Читать книгу «Vinni-Puh» онлайн полностью📖 — Алана Александра Милна — MyBook.
image
cover
 
















 










– Bu söz nə etmək lazım olduğunu bildirir. Birincisi, mətbuata bildirmək lazımdır. Sonra…

– Sağlam ol! – Puh dedi. – Hə, neyləmək lazımdır? Asqırdın, sözünü tamamlaya bilmədin…

– Bağışla, Puh, ancaq mən asqırmadım. Dedim ki, əvvəlcə…

– Bax yenə asqırdın! Sağlam ol! – Vinni-Puh hüznlü səslə dedi.

– Mətbuata bildir, – Bayquş aydın səslə ucadan dedi. – Qəzetə elan ver. Yazmaq lazımdır ki, İa-İanın quyruğunu tapana yaxşı şeylər verəcəyik.

– Aydındır! Yeri gəlmişkən, «yaxşı şeylər» barədə, – Puh başını yelləyib sözünə davam etdi, – adətən, bu vaxtlarda toqqanın altını yaxşıca… – Puh küncdəki bufetə sarı boylandı. – Bir qaşıq qatılaşdırılmış süd, ya da, tutalım, bir az bal olsaydı…

– Deməli, belə… – Bayquş dedi. – Elan yazıb ağaclara yapışdırmaq lazımdır.

«Bir qaşıq bal, – Ayı mızıldandı, – ən pis halda bircə qaşıq bal».

Vinni dərindən ah çəkib Bayquşun dediklərini dinləməyə çalışdı. Bayquş son dərəcə uzun sözlərlə danışırdı; sözlər get-gedə daha da uzanırdı… Nəhayət, Bayquş dedi ki, elanı Kristofer Robin yazmalıdır.

– Mənim qapımın üzərindəki elanları da o yazıb. Onları gördünmü, Puh?

Bayaqdan bəri Bayquş nə danışırdısa, Puh növbəylə «Hə» və «Yox» cavabları verirdi. Odur ki sonuncu dəfə «Hə» dediyi üçün bu dəfə «Yox, heç vaxt» dedi. Hərçənd söhbətin nədən getdiyini başa düşməmişdi.

– Necə yəni? Sən elanları görməmisən? – Bayquş təəccüblə soruşdu. – Gedək göstərim.

Çölə çıxdılar. Puh zınqırovu və onun altındakı elanı gözdən keçirdi. Zınqırovun kəndirinə baxanda ona elə gəldi ki, hardasa buna bənzər şeylər görüb… Hardasa, tamamilə başqa bir yerdə…

– Gözəl kəndirdir, elədir? – Bayquş soruşdu.

Puh başını tərpətdi.

– Mənə nəyisə xatırladır, – o dedi, – amma harada gördüyümü yadıma sala bilmirəm. Onu hardan almısan?

– Bir dəfə meşədə gəzirdim, gördüm ki, kolluqdan asılıb. Əvvəlcə elə bildim, orada kimsə yaşayır, kəndiri çəkdim, ancaq o qopdu. Fikirləşdim ki, yəqin, heç kəsə lazım deyil, götürüb gətirdim evə…

– Bayquş, – Puh təntənəylə bəyan etdi, – kiminsə ona çox böyük ehtiyacı var.

– Kimin?

– İa-İanın… Onu çox sevirdi.

– Çox sevirdi?

– Ona bağlanmışdı, – Vinni-Puh ah çəkdi. – Axı bu, adi kəndir deyil, İa-İanın quyruğudur.


Vinni dərhal kəndiri qarmaqdan çıxardı və aparıb sahibinə, yəni İa-İaya verdi. Kristofer Robin quyruğu yerinə bərkidəndən sonra İa-İa meşədə o tərəf-bu tərəfə qaçmağa, oynaqlamağa başladı. İa-İa quyruğunu elə vəcdlə oynadırdı ki, gəl görəsən. Bundan sonra Vinni-Puha yalnız evə qaçıb toqqanın altını bərkitmək qalırdı. Yarım saat sonra o, dodaqlarını silib məğrur-məğrur oxumağa başladı:

 
Quyruğu kim tapdı, kim?
Əlbəttə ki, mən özüm!
 

EFİLANTLA GÖRÜŞ

Bir dəfə Kristofer Robin, Vinni-Puh və Piqlet sakitcə oturub söhbət eləyirdilər. Birdən Kristofer Robin dedi:

– Piqlet, bilirsən, bu gün Efilantı gördüm.

– Neyləyirdi? – Piqlet təəccübünü gizlətmək üçün etinasız səslə soruşdu.

– Heç, elə-belə, avaralanırdı, – Kristofer Robin dedi.

– Bir dəfə mən də kimisə görmüşdüm, – Piqlet dedi. – Deyəsən, o idi.

– Mən də görmüşdüm, – «Görəsən, Efilant kimdir?» – öz-özünə fikirləşən Puh sözə qarışdı.

– Onları nadir hallarda görmək olur, – Kristofer Robin saymazyana əlavə etdi.

– Xüsusilə də indi, – Piqlet dedi.

– Xüsusilə də ilin bu vaxtında, – Puh söhbətin kimdən getdiyini bilməsə də, söhbətə qarışdı.

Sonra başqa şeylərdən danışdılar; bir azdan axşam oldu, Puhla Piqletin evə qayıtmaq vaxtı gəldi. Onlar sakitcə Qalın Meşənin kənarıyla addımlayırdılar, amma kolluqların arasındakı ensiz cığıra çatanda Çox Ağıllı Söhbətə başladılar. Piqlet dedi: «Puh, bilirsən nə demək istəyirəm?» Puh cavab verdi: «Piqlet, mən də elə fikirləşirəm». Piqlet dedi: «Digər tərəfdən, Puh, biz unutmamalıyıq». Puh cavab verdi: «Düz deyirsən, Piqlet. Necə olub ki, mən bunu gözdən qaçırmışam?!»

Altı Şamağacına çatanda Puh ətrafa göz gəzdirdi və onları heç kimin dinləmədiyinə əmin olandan sonra təntənəli şəkildə bəyan etdi:

– Piqlet, ağlıma maraqlı bir fikir gəlib.

– O nə fikirdir elə, Puh?

– Efilantı tutmaq istəyirəm.

Puh fikirləşirdi ki, Piqlet təəccüblənəcək: «Ola bilməz, Puh!» və ya buna bənzər nəsə deyəcək. Amma Piqlet heç nə demədi, çünki əhvalı pozulmuşdu: axı bu gözəl fikir niyə onun ağlına gəlməmişdi?

– Məncə, onu tələyə salsam, yaxşı olar, – Puh dedi. – Bu çox Mürəkkəb Tələ olacaq, odur ki sənin köməyinə ehtiyacım var, Piqlet.

– Puh, – o dəqiqə Piqletin kefi duruldu, özünü xoşbəxt hiss etdi, – məmnuniyyətlə kömək edərəm. Neyləmək lazımdır?

Puh dedi:

– Birlikdə Dərin Quyu qazacağıq, Efilant gəzməyə çıxanda bu quyuya düşəcək.

– Necə düşəcək? Gözü ayağının altını görmür bəyəm?

Puh pəncəsiylə burnunu ovuşdurub dedi ki, Efilant zümzümə eləyə-eləyə gəzişərkən başını qaldırıb göyə baxacaq ki, görsün yağış yağacaq, yoxsa yox. Bir də gözünü açanda görəcək ki, Dərin Quyunun dibindədir.

Piqlet dedi ki, hər şey aydındır və onun fikrincə, bu çox Mürəkkəb Tələdir.

Puh bu sözlərdən məmnun qaldı, o qədər sevindi ki, elə bil artıq Efilantı ələ keçirib.

– Tutalım, sən məni tutmaq istəyirsən, – o, Piqletə dedi. – Bunu necə eləyərdin?

– Necə? – Piqlet bir anlığa fikrə getdi. – Tələ qurardım, tələyə bir az bal qoyardım. Sən balın qoxusunu hiss edib…

– Hə, balı götürmək istəyərdim, – Puh həyəcanlandı, – amma ehtiyatı da əldən verməzdim. Əvvəlcə qabı götürüb kənarlarını yalayardım; sonra kənara çəkilib bal haqqında fikirləşərdim. Bundan sonra qayıdıb qabın düz ortasından yalamağa başlayardım. Sonra…

– Yaxşı, həyəcanlanma. Əsas odur ki, sən tələyə düşəcəkdin və mən səni tutacaqdım. Odur ki əvvəlcə müəyyənləşdirməliyik, görək Efilantlar ən çox nəyi xoşlayırlar? Deyəsən, palıd qozasını, elədir? Ey, Puh, ayıl!

Xəyalında bal yeyən Puh səksənib dik atıldı, dedi ki, palıd qozasındansa, tələyə bal qoysalar, daha yaxşı olar. Piqlet başqa fikirdə idi, amma onunla razılaşdı. Çünki razılaşmasa, palıd qozalarını onun özü toplamalı olacaqdı. Balı isə yalnız Puh tapa bilərdi. Ona görə cavab verdi: «Lap yaxşı, tələyə bal qoyarıq!» Piqlet bu sözləri vaxtında dedi, çünki Puh da onun kimi fikirləşib «Lap yaxşı, tələyə palıd qozaları qoyarıq» deməyə hazırlaşırdı.

– Deməli, bal! – Piqlet qətiləşdirdi. – Quyunu mən qazaram, sənsə bal dalınca get.

– Oldu, – Puh pəncələrini sürüyə-sürüyə evə sarı getdi.

Evdə bufetə yaxınlaşdı, kətilin üstünə çıxıb yuxarı rəfdən böyük bal küpəsini götürdü. Küpənin üzərində iri hərflərlə «BAL» yazılmışdı. Amma yenə də yanlışlıq olmasın deyə Vinni-Puh başını küpənin içinə salıb baldan yaxşıca yaladı.

– Hə, şübhə etməyə dəyməz, – o dedi, – əsl meşə balıdır. Qoy bir az da yalayım… Ah!.. – Vinni köks ötürdü. – Yox, səhv etmirəm. Küpə təmiz balla doludur!

Qəti əmin olandan sonra Puh küpəni tələnin yanına apardı. Piqlet Dərin Quyunun dibindən səsləndi:

– Gətirdin?

– Hə, ağzınacan doludur, – Puh cavab verdi.

Onlar küpəni quyunun içinə sallayıb evlərinə getdilər.

– Yaxşı, Puh, gecən xeyrə qalsın, – Puhun evinə çatanda Piqlet dedi. – Səhər saat 6-da Şamağacının yanında görüşərik. Baxaq görək quyuya neçə fil düşəcək!

– Hələlik, Piqlet. Səndə kəndir varmı?

– Yox. Kəndir nəyinə gərək?

– Onları bağlayıb evə gətirmək üçün.

– Hə… Elə bilirdim, Efilantlar fit səsinə gəlir. Nə isə, gecən xeyrə qalsın!

– Gecən xeyrə!

Piqlet qaça-qaça çıxıb getdi, Vinni-Puh isə yatağa uzandı.

Bir neçə saat sonra obaşdan Puh yuxudan ayıldı. İçində anlaşılmaz, qəribə bir hiss vardı. Puh bunun nə olduğunu bilirdi: o, yemək istəyirdi.

Puh yanlarını basa-basa bufetə doğru getdi, kətilin üstünə çıxıb əliylə rəfləri yoxladı. Rəflər bomboş idi.

«Qəribədir! Burada üzərinə «BAL» yazılmış bir küpə olmalı idi…» – Puh otaqda o baş-bu başa gedərək donquldanmağa başladı:

 
Hanı bal? Bal hanı? Lap qəribədir!
Axı düz bir küpə bal vardı burda!
Ayağı olsaydı, deyərdim qaçıb.
Qanadı olsaydı, deyərdim uçub.
Suya düşüb üzə bilməzdi axı,
Onun nə quyruğu, nə üzgəci var.
Yerə girib, yoxsa göyə çəkilib?..
Bəlkə, qaçıb o, meşədə gizlənib?
Yox, yox, heç bir yana gedə bilməz o.
Hər yerə baxıram, tapılmır amma.
Əsl möcüzədir, əsl müəmma!
 

Bu mahnını üç dəfə oxuyandan sonra yadına düşdü ki, küpəni Mürəkkəb Tələyə qoyub!

– Ay-ay-ay! – Puh dedi. – Mənə deyən lazımdır, Efilant tutmaq sənin nəyinə gərəkdir axı?

Yenidən yatağa uzandı. Amma gözünə yuxu getmədi. Nə illah elədi, yata bilmədi. Xəyalında tələyə düşəcək Efilantları saymağa başladı, amma bunun da xeyri olmadı. Çünki saydığı Efilantlar dərhal Puhun küpəsinə cumur, balın hamısını içəri ötürürdülər.

Puh bir neçə dəqiqə beləcə uzanıb iztirabla Efilantları saymağa davam etdi. Beş yüz səksən yeddinci Efilant qəfildən iri dişlərini qıcıdıb mırıldadı: «Çox yaxşı baldır, həyatım boyunca belə ləzzətli bal yeməmişdim». Bu sözlə Puhu hövsələdən çıxardı, o, yerindən dik atılıb düz Altı Şamağacının yanına qaçdı.

Səhərin ala-toranında Dərin Quyu daha da dərin görünürdü. Puh kəndirlə quyuya sallandı.

– Heyif, heyif, – o, quyuya düşən kimi burnunu küpənin içinə soxub dedi, – Efilant, demək olar, hamısını yeyib! – bir qədər fikirləşəndən sonra isə əlavə etdi: – Hm… yox, özüm yemişəm. Hə, mən onu rəfdən götürəndə yemişdim axı. Lap yadımdan çıxıb.

Xoşbəxtlikdən məlum oldu ki, Puh balın hamısını yeməyib. Küpənin dibində bir az bal qalmışdı. Puh başını küpənin içinə soxub yerdə qalan balı da yalamağa başladı…

Bu zaman Piqlet yuxudan oyanıb gərnəşdi; dünənki məsələ yadına düşəndə bərk həyəcanlandı. Sonra bütün cəsarətini toplayıb ucadan bəyan etdi: «Neyləmək olar? İşi axıra çatdırmaq lazımdır!» Amma yenə də qorxudan dizləri əsir, qulaqlarında bu dəhşətli söz guruldayırdı: EFİLANT!

Bəlkə, özünü xəstəliyə vursun, desin ki, başı ağrıyır, Altı Şamağacının yanına getməkdən boyun qaçırsın? Ağlına maraqlı bir fikir gəldi. Elə indi sakitcə Altı Şamağacının yanına gedəcək, əyilib ehtiyatla quyuya baxacaq. Əgər quyuya Efilant düşübsə, qayıdıb yenidən yatağa uzanacaq; əks halda bütün günü evdə qalmağa dəyməz.

Beləliklə, qalxıb yola düzəldi. Əvvəlcə fikirləşdi ki, çox güman, quyuya Efilant-filan düşməyib; sonra fikrini dəyişdi. Neyləsin, belə hallarda güman yüz yerə gedir. Quyudan gələn səsləri eşidəndən sonra bütün şübhələri dağıldı: quyuya Efilant düşmüşdü!

– Oy-oy-oy! – Piqlet təlaşla dedi. Baş götürüb qaçmaq istədi, amma bunu bacarmadı. Bura qədər gəlib gözünün ucuyla canlı Efilanta baxmamaq axmaqlıq olardı. Ehtiyatla əyilib quyuya baxdı…

Puh başını küpənin içindən çıxara bilmirdi. Təlaş içində vurnuxduqca başı daha çox küpənin içinə girirdi. Puh gah «Ana!», «Kömək eləyin!» deyə bağırır, gah da bərkdən donquldanırdı: «Ay-ay-ay!» Yorulub əldən düşəndən sonra Puh başını qaldırıb (küpəylə birgə) fəryad etməyə başladı…

Bu mənzərəni görən Piqlet:

– Kömək eləyin! – deyə bağırdı. – Qorxunc Efilant! – o, dabanına tüpürüb qaçmağa başladı. – Kömək eləyin! Efiqorxunc lant! Kömək eləyin! Efilul! Qırmızı Qorxefilo!



Beləcə, get-gedə onun dili topuq vurur, nə dediyini bilmirdi. O, Kristofer Robinin evinin yanına çatana kimi başılovlu qaçdı.

– Nə olub, Piqlet? – yatağından yenicə qalxan Kristofer Robin şalvarını əyninə çəkib soruşdu.

– Efi… lant, – Piqlet təngnəfəs olmuşdu, güclə danışırdı. – Efil… fil… Efilant!

– Hanı?

– Odur, orada, – Piqlet caynağıyla göstərdi. – Çox qorxuncdur! Başı küpəyə bənzəyir; elə küpə böyüklüyündədir.

– Aydındır, – Kristofer Robin ayaqqabılarını geyinərək dedi, – gedək onu mənə göstər.

Əlbəttə, Kristofer Robinin yanında Piqlet heç nədən qorxmurdu. Birlikdə yola düşdülər.

– Eşidirsən? Bu odur! – quyuya yaxınlaşanda Piqlet qorxa-qorxa dedi.

– Nəsə eşidirəm, – Kristofer Robin dedi.

Tıqqıltı eşidildi. Zavallı Puh idi, hansısa ağacın kökünə ilişmişdi, başındakı küpəni sındırıb canını qurtarmağa çalışırdı.

– Dayan, yaxın getmə! – Piqlet Robinin qoluna möhkəm qısılaraq dedi.

Birdən Kristofer Robini gülmək tutdu. O, şaqqanaq çəkib gülməyə başladı, uğunub-getdi… Elə bu vaxt küpə zərblə ağacın kökünə dəydi və çilik-çilik oldu, elə o andaca Vinni-Puhun başı göründü.

Piqlet nə qədər axmaq olduğunu yalnız indi başa düşdü. Xəcalətdən evə qaçıb yatağa uzandı və özünü xəstəliyə vurdu ki, heç kimlə görüşməsin.

Kristofer Robinlə Puh isə nahar etməyə getdilər.

– Ayı! – Kristofer Robin dedi. – Səni çox istəyirəm!

– Mən də səni! – Vinni-Puh dedi.