Читать книгу «Al yelkənlər» онлайн полностью📖 — Александра Грина — MyBook.
image
cover

Aleksandr Qrin
AL YELKƏNLƏR

Nina Nikolayevna Qrinə ithaf olunur

23 noyabr 1922-ci il


I
GƏLƏCƏKDƏN XƏBƏR VERƏN SEHRBAZ

Olduqca möhkəm, üç yüz tonluq ikidorlu yelkən gəmisi “Orion”un matrosu Lonqren on il xidmət etdiyi iş yerinə doğma anası təki bağlansa da, oranı, nəhayət, tərk etmək məcburiyyətində qaldı.

Olaysa belə baş verdi. Evə nadir dönüşlərinin birində, adəti üzrə, hələ uzaqdan, daxmanın kandarından əllərini yellədən, sonra təngnəfəs qarşısına qaçan arvadı Merini görmədi. Lonqrenin balaca evində yaxınlarda peyda olmuş uşaq çarpayısının başındasa ev sahibəsinin əvəzinə üz-gözündən təlaş yağan qonşu qadın dayanmışdı.

– Qonşu, düz üç ay onun qulluğunda durdum, – qadın söylədi, – bir qızına bax.

Bənizi kağıztək ağarmış Lonqren çarpayının üzərinə əyilib maraq dolu nəzərlərini onun uzun saqqalına dikmiş səkkizaylıq varlığa baxdı, sonra oturub başını aşağı saldı və göz yaşlarından islanmış bığlarını eşməyə başladı.

– Meri nə vaxt öldü? – soruşdu.

Qadın körpəyə ara-sıra layla çala-çala və Merinin cənnətdə olduğunu təsdiqləyə-təsdiqləyə kədərli əhvalatı nəql elədi. Lonqren təfərrüatlara varanda cənnət ona odun anbarından bir az işıqlı göründü və o düşündü ki, adi lampa işığı, – indi onlar birgə, üçlükdə olsaydılar, – müəmmalı dünyaya getmiş qadın üçün əvəzedilməz sevinc olardı.

Üç ay bundan əvvəl gənc ananın təsərrüfat işləri lap bərbad imiş. Lonqrenin evdə qoyduğu pulun böyük bir hissəsi çətin doğuşun ardından gələn müalicəyə və yeni doğulmuş körpənin qayğılarına sərf olunur; ərinin gəlişinəcən heç cür keçinə bilməyəcəyini anlayan qadın Mennersdən borc istəmək məcburiyyətində qalır. Aşxana və dükan sahibi olan bu Menners varlı birisi idi.

Meri axşam saat altıda onun yanına gedir. Saat yeddi radələrində isə qonşu qadın Lonqrenin arvadı ilə Lissaya gedən yolda rastlaşır. Ağlamaqdan gözləri qızarmış və pərişan olmuş Meri nişan üzüyünü girov qoymaq üçün şəhərə yollandığını söyləyir. Bir də əlavə edir ki, Menners pul verməyə razılaşsa da, bunun müqabilində ona aşnası olmağı təklif edib. Meri əliboş geri qayıdası olub.

– Evdə bir tikə qara çörək belə yoxdur, – biçarə ana qonşu qadına söylədi. – Şəhərə gedim, başımın çarəsinə qalım, üzüyü girov qoya bilsəm, ərim qayıdanadək qızımla birtəhər keçinərik.

Həmin axşam hava soyuq və küləkli idi; qonşu qadın gənc ananı gecəyə yaxın Lissaya getmək fikrindən heç cür daşındıra bilmir. “Meri, görürsən, yağış yağmağa başlayır, islanacaqsan, bir də gördün külək leysanı da qovub gətirdi”.

