Читать книгу «Çalıquşu» онлайн полностью📖 — Решада Нури Гюнтекина — MyBook.
cover

Rəşad Nuri Güntəkin
Çalıquşu

BİRİNCİ HİSSƏ

B…, sentyabr, 19… il

Dördüncü sinifdə idim. Yaşım on iki olardı. Fransızca müəlliməmiz Aleksi bacı bir gün yazı dərsi verib demişdi: «Həyatdakı ilk xatirələrinizi yazmağa çalışın. Görək nələr tapacaqsınız. Bu, sizin xəyalınız üçün gözəl bir məşq olar».

Heç unutmaram: dəcəlliyimdən, çərənçiliyimdən bezmiş olan mürəbbi bacılar o sinifdə məni yoldaşlarımdan ayırıb bir küncdə, təkadamlıq, kiçik skamyada oturtmuşdular.

Müdirə xanımın söylədiyinə görə, «dərs əsnasında yoldaşlarımla çərənçilik etməyib, müəlliməmi ağıllı-başlı dinləməyi öyrənənə qədər» orada sürgündə qalacaqdım.

Bir yanımda yekə bir taxta dirək vardı. Bu dirək elə uzundraz və dözümlü bir qonşuya bənzəyirdi ki, hər nə etsən, onu hövsələdən çıxarmaq mümkün deyildi. Mən hərdənbir bıçağımın ucu ilə onun ora-burasını kəsib cızırdımsa da, o, bütün bunlara möhkəm bir təmkinlə dözüb səssiz-sədasız dururdu.

O biri yanımda taxta qapıları heç açılmayan uzun bir pəncərə vardı. Bu pəncərə elə bil monastır tərbiyəsinin tələb etdiyi sərin və qəmgin bir alaqaranlıq əmələ gətirmək üçün qayrılmışdı. Mən mühüm bir şey kəşf etmişdim: köksümü skamyaya dirəyib çənəmi bir az yuxarı qaldırdıqda, pəncərənin qapısı arasından göyün bir parçası və böyük bir akasiya ağacının yarpaqları içindən bir mənzilin pəncərəsi ilə balkon məhəccəri görünürdü.

Sözün düzü, bu mənzərə heç də xoşa gələn bir şey deyildi. Pəncərə həmişə örtülü olardı, balkon məhəccərinə çox vaxt xırdaca bir uşaq döşəkcəsi ilə yorğan asılardı.

Ancaq mən hələ bundan da xoşlanardım.

Dərs əsnasında əllərimi çənəmin altında birləşdirib, gözlərimi pəncərənin arasından görünən əsl göyə zillərdim. Yəqin ki, mənim bu vəziyyətim müəllimə bacıların ürəyindəndi. Onlar mənim ağıllanmağa başladığımı güman edib sevinərdilər. Mən isə onların bizdən gizlətmək istədikləri həyatı seyr edərdim. Beləliklə, onları aldadıb, ləzzətlə intiqam alardım.

Aleksi bacı izahatını qurtarandan sonra bizə yazı yazmağı tapşırdı.

Qabaq cərgələrin bəzəyi olan təmkinli sinif əlaçıları o saat işə girişdilər. Mən onların yanında olmaya-olmaya nə yazdıqlarını bilirdim. Sanki onların çiyinləri üstündən boylanıb yazdıqlarını oxumuşdum. Onlar, yəqin ki, bu sayaq şairanə yalanlar uydurmuşdular: «İlk xatirəm budur ki, sevgili anacığım qızıl kimi sarısaçlı başını kiçik çarpayımın üzərinə əymişdir. Onun göy kimi mavi gözləri məhəbbətlə mənə baxıb gülümsəyir…»

Həqiqətdə onların anaları qızıl kimi sarışın saçlı və göy kimi mavi gözlü deyil, başqa cürə də ola bilərdilər. Amma bizim müəllimə bacılardan dərs almış qızlar biçarə anaların saçlarını və gözlərini bu rənglərə boyamağa məcburdurlar. Bu, bizim üçün bir qayda idi.

