– Əvvəlki iş yerim olmayıb, əmək fəaliyyətimə sizinlə başlayıram, çox mehribansız, elə səmimi, elə sevimlisiz ki, ürəyim gedir sizinçün.
“Ürəyim gedir sizinçün” bir az düşük çıxdı, həm də belə bambılılığın məndən çıxmasına təəccübləndim. Digər tərəfdən qoyun olmağıma hesablanan taktikanı çevikliklə tətbiq etməyimdən sevindim. Bununla da fizionomiyama qıcıqlananlar, vücudumu parçalamağa hazırlaşanlar yumşalsın ki, “bu, elə də ciddi rəqib deyil, hərdənbir sancarıq, vəssalam”. Həm də bu bambılının onların hakimiyyətlərini qəbul etməsi üçün köhnə, sınanılan üsuldan istifadə olunmuşdu. Gözlərini bir-birinə bicvari oynatmaları, sakitcə oturub işlərinə davam etmələri, bığlı əməkdaşın yaşlı laborantın qulağına “zəifdir” pıçıldaması, gələcəkdə səhnələşdirmək istədikləri tamaşaları müvəqqəti təxirə saldı.
Yalnız Adilə gözlərimdə ümid axtarırdı, tapanda sol gözünü yenə mikroskopun obyektivinə söykəyib, Demis Russosun “Goodbye, My Love, Goodbye" mahnısından mızıldanırdı, hələlik ardımca edilən söhbətlərə təkan vermir, hərdən “yaxşı oğlana oxşayır” deməklə, qeybətləri xırpdan kəssə də, bir şey alınmırdı. Otaqdan çıxıb yanaqlarını çuğundurla qızartmaq üçün ayaqyolu güzgüsünün qarşısına gedəndə qeybətlər təzədən qızışırdı. Ah, Adilə! İnan ki, yeməkləri necə yaxşı bişirməyin, təmizkar olmağın, işə başıaşağı gedib başıaşağı qayıtmağın, ailə quracağın təqdirdə qayınatanla-qayınananın hörmətini tutacağın, gələcək övladlarına yüksək təhsil verəcəyin barədəki mühazirələrindən bezmişəm. Heç olmasa ayaqqabının qaxaca dönən palçığını qopar, iş masasının tozunu al, yeməkdən sonra mikroskopun obyektivinə yaxılan yağlı ləkələri sil. Sənə qulaq asmalıyam, hələlik bunu etməliyəm, yeganə ümidim sənsən.
İşə beş dəqiqə gecikməyim və sahibkarların az qala Fransada burjua inqilabını təkrarlayıb, hirslərindən “İnternasional” ifa etmələri gop olsa da, toksikologiya laboratoriyasına yeni tamaşa əhvalı gətirmişdi. Gözlərdən “aha, maraqlı olacaq”, “indi yeni əməkdaşın sütunlarının möhkəmliyini yoxlayarıq” məramlarını altıaylıq körpə də bilərdi. Bunları neçə illərdən sonra nəql edirəm, ilk iş yerimdən, onda o məramları gözlərdən oxumağı bacarmırdım.
* * *
– Kiçik Xaqanın alnını ovuşdurması əsən əlini bir-birinə sürtməsi ilə nəticələndi, – deyə ölməz saydığım gülümsər sifətli laboratoriya müdiri Tibet kahinliyini davam etdirir, gözlərini yumub pıçıldayırdı, – Kiçik Xaqan sərkərdəyə ümid dolu gözlər bəxş edə bilmirdi. Böyük Xaqanın elində isə adamlar qaynaşırdı. O, xalq toplantısını çağırıb müharibə olacağını, sabah ordunu Kiçik Xaqanın üzərinə yeridəcəyini hayqırdı, əsgərlərə silahları təmizləməyi, azuqə götürmələrini tapşırdı, sərkərdələrə “yalnız qələbə” əmrini verdi, yüngül əxlaqlı qadınlara döyüş ərəfəsində döyüşçülərlə əylənmələrinə etiraz etmədi. Kiçik Xaqanın elində isə qəm-qüssə hökm sürürdü. O, ellilərinə qəmgin gözlərlə baxır, bu yurda ölümün gələcəyini deməyə cəsarəti çatmırdı. Söyləyə bilmirdi ki, ölkə xarabalığa dönəcək, üstündə bayquşlar ulayacaq.