Dənizkənarı kənddən şəhərə haradasa üç saata yaxın yol getmək lazım idi, amma Meri qonşu qadının məsləhətini qulaqardına vurur. “Artıq gözünüzün içinə baxa bilmirəm, – gənc ana deyir, – ətrafda elə bir ailə yoxdur ki, ona çörək, ya da un borclu olmayım. Daha bəsdir, üzüyü girov qoyacam”. Meri dediyi kimi də şəhərə gedib qayıdır, yalnız səhərisi gün yatağa düşür və qızdırmadan od tutub yanır; yağışlı hava və gecənin soyuğu sətəlcəmə səbəb olur. Ağır diaqnozu rəhmdil qonşu qadının çağırdığı şəhər həkimi qoyur. Bir həftə sonra Lonqrenin ikiadamlıq çarpayısı boş qalır, qonşu qadınsa anadan yetim qalmış qızcığaza baxmaq üçün bura köçür. Onsuz da neçə illərdir dul qalıb, heç olmasa, kiməsə köməyi dəysin. Bir də ki, – qadın əlavə elədi, – uşağa mehrini salıb, onsuz darıxır.

Lonqren şəhərə gedib işdən çıxdı, yoldaşları ilə vidalaşıb bundan belə balaca Assolu böyütməyə başladı. Qızcığaz ayaq açanadək dul qadın matrosun evində yaşayıb yetimə ana əvəzi oldu, amma Assol yıxılmadan ayağını kandardan atmağı öyrənən kimi Lonqren bundan belə qızı üçün hər şeyi özü edəcəyini qətiyyətlə elan elədi. Beləcə, göstərdiyi şəfqətə görə qonşusuna minnətdarlıq edib bundan belə tənha dul kişi həyatı yaşadı; həyatını, ümidlərini, sevgisini və xatirələrini bütünlüklə balaca varlığa bağladı.

Onillik sərsəri həyatı ərzində arxaya, demək olar ki, pul ata bilməmişdi. Odur ki işləməyə başladı. Tezliklə şəhər dükanlarında onun düzəltdiyi oyuncaqlar peyda oldu. Məharətlə düzəldilmiş qayıqların, katerlərin, birgöyərtəli və ikigöyərtəli yelkənli gəmilərin, kreyserlərin, paroxodların balaca modelləri qismən də olsa ona rəngarəng liman və dəniz həyatının səs-küyünü əvəzlədi. Lonqren həm də bu yolla özünün və qızının kasıbyana mövcudluğunu təmin elədi. Onsuz da təbiətcə ünsiyyətcil olmayan matros, arvadının ölümündən sonra daha da adamayovuşmaz və qapalı həyat tərzi yaşadı. Bəzən bayram günlərində onu meyxanada görsələr də, burada heç vaxt uzun müddət qalmır, piştaxta arxasında tələsik bir qədəh araq içir və ətrafdakıların ünsiyyət cəhdinə cavab olaraq qısa şəkildə “hə”, “yox”, “salam”, “sağ ol”, “salamatlıqdır” ifadələri ataraq oranı tərk edirdi. Qonaqları heç görməyə gözü yox idi; onlara qarşı gözgörəsi kobud olmasa da, elə eyhamlar vurur və qondarma səbəblər gətirirdi ki, gələn adamın evi tərk etmək üçün bəhanə uydurmaqdan savayı əlacı qalmırdı.

Özü də heç yerə qonaq getmirdi; beləcə, yerliləri ilə onun arasında soyuq münasibət yarandı. Lonqrenin işi kənd əhlindən o qədər də asılı olmadığından bu cür münasibətlərin acı aqibətindən də özünü qoruya bildi. Bazarlığı, adətən, şəhərdə edərdi, Mennersdən kibrit belə almırdı. Ev işlərini də özü görür və qızını kişilərə xas olmayan səbir nümayiş etdirməklə böyüdürdü.

Assol artıq beş yaşına çatanda atasının üzündəki sərt ifadə nisbətən yumşalmağa başladı. İndi qızı Lonqrenin dizləri üstə oturub jiletinin düymələrini açmağa çalışanda, ya da məzəli tərzdə matros mahnılarını ifa edəndə kişinin eyni açılır və hətta gülümsəyirdi. Uşaq səsi və tərzi ilə (Assol “r” hərfini hələ yaxşı tələffüz edə bilmirdi) ifa olunan bu mahnılar mavi lentlə bəzənmiş oynaq ayı balası təəssüratı bağışlayırdı. Həmin ərəfədə kölgəsi eyni vaxtda həm atanın, həm də qızının üzərinə düşən bir olay baş verdi.

