Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.
Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.
Yumuşaq göy çəmənin üstə düşüb şeh gecədən,
İsti yoxdur, hələ var bir balaca meh gecədən.
Ağ dumanlar ucalır göy üzünə dağlardan.
Çox sərindir havası, keçmə bu yaylaqlardan.
Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uykudan indi oyanır.
Pəyədən mal-qaranı bəzi çıxardır qırağa,
Bəzi səhrayə gedir işləməyə, bəzi bağa.
Yay fəsliydi, bir gün axşam çağında
Gəzişirdim Qız qalası dağında.
Bir-bir baxırdım ol köhnə asara15.
Viran olmuş sura16, bürcə, hasara.
Qərib-qərib, mübhəm-mübhəm17 xəyallar
Gəlirdi fikrimə dürlü suallar.
Deyirdim ki, dünya bir şəxsə bənzər,
Doğar, törər, nümüvv18 edər, yüksələr.
İnsan kimi hər dövrə bir az yaşar,
Sonra yavaş-yavaş ixtiyarlaşar.
Ölər, qalar bir-iki viranəsi,
O da olar bayquşların lanəsi19.
Bir müəyyən qanun üzrədir həyat,
Bir doğuş, bir təkamül, bir inhitat20.
Böylə qoyulmuş aləmin binası,
Dəyişməkdir tərəqqinin əsası.
Dəyişmək olmasa, tərəqqi olmaz,
Təbiətin bu qanunu pozulmaz.
Dəyişməklə mümkün olur təkamül,
İnsan doğar, törər, edər tənasül.
Təbiətdən gərək alınsın ibrət,
Təcəddüdlə21 olur bəqai22-millət.
Dünyanın əvvəlindən ta bu halə,
Aləmdə olmuş min-min istihalə23.
Hanı əski Roma, əski yunanlar?
Hanı əski tərəqqilər, imranlar24?
Min-min belə saysız binalar yıxmış,
Sonra yeni bir mədəniyyət çıxmış.
Hanı əski asurilər, kəsrilər?
Hanı əski kəldanilər, misrilər?
Cümləsini məhv eyləmiş zəmanə,
Hər birindən qoymuş cüzi nişanə.
Bu ondandır: vaxta görə təkamül –
Etmədilər, göstərdilər təkahül25.
Bu ondandır: zəmanəyə müvafiq –
Dəyişməyib, çıxardılar əvaiq26.
Boş etiqadlara məğrur oldular,
Puç olmağa axır məcbur oldular.
Hansı şeydir dəyişməyən dünyada,
Göyərtidə, heyvanatda, havada?
Neçün dəyişməsin fikri insanın,
Təqazası27 deyilmi bu dünyanın?
Tarix bizə göstərmirmi bu halı?
Cahil qövmün mühəqqəqdir28 zəvalı29!
Mələyim, yavrucuğum, şükr edirəm Allaha,
Rəhm edib sən kimi nemət mənə ehsan30 etdi.
Qılaram səcdə müdam31 icz ilə ol dərgaha –
Ki, həyatınla bu gün könlümü xəndan32 etdi.
Mən səninlə sevərəm ömrü, həyatı, canı,
Mən səninlə görürəm indi geniş dünyanı.
Səni çoxdan arayıb həsrət ilə bəklərdim33,
Sənsiz afaq34 qaranlıq görünürdü gözümə.
Səndən ötrü çox uzun illər idi inlərdim,
Qəmlərim yox oluyor, sən gülər ikən üzümə.
Mən səninlə sevərəm ömrü, həyatı, canı,
Mən səninlə görürəm indi geniş dünyanı.
Sabir, ey şairi-dühapərvər,
Eylədin ərşi-kibriyayə35 səfər.
Can kimi sevdiyin yazıq millət
Hələ səndən umardı çox xidmət.
Təngnayi36-cahanı tərk etdin,
Əndəlibim37, nə tez susub getdin?!
Müqtədir38, binəzir39 şair idin,
Yoxsa səbrin tükəndimi, Sabir!
Bizə könlün gücəndimi, Sabir!
