“Deyirlər: “Yazıçının əsərləri oxunursa, deməli, o yaşayır”. Bunun belə olub-olmadığını mən bilmirəm. Amma onu qəti bilirəm ki, İsmayıl Şıxlı əsərləri sevilən və oxunan yazıçıdır…”
– İntiqam Qasımzadə tənqidçi, tərcüməçi, “Azərbaycan” jurnalının baş redaktoru
“Çətin günlərimdə mən səni anıb,
Köməyə səslədim duyan insanı.
Ariflər içində çoxdan yaranıb,
İnsanlıq dastanı – Şıxlı dastanı.”
– Müzəffər Şükür, şair
Xalq yazıçısı İsmayıl Şıxlının (1919-1995) adı Azərbaycanda həm bir yazıçı, həm də bir ictimai-siyasi xadim kimi kifayət qədər geniş tanınır.
İsmayıl Şıxlı çox ağır, amma olduqca maraqlı bir həyat yolu keçib. O, 1919-cu il mart ayının 22-də Qazax rayonunun II Şıxlı kəndində müəllim ailəsində anadan olub.
1936-cı ildə gənc İsmayıl Qazax Pedaqoji texnikumunu bitirib Kosalar kəndində müəllimlik edir. Lakin burada çox ləngimir, ali təhsil almaq üçün 1937-ci ildə Bakıya gəlib Lenin adına Azərbaycan Dövlət Pedaqoji institutunun dil və ədəbiyyat fakültəsinə daxil olur.
İ.Şıxlının tələbəliyi ağır repressiya illərinə təsadüf etdi. İnstitut müəllimlərinin çoxu həbs olunmuşdu, qalanları isə amansız siyasi təqib altında idilər – elə tələbələr də. İ.Şıxlının bəy nəslindən olduğunu, tez-tez institut komsomol komitəsinə sorğu-suala çağırılmasını nəzərə alsaq, onun o dövrkü həyatını, keçirdiyi psixoloji sarsıntıları təsəvvür etmək çətin olmaz…
1941-ci ildə müharibə başlayır və 1942-ci ildə İ.Şıxlı cəbhəyə gedir.
Dəhşətli müharibə illərində gənc İsmayıl bir döyüşçü kimi uzun yol keçir: Şimali Qafqaz-Kerç-BelarusŞərqi Prussiya-Pribaltika. Odun-alovun içindən çıxmış, minlərlə ölüm görmüş bu həlim, humanist insanın o dəhşətlərin içindən sağ-salamat çıxması bir möcüzədir.
1945-ci ilin noyabrında İ.Şıxlı cəbhədən geri dönür. Müharibə bu qalib döyüşçüyə iki şey qazandırmışdı: mərmilər altında möhkəmlənmiş dözüm, mərdlik, kişilik; bir də barıt qoxulu cəbhə gündəlikləri.
İsmayıl Şıxlı Qazaxda bir il müəllimlik etdikdən sonra doğma institutuna gəlir, aspiranturaya daxil olur. Sonralar o, burada müdafiə edir, elmi dərəcə, elmi ad alır, ən əsası isə həyatını sevimli peşəsinə – müəllimliyə həsr edir. Amma o bir gün də olsun yazıçılıq arzusundan əlini üzməmişdi, qələmdən, bədii yaradıcılıqdan ayrılmamışdı – ömrünün son anına qədər də ayrılmadı.
“Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” kimi romanların müəllifi, xalq yazıçısı İsmayıl Şıxlı həm də bənzərsiz hekayələrilə tanınır. İlk hekayələrini II Dünya müharibəsindən evə döndükdən sonra cəbhə təəssüratlarının təsiri altında isti-isti qələmə almışdı. Qeyd edilməlidir ki, yazıçının çox-şaxəli bədii yaradıcılığında hekayə janrı xüsusi yer tutur.
İsmayıl Şıxlının hekayələri maraqla oxunur, hadisələr uydurma deyil, gerçək həyat materiallarından götürülmüşdür. Yazıçının nə vaxtsa gördüyü, eşitdiyi, yaxud iştirakçısı olduğu əhvalatlardır. Sadəcə, janrın tələblərinə riayət etməklə bədii təxəyyülün süzgəcindən keçirilmişdir.
İri əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər öz əksini tapır. Bu hekayələr mövzu və məramına görə romanları ilə bir yolda inamla addımlayan nümunələrdir, həyat reallıqlarını, insan psixologiyasını əks etdirir. Bunlar özünün dili, üslubu, poetikası ilə seçilən dəyərli sənət nümunələridir.
