Читать книгу «Ölmək asan deyil» онлайн полностью📖 — Коллектива авторов — MyBook.
image
cover

Ölmək asan deyil

TEODOR DRAYZER
QASIRĞA

İda Zobel hәr şeyә biganə olan adi adamların әhatәsindә dünyaya gəldi. Ciddi vә sәliqәli alman qızı olan anası onu üç yaşında atasının vә bibisinin ümidinә qoyaraq dünyadan köçdü. İda on yaşına çatanda Uilyam Zobel ciddilikdә özünә vә әvvәlki arvadına oxşayan ikinci arvad aldı.

Hәr ikisi onları әhatә edәn Amerika dünyasının yüngüllüyü vә başı pozuqluğu ilә heç cür barışa bilmirdi. Simic, yerә baxan, burnundan uzağı görməyәn, lakin diribaş olan bu adamlar heç vaxt rahatlıq bilmәyәn, hәmişә nәyisә axtaran, nәyinsә arzusunda olanların sırasında idilәr. Zobelә elә gəlirdi ki, bu cür hәyat hәddindәn artıq hay-küyçü olan gənc kişi vә qadınların hәr axşam küçәlәrdә veyllәnib, kefdәn başqa heç nә düşünmәmәsindәn çox-çox yaxşıydı. Hәlә avtomobillәrdә o yan-bu yana şütüyәn gənc avaralar, onların gəzdiklәri qızlar. Başlarını itirmiş biganә valideynlәr. Bütün uşaqların müstәqil, özbaşına hәrәkәtlәri. Belә millәtin axırı necә olacaq? Evdә, boş vaxtlarında vәrәqlәdiyi qәzetlәr dә hәr cür mәzmunsuz yazılarla dolu deyildimi? Hara baxırsan çılpaq qadın şәkillәrinә rast gəlirsәn. Caz! Ehtiras mәrasimlәri! Kәmәrlәrinin altında içki şüşәsi gәzdirәn yuxarı sinif oğlanları! Hәlә qızlar! Dizdәn yuxarı yubka geyәn, baldırları çöldә, yaxaları döşlәrinin arasınacan açıq, çılpaq qollu, kәsik saçlı, tünüklüyündәn alt paltarları belә görünәn qızlar!

«Necә? Onun da qızı bu cür böyüyәcәk? Özünü bu başıpozuqluğun ağuşunamı atacaq? Heç vaxt!»

Düşüncәlәr içindә qovrulan Zobel, İdanın böyümәsi vә tәrbiyәsi üçün әn ciddi qaydalar qoydu: qızın saçı öz qaydası ilә uzanmalıdır; dodaqları vә yanaqları heç vaxt oğlanlara gәl-gәl deyәn әnlik-kirşan üzü görməyәcək; sadә paltar geyәcәk; alt paltarı, corabları, ayaqqabısı vә şlyapaları adi olacaq. Bir sözlә, geyimi çox sadә vә ciddi olmalıdır. Mәktәbdә dәrslərә başı qarışmasa vә ya atasının evi dolandırdığı rәng dükanında gərək olmazsa, İda bütün günü evdә oturmalıdır. Ümumiyyәtlә, qızı elә tәrbiyә elәmәk lazımdır ki, onu heç bir qüvvә sürüklәyib çürük cəmiyyәtә calamasın.

Bu mәqsәdlә Zobel, Elizabet Hohstaufer adlı yaşlı bir dindar alman qadınının idarә etdiyi, öz ciddi qayda-qanunları ilә şәhәr mәktәblәrindәn seçilәn, hәtta bir qәdәr dә dini hesab edilәn mәktәbi seçdi. Bu qadın illәr uzunu xeyirxah xidmәti sayәsindә әtrafdakı yüzlәrcә alman ailәsinin dәrin rәğbәtini qazanmışdı. Hәddindәn artıq açıq-saçıq tәrbiyә verәn abırsız şәhәr mәktәblәrinә İdanı göndәrmәyә dәymәzdi.

Qız mәktәbә girәndәn sonra hәr gün evdә onu sorğu-suala tutur, cığırını azmamaq üçün hәr cür nәsihәt verirdilәr.

– Tәlәs! Dәrsin başlanmasına cәmi on dәqiqә qalır. Vaxt itirmә!.. Necә oldu ki, bu gecә beş dәqiqә gec qayıtdın? Nә edirdin?.. Müәlliminiz saxladı? Dәftər almaq istәyirdin? Niyә qabaqca evә gәlmәdin, onu sonra birlikdә gedib alardıq.

Bütün bu sözlәri İdanın analığı deyirdi.

– Bilirsәn ki, dәrsdәn sonra mәktәbdә yubanmağını atan xoşlamır… Bәs bu gün saat on iki ilә bir arasında Uorren avenyuda nә edirdin? Atan sәni bir qızla görüb… Vilma Bәlet? Kimdir bu Vilma Bәlet? Harada yaşayır? Nә vaxtdan onunla tanış olmusan? Necә olub ki, onun barәsindә indiyәcәn bizә bir kәlmә dә demәmisәn? Özün bilirsәn ki, atan necә adamdır. İndi gərək hәr şeyi ona danışam. Hirslәnәcәk. Atanın qoyduğu qaydalara itaәt etmәlisәn. Hәlә o yaşa çatmamısan ki, hәr şeyi özün hәll edәsәn. Axı, bu barәdә atan sәnә neçә kәrә deyib…

Buna baxmayaraq, İda hәyatın sevinc vә lәzzәtlәrini duyur, mәğrur vә sәrbәst böyüyürdü. Gözqamaşdırıcı parıltıdan yalnız tәsadüfi şölәlәr gәlib ona çatsa da, İda Uorren avenyunun parlaq, işıqlı dünyasında yaşayırdı. Saysız-hesabsız maşınların ötdüklәri yerdә! Hәlә kinolar, qızın sevimli şәkillәri, aktrisalar, mәktәbdәki qızların yamsıladığı bәzi hәrәkәtlәr! Sәslәr, öz maşınlarında belәdən-belә keçәn oğlan vә qızların qәhqәhәsi, taqqataqla ötәn tramvaylar, yanbayan düzülmüş dükanlar. Qol-qola, bәdәnlәrini әsdirә-әsdirә küçә boyu var-gәl edәn, xәlvәtə çәkilib yenidәn әsas küçәyә çıxan, güzgülәrdә vә vitrin şüşәlәrindә öz mütәnasib әndamlarına tamaşa edәn, hәrdәnbir oğlanlarla gizlicә baxışan, nәyisə hündürdәn danışa-danışa planlaşdıran, çәnә döyәn qızlar!

Qәşәngliyinә vә zәrifliyinә baxmayaraq, İda on dörd yaşınacan atasının qanunları çәrçivәsindә qaldı. Düz saat yeddi otuzda sәhәr yemәyi, çünki saat sәkkizdә atası dükanı açmalıdır; on iki otuzda atasının yanında günorta yemәyi; axşam saat altı otuzda isә şam – ticarәt vә ictimai işlәrin hәlli üçün Uilyam Zobelin çiyinlәrinә hәr gecə ağır yük düşür, kişinin başı qarışıq olurdu; odur ki, belә ertә şam yeyirdilәr. Hәr gün saat dörddәn altıyacan, ya da axşam yeddidәn ona qәdәr, şәnbә günlәri isә bütün günü İda atasının dükanında işlәmәliydi. Heç bir mәrasimә gedә bilmәzdi, yaxın rәfiqәlәrini evә çağırmağa ixtiyarı yoxdu.

Ögey anası İdanın az-maz xoşuna gәlәn rәfiqәlәrinin hәrәsinә bir ad qoyur, öz fikrini әrinә söylәyir, kişini inandırırdı. Qonşularda pıç-pıç gәzirdi ki, onun valideynlәri çox ciddidirlәr, onlar qızı icazәsiz bircә addım atmağa da qoymurlar. Tәsadüfәn valideynlәrinin xoşuna gәlәn kinoya getmək, hәrdәnbir valideynlәri ilә maşın gəzintisi olmasaydı, İda kino üzünә dә, gəzinti üzünә dә hәsrәt qalardı. Qız on beş yaşına çatanacan belә oldu, sonra atası ucuz bir maşın aldı vә arabir qısa sәyahәtә çıxmağa başladılar.

İda hәyatda yaşayan şәn vә gümrah insanları görürdü. Evdә isә valideynlәrinin rәsmi, quru münasibәti onu darıxdırırdı, o, soyuqluq duyurdu. Qızıl sağanaqlı eynәyinin altından açıq mavi gözlәriylә baxan Uilyam Zobelә elә gəlirdi ki, İda hәlә bir kәsin xoşuna gәlәsi hәddә çatmamışdı. Nazik, uzun sifәtli, qonur gözlü, sәliqә ilә daranmış qara saçlı ögey ana isә başqa cür düşünürdü. Әlbәttә, ciddiliyi ilә seçilәn Zobel öz düşüncәsi, qaydaları vә işgüzarlığı ilә özünü ata yox, allah kimi aparır, qızından aralı gәzmәyi üstün tuturdu. Bu da onları ata-bala yaxınlaşmağa qoymurdu. Bununla belә, İda valideynlәri ilә salamlaşırdı, xudahafizlәşirdi, süfrә başından qalxarkәn tәşәkkür dә edirdi. Hәrdәnbir valideynlәri onu özlәriylә qonaqlığa vә restorana aparırdılar; anсaq Zobel heç vaxt qız övladı arzulamamışdı, arvadı isә özgә uşağına çox da mehr salmaq istәmirdi – nә kişi, nә dә arvad yeniyetmә qızın daxili alәmi barәdә düşünürdü, ortada nә ruhi yaxınlıq, nә dә hәqiqi mәhәbbәt vardı.

Şәxsi lәyaqәtә vә özlәrinin nüfuzuna münasib olaraq qızın tәrbiyәsindә xüsusi әxlaq qaydalarına da ciddi әmәl edilirdi. Ancaq İdanın böyüdükcә daha qəşəng vә mәlahәtli olması atasının da, ögey anasının da ürәyinә qorxu-xof salmışdı. Qızın ipәk saçları, açıq mavi gözlәri vardı. Onun yumru, mütәnasib bәdәni hәtta miss Hohstauferin mәktәbindәki başqa qızların da diqqәtini cәlb edirdi. Balaca, düz burnu, dolğun, kiçikcә ağzı, hәmişә tәkәbbürlü dodaqları, yumru çәnәsi qəşəng idi. Mәgәr İdanın güzgüsü yox idi vә ya onunla bir mәktәbdә oxuyan oğlanlar kor idilәr ki, bu gözәlliyi görməyәydilәr? Hәlә yeddi yaşında ikәn oğlanlar özlәrini İdanın gözünә soxmaq istәmirdilәrmi? Әlbәt ki, onun atası, lap ögey anası da bunu yaxşıca görürdü. Ancaq qız başqaları kimi orda-burda lәngimirdi, güclü, mәntiqli, hәr şeyә mәna verәn nәsihәtlәr onun әl-qolunu bağlamışdı. Zobel vә arvadı düşünürdülәr ki, İda yalnız evә, dükana vә mәktәbә tәlәsmәlidir. Әgәr başqa iş dalınca göndәrilsәydi, dәqiqәlәr hesablanacaqdı.

Bütün bu ehtiyatkarlığa baxmayaraq, get-gedә qızın qәlb çırpıntıları artırdı. Gəncliyin yalnız öz gənclik dilindә danışan, axtaran, gәzәn әhvalı var. Bir-iki il әvvәl on iki yaşlı qıza elә gəlirdi ki, Uorren vә Trensi küçәlәrinin tinindә, onların evlәrindәn yarımca mәhәllә aralı aptekdә su satan Lourens Sulivan dünyada әn gözәl oğlandır. Ağappaq alnına tökülmüş pırtlaşıq, qara saçları, düz, incә әllәri (ya da qıza belә gəlirdi), geyimindәki sәliqә-sahman vә tәmtәraq necә xoşa gәlmәyәydi? Mәktәbdә oxuyan oğlanların çoxu yollarını buradan salır, ondan görüb-götürmәk istәyirdilәr. Hәtta qızlar da onun kimi gülümsәmәk, onun kimi hәrәkәt etmәk hәsrәtindәydilәr. Hәmişә mәktәbdәn qayıdanda yolüstü dayanmaq, Lourensdәn heç olmazsa bircә kәlmә eşitmәk istәyirdilәr.

– Salam, Della. Miss Mәk-Qiniz, bu gün necәsiniz? Deyәsәn, sizin nә almaq istәdiyinizi bilirәm. Mәncә, sarışın qızlar şokoladlı dondurmanı xoşlamalıdırlar, axı onların dәrisi şokolad kimidir.

Sonra isә Lourens gülümsәyir, miss Mәk-Qinizin pörtmәsini vә: – Siz sarışın qızların nәyi xoşladıqlarını yaxşı bilirsiniz, – demәsini gözlәyirdi.

Tәsadüfәn sodalı su vә ya dondurma almağa gәlmiş İda Zobel gözlәrini Lourensә zillәyәrәk diqqәtlә qulaq asırdı. Necә qәşәng oğlandı! On altı yaşında! O heç İda kimi qıza mәhәl dә qoymazdı: yenә dә İdanın yaşı bir az çox olsaydı! Görәsәn, o da böyüyәndә miss Mәk Qiniz kimi qəşəng olacaqdı? Belә qəşəng oğlanın xoşuna gәlmәk nә yaxşı olardı. Görәsәn, hәr şeydәn qabaq Lourens qıza nә deyәrdi? Bәs qız nә cavab verәrdi? İda xәyalәn bu qızları yamsılayır, özüylә Lourensin müsahibәsini keçirirdi. Bütün bu daxili çırpıntılar müqabilindә isә mister Sulivan özündәn әvvәlki susatanların yoluyla gedәrәk iş yerini dәyişdi, uzaq mәhәllәdә başqa işә düzәldi.

Ancaq bir müddәtdәn sonra İdanın gözünü tutan, fikrini günlәrlә mәşğul edәn başqa oğlanlar da tapıldı. Qız daxilәn müxtәlif planlar cızır, әylәnir, hәyata isә heç nә keçirmirdi. Belә oğlanlardan biri, sadәlövh vә heç dә mәşhur olmayan yerli ştat senatorunun gülәrüz, qəşəng oğlu Merton Uebster idi. O, İda ilә eyni mәhәllәdә yaşayır, Uotkinzin orta mәktәbindә oxuyurdu. İdaya o mәktәbә getmәyi mәslәhәt görməmişdilәr. Merton elә mehriban, elә qəşəngdi ki.

– Salam, balaca! Oho, necә dә qəşənglәşmisәn! İstәsәn, bir gün sәni özümlә rәqsә apararam.

Yaşının azlığından, ailәsinin ciddi tәzyiqindәn, utancaqlığından qızın başı aşağı enir, ancaq dodaqlarında tәbәssüm sezilirdi.

Bir il sonra, İdanın atasının dükanı yaxınlığında ev әşyaları satan vә sığorta edәn kişinin oğlu Uolter Stour qızın diqqәtini cәlb edәnәcәn İda yalnız Merton haqqında xәyallara daldı. Uolter qamәtli gəncdi, gülümsәr gözlәri, hәmişә tәbәssümlü dodaqları vardı vә yәqin ki, o da Merton Uebster, mağaza müdirinin oğlu Lourens Kros, camaşırxanaçının oğlu Sven Volberq vә başqa avaralarla birgə günlərini kinoda vә ya baş küçәdәki aptekin qabağında çürüdür, gәlib-gedәn qızlara söz atırdı. Hәlә hәyatında heç bir şey dәyişmәsә dә, İda mәktәbdәn evә vә ya evdәn atasına kömәk etmәyә gedәndә bu gənclәrә qarşı biganə qala bilmirdi. Onlar tәsadüfәn dükana gəlir vә İdanın gәlәcәyi haqqında fikir dә yürüdürdülәr:

– Oh, çox gözәl qız olacaq, elә deyil?

Qız birdәn-birә hәyәcandan qızarır, guya müştәrinin sifariş vәrәqini doldururmuş kimi özünü mәşğul göstәrirdi.

Uilyam Zobelin dostu olan qonşu almanın qızı Etelka Şomel İdaya bütün qızlar vә oğlanlar haqqında mәlumat verirdi. Etelka gözәgәlimli olmadığından, Zobel öz qızına onunla dәrdlәşmәyә icazә verirdi, o düşünürdü ki, Etelkadan İdaya xәtәr toxunmaz. Ancaq Etelka vasitәsilә, onunla arabir ora-bura etdiklәri kiçik gəzintilәr sayәsindә İda әtrafdakı hadisәlәr haqqında cürbәcür söhbәtlәrә acgözlüklә qulaq asırdı. İdanın böyük hörmәt bәslәdiyi Uolter Stour süd alverçisinin qızı Edna Stronqla gəzirdi. Stourun atası başqa atalar kimi qәddar deyildi. Onun yaxşı avtomobili vardı, hәrdәnbir maşını sürmәyә oğluna icazә verirdi. Stour da tez-tez Ednanı vә qızın bir-iki rәfiqәsini götürüb, kiçik Şark çayının üstündәki gәmi-evlәrdә olan istirahәt vә әylәncә yerlәrinә cumurdu. Etelkanın rәfiqәsi ona demişdi ki, Stour çox mәzəli oğlandır. Hәm dә mahir rәqqasdır. Etelkanın rәfiqәsi onunla bir mәrasimdә olubmuş… Әlbәttә, İda belә söhbәtlәri dinlәmәyә can atır, acgözlüklә qulaq asırdı. Belә hәyatın nәşәsi, möcüzәsi, gözәlliyi! Ayrı alәm idi!

Bir axşamüstü, saat yeddi otuz radәlәrindә atasının dükanına gedən İda mərkəzi küçәnin yanından keçәrkәn bir neçә oğlanla öz sevimli yerindә dayanmış Stourun sәsini eşitdi.

– Mәn bu şirin balanın kim olduğunu bilirәm, ancaq atası onu oğlanlara baxmağa qoymur. Elәdir?

Axırıncı söz İdaya deyilirdi, çünki hәmin an qız oğlanların bәrabәrindә idi vә sözlәr ürәyinә yatsa da, danışanın kim olduğunu bilsә dә, addımlarını yeyinlәtdi. Әgәr atası bunları eşitsәydi! Aman allah! Bәdəni әsim-әsim әsdi. «Şirin bala!», «Şirin bala!» Bu sözlәr isә qızın qulaqlarında cingildәyirdi.

Sonra isә… sonra isә, qız on altı yaşına girәndә Edvard Hauptvencer Qrey-stritdәki böyük evdә yaşamağa başladı. Onun atası Cәkob Hauptvencer mәşhur kömür taciriydi, son vaxtlar Absekondda gəlirli bir sahə almışdı. İdanın qızlıq yetkinliyini daha kәskinliyi ilә hiss etdiyi vaxtlardı. O, hiss edirdi ki, yetkinlik öz әlamәtlәrini göstәrir; atasının vә ögey anasının yerli-yersiz deyinmәsinә sәbrsiz qulaq asması, onlardan tәngә gәlmәsi tәsadüfi deyildi. Yazda vә yayda gecəlәr qız gözlәrini aya zillәyir, onun solğun şüalarına nәzәr salır, öz darıxdırıcı evlәrinә və lalә, zanbaq, qızılgüllәrlә dolu bağçalarına baxır, tәәccüblü vә qәribә hisslәr keçirirdi. Aşağıda, Uorren-avenyuda ulduzlar sayrışırdı. Orada maşınlar, camaat, kino-teatrlar, restoranlar var; bütün bunlardan qızın xoşu gəlirdi. Bütün bu düşüncәlәrdә bir dәlilik, bir ağrı vardı. Off, kef üçün kef! Get, atıl-düş, rәqs elә, oyna, birisi ilә öpüş – kim olur-olsun, tәki gənc olsun, qəşəng olsun. Görәsәn, İda nә vaxtacan heç kәslә tanış olmayacaq? Tәrslikdәn, qonşuluqda yaşayan bütün cavanlar onu görәn kimi dilә gəlirdilәr:

– Oh, gör bir kim gəlir. Hayıf ki, atası bir yana buraxmır.

– Niyә saçını kәsdirmirsәn, İda? Ağlını başına yığ.

İndi mәktәbә getmәsә dә, yenә әvvәlki kimi atasına kömәk edir, әvvәlki kimi geyinirdi. Qısa yubka, kәsik saç, açıq yaxalıq, üz-gözünә bәzәk vurmaq – hәr şey, hәr şey qadağan idi.

На этой странице вы можете прочитать онлайн книгу «Ölmək asan deyil», автора Коллектива авторов. Данная книга имеет возрастное ограничение 16+, относится к жанру «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «антология», «современная литература». Книга «Ölmək asan deyil» была издана в 2023 году. Приятного чтения!