O ki qaldı mənə, mən başqa cür uşaqdım. Anamı çox kiçik yaşlarımda itirmişdim. Yadımda o qədər də çox şey qalmamışdı. Amma hər halda yəqin bilirdim ki, onun saçları qızılı, gözləri isə mavi deyildi. Buna görə də, onu əslində olduğundan başqa cür qələmə verməyə və bəyəndirməyə heç bir qüvvə məni məcbur edə bilməzdi…

Məni fikir götürmüşdü. Nə yazacaqdım. Məryəm ananın divardakı rəngli şəklinin altından asılmış quqqulu saat durmadan işləyirdi. Amma mən hələ də dayanıb durmuşdum. Başımdakı lenti açdım, saçlarımı yavaş-yavaş gözlərimin üstünə endirməyə başladım.

Bir əlimlə də qələmi ağzıma soxub gəmirə-gəmirə dişlərimin arasında bururdum.

Filosofların, şairlərin yazı yazanda, burunlarını qaşımaq, çənələrinin dərisini çimdikləmək kimi qəribə-qəribə vərdişləri olduğunu eşitmişdim… Qələmi dişləmək və saçlarımı gözlərimin üstünə dağıtmaq da mənim dərin düşüncələrə daldığıma bir əlamətdi.

Yaxşı ki, mən belə dərin düşüncələrə çox tez-tez dalmırdım. Yoxsa həyatım nağıllardakı məşhur çərşənbə qarısı və ocaq anasının1 həyatı kimi qaranlıqda keçərdi və mən dünyanı bu qarmaqarışıq saç yığını içindən görərdim.

Aradan illər ötdü. İndi yad bir şəhərdə, yad bir mehmanxana otağındayam. Bitib-tükənmək bilməyən uzun gecənin yalqızlığına dözmək üçün xatirələrimi yazmağa başlayıram. Yenə də uşaq vaxtı etdiyim kimi bir əlimlə saçlarımı çəkib gözlərimin üstünə tökməyə çalışıram.

Bunun səbəbinə gəlincə, elə güman edirəm ki, mən o vaxtlar ətrafdakı həyata həddindən artıq uyan yüngül və diqqətsiz bir uşaqdım. Yəqin ki, bərkə düşəndə tək qalıb öz-özlüyümdə fikirləşmək üçün, gözlərimlə dünya arasında öz saçlarımdan bir pərdə çəkməyə çalışırmışam.

O ki qaldı qələmin ucunu bir kabab şişi kimi ağzıma soxmağa, sözün düzü, onun mənasını özüm də yaxşı bilmirəm. Bütün bildiyim bundan ibarətdir ki, dodaqlarımdan göy mürəkkəb ləkələri heç əskik olmazdı. Yadımdadır ki, mən artıq yekə qız olanda bir gün məktəbdə məni görməyə gələn bir adamın qabağına elə bir halda çıxmışdım ki, guya özümə bığ çəkmişdim. Utandığımdan az qalmışdı ki, yerə girim.

Nədən danışırdım? Bəli… Aleksi bacının verdiyi «İlk xatirə» yazı dərsindən…

Yadımdadır ki, o gün çox fikirləşdim, ancaq belə bir şey yaza bildim:

«Mən, deyəsən balıq kimi göl içində doğulmuşam. Anam bir azca yadımdadır… Atam da, dayım da, əsgər xidmətçimiz Hüseyn də yadıma gəlir… Məni bir gün küçədə qovlayan xırdaca qara köpək də yadımdadır… Bir gün mən səbətdən gizlincə üzüm oğurlayanda barmağımı sancan arını da xatırlayıram… Gözüm ağrıyanda içinə damızdırılan qırmızı dərman da yadıma gəlir… Sevgili xidmətçimiz Hüseynlə bərabər İstanbula gəlişimiz… Bəli, bunlara bənzər bir çox şeylər yadıma gəlir… Amma bunların heç biri ilk xatirə deyil… Bunlar sevdiyim gölün içində iri yarpaqlar arasında çıl-çılpaq çapalamağım qədər köhnə xatirələr deyildir… Dediyim göl dəniz kimi ucsuz-bucaqsız bir göldü… İçində iri-iri yarpaqlar, dörd bir tərəfində ağaclar vardı… Deyəcəksiniz ki, əgər içində yarpaqlar, kənarında da böyük ağaclar vardırsa, bu göl bəs necə dəniz kimi böyük ola bilər? – Vallah, yalan demirəm, buna sizin kimi elə mən özüm də çaşıb qalmışam… Amma beləydi də, mən nə edim?»

