Balaca lap dilxor idi. Kubiklərin küftə ilə bəzənməsi, əlbəttə, ananın xoşuna gəlməmişdi. O, şübhə etmirdi ki, bu elə Balacanın öz işidir.
Əvvəlcə ata dilləndi:
– Bilirsən, Balaca, biz daha sənin Karlson barədəki uydurmalarını eşitmək istəmirik!
Sonra Betan kinayə ilə dedi:
– Bu Karlson yaman hiyləgərdir ha! Həmişə biz gələndə yoxa çıxır.
Pərt olmuş Balaca soyumuş küftəni yeyib kubikləri yığmağa başladı. Karlson barədə danışmağın indi qətiyyən yeri deyildi. Amma Karlson da yaxşı iş görmədi, onu pis vəziyyətdə qoydu.
Ata Balacanın üzünü sığallayıb dedi:
– Gəlin gedək qəhvə içək, Karlsonu da unudaq.
Onlar birlikdə qəhvə içmək üçün yemək otağına qayıtdılar. Bir müddət sonra ana ilə ata kinoteatra getdilər. Bosse isə stadiona yollandı. Betan isə dostu Pelle ilə qonaq otağında söhbət edirdi.
Balaca öz otağına gəldi. O nə edəcəyini bilmirdi. Çox darıxdığı üçün pəncərədən küçəyə baxmağa başladı. Bu vaxt mühərrik səsi eşitdi. Heç bir dəqiqə çəkmədi ki, Karlson pəncərədən içəri uçub gəldi.
– Salam, Balaca!
– Salam, Karlson! Haradan gəlib çıxdın?
– Necə yəni haradan gəlib çıxdım? Bu nə sualdır?
– Axı mən səni anam və atamla tanış etmək istəyirdim. Bəs sən niyə qaçdın?
Karlson bərk hirsləndi:
– Həyatımda belə şey eşitməmişəm! Bəlkə, mən öz evimə baş çəkə bilmərəm, hə? Ev sahibi evini başsız qoya bilməz. Mən öz ev-eşiyimlə məşğul olmaq istəyəndə atanla anan mənimlə tanış olmaq istəyiblər, mənim günahım nədir?
Sonra Karlson evi nəzərdən keçirib dedi:
– Bəs qülləm hanı? Mənim gözəl qülləmi kim uçurub? Küftəm necə olub?
Balaca pərt oldu, dedi:
– Mən sənin qayıdacağını güman etmirdim. Ona görə də uçurdum.
– Belə de! – Karlson bağırdı. – Dünyada ən məşhur qülləucaldan qüllə tikir, sonra gör nə olur?
Karlson kənara çəkilərək alçaq skamyanın üstündə oturdu. O, çox acıqlı idi.
Balaca dedi:
– Boş şeydir! Adi həyat hadisəsidir! – Sonra da lap Karlson kimi əlini yellədi. – Heç buna görə də adam kefini pozar?
Karlson acıqla söylədi:
– Sənə nə var ki, uçurmaq ən asan işdir. Uçurub deyəsən ki, «bu, adi həyat hadisəsidir, ona görə kefini pozmağa dəyməz». Bəs mənim – tikinti ustasının halını heç fikirləşmisən? Mən bu balaca, bədbəxt əllərimlə qüllə ucaltmışdım.
Karlson xırdaca, totuq əllərini az qala Balacanın gözünə soxdu. Sonra o, yenidən skamyaya əyləşdi; qanı əvvəlkindən də qara idi.
– Mən lap özümdən çıxıram, lap əsəbiləşirəm.
Balaca özünü tamam itirdi. O, key kimi durub baxırdı – bilmirdi nə etsin.
Sükut xeyli sürdü. Nəhayət, Karlson kədərli səslə dedi:
– Əgər mənə balaca bir hədiyyə versələr, bəlkə də, kefim düzələr. Doğrudur, bunu qəti deyə bilmərəm, ancaq hər halda, mənə bir şey hədiyyə versələr, bəlkə də, əhvalım düzələr…
Balaca stola tərəf qaçıb yeşiyi açdı. Ən qiymətli şeylərini orada saxlayırdı: marka kolleksiyası, ala-bəzək çay daşları, rəngbərəng tabaşir, qalaydan düzəldilmiş əsgərlər.
Balacanın elektrik fənəri də orada idi. Bu fənər Balaca üçün çox əziz idi.
Balaca soruşdu:
– Bəlkə, bunu sənə bağışlayım?
Karlson fənərə ani nəzər salıb sevindi:
– Hə, hə, bax, belə şey mənə bağışlasan, kefim düzələr. Əlbəttə, mənim qülləm bundan qiymətli idi, ancaq sən mənə bu fənəri versən, kefim bir qədər durular.
Balaca dedi:
– Götür, sənə bağışlayıram.
– Yanırmı? – Karlson düyməni basdı. – Ura! Yanır! – O, sevinclə səsləndi, gözləri də fənər kimi işıqlandı. – Gecələr öz evimə gedərkən bu fənəri yandıracağam. Bir daha qaranlıqda, bacaların yanında azmayacağam.
Bu sözlər Balacanı çox sevindirdi. İndi onun da bircə arzusu var idi: Karlsonla birlikdə dama çıxıb bu fənərlə yolu işıqlandıra-işıqlandıra orada gəzmək!
– Hə, Balaca, mənim kefim kökəldi! Ananı, atanı çağır gəlsinlər, tanış olaq.
Balaca dedi:
– Onlar kinoya gediblər.
Karlson təəccüblə soruşdu:
– Mənimlə görüşməkdənsə, kinoya gediblər?
– Elədir, hamı gedib. Evdə yalnız Betan və onun yeni dostu qalıb. Onlar qonaq otağındadırlar. Nə barədəsə söhbət edirlər. Mənim ora girməyim isə qadağandır.
Karlson təəccüblə dilləndi:
– Nə? Sən ora gedə bilməzsən? Biz buna dözmərik. İrəli!..
Balaca dedi:
– Axı bizim evdə qayda belədir. Həm də mən söz vermişəm.
– Nə söz vermisən?
– Söz vermişəm ki, bütün axşamı qonaq otağına girməyim.
Karlson dedi:
– Səni heç kim görməyəcək. Yəqin ki, Betanın yeni dostuna baxmaq üçün ürəyin gedir, hə?
– Düzünü bilmək istəsən, hə! – Balaca ürəkdən cavab verdi. – Əvvəllər o, pələqulaq bir oğlanla dostluq edirdi. Elə istərdim, bu oğlanın da qulaqlarına baxam.
Karlson dedi:
– Elə mən özüm də onun qulaqlarına baxmaq istərdim. Bir dəqiqə gözlə! İndi bir şey fikirləşərəm. Dünyanın ən məşhur kələkbazı damda yaşayan Karlsondur.
Sonra Karlson diqqətlə ətrafı nəzərdən keçirməyə başladı. Birdən başı ilə adyala işarə edib dedi:
– Aha, bizə elə bu da lazımdır. Bir şey fikirləşib tapacağıma heç şübhəm yox idi…
Balaca soruşdu:
– Nə fikirləşmisən ki?
– Sən and içmisən ki, bütün axşamı qonaq otağına keçməyəcəksən, elədir? Əgər sən üstünə adyal salsan, səni heç kəs görməyəcək.
Balaca etiraz etmək istədi.
– Doğrudur, ancaq…
– Ancağı-zadı yoxdur! – Karlson onun sözünü acıqla kəsdi. – Əgər sən başına adyal salsan, onda səni görməyəcəklər. Mən də başıma adyal salacağam, ona görə məni də görməyəcəklər. Yazıq, balaca Betan, məni görmək ona nəsib olmayacaq!
Karlson çarpayının üstündən adyalı çəkib başına saldı.
– Bura gəl, tez ol, yanıma gəl, – o, Balacanı səslədi. – Gəl mənim çadırımın altına.
Balaca adyalın altına girdi və hər ikisi sevinclə xısın-xısın gülüşdü.
– Betan qonaq otağında çadırın gəzməsinə etiraz etməmişdi ki! Çadır görəndə bütün insanlar sevinirlər. Hələ üstəlik, içində fənər yanan bir çadır! – bunu deyib Karlson fənəri yandırdı.
Balaca heç də əmin deyildi ki, Betan çadırı görəndə çox sevinəcək. Ancaq Karlsonla yanaşı qaranlıq çadırda durmaq, üstəlik, fənərlə içərini işıqlandırmaq elə maraqlı idi ki…
Nəhayət, çadır qapıya sarı irəliləməyə başladı. Balaca Karlsonun dalınca gedirdi. Xırdaca, totuq əl adyalın altından çıxıb qapını açdı. Çadır qalın pərdə ilə qonaq otağından ayrılan dəhlizə çıxdı.
Karlson pıçıldadı:
– Sakit, bircə sən sakit ol!
Çadır səssizcə dəhlizi keçib pərdənin qabağında dayandı. Betan ilə Pellenin danışığı indi nisbətən aydın eşidilirdi. Amma yenə də heç nə başa düşmək olmurdu. Qonaq otağının işığı yanmırdı. Betan ilə Pelle yarıqaranlıqda oturmuşdular, görünür, pəncərədən düşən işıq onlara kifayət edirdi.
Karlson pıçıldadı:
– Çox yaxşı. Mənim fənərimin işığı qaranlıqda lap gur görünəcək.
Lakin hər ehtimala qarşı əvvəlcə o, fənəri söndürdü.
Çadır ehmalca pərdəni çəkib qonaq otağına girdi. Betan ilə Pelle qarşı tərəfdə balaca divanın üstündə oturmuşdular. Çadır ehmalca onlara yanaşırdı.
– Betan, mən indi səni öpəcəyəm, – Balaca xırıltılı oğlan səsi eşitdi.
– Yaxşı, – Betan razılıq verdi və yenidən sakitlik yarandı.
Çadırın qara kölgəsi yavaş-yavaş divana yaxınlaşırdı. Artıq divana bir neçə addım qalmışdı, Betan ilə Pelle isə heç nə duymurdular. Onlar dinməzcə oturmuşdular.
Pelle cəsarətsiz səslə dedi:
– Betan, indi də sən məni öp.
Cavab gəlmədi, çünki bu vaxt fənərin gur işığı qaranlığı yararaq düz Pellenin üzünə düşdü. Pelle yerindən sıçradı, Betan çığırdı. Bu vaxt dəhlizə sarı uzaqlaşan qəhqəhə səsi və ayaq tappıltısı eşidildi.
Gur işıq Betan ilə Pellenin gözünü qamaşdırmışdı. Odur ki ikisi də heç nə görmədi. Yalnız pərdənin arxasında ucalan qəhqəhəni eşitdilər.
Betan dedi:
– Bu mənim dələduz qardaşımın işidir. Dayan, indi onun başına oyun açacağam!
Balaca ilə Karlson bunu eşidib yenidən qaçmağa başladılar. Amma bu vaxt onların ayaqları bir-birinə dolaşdı. İkisi də yerə sərildi. Betan indicə gəlib onların başının üstünü ala bilərdi. Odur ki iməkləyə-iməkləyə Balacanın otağına sarı getdilər. Onlar otağa girəndə bərk həyəcanlı idilər. Elə bu vaxt Betan özünü qapıya çatdırdı.
– Sakit, bircə sən sakit ol! – Karlson pıçıldadı. Sonra isə təngnəfəs dedi: – Dünyanın ən məşhur qaçanı damda yaşayan Karlsondur!
Balaca da bərk qaça bilirdi, sözün düzü, indi bu lap vacib idi. Onlar qapını Betanın üzünə bağlayıb xilas oldular. Karlson tələsik qapının açarını burdu. Betan qapını var gücü ilə döyəcləyəndə isə şən səslə güldü.
Qız acıqla qışqırdı:
– Balaca, dayan bir, əlimə düşərsən!
– Hər halda, məni heç kəs görmədi! – Balaca qapının o biri üzündən cavab verdi və yenidən qəhqəhə səsi eşidildi.
Əgər Betan qəzəbli olmasa idi, bilərdi ki, gülən iki nəfərdir.
Bir dəfə Balaca məktəbdən hirsli qayıtdı. Alnında şiş var idi. Anası mətbəxdə iş görürdü. Ana şişi görəndə çox məyus oldu. Oğlunu qucaqlayıb soruşdu:
– Yazıq Balaca, alnına nə olub?
Balaca qaşqabaqla cavab verdi:
– Krister mənə daş atdı. Bunu Qunilla da gördü.
Kristerlə Qunilla Balacanın dostları idilər. Onlar Balaca ilə bir küçədə yaşayır, onunla bir sinifdə oxuyurdular.
– Krister sənə daş atdı? Nə yaramaz oğlandır o! – ana əsəbiləşdi. – Nə üçün mənə o saat demədin?
Balaca çiyinlərini çəkdi:
– Xeyri nə idi? Sən ki daş ata bilmirsən. Sənin atdığın daş heç anbarın divarına da gedib çatmaz.
– Ay başıboş! Sən elə bilirsən ki, mən Kristerə daş atacaqdım?
– Bəs daha nə atacaqdın? Məncə, daşdan başqa bir şey yoxdur ki, ona atasan, ən yaxşısı elə daşdır.
Ana köksünü ötürdü. Aydın oldu ki, yeri düşəndə təkcə Krister daş atmır, Balaca da atır. Bu məsələdə onun sevimli oğlu heç də başqasından geri qalmır. Heç belə qəşəng göy gözlərin sahibi də dalaşqan olar?
– Məgər davasız keçinmək olmazdı ki? Bilirsən, Balaca, xoşluqla hər işi yoluna qoymaq olar. Yer üzündə həll edilə bilməyən bir şey yoxdur. Sadəcə, oturub danışmaq, götür-qoy etmək lazımdır.
– Yox, ana, düz deyil; məsələn, mən elə dünən belə bir iş üstündə Kristerlə dalaşmışdım…
Ana dedi:
– Çox nahaq yerə. Siz mübahisəni yumruqla yox, sözlə həll edə bilərdiniz.
Balaca mətbəxdəki stolun yanında oturub ağrıyan başını tutmuşdu.
– Doğrudan, səncə, belədir? – o, incik nəzərlərini anasına yönəltdi. – Krister mənə dedi: «Mən səni əzişdirə bilərəm». Elə beləcə də dedi. Mən də cavabında söylədim:
«Yox, əzişdirə bilməzsən». İndi de görüm, biz bu mübahisəni sözlə həll edə bilərdikmi?
Ana cavab tapa bilmədi. Ona görə də sülhpərvər söhbətini kəsməli oldu.
Balaca hələ də qaşqabağını töküb oturmuşdu. Ana cəld ona bir stəkan isti şokolad və isti qoğal verdi.
Balaca qoğalı çox sevirdi. Hələ pilləkənlə qalxarkən evlərindən gələn ləzzətli qoğal ətrini duymuşdu. Ananın üstü qıpqırmızı qızarmış qoğalları adama ləzzət verirdi.
O, minnətdarlıqla qoğaldan bir dişləm aldı.
Balaca yemək yeyərkən ana onun alnındakı şişə plastır yapışdırdı. Sonra ağrıyan yerini ehmalca öpüb soruşdu:
– Kristerlə sənin aranda bu gün nə olmuşdu ki?
– Kristerlə Qunilla elə hey deyirdilər ki, damda yaşayan Karlsonu mən uydurmuşam. Belə şey ola bilməz.
Ana ehtiyatla soruşdu:
– Nədir ki, məgər elə deyil?
Balaca qəzəblə anasına baxıb soruşdu:
– Deməli, sən də mənim sözlərimə inanmırsan? Mən Karlsondan soruşdum ki, uydurmasan, ya yox?..
Ana maraqla xəbər aldı:
– Bəs Karlson nə cavab verdi?
– O dedi ki, əgər uydurma olsa idi, bu, dünyanın ən gözəl uydurması sayılardı. Lakin məsələ ondadır ki, o uydurulmayıb, – Balaca bir qoğal da götürdü. – Karlson deyir ki, əksinə, Kristerlə Qunilla uydurmadır. O deyir:
«Onlar nadir uydurmadırlar». Mən də belə hesab edirəm.
Ana heç nə demədi, başa düşdü ki, Balacanın təsəvvürünü puç etmək mümkün deyil.
Nəhayət, ana dedi:
– Mənə elə gəlir ki, Krister və Qunilla ilə yaxından dostluq etməlisən. Karlsonu isə unutmalısan.
– Niyə? Axı Karlson mənə daş atmır.
Bunu deyib Balaca əlini alnındakı şişə çəkdi. Birdən nəsə xatırladı, üzünə təbəssüm yayıldı. Yenidən dilləndi:
– Ana, az qala unudacaqdım, axı mən bu gün ilk dəfə Karlsonun evini görəcəyəm!
Bunu dediyinə o saat peşman oldu. Belə şeyləri anaya söyləmək axmaqlıq idi!
Ancaq Balacanın bu sözü də anaya uydurma gəldiyi üçün o, etinasızlıqla dedi:
– Yəqin, bu sənin üçün çox maraqlı olar, eləmi?
Əgər ana Balacanın sözünü axıra kimi başa düşmüş olsa idi, bu qədər sakit danışmazdı. Təkcə Karlsonun harada yaşadığını düşünmək kifayət idi.
Balaca stolun arxasından qalxanda kefi xeyli kökəlmişdi. Həyatından da həddən artıq razı idi. Alnındakı şiş daha ağrıtmırdı. Dadlı qoğalın ləzzəti damağından getməmişdi. Günəş işığı mətbəxin pəncərəsindən içəri dolmuşdu. Dama-dama önlük taxmış ana elə qəşəng idi ki. Bir sözlə, kefikök olmamaq üçün heç bir səbəb yox idi!
Balaca anasına yanaşdı, onun əlini öpüb dedi:
– Anacan, səni elə sevirəm ki!
Ana dedi:
– Çox şadam.
– Doğru deyirəm… Mən səni sevirəm, çünki sən çox gözəlsən.
Sonra Balaca öz otağına gedib Karlsonu gözləməyə başladı. Axı onlar bu gün birlikdə dama çıxmalı idilər. Əgər Karlson Kristerin dediyi kimi uydurma idisə, onda Balaca çətin ki oraya çıxa bilərdi.
Karlson Balacaya demişdi:
– Mən təqribən üçdə, yaxud dörddə, ya beşdə gələcəyəm, ancaq hər halda, altıdan tez olmayacaq.
Balaca heç cür müəyyən edə bilmədi ki, Karlson saat neçədə gəlmək fikrindədir. Ona görə də dübarə soruşdu, Karlson cavabında dedi:
– Hər halda, yeddidən gec gəlməyəcəyəm, ancaq səkkizdən tez olmayacaq… Məni saat doqquz radələrində görə bilərsən, təqribən saat onu vuranda.
Balaca Karlsonu uzun müddət gözlədi, lap gözünün kökü saraldı. Axırda ona elə gəldi ki, Karlson elə, doğrudan da, uydurmadır. Bu vaxt vızıltı eşidildi, şən və qıvraq Karlson uçub otağa girdi.
Balaca dedi:
– Gözləməkdən gözümün kökü saraldı. Saat neçədə gəlməyə söz vermişdin?
Karlson cavab verdi:
– Mən təqribən demişdim. Elə də oldu, mən elə təqribən də gəldim.
O, Balacanın akvariumuna yanaşdı. Akvariumda rəngbərəng balıqlar üzüşürdülər. Karlson başını akvariuma salıb iri qurtumlarla su içməyə başladı.
Balaca çığırdı:
– Ehtiyatlı ol! Balıqlarıma dəymə!
O, Karlsonun bilmədən balıqları da udacağından qorxmuşdu.
Karlson dedi:
– İnsanın yanğısı olanda gərək çoxlu su içə. Hətta o, iki-üç, lap dörd balıq da udsa, boş şeydir, adi həyat hadisəsidir.
Balaca soruşdu:
– Sənin yanğın var?
– Əlbəttə! Əlini vur. – O, Balacanın əlini alnına qoydu.
О проекте
О подписке
Другие проекты