Читать книгу «Üç Muşketyor» онлайн полностью📖 — Александра Дюма — MyBook.

Saray fitnəsi

Dünyada hər şeyin bir sonu olduğu kimi, kral XIII Lüdovikin verdiyi qırx pistol da xərclənib qurtardı. Çətin vəziyyətə düşən dostları bir müddət Atos öz hesabına saxladı. Atosdan sonra bu işi Portos gördü. Bir gün də növbə Aramisə çatdı. O da dini kitablardan satıb qazandığı bir neçə pistolu dost yolunda xərclədi.

Macəra axtaran bütün adamlar kimi Dartanyan da dostlarının əslində kim olduqlarını bilməyə çox can atırdı. Bu cavanların hər biri gerçək soyadını gizlədirdi. Həqiqət yalnız de Trevilə bəlli idi.

Yaşı otuzu haqlasa da, ağıllı, yaraşıqlı Atosun sevgilisi yox idi. Qadınlardan heç danışmazdı. Qaradinməzliyi, adamayovuşmazlığı onu lap qoca kişiyə bənzədirdi.

Portos isə xasiyyətcə onun tam əksi idi. Cənab de Trevilin dəhlizində, Luvr sarayının mühafizə otağında öz eşq şücaətləri barədə ucadan danışıb lovğalanmağı xoşlayırdı. Atos qədər əzəmətli görkəmi olmadığından bu yolla təsəlli tapırdı.

Aramisə gəlincə zahirən elə görünürdü ki, heç bir sirri yoxdur. Başqaları barədə suallara könülsüz cavab verir, özü haqqında suallardan isə yayınırdı. Deyilənə görə, eşq aləmində ürcah olduğu dəhşətli bir xəyanət bütün həyatını zəhərləyibmiş. Bu xəyanətin xırdalıqlarından heç kimin xəbəri yox idi.

Onu da deyək ki, qırx pistoldan Dartanyanın yeganə qazancı nökəri Planşe oldu. Ancaq ağası pulsuzlayanda nökər şikayətlənməyə, icazə almadan evdən çıxıb getməyə başladı.

Dostlarının məsləhəti ilə Dartanyan əvvəlcə Planşeni yaxşıca kötəklədi, sonra isə gələcəkdə çox məşhur bir adam olacağını söyləyib dedi ki, müvəqqəti çətinliyə dözüb yanında qalsa, o da xoşbəxt olacaq. Planşe kötəkdən və müdrik sözlərdən nəticə çıxardı. Ancaq hələlik pul kisəsi boş olan Dartanyan həm özünün, həm də nökərinin qarnını doyurmaq üçün yol axtarırdı.

Bu vaxt qapı açıldı, sadə geyinmiş bir adam içəri girdi. Gələn adam Dartanyana dedi ki, onunla çox mühüm bir məxfi məsələ barədə təklikdə danışmaq istəyir.

Dartanyan Planşeni iş dalınca göndərib qonağa oturmaq üçün yer göstərdi.

– Cənab Dartanyan, hamı sizin qoçaq bir adam olduğunuzu söyləyir, – qonaq dedi. – Buna görə də sizə bir sirr açmağa gəlmişəm. Mənim arvadım kraliçanın yanında xidmət eləyir. Ağıllı, gözəl bir qadın kimi tanınır. Üç il əvvəl evlənmişik. Kraliçanın saray xidmətçisi cənab de La Port onun xaç atası, həm də hamisidir…

– Sizi dinləyirəm, cənab, – Dartanyan bu işdən qazanc iyi gəldiyini dərhal duydu.

– Məsələ burasındadır ki, bu səhər xidmət etdiyi evin qapısından çıxanda onu qaçırıblar.

– Kim qaçırıb?

– Düzünü bilmirəm, cənab. Ancaq bir adamdan şübhələnirəm. Həmin adam onu çoxdan bəri izləyirdi. Sizə açıq deyim ki, bu işin içində sevgidən çox siyasət var. Zənnimcə, arvadımı özünə görə yox, məşhur bir xanımın aşiqanə işlərinə görə qaçırıblar.

– Aha, olmaya siz xanım de Bua-Trasini nəzərdə tutursunuz? – Dartanyan saray işlərindən xəbərdar olduğunu göstərmək istəyirdi.

– Yuxarı qalxın, cənab, yuxarı.

– Xanım Degilyol olmaya?

– Bir az da yuxarı.

– Xanım de Şevröz?

– Yuxarı, xeyli yuxarı!

– Elə isə… – Dartanyan susdu.

– Bəli, cənab, – qonaq qorxa-qorxa cavab verdi.

– Bəs o kimlə sevişir?

– Hersoqdan başqa kim olacaq…

– Siz bunları haradan bilirsiniz?

– Arvadımdan eşitmişəm.

– Bəs o haradan bilir?

– Cənab de La Portdan. Kardinalın daim izlədiyi, böyür-başı xainlə dolu yazıq kraliçanın yanında inana biləcəyi bir adam olsun deyə arvadımı qulluğa götürüb. Arvadım dörd gün əvvəl evə gələndə kraliçanın həyəcanlı olduğunu söylədi. Kraliça güman edir ki, onun adından Bekingem hersoquna məktub yazıblar. Bu yolla onu Parisə çağırıb tələyə salmaq istəyirlər.

– Lənət şeytana! Cənab, bəs bu məsələlərin arvadınıza nə dəxli var?

– Arvadımı qorxudub kraliçanın sirrini öyrənmək istəyirlər.

– Ola bilər, – Dartanyan dedi. – Arvadınızı qaçıran adamı tanıyırsınızmı?

– Deyəsən, tanıyıram. O, kardinalın sağ əlidir. Boy-buxunlu bir kişidir, gicgahında çapıq yeri var.

– Gicgahında çapıq yeri?! – Dartanyan bağırdı. – Menqdə rast gəldiyim adam! Arvadınızın qaçırıldığını sizə kim xəbər verdi?

Qonaq cibindən bir kağız çıxarıb Dartanyana uzatdı.

Dartanyan kağızda bu sözləri oxudu: “Cənab Bonasye! Arvadınızı axtarmayın. O, bizə lazım olmadığı zaman qayıdıb gələcək. Onu axtarmağa cəhd etsəniz, məhv olacaqsınız!”

– Sizin adınız Bonasyedir? Bu ad mənə tanış gəlir.

– Mən qaldığınız evin sahibiyəm.

– Aha, – Dartanyan yerindən qalxıb ona baş əydi.

– Cənab, üç aydı evimə köçmüsünüz, hələ bir dəfə də ev kirəsi verməmisiniz. Görünür, başınız mühüm işlərə qarışıb. Sizi tez-tez şanlı muşketyorlarla bir yerdə görürəm. Bilirəm ki, onlar cənab de Trevilin muşketyorlarıdır. Deməli, kardinalın düşmənidirlər. Güman eləyirəm ki, siz dostlarınızla birgə kraliçanı müdafiə etsəniz, kardinal həzrətlərinə ağır zərbə vurmuş olarsınız.

– Əlbəttə.

– Söz verirəm ki, bundan sonra da evimdə nə qədər qalsanız, sizi kirayə haqqı sarıdan narahat edən olmayacaq. Sizə əlli pistol pul da vermək istərdim… O kimdir? – Bonasye qəfil qışqırdı.

– Nə? – Dartanyan soruşdu.

– Orada, küçədə, plaşa bürünmüş adam…

– Özüdür ki var! – Dartanyanla qonaq ortaq düşməni tanıyıb bir ağızdan qışqırdılar.

– Daha əlimdən qurtula bilməyəcək!

Dartanyan siyirməqılınc otaqdan çıxanda Atos və Portosla rastlaşdı.

– Hara belə uçursan? – hər iki muşketyor onun dalınca çığırdı.

– Menqdəki adam! – deyə-deyə Dartanyan gözdən itdi.

Hamı bir nəfər üçün, bir nəfər hamı üçün

Dartanyan yarım saatdan sonra evə qayıdanda Aramis də gəlib Atosla Portosa qoşulmuşdu.

– Hə, necə oldu? – Portos soruşdu.

– Nə olacaq! – Dartanyan qılıncını yatağın üstünə atıb qışqırdı. – Görünür, bu adam iblisdir, kölgə kimi yoxa çıxdı.

Sonra cənab Bonasye ilə olan söhbətini dostlarına danışdı.

– Cənablar, bu elə bir işdir ki, min pistol, bəlkə, daha artıq qazanmaq olar, – Dartanyan dedi. – Mən inanıram ki, saray xidmətçisi olan bu xanımın qaçırılması Bekingem hersoqunun Parisdə olmasıyla əlaqədardır.

Portos ona heyranlıqla baxdı:

– Bu qaskoniyalının başı ideyalarla doludur…

– Cənablar, – Aramis onun sözünü kəsdi, – özünüzü gözləyin. Qadınlar bizə bəla göndərilib, bütün bədbəxtliklərimizin baiskarı onlardır.

– Yaxşısı budur, dağılışıb tacirin arvadını axtarmağa gedək, – Dartanyan fikrindən dönmədi. – Bütün sirlərin açarı ondadır.

Bu zaman pilləkəndən tələsik ayaq səsləri eşidildi. Qapı gurultuyla açıldı, tacir otağa girib qışqırdı:

– Aman, cənablar! Dörd adam məni həbs etməyə gəlib. Məni xilas edin!

Portosla Aramis ayağa qalxdı.

– Bircə dəqiqə! – Dartanyan onlara qılınclarını qına qoymalarını işarə elədi. – Bircə dəqiqə dayanın! Burada igidlik deyil, ehtiyat lazımdır.

– Qoy Dartanyan necə bilirsə, elə də eləsin, – Atos dedi. – O bizim hamımızdan ağıllıdır. Öz tərəfimdən bildirirəm ki, mən ona tabe olacağam.

Otağa girən dörd əsgər muşketyorları görüb qapının ağzında dayandı.

– Buyurun, cənablar, buyurun, – Dartanyan onları içəri dəvət elədi. – Biz hamımız kralın, kardinalın sadiq nökərləriyik.

– Elə isə gərək bizə verilmiş əmrin yerinə yetirilməsinə əngəl olmayasınız, – dəstənin başçısı hesab olunan əsgər dilləndi.

– Nə danışırsınız! İstəsəniz, lap sizə kömək də edərik.

– O nə danışır? – Portos donquldandı.

– Sən axmaqsan, sus! – Atos dedi.

– Axı siz mənə söz vermişdiniz ki… – yazıq tacir mızıldandı.

– Biz azadlıqda qalsaq, sizi də qurtara bilərik, – Dartanyan tələsik ona pıçıldadı. – Biz haqda, ələlxüsus da, kraliça barəsində bircə kəlmə də deməyin! Yoxsa hamımızı, elə özünüzü də məhv edərsiniz. – Sonra ucadan dedi: – Buyurun, cənablar, bu adamı aparın!

Dörd dost bir ağızdan and içdi:

– Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!


Əsgərlər Bonasyeni aparandan sonra Portos soruşdu:

– Bu nə işdir gördünüz?! Bu nə murdar hərəkətdir! Üç muşketyorun gözü görə-görə, onlara pənah gətirən bir bədbəxti tutub aparırlar!

Aramis onun sözünü kəsdi:

– Portos, Atos dedi ki, sən axmaqsan. Mən də onun fikrinə şərikəm.

– Heç nə başa düşmürəm. Siz Dartanyanın hərəkətini bəyənirsiniz?

– Əlbəttə, – Atos dedi, – buna görə ona təbrik də düşür.

Dartanyan Portosun sözlərinə məhəl qoymadı.

– İndi də gəlin and içək: hamı bir nəfər üçün, bir nəfər hamı üçün!

Portos mızıldandı.

– Əlini qaldır, and iç! – Atosla Aramis bir ağızdan qışqırdılar.

Portos yoldaşlarından geri qalmamaq üçün əlini qaldırdı. Dörd dost andı təkrar etdi:

– Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!

Siçan tələsi

Bonasyenin mənzili siçan tələsinə dönmüşdü. Oraya gələn hər kəsi kardinalın adamları tutub sorğu-sual edirdilər. Aydındır ki, Dartanyanın yanına gəlib-gedən adamlara bunun dəxli yox idi. Onun çardağına ayrıca yol vardı.

Muşketyorların hər üçü axtarışla məşğul olsa da, Dartanyan evdən bayıra çıxmamışdı. O öz otağını müşahidə məntəqəsinə çevirmişdi: Bonasyenin evinə gəlib tələyə düşənlərin hamısını pəncərədən görürdü. Bundan başqa, otağın döşəməsindən bir neçə taxta çıxarmışdı, aşağı mərtəbədə danışılanların hamısını eşidirdi. Evə gələn adamlar diqqətlə axtarılandan sonra onlardan eyni şeyi soruşurdular: “Xanım Bonasye kiməsə çatdırmaq üçün sizə nəsə verib? Cənab Bonasye öz arvadına, ya kiməsə çatdırmaq üçün sizə bir şey, ya bir tapşırıq verib?”

Dartanyan öz-özünə deyirdi: “Bu adamlar, yəqin ki, Bekingem hersoqunun Parisdə olub-olmadığını, kraliça ilə görüşüb-görüşmədiyini bilmək istəyirlər”.

Bonasye tutulandan bir gün sonra axşam saat doqquzda kimsə çöl qapını döydü. Dartanyan qulağını döşəmədə açdığı yerə söykəyib dinləməyə başladı. Az keçmiş aşağıdan çığırtı eşidildi:

– Cənablar, mən bu evin xanımıyam, mən xanım Bonasyeyəm! Mən kraliçanın yanında xidmət edirəm!

– Biz elə sizi gözləyirdik, – ona cavab verdilər.

Səs-küy qalxdı. Qadın, deyəsən, müqavimət göstərirdi.

Dartanyan Planşeyə tapşırdı ki, tez Atosun, Portosun, Aramisin dalınca qaçsın. Özü isə qılıncını qapıb pəncərədən küçəyə atıldı. Çöldən qapını taqqıldadıb öz-özünə pıçıldadı: “İndi mən də siçan tələsinə düşəcəyəm. Vay mənimtək siçanı tutmaq istəyən pişiklərin halına!”

Qapı açılan kimi Dartanyan siyirməqılınc içəri atıldı. Onlara qalib gəlmək o qədər də çətin olmadı, çünki yalnız əsgərlərin başçısında silah var idi. Bir dəqiqə keçmiş qara geyimli dörd nəfər ürkmüş qarğa kimi bayıra qaçdı.

Xanım Bonasye huşsuz-halsız kresloya yıxılmışdı. İyirmi beş-iyirmi altı yaşlarında gözəl bir qadın idi. Dartanyan yerdə zərif batist yaylıq gördü, yaylığın bir ucuna gerb və tac çəkilmişdi. İlk dəfə Aramisdə gördüyü belə bir yaylığın üstündə az qala onunla vuruşası olmuşdu. Buna görə də yaylığı götürüb qadının cibinə qoydu.

Qadın gözünü açıb qurtulduğunu görəndə sevindi.

– Mən sizin qaçırıldığınızı bilirəm, – Dartanyan dedi, – bəs necə azad oldunuz?

– Məni bircə dəqiqəliyə tək qoydular. Mən də fürsəti fövtə vermədim. Döşəkağıları bir-birinə bağlayıb pəncərədən bağçaya düşdüm, ərimin evdə olduğunu zənn edib qaça-qaça bura gəldim.

– Xanım, kardinalın adamları ərinizi tutub Bastiliyaya apardılar. Siz ehtiyatlı olmalısınız. Mən qovduğum adamlar kömək götürüb indilərdə qayıdacaqlar. Bizi burada tapsalar, batdıq.

– Bəli, bəli, siz haqlısınız! – xanım Bonasye qorxa-qorxa dedi. – Buradan gedək, qaçaq!

Tez evdən çıxdılar. Yolda xanım Bonasye dedi:

– Gərək cənab de La Portu xəbərdar edək. Üç gün ərzində Luvrda baş vermiş bütün hadisələri o danışa bilər. Mən sizə inana bilərəmmi, cavan oğlan?

– Mən krala xidmət etmək üçün, kraliçanın rəğbətini qazanmaq üçün əlimdən nə gəlir, hamısını edərəm, özü də təmənnasız, vicdanla.

– Onda əvvəlcə məni gizlətməyə bir yer tapın.

Atosun evinin yaxınlığında olduqları üçün Dartanyan oranı təklif etdi. Atos evdə yox idi. Qapıçı Dartanyanı tanıdığından açarı ona verdi.

– Özünüzü evdəki kimi hiss edin, – Dartanyan dedi. – Qapını içəridən bağlayın, yalnız üç dəfə döyüləndə açarsınız.

Xanım Bonasye cənab de La Portu görmək üçün Luvra necə gedəcəyini, kimə yaxınlaşacağını, üstəlik, parolu da ona söylədi.

– Ancaq söz verin ki, sonra o parolu yadınızdan çıxaracaqsınız.

– Sizə əsilzadə sözü verirəm! – Dartanyanın səmimiliyinə inanmamaq olmazdı.

– İnanıram. İndi də gedin La Portu yanıma göndərin.

– Yaxşı, bəs sizi sonra harada görə bilərəm?

– Məni görməyi çoxmu arzu edirsiniz?

– Əlbəttə.

– Bu işi mənim boynuma qoyun.

Dartanyan xanım Bonasyeyə aşiqanə bir nəzər salıb onunla sağollaşdı. Beş dəqiqə sonra o artıq Luvrda idi. Tapşırığı yerinə yetirib tələsik cənab de Trevilin yanına getdi, kardinalın kraliçaya və Bekingem hersoquna tor toxuduğunu ona danışdı.

Bekingem hersoqu

Cənab de Trevildən ayrılanda saat on idi. Qaskoniyalının ağlına gəldi ki, Aramisin yanına gedib xanım Bonasye haqqında ona danışsın.

Aramisin evinə çatanda qapının ağzında bir kölgə gördü. Əvvəl onun kişi olduğunu güman elədi, amma sonra boyunun gödəkliyindən, bir də yerişindən qadın olduğunu bildi.

Qadın Aramisin pəncərəsini üç dəfə döydü.

“Aha, cənab riyakar, demək, siz ilahiyyatla belə məşğul olursunuz! Əzizim Aramis, bu dəfə hər şeyi öyrənəcəyəm”.

Bir neçə saniyədən sonra pəncərəni içəridən iki dəfə tıqqıldatdılar. Qadın bu tıqqıltıya cavab verdi, pəncərə açılanda isə cibindən yaylıq çıxarıb ucunu göstərdi.

Xanım Bonasyenin və Aramisin yaylığı Dartanyanın yadına düşdü. Qadınla danışan adamın Aramis olduğuna şübhə eləmirdi. Hər şeyi bilmək arzusu ehtiyat hissini üstələdi. Dartanyan gözlədiyi yerdən çıxıb divarın küncünə qısıldı. Buradan otağın içini asanlıqla görə bilirdi.

Dartanyan heyrətdən donub-qaldı. Xanımla danışan Aramis deyildi, bir qadın idi. Bu qadın da cibindən yaylıq çıxarıb o biri qadının göstərdiyi yaylıqla dəyişdi. Sonra pəncərə örtüldü. Pəncərənin qabağında dayanan qadın geri dönəndə Dartanyan onu tanıdı.

“Xanım Bonasye!” Kim deyə bilərdi ki, cənab de La Portun dalınca adam göndərən xanım yenidən tutulmaq təhlükəsini gözünün altına alıb gecənin bu vaxtı Paris küçələrində gəzib-dolaşar! Görəsən, iyirmi beş yaşlı qadın üçün candan şirin nə mühüm iş ola bilər? Əlbəttə, eşq! Bəs bu qadın kimin xatirinə özünü belə təhlükəyə atır?

Dartanyan onun dalına düşmək qərarına gəldi. Xanım Bonasye onu görəndə çığırıb qaçdısa da, çox qaça bilmədi. Dartanyan əlini onun çiyninə qoyanda diz çökdü:

– İstəyirsiniz öldürün, ancaq məndən heç nə öyrənə bilməyəcəksiniz!

– Məni tale özü sizi qorumağa göndərib.

Qadın onu səsindən tanıyıb sevindi.

– Ah, sizsiniz, sizsiniz? – dedi. – Allaha çox şükür!

– Boynuma alım ki, sizə rast gəlməyim bir təsadüfdür. Gördüm bir qadın dostum Aramisin pəncərəsini döyür.

– Aramis? O kimdir?

– Siz bu evə birinci dəfə gəlirsiniz?

– Bəli. Özünüz gördünüz ki, mən bir qadınla danışırdım.

– Onda, yəqin, o qadın Aramisin dostudur.

– Bundan xəbərim yoxdur. Di qoluma girin, getdiyim yerəcən məni ötürün.

– Orada sizi gözləyəcəyəm?

– Yox.

– Bəs sizi kim ötürəcək? Kişimi, qadınmı?

– Hələ bilmirəm.

– Sizin kimlə getdiyinizi bilmək üçün orada gözləyəcəyəm.

– Elə isə əlvida! Mənim casusa ehtiyacım yoxdur.

– İfadəniz çox kəskindir, xanım. Sizi sevən bir adamdan nahaq ehtiyatlanırsınız.

Gənc qadın başını yırğaladı:

– Siz eşq barədə danışmağa çox tələsdiniz.

– Çünki sizi ilk baxışdan sevdim. Mən ömrümdə ilk dəfə sevirəm.

Qadın yalvarıcı səslə dedi:

– Əsilzadə namusunuza and verirəm, məni ötürün, ancaq gözləməyin. Saat on ikini vurdu, gecikirəm.

– Mən sizi ötürən kimi çıxıb evə gedirəm.

– Bilirdim ki, sədaqətli oğlansınız! – xanım Bonasye əlini ona uzatdı.

Dartanyan bu əli hərarətlə öpüb söz verdiyi kimi öz evinə qayıtdı.

Конец ознакомительного фрагмента.