Yazım sinifdə oxunanda bütün yoldaşlarım mənə sarı dönüb, qəhqəhə ilə gülüşdülər və yazıq Aleksi bacı onları sakitləşdirmək üçün xeyli əziyyət çəkməli oldu.

Qəribə burasıdır ki, qara paltarı, çubuq kimi nazik, uzun boynu, ağappaq yaxalığı, saray qadınlarının rübəndinə bənzəyən başlığı, sızanaqlı solğun üzü, nar çiçəyi kimi qırmızı dodaqları olan Aleksi bacı indi də qabağıma çıxsa və mənə həmin sualı versə, yəqin ki, o zaman verdiyim cavabdan başqa bir cavab tapa bilməyəcəyəm. Yenə də deyəcəyəm ki, mən balıq kimi elə göl içində doğulmuşdum.

Sonralar oradan-buradan öyrəndiyimə görə mənim dediyim göl Mosul tərəflərdə adı yadımdan çıxmış bir kəndin yaxınlığındadır. Mənim ucsuz-bucaqsız dəniz dediyim şey də qurumuş xırdaca irmağın ağaclar arasında qalmış bir ovuc suyundan başqa bir şey deyilmiş.

Atam o zaman Mosulda xidmət edirmiş. Yaşım iki yaş yarım imiş. Yay o qədər şiddətli keçirmiş ki, şəhərdə qalmaq mümkün deyilmiş. Atam məni anamla bərabər bu kəndə gətirməyə məcbur olubmuş. Özü hər səhər ata minib Mosula gedib, axşamlar, gün batandan sonra qayıdıb gələrmiş.

Anam xəstə imiş. Elə bərk xəstə imiş ki, mən heç yadına düşmürmüşəm.

Bir müddət mənə heç baxan olmayıb… Aylarca xidmətçilərin otağında özbaşına qalmışam. Sonra bir kənddə Fatma adında kimsəsiz bir ərəb qadını tapmışlar… Bu qadının körpəsi yenicə ölübmüş. Qadın məni öz südü ilə bəsləyib, meylini də mənə salıbmış…

İlk illərdə mən bir səhra uşağı kimi böyümüşəm. Fatma məni boğça kimi dalına bağlayıb, qızğın günəşin altında gəzdirərmiş. Mən dalında ola-ola xurma ağaclarının təpəsinə çıxarmış.

Həmin bu vaxtlar biz yuxarıda söylədiyim kəndə gəlibmişik. Fatma hər səhər bir az yeməli şey götürüb mənimlə bərabər bu ağaclığa gələr və məni çıl-çılpaq soyundurub, suya salarmış. Axşama qədər onunla süpürləşib boğuşa-boğuşa mahnı oxuyar, yeyib-içərmişik… Sonra yuxumuz gələndə, qumları komalayıb özümüzə yastıq düzəldər, bədənlərimiz suda, başlarımız quruda, qucaq-qucağa, yanaq-yanağa yatarmışıq…

Mən bu suların içində oynamağa o qədər öyrəşibmişəm ki, Mosula qayıtdıqdan sonra, dənizdən ayrı düşmüş bir balığa dönübmüşəm. Mən hey şıltaqlıq edər, fürsət tapan kimi əynimdəki pal-paltarı çıxarıb atar, çıl-çılpaq küçəyə qaçarmışam…

Fatmanın burnunda, yanaqlarında, biləklərində döymə bəzəklər vardı. Mən bunlara o qədər öyrəşmişdim ki, döyməsi olmayan üzlər mənə çirkin görünərdi. Mənim ilk böyük matəmim Fatmadan ayrılmağım olmuşdu. Biz bir çox yerlər gəzdikdən sonra axır Kərbəlaya gəlib çıxmışdıq. Mən dörd yaşında idim. Bu daha elə yaşdır ki, adam az-çox hər bir şeyi xatırlayır. Fatma üçün yaxşı bir ər tapılmışdı. Dayəmin gəlin olduğu, gərdəyə girdiyi gün lap gözümün önündədir. Üzləri Fatmanın üzü kimi döyməli olduğu üçün, mənə dünya gözəli görünən qadınlarla dolu bir evdə məni qucaqdan-qucağa gəzdirib, Fatmanın yanında oturtdular.

Yadımdadır ki, ortaya qoyulmuş sinilərdə əlimizlə qapışdıra-qapışdıra yemək yeyirdik. Nəhayət, mən yorulduğumdan, zınqırovlu dəflərlə səhəng biçimində olan dümbəklərin əmələ gətirdiyi səs-küydən başım hərləndiyindən, hələ axşamdan dayəmin dizi üstündə yatıb qalmışdım.

Oğlu Hüseyn Kərbəlada şəhid ediləndən Fatimə anamızın sağ olub-olmadığını bilmirəm. Amma yazıq arvad əgər o qara günü görübsə, yəqin ki, onun qopardığı fəryad məni toy sabahı oyanıb özümü yad bir qadının qucağında gördükdə, qopardığım fəryadın yanında heç nə olardı.

Sözün qısası, Kərbəla olandan bəri, zənnimcə, belə hay-küylü bir matəm görməmişdi. Çığırmaqdan səsim tutulandan sonra, böyük adamlar kimi aclıq elan etmişdim.

Dayəmin dərdini bir neçə ay sonra mənə Hüseyn adında bir süvari əsgəri unutdurdu. Hüseyn təlim əsasında atdan yıxılıb şikəst olmuş bir əsgərdi. Atam onu xidmətçi kimi evə gətirmişdi. Hüseyn dəlisov bir adamdı. Məni çox tez sevmişdi. Mən də dayəmə qarşı bağışlanmaz bir vəfasızlıqla, Hüseynin bu sevgisinə könlümü vermişdim. Doğrudur, Fatma ilə bir yerdə yatdığımız halda, Hüseynlə bir yerdə yatmırdıq, amma səhər tezdən, xoruzlarla bir vaxtda gözlərimi açan kimi, özümü onun otağına salıb, ayaqlarımı aşıraraq sinəsində oturardım, sanki ata minərdim, barmaqlarımla göz qapaqlarını açardım.

Fatma məni bağçalara, çöllərə öyrəşdirmişdirsə, Hüseyn də məni qışlaya, əsgərlərin içinə alışdırmışdı. Bu uzunbığlı, yekəpər adamın oyun icad etməkdəki məharətini mən heç kəsdə görməmişəm. Bu oyunların əsl gözəlliyi onların çox qorxulu, həyəcanlı olmasında idi. Məsələn, Hüseyn məni rezin bir top kimi havaya atıb-tutar, ya da qalpağının2 üstünə oturdub, ayaqlarımdan yapışar, atılıb-düşər, fır-fır fırlanardı. Mən, saçlarım bir-birinə qarışmış, gözlərim axa-axa, nəfəsim tıxana-tıxana qışqırmaqdan aldığım ləzzəti ondan sonra heç bir şeydə görməmişəm.

Hərdənbir qəza da olurdu. Amma Hüseynlə aramızda möhkəm bir müqavilə vardı. Oyunda bir yerim inciyəndə mən ağlamayacaq və heç kəsə şikayət etməyəcəkdim. Mən sözümə sədaqətli olmaqdan daha çox Hüseynin bir də mənimlə oynamayacağından qorxduğum üçün, böyük bir adam kimi sirr saxlamağa öyrəşmişdim. Uşaq vaxtı mənə deyərdilər ki, kobudam. Yəqin ki, haqları da varmış. Hər kəslə oynasaydım, onu incidib çığırdardım. Bu vərdiş hər halda Hüseynlə oynadığım oyunlardan qalmış bir yadigardı.

Həmçinin bərkə düşəndə, çox ah-uf etməyib fəlakəti gülər üzlə qarşılamağım da Hüseynin yadigarıdır.

Hüseyn bəzən qışlada anadolulu əsgərlərə saz çaldırar, məni yenə də səhəng kimi təpəsinə qoyub, qəribə oyunlar oynayardı.

Bir zaman da onunla at oğurluğuna qızışmışdıq. Atam evdə olmayanda, Hüseyn axurdan atı oğurlar, məni qucağına oturdub saatlarca çöllərdə gəzdirərdi. Ancaq bu əyləncəmiz uzun sürmədi. Babalı öz boynuna, amma yəqin ki, aşpaz qadın xəbərçilik edib bunu atama şeytanlamışdı. Yazıq Hüseyn atamdan iki sillə yedi və bir də ata yanaşmağa cəsarət etmədi.

Deyirlər ki, əsl məhəbbət dava-şavasız olmaz. Biz də Hüseynlə gündə ən azı dörd-beş dəfə dalaşardıq.

Mənim qəribə küsmək qaydam vardı. Otağın bir küncündə yerə çömbəlib üzümü divara çevirərdim. Hüseyn üç-dörd dəqiqə məni bu halda qoyduqdan sonra, halıma yanar, birdən-birə belimdən yapışıb, bağırda-bağırda havaya qaldırardı.

Bir az da qucağında şıltaqlıq etdikdən sonra, nəhayət, onun çənəsindən öpməyə razı olardım və barışardıq.

Hüseynlə yoldaşlığımız iki il sürdü. Ancaq o zamanın illəri indikilərə bənzəməzdi. O qədər uzun, o qədər uzun idi ki…

Uşaqlıq xatirələrimi danışanda, hey Fatmanı, Hüseyni yad etməyim bir az ayıb olmurmu?

Mənim atam Nizaməddin adında bir süvari minbaşısı idi. Anamla evləndiyi il, onu Diyarbəkirə göndəribmişlər, o gedən gedibmiş. Daha bir də İstanbula qayıtmayıbmış. Diyarbəkirdən Mosula, Mosuldan Hankına, ordan Bağdada, Kərbəlaya3 keçibmiş, heç yerdə bir ili axıra qədər qalmayıbmış…

Deyirlər ki, anam mənə bənzəyirmiş. Onun hələ atamla evləndiyi ildən qalma bir şəkli vardır ki, lap elə bil mənim şəklimdir. Amma yazıq qadın sağlamlıq cəhətindən mənim kimi deyilmiş. Çox zəifmiş. Onun bədəni bitib-tükənməyən səyahətlərə, dağların sərt havasına, çöllərin istisinə tab gətirə bilmirmiş. Yəqin ki, bir xəstəliyi də varmış. Ancaq yazıq qadın bütün evlilik həyatında bu xəstəliyi gizlətməyə çalışıbmış… Neyləsin, axı atamı çox sevirmiş. Qorxurmuş ki, onu zorla atamdan ayırarlar…

İstanbuldan getdikcə uzaqlaşan atam, hər dəfə yeni səfərə çıxanda anama deyərmiş:

– Gəl səni heç olmasa bir mövsümlüyə, iki aylığa ananın yanına göndərim. O yazıq da qocalmışdır… Yəqin səni çox görmək istəyir.

Ancaq anam az qala üzə durub deyirmiş:

– Şərtimizdə bu vardımı? İstanbula bərabər qayıtmayacaqdıqmı?..

Anam öz xəstəliyi üçün də belə deyirmiş:

– Məndə bir şey yoxdur… Bir az yorğunam… İki gün əvvəl hava bir az dəyişdi, ondan oldu, keçib gedər…

O, İstanbulu görmək istədiyini də atamdan gizlədirmiş… Ancaq bu, mümkündürmü?

Anam yatdıqdan sonra hələ iki dəqiqə keçməmiş atamı oyadıb, yuxuda Qələndərdəki yaylaq köşkümüzü, ətrafdakı qoruq meşəliyi, yaxud Bosfor boğazının sularını gördüyünü danışarmış… Bir neçə dəqiqəlik yuxuda bu qədər çox şey görmək, adamın o yerləri hər halda lap çox arzuladığını göstərmirmi?

Nənəm Sərəsgər qapısına4, saray məmurlarının evlərinə gedib, atamı İstanbula dəyişmək üçün ağlayıb-sızlayırmış. Ancaq bu yalvarmalar heç bir nəticə vermirmiş.

Nəhayət, anamın xəstəliyi şiddətlənəndə atam heç olmasa, onu İstanbula aparmaq üçün bir ay icazə istəyib, cavab gözləmədən yola düşübmüş.

Kəcavələr içində çölü keçməyimiz bugünkü kimi yadımdadır.

Beyrutda dəniz havası anamı bir az dirçəldən kimi olmuşdu. Qonaq olduğumuz evdə anam məni öz yatağında oturdub, saçlarımı darayıb, əllərimi kirli, düymələrimi düşmüş görəndə başını köksünə əyib ağlayırdı.

Anam bir gün lap ayağa qalxdı. Sandığından yeni paltarını çıxardıb bəzəndi. Axşamüstü atamı qarşılamaq üçün aşağı endik. Atam mənim yadımda bir az vəhşi təbiətli, sərt bir əsgər kimi qalmışdır. Ancaq anamı ayaq üstə görəndə, onun sevinib yüyürdüyünü, yeni ayaq açmış bir uşaq kimi anamın biləklərindən tutub ağladığını heç unuda bilmirəm…

Bu, bizim bir yerdə keçirdiyimiz axırıncı gün oldu. Ertəsi gün anamı açıq bir sandığın yanında, başı paltar boğçasının üstünə düşmüş, dodaqlarında qan ləkəsi olduğu halda ölmüş gördülər!

Altı yaşında uşaq bir çox şeyləri başa düşər. Ancaq mən nədənsə heç bir şey sezməmişdim. Olduğumuz ev çox tünlükdü. Bir çox günlər böyük bir bağçada uşaqlarla boğuşduğumuz, Hüseynlə bərabər küçələrdə, dəniz kənarlarında, məscid həyəti kimi hay-küylü yerlərdə gəzdiyimiz yadımdadır.

Anamı yad bir torpaqda dəfn etdikdən sonra, atam İstanbula qayıtmaq istəməyibmiş… Yəqin ki, bir az da nənəm və xalalarımla üz-üzə gəlməkdən çəkinirmiş. Ancaq bununla bərabər, məni onların yanına göndərməyi bir vəzifə bilibmiş. Bir də, təbii ki, gündən-günə böyüyən bir qız uşağının qışlada əsgərlər arasında tərbiyə etməyin imkansızlığını da düşünübmüş…

Məni İstanbula əsgər xidmətçimiz Hüseyn gətirdi.

Əla bir paroxodda, yöndəmsiz bir ərəb əsgərinin qucağında xırdaca bir qız uşağı… Bu mənzərə paroxoddakılardan bir çoxuna kim bilir nə qədər qəribə görünürdü. Ancaq bu səyahətə Hüseyndən başqa hər kəslə çıxsaydım, yəqin ki, bu qədər xoşbəxt ola bilməzdim.

Yaylaq köşkümüzün arxasındakı qoruq meşəlikdə bir daş hovuz, bu hovuzun kənarında qolları çiynindən qopmuş çılpaq bir uşaq heykəli vardır.

Gəldiyim ilk günlərdə günəş və rütubətdən qaralmış bu qırıq heykəl mənə şikəst bir ərəb uşağını xatırladırdı. Deyəsən payız idi, çünki hovuzun yaşılımtraq sularının üzü qızıl yarpaqlarla örtülmüşdü. Bu yarpaqlara tamaşa edəndə, suda bir neçə qırmızı balığın üzdüyünü gördüm, nənəmin min zəhmətlə bəzəyib naxışladığı üst köynəyim və yeni çəkmələrimlə hovuzun içinə atıldım.

Ətrafda yaman hay-küy qopdu. Başıma nə gəldiyini anlamağa macal tapmamış, xalalarım məni qucaqlarına alaraq yuxarı apardılar. Bir yandan öpüb bir yandan danlayaraq, üst-başımı dəyişdirirdilər.

Bu hay-küy və çaxnaşmadan gözüm qorxduğu üçün, daha hovuza girməyə cəsarət etmirdim, kənardakı çınqılların üzərinə üzüqoylu uzanaraq başımı suya sallayırdım.

Bir gün yenə bu vəziyyətdə balıqlara tamaşa edirdim. Hər şey bugünkü kimi gözümün önündədir. Məndən bir az arxada nənəm bağça skamyasında oturmuşdu. Həmişəki kimi şalı yenə çiynində idi. Hüseyn namaz qılırmış kimi, onun yanında diz çökmüşdü.

На этой странице вы можете прочитать онлайн книгу «Çalıquşu», автора Решада Нури Гюнтекина. Данная книга имеет возрастное ограничение 16+, относится к жанру «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «реализм», «женская судьба». Книга «Çalıquşu» была издана в 2022 году. Приятного чтения!