İsmayıl Şıxlı yazmışdı: “Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır… “Mənim rəqibim”, “Qızıl ilan”, “Görüş”, “ Namus qaçağı”, ”Təyyarə geçikir“ kimi hekayələr öz həyatımla bağlıdır.
“Mənim rəqibim” hekayəsinin də əsgər şinelli gənc qəhrəmanı İsmayıl Şıxlının özüdür. Müharibədən yenicə qayıtmış bu gənc aspiranturaya imtahan verir. Məlum olur ki, onun rəqibi var və bir yerə iki nəfər iddialıdır. Həmin rəqib isə sonralar məşhur yazıçı olmuş Əzizə Cəfərzadə idi… Rəqibinə sıxıntı gətirə biləcək uğurundan könüllü şəkildə imtina edən İsmayıl Şıxlı əlbəttə ki, aspirantura olaylarından sonra uzun illər yaşayıb-yaradıb və həm həyatda, həm sənətdə möhtəşəm, şərəfli bir yol keçib. Xalq yazıçısı, ictimai xadim, böyük pedaqoq İsmayıl Şıxlı ucaldıqca-ucalıb…
İsmayıl Şıxlı yaradıcılığının əsas istiqamətlərindən biri əfsanə və rəvayətlər əsasında yazdıqlarıdır. O, xalq arasında yayılmış əfsanə və rəvayətləri mövzu kimi seçmiş, bu mövzulara yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya salmış, Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından işləmişdi. İsmayıl Şıxlı burada xalqdan öyrəndiklərini xalqın özünə qaytarmaqla həm xalqın yazdıqlarını yaşatmış, həm də özünün bədii təxəyyülünü əsl yazıçı səviyyəsində təqdim etməyi bacarmışdı. Bu əfsanə və rəvayətlərin hər birinin adı arxasında dərin fəlsəfə durur. Elə bir həyat fəlsəfəsi ki, hər bir kəsin taleyinin içindən keçir.
Xalq müdrikliyindən qidalanan, elin köksündəki söz zirvələrindən qanadlanan ayrı-ayrı əhvalatlar İsmayıl Şıxlının sənətkar qələmində müasir məzmun kəsb edir, böyük fəlsəfi məna qazanır. “Ruzu” adlı əfsanəsinin qəhrəmanı – allahı axtaran kişi deyir: “Onu harada olsa, axtarıb tapacam və soruşacağam ki, niyə dünyanı başlı-başına buraxıbsan? Görmürsən ki, insaf-mürvət qalmayıb, çapovulçuluqdur, dünyanı dağıdırlar? Ona deyəcəm ki, necə rəva görürsən ki, sənin yolundan çıxmayıb, halal zəhmətlə, halal çörəklə dolananlar zillət çəksin, qarnı dolusu çörək, əyni dolusu paltar tapmasın, amma allah yolundan çıxıb şeytana qulluq edənlərin başından var-dövlət tökülsün. Yoxsa istəyirsən ki, saçımızın, saqqalımızın ağ vaxtında yolumuzu azıb, şeytana qulluq edək?”. Bu sözlərdə İsmayıl Şıxlının bütün qəhrəmanlarının amalına işıq salan, onun öz həyat yolunun yönünü, mənasını göstərən bir güc var. Yazıçı ömrü boyu həqiqət, düzgünlük adlı bir “allahın” axtarışındadır.
İ.Şıxlı vicdanla yaşamış, vicdanı həmişə uca tutmuş bir insan, bir yazıçı olub. Adını kitaba verdiyimiz “Məni itirməyin” əfsanəsini yazıçının gənc nəslə verdiyi mesaj kimi qəbul edirik. “Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi: – Amanın günüdür, məni itirməyin, itirsəniz, bir də tapa bilməzsiniz”.
Yazıçının əsl ədəbi örnəklərimizə bağlı olan yolu ümid və nikbinlik doğuran bir yoldur. Xalqa görə də, o özü də xalqın gözündə həmişə ucadır. Elin böyük mənəviyyatı kimi aydın və həmişəbahadır.
Elçin ŞıxlıAzərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist
“Bilmirəm, hansı hissin təsiri iləsə cəbhəyə getdiyim ilk gündən qələbə ilə evə qayıdana qədər gündəlik qeydlər aparırdım. Əslində, bu, məndə tələbəlik illərindən bir vərdiş halını almışdı. Mən hər gün gördüyüm və başıma gələn işləri dəftərçəmə qeyd edirdim. Həm də çalışırdım ki, heç nəyi artırıb əskiltməyim.
