Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı:
− Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O, anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Qara Balıq anasının bircəsi idi.
Bir neçə gün idi fikrə dalır, az danışırdı. Könülsüz və tənbəl-tənbəl otərəf-butərəfə gedir, geri qayıdırdı. Çox vaxt anasından xeyli geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki, balasının, sadəcə, kefi yoxdur, bu kefsizlik tezliklə keçib-gedəcəkdir. Lakin… Demə, Balaca Balığın dərdi var imiş…
Bir gün səhər tezdən, günəş doğmamış, Balaca Balıq anasını yuxudan oyadıb:
− Anacan, − dedi, − sənə bir neçə kəlmə sözüm var.
− Eh, sən də vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çıxaq, − deyə Ana Balıq gözlərini ovuşdurdu və əsnədi.
− Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək burdan gedəm, − deyə Balaca Balıq etiraz etdi.
Anası heyrətlə ona baxıb soruşdu:
− Doğrudan, getmək istəyirsən?
− Bəli, anacan, hökmən getməliyəm!
− Axı bu alaqaranlıqda hara getmək istəyirsən?
− İstəyirəm, gedim görüm, arx harada qurtarır. Bilirsənmi, anacan, uzun müddətdir fikirləşirəm, görəsən, arx harada qurtarır? Lakin indiyə qədər bir nəticəyə gələ bilməmişəm. Dünən gecədən gözümü yummayıb hər şeyi götür-qoy etmişəm. Belə qərara gəlmişəm ki, özüm gedib arxın qurtaracağını tapım. Bilmək istəyirəm başqa yerlərdə nə var, nə yox…
− Mən də uşaq olanda belə fikirlərə düşmüşəm, bala can! Arxın nə əvvəli var, nə sonu. Elə gördüyün nə varsa odur. Arx həmişə axır və qurtarmır.
− Yox, anacan, belə deyil. Hər şeyin bir sonu var; məsələn, gecə sona çatır, həftə, ay, il… Məgər bunların sonu olmur?
Balaca Qara Balığın qızışdığını və dil ağıza qoymayıb danışdığını görən Ana Balıq dedi:
− Boş sözləri bir kənara qoy, dur gəzməyə çıxaq. İndi danışmaq yox, gəzib-dolanmaq vaxtıdır.
− Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Burdan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən elə bilərsən bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm; məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boş-boşuna keçirdiklərindən gileylənir. Daim ah-uf edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm həyat elə bir qarış yerdə oyan-buyana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünyalar da mövcuddur?
− Balaca, dəli olubsan? Dünya! Dünya! O başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadır ki, biz yaşayırıq, həyat da elə gördüyün yaşayışdan ibarətdir!
Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı:
− Qonşu, − dedi, − uşaqla nəyin üstündə belə höcətləşirsən? Deyəsən, bu gün gəzmək fikriniz yoxdur?
Ana Balıq qonşunun səsini eşidib cavab verdi:
− Gör zəmanə necə dəyişib?! Uşaqlar öz analarına cip-cip öyrətməyə başlayıblar.
− Necə məgər? − deyə qonşu iri Balıq soruşdu.
− Gör bu cırtdan haralara getmək istəyir?! Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur? Nə bilim, axmaq-axmaq sözlər!
Qonşu iri Balıq:
− Balaca, − dedi, − de görüm sən nə vaxtdan belə filosof və alim olubsan ki, bizim xəbərimiz yoxdur?
Balaca Balıq dedi:
− Xanım, mən bilmirəm siz alim, filosof nəyə deyirsiniz? Hər gün təkrar olunan cansıxıcı gəzintilərdən cana doymuşam. Daha bu yorucu həyatı davam etdirmək istəmirəm. İstəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocalmışam, özü də göz-qulaqları bağlı balıqlar kimi qalmışam.
Qonşu Balıq:
− Vay, − dedi, − gör bir nələr danışır?!
Ana Balıq dilləndi:
− Heç düşünməzdim ki, vur-tut bircə uşağım ola, o da belə çıxa! Bilmirəm, balamın qulağını kim doldurub…
Balaca Balıq dedi:
− Heç kəs mənim qulağımı doldurmayıb. Anlamaq üçün mənim özümün ağlım, görmək üçün gözüm var!