Bu dəfə Kənd Təsərrüfatı Nazirliyinin texniki inventarlar şöbəsindən edilən zəng onu kahinlikdən döndərdi, rəvayətini yarıda kəsdi.
Müşahidələrim doğrulurdu. Müdirə nəsə deyilib, o da fürsət anlayışından kifayət qədər yararlanmaq istəyir. Maraqlı məqam ondan ibarətdi ki, əməkdaşlar nəzərlərini məndən çəkmir, gülümsər gözlərlə hərəkətlərimi izləyirdilər. Əlbəttə, dünyanı basan sel-daşqınlardan, yaxud iki hündürmərtəbəli binanın çökməsindən sonra möhtəşəm siyasi dəyişikliklərin fonunda adi bir laborantın işə beş dəqiqə gecikməsi çox kiçik, hətta amöb boyda hadisədir, amma elə dünyanı çaxnaşdıran məsələlər kiçik şeylərdən başlayır, inkişaf etdirib partladır.
İlk narahatlıq Adilədən gəldi, həyəcanla “məni evəcən ötür, sözüm var” deməsi ilə, əslində, mövzuya açar rolunu oynamaq istədi, deyəsən, alındı. Yolboyu yalnız pıçıldayırdı.
– Sənin beş dəqiqə gecikməyinə görə laqqırtı vurub siqaretlərinə qonaq olduğun qadın həmkarların yaman müzakirə açmışdılar.
– Onlarla elə-belə laqqırtı vururdum, başqa səbəb yoxdur.
– Bilmirəm niyə onlarla oturub-durursan, onu bil ki, nəzarətdəsən, deyəsən, müdirə çatdırıblar.
Müdirin beş dəqiqə gecikməyimdən xəbər tutması, yaxud tutmaması faciə deyildi, “bir də gecikmərəm” söyləyib üzrxahlıqla boynumu bükərdim. Sadəcə, məsələnin şişirdilməsi təəccüblü görünürdü.
Adilənin müşahidələrinin zənginliyi hər kişidə qorxu hissi oyadıb siçan deşiyini satın aldırardı. Məhz özünü ağıllı göstərməsi oğlanların hələ gənclik illərindən ondan qaçması ilə nəticələnmişdi. Kişilərin genetikasında – əlbəttə ki, çoxlarının – özünü ağıllı göstərən qadınlara yer yoxdur. Özü də bu qız hansı ağılla özündən on altı yaş kiçik gəncə ümid edir, xəyalında barmağını uzadıb nişan üzüyü taxdırır, anlamırdım. Əslində, o yaşda doğacağı da şübhə altında idi. Göylərin işinə qarışmıram. Nə desən, olar.
Xarici şirkətlərin əməkdaşlarından öyrəndiyim süni gülüşü sifətimə qondurdum. O, yenə də pıçıldayırdı.
– Məndən arxayın ola bilərsən, müdafiə dəftərimdə adın birincidir. Müdir soruşsa “yeni əməkdaş niyə gecikib”, deyəcəyəm ki, “yeni əməkdaş vaxtında gəlmişdi, qəfildən çöl qapısının ağzında qoruqçunun gicgicə söhbətinə tuş gəldi”.
– Birdən qoruqçunu çağırıb “niyə yeni əməkdaşı söhbətə tutmusan ki, o da içəri girməyə gecikib?” soruşsa?
– Soruşsun da. Qoruqçu inkar edər, biz də danışığını kəsib qışqırarıq ki, “utanmırsan, ağsaqqal yaşında yalan danışırsan?”
