Amma Lovudun yerləşdiyi meşə vadisi zəhərli dumanların və bu dumanlardan törənən xəstəliklərin beşiyiydi. İndi burada yatalaq baş qaldırmışdı. Bu arzuolunmaz qonaq bizim yetimxanaya da sürünüb daxil oldu. Səksən qızdan qırx beşi eyni vaxtda yatağa düşdü. Dərslər dayandırıldı, intizam qaydalarına əvvəlkindən az riayət olundu və hələ xəstələnməyənlər üçün belə bir məqamda sonsuz imkanlar açıldı. Həkim israr edirdi ki, hələ xəstəliyə tutulmayanlar sağlamlıqlarını qorumaqdan ötrü günün çox vaxtını açıq havada keçirməlidilər. Miss Templin bütün diqqət-qayğısı xəstələrin üstündəydi. Qalan bütün müəllimələr xoşbəxtlikdən dostlarının, qohumlarının öz yanlarına götürməyə razı olduqları az sayda qızın yola hazırlığıyla məşğul idi. Amma çoxlarına artıq xəstəlik yoluxmuşdu və onlar evə qayıdandan az sonra orada ölürdülər. Başqalarısa məktəbdə canlarını tapşırırdı. Epidemiyanın yayılma təhlükəsinə görə onları tez və sakitcə dəfn etmək lazım gəlirdi.
Sağlam qızlarsa işıqlı baharın məktəbin bağına, onun civarına gətirdiyi gözəlliklərdən doyunca ləzzət alırdılar. Heç kim bizi yadına salmazdı. Səhərdən gecəyə qədər yamacları, meşələri gəzib-dolanardıq. Nə istəyirdik, onu da edirdik, ayağımız hara aparırdı, ora da gedirdik…
Yatalaq Lovudda dağıdıcı missiyasını başa vurandan sonra tədricən sönüb yoxa çıxdı. Amma məktəbimizdə qurbanların sayı o həddə çatdı ki, vəziyyət ictimaiyyətin diqqətinə səbəb oldu. Aparılan təhqiqat nəticəsində məlum olan faktlar ciddi, hətta qəzəblə qarşılandı. Məktəbin səhhət üçün uğursuz yerdə salınması, qidanın miqdarı və keyfiyyəti, xörəklərin hazırlanması üçün iylənmiş sudan istifadə olunması, uşaqlara geyindirilən cındır pal-paltar və dözülməz həyat şəraiti – bütün bunların üzə çıxarılması mister Broklhörstə şərəf gətirməsə də, məktəb həyatımızın xeyrinə oldu.
Daha münasib yerdə və daha yaxşı məktəb binası tikmək üçün qraflıqda yaşayan bir neçə varlı xeyriyyəçidən ianə topladılar; yeni qaydalar tətbiq olundu, yeməyimiz və əyin-başımız müqayisəyəgəlməz dərəcədə yaxşılaşdı. İslahat aparılandan sonra mən bu müəssisənin divarları arasında daha səkkiz il qaldım; bunun altı ilini şagird, iki ilinisə müəllimə kimi.
Bütün bu səkkiz il ərzində mənim həyatım yeknəsəq keçirdi. Məktəbimizin müdiri bütün bu vaxt ərzində miss Templ idi. Əldə etdiyim biliklərin böyük hissəsinə görə ona minnətdaram. O mənə ana əvəziydi, məni himayə edərdi, sonradansa ən yaxın rəfiqəm oldu. Amma nəql etdiyim həmin vaxtda o ərə getdi və öz əriylə – rahib və belə bir qadına layiq olan gözəl bir insanla buradan uzaqlarda yerləşən qraflığa köçüb getdi. Beləliklə, həyatımda itki baş verdi.
O gedən gündən mən dönüb başqa adam oldum. Bir neçə il ərzində mənim dünyam Lovudun divarlarıyla məhdudlaşmışdı; bu məktəbin qaydaları və ənənələrindən savayı heç nə bilmirdim. Mən səkkizillik ətalətdən yorulmuş olduğumu hiss etdim. Sərbəstlik istəyirdim, azadlıq təşnəsi ilə yaşayırdım.
Mən nə istəyirəm? Yeni iş yeri, başqa evdə, yeni adamların əhatəsində, yeni şəraitdə yaşamaq. İnsanlar iş yerini necə tapırlar? Nə etməli? Qəzetə elan vermək lazımdır.