1941-ci il sentyabr ayının 15-də hərbi komissarlığa çağırıldığım andan mənim arxa çantamda öz əlimlə düzəltdiyim balaca bir dəftərçə var idi. Onun ilk səhifəsinə ‒ cildinə ox sancılmış ürək şəkli çəkmiş və iri bir sual işarəsi qoymuşdum. Bu, öz aləmimdə həm mənim, həm də yaşıdlarımın ürəyinə müharibənin vurduğu yaranın rəmzi idi. Sual işarəsini də ona görə qoymuşdum ki, böyük bir müharibənin oddan-alovdan yoğurulmuş qanlı selinin dalğaları adamı sıldırım qayalara da çırpa bilərdi, qumlu sahillərə də atardı. Amma bütün bu mübhəmliklə yanaşı ürəyimin harasındasa gizli bir ümid də vardı ki, biz qalib gələcəyik və mən müharibədən sağ-salamat qayıdacağam. O zaman keçdiyim cəbhə yollarını və cəbhə yoldaşlarımı yada salmaq üçün həmin gündəlikləri vərəqləmək mənə nəsib olacaq.
Yollarımız çətin və əzablı oldu. Mənim gündəliklərim özümlə bərabər həmin əzablı yolları keçdi. O illərdə kağız tapılmırdı, qələm əldə etmək çətin idi. Ona görə də mən çalışırdım ki, qeydlərim qısa olsun, hadisələrin hamısını əhatə edə bilim. Cəbhədə irəlilədikcə, yeni kənd və şəhərlərə getdikcə mən ilk növbədə kağız, dəftər və bloknot axtarırdım.
Müharibə qurtarıb evə qayıdanda mənim arxa çantamda müxtəlif həcmli cürbəcür kağızlardan düzəldilmiş altı dəftərçə vardı. Vərəqləri didilmiş, yağışda-qarda islanıb ləkələnmiş, bəzi səhifələri mürəkkəbli, bəzi səhifələri adi qələmlə yazılmış bu gündəliklər mənim və cəbhə dostlarımın keçdiyi döyüş yollarını bütün çətinlik və şadlıqları ilə birlikdə əks etdirirdi…”
1985, “Cəbhə yolları” kitabından
Almanların dalından çata bilmirik. Görünür, onlar mühasirəyə düşəcəklərindən qorxaraq, sürətlə geri çəkilmişdilər. Özləri də quduz kimi hər yeri talamışdılar. Yolların kənarındakı telefon dirəkləri doğranmışdı. Məftillər kəsilmişdi. Dəmir yolunun relslərini hər 50-100 metrdən bir partlatmışdılar. Şalbanlar eşilib ortadan sındırılmışdı. Deyirdilər ki, bu işləri görmək üçün onlar xüsusi maşın düzəldiblər. Zalımlar, gör bir nə fikirləşiblər.
Severski stansiyasına çatdıq. Faşistlər buradan iki-üç gün əvvəl getmişdilər. Hələ də tüstülənən evlər var idi. Burada azca dincəldikdən sonra yolu əlimizə aldıq. Nəhayət, İlski stanitsasına çatdıq. İlski böyük stanitsadır. Bu kazak kəndi nə qədər dağılmış olsa da, öz görkəmi ilə adamın xoşuna gəlir. Kəndin ortasından qışda suyu quruyub azalan və yayda aşıb-daşan bir çay keçir. Faşistlər geri çəkilərkən həmin çayın üstündən keçən körpünü partlatmışdılar. Hissələrimizin hərəkəti dayanmışdı. Qar yağırdı. Yollardan keçmək mümkün deyildi. Biz dərhal işə başladıq. İki gün gecəli-gündüzlü işlədik. Uçmuş və sahibsiz evlərdən taxta-şalban tapdıq, taxta daşıdıq və körpünü tikib qurtardıq. Hissələrimiz hərəkətə gəldi. Bundan sonra bizə dincəlməyə və bu kənddə qalıb batalyonumuzu gözləməyə icazə verdilər.
03.03.1943.
