Читать книгу «Al yelkənlər» онлайн полностью📖 — Александра Грина — MyBook.
cover


Qızcığaz şəhərə məlum səyahətlərinin birində səbətinə səhər yeməyi kimi qoyulan bir tikə piroqu yemək üçün yol kənarında oturdu. O, tikəsini dişləyə-dişləyə oyuncaqları bir-bir gözdən keçirməyə başladı; bir-ikisini ilk dəfə görürdü: Lonqren bunları gecə düzəltmişdi. Yeni oyuncaqlardan biri balaca yaxta idi; usta ağ gəmiciyin al yelkənlərini vaxtilə varlı bir alıcının sifarişiylə düzəltdiyi paroxod üçün işlətdiyi ipəyin qırıntılarından tikmişdi. Yəqin, yaxtanın yelkənləri üçün uyğun material tapa bilməmiş, elə əlinin altında olan al ipəyin qırıntılarından istifadə eləmişdi. Assol lap heyran qalmışdı. Əlində sanki oyuncaq yaxta deyil, yanar od tutmuşdu. Yolla üzərindən şüvül körpü keçən kiçicik bir çay kəsişirdi; çay sol tərəfdən meşəyə tərəf istiqamət alırdı. “Əgər onu suya buraxsam, – Assol ürəyində düşündü, – yəqin ki, islanmaz, bir də ki sonra silə də bilərəm”. Qız çayın axını ilə azacıq meşəyə tərəf gedib əlindəki yaxtanı ehmalca suya saldı; al yelkənlər anındaca şəffaf suda əks olundu: parçanı dəlib keçən işıq suyun dibindəki ağ daşların üzərində çəhrayı rəngə boyandı. “Kapitan, sən haradan gəlmisən? – Assol ciddi sifət alıb soruşdu və elə özü də cavabında dedi: – Mən… mən Çindən gəlmişəm. – Bəs sən nə gətirmisən? – Nə gətirdiyimi söyləməyəcəm. – Deməyəcəksən, kapitan?! Onda səni geriyə, səbətə göndərəcəm”. Kapitan zarafat etdiyini və fili göstərməyə hazır olduğunu demək istəyirdi ki, birdən axın yaxtanın burnunu çayın ortasına tərəf çevirdi və gəmi tam sürət götürüb aşağı üzdü. Hadisələrin bu cür gedişatı görüntünü də kökündən dəyişdi: indi balaca çay da, yaxta da qızın gözündə əl çatmayacaq qədər böyüdü. Özünü itirmiş Assol əlini cəld irəli uzatsa da, yaxtanı tuta bilmədi. “Kapitan qorxdu”, – öz-özünə fikirləşib uzaqlaşan oyuncağın ardınca qaçdı və yaxtanın hansısa daşa ilişib qalacağına ümid etdi. Ağır olmasa belə, hazırda ona əməllicə mane olan səbəti də daşıya-daşıya elə hey təkrarladı: “Allahım! Elə et ki, yaxtanı tuta bilim…” Al yelkənləri gözdən itirməməyə çalışan qızcığaz büdrəyir, yıxılır və yenidən qaçırdı.

Assol heç vaxt meşənin bu qədər dərinliyinə getməmişdi. Hər necə olursa-olsun oyuncağı tutmaq istəyən qız ətrafına belə baxmırdı; ətrafında vurnuxduğu sahildə kifayət qədər maneə vardı. Böyrü üstə düşmüş ağacların mamır basmış gövdələri, çala-çuxurlar, hündür qıjı, itburnu, jasmin və fındıq ağacı ona hər addımda mane olurdu; hər dəfə müxtəlif maneənin öhdəsindən gəlmək məcburiyyətində qalan qız tədricən gücdən düşür, dincini almaq, ya da üzünə yapışmış hörümçək torunu təmizləmək üçün daha tez-tez dayanmalı olurdu. Qaraqovaq və qarğı cəngəlliklərinin sıx olduğu yerlərdə Assol az qalmışdı al yelkənləri gözdən itirsin, amma çayın döngəsini ötüb-keçən kimi təmkinlə və durmadan uzaqlaşan yaxtanı yenidən gördü. Qız bircə dəfə ətrafa nəzər saldı və bayaqdan ona işıqlı görünən meşənin indi sıx cəngəlliklər sayəsində ala-torana qərq olduğunu görüb dəhşətə gəldi. Özünü bir anlıq itirsə də, oyuncağı xatırlayıb bir neçə dəfə dərindən ah çəkdi və yenidən var gücü ilə qaçmağa başladı.

Bir saata yaxın qan-tər içində qaçan Assol irəlidə ağacların seyrəldiyini görüb həm təəccübləndi, həm də çox sevindi. Qızcığaz ağacların arasından sarı qumsal uçuruma çıxanda yorğunluqdan dizləri titrəyirdi. Bura çayın mənsəbi idi: çayın suyu məhz burada mavi dəniz dalğası ilə qarşılaşırdı. O qədər də hündür olmayan, kök basmış uçurumun kənarında dayanan Assol çayın qırağında, iri sal daşın üzərində bir adamın arxası ona tərəf oturduğunu gördü. Əlində Lonqrenin düzəltdiyi o başıbəlalı yaxtanı tutan bu adam oyuncaq gəmini oyan-buyana çevirir, son dərəcə diqqətlə nəzərdən keçirirdi. Oyuncağın, heç olmasa, salamat olduğunu görən Assol az da olsa sakitləşdi və ayaq barmaqlarının ucunda yad adama yaxınlaşıb nəzərlərini ona dikdi, kişinin başını yuxarı qaldırmasını gözlədi. Amma bu adamın başı meşə sürprizinə necə qarışmışdısa, qız onu təpədən dırnağadək müşahidə etməyə macal tapdı. Assol müşahidələrindən belə qənaətə gəldi ki, indiyədək ona bənzər birisi ilə rastlaşmayıb.

Nəzərinizə çatdıraq ki, qızın qarşısında elə də adi adam oturmamışdı. Bu, mahnı, əfsanə, rəvayət və nağıl toplaması ilə ətrafda məşhur olan səyyah Eql idi. Kişinin həsir şlyapasının altından çallaşmış buruq saçları sallanırdı; göy şalvarı və boz köynəyi, uzunboğaz çəkmələri onu ovçuya bənzədirdi; ağ yaxalıq, qalstuk, gümüş piləkli kəmər, əsa və təzə nikel qıfıllı çanta onun şəhərli olduğunu ələ verirdi. Boz və polad kimi parlaq gözləri, cəsur və güclü baxışları olmasaydı, çal və gur saqqalı ilə şota bığlarının arasında itib-batmış üzü, bəlkə də, solğun görünərdi.

– Yaxşı-yaxşı baxdınsa, indi mənə qaytar, – qız qətiyyətsiz şəkildə dilləndi. – Onunla bəs deyincə oynadın. Yaxtanı necə tuta bildin ki?

Həyəcandan və qaçmaqdan yanaqları pörtmüş Assol elə qəfil səsləndi ki, əlindəki oyuncağı bilaixtiyar yerə salan Eql başını yuxarı qaldırdı. Qoca çal saqqalını sığallaya-sığallaya, üzündə təbəssüm qarşısındakı qızcığazı bir dəqiqə nəzərdən keçirdi. Dəfələrlə yuyulduğundan rəngi solmuş çit paltar Assolun arıq, günəşdən qaralmış ayaqlarını dizəcən örtürdü. Qızın hər cizgisi göydə pərvaz edən qaranquştək yüngül və təmiz idi. Qara, azacıq kədərli sual dolu gözləri üzünə nisbətdə bir az yaşlı görünürdü; sağlam, bəyaz çöhrəsinin günəşdən qaralması şübhə yeri qoymurdu. Azacıq aralı qalmış balaca dodaqlarına mülayim təbəssüm qonmuşdu.