Səhər erkən yuxudan durdum. Zəng çalınana qədər artıq elan tərtib olunmuş, zərfə qoyulmuş və üstündə ünvan yazılmışdı. Məktubun mətni beləydi:
“Müəllimlik təcrübəsi olan gənc xanım şəxsi evdə on dörd yaşdan böyük olmayan uşaqlara baxmaq üçün iş axtarır. Məktəb proqramına daxil olan ümumi fənlərdən başqa, fransız dili, rəsm və musiqi dərsləri verir.
Ünvan: Louton, … qraflığı, tələb olunanadək. C.E. üçün”.
Bir həftədən sonra cavab aldım. Məktub çox qısa idi:
“Əgər elan vermiş C.E. sadaladığı bütün qabiliyyətlərə malikdirsə və əgər o öz xasiyyəti və bilikləri haqqında səlahiyyətli mənbədən zəmanət təqdim edə bilərsə, ona ildə otuz funt ödənişi ilə doqquzyaşlı qızın tərbiyəçisi vəzifəsi təklif oluna bilər. C.E-dən xahiş olunur, göstərilən zəmanəti və həmçinin özünün adını, soyadını, yaşadığı ünvanı və bununla bağlı digər məlumatları bu ünvana göndərsin: “Missis Feyrfaks, Törnfild, Milkot yaxınlığında, … qraflığı”.
Bir aydan sonra bütün məlumatları və zəmanətin surətini missis Feyrfaksa göndərdim. O isə cavab məktubunda alınan məlumatlardan razı qaldığını və iki həftədən sonra mənə evində mürəbbiyə vəzifəsini tutmağı təklif etdiyini bildirdi.
İki həftə hiss olunmadan gəlib-keçdi. Nəhayət, mən Miltonun yaxınlığında naməlum bir yerə gedəcək dilicana mindim. Orada məni başqa vəzifələr və başqa həyat gözləyirdi.
On altı saatlıq yol gələndən sonra mənzilbaşına çatdım. Mən ekipajdan düşüb evə daxil oldum. Qapını ev qulluqçusu açdı.
‒ Xahiş edirəm ardımca gələsiniz, xanım, ‒ dedi və mən qızın ardınca buxarının oduyla işıqlanan otağa daxil oldum. Mən içəri girəndə yaşlı xanım üzündə mehriban gülüş ayağa qalxdı.
‒ Özünüzü necə hiss edirsıniz, mənim əzizim? Yəqin ki, yol sizi yorub.
‒ Ehtimal ki, siz missis Feyrfakssınız? ‒ mən soruşdum.
‒ Düz tapdınız. Əyləşin. Əlləriniz, yəqin, donub. Li, isti rom və bir neçə sendviç hazırlayın. Buxarıya yaxın oturun.
Bu vaxta qədər heç kimdən görmədiyim, indisə tabeliyində olacağım adam tərəfindən özümə qarşı bu qədər diqqət yetirilməsindən utandım.
‒ Mən bu gecə miss Feyrfaksla görüşməkdən məmnun ola bilərəmmi? ‒ bir az yeyəndən sonra qarıdan soruşdum.
‒ Miss Feyrfaks? Oh, siz, yəqin, miss Varansı nəzərdə tutursunuz? Sizin gələcək şagirdinizin soyadı Varansdır.
‒ Deməli, o sizin qızınız deyil?
‒ Xeyr, mən tək qadınam. Artıq saat on ikiyə işləyir, sizsə bütün günü yol gəlmisiniz və yəqin ki, çox yorulmusunuz. Əgər ayaqlarınız qızınıbsa, mən sizi yataq otağınıza yola salardım.
O məni otağıma yola saldı. Yorğun və məmnun halda tez, möhkəm yuxuya getdim.
Yuxudan ayılanda artıq aydın gün idi. Ayağa durub geyindim. Sonra otaqdan çıxdım. Aşağı düşüb zala daxil oldum.
‒ Siz artıq yuxudan durmusunuz? ‒ missis Feyrfaksın səsi gəli. ‒ Hə, necədir, Törnfild xoşunuza gəlir?
Mən buranın çox xoşuma gəldiyini bildirdim.
‒ Gözəldir, amma qorxuram mister Roçester köçüb bura gəlməsə, ya da, heç olmasa, bura tez-tez baş çəkməsə, hər şey dağılıb gedəcək. Belə evlərə ev sahibinin daimi nəzarəti lazımdır, ‒ qarı davam etdi.