Faşistlər geri çəkilərkən əhalinin bütün var-yoxunu yığıb aparmışdılar. Bu boyda kənddə bir toyuq da qalmayıb. Buna baxmayaraq, bizə ‒ əsgərlərə əhali çox hörmət edir. Şabanov yoxuşlarını aşıb gələnlər, demək olar ki, bir neçə gündür, acdır. Maşınlar işləmədiyindən, ərzaq anbarları bərənin o üzündə qaldığından yemək çatışmır. Piyada ərzaq dalınca gedənlər beş-altı gün yolda qalır, gətirdikləri otuz-qırx kiloqram çörəyin və konsentratın yarıdan çoxunu da özləri yeyirlər.
Aclıq yaman şeydir. Adamı düşmənin də qapısına aparır. İstər-istəməz qapıları döyməli olursan.
Yerli əhali bizim vəziyyətimizi başa düşür, öz boğazlarından kəsib nələri varsa, verirlər. Doğrudan da, bu ruslar sadə və genişqəlbli adamlardır. İllah da, qadınlar. Gecələr çox vaxt soyuqdan donan əsgərlər daxmaların qapısını döyür, qızınmaq üçün içəri buraxılmalarını xahiş edirlər. Qapını qoca bir kişi, ya da qarı açır. Görürsən ki, içəri adamla doludur. Yorğun əsgərlər bir-birinin üstə döşənib yatıblar. Ayaq basmağa yer yoxdur. Siyənək1 çəlləkdə qalaqlanan kimi qalaqlanıblar. Hətta ev sahibləri özləri oturmağa yer tapmırlar. Ancaq gülümsünüb: “Zaxodi, milıy”, “Zaxodi, sınoçek”, ‒ deyə içəri dəvət edirlər. Əgər rus peçinin üstündəki çuqun qazanda borşdan-zaddan bir şey qalıbsa, onu da sənə verirlər.
Demək olar ki, İlskidə hər gün peçlər yanır, qazanlar qaynayır, arvadlar almanlardan gizlədib saxladıqları kartofu, kələmi, çuğunduru çıxardıb borş bişirir və kim qapıdan içəri girsə, əvvəlcə ona bir qab xörək verib qarınlarını doydururlar. Onların köməyi olmasaydı, əsgərlərin çoxu acından qırılardı.
05.03.1943.
Üç gündür ki, acıq. Ərzaq gözləyirik. Batalyonumuz gəlib çıxmayıb. Yemək gətirmək üçün gedən uşaqlardan da xəbər-ətər yoxdur. Onların dağlardan salamat qayıtmalarına da şübhə edirik. Yollarda o qədər hadisə olur ki.
Yeddi nəfərik. Bir otaqda oluruq. Uşaqlar səhər tezdən gediblər. Küçələrə səpələniblər. Aclıq onları qapılara aparıb. Mən yerimdən tərpənmirəm. Qapını döyüb tanımadığım adamdan yemək istəmək mənə çox ağır gəlir. Taqətdən düşsəm də, gözləyirəm. Yoldaşlarımızın ərzaq gətirəcəyinə ümidliyəm. Dünən axşam Çerkasov gətirdiyi çörəkdən bir az kəsib mənə vermişdi. Hələ də onun üstündəyəm.
06.03.1943.
Bu gün səhər də bizə ərzaq gəlmədi. Hərə bir bəhanə ilə evdən çıxdı. Axıra “Peredelski” adlı yaşlı bir əsgər qaldı. O, məni danladı. Dedi ki: “Utanmağın yeri deyil. Ac qalmaq olmaz. Belə getsə, taqətdən düşüb ölərsən. Əsgər isə çalışıb salamat qalmalıdır”.
Axşama qədər canımı dişimə tutub dözdüm. Yoldaşlarımızın ərzaqla gələcəklərini gözlədim. Qaranlıq qarışanda ümidimi kəsdim. Gördüm ki, gözüm qaralır, ayaq üstə güclə dayanıram. İradəmi toplayıb küçəyə çıxdım. Uzağa getməyə qorxurdum. Elə taqətsizləşmişdim ki, palçığa batıb qala da bilərdim.
Divarın dibi ilə xeyli getdim. Hələ əl-ayaq yığışdırılmamışdı. Əsgərlər ora-bura gedirdilər. Pəncərələr örtülsə də, bilirdim ki, çıraqlar yanır.
На этой странице вы можете прочитать онлайн книгу «Cəbhə xatirələri», автора Исмаила Шихлы. Данная книга имеет возрастное ограничение 16+, относится к жанру «Документальная литература». Произведение затрагивает такие темы, как «реализм», «личность». Книга «Cəbhə xatirələri» была издана в 2023 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты
