Читать книгу «Yalama» онлайн полностью📖 — Ариф Алиев — MyBook.
cover

Arif Əliyev
Yalama

© «Altun kitab» MMC – 2017

Müəllifdən

«Yalamanın müdafiəçiləri… başa düşürlər ki, rusların qarşısını kəsməyə cəhd göstərsələr, bu onların əksəriyyəti üçün son döyüş olacaq. Ancaq Vətən təəssübü, əsgər şərəfi həyat eşqinə üstün gəlir».

(«Ayna.az», noyabr, 2016)

Əsgərlər vurulanda yox, unudulanda ölürlər.

Yalama stansiyasında XI Qırmızı Ordunun zirehli qatarlarının yolunu kəsmiş, son nəfəsinədək döyüş mövqeyindən çəkilməmiş qəhrəman əsgərlərimiz haqqında az adamın məlumatı var. Amma «onlar unudulublar» demək düzgün olmazdı. Unutmaq üçün – tanımaq lazımdır. Bizsə onları tanımamışıq. Əksəriyyətinin adını belə bilmirik və bəlkə, heç zaman bilməyəcəyik. Bu adların sahiblərinin, çoxu 19-20 yaşında olan gənclərimizin ləyaqətsiz həyatla şərəfli ölüm arasında etdikləri şüurlu seçim barədə həqiqət bir əsr bizdən gizlədilib.

Sovet Rusiyasının məqsədi sadə və aydın olub: şimal qonşumuz Azərbaycana yeritdiyi ordunun «işğalçı» adlandırılmasını istəməyib, həmişə, hər yerdə onu «xilaskar» kimi qələmə verib. Buna görə də tarixi saxtalaşdırıb; inadla, bütün mümkün vasitələrlə hamıya təlqin etməyə çalışıb ki, Qırmızı Ordu ölkəmizə soxulmayıb, dəvətlə gəlib, Samurdan Bakıya qədər müqavimət görmədən irəliləyib, yolboyu Azərbaycan əsgərlərini əsir götürə-götürə, stansiyalarda mitinq keçirə-keçirə Bakıya daxil olub və paytaxtda gül-çiçəklə qarşılanıb. Bu əfsanənin yaradılmasında iştirak edən və onu yaşadan soydaşlarımızın isə bəzisinin öz əli həmin gənclərin qanına bulaşıb, bəzisi rahatlığını qorumaq naminə, bəzisi qorxduğu üçün susub, lakin əksəriyyət, gerçəkdən, xəbərsiz olub, sovet təbliğatına inanıb. Həqiqəti bilənlər və söyləmək istəyənlər də tapılıb, amma onlardan kimisinin özü, kimisinin səsi «quyunun dibinə» düşüb.

«Təbliğat» sözünü sevməsək də, onun kütləvi şüura təsir gücünü inkar edə bilmərik. 1990-cı ilin qışında Moskvanın planları alınsaydı, onilliklərlə yorulmadan təbliğat aparmaqla gələcək nəsilləri də inandırmaq mümkün idi ki, 20 yanvarda rus tankları Bakıya xalqımızın xilaskarı kimi daxil olub və millət bu tankları gül-çiçəklə qarşılayıb. «Mümkünsüzdü» deməyin. Tarixin gülməyi gələr. Ən yaxın keçmişimizi, Yanvar qırğınından cəmi 21 ay sonra Azərbaycanın müstəqilliyi əleyhinə səs verən deputatlarımızı yada salın.

Belə bir haqsızlıq sizi ağrıdardımı? Əlbəttə. Çoxlarınız o tankların qabağında «canlı barrikadalar» da dayanmısınız. İndi təsəvvür edin, Azərbaycanın müstəqilliyinin ömrünü cəmi bir neçə saat uzatmaq üçün həyatlarını vermiş, nəinki məzarları qalmamış, heç həlak olduqları yerdə xatirə lövhəsi də qoyulmamış gənclərimizin ruhları necə göynəyir! Ədaləti bərpa etmək, vicdanımızı böyük bir ləkədən təmizləmək şansını niyə əldən verməliyik?!

Mən bu povestdə «ittiham tərəfi» nin şahidi kimi çıxış etmirəm. Azərbaycan – Qarabağ, Yalama, Bakı müdafiəçiləri, Gəncə, Şəki, Quba üsyançıları kimi mərd oğullar doğub. Eyni zamanda yüzlərlə qorxaq, yaltaq, siyasətbaz və satqın yetişdirib. Biz birincilərlə həmrəyliyimizi nümayiş etdirməklə yanaşı, ikincilərlə də qohumluq əlaqələrimizi inkar edə bilmərik. «Yaxşısı mənimdir, pisi özgənin» formulu burada işə keçmir. Biz mərdlərimiz və qorxaqlarımızla, qəhrəmanlarımız və satqınlarımızla eyni xalqın nümayəndələriyik, istəsək də, istəməsək də, bir Vətəni bölüşür, onun taleyini həll edirik. Və əgər zaman-zaman məmləkətimizdə ikincilər birincilərə üstün gəliblərsə, gəlirlərsə, məğlubiyyətlərimizin məsuliyyətini başqa tərəfin üstünə atmaqla heç nəyi dəyişmirik, çünki xalq olaraq bu məğlubiyyətlərin acısını hamımız çəkirik, tənəsinə hamımız dözürük.

Beləcə, xalqı bütöv bir toplum şəklində xarakterizə etməyə çalışanda görürsən ki, onun məşəqqətli taleyinə acımaqla, uğursuzluqlara yanmaqla, günahsız qurbanları xatırlayaraq soyqırımlara abidələr ucaltmaqla qürurlu millət formalaşdırmaq, məğrur və ləyaqətli vətəndaş yetişdirmək olmur. Bunun üçün qəhrəmanlıq tarixini bilmək, nəsillərə örnək olacaq fədakarlarımızın xatirəsini yaşatmağı bacarmaq, onlara da heykəl qoymaq lazımdır.

Millət öz böyüklüyünü torpaqlarının genişliyi, yoxsa ruhunun ucalığı ilə təsdiq etməlidir? Əlbəttə, bu əsərin qəhrəmanı kimi deyə bilərsiniz ki, «nə fərqi var: torpaq da ruhdur». Amma onun sonrakı sözlərinə də diqqət yetirin: «Fərqi ondadır ki, torpağı özünlə daşıya bilmirsən. Ruhunsa, hara getsən, içindədir, səninlədir».

Mənsə sözümü çox sevdiyim fransız yazıçısı, hərbi təyyarəçi, öz əsərlərinin qəhrəmanı Sent-Ekzin (Antuan de Sent-Ekzüperi) əbədi sualları ilə bitirirəm (yoxsa başlayıram?): niyə insan tabeliyində olan, həm də özünə dost saydığı adamları aşkar ölümə göndərir? Və niyə yüzlərlə gənc əvvəlcədən uduzulmuş döyüşdə canından keçməyə razı olur?..

Proloq əvəzi

«Bizim hərbi qüvvələrimiz öz xalqının şanlı döyüş keçmişindən xəbərdar olmalıdır. Bu xalq dünya tarixinə qəhrəmanlıqlarla dolu bir çox səhifələr yazıb. Avropa millətləri həmin qəhrəmanlıqları unutmurlar, onlar haqqında danışırlar. Lakin mənə elə gəlir ki, biz bunu hamıdan az xatırlayır, bu barədə, bəlkə də, hamıdan az danışırıq. Yüz ildən artıq çəkən rus hökmranlığından azad olmuş türk xalqının yadına salmaq lazımdır ki, biz heç də həmişə başqalarının əlinin altında olmamışıq, əksinə, öz iradəmizi Avropaya və Asiyaya diktə etmişik».

Azərbaycan Xalq Cümhuriyyətinin
hərbiyyə naziri, general Səməd bəy Mehmandarov

I. Paraddan – cəbhəyə

«Nazirlər Şurasının sədri

N.Yusifbəyliyə.



Zəngəzur qəza rəisindən teleqram almışıq: …ermənilər güclü kəşfiyyat aparırlar, dəqiq məlumatlara görə, bütün cəbhəboyu hücuma hazırlaşırlar. Əsas məqsədləri Qarabağla birləşməkdir…

Qarabağın general-qubernatoru X.Sultanov, dəstə rəisi general T.Novruzov.

22 mart 1920-ci il».


Zəngəzur səfərindən Bakıya qayıtmış ordu Novruz bayramı münasibətilə parad-nümayişə hazırlaşırdı. Alayların seyrəlmiş sıraları yeni çağırışçılarla doldurulurdu, onlara gecə-gündüz təlim keçilirdi, ağzı əyilmiş çəkmələr, süzülmüş şalvarlar, nimdaş kitellər, tərdən duz kəsmiş papaqlar təzələri ilə əvəzlənirdi. Nahardan sonra verilən qısa fasilədə hərə bir tərəfə çəkilib silahını sürtə-sürtə parıldadırdı. Kiçik zabitlər bir-biri ilə bəhsə girir, mərc kəsirdilər: parad günü kimin dəstəsi meydandan daha yaxşı keçsə, çox təriflənsə, qalanlar bir ay onun yerinə növbə çəkəcəkdilər.

Nəhayət, çoxdan gözlənilən həmin gün yetişdi. Krasnovodskaya[1] və Merkuryevskaya[2] küçələrinin kəsişməsində, hərbiyyə nazirliyinin qarşısındakı meydan səhər tezdən sulanıb süpürüldü. Meydanın girişində qoşun hissələri ard-arda düzüldü. Öndə Bakı, Göyçay və Quba piyada alaylarının dəstələri, hərbiyyə məktəbinin, istehkamçılar məktəbinin müdavimləri və ehtiyat polis qüvvələri dayanmışdılar. Sonra 1-ci Tatar alayının süvariləri, 2-ci artilleriya briqadasının, süvari-dağ divizionunun, yüngül artilleriya divizionunun hissələri sıralanmışdı. Lap axırda altı zirehli avtomobil durmuşdu, sağ tərəfdə, Xəzərin sahilində isə «Qars» və «Ərdəhan» hərbi gəmiləri reydə çıxarılmışdı.

Sahil bağı, yan küçələr, evlərin damları adamla dolu idi. Binaların qarşısından xalı-xalça, cecim, üzərinə iri ağ hərflərlə şüar yazılmış qırmızı parçalar asılmışdı, dükanların böyrünə, alaqapılara üçrəngli, ulduzlu-ayparalı bayraqlar sancılmışdı. Açıq pəncərələrdən qadınlar əl edir, bəziləri dəsmal yelləyirdilər, uşaqlar sərçə topaları kimi ağacların budaqlarına qonub civildəşirdilər.

Mən zabit yoldaşlarımla birgə Quba batalyonunun önündə dayanmışdım. Son yarım ildə çox döyüşlərdə olmuşdum, heç vaxt savaşqabağı bu qədər həyəcan keçirməmişdim, ürəyim belə çırpınmamışdı.

Hökumətimizin sədri və sevimli müdafiə nazirimiz eyvanda görünəndə alqışlar qopdu, şüarlar səsləndi. Sonra tədricən ətrafa sakitlik çökdü. Kimsənin cınqırı çıxmırdı, yalnız küləyin oynatdığı bayraqlar pıçıldaşırdı.

Nazirliyin binası qarşısında ağ atın üstündə general Əliağa Şıxlinski görsəndi. O, qoşun hissələrinin arası ilə gəzir, hər hissənin qabağında dayanıb «Mərhəba, əsgər!» deyə parad iştirakçılarını salamlayırdı. Əsgərlər cavabında ciyərlərini hava ilə doldurub qışqırırdılar: «Çox sağ ol!» Baxış bitəndən sonra general öz yerinə qayıtdı və uca səslə komanda verdi:

– Bayraqdarlar, irəli!

Zabitlər paradı qəbul edən komandanın əmrini dalğa-dalğa ötürdülər. Milli marşın sədaları yüksəldi:

 
«Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni…»
 

Qoşun hərəkətə gəldi.

Növbə bizim dəstəmizə çatanda ayaqlarım öz-özünə yerindən qopdu. İlk dəfə idi paradda iştirak edirdim. Mən yerimirdim, uçurdum. Qarşı cərgələrdə əsgərlərin çiyinlərindəki tüfənglərin süngüləri günəş şüaları altında bərq vururdu, onların sehrli işığı adamı çəkib öz arxasınca aparırdı. Bilməzdim ki, sadəcə, mahnı oxuya-oxuya təpiyini yerə döyməklə insanın qanı belə qaynaya bilər! İndi biz ayrı-ayrı bölüklər, dəstələr, alaylar deyildik; sonadək dərk etmədiyimiz və çox vaxt fərqli yozduğumuz ümumi bir həqiqətin, vahid məqsədin təntənəsi uğrunda ölümə getməyə hazır olan monolit qüvvə idik. Belə vəziyyətdə ən mücərrəd anlayışlar da konkretləşir, gözlə görəcəyin qədər aydın cizgilər alır. Üzünə vuran küləyin iyində Vətənin iyini duya, yanaşı addımladığın yoldaşının pörtmüş sifətində millətin rəngini görə bilirsən. Tamaşaya toplaşanlarla bərabər «Eşq olsun!», «Yaşasın!», «Var olsun!» qışqırmaqdan, onlara qoşulub sevincindən ağlamaqdan özünü güclə saxlayırsan.

Qoşun hissələri növbə ilə nazirlik binasının qarşısından keçib üzüyuxarı Bazarnaya[3] küçəsinə çıxır və Salyan kazarmalarına doğru hərəkət edirdi. Yol kənarına düzülmüş insanlar bizi alqışlarla, təbriklərlə qarşılayırdılar. Xalq öz ordusuna məhəbbət və minnətdarlığını izhar edirdi, əsgərlərin başına gül-çiçək səpələyirdi. Cavanlar qucaqlaşıb öpüşür, yaşlılar əllərini cütləyib dua oxuyurdular. Uşaqlarsa səf bağlayıb qollarını yelləyə-yelləyə arxamızca gəlirdilər.

Birdən mənə elə gəldi ki, səkidə kimsə adımı çəkdi:

– Yaşasın qəhrəman Ağaəli Babazadə!

Başımı səsə döndərəndə qıraqları xəzlə bəzədilmiş uzun, məxmər arxalıqda gənc bir qadının gülə-gülə mənə əl etdiyini gördüm.

Bu arxalığı hamilə olduğunu biləndə həmin qadına özüm hədiyyə almışdım.

Onu paradda görməyim elə gözlənilməz oldu ki, bir anlığa çaşdım, ayağım büdrədi, amma tez özümü düzəltdim.

* * *

Kazarmada işlərimi bitirən kimi buraxılış vərəqəmi imzalatdırıb Bazarnaya küçəsinə – Səftər müəllimgilə qaçdım. Növbətçi təyin olunanlardan başqa, bütün zabitlərə Novruz bayramı münasibətilə birgünlük istirahət vermişdilər. Kim istəsə evinə, yaxud qohumlarının yanına bayramı qeyd etməyə gedə bilərdi.

Səftər müəllim məndən 8 yaş böyük dayım qızını almışdı, Bakıda ən yaxın qohumlarımız onlar idilər. Bizimkilər şəhərə gələndə həmişə bu mehriban müəllim ailəsində məskən salırdılar.

İndi də Nərgiz Bakıya, yəqin, dayımla gəlmişdi və heç şübhəsiz, Səftər müəllimgildə oturub yolumu gözləyirdi.

Dayım haqqında ayrıca danışmaq istəyirəm. O, Quba qəzasının ən hörmətli kişilərindəndir, mənim üçünsə ata da olub, böyük qardaş da, müəllim də, dost da. 1905-ci ildə ermənilər axşamqabağı dükanı bağlayıb evə qayıdan atamla böyük qardaşımı qapımızın ağzındaca güllə ilə vurub öldürdülər. Yaxşı yadımdadı, avqust ayı idi, ertəsi gün mənim 9 yaşım tamam olacaqdı, səhər tezdən hamımız ailəliklə bulaq başına çıxacaqdıq, atam kabab bişirəcəkdi, biz yeyəcəkdik. O vaxtdan bəri bir dəfə də olsun yaşımı qeyd etməmişəm. Gecəynən dayım və mərdliyi ilə bütün qəzada ad çıxarmış dostu Həmdulla əfəndi[4] Qubaya gəldilər. Yası özləri yola verdilər. Atamın ad günümə aldığı quzu yasa kəsildi. Dəfndən sonra evimizin qapısına qıfıl vurduq, dayım anamla məni götürüb Xaçmaza, öz yanına apardı. Həyətində bizə təzə ev tikdi, məni böyütdü, oxutdu, küçəmizdə yaşayan başqa bir dostunun qızı ilə evləndirdi. Evləndirdi deyəndə ki, seçimi özüm etdim, amma dayımın da ürəyindən oldu. Hərçənd Nərgiz əmindir ki, onu mənim beynimə məhz dayım salıb.

Yolboyu özümü hazırlayırdım ki, içəri girən kimi əriməyim, üzümə ciddi ifadə verim və mənə demədən Bakıya gəldiyi üçün arvadımla sərt danışım. «Hələ bir bunun çıxardığı oyuna bax! «Yaşasın qəhrəman Ağaəli Babazadə…» Göstərərəm sənə qəhrəmanlığımı!»

Qapını üzümə anam açdı. Onu görəndə dərhal sifətimin ifadəsini dəyişməli oldum. Gülümsəyib mızıldandım:

– Bunu xəbər eləyə bilməzdiniz?

Anam cavab vermədən boynuma sarıldı. Uşaqlıqdakı kimi, iyimi çəkdi. Səsi çıxmırdı, yüngülcə çiyinləri titrəyirdi. Məni də qəhər boğdu.

– Di bəsdir. Bəsdir, ağlamaq nəyə lazımdır? Yaxşı eləyib gəlmisiniz, əcəb eləyib xəbər verməmisiniz.

Anam, nəhayət, toxtayıb məni özündən araladı. Üzümü, saçlarımı sığallayan əlindən öpdüm.

– Buna bax, beş aydır evdən çıxıb, gör mənə birinci sözü nə olur? Yox bir, səndən icazə alacaqdım!

– İcazə niyə, ay ana? Sadəcə, gözlənilməz oldu…

– Şikayətini arvadına eləyərsən. Qoymadı dayın ismarlasın.

Anam heç vaxt Nərgizi adı ilə çağırmazdı, şəraitdən asılı olaraq ya «qızım» deyərdi, ya da «arvadın».

Nərgizsə anamın arxasında dayanıb növbə gözləyirdi. Bilmirəm, çoxdandır görüşmədiyimiz üçün darıxmışdım, ya hamiləlik qadınları doğrudan belə gözəlləşdirir, o mənə həmişəkindən daha cazibədar göründü. Könlümdən Nərgizi bərk-bərk qucaqlamaq keçdi. Hislərimi cilovlayıb tələsik onun əllərindən tutdum: anamın yanında bundan artığını edə bilməzdim.

– Nərgiz, istəyirəm elə bir hərəkət edim ki, məni, doğrudan, qəhrəman sayasan.

– Sən, həqiqətən, bizim qəhrəmanımızsan.

Yəqin, anam elə bildi, «bizim» deyəndə Nərgiz onunla özünü nəzərdə tutur. Amma mən başa düşürdüm ki, bu «biz» əslində kimə aiddir.

Sonra anam məni sual atəşinə tutdu. Artıq o, oğlunun həsrətini çəkməkdən üzülmüş bayaqkı kövrək qadın deyildi, həmişəki amiranə bəy qızı idi. Mən qısa cavablarla «atəş»dən yayınmağa çalışırdım: «Əvvəl Zəngəzurda vuruşduq, sonra üç aya yaxın Qarabağda olduq», «Yox, heç bir cızığım da yoxdur, vallah, yanımdan bir güllə də ötməyib», «Kim mənim xətrimə dəyə bilər ki!?», «Hə, göndərdiklərini aldım, çox sağ ol, corablar və əlcəklər lap yerinə düşdü» (əlcəkləri başqasına verdiyimi deməyə cəsarətim çatmadı), «Narahat olma, ay ana, yeməyimiz də yaxşıdır, geyməyimiz də», «Hələ bilmirik, yəqin, Novruzdan sonra öz yerimizə qaytararlar».

Nəhayət, anamın sualları tükəndi və o susdu. Bu o demək idi ki, sual növbəsi mənimdir.

– Səhər gəlmisiniz?

– Hə. Neçə gün idi ki, arvadın dəng eləmişdi: «Gedək, Ağaəlinı görək, gedək, bayramı bir yerdə keçirək, gedək, parada da baxaq…» Axır, saqqızımı oğurladı, boğçamı yığdım…

На этой странице вы можете прочитать онлайн книгу «Yalama», автора Ариф Алиев. Данная книга имеет возрастное ограничение 16+, относится к жанрам: «Документальная литература», «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «общество», «книги для чтения на азербайджанском языке». Книга «Yalama» была издана в 2022 году. Приятного чтения!