin, miss Merdston yatanda da bir gözünü açıq qoyur.
O biri gün səhər anama dedi:
– Bilirsiniz, əziz Klara, mən gəlmişəm səni qayğılardan azad edim. Açarları mənə versəniz, evdə hər şeylə özüm məşğul olaram.
…O gündən açarları özünün həbsxana-çantasında saxlamağa başladı. Anam evdə hakimiyyətini itirməsi ilə elə də tez barışmadı. Bir dəfə miss Merdston ev təsərrüfatı barədə qardaşı ilə məsləhətləşəndə anam birdən ağladı:
– Çox ağırdır ki, mənim evimdə…
– Mənim evimdə? – Merdston onun sözünü kəsdi. – Klara!
– Mən demək istəyirdim: bizim evdə… mən ev təsərrüfatı barədə bir söz deyə bilmirəm…
– Eduard, buna son qoyun! – miss Merdston səsini ucaltdı. – Günü sabah çıxıb gedirəm.
– Ceyn Merdston! Sakit olun! Siz ki xasiyyətimi yaxşı bilirsiniz!
Anam dedi:
– Mən heç kəsin getməsini istəmirəm. Mən şüursuz deyiləm. Mən istəyirəm ki, mənimlə arabir məsləhətləşsinlər…
– Eduard, buna son qoyun! – miss Merdston səsini ucaltdı. – Günü sabah çıxıb gedirəm.
– Ceyn Merdston! – mister Merdstonun səsi gurladı. – Susacaqsanmı?
Sonra anama sarı döndü:
– Klara, sən məni heyrətə salırsan. Miss Merdston xeyirxahlıq edib mənə kömək etmək istəyir. Sən isə…
Mister Merdston bacısını haqlı çıxardı. Anamda mübahisəni davam etdirməyə hal qalmamışdı.
Mən anamın bu halını görüb əzab çəkirdim. Onlar sərt və kinli adamlar idilər.
Mən ev dərsi alırdım. Məni anam öyrədirdi. Zehinli uşaq idim və həvəslə oxuyurdum. İndiki dərslər isə ağır idi, uzun çəkirdi, bəzilərini anlamırdım. Bu dərslər məni qorxuya salırdı.
…Səhər yeməyindən sonra kitablarım da qoltuğumda kiçik qonaq otağına daxil oluram. Kitablarımdan birini anama uzadır və dərsi danışmağa başlayıram. Öz kreslolarında rahat əyləşən Merdstonların burada olmasından özümü itirir, öyrəndiklərimsə harasa uçub gedirdi. Dilim dolaşır. Üzümə qızartı çökür. Anam alçaqdan deyir:
– Devi, Devi!..
– Klara, uşaqla sərt ol! – mister Merdston müdaxilə edir.
– Dərsini bilmir, – miss Merdston zəhmlə dillənir.
Mister Merdston deyir:
– Klara, kitabı ona ver, qoy əzbərləyib öyrənsin.
Qavraya bilmədiyim dərslər get-gedə çoxalır. Onlar çoxaldıqca mən daha da kütləşirəm. Mən dolaşanda mister Merdston yerindən qalxır, kitabı qapıb üzümə çırpır, ya da kitabla boynumun ardına vurur. Miss Merdston bu halıma sevinir. Bütün günü ucuz tutulur, gözdən düşürəm. Halbuki Merdstonlar olmasaydı, mən dərslərimi əla hazırlaya bilərdim. Onlar ilan quşcuğazı ovsunlayan kimi sanki məni ovsunlayırdılar.
Mənə yaşıdlarımla oynamağa icazə verilmirdi. Artıq yarım ildən sonra mən qüssəli, tutqun və qaradinməz bir uşaq olmuşdum.
…Atamdan qalan kitablar yuxarı otaqda idi. Rodrik Rendom, Tom Cons, Don Kixot, Robinzon Kruzo – bunlar mənim dostlarım idi. Bir həftə Tom Cons, bir ay Redrik Rendom olurdum. Onlar gələcəkdə başqa bir həyatda mənim ümidlərim idilər.
Bir dəfə səhər kitablarım əlimdə otağa girəndə anamı narahat gördüm. Mister Merdston əlində oynatdığı elastik eşmə qamçının ucuna nəsə bağlayırdı. Mən içəri girəndə onu əlində oynadaraq havanı şaqqıltı ilə yardı.
– Sənə deyirəm, Klara, mənim özümü də az çırpmayıblar.
Mən mister Merdstonun baxışlarını tutdum:
– Devid, bu gün daha diqqətli olmalısan.
