Читать книгу «Qafqaz günləri» онлайн полностью📖 — Banin (Ümmülbanu) — MyBook.
cover

Banin (Ümmülbanu)
Qafqaz Günləri

"Xatirə Ədəbiyyatı" silsiləsindən 9-cu kitab

© Banin (Ümmülbanu) / Qafqaz günləri

© "XAN" nəşriyyatı / Bakı / 2021 / 260 səh

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Redaktordan

Azərbaycan əsilli, Fransada yaşamış yazıçımız Ümmülbanu – Banin artıq oxuculara yaxşı tanışdır. Görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı İ.A.Buninin şərəfinə özünə "Banin" təxəllüsünü götürən yazıçının ədəbi irsi fransız dilindədir. Onun məşhur "Qafqaz günləri" ("Jours caucasiens") avtobioqrafik-romanı ilk dəfə 1945-ci ildə Parisdə nəşr olunmuşdur. Bu əsər müəllifin gördükləri əsasında qələmə alınmış memuardır. Mətndə 20-ci əsrin əvvəllərində Azərbaycanda cərəyan edən hadisələr, sinfi mübarizə, milli qarşıdurmalar, xüsusən azərbaycanlı-erməni münasibətləri öz əksini tapmışdır. Bəzi yerlərdə müəllifin bədii düşüncələri hətta öz zamanının çənbərinə sığmamış, daha sərbəst ifadə olunmuşdur. Elə buna görə də əsəri Azərbaycan dilinə orijinaldan çevirən Hamlet Qoca bəzi səhifələri ixtisar etmiş, belə desək, tərcümə etməmişdir. Bu səbəbdən əsər Bakıda həm əvvəlki nəşrlərdə, həm də 2006-cı ildə demək olar ki, naqis şəkildə nəşr olunmuşdur.

Bu yaxınlarda Ç.Vəliyeva əsərə yenidən göz yetirmiş, həmin buraxılmış hissəni tərcümə edərək memuarı bütövləşdirmişdir.

Biz əsəri fransızcadan tərcümə edən Hamlet Qocanın gördüyü işin dəyərini azaltmadan, "Qafqaz günləri" avtobioqrafik romanını Azərbaycan dilində ilk dəfə tam halda nəşr edib oxucuların ixtiyarına veririk.

Əsərin 1945-ci ildə Parisdəki ilk nəşrinin üz qapağı


Birinci hissə

I

Bəzi adamlar kasıblıqlarına baxmayaraq, nəcib ailələrdə doğulurlar. Mənim dünyaya gəldiyim ev isə çox varlı olsa da, "yaxşı" nəsildən deyildi. Ailəm o dərəcədə imkanlı idi ki, var-dövlət bəlaya döndü və neçə il əvvəl haqlı olaraq bütün sərvəti əlindən çıxdı. Əslimlə-nəslimlə maraqlananlar nəzakətlə soruşa bilərlər ki: "Bəs, nə üçün ailənizi "yaxşı" saymırsınız? Əvvəla, ona görə ki, ailəmizin tanınma tarixi çox uzaqdan deyil, atamın babasından, Əsədullahdan başlayıb. Bu sözün mənası "Allahın sevimlisi" deməkdir və həqiqətən də ad özünü doğruldub. Həmin ulu babam adi kəndli ola-ola, bir gün qoyun axtardığı daş-kəsəkli torpağından neft fəvvarə vurub və kişini milyonçuya çevirib. Digər tərəfdən isə nəslimizin üzvlərindən əksəriyyəti çox yönsüz, vecsiz adamlardır və haqlarında söhbəti uzatmamaq daha yaxşıdır. Amma başladığım bu hekayətdə əgər həvəsə gəlsəm, həmin qohumlarımın şəxsiyyəti barədə də, bəlkə geniş məlumat verəcəyəm. Bunu bir müəllif kimi arzulasam da, bir şahid kimi çətinlik çəkirəm. Çünki qəlbimin hansı guşəsindəsə ailə heysiyyətinin kiçicik bir işartısı qalmaqdadır.

Axır ki, mən qalmaqallı bir ilin qış günündə belə qəribə, ekzotik, varlı bir ailədə doğulmuşam. Həmin il tarixin unudulmaz, dəhşətli dövrlərindən idi. İnsan dühasının ictimai çaxnaşmalar naminə yaratdığı tətillər, talanlar, qırğınlar və bu kimi başqa əməllərlə dolu idi. Bakı əhalisinin əsasını təşkil edən azərbaycanlılarla ermənilər bir-birini öldürməklə məşğul idilər. O zaman ermənilər daha yaxşı hazırlaşdıqlarından azərbaycanlıları qırıb keçmişin heyifini çıxırdılar.

Azərbaycanlılarsa başqa çarələri olmadığına görə gələcək üçün ibrət dərsi alırdılar. Bir sözlə, hər kəsin öz qəsdi vardı.

Qəsdi-filanı olmayanlarsa bu hadisələr vaxtı qırılan saysız-hesabsız günahsız adamlardı.

Heç kəs inanmasa ki, mən də o vaxtkı qırğında iştirak etmişəm, əslinə varsan, elə elədi ki var, mən dünyaya gələndə anamı öldürmüşəm. Anam qırğından canını qurtararaq neftçi qəsəbələrindən birinə gedib çıxıbmış. Amma o vaxt aləm elə qarışıbmış ki, yazıq qadın ən rəzil vəziyyətdə azad olub və doğuşdan pozularaq qızdırmaya tutulub. Elə həmin vaxt başlayan güclü tufan bütün kömək yollarını kəsib, qadının səhhəti getdikcə daha da ağırlaşıb. Belə bir vəziyyətdə hər cür yardımdan məhrum qalan anam xəstəliklə təkbətək çarpışıb. Və beləcə cavan öldüyünə görə heyifsilənə-heyifsilənə, doğmalarının taleyindən soraq gözləyə-gözləyə canını tapşırıb.

Özüm o vaxt dünyaya gəlsəm də, ağlımın kəsməsinə, şüurlu həyata qədəm qoymağıma hələ neçə il lazım idi. Bu həyat isə atamın mənə Berlindən gətirdiyi oyuncaqlarla başladı. Gözümü dünyaya qəribə səs çıxaran məxmər pişiklə, meşindən düzəldilmiş boz filin belinə minən yaraşıqlı hindliyə, alabəzək geyimli xırdaca klounla açdım. Mən bütün bunların hamısını gördüm, duydum, şənləndim və yaşamağa başladım.

Doğrusu, körpəliyim çox yaxşı keçib: dörd bacıdan ən kiçiyi olduğumdan, hamı mənə xüsusi qayğıyla yanaşır, mən də bundan istifadə etməyi bacarırdım. Amma gördüyüm qayğılar arasında ən böyüyü, məni müqəddəs bir insanın (bunu ürəkdən deyirəm), əslən Baltik dənizi sahilindən olan bir alman qadının boya-başa çatdırmasıydı. O mənim dayəm, anam, həyatımın keşikçisiydi. Səhhətini, ömrünü, əsəblərini bizə sərf elədi, bizə görə hər cür əzaba dözdü, üzü gülmədi, bütün fədakarlığının əvəzində isə heç nə istəmədi. Bir sözlə, o, əvəz istəmədən fədakarlıq etməyi bacaran adamlardan idi.

Fröyleyn Annanın dərisi dümağ, saçı ipək kimi sığallıydı. Biz dörd bacı isə qaraşın, qarasaç, qol-qıçı tüklü Şərq uşaqlarıydıq. Onun başına toplaşan biz qarmaqburun, qalın- qaş, o isə əsl şimal xanımı. Onu da deyim ki, həmin vaxtlar (Peyğəmbər qadağa buyursa da) tez-tez xatirə şəkilləri çəkdirərdik; özü də ən gözəl paltarlarda parkda, qohum əqrəba arasında. O vaxtlar bu yeni dəb sayıldığından bizimkilər də başqa "görməmişlər" kimi həvəsə düşmüşdülər və həmin həvəsin sayəsində yaranmış bəzi məzəli, həm də əzik şəkilləri bu gün də qayğı ilə saxlamaqdayam.

Hə, fröyleyn Annadan danışaq. O, fanatik müsəlman ailəsində, şərq görkəmini qorumuş bir şəhərdə yaşasa da, ətrafında məxsusi bir mühit yaratmışdı. Əvvəllər sarışın uşaqlara oxuduğu mülayim mahnılara, bəzəkli yolkalara, üstü kremli ləziz piroqlara bizi də öyrəşdirə-öyrəşdirə sübut etmişdi ki, mülayim olduğu qədər məğrur, zərif olduğu qədər də iradəli bir insandır. Həmin vaxtlar biz hələ onu üzüb əldən salmamışdıq və dayəmiz də özünü hər cür pis münasibətdən, bəd rəftardan qoruya bilirdi. Onun bizə təsiri, elə evimizin birinci mərtəbəsində yaşayan ata nənəmin təsiri ilə bir növ tarazlıq yaradırdı. Nənəm iri, kök, amiranə xasiyyətli bütün müsəlman qadınları kimi yerdə, döşəkcə üstündə oturan, çarşab örtən fanatik bir qadın idi. O, vaxtlı-vaxtında yuyunub namazını qılar, yeri düşəndə isə xristianlara lənət oxuyardı. Əgər qab-qaşığına müsəlman olmayan bir şəxs toxunsa, onları kasıb-kusuba paylayardı. Yad bir kişi yaxınlığından keçsə, tüpürüb söyüş söyərdi. Ən mülayim söyüşü isə "köpəkoğlu" idi. Tərbiyəçilərimiz xristian olduğundan nənəm bizdən də bir az ürpənərdi. O bəzən təmiz, qırışlı əli ilə başımıza sığal çəkib oxşadıqdan sonra üzümüzdən öpər, amma iyrənirmiş kimi tez də üz-gözünü turşudardı. Şübhəsiz, ona qalsa bizi heç vaxt fröyleyn Annanın ixtiyarına buraxmazdı. Atamı bizə kafir təhsili verdiyi üçün nə qədər danladığını təsəvvür edirəm, rusların ölkəni müstəmləkəyə çevirdiyi vaxtdan çox keçmişdi: onların hər tərəfli təsiri duyulur və bu təsirlə də mədəniyyətə, avropasayaq həyat tərzinə həvəs artırdı. İnsanlar gənc nəslə çadra əvəzinə azadlıq, fanatizm əvəzinə isə təhsil verməyi üstün tuturlar.

Beləliklə də, bizi fröyleyn Annanın ağ əllərinə təhvil verəndən sonra atam ailəyə vaxt itirmirdi. O, tez-tez səfərə çıxırdı. Ailənin böyük oğlu olduğuna görə neft firmamızın Xəzər sahillərinə, Volqa boyuna səpələnən, Moskvada böyük filialı olan, bir ucu Varşavaya gedib çıxan müxtəlif müəssisələrinə rəhbərlik edirdi. Belə tərəqqidən həvəslənərək təsərrüfatı daha genişləndirmək fikrindəydi. Geniş Rusiya ərazisində səfərlərə öyrənmiş bir adam üçünsə Berlin çox da uzaq yer deyildi. Odur ki, sorağı tez-tez Almaniyadan da gəlirdi.

1914-cü ilin müharibəsindən əvvəlki Almaniya tərəqqinin dadını yenicə duymuş həmvətənlərimizin diqqəti və maraq mərkəzindəydi. Avtomobillər də, xidmətçilər də, pianolar da, hətta Vilhelm kimi "bığqoyma" dəbi də Almaniyadan gəlirdi. Atam hər dəfə ordan qayıdanda çoxlu hədiyyələr gətirməklə yanaşı, bığını da uzadır, getdikcə qalınlaş- dırıb lazımi formaya salırdı. O vaxtlar II Vilhelm özünü türklərin və İslamın mühafizəçisi elan etmişdi, bizimkilər də (azərbaycanlılar – H.Q.) türklərlə bir kökdən olduğundan ona rəğbət bəsləyirdilər.

Zənnimcə, atamın ikinci dəfə evlənməsindən əvvəlki illər ömrünün ən xoş dövrləriydi. Atam gənc, varlı, subay, yaraşıqlı bir kişiydi. Ona ərə getmək istəyən, yaxud məşuqəsi olmaq arzusuna düşən qadınlar istənilən qədər idi. Atam dəfələrlə məhəbbət macəralarına uysa da, evlənməyə tələsmir, qohum-əqrəbamız üçünsə subaylıq çoxarvadlılıqdan daha pis cəhət sayılırdı. Göstərilən namizədləri atam bəyənmirdi. Çünki onlar əsasən az təhsilli, nə məlahətli, nə də gözəlliyi olan müsəlman qadınları idi. Atamsa "mədəni" həyat yoldaşı seçməyi qərara almışdı. Onun səfər vaxtı xaricdə görüb xoşladığı xanımlarsa, nənəmin ifadəsincə "köpək qızları" idi və xristian qızları olduğuna görə onlarla evlənmək yaramazdı. Bütün ailə bu cür nigahdan qorxur, nənəmsə dini əqidəsinə görə belə izdivaca nifrət edirdi. Çünki öz əri vaxtı ilə onu atıb, keçmişi şübhəli bir rus qızı ilə evlənmişdi. Həmin qadınla evləndiyi gündən (onda altı yaşım vardı) ölümünə qədər babam Moskvada ikonlarla dolu bir mənzildə yaşamışdı. Təzə arvadına görə bütün nəslindən üz çevirsə də, həmin qadın babamla yola getmirmiş. Hər müsəlman üçün ibrət sayıla biləcək bu əhvalat, görəsən, atamı da xristian qızı ilə evlənmək fikrindən çəkindirirdimi? Amma hər halda, qohumlarımız onun ikinci dəfə evlənməsini çox gözləməli oldular.

Şəhərdəki evimizin üçüncü mərtəbəsi bizim üçün ayrılmışdı. Evin hər iki tərəfində başqa binalar vardı və bir üzü də paralel küçəyə baxırdı. Hər iki tərəfə bir-birinin eyni olan iki mənzil yerləşirdi. Bu evləri aradakı həyət ayırsa da, uzun dəhlizlər birləşdirirdi.

Biz bacılar fröyleyn Anna ilə birgə binanın cənub tərəfində, həmişə gün döyən mənzildə yaşayırdıq. Şimal üzdəki alaqaranlıq, sakit mənzildə isə atam səfərlər arası günlərini keçirirdi. Bizim qürurla "qəbul otaqları" adlandırdığımız böyük yemək otağı və royal qoyulmuş zal da burada yerləşirdi. Bayram günlərində fröyleyn Anna böyük bacım Leylaya həmin royalda musiqi parçaları çaldırıb başqa tərbiyəçiləri mat qoyurdu. Buradakı kamodlardan birinin üstünə qızıl suyuna çəkilmiş, əlində lampa tutmuş zənci fiquru qoyulmuşdu. Lampanı ancaq böyük mərasimlərdə yandırırdılar və mən də onun tamaşasından doymazdım. Bəlkə də ilk dəfə elə həmin heykəlciyə tamaşa edə-edə dövlətli olduğumuza sevinmişdim.

Adi günlərdə həmin salona təsadüfi hallarda girirdik. Bütün vaxtımız geniş, işıqlı təlim-təhsil zalında ötürdü. Burada bir piano da vardı. Bu piano dərs alətiydi və bizə əzab verirdi. Az qala, bütün gün dörd bacıdan hansımızsa piano arxasında oturaraq naşı barmaqlarımızla darıxa-darıxa şirmayı dilləri döyəcləyirdik. Qammalar, arpejiolar göydən yağar, Motsartın sonatasını üzüb əldən salardıq. Bu qarışıq musiqi səsləri arasında biz gülür, ağlayır, etiraz edir, fröyleyn Annanın himayəsi altında boya başa çatırdıq. Fröyleyn Anna irsi əlamətlərimizi heçə endirib, özünün təmiz sentimental alman qızı ruhunu qəlbimizə köçürməyə çalışırdı. O bizi yaraşıqlı, yumşaq qəlbli Qretşenlərə çevirmək istəyirdi. Amma əcdadlarımızın irsiyyəti canımızda idi: böyüdükcə yambızlarımız kobudlaşır, burnumuz uzanıb sallanır, döşlərimiz o vaxtlar dəbdə olan dənizçi köynəyinin altında şişib iriləşir, üzümüzdəki narın tüklər uzanıb qaralırdı. Zavallı fröyleyn Anna da bizim belə böyüməyimizə mat-mat tamaşa edirdi. Nə qədər ki, ancaq bədənimiz dəyişirdi, fröyleyn Anna bir təhər dözürdü. Elə ki, qəlbimiz, ruhumuz dəyişməyə başladı, işlər korlandı. On üç yaşa yenicə yetmiş bacım Leyla günlərin birində bığ yeri təzəcə qaralmış qaynar gözlü əmioğlumuza vurulduğunu açıqca bildirdi. Fröyleyn Anna bu əhvalata çox təəccübləndi və elə həmin vaxtdan rahatlığını itirdi. Canına qəsd edərək böyük canfəşanlıqla bizi bir müddət qoruya bildi. Amma bütün ömrü şübhə və sıxıntı içində keçirdi. Biz isə qoruq qadağasına dözmədiyimiz dayəyə kinli və qəddar olmağa başlayırdıq. Şərqli qızların avropalı həmyaşıdlarına nisbətən sərt heysiyyətli olması bizim şıltaqlığımıza azca haqq qazandırsa da, bununla fröyleyn Annanın dərdi azalmırdı.

Nə qədər ki, kiçik idik, biz onu lap çox sevirdik. Hər halda mən özüm onu ürəkdən sevdiyimə əmin idim və inanmıram ki, anaya məhəbbət başqa cür də ola bilər. O mənim gözümdə ən gözəl qadın idi. Səhərlər ağzını açıb vurğunluqla uzun, sığallı, sarışın saçlarını daramasına tamaşa edirdim; ağ dərisi səhərin işığında gözümü qamaşdırırdı, mavi gözləri isə mehribanlıqla mənə baxırdı. Onda özümü xoşbəxt sanırdım. Bibilərim, bibim uşaqları, bacılarım, əmilərim, bir sözlə, hamımız qaraşın idik. Təkcə fröyleyn Anna başqa bir dünyadan gəlmişdi, qəribə, gözəl, parıltılı bir məxluq idi.

На этой странице вы можете прочитать онлайн книгу «Qafqaz günləri», автора Banin (Ümmülbanu). Данная книга имеет возрастное ограничение 12+, относится к жанру «Биографии и мемуары». Произведение затрагивает такие темы, как «эмиграция», «революция». Книга «Qafqaz günləri» была издана в 2022 году. Приятного чтения!