Əslində, qoruqçunun üzünə durmaq gələcək fəaliyyətimə ziyanlıq törədərdi. Bunu görən qoca heyfini çıxardı. İşə geciksəydim, qapını bağlayıb deyərdi ki, “daxili telefonla müdirə zəng edin, qapını açım”. Bununla da rahatlıq tapar, qocalığında günah əmələ imza atar, həm də təcrübəli olmasını nümayiş etdirərdi.
Qoruqçu vaxtilə neft buruqlarında istifadə edilən boruların istehsalı zavodunun direktoru işləyəndə əlləri pulla oynayarmış. Ölkənin neft-qaz sektoru Qərb standartlarına keçəndə ingilislər belə boruların keyfiyyətsizliyini bəhanə gətirib kişini yola salıblar. İki yüz nəfər kollektivi olan müəssisəni bir müddət bağlayıblar. Təbii ki, yeni rəis də ingilis seçilib. Bizim qoruqçumuzun bütün şikayətləri nəticəsiz qaldığından taleyi ilə barışmış, taksi sürücülüyünə başlamış, ardınca toksikologiya laboratoriyasında indiki işinə düzəlmişdi. Taksi sürücülüyündən beş-on manat qazanmaq üçün gecələr şütüyəndə bir dəfə başına açarla vurub pulunu əkişdiriblər. Anlayıb ki, dünyadan vaxtsız köçər. “Vaxtsız” deyən kişinin yetmiş üç yaşı vardı.
İnsanlar məqsədlərinə nail olmaq və planlarının kimsə tərəfindən pozulmaması üçün əllərindən gələn və gəlməyən hər işi görər. Buna görə də insan ən ali təhlükə mənbəyidir.
* * *
– Kiçik Xaqanın eli qəm içindəydi. O, obasına qəmgin-qəmgin baxır, ölümün bu yurdu ağuşuna alacağını deməyə ürəklənmirdi. Böyük Xaqanın ətraf bölgələri işğal edib arvadları övladlarıyla birgə öldürməsini gözünün qabağına gətirəndə, Kiçik Xaqanın canına vəlvələ düşürdü. Neyləsin ki, onun ərazisi kiçik idi, sülhsevər xislətinin ucbatından hücum deyil, müdafiə mövqeyində qalmışdılar. Körpəsini qucağına sıxan ananı görəndə ürəyinin başı yandı, nizəsinə söykənib uzaqlara baxan əsgərin də baxışlarının dalğınlığı Kiçik Xaqanın içini odlandırdı. Necə desin ki, yüz minlik qoşun elimizi viran qoyacaq, adamları divara hörəcək, diri-diri basdıracaq, torpaq qan ağlayacaq, – deyə müdirim Tibet kahini başını kresloya söykədi.
Rəvayəti maraqla danışdığından bir azdan hiss etdim ki, ağzım açılı qalıb.
– Beləliklə, Böyük Xaqan dan yeri sökülməmiş “hücum” əmri verdi. Yüzminlik qoşun onminlik ordunun üstünə yeridi. İki saatdan sonra onlar Kiçik Xaqanın qalasının iki yüz addımlığına yaxınlaşdılar. Böyük Xaqan sərkərdəsi vasitəsilə əsgərlərə sonuncu tapşırığını verdi: “Qələbə, yalnız qələbə”. Ordu hücuma keçdi, qaça-qaça yox, sadəcə piyada. Qalaya az qalmış Böyük Xaqanın gördüyü səhnə canını əsdirdi: qalanın qapıları açıqdır, Kiçik Xaqansa hücrədə tütək çalır. Böyük Xaqan orduya dayanmaq əmri verdi. “Burda nəsə sirri-xuda var” – deyə Böyük Xaqan dərin fikrə dalaraq oturdu, elə orada da qızılı çadır qurdurdu. Mütəkkəsinə söykənib üç gün fikir içində çabaladı: “Kiçik Xaqan ordumu məğlub etmək üçün hiylə işlədir”.
Müdirimə yenə zəng gəldi. Sanki bu otaq Tereza ananın Kəlküttədəki ofisinə dönmüşdü. Elə bil, xeyirxahlıq gözləyirdim – otaqdan da, ondan da. Dəstəyi üstünə qoyub yenə başını kreslosuna söykədi:
– Mənim cücə balam (bu ifadəyə görə onu didik-didik edərdim), Böyük Xaqan əmr verdi ki, ordu geri dönsün. Ona elə gəlmişdi ki, Kiçik Xaqan böyük hiylə işlədir. Əslində, həmin gün qalanı alar, əsgərləri öldürər, qızları-qadınları əsir götürərdi. Böyük Xaqan axmaq idi. Bilirsən, niyə?
– Niyə?
– Əgər onun xəfiyyələri yaxşı işləsəydi, belə olmazdı. Böyük Xaqanın qalanın daxilində baş verənlərdən xəbəri yox idi. “Xəbərsizlik” anlayışı onun mümkün qələbəsini təxirə saldı.
Beləliklə, laboratoriya müdirinin “xəbər anlayışı” barədəki mühazirəsini dinləməyə məcbur qaldım.
– İstənilən müəssisədə hər şeydən xəbər tutulmasa, xaos yaranar. Bizim toksikologiya laboratoriyası xaricdən idxal edilən malların analizini aparır, nəticələrdən çıxış edib iş adamlarına razılıq arayışı verir. Birdən hansısa əməkdaş, elə sən özün zəhərli qidalardan birini qəsdən səhv yoxlayıb iş adamına arayış verdin. Sahibkar həmin malı mağazalara paylasa, minlərlə alıcı zəhərlənər, hətta ölüm faktı qeydə alınar. Ola bilsin ki, zəhərlənmə baş verməsin, sadəcə həmin qida nəsil artımının qarşısını almaqdan ötəri ölkəmizi sevməyən xarici ölkələrdən birinin laboratoriyasında qəsdən hazırlansın. Bununla da ailələr bədbəxt olar. Ancaq laboratoriya müdiri əməkdaşın məsuliyyətsizliyi, yaxud qəsdən bu hərəkəti törətməsi barədə xəbər tutsa, faciənin qarşısı alınar, araşdırma aparılar: bəlkə, məsuliyyətsizlikdir, bəlkə də, hansısa ölkənin təhlükəsizlik xidməti öz əməkdaşını qəsdən burada yerləşdirib ki, təxribatla məşğul olsun. Kimsə bunu müdirə vaxtında çatdırsa, çuğula mükafat, təxribatçıya cəza düşər. İndi anladınmı ki, “xəbər anlayışı” nə deməkdir? Əslində, çuğulluq pis cəhət deyil, niyə bu qədər narahatsan ki… “Çuğulluq etmək şərəfsizlikdir, alçaqlıqdır” şüarı keçmişdə qaldı. Bura ciddi müəssisədir. Adamların həyatı və cəmiyyət üçün lazımlı sahədir. Bütün işlərdən müdirin xəbəri olmalıdır, əlbəttə ki, xalqın xilası və hər bir kəsin evində rahat yatması naminə. Üstəlik, başqa məsələlər də var.
“Başqa məsələlər?” Elə bundan başlamalıydın, mənim saf düşüncələrimi murdar xisləti ilə yoğurmağa çalışan Tibet kahinim. Yoxsa, xarici kəşfiyyat belə gəldi, ölkənin müqəddəratı elə getdi. Səni narahat edən başqa məsələdir. Nədir o başqa məsələ? Nə olar, yalvarıram, de. Nə olar, özünü səmimi göstər, sevim səni. Nə olar, bir həftəlik tanışlığımızın xatirinə mübhəmləri ürəyində saxlama. De, qadan alım. De, ayağının altında ölüm, öyrət mənə yüksəliş sirlərini, o möhtəşəm pilləkənlərlə qalxmağı, ayağının altında əzilənləri təpiklə vurub dərəyə yuvarlatmağı, üzündəki tüpürcəkləri silib özünü bambılılığa qoymağı, öyrət mənə murdar süni gülüşlə gülümsəməyi, qarşındakı çolpaya həyat dərsi keç.