‒ Mister Roçester? ‒ soruşdum. ‒ O kimdir?
‒ Törnfildin sahibi.
‒ Mən düşünürdüm ki, Törnfild sizə məxsusdur.
‒ Nə danışırsız?! Mən burada yalnız təsərrüfat müdirəsiyəm. Düzdür, ana tərəfdən mənim Roçesterlərə qohumluğum çatır, amma mən bundan heç vaxt sui-istifadə etməmişəm. Mənim sahibim həmişə nəzakətlidir, mənəsə bundan artıq heç nə lazım deyil.
‒ Bəs qız, mənim şagirdim?
‒ Mister Roçester ona qəyyumluq edir. O mənə tapşırmışdı ki, qız üçün mürəbbiyə axtarıb tapım. Odur, qızın özü də dayə ilə gəlir.
‒ Sabahınız xeyir, miss Adel, ‒ missis Feyrfaks ona müraciətlə dedi. ‒ Yaxına gəlin, miss Eyrlə tanış olun. O sizə dərs verəcək.
Qız bizə sarı gəldi.
‒ Bu mənim mürəbbiyəmdir? ‒ deyə o məni göstərib fransız dilində dayəsindən soruşdu və dayə ona cavab verdi:
‒ Bəli, əlbəttə.
‒ Onlar əcnəbidirlər? ‒ fransız nitqini eşidib təəccüblə xəbər aldım.
‒ Dayə fransızdır, Adelsə Fransada doğulub. Qız bura təzə gələndə ingilis dilində bir kəlmə danışa bilmirdi. İndi bir qədər öyrənib. Mən onu çətin başa düşürəm. Sizsə, yəqin ki, onu başa düşəcəksiniz.
Biz səhər yeməyinə gedəndə mən Adelə müraciətlə onun doğma dilində bir neçə kəlmə dedim. Stol arxasına oturandan sonra qız mənimlə danışmağa başladı:
‒ Siz mənim doğma dilimdə mister Roçesterdən pis danışmırsız. Madmazel… bəs sizin adınız nədir?
‒ Eyr, Ceyn Eyr.
‒ Eyr? Ba! Bunu deyə bilməyəcəm.
‒ Yəni siz onun qırıldatdığından bir şey başa düşürsüz? ‒ missis Feyrfaks məndən soruşdu. ‒ Siz ona valideynləri ilə bağlı bir neçə sual verin.
‒ Adel, ‒ mən dedim, ‒ siz əvvəllər kiminlə yaşayırdınız?
‒ Əvvəllər, çoxdan, mən anamla yaşayırdım. Amma o, müqəddəs Məryəmin yanına getdi.
‒ Bəs sonra sən kiminlə yaşayırdın?
‒ Mən madam Frederik və onun ərinin evində yaşayırdım. Sonra mister Roçester məndən onunla İngiltərəyə gedib orada yaşamaq istəyib-istəmədiyimi soruşdu və mən razılıq verdim. Axı mən onu madam Frederikdən əvvəl tanıyırdım. O çox mehribandır, həmişə mənə qəşəng paltarlar və oyuncaqlar hədiyyə edirdi.
Səhər yeməyindən sonra Adel və mən kitabxanaya getdik. Mister Roçester buranı sinif otağı kimi ayırmışdı. Şagirdim yetərincə intizamlı, lakin olduqca fikri dağınıq qız idi. O, müntəzəm məşğələlərə qətiyyən vərdiş etməmişdi. Ona görə də doyunca söhbət edəndən və bir dərsi məşğul olandan sonra mən ona dayənin yanına getməyə icazə verdim.
Nahara qədər missis Feyrfaks məni malikanə ilə tanış etdi, biz bütün mərtəbələri, otaqları gəzdik. Üçüncü mərtəbədə qulağıma kiminsə gülüşü gəldi. Bu çox qəribə gülüş idi: qırıq-qırıq, quru, sevincsiz.
‒ Miss Feyrfaks, siz ucadan gələn gülüşü eşitdiniz? Bu kimdir?
‒ Yəqin ki, qulluqçulardan biridir. Ola bilər ki, Qreys Puldu. O bu otaqlardan birində tikiş tikir. Hərdən Li də onunla olur. Onlar laqqırtı vurur, səs-küy salırlar.
