Читать книгу «Makedoniyalı İsgəndər» онлайн полностью📖 — Питера Грина — MyBook.
image
cover

Piter Qrin
Makedoniyalı İsgəndər

Çox yaşayıb şöhrətə çatmamaqdansa, az yaşayıb şöhrətə çatmağı üstün tutardım.

Makedoniyalı İsgəndər

I FƏSİL

Makedoniyalı Filip

Miladdan öncə 356-cı ilin sentyabrında Makedoniyanın paytaxtı Pella şəhərindən bir çapar hökmdara təcili xəbər çatdırmaq üçün yola düşdü. Makedoniya ordusu həmin vaxt Potideya şəhərində idi. Çapar tələsirdi, çünki keçmiş səltənət naibi, indi isə özünü hökmdar elan etmiş Amintanın oğlu Filipin astagəllikdən xoşlanmadığını bilirdi. Əgər çapar hökmdarı üzdən tanımasaydı, Filipi öz sərkərdələrinin arasından zorla seçərdi: onların hamısı al-qırmızı rəngdə plaş geyinmiş, başlarına isə enli şlyapa qoymuşdular.

Hökmdarın iyirmi yeddi yaşı yenicə tamam olmuşdu; topa saqqallı, hündürboy adam idi, yeyib-içməyi xoşlayırdı. Çaparın gətirdiyi məktubu oxuyandan sonra Filipin əylənmək üçün yeni bəhanələri oldu: birincisi, çarın ən etibarlı sərkərdələrindən Parmenion indiki Albaniya və Serbiya ərazilərində məskunlaşan birləşmiş İlliriya və Peoniya orduları üzərində həlledici qələbə qazanmışdı. İkincisi, onun atları Olimpiya oyunlarında qalib gəlmişdi. Nəhayət, üçüncüsü: daha çox Olimpiada adı ilə tanınan arvadı Mirtala oğlan uşağı dünyaya gətirmişdi.

Sadalanan üç hadisə niyə Filip üçün belə böyük əhəmiyyət kəsb edirdi? Bu suala cavab verməkdən ötrü Makedoniyanın keçmişinə nəzər salmaq lazımdır.

Makedoniya coğrafi və etnik cəhətdən iki hissəyə – dağlıq və düzənlik əraziyə bölünmüşdü. Cənubi Makedoniya münbit düzənlikdə yerləşirdi. Bu vilayət ilk dövlət mərkəzi olmuşdu. Filip paytaxtı Pellaya köçürməmişdən əvvəl ölkənin paytaxtı mənzərəli qala-şəhər Aigai idi. Meyvə ağacları ilə bol olan bu yeri xalq arasında «Midas bağları» adlandırırdılar.

Şimali Makedoniya – çətin keçilən bu dağlıq ərazi isə bir vaxtlar üç dövlətə bölünmüşdü: Elmiya, Orestida və Linkestida. Əvvəllər bu vilayətlər müstəqil idi və hər birini təkəbbürlü sülalələr idarə eləyirdi. Makedoniyanın qərb qonşuları olan Epir çarları iddia edirdilər ki, onların sülaləsi Axillesin nəvəsindən törəyib. Bu isə yeni doğulan körpənin – İsgəndərin gələcək həyatında mühüm rol oynayacaqdı, çünki anası Olimpiada məhz həmin nəsildən idi.

Makedoniya hökmdarları olan Argeadlar sülaləsi isə öz şəcərəsini Herakldan götürmüşdülər. Herakl Zevsin oğlu sayıldığından, onlar özlərini «Zevsin törəmələri» adlandırırdılar (Filipin kəsdiyi sikkələrə həmişə Zevslə Heraklın təsviri həkk olunurdu). M.ö. V əsrə qədər Şimali Makedoniyada hökmdarlar Argeadlardan çıxırdı.

Argeadların sarayında qətllərin və hakimiyyətin qəsb edilməsilə nəticələnən intriqaların ardı-arası kəsilməzdi, bu səbəbdən də Filipə qədər Makedoniya yunan tarixində əhəmiyyətli yer tuta bilməmişdi.

Yunan şəhərlərində makedoniyalılara açıq-aşkar saymazyanalıq göstərir, onlara düz-əməlli danışmağı belə bacarmayan yarımvəhşilər kimi baxırdılar. Makedoniyanın yunan-İran və ya Afina ilə Sparta arasında baş tutan Peloponnes (M.ö. 431 – 404) müharibəsindəki davranışı da onunla yunanlar arasında dərin uçurum yaratmışdı. Hökmdar I İsgəndər1 perslərlə açıq-aşkar əməkdaşlıq eləyirdi, öz bacısını pers satrapına2 ərə vermişdi. O, Əhəməni hökmdarı Ksereksin adamı kimi, afinalılara qalib gələ bilməyəcəklərini deyib, israrla təslim olmalarını məsləhət görürdü. Peloponnes müharibəsində isə onun oğlu II Perdikka o qədər bir tərəfdən o biri tərəfə keçmişdi ki, alimlərdən biri onun hansı məqamda kimin tərəfində olduğunu müəyyənləşdirmək üçün hətta ayrıca cədvəl tutmalı olmuşdu! II Perdikkanın qeyri-qanuni oğlu Arxelay isə taxt-taca yiyələnmək üçün əmisini, əmisi oğlunu və nəhayət, öz qardaşını qətlə yetirmişdi.

Perdikka ona görə tez-tez mövqeyini dəyişirdi ki, əlində hər iki döyüşən tərəfin ehtiyacı olduğu xammal – gəmi inşa etmək üçün bolluca küknar ağacı var idi. O, Peloponnes müharibəsində öz ölkəsini hərbi əməliyyatlardan kənarda saxlaya bilmiş, bu səbəbdən də Afina və Sparta kimi zəifləməmişdi.

Arxelaya gəlincə, o, gerçək vəziyyəti düzgün qiymətləndirib, Makedoniyanın güclənməsinə əngəl yaradan əsas maneələri müəyyənləşdirə bilmiş və həmin maneələri aşmaq üçün cidd-cəhdlə çalışmağa başlamışdı. Birincisi, ölkənin təhlükəsizliyini qorumaq, ordunu gücləndirərək Cənubi və Şimali Makedoniyanı birləşdirmək lazımdı. İkincisi, yunan dövlətinin Makedoniyanı ciddi qəbul etməsi üçün ellin (qədim yunan) mədəniyyətinin təbliğini genişləndirmək tələb olunurdu. Arxelay qədim dövrün başqa müstəbidləri kimi, özünü maarifçiliyin, ədəbiyyatın, elmin, incəsənətin himayədarı elan etmişdi.

Ancaq onun qətlindən sonra, obrazlı desək, qurduğu bina bir günün içində uçub dağıldı; bunun ardınca isə Makedoniyada düz qırx il hərc-mərclik hökm sürdü. Həmin dövrdə makedoniyalı zadəganların əksəriyyəti ədəbiyyat və musiqidən çox, ova və başqa əyləncələrə üstünlük verməyə başlamışdılar.

Arxelayın oğlu Orestin qəyyumu Dağlıq Makedoniya əyalətlərindən birinin – Linkestidanın hökmdarı Erop idi və bu, tarixi baxımdan kifayət qədər əhəmiyyətli nüansdır. Çünki M.ö. 396-cı ilə qədər onlar hakimiyyəti birlikdə idarə etdilər, ardınca Erop öz mövqeyini gücləndirib, təkbaşına idarəçiliyə başladı. İki il sonra Erop vəfat etdi və taxta oğlu Pavsaniy çıxdı. Ancaq çox keçməmiş o da Argeadlar nəslindən qanuni varis, I İsgəndərin nəvəsi Aminta tərəfindən öldürüldü.

M.ö. 394-cü ildə Amintanın artıq altmışa yaxın yaşı vardı. Hələ otuz il əvvəl öz əmisi Perdikkadan hakimiyyəti almaq istəmiş, ancaq hətta ikinci cəhddə də məqsədinə nail olmaqda çətinlik çəkmişdi. Linkestida zadəganları illiriyalıları3 köməyə çağırıb Amintanı Makedoniyadan qovdular. Di gəl, M.ö. 392-ci ildə o, fessaliyalıların4 köməyilə geri döndü və II Aminta adı ilə M.ö. 370-ci ilə qədər hakimiyyətdə qaldı. Yaşlı olmasına baxmayaraq, Amintanın üç oğlu oldu. Onların ən kiçiyi Böyük İsgəndərin atası Filip idi.

Amintanın vəfatından sonra hökmdar I İsgəndərin böyük oğlu özünün taxta olan qanuni haqqını tələb etdi. Ancaq kürəkəni hiyləgər Ptolemeyin təşkilatçılığı ilə İsgəndəri xalq rəqsi bayramında qətlə yetirdilər. Bunun ardınca o, özünü İsgəndərin qardaşı, taxt-tacın gələcək varisi Perdikkanın qəyyumu elan etdi.

Bir müddət sonra Ptolemey vəziyyətin gərginləşdiyini görüb, o vaxt Yunanıstanda qüdrətli şəhərə çevrilən Fivə nümayəndə heyəti göndərdi. Sadiqliyini nümayiş etdirmək üçün aralarında Amintanın oğlu, on beş yaşlı Filip də olmaqla bir dəstə zadəganı ora girov yolladı. Ptolemey bunun nəticəsini çətin ki, əvvəlcədən görə bilərdi. Axı Filip Fivdə qoşun başçısı, üstəlik, məğlubedilməz Sparta ordusunu Levktrax yaxınlığında darmadağın edən, Böyük İsgəndərdən sonra ən yaxşı yunan sərkərdəsi sayıla biləcək Epaminondun dostu Pammenlə birlikdə olacaqdı. Filipin hərbi karyerasında bu böyük sərkərdə mühüm rol oynayacaqdı. Elə sonralar Böyük İsgəndərin həyatında da Pammen əhəmiyyətli yerlərdən birini tutacaqdı.

Filip Pammenin sayəsində peşəkar hərbi hazırlığın, taktiki nəzəriyyənin, atlı qoşunla piyada qoşunun qarşılıqlı sıx əlaqəsinin vacibliyini başa düşəcək, fivlilərin «müqəddəs dəstəsinin» manevrlərini yaxından izləyəcək, iş o yerə çatacaqdı ki, otuz il sonra oğlu ilə birlikdə onların məşhur hərbi birləşməsini darmadağın edəcəkdi. Bundan əlavə, Filip mühüm bir prinsipi də öyrənəcəkdi: «Ən az qüvvə ilə düşmənə qalib gəlməyin ən yaxşı üsulu – ona ən zəif yerindən yox, ən güclü yerindən zərbə vurmaqdır».

Fivdə olduğu müddətdə Filip müxtəlif hərbi taktikaları mənimsəyir, pifaqorçu müəlliminin mühazirələrinə qulaq asır, bununla yanaşı, vətənində hadisələrin hansı istiqamətdə cərəyan etdiyini də diqqətdə saxlayırdı. Ptolemeyin idarəçiliyinə qarşı güclü müqavimətin meydana çıxdığını bilirdi. Heç kim hadisələrin inkişafında Filipin qardaşı gənc Perdikkanın rolunu ciddiyə almırdı, zaman isə bunun kökündən səhv olduğunu göstərdi.

Arxelay kimi Perdikka da ədəbiyyata, fəlsəfəyə meylli idi, bəlkə də, elə buna görə onunla hesablaşmağı önəmli hesab etmirdilər. Perdikka isə bunu özünə dərd eləmirdi, yəqin elə buna görə də mövqeyinin güclənməsi üçün üç il gözlədi və bundan sonra Ptolemeyi edam etdirdi!

Ardınca Makedoniyanı özü idarə etməyə başladı, ilk növbədə isə Filipin Fivdən azad olunmasına çalışdı və istəyinə çatdı. Filip qayıdanda Perdikka onu vilayətlərin birinə rəhbər təyin etdi ki, orada ordu yığıb təlim keçsin. Filip Epaminonddan öyrəndiyi hərbi dərsləri öz döyüşçülərinə keçməyə başladı. Ən maraqlısı isə odur ki, xoşlarına gəlməsə də, əsilzadələrlə kəndlilər hərbi məşğələlərin ağırlığını birlikdə çəkirdilər!

Beləliklə, Filip tədricən peşəkar ordu yaratdı. M.ö. 359-cu ildə Perdikkanın hakimiyyəti o qədər gücləndi ki, o, illiriyalılarla aralarındakı məsələni çözməyə girişdi. Həmin dövrdə qərb sərhədində dözülməz vəziyyət yaranmışdı. Linkestidalılar yenə mərkəzi hakimiyyətin nəzarətindən çıxmışdılar və Perdikka günlərin bir günü illiriyalıların köməyilə taxtdan salınacağından qorxurdu. O, Filipi kiçik yaşlı oğlu Amintanın qəyyumu təyin edib, böyük qoşun yığaraq qərb sərhədlərinə getdi. Ancaq bir neçə gün sonra çapar xəbər gətirdi ki, Perdikka məğlubiyyətə uğrayıb və 4 min nəfər makedoniyalı döyüşçü ilə birlikdə həlak olub.

Bundan sonra Filip onun hakimiyyətə gəlişini istəməyənlərin müqavimətini qıraraq taxta çıxdı. O, M.ö. 359–358-ci illərin qışını gücləndirilmiş hərbi təlimlərə həsr elədi. Yazın əvvəlində Peon5 hökmdarının ölüm xəbəri gəldi. Ordu ilə şimal aşırımlarından keçən Filip peonları darmadağın edərək, onlara Makedoniya hökmranlığını qəbul etdirdi. «Hücum – ən yaxşı müdafiədir» – belə fikirləşən Filip başa düşürdü ki, yalnız bu yolla illiriyalıların təhlükəsindən birdəfəlik qurtara bilər. Odur ki, 600 atlı və təxminən 10 min nəfərlik piyada qoşunla birlikdə hərbi səfərə çıxdı. İlliriya hökmdarı Bardil qorxuya düşdü və sülh təklif etdi, di gəl, onun indiyədək ələ keçirdiyi torpaqları qaytarmaq niyyəti yoxdu. Belədə, sülh danışıqları nəticəsiz qaldı. İki ordu Ohri gölü ətrafındakı düzənlikdə qarşılaşdı. Filip Epaminonddan aldığı taktiki dərsləri ilk dəfə burada sınaqdan keçirdi. İki ordu arasında say baxımından elə bir fərq yox idi, odur ki, qalibi kimin daha mütəşəkkil və daha güclü nizam-intizama malik olması müəyyənləşdirəcəkdi. Elə belə də oldu. Uzun sürən şiddətli döyüş başladı. Nəhayət, Filipin Fevdə mənimsədiyi hərbi biliklər öz sözünü dedi: düşmənin müqaviməti qırıldı. Makedoniyalılar Perdikkanın qisasını artıqlamasıyla aldılar. Eyni taktika İsgəndərə də Qranik, İss və Qavqamel döyüşlərində qalib gəlməyə kömək edəcəkdi.

Artıq Filip qalib tərəf kimi öz şərtlərini diktə edə bilərdi. Nəticədə Bardil könülsüz də olsa, işğal etdiyi Makedoniya torpaqlarını geri qaytardı. Bu qələbədən sonra Filipin nüfuzu görünməmiş dərəcədə artdı. Bundan başqa, o, Bardilin qızı ilə evləndi. Filip bu qohumluq sayəsində özünü gələcəkdə illiriyalılardan və digər xarici təhlükələrdən sığortalaya biləcəyini düşünürdü.

Ümumiyyətlə, Filipin qısa sürən həyatında beş arvadı olmuşdu. Onlardan ilki məhz İlliriya şahzadəsi Odata idi.

Odata M.ö. 357-ci ildə, belə güman edilir ki, doğuş vaxtı öldü və Filipə varis yox, qızı Kinananı qoyub getdi. Bununla həm də hökmdarın gələcəklə bağlı hesablaması yarımçıq qaldı…

Odatanın ölümündən sonra Filip Elimiot şahzadəsi Fila ilə evləndi, ancaq o da az sonra vəfat etdi və elə həmin ilin sonunda Filip özünə yenə arvad axtarmalı oldu. Onun üçüncü arvadı Epir şahzadəsi idi. Belə ki, Epir hökmdarı Arribin iki qardaşı qızı var idi. Böyüyünü özü almışdı, kiçiyi Olimpiada isə hələ ərə getməmişdi. Arrib onun Filiplə izdivacına tez razı oldu. M.ö. 357-ci ildə Filip Epir şahzadəsi ilə evləndi. Tezliklə aydın oldu ki, on səkkiz yaşlı Olimpiadanın çətin, mürəkkəb xarakteri var. Tarixi mənbələrdə onun gözəlliyi ilə yanaşı, tərs, qısqanc, təkəbbürlü, dəlisov olduğu da göstərilir. Bütün bunlara siyasi ambisiyanı da əlavə etmək olar. O, əsilzadələrlə hesablaşmadan tam hüquqlu hökmdar arvadı olmaq istəyirdi və bu da sonralar Filipi çətin vəziyyətdə qoyacaqdı. Halbuki o, bu evliliyin ilk vaxtlarında sadəcə bir şey arzulayırdı: Olimpiadanın ona varis dünyaya gətirməsini!

На этой странице вы можете прочитать онлайн книгу «Makedoniyalı İsgəndər», автора Питера Грина. Данная книга имеет возрастное ограничение 12+, относится к жанру «Документальная литература». Произведение затрагивает такие темы, как «личность», «биография». Книга «Makedoniyalı İsgəndər» была издана в 2022 году. Приятного чтения!