– Bilirsən, cücə balam. Bilirsən, oğlum. Burada başqa məsələlər də var. Biz bir ailəyik. Ailənin başçısı mənəm, hər dərdinizə şərik çıxıram, imkan daxilində cibinizə beş-on manat basıram, ancaq bunlar olmaya da bilər. Birdən yuxarının adamını burada yerləşdirsələr, hər gün çuğulluq edib informasiya ötürər, müdiriniz bircə qola işdən qovular. Onda nə baş verəcək? Başqası gələcək. Başqası da öz komandasını yığıb hərənizin dalına bir təpik vuracaq. Bax, onda siz “Qatar getdi” mahnısını zümzümə edə-edə Kuril adaları kimi fələyin badına gedəcəksiz.
Həyat müəllimim, məni alçaq edəcək kahinim, bunları eşitmək istəyirdim səndən. Qəlbim çırpınır yanına. Sən oğulsan. Sən irland mustangerisən. Sən Marçello Mastroyanisən. Sən bir təcrübə motalısan.
Və birdən-birə qanım qaraldı. Çaşıb qalmışdım, ciddi müəssisəyə gəlmişəm, yoxsa cəngəlliyə. Ona görə düşündüm: “Mənim müdirim, sən sadəcə canına azarsan və kal armudsan. Niyə gəldim bu xarabaya?!”.
O, gülümsər müqəddəs ata təki hələ də danışırdı. Sanki Qüdsdə yəhudilərlə ərəbləri birləşdirəcək “zaman maşını” funksiyasını yerinə yetirirdi.
– Get fikirləş. İstəyirsən əməkdaşlardan birini qoşum sənə, bilgiləndirsin.
– Ciddi müəssisədir, deyirsiz, amma bəzi əməkdaşlar təkcə bunları xəbər versəydilər, nə vardı ki… Kim kiminlə sevişir, kim kimin bostanına daş atır, naharda borş dadsız idi, biri ayaqyolunda əyri oturmuşdu… Əməkdaşların belə xəbərləri ilə ciddi müəssisə gözdən düşür.
– Onları da müdir bilməlidir. Yoxsa bura Kama Sutra meydanına çevrilər. Bu gündən səni bilgiləndirməyə başlayıram. İlk dərsi (gülə-gülə danışır, yox, məzələnmirdi, ciddi deyirdi) Senyora keçəcək. Onu belə çağırırıq. Kübar ailədəndir, müştüklə siqaret çəkir, idarəni dumanlandırır, eybi yoxdur, lazımi xidmətinə görə dözürük. Sən də lazımi xidmət göstərsən, bütün şıltaqlığına göz yumarıq. Nə dediyimi anlayırsan da.
Tibet kahini düyməni basıb kübar qadını çağırdı, o da içəri girib gülümsədi:
– Senyora, xahiş edirəm, yeni əməkdaşı xəbər anlayışı barədə bilgiləndirin. Təbii ki, bu söhbət üçümüzün arasında qalmalıdır.
Dəhlizə çıxanda kübar qadın söhbətin harada aparılması barədə plan cızdı, dedi ki, işçilərin arasında alınmayacaq:
– Axşam sizi evimə dəvət edirəm, onsuz da bir kavalerimdir, bir də mən. İndisə uzaqlaşın, əməkdaşlar bizi bir yerdə görməsinlər, yoxsa gizli qruplaşma yaratdığımızı düşünərlər.
Və biz aralandıq. Bir azdan ondan mobil telefonuma ismarıc gəldi ki, “Cavid prospekti 13-də görüşərik, ərim səni qarşılayacaq”.
Bəzi dərsləri, fənləri sevməsək də, onları keçməli, mənimsəməliyik. Bu həyatda lazımsız dərs, fənn yoxdur.
* * *
İş vaxtı qurtaranda Adilə onu evəcən ötürməyimi istədi. Dedim “başım ağrıyır”. Düzdür, inanmadı, özü bilər. Varlığına qarşı heç bir duyğumun olmamasını anlamalıdır, anlamaqsa istəmirdi.
Tort və gül dəstəsi aldım. Satıcı dedi ki, Hollandiyadan təzə gətirmişik, lakin azacıq soluxmuşdu. Üstünə su çilətdirdim ki, təzə görünsün.
Axşam “Senyora” adlandırılan, kübar qadın obrazı yaradan iş yoldaşım aldığım gülləri xeyli iylədi, “siz centlmensiz” tərifini yağdırdı.
Üçümüz də yellənən stullara əyləşib gülümsədik, ortaya çay və peçenye gəldi. Düşündüm ki, arvadı senyora olanın əri senyor olar. Əri işləri barədə danışdı, adamların get-gedə dözülməz olmasından şikayətləndi, 60-cı illərin ədəbi proseslərindən, Yevtuşenko ilə yeyib-içməsindən, Axmatovanın həyatının son günlərində yatdığı sanatoriyaya getməsindən, apardığı gülləri titrəyən əlləri ilə necə alıb sinəsinin üstünə qoymasından, avtoqraf verməsindən, birinci əri Qumilyovla 1903-cü ildəki görüşünü necə müfəssəl təsvir etməsindən danışdı, fərəhləndi və o xatirələri hələ də ürəyində saxladığını dilə gətirdi. Qarşılarındakı cavan oğlansa məktəb illərindən, universitet auditoriyasından ağızdolusu gaplayıb dəcəl hərəkətlərini qəhrəmanlıq saydı, ər-arvad qaqqanaq çəkdi, bir-iki lətifə, hikmətli söz, köklüyün maddələr mübadiləsini pozması, Aydan gətirilən qumun yerli sementə qatılması ilə binaların Rixter cədvəlinin ən yüksək göstəricinə dözməsi, toyuğun balalarını qoruması ilə qadınların müdafiə instinktinin oxşarlığı, kinolardan parçalar söhbətə rəng qatdı, amma əsas gözlədiyim kübar qadının bilgilərini eşitmək idi.
Əri mədəniliyini nümayiş etdirib o biri otağa çəkildi və televizorun səsini artırdı ki, həyat yoldaşı ilə gənc əməkdaş arasındakı iş müzakirəsini eşitməsin, ən azından bu, kübar ailələrdə etikadan kənar sayılırdı.
Niyə onların“kübar ailə” çağırılmasını bilmirdim: mənzil adi mənzil, çarpayı eyni cür çarpayı, masa eyni masa, ayaqyolu da bizdəkindən. Ola bilsin ki, kübarlıq onların hərəkətlərində, danışıqlarında büruzə verirdi və anlaşıldı ki, yarıəcnəbi, yarıazərbaycanca danışmaq, ayağını ayağının üstünə aşırıb gözləri xüsusi tərzdə fırlatmaq, üstəlik, siqareti müştüklə çəkmək, hündürdən yox, astadan danışmaq, baletvari əl hərəkətləri – kübarlıq sayılırmış.
Ərinin o biri otağa çəkilməsi ilə qapını azacıq aralı qoymasından sonra da kübar qadın söhbəti açmağa tələsmirdi. Gözlərini yumması, baxışlarını bir nöqtədə saxlayıb gənclikdən əsər-əlamət qalmayan bədənini əsdirməsi söhbətə asta giriş üçün taktika sayılmalıdır. Bəlkə də, əri yarıaçılı qapıdan arvadının hərəkətlərini görsəydi təəccüblənməzdi, çox güman ki, onu çoxdan tanıdığından dözürdü. Niyə belə düşünürəm axı?! Bəlkə də, hər ikisini birləşdirən, bir-birinə zövq verdirən bayağı olmayan hərəkətləridir.
– Evoranın mahnıları ilə aran necədir?
– Çox yaxşı. Sevirəm onun “Besame Muço”sunu.
О проекте
О подписке
Другие проекты