Dəmbədəm qəm çəkər ikən ruhin,
Dözmədi yoxsa qəlbi-məcruhin40?
Millətin dərdi ilə qəmləndin,
Bulmadınmı dəva, vərəmləndin?
Keçdi ömrün əzabü zəhmət ilə,
Min mərarətlə41, min məşəqqət ilə.
Əbəda görmədin cahanda rifah,
Uf… sənə rəhmət eyləsin Allah!
Firqətindən yanar cahanilər,
Səni alqışlar asimanilər.
Səndən əqdəm bu yerdə bəzmi-süxən42 –
Gülxən idi, nəinki bir gülşən,
Ona sən verdin abü rəngü həyat.
Rəşki-xüld43 oldu aləmi-əbyat44,
Yeni bir şivə ixtiyar etdin,
Ədəbiyyatı növbahar etdin.
Yağdırıb zülmə, cəhlə bariqələr45,
Göstərirdin bəyandə xariqələr.
Gözümüzdən üzün nihan46 oldu,
Gülşəni-şövqimiz xəzan oldu.
Ağladıb, güldürürdün insanı,
Ağladır mövtin47 əhli-vicdanı.
Sabirim! Get, müqimi48-rizvan ol!
Vəli49 ordan bizə nigəhban50 ol!
Etmə nisyan51 sevimli millətini,
Eylə ikmal52 o yerdə xidmətini.
Dərgəhi-həqqə iltica53 eylə!
Bizə imdad üçün rica eylə!
Şafi54 olsun sənə rəsuli-ənam,
Sən dua eylə, yatmasın islam.
Sabir, ey alami55-xəlqə tərcüman!
Ey hər anda kasə-kasə zəhr udan!
Ey qoca bir qövmə ağlarkən gülən,
Naləsilə xalqı dağlarkən gülən.
Gülməyində qanlı-qanlı giryələr56
Hər müsəlman könlünü məhzun57 edər.
Qəm sənə ol qədr təsir eyləmiş,
Giryəni hüznün gilovgir eyləmiş.
Bir acı gülmək olub ondan əyan,
Kəsrəti58-alamını eylər bəyan.
Şeirdə tərhi-növ icad eylədin,
Qoqolu, Hüqoları yad eylədin.
İqtidari-şairanən faşdır,
Sən günəşsən, hasidin59 xəffaşdır60.
Etmərəm qaib61 səvadi-naməni,
Ruhbəxş asari-növki-xaməni62.
Xatirim şeirinlə şirinkamdır,
Layiqi-təqdiri-xassü amdır63.
Tərzü üslubi-bəyanım sadədir,
Cəzbi-qəlb etməkliyə amadədir64.
Xasdır bu şiveyi-rövşən sənə,
Mərhəbalar, Sabirim, əhsən sənə!
Ey mücəssəm duyğu, ey ülvi bəşər,
Ey çamurluq içrə düşmüş saf zər.
Tənü lən65 eylərsə hər nadan sənə,
Ya müsaid olmasa dövran sənə.
Qəm yemə, təxfif66 ver alamına,
Az çəkər, heykəl yaparlar namına.
Sabir! Ey sən sevimli şairimiz,
Müqtədir, duzlu sözlü Sabirimiz!
Necə qan olmasın sınıq könlüm?
Səni çox tez ayırdı bizdən ölüm!
Yox, yox, əsla sən ölmədin, dirisən,
Ən böyük qəhrəmanların birisən.
Qələminlə, dilinlə, halın ilə,
Köhnələnməz şirin məqalın ilə,
Süngülər açmayan yolu açdın,
Qələmindən cəvahirat saçdın.
Zülmü, cəhli, təəssübü yıxdın,
Ucalıb ərşi-davərə67 çıxdın.
Çəkdin islam yolunda çox zəhmət,
Sən özünçün yaşamadın heç vəqt.
Ağladın millət üçün illərlə,
Acı gülməklə, dadlı dillərlə.
Göstərib çareyi-nicatımızı68,
Nəzm qıldın nəvaqisatımızı69.
Sevə-sevə bizə oxutdurdun,
Xeyli bidətləri70 unutdurdun.
Heyif kim, vermədi sənə qiymət,
Qəlbdən aşiq olduğun millət.
Artdı gündən-günə qəmü-kədərin,
Şişdi, axır vərəmlədi cigərin.
Kədərin toplanıb qübar oldu.
Nazənin cisminə məzar oldu.
Uyu rahət hüzuri-vicdanla,
Mən də ayati-paki-Quranla
Sənə təzim edib səlam edərəm,
Daima ərzi-ehtiram edərəm!
Könlümün sevgili məhbubu71 mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş vətənim nəşvü-nüma72.
Vətənim verdi mənə nanü73 nəmək74,
Vətəni, məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub,
Saxlaram gözlərim üstə onu mən.
Ölərəm, əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən – əcdadımızın mədfənidir75.
Vətən – övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz.
Olsa, ol şəxsdə vicdan olmaz.
Qafqaz qitəsidir mənim vətənim,
Simürğün sayəsində məskənim.
O məmləkətdə mən vücudə gəldim,
Xalqıma qarşı sücudə78 gəldim.
O yerdə kim, qara quşu, tərlanı –
Adlanmışdır Qaf dağının sultanı.
O yerdə kim, vardır qalın ormanlar,
Dağlarında gəzir vəhşi ceyranlar.
O yerdə kim, göyün üzü şəffafdır,
Çeşmələri qayət sərindir, safdır.
Səfalıdır lətif abü havası,
Ürək açar lacivərdi səması.
Buludlara dəyir uca dağları,
Cənnət guşəsidir gözəl bağları.
Çöllərində bitər əlvan çiçəklər,
Fərəhlənir bütün tutqun ürəklər.
Övladları qeyrətlidir, damarlı,
Şücaətli, hünərli, etibarlı.
Meyvəlidir ormanında ağaclar.
Şaqqıldayır qırqovullar, turaclar.
Cəh-cəh vurar çəməndə bülbülləri,
Meh əsdikcə ətir saçar gülləri.
O yerdə kim, həmişə sərvü şümşad.
Səbzü79 xürrəm yaşar xəzandan azad.
Hər küncündə bir cür xəzinə yatmış,
Torpağını xaliq qızıl yaratmış,
Camedir hər cürə lətafətləri,
Tamam etmiş həqq80 onda nemətləri.
Gözəl torpaq, gözəl ölkə, gözəl yer!
Dünya üzrə bimislü bibədəl yer!
Bu cür gözəl məmləkəti kim sevməz?
Bunca firavan neməti kim sevməz?
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm.
İştə bir ayineyi-süni81 xuda,
İştə, bir dahiyeyi-əqlü zəka.
İşdə bir tifləki-məsumsifat,
İştə, bir kudəki82-şirinhərəkat.
Olmuş elmü ədəbə çox mail,
Bir zaman dərsdən olmaz qafil.
Hər sabah uykudan olcaq bidar.
Dərsi-duşinəsin eylər təkrar.
Geyinib məktəbinin formasını,
Zivəri-duş eləyir çantasını.
İstəyir yaxşı bilə elmi-hesab,
Cəhd edir öyrənə tarixi-kitab.
Gecə-gündüz çalışır mərdanə,
İstəyir sibqət83 edə əqranə84.
Bütün əfalı85 təalipərvər86.
Bütün amalı məaliküstər,
Könlünün arizuyi-yektası
Vətənü millətinin əhyası.
Fikrü zikri bütün əhraranə87,
Lövheyi-sinəsi məsumanə.
Hər sabah gün ki saçar aləmə nur,
Danədən ötrü uçar cümlə tüyur90,
Quşlar ol dadlı civiltilə oxur.
Aç gözün uyğudan, ey tifli-qəyur91.
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!
Gün çıxıb dağü daşa nur səpər,
Hamı dünyada çalışmağı sevər,
Hərə bir səmtə gedər əhli-hünər.
Ana övladına şəfqətlə deyər:
– Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!
Yanaşar bəstəri92-ətfala ana,
Uyqudan yavrusu istər oyana,
Əyilər ta üzü-üzə dayana,
Çox yavaşca söyləyər onda ona:
– Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!
O gözəl, sevməli, ol nurlu bəbək,
Uyqusundan oyanar əsnəyərək,
Didə məxmur93, özü misli-mələk,
Madəri94 onda edər böylə dilək:
– Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!
Ayıl, oğlum, bu qədər eyləmə xab95,
Dur götür qoltuğuna indi kitab.
Məktəbin vaxtı keçir, eylə şitab96,
Cəhd elə, elm oxu həngami-şəbab97,
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!
Cücələrim birər-birər,
Suyu görüb yavuq98 gələr,
İçər, gedər eşələnər.
Yeyər, içər cücələrim,
Doyub qaçar cücələrim.
Cücələrim lümək-lümək99,
Qanadları gödək-gödək,
Yem axtarar, tapar yemək,
Yeyər, içər cücələrim,
Doyub qaçar cücələrim.
Gecə dönəndə gündüzə
Cücələrim gəzə-gəzə,
Səhər hindən qaçar düzə.
Yeyər, içər cücələrim,
Doyub qaçar cücələrim.
Cücələrim bəzəklidir,
Bəzəklidir, düzəklidir,
Sarı, çil-çil, hər rənglidir.
Yeyər, içər cücələrim,
Doyub qaçar cücələrim.
Bir qarının bir xoruzu var idi,
Hər gün obaşdandan o banlar idi.
Sübh çox ertə oyanardı qarı,
Durğuzar idi hamı xidmətkarı.
İnciyib axırda o qulluqçular,
O xoruzu öldürübən atdılar,
Ta ki kəsilsin səsi, asudəcə,
Bəlkə, doyunca yatalar hər gecə.
Çünki qarı bildi bu keyfiyyəti,
Özgə sayaq oldu onun niyyəti.
Sonra gecə olmamış ikən yarı,
Onları bir-bir oyadardı qarı.
Bir it ağzında bir sümüklə səhər
Su kənarından eyləyirdi güzər.
Suda öz kölgəsin görüb o zaman,
Sandı bir özgə itdir ol heyvan.
Sümüyü atdı tez o, bir yanə,
Suya vurdu özün hərisanə,
O iti ta ki qorxuya salsın,
Bəlkə, ağzındakı əti alsın.
Tapmadı bir şey, oldu çox qəmgin,
Həm itirdi nahaq yerə xörəyin.
Kölgəyə uyma, hirsü qəflətdən –
Ta əlin çıxmasın həqiqətdən.
Ay dədə, dur get, mənə çox şeylər al!
Bir dənə çanta, bir-iki dəftər al!
Mən dayım oğluyla gəlirdim bayaq,
Gördüm, o məktəbdə oxur çox uşaq.
Durdum ora pəncərədən baxmağa,
Dərslərinə azca qulaq asmağa.
Dərsləri yetdikdə, dədə, axirə,
Oxudular elliyi birdən-birə.
Hamısının yaxşı tuturdu səsi,
Hər kim ola görsə, düşər həvəsi.
Çöldə məni gördü müəllimləri,
Tutdu, apardı özü lap içəri.
Xeyli danışdırdı, məni dinlədi,
Sonra nəvazişlə mənə söylədi:
– De, səni göndərsin atan məktəbə,
Elm oxuyub ta yetəsən mətləbə.
A quşcuğazlar, nə yaraşıqlısız,
Can kimi bəslənməyə layiqlisiz.
Nədir o istəkli, o heyran baxış,
Nə dadlı cik-cik, nə gözəl çırpınış!
Birdən ucaldı niyə cik-cikləriz,
Pəh-pəh, açılmış sarı dimdikləriz.
A bəxtəvərlər, ananız gəldimi?
Qondu yuva üstünə, dincəldimi?
Görcək onu səslənməyə başladız,
Civiltilərlə əcəb alqışladız.
Yem gətirib yoxsa sizə verməyə,
Ya ki gəlib bir quru dindirməyə?
О проекте
О подписке
Другие проекты