Читать книгу «Kəlilə və Dimnə» онлайн полностью📖 — Bəydəba — MyBook.
cover

Beydəba dedi: – Şahım! Mənə elə gəlir ki, insanı bütün heyvanlardan ayıran, onu dünyanın bütün sirlərinə vaqif edən dörd şeydir: – hikmət, ağıl, təmkin və ədalət. Alimlik, savad və hər şeyi ətraflı düşünə bilmək – hikmətə; tədbir, səbir, nəzakət, mərhəmət – ağla; həya, alicənablıq, özünü ələ almaq və özünü dərk etmək təmkinə; doğruluq, vədi yerinə yetirmək, yaxşı işlər görmək və xoşxasiyyətli olmaq– ədalətə daxildir. Bu sifətlər gözəldir, ona əks olanlar isə – çirkin. Bu sifətlərin hamısı kamil bir şəkildə bir adamda toplandıqda dünyanın ən böyük xoşbəxtliyi belə onun başını gicəlləndirə bilməz, ən böyük bədbəxtliyi onu sarsıda bilməz. Belə bir adam onu təmin etməyən şeylərin varlığından qəmlənməz, taleyin onun əlindən qoparıb aldığı şeyləri itirməsindən kədərlənməz və baş verə biləcək fəlakətlərdən özünü itirməz. Hikmət – bitməz, tükənməz bir xəzinədir, xərclənməklə qurtarmaz, paylamaqla azalmaz. Hikmət – elə bir paltardır ki, geydikcə köhnəlməz, elə bir əyləncədir ki, ardı kəsilməz. Şahın qarşısında durarkən birinci olaraq sözə başlamamağımın səbəbi qorxu və şaha bəslədiyim hörmət olmuşdur. Həyatıma and içirəm ki, şahlar zəhmli olmağa layiqdir, xüsusilə o şah layiqdir ki, onun şən və şövkəti özündən əvvəlki bütün şahlarınkından artıq olsun. Atalar deyiblər ki, dilini saxla, başın salamat olar, yersiz danışmağın nəticəsi peşmançılıqdır. Nəql edirlər ki, bir padşah məsləhət üçün yanına dörd alim çağırıb deyir: «Hərəniz elə bir hikmətli söz deyin ki, o gözəl bir tərbiyənin əsası olsun». Birinci deyir:– Ağıllı adamların həyatında ən layiqli cəhət danışmamaqdır! İkinci deyir: – Dünyada ən faydalı şey odur ki, insan öz ağlı ilə məsləhətləşməmiş sözə başlamasın. Üçüncü deyir: – İnsan üçün ən xeyirli iş odur ki, fikirləşməmiş dinməsin. Dördüncü deyir:– İnsan üçün ən rahatı odur ki, özünü taleyin ixtiyarına versin.

Deyirlər, bir gün Çin, Hind, İran və Rum padşahları bir yerə toplaşıb şərt qoyurlar: onlardan hər biri elə bir söz desin ki, dünya durduqca dursun. Çin şahı deyir:– Mən demədiyim sözü geri qaytarmağa, dediyim sözü geri qaytarmaqdan daha artıq qadirəm. Hind şahı deyir: – Mən o adama təəccüb edirəm ki, dediyi söz özünün xeyrinə olduqda fayda verməsin, zərərinə olduqda onu məhv etsin. İran şahı deyir: – Sözü nə qədər ki, deməmişəm o mənim qulumdur, elə ki, dedim, oldu, ağam. Rum şahı deyir: – Mən demədiyim sözdən heç vaxt peşman olmamışam, dediyimdən isə çox tez-tez peşmançılıq çəkmişəm.

Şahların susması fayda verməyən boş söhbətlərdən daha yaxşıdır. İnsan hər şeydən çox dilindən bəlaya düşür.

Allah şahın ömrünü uzun etsin, o, mənə sərbəst danışmağa icazə vermişdir. Mən isə məqsədə keçməzdən əvvəl demək istəyirəm ki, deyəcəyim sözlərin meyvəsini şah dərəcəkdir, mən yox. Onun bütün xeyrini şah görəcəkdir, mən yox; mənim deyəcəyim sözlərdən ala biləcəyim hədiyyə yalnız şaha nəsib olacaqdır: şah həm fayda götürəcək, həm şöhrət qazanacaqdır; mən isə yalnız öz borcumu yerinə yetirəcəyəm. Şahım! Mən demək istəyirəm ki, sən, səndən qabaq şəhərlər salan, təbiəti müti edən öz şah atalarının və qüdrətli babalarının taxtında oturursan. Onlar qalalar tikərək ordulara sərkərdəlik etmiş, ehtiyat toplamış və uzun ömür sürmüşlər, onların atları çox, silahları bol olmuşdur. Onlar əsrlərlə xoşbəxtlik və şadlıq içərisində yaşamışlar, bu xoşbəxtlik onların faydalı işlər görməsinə mane olmamış, onları lütfə qarşı mərhəmət hissindən məhrum etməmişdir, dövlətlərinin böyük gücü nə, özlərinin məstedici şən və şövkətlərinə baxmayaraq, öhdələrinə götürdükləri vəzifələri yaxşılıqla yerinə yetirmişlər.

Ey bəxt ulduzu bütün ulduzlardan uca olan xoş tale, indi sən onların torpaqlarına, şəhərlərinə, dövlətlərinə varis olub, allahın sənə bəxş etdiyi taxtı-səltənətdə oturubsan. Sən miras olaraq dövlət və ordu alıbsan, lakin öhdənə düşən vəzifəni yerinə yetirmirsən, hakimiyyət başına keçmiş şahlardan tələb olunan qayda-qanuna riayət etmirsən. Yox, sən həddini aşıbsan, zülmlər edibsən; təkəbbür və qürur sənin gözünü tutub, rəiyyətə həqarətlə baxırsan, yaramazlıq edirsən, törətdiyin cinayətlərin isə sayı-hesabı yoxdur. Halbuki, sənin ən ləyaqətli və ən şərəfli vəzifən öz əcdadlarının yolu ilə, səndən qabaqkı şahların yolu ilə getmək, sənə miras qalmış gözəl işləri davam etdirmək, rüsvayedici işlərdən çəkinmək idi. Sən öz rəiyyətinə qarşı diqqətli olmalı, onun üçün elə qanunlar yaratmalı idin ki, bu qanunlar həmişəlik olaraq xatirələrdə yaşasın, zaman keçdikcə sənin şöhrətini artırsın, elə qanunlar yaratmalı idin ki, onlar əbədi sülh və ədalət rəmzi olsun. Öz işlərini şöhrətpərəstlik və mənsəbpərəstliklə idarə edən adam ağıllı hesab edilə bilməz. Ağıllı və dərrakəli adam odur ki, ölkəni ədalət və mərhəmətlə idarə etsin. Şahım, mənim dediklərimə yaxşı fikir ver, qoy onlar sənin ürəyini sıxmasın. Axı, mən onları səndən bəxşiş almaq və ya sənin mərhəmətinə layiq olmaq məqsədi ilə demədim. Yox, mən sənin yanına vicdan əzabı çəkən səmimi bir dost kimi gəlmişəm.

Beydəba sözlərini deyib öz nəsihətinə son verdikdə şahın qəlbi titrədi, o, nifrətlə dolu bir səslə Beydəbaya kobud bir cavab verdi. Şah dedi: – Sən mənə çox ağır sözlər dedin. İnana bilmirəm ki, ölkəmdə mənə belə sözlər deməyə cəsarət edən daha başqa bir adam tapılsın. Yaşı az, xeyri yox, gücü zəif olan sən buna necə cürət etdin? Sən mənə elə sözlər deməyə cəsarət edibsən ki, onları dilə gətirməyə heç kəsin haqqı yoxdur. Mən sənin buradakı çıxışına və həddini aşan dili uzunluğuna təəccüb edirəm. Mən başqalarını susdurmaq üçün səni ağır cəzalandırmalıyam. Bu, şahlarla görüşmək şərəfinə nail olan, bəlkə də, şahlardan sənin tələb etdiyin şeyləri istəmək arzusu ilə gələn bütün adamlara ibrət dərsi və xəbərdarlıq olar.