Beləcə oktyabr, noyabr, dekabr gəlib-keçdi. Yanvar günlərinin birində missis Feyrfaksın yazdığı məktubu poçta çatdırmaq lazım idi, odur ki mən şlyapamı qoyub, bürüncəyimi geyinib məktubu Heyə aparmağı qərara aldım. Həmin qəsəbəyə burdan iki mil yol vardı və bu yolla bir az gəzişmək, məncə, pis olmazdı.
Yol kimsəsiz idi. Yolu yarı edəndə keçib düzənliyə açılan çəpərin çıxıntısında əyləşdim.
Birdən at nallarının səsi və bir xışıltı eşidildi, kolların içindən yekə bir it çıxıb qaçdı. Bu an at çıxdı, üstündə bir atlı da vardı. O, yanımdan ötüb-keçdi. At buzla bağlanmış cığırdan aşağı sürüşdü, atlının “Bircə bu çatmırdı!” çığırmağıyla atın aşması bir oldu. Mən qalxdım. At və atlı yerdə yıxılıb qalmışdılar. Mən atlıya yaxınlaşıb soruşdum:
‒ Əzilməmisiniz, ser?
‒ Çəkilin kənarda dayanın, ‒ birtəhər ayağa duran adam dedi. At da ayağa qalxdı, it yiyəsinin “Sus, Pilot!” qışqırmağından sonra sakitləşdi. Atlı yavaş-yavaş çəpər yoluna çıxıb indicə mənim qalxdığım çıxıntının üstündə oturdu.
‒ Ser, siz əzilmisiniz, sizə yardım lazımdır, mən gedib Törnfıld-holldan, ya da Heydən kimisə bura çağıra bilərəm.
‒ Çox sağ olun, özüm bacararam! Sümüklər yerindədir, azca burxulma var.
‒ Ser, mən yəhərə otura biləcəyinizdən arxayın olmayınca sizi bu kimsəsiz yerdə tək qoyub getməyəcəyəm.
‒ Harada yaşayırsınız?
‒ Bu yolun aşağısında. Əgər istəyirsinizsə, məmnuniyyətlə sizə kömək üçün özümü Heyə çatdıra bilərəm. Onsuz da poçta məktub aparmaqdan ötrü ora gedirəm.
‒ Deyirsiz o qüllələri olan evdə yaşayırsınız? ‒ Törnfild-hollu göstərdi.
‒ Bəli, ser.
‒ O kimin evidir?
‒ Mister Roçesterin.
‒ Siz onu tanıyırsınız?
‒ Yox, mən onu heç vaxt görməmişəm.
‒ Məgər o, orada yaşamır?
‒ Xeyr.
‒ Harada olduğunu bilirsiz?
‒ Yox, bilmirəm.
‒ Siz evin qulluqçusu deyilsiniz, bu məlumdur. Siz…
‒ Mən mürəbbiyəyəm.
‒ Hə, mürəbbiyə! ‒ o, diqqətlə mənə baxdı. Sonra ayağa qalxdı, amma bir addım atan kimi sifəti ağrıdan əyildi. ‒ Mən sizi kömək dalınca göndərməyəcəm, amma istəsəniz, siz özünüz mənə kömək edə bilərsiniz.
‒ Yaxşı, ser.
‒ Kömək edin ata tərəf gedim.
Mən ona yaxınlaşdım. Atlının əli bütün ağırlığıyla çiynimə yatdı, axsaya-axsaya özünü atın yanına çatdıra bildi. Yüyəni əlinə keçirən kimi atı ram edib cəld qalxıb yəhərə oturdu.
‒ Təşəkkür edirəm, indisə qaçın məktubunuzu Heyə çatdırın və bacardıqca tez evə qayıdın, ‒ dedi.
O, atı mahmızladı, at şahə qalxıb dördayaq çapmağa başladı. İt də onların ardınca götürüldü.
Mən evə qayıdanda missis Feyrfaksın otağına girdim. O, otaqda yox idi. Əvəzində buxarının qarşısında ağ-qara dərili, yolda rastlaşdığım itin eyni olan yekə it yerini rahatlayıb oturmuşdu. Onun haradan bura gəldiyini anlaya bilmirdim. Şamları yandırmaq və bizə kimin gəldiyini öyrənmək üçün zəngi çaldım. Li daxil oldu.
‒ Bu it hardandır?
‒ Sahiblə birgə gəlib.
‒ Kiminlə?
‒ Mister Roçesterlə. O elə indicə gəldi.
‒ Doğrudan? Missis Feyrfaks onun yanındadır?
‒ Bəli, miss Adel də. Onlar hamısı qonaq otağındadır. Conusa həkim dalınca göndəriblər. Sahibin başına hadisə gəlib. Yolda at yıxılıb, sahibin topuğu yerindən çıxıb.
Məlum oldu ki, həkimin tapşırığıyla mister Roçester axşam tez yatağına girib; ona görə də səhər yuxudan gec oyandı. Nəhayət, durub aşağı düşəndə birbaş işlərlə məşğul olmağa başladı: artıq onun işlər üzrə rəisi və icarədar da gəlmişdilər.
Mən Adellə kitabxananı tərk etməli oldum. İndi kitabxana bura gələnlər üçün qəbul otağına çevrilmişdi. Yuxarı mərtəbədəki otaqlardan birində özümüzə sinif otağı yaratdıq.
Axşam missis Feyrfaks otağıma gəldi:
‒ Mister Roçester sizin və şagirdinizin axşam qonaq otağında çay məclisinə gəlişinizdən məmnun qalacağını bildirir. O, bütün günü məşğul olduğundan sizinlə tanış olmağa imkan tapa bilməyib.
‒ Çay nə vaxt olacaq? ‒ soruşdum.
‒ Oh, saat altıda. Kənddə olan zaman o, adətən, tez yatmağa gedir. Yaxşı olar, elə indidən aşağı düşək.
Yemək otağına çatanda missis Feyrfaksı özümdən qabağa buraxdım. Mister Roçester taxtın üzərində yarıuzanmış halda əyləşmişdi. Gəlməyimizi görməyə bilməzdi, amma içəri girəndə heç başını da qaldırmadı.
‒ Bu, miss Eyrdir, ser, ‒ missis Feyrfaks həmişəki yumşaq səsiylə dedi.
‒ Qoy miss Eyr otursun, ‒ dedi.
Keçib oturdum. Sahib dilləndi:
‒ Xanım, mən çay içmək istəyirəm.
Missis Feyrfaks zəngi çaldı və Li məcməyini gətirəndə ayağa durub özü cidd-cəhdlə fincanları, qaşıqları düzməyə başladı. Adellə keçib stol arxasında əyləşdik, evin sahibi yarıuzanmış halda çayını içdi.
Çay süfrəsi yığışdırıldıqdan sonra evin sahibi dedi:
‒ Gəlin oda yaxın əyləşin! Siz mənim evimdə üç aydır yaşayırsınız?
‒ Bəli, ser.
‒ Siz hardan gəlmisiniz?
‒ Lovuddan, …şir qraflığındakı məktəbdən.
‒ Orada neçə müddət olmusunuz?
‒ Səkkiz il.
‒ Görünür, möhkəm adamsınız. Belə bir müəssisədə ən sağlam adam da bu müddətin yarısını yaşaya bilməzdi. Sizin valideynləriniz kimdir?
‒ Valideynlərim yoxdur.
‒ Yəqin, heç vaxt da olmayıb, hə? Siz onları xatırlayırsız?
‒ Yox.
‒ Yaxşı, bəs əmiləriniz, bibiləriniz?
‒ Yoxdur, hər halda, mən onları görməmişəm.
‒ Bəs sizin eviniz?
‒ Evim olmayıb.
‒ Qardaşlarınız, bacılarınız bəs harada yaşayır?
‒ Mənim nə qardaşlarım, nə də bacılarım var.
‒ Bura gəlməyi kim sizə məsləhət gördü?
‒ Qəzetə elan verdim və missis Feyrfaks məni bura dəvət etdi.
‒ Miss Eyr, siz nə vaxtsa şəhərdə yaşamısınız?
‒ Xeyr, ser.
‒ Bəs cəmiyyətdə necə, olmusunuz?
‒ Xeyr, ser. Yalnız Lovudda şagirdlər və müəllimlərlə bir cəmiyyətdə olmuşam. İndisə Törnfildin sakinləri ilə ünsiyyətdə oluram.
‒ Siz çox mütaliə etmisiniz?
‒ Yalnız əlimə düşən kitabları oxumuşam. Amma onlar çox olmayıb.
‒ Lovuda gedəndə sizin neçə yaşınız vardı?
‒ Təxminən on.
‒ Səkkiz il orada yaşamısız. Deməli, on səkkiz yaşınız var?
Mən başımla təsdiqlədim.
‒ İndisə deyin, Lovudda sizə nə öyrədiblər? Royalda çala bilirsinizmi?
‒ Ala-babat.
‒ Əlbəttə, həmişə belə deyirlər. Adel səhər mənə bir neçə rəsm göstərib dedi ki, onlar sizindir. Yəqin ki, müəllim sizə kömək eləyib.
‒ Qətiyyən!
‒ Saat doqquzdur! Siz nə barədə düşünürsünüz, miss Eyr? Adelin yatmaq vaxtı çatıb. Aparın onu.
Otaqdan çıxmazdan əvvəl Adel ona yaxınlaşıb üzündən öpdü…
‒ Siz deyirdiniz ki, mister Roçesterin qəribəlikləri yoxdur, ‒ Adeli yatmağa aparandan sonra missis Feyrfaksın otağına girən kimi ondan soruşdum.
‒ Sizcə, var?
‒ Məncə, var.
‒ Hə, düzdür. Amma bu qəribəlikləri onun üçün keçmək olar.
‒ Nəyə görə?
‒ Qismən ona görə ki onun təbiəti belədir. Qismən də ona görə ki ağır fikirlər onu narahat edir və onun mənəvi tarazlığı pozulur.
‒ Hansı fikirlər?
‒ Ailə məsələləri. Böyük qardaşını bir neçə il əvvəl itirdi. Bizim mister Roçester bu yaxınlarda malikanənin sahibi oldu, cəmi doqquz il bundan qabaq. Mən bildiyimə görə, onların arasında anlaşılmazlıq var idi. Mister Roland Roçester mister Edvarda qarşı o qədər də ədalətli olmurdu və yəqin ki, atalarını da ona qarşı qaldırmışdı. Qoca pulu çox sevirdi və ailə mülkünü özündə saxlamaq istəyirdi, malikanəni də bölmək fikrində deyildi. Amma ailə mülkiyyətini saxlamaqdan ötrü mister Edvardın da varlı olmasının zəruriliyini anlayırdı. Oğlu, nəhayət, kamillik həddinə çatanda qoca ləyaqətli sayılmayacaq bir neçə tədbirə əl atdı və bununla da xeyli bəlalara səbəb oldu. Qoca Roçester və mister Roland mister Edvardı elə vəziyyətə saldılar ki, bu ona böyük çətinliklər törətdi, onlarsa elə hesab edirdilər ki, bu vəziyyətdən istifadə edərək özlərinə var-dövlət əldə edəcəklər. Mister Roçester asanca bağışlayan adamlardan deyil. Ona görə də atası və qardaşıyla əlaqəni kəsdi və neçə illər sərgərdan həyat sürdü. Təəccüblü deyil ki, o bu köhnə evi sevmir və ata-baba evində yaşamaqdan qaçır.
‒ Axı nəyə görə burdan qaçmalıdır?
‒ Ola bilər, bu ev ona kədərli təsir bağışlayır.
Cavab məni qane etmədi. Mən daha çox bilmək istəyirdim. Amma qarı bu barədə söhbəti kəsməyin tərəfdarıydı və mən belə də etdim.
Bir neçə gün mister Roçesterlə görüşmədim. Bir axşam o, Adeli və məni aşağı çağırdı. Mister Roçester Adelə hədiyyə almışdı. Qız iri qutunun ağzını açdı və içindəki hədiyyəyə tamaşa etməyə başladı.
‒ Miss Eyr, yaxına gəlin, əyləşin.
Mən onun dediyinə əməl etdim.
‒ Miss Eyr, necə bilirsiz, mən gözəl kişiyəm?
Cavab özümdən asılı olmayaraq ağzımdan çıxdı:
‒ Xeyr, ser!..
‒ Vicdanıma and içirəm ki, siz qeyri-adi adamsız!
‒ Mister Roçester, mən elə demək istəmirdim, çox səfeh alındı.
‒ Tamamilə doğrudur, mən də belə düşünürəm.
Oturmuşdum, dillənmirdim.
‒ Diliniz tutulub, miss Eyr?
Sonra mister Roçester uzun-uzadı öz həyat təcrübəsindən, həyatından danışdı. Nəhayət, mən dilləndim:
‒ Artıq saat doqquzu vurdu, ser.
‒ Heç nə olmaz… Adel hələ yatağa girməyə hazır deyil. İndi o, Sofïnin köməyi ilə hədiyyə etdiyim paltarı geyinməklə məşğuldur. Bir-iki dəqiqədən sonra içəri girəcək. Getməyin, qalın, baxın görün mən deyən düz olacaqmı.
О проекте
О подписке
Другие проекты