Erkən yaz sərtliyi ilə qışdan geri qalmırdı. Üç həftə davam edən şimal küləyi soyuğun təsirini birə-beş gücləndirmişdi.

Sahildə növbələşən balıqçı qayıqları bəyaz qumun üzərində nəhəng balıqların onurğasını xatırladırdı. Bu cür havada heç kəs balıq tutmağa cürət etmirdi. Kəndin yeganə küçəsində evinin kandarından bayıra ayaq basan tək-tük adam görmək olardı; sahildən əsən soyuq qasırğa “açıq havanı” sərt işgəncəyə çevirmişdi. Kapernanın bütün bacaları səhərdən axşamadək tüstülənirdi.

Amma Lonqren üçün sərt külək öz qızılı örtüyü ilə dənizlə Kapernanı oxşayan günəşdən daha cəlbedici idi. O bu günlərdə xudmani, isti yuvasını tez-tez tərk edirdi. Lonqren hündür dirəklərin üzərində salınmış körpüyə çıxır, bu taxta bəndin düz qurtaracağında əyləşib tənbəki çubuğunu dodaqlarının arasına basır, sanki elə indicə sahili ağuşuna alacaq, şahə qalxmış dalğalara uzun-uzadı tamaşa edirdi. Ətrafı bürümüş gurultu, havanı yaran nəhəng dalğaların uğultusu, günlərdi buralarda meydan sulayan küləyin müdhiş fısıltısı Lonqrenin əzab çəkməkdən üzülmüş qəlbinə ağır müsibəti donuq kədərədək yumşaldan, dərin yuxunu xatırladan kütləşmə təsiri bağışlayırdı.

Belə günlərin birində Mennersin on iki yaşlı oğlu Xin qayıqlarının körpünün altındakı dirəklərə zərblə çırpıldığını görüb bu haqda atasına xəbər verdi. Fırtına təzəlikcə başlamışdı; Menners qayığı qumsallığa çıxarmağı unutmuşdu. O, dərhal sahilə yollandı və bəndin qurtaracağında arxası ona tərəf dayanıb damağında tənbəki çubuğu fırtınanı seyr edən Lonqreni gördü. Sahildə ikisindən savayı heç kəs yox idi. Menners körpünün ortasına çatıb dalğalı dənizə endi və kəndiri açdı; qayıqda ayaq üstə dayanıb dirəklərdən tuta-tuta sahilə çıxmağa çalışdı. Avarları götürməmişdi və növbəti dirəkdən yapışmaq istəyəndə ayaqları səndələdi, əli havada qaldı, küləyin bərk zərbəsi qayığın burnunu okeana tərəf çevirdi. İndi Menners uzun bədənini nə qədər irəli uzatsaydı belə, ən yaxın dirəkdən yapışa bilməyəcəkdi. Külək və dalğalar suda yırğalanan qayığı məhvə sürükləyirdi. Düşdüyü vəziyyəti anlayan Menners sahilə üzmək üçün suya atılmaq istədi, amma cürət etmədi, çünki qayıq bəndin qurtaracağına yaxın yerdə yırğalansa da, burada suyun dərinliyi və dalğaların azğınlığı şəksiz ölüm vəd edirdi. Fırtınalı dənizin dalğaları ilə çarpışan Mennersi bənddə dayanan Lonqrendən on sajına1 yaxın xilaskar məsafə ayırırdı. Körpüdə, düz Lonqrenin əlinin altında bir tərəfinə yük bağlanmış kəndir topası vardı. Kəndir körpüdən küləkli havada xilas məqsədilə asılmışdı.


– Lonqren! – qorxudan gözləri hədəqəsindən çıxmış Menners bağırdı, – nə heykəl kimi dayanmısan? Görmürsən, dalğa məni aparır; kəndiri tulla!

Lonqren qayıqda çapalayan Mennersi sakitcə izləyirdi, bircə tənbəki çubuğu həmin arada daha bərk tüstüləndi. O, baş verənləri daha yaxşı izləyə bilmək üçün çubuğu tələsmədən ağzından çıxardı.