Yenə qamçını havada şaqqıldatdı. Dərsə pis başladım, get-gedə daha da dolaşdım. Halbuki diqqətlə hazırlaşmışdım, amma özümü itirdim. Gözaltı gördüm ki, o yerindən qalxdı, bacısına göz vurdu və qamçısını götürdü:
– Klara əlindən gələni etdi. Ondan artığını gözləmək də olmaz. Biz səninlə yuxarı qalxaq, Devid.
Məni otağa dartıb aparanda anam arxamızca yönəldi. Miss Merdston:
– Klara sən ağlını itirmisən! – deyərək onu tutub saxladı.
O məni öz otağıma yavaş addımlarla aparırdı. Əminəm ki, bu təntənəli məhkəmə marşı ona ləzzət verirdi. Biz oraya çatanda birdən yönəlib başımı qoltuğunun arasında sıxdı.
– Mister Merdston! Ser! – mən qışqırdım. – Lazım deyil! Lütfən, məni döyməyin! Mən çalışmışdım, ser! Lakin sizin yanınızda cavab verə bilmirəm! Bacarmıram!
– Bacarmırsan, Devid! Onda bu vasitəni sınaqdan çıxaraq.
Başımı qolu ilə sıxmışdı, mən isə iki əlimlə onu qucaqlayıb zərbələr endirməsinə mane olur, yalvarırdım ki, döyməsin. O, kürəyimə qamçıyla ağrılı bir zərbə endirdi. Elə həmin anda onun qolundan var gücümlə gəmirdim.
Məni elə döyürdü ki, sanki ölüncəyədək döymək istəyirdi. Bizim hay-harayda pillələrdə addım səsləri eşidildi. Qaçıb gələn Peqotti və anam idi. Anamın necə qışqırdığını eşitdim.
Merdston çıxdı və qapını açarla bağladı.
Mən döyülmüş halda döşəmədə sərilib qalmışdım.
Səs-səmir gəlmirdi. Çətinliklə döşəmədən qalxdım və güzgüdə üzümə baxdım. Sifətim qızarmış və şişmişdi. Bütün gövdəm ağrıyırdı. Məni yenidən ağlamaq tutdu.
…Qaranlıq düşürdü. Pəncərəni örtdüm. Birdən qapının açarı şıqqıldadı, miss Merdston göründü, çörək, süd və yemək gətirmişdi. Onları dinməzcə qoyub çıxdı və qapını arxadan bağladı. Daha heç kəs gəlmədi. Soyunub yerimə uzandım. Qorxu içində düşünürdüm ki, mənimlə nə edəcəklər? Məni həbs edərlərmi? Məni dar ağacından asılmaq gözləmir ki?
“Həbs”də olduğum beş gün ərzində hər gün yarım saatlığa bağda gəzişə bilərdim. Bu beş günün nə qədər uzun çəkdiyini təsvir edə bilmirəm.
Sonuncu gecə məni kiminsə pıçıltısı oyatdı.
– Peqotti, sənsən?
Çox yavaşcadan yenə öz adımı eşitdim. Səs açar deşiyindən gəlirdi.
– Mənəm, əziz Devi, yavaş, siçan kimi səssiz ol, yoxsa pişik eşidər!
Onun qapının o üzündə səssizcə ağladığını eşitdim.
– Mehriban Peqotti, mənimlə nə edəcəklər? Bilmirsənmi?
– Məktəb! London yaxınlığındadır. Orada oxuyacaqsan, – deyə Peqotti cavab verdi. – Devi, əzizim, məni unutma. Ananı tərk etmərəm, Devi. Sənə məktub yazacağam.
– Çox sağ ol, əziz Peqotti! Mister Peqottiyə, balaca Emmiyə, Hemə məktub yazarsan ki, mən heç də pis uşaq deyiləm. Onlara mənim salamımı yetir.
Zərif qəlbli Peqotti bunu edəcəyinə söz verdi.
Səhər miss Merdston gəlib dedi ki, səhər yeməyi yemək üçün tez qonaq otağına düşüm, məni məktəbə göndərirlər. Bu isə, əlbəttə, mənimçün yenilik deyildi.
Yəqin ki, Merdstonlar heç nəyə yaramayan bir uşaq olduğumu dəfələrlə anamın beyninə yeritmişdilər. Məhz bu səbəbdən də o, qonaq otağında səhər yeməyi zamanı mənim hərəkətimdən məyus olduğunu və düzələcəyimə ümid etdiyini bildirdi. Göz yaşlarım buterbrodun üstünə və fincandakı çayın içinə axırdı. Anam arabir miss Merdstonun sayıq nəzərlərindən yayınıb qəmgin halda mənə baxırdı.
Məni bağımızın qapısından yola salanda Peqotti və mister Merdston gözə dəymirdilər. Anam kövrəlmişdi:
– Görüşənədək, Devi. Sən gedirsən, lakin bu sənin xeyrinədir. Tətillərdə evə gələcəksən. Tanrı köməyin olsun, mənim balam!
Heç yarım mil1 getməmişdik ki, araba birdən dayandı. Ətrafa boylandıqda gördüm ki, sarmaşıqlı hasarların arasından Peqotti qaçaraq gəlir. Heç nə demədən məni qucaqlayıb öpdü. Cibindən piroqlarla dolu kağız topba çıxarıb cibimə təpişdirdi. Bir də pul kisəsini ovcuma basdı. Məni bir də öpdü və heç nə deməyib qaçıb getdi.
– Hə, tərpən görək! – arabaçı tənbəl atına sərtləndi.
Gözümün suyunu tamam axıdandan sonra sakitləşdim və pul kisəmə baxdım. Parıltı saçan üç şillinq2 qoyulmuşdu. Kağıza bükülü iki yarımkron3 da vardı. Kağıza yazılmışdı: "Deviyə onu sevən anasından". Mən pencəyimin biləyi ilə gözümün suyunu sildim və daha ağlamadım.
Arabaçı məni Yarmutda poçt karetinə çatdıracaqdı. Onun adı mister Barkis idi. Piroqumun birini hörmət əlaməti olaraq ona təklif etdim.
Onu eynilə fil kimi içəri ötürdü və üzü fil sifəti kimi tərpənməz qaldı. Soruşdu:
– Bunu o bişirib?
– Peqottini deyirsiniz, ser?
– Hə, onu.
– O bizim üçün hər növ piroqlar bişirir.
– Yaxşı görək? Deyirsən, alma piroqları da bişirə bilir?
Mən dedim, elədir ki var. Barkis fikrə getdi.
– Hə, gör nə deyirəm, yəqin, ona məktub yazarsan?
– Mütləq yazacağam.
– Yazarsanmı ki, mister Barkis ona biganə deyil, hə?
– Axı sabah Blanderstona dönürsünüz, bunu özünüz ona desəniz yaxşı olmazmı?
Mister Barkis buna razı olmadı, xahişini təkrar etdi. Nəsə dərin fikrə getmişdi.
Mən yuxudan ayılanda araba Yarmuta çatmışdı. Parlaq poçt kareti həyətdə dayanmışdı. Mister Barkis mənim sandığımı yerə düşürdü. Ət parçası və kəsilmiş toyuq əti sallanan pəncərədən bir ledinin başı göründü və soruşdu:
– Blanderstondan olan yeniyetmə centlmen budur?
Xanım zınqırovu çaldı, nökər qaçıb gəldi. O, təkcə mənim üçün masa sifariş verildiyinə bərk heyrətlənmişdi.
Məni uzun bir otaqda masa arxasında əyləşdirdi və süfrə saldı. Yemək gəldi. Mən ikinci kotletə girişmişdim ki, gördüm çox diqqətlə mənə baxır.
– Sizə yarım pinta4 pivə sifariş verilib. Onu içmək istəyirsiniz?
Mən təşəkkür etdim və “hə” dedim.
O, qrafindən iri bir stəkana süzdü və əlində yuxarı tutub diqqətlə baxmağa başladı:
– Bir az çox deyil ki?
– Hə, bir az çoxdur…
– Dünən burada bir centlmen vardı. Bir stəkan bundan içdi və …yıxılıb öldü. Ona içmək olmazdı. Mən isə öyrəncəliyəm. Mənə heç nə olmaz. Amma bu sizin üçün sifariş verilib. Etiraz etmirsən, onu mən başıma çəkim?
Mat qalmışdım. Dedim, yaxşısı budur, mən su içim, siz isə bu pivəni içməklə mənə yaxşılıq etmiş olarsınız.
Pivə ona ziyan vermədi. Hətta bir az kefi kökəldi. Yaxın oturdu. Üstündən bir kotlet, sonra bir kartof, daha sonra bir kotlet və daha bir kartof götürüb uddu.
O gülürdü. Ürəklənib ondan kağız, qələm istədim və Peqottiyə məktub yazdım. O mənə poçt kağızının pullu olduğunu dedi, burada süfrələrin qır-qırıntısı ilə qarnını doyurduğunu, kömür kisələrinin üstündə yatdığını, ailəsində hamının xəstə olduğunu deyib ağlamağa başladı.
Üç şillinqimdən birini kağıza görə ona uzatdım. O, pulu farağat vəziyyəti alaraq ehtiramla götürdü.
Mən karetin damında arxa oturacağa əyləşəndə hamı mənə təəccüblə baxırdı. Qulluqçu arvadlardan biri başını pəncərədən çıxarıb konduktora dedi:
– Bu uşağa diqqət et, Corc. Birdən köpüb partlayar.
Nökər də hamı kimi mənə baxıb pıqqıldayırdı. Balaca boyum və bu qədər qarınqulu olmağım onları bərk heyrətə salmışdı. Mən isə oradan ac yola düşürdüm. Yolda karet nahar üçün dayananda utandığımdan heç nə yemədim.
Gecə yol gedəndə məni iki centlmenin arasında oturtmuşdular ki, birdən yıxılaram. Onlardan gah biri, gah digəri mürgüləyib məni sıxırdı. Odur ki onları tez-tez oyatmalı olurdum.
Səhər açılanda uzaqdan London göründü. Oxuduğum kitablardakı gənc qəhrəmanlarımın başlarına bu şəhərdə nə qədər işlər gəlmişdi. Məni adı ya "Göy buğa", ya da "Göy qaban" olan bir mehmanxananın yanında düşürdülər. Konduktor qapıya baxıb səsləndi:
– Blanderstondan olan Merdston soyadlı uşağın dalınca kim gəlib?
Səs çıxmadı. Karet getdi. Mən Robinzon Kruzo kimi tək qalmışdım.
Növbətçi məni içəri çağırdı. Oturub gözləməyə başladım. Çaşıb-qalmışdım. Ağlıma min fikir gəlirdi. Bu vaxt bir cənab gəldi.
Baqajları tərəzidə çəkən adamla pıçıltı ilə nəsə danışdı. O, çox pis geyinmişdi.
– Sən yeni şagirdsən? – dönüb məndən soruşdu.
– Bəli, ser.
– Mən Səlem-Hausdan gəlmiş müəlliməm.
Mən təzim etdim və rahat nəfəs aldım. Müəllimin adı mister Mell idi. Dedi ki, biz poçt karetində daha altı mil getməliyik. Mən özümdə cəsarət tapıb dedim ki, dünəndən bəri heç nə yeməmişəm. Bir dükan göstərdi, mən üç pensə5 bir bulka aldım.
…Səlem-Haus hündür kərpic hasarı olan tutqun bir bina idi. Qapını öküz boyunlu, enlikürək və taxtaayaq bir adam açdı.
– Yeni şagirddir, – müəllim dilləndi.
Taxtaayaq məni başdan-ayağa süzərək içəri buraxdı və qapını açarla bağladı.
Bina boş və adamsız idi. Pansion sahibi mister Krikl arvadı və qızı ilə tətildə idi. Mister Mell məni son dərəcə cansıxıcı bir sinif otağına gətirdi. Partanın üstündə karton plakat gördüm. Üstündə yazılmışdı: "Ehtiyatlı ol! Qapır!"
– Bağışlayın, ser, … bəs it hanı?
– İt? Nə it?
– Ehtiyatlı olmaq lazım gələn. Adamları qapan…
– Yox, Kopperfild, itdən söhbət getmir. Mən göstəriş almışam ki, bu plakatı kürəyindən asım. Təəssüf edirəm, səninlə ilk gündən belə rəftar olunmalıdır. Mən bu işi görməliyəm.
Sonrakı günlərdə bu plakat üzündən nə əzablar çəkdiyimi təsvir edə bilmirəm. Görməsinlər deyə mən arxam divara, yaxud iri ağaca sarı dayananda həmin taxtaayaq aralıdan var səsi ilə bağırırdı:
– Ey, sən, Kopperfild! Bu yarlığı elə gəzdir ki, hamı görsün!
Dərslər başlanana qədər mister Mell mənimlə məşğul olmalı idi. Lakin mən dərslərimin öhdəsindən gəlirdim. Çünki ikimiz idik. Nə mister Merdston vardı, nə də bacısı.
Mister Krikl qayıdan axşam məni onun yanına apardılar. Kresloda vüqarla əyləşmişdi. Masada şüşə və yanında qədəh vardı.
– Aha! Bu, dişlərini mişarlamaq lazım gələn gəncdir? Bir onu döndər görüm!
Taxtaayaq məni döndərib kürəyimdəki plakatı göstərdi. Sonra yenə üzümü ona sarı çevirdi. Səsi alçaqdan gəlir, sanki fısıldayırdı. Danışanda onun qəzəbli sifəti boğuq rəng alırdı. Soruşdu:
– Bu uşaq barədə nə deyə bilərsən?
– Hələlik heç nə deyə bilmərik, elə bir hal olmayıb, – taxtaayaq cavab verdi.
Deyəsən, mister Kriklin bu cavabdan qanı qaraldı.
– Bir yaxın gəl, ser! – məni barmağı ilə yaxına çağırdı.
– Bura yaxınlaş! – taxtaayaq təkrarladı.
– Sənin atalığınla tanışam. Ləyaqətli və möhkəm xarakterli adamdır, – mister Krikl qulağımdan yapışaraq fısıldadı. – O məni tanıyır, mən də onu. Bəs sən məni tanıyırsan?
Əllərini amansız şəkildə oynadaraq qulağımı bururdu.
– Hələ yox, ser! – mən ağrıdan qıvrılaraq cavab verdim.
– Hələ yox? Hə? Çox tezliklə tanıyarsan!
Mən çox qorxdum və dedim ki, buna ümidvaram.
– Mən sənə deyərəm, mən kiməm! – qulağımı buraxıb fısıldadı. – Mən vəhşiyəm!
– Vəhşidir! – taxtaayaq təkrarladı.
– Mən qətiyyətli adamam! Nə dedim, o da olmalıdır! Apar onu!
Lakin mənim çox mühüm bir ricam vardı. Cəsarətə gəlib:
– Ser, əgər izin versəydiniz… Əgər mümkünsə, şagirdlər gəlməmiş bu yazını kürəyimdən götürün…
– Nə?! – mister Krikl kreslodan elə qalxdı ki, götürülməyə üstünlük verdim. Yatdığım otağa qədər qaçdım. İki saat titrətməm getmədi.
…Tətildən sonra məktəbə şagirdlərdən birinci Tommi Tredls gəlmişdi. Mənim plakatım onun xoşuna gəldi:
– Bir bax a! Yamanca gülməlidir!
Lakin şagirdlərin çoxu mənim plakatıma gülmədi. Bəzi şagirdlər ətrafımda rəqs edib məni cırnatmağa çalışırdı: "Qıs! Qıs!" Digərləri adımı "Qapı iti" qoymuşdu. Az qalırdı ağlayam.
Məktəbin ən nüfuzlu şagirdi olan Ceyms Stirfort gələndə mən formal olaraq bu mühitə qəbul edildim. Onun dərin bilikli şagird olduğu deyilirdi. Məndən altı yaş böyük idi. Məni onun yanına dustağı hakim yanına aparırmış kimi aparırdılar. Plakatıma baxıb bu cəzanın səbəbi ilə maraqlandı və təəssüf etdi. Onunla yanaşı gedəndə soruşdu:
– Nə qədər pulun var, Kopperfild?
– Yeddi şillinq.
– Yaxşısı budur, ver mən saxlayım. İstəmirsən, vermə.
Mən bu dostcasına təklifi qəbul etməyə tələsdim və pulları onun ovcuna boşaltdım.
– Bunları xərcləmək istəmirsən?
– Yox, ser.
– İstəsən, bu, çox asandır. Bircə kəlmə de…
Mən razılıq verdikdən sonra axşam bu yeddi şillinqə xeyli şey alıb gətirmişdi. Əsl kral ziyafəti düzəltdik. Təklif etdim ki, qonaqlığa Stirfort başçılıq etsin. Biz pəncərədən düşən ay işığında çarpayılarımızda və döşə- mədə oturub pıçıltı ilə danışır, qarağat şirəsi içir, şirniy- yat yeyirdik.
Uşaqlardan pansion və onun sakinləri haqqında çox şey öyrəndim…
Mister Krikl, doğrudan da, vəhşidir. Hər gün əlində qamçı süvari döyüşçü kimi sağını-solunu çırpır, qarşısına çıxanı ağına-bozuna baxmadan döyür. Bu işdən başqa, əlindən heç nə gəlmir. Əvvəllər alverçi imiş, işi alt-üst olandan sonra bu məktəbi açıb. Taxtaayaq Tangey alverdə ona kömək edirmiş. Onun yanında xidmət edəndə ayağını sındırıb. Öyrəndim ki, mister Kriklin bir oğlu var. Atasına şagirdləri və evdə anasını döydüyünə görə etiraz edirmiş. Bunun üstündə evdən qovulub…
О проекте
О подписке
Другие проекты