Sonra şah əmr etdi ki, Beydəbanı çarmıxa çəkib edam etsinlər. Əmri yerinə yetirmək üçün onu apardıqda şah fikrindən döndü, əmr etdi, onu geri qaytarıb zindana salsınlar. Beydəbanın ayaqlarına kündə vurub, zindana saldılar. Sonra padşah onun şagirdlərini, yanına gəlib gedənləri tutmaq üçün adam göndərdi. Beydəbanın şagirdləri başqa ölkələrə qaçdılar, dəniz adalarında gizləndilər. Beydəba uzun müddət zindanda oturdu. Şah nə onun haqqında bir şey soruşur, nə də ona fikir verirdi. Heç kəs də onu şahın yadına salmağa cürət etmirdi. Bir gecə şahı yuxu aparmırdı, o, gözlərini səmaya dikib, fələyin dövranı, ulduzların hərəkəti haqqında düşünməyə başladı fikrə dalaraq göy haqqında nə isə bir məsələni həll etməyə çalışırdı. Birdən Beydəba yadına düşdü, onun sözlərini xatırlayıb tutduğu işdən peşman oldu. O, öz-özünə dedi: «Mən bu filosofun haqlı tələblərinə etina etməməklə ona qarşı yaxşı iş görmədim. Qəzəbin şiddəti məni buna vadar etdi, atalar isə deyiblər, şahlarda qəzəb olmamalıdır. Çünki qəzəb hər şeydən çox nifrətə layiqdir. Buna görə də qəzəblilərdən həmişə nifrət edirlər; xəsislik də yaxşı şey deyil çünki var olan yerdə o bağışlanmaz; qonşuluqda yalan danışmaq, kobud olmaq yaramaz, qonşuluq və ədəbsizlik bir yerə sığmaz. Mən sadiq, pak və təmiz bir adama rast gəlmişdim, lakin onu layiq olduğu kimi deyil, əksinə qarşıladım, ona layiqincə hörmət edə bilmədim. Yox, onun mükafatı bu olmamalı idi. Mən onun sözlərinə qulaq asmalı, məsləhətlərini yerinə yetirməli idim.

Şah o saat əmr etdi, onu gətirsinlər, Beydəba qapıda göründükdə şah dedi: – Ey Beydəba! Sən dediyin sözlərlə mənim ağlımı çaşdırmaq, kamalımı azdırmaq istəmirdin ki?

Beydəba dedi: – Ey xoşbəxt şahım! Mən yalnız sənin xeyrini, rəiyyətin xeyrini dedim, dövlətin əbədiliyi xatirinə bunları söylədim.

Şah ona dedi: – Dediklərinin hamısını, bir kəlmə buraxmadan təkrar et!

Beydəba danışır, şah onun sözlərinə diqqətlə qulaq asır və əlində olan bir şeyi yerə döyürdü. Sonra o, başını qaldıraraq Beydəbaya oturmasını əmr etdi. Beydəba oturdu. Şah ona dedi: – Ey Beydəba! Sənin dediklərin mənim xoşuma gəldi, ürəyimə yatdı. Mən sənin məsləhətlərini nəzərdən keçirib, onlara əməl edəcəyəm. Sonra əmr etdi, kündəni Beydəbanın ayağından açdılar və şah paltarlarından ona xələt verdilər.

Bu zaman Beydəba dedi: – Şahım! Mən hər nə dedimsə, hamısı sənin xeyrinədir. Şah dedi: – Doğru deyirsən, ey ləyaqətli alim! İndi mən bu görüşümüzdə bütün şahlığı sənə tapşırıram. Beydəba dedi: – Şahım! Məni bu işdən azad et. Mən sənsiz bu işin öhdəsindən gələ bilmərəm. Şah bu fikirlə razılaşıb onu azad etdi.

Lakin o getdikdən sonra şah başa düşdü ki, düz etməyib, adam göndərdi, onu geri qaytardılar. Şah Beydəbaya dedi: –

Mən səni azad etmək fikrindən əl çəkdim. Qət etdim ki, bu işi yalnız sən yerinə yetirə bilərsən; səndən başqa heç kəs onun öhdəsindən gəlib həll edə bilməz. Mənim sözümə bax, razı ol.

Beydəba razı oldu.

O zamankı şahların belə bir adəti var idi: kimi vəzir etsəydilər, onun başına tac qoyub ata mindirər və saray adamlarının müşayiəti ilə şəhəri gəzdirərdilər. Şah əmr etdi ki, Beydəbanın da başına tac qoyub, ata mindirsinlər və şəhəri gəzdirsinlər. Bu əmr yerinə yetirildikdən sonra Beydəba ədalət və həqiqət salonunda oturdu. O, güclülərə qarşı gücsüzlərin tərəfini saxladı, zülmkarları cəzalandırdı, ədalətli qanunlar verdi. Beydəbanın şagirdləri bu xəbəri eşitcək hər tərəfdən axışıb gəlməyə başladılar və şahın ona bəxş etdiyi bu hakimiyyət, hədiyyə və mərhəmətdən çox şad oldular. Onlar allaha şükür etdilər ki, Beydəba onun köməyi ilə şah Dəbşəlimi yaramaz hərəkətlərdən saqındıra bilmişdir.

Onlar həmin günü bayram elan etdilər və bu gün qiyamətə qədər də onların ölkəsində bayram ediləcəkdir.

Beydəbanın fikri Dəbşəlim sarıdan rahat olduqdan sonra, ölkəni idarə etməklə bərabər boş vaxt tapır və incə mənalı çoxlu kitablar da yazırdı.

Şah isə Beydəbanın məsləhətinə əsasən, rəiyyətlə mehriban və ədalətli rəftar etməyə başladı. Bunu görən bütün əhali və saray adamları şahdan razı qaldılar. Beydəba öz şagirdlərini toplayıb, onlara belə bir gözəl vəsiyyət etdi: – Bilirəm, mən padşahın yanına getdikdə siz özlüyünüzdə fikirləşdiniz ki, bu, ədalətsiz, qəddar hökmdarın yanına getməyi qət etmişsə, demək, onun əqli itmiş, kamalı zay olmuşdur. İndi isə mənim planımın nəticəsini, fikrimin düzgünlüyünü görürsünüz və bilirsiniz ki, mən şahın yanına onun xasiyyətini öyrənmədən, gözləri bağlı getməmişəm. Mən eşitmişəm, deyiblər ki: – «Şahlar da cavanlar kimi coşqun və dəliqanlı olurlar, bu dəliqanlılıq və sərməstliyin qarşısını isə yalnız alimlər və ağıllı adamlar ala bilər. Ağıllı adamlar öz sözləri ilə padşahları tərbiyə etməli, öz ağıllı məsləhətləri, aydın və inandırıcı sübutları ilə padşahların yaramaz və ədalətsiz hərəkətlərinin qarşısını almalıdırlar».

Mən alimlərin şahlar haqqında dedikləri bu sözləri müdrik adamlara verilən bir tapşırıq kimi qəbul etdim, çünki həkimlər öz təbabətləri ilə bədəni xəstəlikdən mühafizə edib, onu sağaltmalı olduqları kimi, ağıllı adamlar da öz nəsihətləri ilə padşahları belə məstlik yuxusundan ayıltmalıdır. Mən bu işi özbaşına buraxmaq istəmədim, istəmədim ki, mən öləndən sonra yer üzündə yaşayan insanlar mənim və sizin haqqınızda qeybət edib desinlər ki: «Dəbşəlim şahın dövründə Beydəba adlı bir filosof yaşamış, lakin şahı cinayət törətmək fikrindən daşındırmamışdır».

Əgər biri desə: «O, öz canının qorxusundan dillənməmişdir», o zaman başqaları ona cavab verərlər ki: «O, şahdan və onun sarayından qaçıb uzaqlara gedə bilərdi». Lakin vətəni tərk etmək çox ağırdır. Məndən sonra yaşayacaq alimlərin mənə haqq qazandıracaqlarını nəzərə alaraq, mən həyatımı qurban verməyi qət etdim. Mən arzularımın məhv olması, ya qələbə çalması üçün hücuma keçdim, indi isə siz nələr baş verdiyinin şahidisiniz.

Hansı bir təmsildə isə deyilmişdir: «Üç şey olmasa, heç vaxt böyük rütbəyə çatmaq mümkün deyil: Zəhmət çəkmək, dövlət sərf etmək, güzəştə getmək».

Təhlükəli işə girişməyə cəsarət etməyən adam arzusuna çata bilməz.

Padşah rəiyyətlə xoş rəftar edərək ömür sürür, Beydəba isə işlərə nəzarət yetirir və idarə edirdi. Elə ki, Dəbşəlimin hakimiyyəti möhkəmləndi, o, rəiyyətin işi ilə məşğul olmaq, düşmənin hərəkətlərini izləmək və onlara qarşı mübarizə aparmaq vəzifəsindən azad oldu. (Bu işlərin hamısını Beydəba tək idarə edirdi). Hind filosofları tərəfindən Dəbşəlimin ata- babası üçün yazılmış kitablar onun diqqətini cəlb etdi. Dəbşəlim istədi ki, xəzinədə öz adına da bir kitab olsun, o bilirdi ki, belə bir kitabı Beydəbadan başqa heç kəs yaza bilməz. Şah Beydəbanı yanına çağırıb təklikdə ona dedi:– Ey Beydəba! Sən hind filosofusan, hind alimisən. Mən qabaqkı şahların hikmət xəzinələri haqqında çox fikirləşib, çox düşünmüşəm. Mən elə bir şah tapmadım ki, onun adına bir kitab yazılmasın və bu kitabda onun apardığı müharibələr, həyatı, özünün və eləcə də saray adamlarının kamalı haqqında bir şey deyilməsin. Onların bir qismini, elm və hikmətlərini göstərmək üçün, şahların özləri yazmışlar, bir qismi isə filosoflar tərəfindən yazılmışdır. Qorxuram, onların başına gələn mənim də başıma gəlsin, yəni mən də öləm, axı ölümə çarə yoxdur. Axırda mənim xəzinəmdə elə bir kitab tapılmasın ki, şahlar onu oxuyub, mənim kim olduğumu və nələr etdiyimi öyrənsinlər. Mən istəyirəm ki, sən bütün hünərini, ağıl və kamalını işlədib, mənim haqqımda gözəl bir kitab yazasan və orada göstərəsən ki, xalqı necə idarə edib, onu necə tərbiyə etmək lazımdır; orada şahların əxlaqından, rəiyyətlə necə rəftar etməyindən, rəiyyətin şaha necə tabe olub ona xidmət göstərməsindən danışasan, bəlkə beləliklə, həm mənim üçün, həm də rəiyyət üçün bir sıra zəruri dövlət işi yüngülləşə. Mən istəyirəm ki, bu kitab gələcək əsrlər üçün məndən yadigar qalsın.

Beydəba bunu eşitdikdə üzüqoylu yıxılıb şaha təzim etdi və sonra başını qaldırıb dedi: – Ey xoştale şah! Qoy sənin bəxt ulduzun çıxsın, qəm ulduzun batsın! Qoy sənin ömrün uzun olsun. Həqiqətən şahın kamala yetmiş təbiəti, zəngin və müdrik ağlı onu bu yola gətirib çıxarmış, mənim indicə eşitdiyim bu böyük işi görmək fikrinə salmış, onun düşüncəsini ən ali dərəcəyə qaldırmışdır.

Qoy, qadir allah şahın səadətini əbədi etsin, ona öz qərarını, mənə isə onun arzusunu yerinə yetirməyə kömək olsun. Qoy, şah nə istərsə, əmr etsin, mən bütün ağlımı sərf edib onu məqsədinə çatdırmağa hazıram. Şah dedi: – Ey Beydəba! Sən həmişə müqəddəs bir kamala sahib olmaqla şahın əmrini yerinə yetirməkdə ad qazanıbsan. Mən sənin belə adam olduğunu bilirəm. Mən qət etmişəm ki, sən bütün səy və bacarığını sərf etməklə elə bir kitab yazasan ki, orada əyləncə, zarafat, ciddiyyət, hikmət və fəlsəfə bir yerdə olsun, ağıllı adamlar ondan həm hikmət dərsi alsınlar, həm də gülməkdən özlərini saxlaya bilməsinlər.

Beydəba müti halda ona təzim edərək dedi:– Mən şahın əmrini qəbul edirəm və bunun üçün müəyyən vaxt istəyirəm. Şah dedi: – Nə qədər vaxt istəyirsən? Beydəba dedi:– Bir il.

Şah dedi:– Ey Beydəba! Bir il sənə vaxt verirəm. Sonra əmr etdi, Beydəbaya çoxlu hədiyyə və bəxşiş versinlər ki, kitabı yazıb qurtarana qədər gücdən düşməsin, özünü yaxşı hiss etsin.

Beydəba kitabı necə hazırlamaq, nədən başlamaq, nə şəkildə yazmaq, fəsilləri necə adlandırmaq haqqında bir neçə gün fikirləşməli oldu.

O, öz şagirdlərini toplayıb dedi:– Şah mənə elə bir iş tapşırıbdır ki, mənim, sizin və ölkəmizin əsrlər boyu şöhrəti, bu işin necə yerinə yetirməsindən asılı olacaqdır. Mən sizi bunun üçün yığmışam, Şah Dəbşəlim tapşırmışdir ki, mən onun adına bir kitab yazım. Orada hikmət nümunələri olmalıdır. Qoy, sizin hərəniz bu sahəyə aid bir şey yazıb mənə versin və bununla da öz ağlının dərəcəsini, kamalının həddini bildirmiş olsun.