– And olsun Qrimm qardaşları, Ezop və Andersenə, – gah qıza, gah da yaxtaya nəzər salan Eql dilləndi, – bu nəsə qeyi-adi bir şeydir. Əzizim, bu sənindir?

– Bəli, bayaqdan onu tutmağa çalışıram; elə bildim qaçmaqdan öləcəm. O, burada idi?

– Düz mənim ayaqlarımın altında. Gəmi qəzaya uğrasa da, sahil qulduru kimi bu mükafatı sənə təqdim edə bilərəm. Heyət tərəfindən atılmış yaxta üçverşokluq dalğanın sayəsində sahilə vurulub çıxarılıb və mənim sol dabanımla əsanın arasında ilişib qalıb. – O, əsasını taqqıldatdı. – Balaca, sənin adın nədir?

– Assol, – Eqlin ona uzatdığı oyuncağı səbətində gizlədən qız dedi.

– Yaxşı, – mehriban gözlərini qızdan çəkməyən qoca müəmmalı nitqinə davam elədi. – Əslində, heç sənin adını soruşmamalıydım. Onun əcaib, birrəng, ox fiti, ya da dəniz balıqqulağısının küyü kimi musiqili olması lap yerinə düşdü. Əgər adın qulaqlarımızın öyrəşdiyi, xoşavaz, amma yenə də Əsrarəngiz Naməlumluğa özgə olan sıradan bir şey olsaydı, neyləyərdim? Üstəlik, sənin kim olduğunu, valideynlərinin adını və harada yaşadığını bilmək istəmirəm. Niyə sehrə qarşı çıxaq ki? Bax bu daşın üstündə oturub fin və yapon süjetlərinin müqayisəli tədqiqi ilə məşğul idim ki… birdən ayaqlarımın altında bu yaxtanı gördüm, sonra sən peyda oldun… Elə olduğun kimi. Əzizim, mən ruhən şairəm – hərçənd heç vaxt şeir qoşmamışam. Səbətində nə var?

– Qayıqlar, – səbətini silkələyən Assol dedi, – bir də paroxod, üç ədəd də bayraqlı ev. Orada əsgərlər yaşayırlar.

– Əla. Səni onları satmağa göndəriblər. Yolda başın oynamağa qarışıb. Yaxtanı üzmək üçün suya buraxmısan, o isə səndən qaçıb – düz deyirəm?

– Məgər sən görmüsən? – bütün bunları özünün danışıb-danışmadığını xatırlamağa çalışan Assol şübhə içində soruşdu. – Sənə kimsə söyləyib? Yoxsa özün anlamısan?

– Mən bunu bilirdim. Çünki mən sehrbazların sehrbazıyam.

Assol karıxıb qaldı: Eqlin son sözləri onu hətta qorxuya saldı. Xəlvət sahil, səssizlik, yaxtanın başına açdığı oyun, parlaq gözlü qocanın müəmmalı nitqi, üstəlik, onun uzun çal saqqalı və saçları qıza gerçəkliklə fövqəladənin həqiqətlə qarışdırılması təsiri bağışladı. İndi Eql üz-gözünü əysə, ya da birdən qışqırsaydı, Assol dabanlarına tüpürüb qaçardı. Amma qızın gözlərinin bərəldiyini sezən qoca nağılbaz qəfil dövrə vurdu.

– Məndən qorxma, – ciddi görünüş alıb dedi. – Əksinə, səninlə səmimi bir söhbət etmək istəyirəm. – O yalnız bu zaman anladı ki, qızın üzündə qeyri-adi bir ifadə əks olunub. “Füsunkar, xoşbəxt həyatın qeyri-iradi gözləntisi, – qoca qərara aldı. – Ah, mən niyə yazıçı doğulmamışam? Əla süjet alınardı”.

– Hə-ə, – maraqlı şəraiti daha bitkin şəklə salmaq istəyən Eql sözünə davam etdi (əfsanə uydurmağa meyillilik – daimi işinin nəticəsi – naməlum mühitə böyük bir arzunun toxumlarını səpmək qorxusundan daha güclü idi), – hə-ə, Assol, məni diqqətlə dinlə. Mən o kənddə olmuşam – yəni haradan ki sən gəlirsən, Kapernanı deyirəm. Mən nağıllar və mahnıları sevirəm, elə bu səbəbdən hələ indiyədək eşitmədiyim bir şey öyrənmək üçün gün ərzində o kənddə oturdum. Amma sizdə nağıl danışmırlar. Heç mahnı da oxumurlar. Hətta danışsalar və oxusalar belə, bu, olsa-olsa, kələkbazlığı vəsf edən hiyləgər kişilər və əsgərlər haqqında hekayətlərdir. Ya da ən çoxu yuyulmamış ayaqlar təki çirkli, quruldayan qarıntək kobud, dördmisralıq məzmunsuz şeirlər… Dayan görüm, deyəsən, söhbətdən uzaqlaşdım. Qoy təzədən başlayım. – Bir az fikrə gedib sözünə davam etdi: – Bilmirəm neçə il keçəcək və Kapernada uzun illər dillərdən düşməyəcək, əfsanəyə çevriləcək hadisə yaşanacaq. Assol, o zaman sən böyük qız olacaqsan. Günlərin birində dənizdə al yelkənlər peyda olacaq. Günəşin şəfəqləri altında bərq vuran bu al yelkənli ağ gəmi dalğaları yararaq düz sənə tərəf hərəkət edəcək. Bu ecazkar gəmi heç bir yaylım atəşi açmadan sakitcə limana yan alacaq; sahilə yığışan camaat təəccübdən bir ağızdan ah çəkəcək: sən də onların arasında olacaqsan. Gəmi gözəl musiqi sədaları altında düz sahilə gəlib çatacaq; xalçalarla döşənmiş bər-bəzəkli bir qayıq ondan ayrılıb adamlara tərəf üzəcək. “Bura niyə gəlmisiniz? Kimi axtarırsınız?” – sahildəki adamlar qayıqdakılardan soruşacaq. Onda sən gözəl və cəsur şahzadəni görəcəksən; ayaq üstə dayanan bu gənc əllərini sənə tərəf uzadacaq. “Assol, salam! – o deyəcək. – Buradan çox-çox uzaqda səni röyamda gördüm və indi bura səni özümlə səltənətimə həmişəlik aparmaq üçün gəlmişəm. Orada mənimlə birgə çəhrayı vadidə yaşayacaqsan. Orada arzuladığın hər şeyə sahib olacaqsan; səninlə elə şən və mehriban ömür sürəcəyik ki, o gözəl gözlərin yaş, ruhunsa kədər nədir bilməyəcək”. Şahzadə səni qayığa mindirib gəmisinə aparacaq və onun səltənətində uzun, bəxtiyar bir həyat yaşayacaqsınız. Ulduzların hamısı pişvazına çıxmaq üçün göydən yerə enəcək.

– Bütün bunlar mənim başıma gələcək? – qız yavaşca soruşdu. Onun ciddi gözləri etibar dolu təbəssümə qərq oldu. Təhlükəli sehrbaz, sözsüz ki, bu cür sözlər deməzdi; Assol qocaya yaxınlaşdı. – Bəlkə, artıq gəlib… həmin gəmini deyirəm?

– Bu qədər tez gözləmə, – Eql etiraz elədi, – əvvəlcə söylədiyim kimi, böyüməlisən. Sonra… Nə deyim ki? – əlbəttə ki, bu baş verəcək. Onda sən nə edərdin?

– Mən? – Qız səbətinə baxdı, amma, deyəsən, qocanı mükafatlandıra biləcək tutarlı bir şey tapmadı. – Mən onu sevərdim, – söylədi, sonra qətiyyətsiz səslə əlavə elədi: – Əgər o dalaşmırsa.

– Yox, o, dalaşqan olmayacaq, – sehrbaz göz vurub dedi, – səninlə heç dalaşmayacaq, buna əmin ola bilərsən. İndisə yoluna davam elə, hə, bir də bu qocanın ətirli araq içməsinə və sürgündə olanların mahnıları barədə düşüncələrinə ara verib sənə söylədiklərini unutma. Get, qoy yolun açıq olsun!

Lonqren öz balaca dirriyində kartof əkirdi. Başını qaldıranda qızının üzündə təbəssüm və səbirsiz bir ifadə ilə ona tərəf qaçdığını gördü.

– Axır ki, gəlib çatdım… – nəfəsinə sahiblənməyə çalışan Assol hər iki əli ilə atasının önlüyündən yapşıb dedi. – Gör bir sənə nə danışacam… Sahildə, orada, lap uzaqda daşın üstündə bir sehrbaz oturub… – Beləcə, sehrbazla tanışlıqdan başlayıb onun gələcəyi xəbər verməsinədək hər şeyi danışmağa çalışdı. Həyəcan və təlaş ona yaşadıqlarını rahat anlatmağa mane olurdu. Sonra sehrbazın zahiri görkəminin təsvirinə keçdi və lap axırda əldən buraxdığı yaxtanın ardından necə qaçmağından danışdı.

Lonqren baxışlarına ciddiyyət verib qızını sözünü kəsmədən sonadək dinlədi və Assol hekayətini bitirdikdə bir əlində ətirli araq şüşəsi, digərində oyuncaq tutan naməlum qocanı təsəvvüründə çətinlik çəkmədən canlandırdı. Sabiq matros arxasını qızına tərəf çevirib işinə davam etməyə hazırlaşdı, amma uşağın həyatında baş verən böyük hadisələrə laqeyd qalmağın o qədər də yaxşı iş olmadığını düşünüb yenidən ciddi görünüş aldı və təntənəli şəkildə söylədi: – Hə, anladığıma görə, təsvir etdiyin bu adam gerçəkdən sehrbazdır. Onu görmək istərdim… Amma bir də şəhərə gedəndə yolunu sapdırma; meşədə aza bilərsən.

Əlindəki kürəyi bir tərəfə tullayan Lonqren alçaq çəpərə söykənib oturdu və qızını dizlərinə götürdü. Qaçmaqdan əldən düşmüş Assol bir az da təfərrüata varmaq istədi, amma bürkü, həyəcan və yorğunluq öz işini gördü. Gözləri xumarlandı, başı atasının möhkəm çiyinlərinə tərəf əyildi, daha bir dəqiqə və o, röyalar dünyasına baş vuracaqdı ki, birdən ağlına gələn qəfil şübhədən narahat olub dikəldi, gözləri hələ də yumulu halda, yumruqlarını Lonqrenin jiletinə dirəyib hündürdən söylədi:

– Necə bilirsən, sehrli gəmi məni aparmağa gələcək, ya yox?

– Gələcək, – matros sakitcə cavab verdi, – əgər sənə belə deyiblərsə, deməli, bu doğrudur.

“Böyüyər, unudar, – öz-özünə düşündü, – indisə… xəyallarını çala bilmərəm. Eh, gələcəkdə o qədər al olmayan, çirkli və yırtıcı yelkənlər görəcək ki: uzaqdan – bər-bəzəkli və ağ, yaxınlaşanda – cırıq və həyasız. Yoldan keçən birisi qızımla zarafat edib. Olsun! Xeyirxah zarafatdır! Digər tərəfdənsə zarafata bax eee! Gör səni necə əldən salıb, – günün yarısını meşənin dərinliyində keçirmisən. Al yelkənlər haqqındasa elə mənim kimi düşün: sənin al yelkənlərin olacaq”.

Assol yatırdı. Lonqren sərbəst əli ilə tənbəki çubuğunu çıxarıb damağına basdı, külək tüstünü alıb çəpərdən o yana, dirriyin çöl tərəfində bitən kolluğa apardı. Burada dişlərinin arasında piroq çeynəyən cavan bir dilənçi oturmuşdu. Ata ilə qızın söhbəti onun əhvalını əməlli-başlı açmışdı, yaxşı tütün qoxusu isə fürsətçilik qabiliyyətinə köklənməyə təhrik elədi.

– Səxavətli adam, bu zavallını da qonaq elə, – çəpərin o başından dilləndi. – Mənim tütünüm səninki ilə müqayisədə zəhərdir.

– Verərdim, – Lonqren alçaqdan dilləndi, – amma tütünüm cibimdədir. Əlimi cibimə salsam, qızımı şirin yuxusundan edəcəm.

– Qiyamət qopmaz! Oyanar, yenidən yuxuya gedər, əvəzində məni tütünə qonaq etməklə savab qazanarsan.

– Bura bax, – Lonqren etiraz elədi, – sənin öz tütünün var, uşaqsa yorulub. Belə çox istəyirsən, bir azdan qayıdıb gələrsən.

Dilənçi nifrət dolu baxışlarını ona dikib yerə tüpürdü, boğçasını çubuğun ucuna keçirib zəhərini işə saldı:

– Gözlə, şahzadənin zəri tökülməsin. Uşağın başını gic-gic şeylərlə doldurmusan. Nə bilim uzaqlardan gəmi gələcək, onu alıb buralardan aparacaq! Əcəb atasan!

– Deyəsən, – Lonqren hirslə pıçıldadı, – qızımı oyatmalı olacam, bilirsən niyə, sənin o yağlı peysərinə bir yumruq atmaq üçün. Cəhənnəm ol burdan!

Dilənçi artıq yarım saat sonra bir dəstə balıqçı ilə meyxanada oturub söhbət edirdi. Kişilərin arxasında gah ərlərinin qollarını dartışdıran, gah da çiyinlərinin üstündən əyilərək araq qədəhlərini götürüb başlarına çəkən boylu-buxunlu, qalın qaşlı, yumru bədənli qadınlar oturmuşdular. Acığından od püskürən dilənçi az əvvəl başına gələnləri əl-qol ata-ata danışırdı:

– Mənə bir damcı da olsa tütün qıymadı. – “Sən, – deyir, – həddi-büluğa çatacaqsan və o zaman arxanca… al yelkənli bir gəmi gələcək. Çünki sənin nəsibin şahzadəyə ərə getməkdir”. Bir də deyir ki, o sehrbazın sözlərinə inan. Mənsə deyirəm: “Qızını oyat, cibindəki tütündən çıxarıb mənə ver”. Kişinin oğlu məni tütünə qonaq eləməyin dərdindən min cür bəhanə gətirdi, bu da azmış kimi, məni döymək istədi.

– Kim? Nə? Nədən bəhs edir ki? – qadınlar maraqlarını öldürməyə çalışdılar.

Başlarını arxaya çevirməyə ərinən balıqçılar rişxəndlə şərh verməyə başladılar:

– Lonqrenlə qızı vəhşiləşib, ya da ağılları azıb; bu da Allah şahidi. Guya sehrbaz qonaqları olub. Arvadlar, qulaqlarınızı açın, yaxşı-yaxşı dinləyin: guya bunlar uzaq ellərdən gələn şahzadə gözləyirlər, özü də al yelkənli!

Üç gündən sonra şəhər dükanından qayıdan Assol bu sözləri eşitdi:

– Ey, başdanxarab! Assol! Ora bir bax! Al yelkənlər üzür!

Eşitdiklərindən səksənən qız bilaixtiyar başını çevirib dənizə tərəf baxdı. Sonra səs gələn tərəfə boylandı; orada, ondan iyirmi beş addım məsafədə bir yığın uşaq dayanmışdı; onlar üz-gözlərini əyir, qıza dil göstərirdilər. Assol dərindən ah çəklib evə tərəf qaçdı.