Qonşu Balıq Balaca Balığın anasına dedi:
− Bacı, o pıç-pıç danışan İlbiz yadındadırmı?
− Yaxşı yadıma saldın, yadımdadır! Tez-tez uşağımın yanına gələrdi. Görüm onu gorbagor olsun!
Balaca Balıq dedi:
− Bəsdir, ana! O mənim dostum idi!
− Balıqla İlbizin dostluğunu eşitməmişdik, bunu da eşitdik!
Balaca Balıq:
− Mən də balıqla İlbizin düşmənçiliyini eşitməmişdim! Fəqət siz o biçarənin başını yediniz! − dedi.
Qonşu dilləndi:
− Bu, keçmişin söhbətidir.
− Keçmişi siz özünüz yada saldınız!
Anası dedi:
− Elə ölməli idi! Məgər oturub-durub nələr danışdıqları yadından çıxıb?!
− Onda məni də öldürün! Çünki mən də onun dediklərini deyirəm, − deyə Balaca Balıq gileyləndi.
Axır ki, nə başınızı ağrıdım, səs-küyün sədası başqa balıqları da oraya çəkib gətirdi. Balaca Balığın sözləri hamını əsəbiləşdirmişdi. Qoca balıqlar bir-bir söhbətə qarışıb Balaca Balığa acıqlandılar:
− Elə düşünürsən ki, sənə rəhm edərik?!
− Bir qulaqburması bəsdir!
Balaca Qara Balığın anası onlara üz vermədi:
− Kənara çəkilin! Uşağa toxunmayın!
Bu zaman balıqlardan bir başqası Balaca Balığın anasına dedi:
− Xanım, uşağa lazımi tərbiyə vermədiyin üçün əzab çəkməlisən!
Qonşu Balıq sözə başladı:
− Sizinlə qonşu olduğuma görə xəcalət çəkirəm!
Başqa bir balıq dilləndi:
− Nə qədər ki bu məlunun işi… Göndərək qoca İlbizin yanına.
Balıqlar Balaca Balığı tutmaq istədilər. Dostları onu təhlükədən uzaqlaşdırdılar. Anası baş-gözünə döyür, ağlayır və deyirdi:
− Allah, sən saxla! Uşağım əlimdən gedir. Nə edim? Başıma haranın daşını töküm?
Balaca Balıq dedi:
− Anacan, mənim üçün ağlama, geridə qalmış bu qoca balıqların halına ağla.
Balıqlar yerbəyerdən çığırdılar:
− Təhqir eləmə!
− Get! Sonra peşman olsan, daha bizdən incimə!
− Bunlar cavanlıq əlamətidir. Getmə!
− Buraların nəyi pisdir?!
− Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir. Qayıt!
− Ağlını başına yığıb getməkdən imtina etsən, onda bilərik ki, doğrudan da, başa düşən bir balıqsan!
− Biz sənə öyrəşmişik, getmə!
Ana Balıq doluxsunaraq dilləndi:
− Mənə rəhmin gəlsin, bala! Getmə! Getmə!
Balaca Balıq onların dediklərinə etina etmədən uzaqlaşdı. Yaşıdlarından bir neçəsi onu arxın gölməçəyə tökülən yerinə qədər ötürüb geri döndü. Balaca Balıq dostlarından ayrılarkən dedi:
− Görüşənə qədər, dostlar! Məni unutmayın!
Dostlar:
− Heç unudarıqmı? Sən bizi qəflət yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin ki, heç yuxumuza da girməzdi. Görüşənə qədər, ağıllı və cəsur dost! − dedilər.
Balaca Balıq şırrannan aşağı sürüşüb arxa nisbətən suyu çox olan gölməçəyə düşdü. Əvvəlcə özünü itirdi. Sonra üzməyə və gölməçədə dolaşmağa başladı. Balaca Balıq bu vaxtadək bu qədər suyun bir yerə yığışdığını görməmişdi. Suda minlərlə çömçəquyruq gəzişirdi. Balaca Balığı görən kimi onu məsxərəyə qoydular:
− Bir bunun təhər-tövrünə bax! Sən nə məxluqsan?!