– Lonqren! – Menners yalvardı. – Sən axı məni eşidirsən, görmürsən batıram, xilas elə!

Lonqren susmaqda davam elədi; sanki qarşısındakının ümidsiz bağırtılarını heç eşitmirdi. Bir azdan qayıq o qədər uzaqlaşdı ki, Mennersin qışqırıq səsləri, demək olar, eşidilmədi və bütün bu müddət ərzində Lonqren yerindən qımıldanmadı. Menners dəhşət içində hönkürür, matrosa and verir, balıqçıların yanına qaçıb yardım istəməsini yalvarır, pul vəd edir, hədələyir və lənətlər yağdırırdı, lakin Lonqren bütün bunlara cavab olaraq bəndin lap kənarına yaxınlaşıb dalğalarda yırğalanan qayığı hələ ki nəzərdən qaçırmamağa çalışdı. “Lonqren, – indi biçarənin səsi sanki quyunun dibindən gəlirdi, – xilas et!” Onda soyuq havanı ciyərlərinə çəkən və söylədiklərinin küləyə tab gətirməsi üçün bacardığı qədər dərindən nəfəs alan Lonqren var gücü ilə qışqırdı:

– O da sənə belə yalvarırdı! Menners, nə qədər ki sağsan, bu barədə düşün və yaddan çıxarma!

Qışqırıq səsləri kəsildi və Lonqren evə getdi. Yuxudan oyanan Assol atasının sönməkdə olan lampanın qarşısında oturub dərin fikrə getdiyini gördü. Atasını haylayan qızının səsini eşidən Lonqren Assola yaxınlaşıb qızcığazın yanağından öpdü və aşağı sürüşmüş yorğanını üstünə çəkdi.

– Əzizim, yat, – dedi, – səhərin açılmasına hələ çox var!

– Bəs sən nə edirsən?

– Assol, bu gün qara oyuncaq düzəltdim, yat!

Səhərisi gün Kaperna camaatı oturub-durub itkin düşmüş Mennersdən danışdı. Bir də axtarışların altıncı günü tapılan dükan və meyxana sahibi ölüm ayağında olsa da, qəzəbdən od püskürürdü. Onun hekayəti sürətlə ətraf kəndlərə də yayıldı. Menners axşamacan dənizlə əlbəyaxa olub; qayığın kənarlarına və döşəməsinə bir xeyli çırpılan, mərhəmət nədir bilməyən azğın dalğalarla var gücü ilə mübarizə aparan, hər an batmaq təhlükəsi ilə üz-üzə qalan dükançını sonda Kassetə yön alan “Lukresiya” paroxodunun heyəti xilas edib. Soyuqdəymə və yaşadığı dəhşətin sarsıntısı Mennersin günlərini qısaltdı. Həyatının son qırx səkkiz saatını yaşayan dükançı elə hey Lonqreni lənətlədi, yer üzünün mümkün olan bütün bəlalarına mübtəla olmasını arzuladı. Can verən Mennersin ölüm ayağında sabiq matros haqqında söylədikləri Kapernanın sakinlərini sarsıtdı. Lonqrenin batmaqda olan birisinə yardım əli uzatmasından imtina etməsi, baş verənləri soyuqqanlıqla izləməsi hər kəsi mat qoydu. Bir də ki matrosun vaxtilə necə ağır təhqir olunduğunu, ədalətsizliyin qurbanı olan arvadı Merinin ölümündən necə qüssələndiyini çoxları anlamaq iqtidarında deyildi. Əvəzində onlar Lonqrenin susmasına təəccüblənir, bunu nifrət qarışıq heyrətlə qarşılayırdılar. Beləcə, matros dükançının son nəfəsində ona yağdırdığı lənətlərə heç bir cavab verməyib susdu. Üzərinə tuşlanan nifrət dolu baxışları sanki görməyən Lonqren həmin o tufanlı axşamda olduğu kimi heykəltək yerindən qımıldanmadı və özünü təmizə çıxarmaq üçün bir kəlmə belə söyləmədi. Onun bu susqunluğunun arxasında nifrətdən daha dərin bir duyğu gizlənirdi və bunu ətrafda hər kəs hiss edirdi. Əgər Lonqren Mennersin ölümə qarşı uğursuz mübarizədə son çırpıntılarını görərkən nəsə söyləsəydi, hər hansı əl-qol hərəkəti, ya da vurnuxması ilə qarşısındakının fəlakətinə sevindiyini büruzə versəydi, balıqçılar onu anlayardılar. Amma o hər kəsdən fərqləndi, soyuq vüqarını nümayiş etdirdi, anlaşılmaz sükutu ilə özünü ətrafdakılardan üstün tutdu, bir sözlə, bağışlanmayacaq hərəkətə yol verdi. Bundan belə qarşılaşanda heç kəs ona təzim etmədi, əl uzatmadı, salamlaşmadı, hətta baxışlarını yan qaçırdı. O, kənd işlərindən həmişəlik uzaq düşdü; qarşısına çıxan oğlan uşaqları elə hey arxasından çığırdılar: “Lonqren Mennersi batırıb!” O bunların heç birinə məhəl qoymadı. Deyəsən, meyxanada, ya da sahildə balıqçıların onu görərkən susduqlarını, hətta taunlu xəstə ilə rastlaşıblarmış kimi bir kənara çəkildiklərini də heç vecinə almadı, qulaqardına vurdu. Mennersin aqibəti Lonqrenlə ətrafdakılar arasında onsuz da çoxdan yaranmış soyuqluğu tamamilə möhkəmlətdi. İndi bitkinləşən bu soyuqluq tərəflər arasında davamlı qarşılıqlı nifrət doğurdu və bu hissin kölgəsi Assolun da üzərinə düşdü.

Qız rəfiqələrsiz böyüyürdü. Kapernada yaşayan otuza yaxın həmyaşıdı ailə tərbiyəsindən irəli gələn kobudluğu canlarına süngərtək çəkmişdi. Onlar nüfuz yeri saydıqları valideynlərinin təsiri ilə balaca Assolu həmişəlik öz himayə və diqqətləri kənarında saxladılar. Bu, sözsüz ki, tədricən baş verdi, böyüklərin öyüd-nəsihəti və övladlarını qızcığazın yanında görərkən geri haylamaları getdikcə qorxulu qadağa şəklini aldı. Evlərində baş verənlərlə bağlı vaxtaşırı eşitdikləri dedi-qodu və mühakimələr uşaq təfəkküründə matrosun evinə münasibətdə dərin qorxuya səbəb oldu.

Lonqrenin qapalı həyat tərzi də qorxulu şayiələrin sürətlə yayılmasına rəvac verdi; deyilənlərə görə, guya nə vaxtsa haradasa kimisə qətlə yetirib, elə bu səbəbdən də onu daha gəmiyə yaxın buraxmırlar, özüsə “cinayətkar vicdanını heç cür susdura bilmədiyi üçün” qaraqabaq və adamayovuşmazdır. Uşaqlar oynayarkən əgər Assol onlara yaxınlaşardısa, qızcığaz oradan şəksiz qovulurdu. Bununla sakitləşməyən dəstə ona palçıq atır və ardından ələ salaraq deyirdi ki, guya atası vaxtilə adam əti yeyib, indisə saxta pullar düzəldir. Zavallı qızcığazın yaşıdlarına hər yaxınlaşma cəhdi acı göz yaşları, üzündə cırmaq izləri və ictimai fikrin digər təzahürləri ilə başa çatırdı. Nəhayət, ünsiyyət cəhdindən əl çəkən Assol, bununla belə, atasına vaxtaşırı eyni suallar verməkdə davam etdi:

– Ata, axı bizi niyə sevmirlər?

– Eee, Assol, məgər onlar sevməyi bacarırlar? Sevməyi bacarmaq lazımdır, bu onların biləcəyi şey deyil, – Lonqren söyləyirdi.

– Bacarmaq necə olur ki? – qız israrla soruşurdu.

– Bax belə! – Lonqren qızını qollarının arasına alıb kədərli gözlərindən möhkəm-möhkəm öpür və Assol atasının bu hərəkətindən xoşhal olub gözlərini qıyırdı.

Assolun sevimli əyləncəsi atası axşamlar, ya da bayram günlərində yapışqan bankalarını, alətləri və yarımçıq qalmış işini bir kənara qoyub, önlüyünü çıxarıb damağında tənbəki çubuğu dincini almaq üçün əyləşəndə onun dizlərinə dırmaşıb qolları arasında yerini rahatlaya-rahatlaya oyuncaqların müxtəlif hissələrinə toxunmaq, onların təyinatı barədə sorğu-suala tutmaq idi. Beləcə, ata qızına həyat və adamlar haqqında bir az əfsanəvi, bir az da fantastik mühazirə söyləməyə başlayırdı. Lonqrenin əvvəlki həyat tərzinin sayəsində bu mühazirədə əsas yer təsadüflərə, əcaib, heyranedici və qeyri-adi macəralara yer verilirdi. Qızına gəmi iplərinin, yelkənlərin, dənizdə lazım ola biləcək digər mayehtacların adlarını çəkə-çəkə tədricən özü də əyləncəyə dalır, izahlardan müxtəlif epizodlara keçirdi. Bu epizodlarda gah braşpil2, gah sükan çarxı, gah dorağacı, gah da hansısa qayıq əsas rolda çıxış edirdi. Bununla da kifayətlənməyən Lonqren daha sonra ayrı-ayrı təsvirlərdən dəniz səyahətinin geniş mənzərəsinə keçir, xəyalları gerçəklə, gerçəyisə xəyallarla qarışdırırdı. Burada zolaqlı pişiyə də, gəminin qəzaya uğrayacağını öncədən xəbər verən qarıya da, səmti itirməmək üçün əmrlərinə qulaq asmaq məcburiyyətində qaldığın, dil-dil ötən uçan balığa da, azğın heyəti ilə birgə kabus gəmiyə də rast gəlmək olardı. Əlamətlər, kabuslar, su pəriləri, dəniz quldurları – bir sözlə, gəmi limanda lövbər salanda, ya da dənizçinin sevimli meyxanasında uydurduğu əfsanələr. Lonqren həmçinin gəmiləri qəzaya uğramış, tənha adalara düşmüş, vəhşiləşmiş və danışmağı unutmuş dənizçilərdən, sirli xəzinələrdən, sürgün edilmiş adamların qiyamından və bir çox başqa şeylərdən danışırdı. Qız sanki Kolumbun yeni materik barədə ilk hekayətini dinləyirmiş kimi atasının söhbətlərinə son dərəcə diqqətlə qulaq asırdı. Lonqren yorulub, ya da fikrə dalıb susanda Assol onun yaxasını dartışdırır, “Bir az da danış”, – deyə xahiş edirdi. Beləcə, balaca qızcığaz atasının möcüzəli hekayətlərini dinləyə-dinləyə Lonqrenin qucağındaca yuxuya gedirdi.

Assol bir də şəhər oyuncaq dükanından onlara təşrif buyuran və Lonqrenin əl işlərini xüsusi həvəslə alan satıcının gəlişinə çox sevinirdi. Dükan xidmətçisi sövdələşməni yumşalda və oyuncaqları daha ucuz götürə bilmək üçün qızcığaza hər dəfə bir neçə alma, şirin kökə, ya da bir ovuc fındıq gətirərdi. Alveri heç xoşlamayan Lonqren, adətən, işinin əsl dəyərini istəyirdi, satıcı isə həmişə qiyməti öldürürdü. “Nə deyim sizə, – Lonqren söyləyirdi, – bu botun3



На этой странице вы можете прочитать онлайн книгу «Al yelkənlər», автора Александра Грина. Данная книга имеет возрастное ограничение 6+, относится к жанру «Книги о войне». Произведение затрагивает такие темы, как «феерия», «море». Книга «Al yelkənlər» была издана в 2022 году. Приятного чтения!