Onlar hamısı belə cavab verdilər: – Ey ləyaqətli filosof və incə düşüncəli insan! Sənə müdriklik, şüur və müqəddəslik bəxş etmiş Allaha and içirik ki, heç vaxt belə bir şey bizim ağlımıza gəlməmişdir. Sən bizim başçımızsan, aramızda səndən ləyaqətlisi yoxdur. Sən bizim şan və şöhrətimizsən, biz özümüz sənin köməyinə möhtacıq. Lakin buna baxmayaraq, biz sənin əmrini yerinə yetirərik.

Sonra Beydəba şahın məqsədini, kitabın quruluş və planı barədə verdiyi göstərişləri onlara danışdı. Amma onlar şahın tələb etdiyi bu kitab haqqında fikirləşib bir şey tapa bilmədilər.

Şagirdlərinin acizliyini görən Beydəba anladı ki, bu işi yalnız çox fikir edib, böyük ağı l işlətməklə yerinə yetirmək olar. O dedi:– Mən görürəm ki, gəmi dəryada yalnız dənizçilərin gücü ilə hərəkət edir, çünki gəmini onlar idarə edirlər. Lakin o yalnız muxtar olan gəmi başçısının əmri ilə dalğaları yarır, dənizləri aşır. Gəmi dənizçilərlə dolu olub, müsafirlərlə həddən artıq yüklənsə, onu batmaqdan xilas etmək olmaz.

O, uzun müddət bu kitabı yazmaq haqqında düşünüb, bir an da olsun, onu yaddan çıxarmırdı. Nəhayət, xəlvətə çəkilərək bu kitabı istedadına inandığı bir şagirdi ilə yazdı. O, əvvəlcə çoxlu kağız, özünə və şagirdinə bir il müddətində çatacaq azuqə topladı. Sonra şagirdi ilə xəlvətə çəkildi. Onlar bir otağa girib qapını bərk-bərk bağladılar. Sonra Beydəba kitabı yazmağa başladı. O, ara vermədən deyir, şagirdi isə yazır və yenidən oxuyurdu. Həm məzmun, həm də həcm etibarilə gözəl bir kitab əmələ gələnə qədər onlar belə işlədilər. Beydəba kitabı 14 fəslə böldü. Bu fəsillərin hərəsi özlüyündə müstəqil idi. Hər fəsildə sual və cavab var idi. Bu, ona görə belə edilmişdi ki, hər hansı bir fəslə baxan adam ondan bir fayda götürə bilsin. Beydəba bu kitabı «Kəlilə və Dimnə» adlandırdı. Buradakı danışıqların hamısı vəhşi heyvanların və quşların dilindəndir. Bu, ona görə belə edilmişdi ki, kitab zahirən sadə adamları əyləndirsin, daxili mənasına görə isə ağıllı adamlara ibrət olsun. Onlar həm dünyada, həm də axirətdə insana nə lazımsa, hamısını burada tapsınlar, şaha tabe olmaq, ya ondan qaçıb qurtarmaq üçün nəyin xeyirli və nəyin zərərli olduğunu buradan öyrənsinlər.

Beydəba bu kitabı həm xarici, həm də daxili görünüşcə başqa hikmət kitabları şəklinə saldı. Beləliklə, buradakı heyvan surətləri əyləncə, onların dediyi sözlər isə hikmət və nəsihət oldu.

Beydəba bu işə başlarkən kitabın əvvəlində iki dostu, onların necə dost olduqlarını və bu möhkəm dostluğun bir xain tərəfindən necə pozulduğunu təsvir etdi.

Sonra o, öz şagirdinə əmr etdi ki, nə desə, onu yazsın, lakin yersiz kəlmə işlətməsin, çünki ehtiyatsız deyilmiş bir kəlmə hikmətli nitqə daxil olduqda onun mənasını korlayıb məhv edər.

Beydəba kitabın məzəli yerinə rast gəldikdə üzünü köçürür, ciddi yerinə təsadüf etdikdə bura əlavə edirdi. Beləliklə, heyvanların dilindən deyilmiş hikmətli sözlərlə dolu bir kitab əmələ gəldi. İlk növbədə Beydəba öz şagirdi ilə kitabın xarici bəzəyini bir tərəfə buraxıb onun məzmununda olan hikmətli nəsihətlər və ibrətli öyüdlərlə məşğul olmağa başladı.