Balaca Balıq ani olaraq fikirləşib:
− Xahiş edirəm, təhqirə keçməyin, − dedi, − mənim adım Balaca Balıqdır. Siz də adınızı deyin, tanış olaq!
Onlardan biri dedi:
− Biz bir-birimizi "Çömçəquyruq" çağırırıq.
O biriləri yerbəyerdən dedilər:
− Əslimiz, nəcabətimiz var.
− Dünyada bizdən gözəli tapılmaz! Sənin kimi yöndəmsiz deyilik!
Balaca Balıq onlara belə cavab verdi:
− Sizin bu qədər özündənrazı olduğunuzu bilmirdim. Amma nadanlıq üzündən belə danışdığınız üçün sizi bağışlayıram.
Çömçəquyruqlar səsləndilər:
− Deməli, biz nadanıq?
− Nadan olmasaydınız, anlayardınız ki, hər kəsə öz təhər-tövrü xoşdur. Allaha şükür, sizin heç adınız da özünüzünkü deyil.
Çömçəquyruqlar əvvəl əsəbiləşdilər. Sonra Balaca Balığın haqlı olduğunu görüb sözlərini dəyişdilər.
− Sən özünü nahaq yerə yorursan, − dedilər, − biz səhərdən axşama qədər dünyanı gəzirik, lakin özümüzdən, ata-anamızdan, saysız-hesabsız balaca qurdlardan, böcəklərdən başqa heç kəsi görmürük.
Balaca Balıq soruşdu:
− Siz ki gölməçədən qırağa çıxa bilmirsiniz, dünyanı gəzib-dolanmaqdan necə dəm vura bilərsiniz?
Çömçəquyruqlar təəccübləndilər:
− Məgər gölməçədən başqa da özgə dünya var?
− Bəs necə? Özünüz fikirləşin, görün yaşadığınız su haradan axıb və sudan kənarda nələr var?
− Sudan qıraqda da yer olar? Biz indiyə qədər sudan başqa heç yeri görməmişik. Ha-ha-ha! Sən dəli olubsan, nədir?!
Balaca Qara Balığı da gülmək tutdu. Fikirləşdi ki, çömçəquyruqları başa salmadan çıxıb getsin. Sonra belə qərara gəldi ki,onların anaları ilə də bir-iki kəlmə danışsın:
− Ananız haradadır?
Bu zaman Qurbağanın gur səsi onu diksindirdi. Qurbağa gölməçənin qırağındakı, iri daşın üstündə oturmuşdu. Suya baş vurdu, gəlib Balığın qarşısında dayandı:
− Mən buradayam, − dedi, − qulluq?!
− Möhtərəm xanım, salam!
− Ey əsil-nəcabətsiz vücud! Nə əllaməlik edirsən? Bunları uşaq görüb axmaq-axmaq danışırsan? Bir belə ömür eləmişəm, görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir. Yaxşı olar ki, işinin dalısınca gedəsən, mənim uşaqlarımı yoldan çıxarmayasan.
− Yuz il də ömür eləsən, yenə geri qalmış, nadan Qurbağa kimi qalacaqsan!
Qurbağa hirsləndi və Balaca Qara Balığın üstünə cumdu. Bu zaman gölməçənin dibi bir-birinə qarışdı. Balaca Balıq aldığı təkandan dığırlandı, özünü dərədən axan enli arxda gördü. Dərə əyri-üyrü idi. Dağın başından baxanda dərənin suyunu enli, ağ ipə oxşatmaq olardı. Dərənin bir yerində dağdan qopub arxa düşmüş iri bir daş suyu iki yerə bölürdü. İri bir kərtənkələ də qarnını daşa söykəmişdi. Günəşin hərarətindən ləzzət alır, suyun təkində ovladığı qurbağanı yeyən iri, yumru xərçəngə tamaşa edirdi. Elə bu an oradan üzüb keçmək istəyən Balaca Balığın gözləri xərçəngə sataşdı. O, bərk qorxdu və uzaqdan xərçəngə salam verdi. Xərçəng Balaca Balığı görüncə:
− Nə ədəbli Balıqsan, − dedi, − gəl qabağa. Balaca, gabağa gəl!
Balaca Balıq:
− Mən dünyanı gəzməyə gedirəm, − deyə Xərçəngə cavab verdi, − cənabınızın yeminə çevrilmək istəmirəm!
− Niyə belə bədbinsən, qorxaqsan, Balaca Balıq?
− Nə bədbinəm, nə də qorxaq. Gördüklərimi deyirəm.
− Çox yaxşı, indi de görüm gözlərin nə gördü və ağlın nə kəsdi ki, səni ovlayacağımı xəyala gətirdin?
− Özünü bilməzliyə vurma!
− Bilirəm, Qurbağanın hərəkətlərinə işarə edirsən. Lap uşaqsanmış ki, baba! Qurbağalarla aram olmadığı üçün onları ovlayıram. Onlar elə xəyal edirlər ki, dünyanın yeganə məxluqlarıdır və hamıdan xoşbəxtdirlər. İstəyirəm onları başa salam ki, dünya kimin əlindədir. Sən isə qorxma, qadası! Gəl qabağa. Qorxma, gəl!
Xərçəng bu sözləri deyib yanlarını basa-basa Balaca Balığa sarı yeridi. Xərçəng elə gülməli yeriyirdi ki, Balığı özündən asılı olmayaraq gülmək tutdu.
− Ay yazıq, − dedi, − sən heç yeriməyi də bacarmırsan. Haradan bilirsən dünya kimin əlindədir?!
Balaca Balıq Xərçəngdən aralandı. Bu zaman suyun üzərinə kölgə düşdü. Gözlənilməz zərbədən xərçəng səndələyə-səndələyə suyun dibinə batdı. Xərçəngin bu halını görən Kərtənkələni gülmək elə tutdu ki, az qaldı sürüşüb suya düşsün. Xərçəng isə artıq suyun üzünə çıxa bilmədi.
Balaca Balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb, ona və Xərçəngə tamaşa edir. Qoyun-keçi sürüsü də suya yaxınlaşdı. "Mə-ə! Bə-ə!" səsləri dərəni başına götürdü.
Balaca Balıq sürü su içib qurtarana qədər gözlədi. Sürü gedəndən sonra kərtənkələni səsləyib:
− Kərtənkələcan, − dedi, − mən arxın qurtaracağını axtarmağa gedən Balaca Qara Balığam. Sən bilikli, zəkalı heyvansan. Buna görə də səndən bəzi şeylər soruşmaq istəyirəm.
− Xətrin hər nə istəyir, soruş.
− Yolda məni Nərə balıqla, Saqqa quşu ilə, Balıqudan quşla çox qorxudublar. Bunlar haqqında bir şey bilirsənsə, mənə de!
Kərtənkələ dedi:
− Nərə balıqlar və Balıqudanlar bu tərəflərdə tapılmazlar. Xüsusilə Nərə balıqlar. Çünki onlar dənizdə yaşayır. Lakin Saqqa quşuna elə bu həndəvərdə rast gəlmək olar. Çalış aldanıb kisəsinin içərisinə girməyəsən.
− Kisə nədir? − Balaca Balıq onun sözünü kəsib soruşdu.
− Saqqa quşunun boğazının altında xeyli sututan kisə var. Bəzən təcrübəsiz, xam balıqlar suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Saqqa quşu tox olanda balıqları kisəsində ehtiyat saxlayır.
− Deməli, onun qarnına gedəndən sonra xilas olmaq üçün çarə yolu yoxdur?
− Yoxdur. Kisəni parçalamaqdan başqa heç bir yol yoxdur. Sənə bir xəncər verərəm. Saqqa quşunun çənginə düşəndə dediyim kimi edərsən.
Kərtənkələ qayadakı yarığa sürünüb xəncərlə qayıtdı. Balaca Balıq xəncəri alıb dedi:
− Kərtənkələ, sən çox mehribansan, bilmirəm sənə necə təşəkkür edim?
− Canım, təşəkkür nəyə lazımdır, mənim belə xəncərim çoxdur, sənin kimi ağıllı balıqlara bağışlayıram.
− Məgər məndən əvvəl də buradan keçən olub?
− Çoxları keçib. İndi onlar özləri üçün böyük dəstə düzəldiblər…
Kərtənkələ bunları deyib qulağını daşdakı yarığa dayadı:
− Di sağ ol, − dedi, − balalarım yuxudan ayıldığı üçün getməliyəm.
Kərtənkələ yarığa girdi. Balaca Balıq isə çarəsiz qalıb yola düşdü. Hey öz-özünə sual verirdi: "Doğrudanmı, arx dənizə tökülür? Saqqa quşunun gücü elə mənə çatsın?! Balıqudan quşun bizimlə nə düşmənçiliyi var?"
Balaca Balıq üzə-üzə gedir və fikirləşirdi. Yolboyu təzə şeylər görür, öyrənirdi. Şəlalənin başı üstə axmasından həzz alır, yenidən üzürdü. Kürəyində günəşin hərarətini hiss edir və möhkəmlənirdi.
O, sonra elə bir yerə çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından axıb gedirdi. Balaca Balıq suyun çoxalmasından ləzzət alırdı. Xeyli gedəndən sonra o, çoxlu balığa rast gəldi. Anasından ayrılandan bəri balıq görməmişdi. Bir neçə Rizə balıq onu dövrəyə aldı və soruşdu:
− Elə bil qəribsiniz?
− Bəli, qəribəm. Uzaq yerdən gəlirəm.
Rizə balıqlar dedilər:
− Hara getmək fikrindəsən?
− Arxın qurtardığı yeri tapmağa gedirəm.
− Hansı arxın?
− İçində üzdüyüm arxın.
− Biz buna arx yox, çay deyirik.
Balaca Qara Balıq heç nə demədi. Rizə balıqlardan biri dilləndi:
− Xəbərin var ki, Saqqa quşu yolu kəsib?
− Xəbərim var, bilirəm…
Başqa bir Rizə balıq soruşdu:
− Onu da bilirsən ki, Saqqa quşunun nə geniş kisəsi var?
− Onu da bilirəm.
− Bunları bilə-bilə yenə getmək fikrindəsən?
− Bəli, bütün bunları bilirəm və getməliyəm.
Balıqlar arasında səs yayıldı ki, uzaq yollardan gəlmiş Balaca Qara Balıq çayın qurtaracağını tapmaq istəyir və Saqqa quşundan da qorxmur.
Rizə balıqlardan bir neçəsi Balaca Qara Balıqla getmək istədi, lakin böyüklərin qorxusundan səslərini çıxarmadılar. Hətta onların bir neçəsi Balaca Qara Balığa yanaşıb qımıldandı.
− Saqqa quşu olmasaydı, biz də səninlə gedərdik…
Çayın qırağında bir kənd vardı. Kəndin qadınları və qızları çayın içində qab-qacaq və paltar yuyurdular. Balaca Balıq onların səs-küyünə bir xeyli qulaq asdı və uşaqların islanmış bədənlərinə tamaşa etdi, sonra yola düzəldi. O qədər getdi ki, axşam oldu. Balaca bir daşın altına girib yatdı. Gecəyarı ayıldı və gördü ki, Ay suya düşüb, hər yeri işıqlandırır.
Balaca Balıq Ayı çox istəyirdi. Gecələr Ay suya düşəndə yuvadan çıxıb onunla bir neçə kəlmə danışmaq həsrətində idi. Lakin hər dəfə anası ayılıb onu yuvasına dartar və yenidən yatırdardı. Bu dəfə Balaca Balıq Ayın qarşısına çıxdı:
− Salam, ey mənim göyçək Ayım!
Ay da Balaca Qara Balığı mehribanlıqla qarşıladı:
− Salam, mənim Balaca Qara Balığım! Sən hara, bura hara?
− Dünyanı səyahətə çıxmışam.
− Dünya çox böyükdür, sən hər yeri gəzə bilməzsən.
− Eybi yoxdur, bacardığım yerə qədər gedəcəyəm.
− Ürəyim çox istəyirdi ki, səhərə qədər yanında qalam, lakin böyük bir qara bulud mənə tərəf gəlir. Qorxuram işığımın qarşısını kəsə.
На этой странице вы можете прочитать онлайн книгу «Hekayələr», автора Самеда Бехранги. Данная книга имеет возрастное ограничение 12+, относится к жанрам: «Зарубежная классика», «Детская проза». Произведение затрагивает такие темы, как «детская литература», «азербайджанская литература». Книга «Hekayələr» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты
