Читать книгу «Mio, mənim Miom» онлайн полностью📖 — Астрид Линдгрен — MyBook.

QIZILGÜLLƏR İÇİNDƏ

Düzdür, Benkaya necə yazacağımı bilmirəm. Mənim başıma gələn macəralar dünyada heç kimin başına gəlməyib. Bunları ifadə edən bir söz axtardım, amma tapa bilmədim. Bəlkə, belə yazım: başıma ən qeyri-adi hadisələr gəlib. Amma Benka onsuz da Uzaq-uzaq ölkədə necə yaşadığımı bilməyəcək. Əgər ona atam, kralın qızılgül bağı, yeni dostum Yum-Yum, qəşəng atım Miramis və Ən Uzaq ölkədən olan zalım cəngavər Kato haqqında danışmaq fikrinə düşsəydim, ən azı on şüşə qab göndərməli olardım. Yox, başıma gələnlərin hamısını danışmaq qeyri-mümkündür.

Elə birinci gün atam məni bağa apardı. Axşam düşürdü, külək əsir, ağacların yarpağını tərpədirdi. Bağa çatanda ecazkar musiqi eşitdik. Elə bil minlərlə büllur zınqırov birdən cingildəyirdi. Musiqi adamın ürəyini titrədirdi.

– Eşidirsən, mənim ağcaqovaqlarım necə oxuyur? – atam soruşdu və əlimdən tutdu. Edlya xalayla Siksten dayı mənim əlimdən tutmazdılar, qabaqlar, ümumiyyətlə, heç kəs mənimlə belə gəzməmişdi. Buna görə də, daha uşaq olmasam da, atam əlimdən tutub aparanda xoşum gəlir.

Bağı hündür daş divar əhatə edirdi. Atam doqqazı açdı, içəri keçdik.

Haçansa lap çoxdan mənə Benkayla Vaksholmdakı bağ evinə getməyə icazə vermişdilər. Biz qaya çıxıntısında oturub balıq tuturduq. Günəş batırdı. Səma başdan-başa al-qırmızı rəngə boyanmışdı, su durğun vəziyyətdə idi. İtburnu çiçəkləmişdi, parlaq rəngləri vəhşi qayaların arasından bilinirdi. Çox-çox uzaqlarda, körfəzin o biri başında qu quşu var səsiylə oxuyurdu. Əlbəttə, qu quşunu görmürdüm, ancaq onun mahnısından bütün təbiət gözəlləşirdi. Benkaya heç nə demədim, qorxdum ki, məni ələ salar, hərçənd əmin idim: bundan gözəl dünyada heç nə yoxdur.

Amma onda hələ atamın bağını görməmişdim. O bağın qızılgüllərini, əfsanəvi, möcüzəli bütöv bir qızılgül dənizini, küləyin yırğaladığı ağ inciçiçəklərini görməmişdim. Gümüşü yarpaqlı qovaqlarını görməmişdim. Qovaqların zirvələri düz göyə çatırdı, odur ki axşam düşən kimi ulduzlar onların başında yanırdı. Mən bağda süzən ağ quşları görməmişdim, onların mahnılarına, ağcaqovaqların musiqisinə oxşar heç nə eşitməmişdim. Heç kəs heç zaman mənim atamın bağında görüb-eşitdiyim gözəllikləri görüb-eşitməmişdi. Mən atamın əlini buraxmadan hərəkətsiz dayanmışdım, o mənim yanağımdan çəkib dedi:

– Mio, mənim Miom, bağ xoşuna gəlirmi?

Cavab vermək gücündə deyildim. Məni anlaşılmaz hiss bürümüşdü. Sanki ürəyimdə nisgil var idi, baxmayaraq ki bir damcı da kədərlənmir, əksinə, sevinirdim.

İstəyirdim atama daha tez sığınam ki, həyəcanımı hiss etməsin. Amma bunu eləməyə macal tapmamış o dedi:

– Nə yaxşı ki, sən xoşbəxtsən. Həmişə üzün gülsün, Mio, mənim Miom.

Atam onu çoxdan gözləyən bağbanın yanına getdi, mənsə bağı gəzməyə başladım. Bütün bu gözəlliklər-dən hətta başım gicəllənirdi, elə bil doyunca bal şərbəti içmişdim. Ayaqlarım yerində durmayıb oynayır, qollarıma güc gəlirdi. Kaş Benka yanımda olaydı! Onunla bir gücümüzü sınayardıq. Ürəyim Benkanı yaman istəyirdi.

Yazıq Benka yenə də Teqner parkında qaçır, orada isə indi qaranlıqdır, külək vıyıldayır, yağış yağır. Yəqin, indi mənim yoxa çıxdığımı bilib, məəttəl qalıb ki, görən hara itmişəm. Zavallı Benka! Axı birlikdə günlərimiz şən keçirdi. Kral atamın bağında oynayarkən birdən Benkadan ötrü yaman darıxdım. Əvvəlki həyatımdan çatışmayan bircə o idi. Başqa heç kəsdən ötrü elə də darıxmırdım. Bəlkə, ola bilsin, bircə Lundin xalanı görmək istərdim, axı o mənimlə həmişə mehriban olmuşdu. Amma hər şeydən çox Benkanı xatırlayırdım.

Qızılgüllərin arasındakı əyri-üyrü cığırla fikirli-fikirli sakitcə gedirdim. Birdən başımı qaldırdım. Qarşımda, sizcə, kim dayanmışdı? Benka. Yox, bu, Benka deyildi. Qarşımda bir oğlan uşağı dayanmışdı, eynilə Benkanınkı kimi tünd-şabalıdı saçları, qonur gözləri var idi.

– Kimsən sən? – soruşdum.

– Yum-Yumam, – cavab verdi.

Elə indi gördüm ki, Benkaya o qədər də oxşamır. O, bir az ciddidir, özü də, görünür, Benkadan da mehribandır. Əlbəttə, Benka da mənim kimi mehribandır, amma qədərində, çünki elə hallar olub ki, ikimiz də özümüzdən çıxmışıq, hətta dalaşmışıq da. Bir-birimizə acığımız da tutub, amma sonra barışmışıq. Ancaq Yum-Yumla dalaşmaq hec cür mümkün deyildi.

– Bilirsən mənim adım nədir? – soruşdum ondan. – Elə bilirsən Bussedir? Heç də yox, mənə əvvəllər belə deyirdilər.

– Bilirəm ki, sənin adın Miodur, – Yum-Yum cavab verdi. – Kralımız bütün ölkəyə çaparlar göndərib, onlar da hamıya Mionun qayıtdığını xəbər veriblər.

Bax ha! Atam məni tapanda nə yaman sevinib. Hətta bu barədə krallığının bütün sakinlərinə xəbər verməyi də tapşırıb.

– Bəs sənin atan var, Yum-Yum? – soruşdum, ürəyimdə bərk arzuladım ki, kaş onun da atası olaydı.

– Əlbəttə, var, – Yum-Yum cavab verdi. – Mənim atam kralın bağbanıdır. Gedək evimizi sənə göstərim.

Bunu deyib Yum-Yum əyri-üyrü cığırla bağın ən uzaq guşəsinə tərəf qaçmağa başladı. Orada küləş damlı balaca bir evcik vardı, lap nağıllardakı kimi. Damını və divarlarını qızılgül elə örtmüşdü ki, ev, demək olar, görünmürdü. Pəncərələri taybatay açıq idi, ağ quşlar gah uçub içəri girir, gah da bayıra çıxırdı. Evin yanında skamyalı stol qoyulmuşdu, arxada isə arı pətəkləri görünürdü. Ətrafda gümüşü yarpaqlı qovaq və söyüd ağacları bitmişdi. Mətbəxdən kiminsə səsi gəldi.

– Yum-Yum, şam eləməyi unutmamısan ki? – anasının səsiydi.

O, gülümsəyə-gülümsəyə artırmaya çıxdı. Mən gördüm ki, o, Lundin xalaya çox oxşayır, ancaq bir az cavan idi. Dəyirmi yanaqlarındakı dərin çöküklər Lundin xaladakı kimiydi, özü də lap Lundin xala kimi çənəmdən tutdu.

– Hər vaxtın xeyir, Mio! Yum-Yumla birlikdə şam eləmək istəmirsən?

– Məmnuniyyətlə, – cavab verdim, – əgər sizə əziyyət vermirəmsə.

O dedi ki, onun üçün xoşdur. Yum-Yumla mən evin yanındakı stolun arxasına keçdik, anası isə böyük bir boşqabda kökə, çiyələk mürəbbəsi, süd gətirdi. Biz Yum-Yumla partlayanacan yedik. Axırda bir-birimizə baxıb gülüşdük. Yum-Yumun yanımda olmasına çox sevinirdim.


Birdən ağ bir quş gəldi, dimdiyi ilə mənim boşqabımdan bir parça kökə götürdü, bu bizi daha da əyləndirdi.

Bu zaman gördük ki, kral bizə tərəf gəlir. Atam məni görüb dayandı.

– Mio, mənim Miom, görürəm kefin kökdür, – dedi.

– Ay, bağışlayın! – üzr istədim, fikirləşdim ki, yəqin, Edlya xala, Siksten dayı kimi kralın da kiminsə ucadan gülməyindən xoşu gəlmir.

– Doyunca gülün, – atam cavab verdi. Sonra bağbana tərəf çönüb dedi: – Quşların nəğməsi, ağcaqovaqların səsi xoşuma gəlir, amma hər şeydən çox oğlumun bağımdakı gülüşünü sevirəm.

Birinci dəfə başa düşdüm ki, atamdan qorxmağıma dəyməz. Mən nə iş tuturamsa tutum, o, xeyirxah gözləri ilə mənə baxır, lap elə indi ağ quşlar başına dolandığı an bağbanın çiyninə söykənib durduğu kimi. Bunu başa düşən kimi sevincimdən özümə yer tapmadım, başımı dala atıb dayanmadan elə qəhqəhə çəkdim ki, quşlar da qorxuya düşdülər.

Yəqin, Yum-Yum fikirləşirdi ki, mən hələ də boşqabımdan kökə parçası götürən quşa gülürəm, o da uğunub getdi. Gülüşümüz atama, Yum-Yumun ata-anasına da keçdi. Bilmirəm onlar nəyə gülürdülər, mənsə ürəkdən sevinirdim ki, belə bir xeyirxah atam var.

Yum-Yumla deyib-gülərək bağın içərilərinə qaçdıq və talalarda mayallaq aşmağa, qızılgül kollarının arasında gizlənpaç oynamağa başladıq. Bağda o qədər gizli yer var idi ki, onların onda bir hissəsi Teqner parkında Benkayla mənə artıqlaması ilə bəs edərdi. Daha doğrusu, Benkaya bəs edərdi. Aydın məsələdir ki, mən Teqner parkında gizlənmək üçün yer axtarmalı olmayacağam.

Qaş qaralırdı. Bağın üzərinə yüngül, mavi tüstü çökürdü. Ağ quşlar yuvalarında gizlənib susmuşdular. Ağcaqovaqlar cingildəmirdi. Bağ səssizliyə qərq olmuşdu. Yalnız ən hündür qovağın başında balaca, qara bir quş oturub oxuyurdu. O, ağ quşların hamısından yaxşı oxuyurdu, mənə elə gəldi ki, o ancaq mənim üçün oxuyur. Eyni zamanda qulaqlarımı tutmuşdum, quşu dinləmək istəmirdim, mahnısı məni qəmləndirirdi.

– Bu da axşam, tezliklə gecə düşəcək, – Yum-Yum dedi. – Mən evə getməliyəm.

– Dayan, getmə, – xahiş etdim. Bu sirli quşla baş-başa qalmaq istəmirdim. – Bu nə quşdur, Yum-Yum? – deyə qara quşu göstərdim.

– Bilmirəm, yasa batmış kimi qapqara olduğuna, qəmli oxuduğuna görə mən ona Qəmli quş deyirəm. Bəlkə də, əsl adı başqadır.

– O nəsə ürəyimə yatmır, – boynuma aldım.

– Mənsə onu sevirəm, – Yum-Yum dedi, – elə xeyirxah gözləri var ki. Gecən xeyrə qalsın, Mio. – Mənimlə sağollaşıb qaçdı.

Biz bağdan çıxmamış quş böyük, qara qanadlarını çala-çala göyə qalxdı.

Mənə elə gəldi ki, göydə üç balaca ulduz yandı.

MİRAMİS

Maraqlıdır, görəsən, Benka mənim ağ atımı, qızıl yallı, qızıl dırnaqlı Miramisimi görsəydi, nə deyərdi?

Benkayla yaman at həvəskarıyıq. Mən Uplandsqatan küçəsində yaşayanda təkcə Benkayla, Lundin xalayla dostluq eləmirdim. Bir dostumu az qala tamam unutmuşdum. Onun adı Kalle-Loş idi, pivə zavodunda işləyən qoca, ölgün yük atıydı.

Həftədə bir neçə dəfə səhərlər Uplandsqatandakı mağazaya pivə gətirirdilər. Məktəbə gedərkən mən hər dəfə bir neçə dəqiqə sərf edirdim ki, Kalle-Loş ilə bir az söhbətləşim. O, xeyirxah, qoca at idi, mən də onun üçün qənd parçaları və çörək qırıntıları saxlayırdım.


Benka da belə edirdi, çünki Kalleni mənim kimi çox istəyirdi.

O deyirdi ki, Kalle onun atıdır, mənsə deyirdim, mənimdir, Kallenin üstündə hərdən dalaşırdıq da. Amma Benka eşitməyəndə Kallenin qulağına pıçıldayırdım: “Sən mənimsən”. Kalle-Loş da razılıqla mən tərəfə əyilirdi. At Benkanın nəyinə lazım idi ki, axı onun ata-anası, insana lazım olan hər şeyi vardı. Düzünə qalsa, Kalle-Loş bizə yox, pivə zavoduna məxsus idi. Biz yalnız onu özümüzünkü sanırdıq. Doğrudur, arabir özüm də buna inanırdım.

Bir dəfə Kalle ilə laqqırtı vurub dərsə gecikdim, müəllim soruşanda ki niyə gecikmişəm, bilmədim nə cavab verim. Axı müəllimə necə deyə bilərdim ki, qoca atla laqqırtı vururdum. Səhərlər pivə arabası uzun müddət gəlib çıxmayanda məktəbə Kalle-Loşla görüşməmiş qaçmalı olurdum. Arabaçıya acığım tuturdu ki, niyə diribaş deyil. Parta arxasında oturub qənd parçalarını, çörək qırıntılarını cibimdə fırladır, Kalledən ötrü darıxırdım. Fikirləşirdim ki, onu görənə kimi hələ bir neçə gün də keçəcək. Onda müəlliməm soruşurdu:

– Nədir, ay Busse, nəyin dərdini çəkirsən? Nə olub?

Susurdum, nə cavab verə bilərdim axı? Məgər müəllimə mənim Kalleni necə sevdiyimi başa düşə bilərdi?

İndi Kalle Benkanın ixtiyarındadır. Bu da düzdür! Madam ki mən yoxam, qoy Kalle Benkaya təsəlli versin.

Mənimsə qızıl yallı Miramisim var. Özü də gözlənilmədən tanış olmuşuq.

Bir dəfə axşam atamla oturub söhbətləşərək(lap Benka öz atası ilə olduğu kimi) planer düzəldərkən ona Kalle haqqında danışdım. Atam soruşdu:

– Mio, mənim Miom, at sevirsənmi?

– Bəli, sevirəm, – bacardığım qədər laqeyd cavab verdim ki, atam nəyəsə ehtiyacım olduğunu düşünməsin.

Ertəsi gün atamla bağda gəzərkən gördüm ki, qızılgüllərin arasıyla mənə tərəf bir at çapır. Heç zaman belə gözəl dördayaq yeriş görməmişdim. Külək atın qızıl yalını dalğalandırır, qızıl dırnaqları günəş işığında parlayırdı. At düz mənə tərəf gəlir, sevinclə kişnəyirdi. Heç vaxt belə coşqun kişnərti eşitməmişdim. Bir az qorxub atama sığındım. Ancaq atam möhkəm əli ilə atın yalından tutdu, at dayanıb yerindəcə durdu. Sonra qənd tapmaq ümidiylə yumşaq burnunu mənim cibimə toxundurdu. Kalle-Loş da eynilə bu cür edirdi. Xoşbəxtlikdən cibimdə qənd parçası vardı. Görünür, köhnə adətim üzrə cibimə qoymuşdum. At onu tapıb xırçıldada-xırçıldada yedi.

– Mio, mənim Miom, – atam dilləndi, – bu sənin atındır, adı da Miramisdir.

Ah, mənim Miramisim! Səni ilk baxışdanca sevdim. Bütün dünyanı gəzsən də, belə gözəl at tapa bilməzsən. O, qoca, əldən düşmüş işlək Kalleyə heç bir damcı da oxşamırdı. Miramis öz gözəl başını qaldırıb mənə baxana qədər, hər halda, heç bir oxşarlıq tapmadım. O zaman gördüm ki, gözləri eynilə Kalleninki kimidir. Bütün atların gözləri kimi çox sədaqətlidir.

Ömrümdə heç zaman ata minməmişdim. Atam məni Miramisə mindirdi.

– Bilmirəm sürə bilərəmmi?

– Mio, mənim Miom, – atam dedi. – Məgər sənin cəsur ürəyin yoxdurmu?

Əlimi cilova atan kimi bağdakı qovaq ağaclarının altı ilə çapmağa başladıq, gümüşü yarpaqlar ilişib saçlarımda qaldı.

Mən daha sürətlə çapırdım, Miramis ən hündür qızılgül kollarının üstündən tullanıb keçirdi. Yalnız bircə dəfə canlı çəpərə toxundu, arxamızca bir yığın çəhrayı ləçək uçuşdu.

Bu zaman bağa Yum-Yum gəldi. Məni at üstündə görəndə əl çalıb qışqırdı:

– Mio Miramisi çapır! Mio Miramisi çapır!

Mən atı saxlayıb Yum-Yumdan soruşdum ki, gəzmək istəyirmi. Necə istəməsin! O, dərhal ata sıçrayıb arxamda oturdu. Biz qızılgül bağlarının arxasınca uzanıb gedən yaşıl çəmənliklərlə çapmağa başladıq. Ömrümdə belə hislər keçirməmişdim.



Atamın krallığı böyükdür. Uzaq-uzaq ölkə isə onun torpaqları arasında ən böyüyüdür. O, şərqdən qərbə, şimaldan cənuba uzanır. Kralın qəsri ucalan ada Yaşıl Çəmənliklər adası adlanır.

– Gedək körfəzin o biri tərəfinə, dağların dalında Dənizarxası və Dağarxası ölkələr yerləşir. Onlar da atanın krallığına daxildir! – biz yaşıl çəmənliklərlə at çaparkən Yum-Yum mənə qışqırdı.

Ətrafımız çox gözəl idi: yumşaq, təravətli otlar, ala-bəzək çiçəklər… zümrüdü yaşıl təpələrdə isə yumşaqtüklü quzular otlayır. Balaca çoban tütəkdə şirin bir hava çalır. Mənə elə gəldi ki, onu əvvəllər eşitmişəm, amma harada eşitdiyimi yadıma sala bilmədim. Hər ehtimala qarşı Uplandsqatan küçəsində eşitmiş olaram, bu dəqiqdir.

Mən atı saxladım, biz söhbət eləməyə başladıq. Çobanın adı Nonno idi. Mən soruşdum ki, tütəyi mənə çalmağa verərmi. O nəinki tütəyi verdi, həm də mənə öz havasını öyrətdi.

– İstəyirsiz, sizə tütək düzəldim? – soruşdu. Söz yox ki, çox istəyirdk. Yaxınlıqda çay axırdı. Salxım söyüd budaqlarını çayın üzərinə sallamışdı. Biz sahildə oturub ayaqlarımızı suya saldıq, Nonno da bizə tütək düzəltməyə başladı. Dedi ki, tütəkdə çaldığı nəğmə dünyada ən qədim nəğmədir. Çobanlar onu min illər bundan əvvəl otlaqlarda çalırlarmış.

Biz tütək düzəltdiyinə və qədim nəğməni bizə öyrətdiyinə görə Nonnoya təşəkkür elədik. Sonra ata minib yolumuza davam etdik. Nonnonun tütəyinin zəifləyən səsi hələ bir xeyli müddət eşidildi.

– Bu tütəkləri saxlayaq, – Yum-Yuma dedim. – Hansımızdan biri dara düşsə, qoy tütəkdə çoban havasını çalsın.

Bu an Yum-Yum atdan yıxılmasın deyə əlləriylə məni arxadan tutdu və dedi:

– Hə, biz bu tütəkləri saxlayacağıq, əgər mənim tütəyimin səsini eşitsən, bil ki, səni çağırıram.

– Yaxşı, – cavab verdim, – sən də mənim tütəyimin səsini eşitsən, bil ki, mən də səni səsləyirəm.

– Oldu, – dedi Yum-Yum.

Mən düşündüm ki, indi o mənim ən yaxın dostumdur. Əlbəttə, atamı saymasaq. Atamı dünyada hamıdan çox sevirdim. Madam ki daha Benkayla görüşə bilmirəmsə, Yum-Yum mənim yaşıdım və ən yaxın dostumdur.

Nə yaxşı oldu! Mənim atam, Yum-Yumum, Miramisim var, indi mən azad külək kimi təpələri, çəmənləri dolaşa bilərəm. Əlbəttə, belə bir xoşbəxtlikdən adamın başı hərlənər.

– Bəs Dənizarxası və Dağarxası ölkələrə necə getmək olar? – Yum-Yumdan soruşdum. O cavab verdi:

– Sübh Şəfəqi körpüsündən keçməklə.

– Haradadır o körpü? – deyə maraqlandım.

– İndi görərsən, – Yum-Yum dedi. Doğrudan da, tezliklə körpünü gördüm. O elə nəhəng və uzun idi ki, deyərdin bəs ucu-bucağı yoxdur. Körpü günəşin işığında par-parparıldayırdı, elə bil qızılı günəş şüalarından düzəldilmişdi.

– Bu, dünyada ən böyük körpüdür, – Yum-Yum dedi. – O, Yaşıl Çəmənliklər adasını Dənizarxası ölkəylə birləşdirir. Amma gecələr kralın əmriylə onu qaldırırlar ki, biz Yaşıl Çəmənliklər adasında rahat yataq.

– Nə üçün? – soruşdum. – Gecə bizə kim hücum edə bilər ki?

– Cəngavər Kato!

O bu sözləri deyən kimi çöllərə soyuq gəldi, Miramis titrədi.

Cəngavər Kato haqqında birinci dəfəydi ki, eşidirdim, ucadan təkrar etdim:

– Cəngavər Kato!

Bunu demişdim ki, mənim də kürəyimdən gizilti keçdi.

– Qəddar cəngavər Kato, – Yum-Yum əlavə etdi.

Miramis həyəcanla kişnədi və biz susduq. Əlbəttə, çox istəyirdik ki, Sübh Şəfəqi körpüsündən keçək, amma atamdan icazə almamışdım axı. Buna görə də bağa qayıtdıq. Birinci səyahətimiz belə sona çatdı. Həmin gün Miramisi bir xeyli çimizdirdik, yalını daradıq, tumarladıq, Yum-Yumun anasının bizə verdiyi qəndə, çörəyə qonaq elədik.

Yum-Yumla bağda daxma düzəltmişdik. Bütün dadlı yeməkləri orada yeyirdik. Hər şeydən çox xoşumuza gələn şəkər tozu səpilmiş nazik kökələr idi. Kökə deyil, bal idi, bal. Benkanın anası da kökə bişirərdi, hərdənbir dadına baxırdım. Amma Yum-Yumun anasının bişirdiyi kökələr daha dadlı idi. Benka tez-tez mənə Vaksholmdakı bağ evində daxma düzəltməyindən danışırdı. Yaxşı olardı ki, ona yazıb Yum-Yumla düzəltdiyimiz daxmadan danışım. Yazardım ki, burada, Uzaq-uzaq ölkədə özümə elə gözəl daxma düzəltmişəm ki!