Cahil adamlar onlar üçün yazılmış bu kitabın mənasını başa düşməzlər, heyvanların danışıqlarına təəccüb edib, bunları zarafat sanarlar, kim bu kitabı öyrənib mənimsəməsə, buradakı sözlərin mənası onun üçün qaranlıq qalar.

Belələri bu əsərin məqsədini başa düşməzlər, halbuki, filosofun birinci fəsildə irəli sürdüyü məqsəd qardaşların birləşməsini, onların bu dostluğunun hansı vasitələrlə möhkəmlənməsini təsvir etmək; şəxsi mənafe xatirinə yalan və böhtanlarla iki dost arasında nifaq və düşmənçilik salan rəzil adamlardan ehtiyatlı olmağı təbliğ etməkdən ibarətdir.

Kitab qurtarıb təyin olunmuş vaxt başa çatdıqda Dəbşəlim şah Beydəbaya xəbər göndərdi ki, vaxt bitib, sən nə edirsən? Beydəba şaha xəbər göndərdi ki, mən şaha verdiyim vədi yerinə yetirmişəm. Qoy o, əyan və əşrəfi topladıqdan sonra əmr etsin, mən bu kitabı gətirib onların hüzurunda oxuyum.

Dəbşəlimin göndərdiyi adam qayıdıb bu xəbəri şaha dedikdə, o çox sevindi, ölkədə olan adamların toplanması üçün gün təyin etdi. Sonra Hindistanın ən ucqar yerlərinə carçı göndərdi ki, hamı kitabın oxunmasına gəlsin. Elə ki, təyin olunmuş gün gəlib çatdı, xalq toplandı, şah əmr etdi, iki taxt hazırlasınlar: birini özü üçün, birini Beydəba üçün. Sonra hamı gəldi. Beydəba həmişə şahın qəbuluna geydiyi qəzildən toxunmuş filosof paltarında ayağa qalxıb şaha yaxınlaşdı, mütilik əlaməti olaraq yerə qədər əyilib təzim etdi və başını yuxarı qaldırmadı.

Şah ona dedi:– Ey Beydəba! Başını dik tut. Bu gün matəm günü deyil, şadlıq və sevinc günüdür.

Sonra kitab oxunarkən şah ondan hər fəslin mənasını, onun qarşıya qoyduğu məqsədləri soruşur, o da hər fəslin məqsəd və mənasını izah edirdi. Şah bundan daha çox vəcdə gəlir və onun istedadına heyrət edirdi.

Şah dedi:– Sən mənim ürəyimdən xəbər veribsən, arzumu yerinə yetiribsən, mənim də istədiyim elə bu idi. Könlün nə istəyir de!

Beydəba ona xoşbəxtlik arzu edib dedi:– Şahım mənə dövlət lazım deyil, paltarlar içərisində isə mən öz ləbbadəmi hamısından üstün tuturam. Lakin, ixtiyar verildiyi üçün mən öz ehtiyacımı şahdan gizlətməyəcəyəm.

Şah dedi:– Belə olduqda sənin nəyə ehtiyacın vardır? Sənin nəyə ehtiyacın varsa, hamısı bizim tərəfimizdən rəf ediləcəkdir.

Beydəba dedi: – Mən şahdan xahiş edirəm ki, o öz ata babaları kimi əmr etsin, mənim kitabımın üzünü köçürsünlər və onu mühafizə etsinlər; mən qorxuram ki, bu kitab Hind ölkəsindən getsin, onun varlığından xəbər tutan iranlılar onu ələ keçirsinlər, o, itib yox olsun. Qoy bu kitab «hikmət evindən»3 xaricə çıxmasın.

Sonra şah Beydəbanın şagirdlərini çağırıb, onlara qiymətli paltarlar və hədiyyələr verdi.

Bu kitabın xəbəri gəlib şah Xosrov Ənuşirəvana çatdı. Ənuşirəvan isə elmi və ibrətli kitabları çox sevirdi.

Ona görə o, təbib Bərzuyəni Hindistana göndərdi. Bərzuyə də bütün hiylə və bacarığını işə salaraq, bu kitabı Hind ölkəsindən qaçırıb, İran xəzinəsinə gətirdi. Ondan sonra Ənuşirəvanın ürəyi sakit oldu.