Yanvar ayının bazar günlərinin birində Triyest şəhərinin küçələri ilə əlində köhnə vedrə, qoltuğunda böyük kağız topası olan bir qoca kişi gedirdi. Onun tük basmış sifətində laqeyd bir ifadə var idi.
Qoca əriyib horraya dönmüş qarı öz yırtıq ayaqqabıları ilə şappıldada-şappıldada şəhərin fəhlə məhəlləsindəki Müqəddəs Yakov küçəsinə döndü. Bir hasarın qabağında dayandı. Vedrədən fırçanı çıxarıb hasarın daşlarını yapışqanladı, sonra da qoltuğundakı kağızlardan birini oraya yapışdırdı. Bu, italyan və alman dillərində yazılmış bir elan idi. Elanda Triyestin əhalisinə xəbər verilirdi ki, «Mixaylo» ləqəbi ilə məşhur olan partizanın tutulması üçün yüz min marka1 mükafat təyin edilir.
Bir azdan camaat elanın qarşısına toplaşmağa başladı. Təəccüblü səslər eşidildi:
– Yüz min, nə az, nə azacıq!
– Görəsən, bu Mixaylo onlara nə eləyib?
– Yüz min küçəyə tökülməyib ha!.. Görünür, ovqatlarına yaman soğan doğrayıb!
– Gör kisələrinin ağzını necə açıblar!
Elan yapışdıran qoca adamları laqeyd nəzərlərlə süzüb yoluna davam etdi. Bir azdan həmin elanlara şəhərin hər yerində rast gəlmək olardı. Onlar hasarlara, ağacların gövdəsinə, evlərin divarlarına, bağların çəpərlərinə, mağazaların boş vitrinlərinə, tramvayların şüşələrinə, liman tikililərinə, hətta qədim Roma amfiteatrını xatırladan xarabalıqlara belə yapışdırılmışdı.
Triyest əhalisi elanların qarşısında toplaşaraq bu naməlum adamı – Mixaylonu təsəvvürlərində canlandırmağa çalışırdı. Görəsən, kimdir? Haradandır? Necə adamdır?..
Mixaylonun elanda göstərilmiş nişanələri təxmini idi: «Ortaboylu, qarabuğdayı, enlikürək, qaragöz, göz qapaqları bir qədər ətli, çənəsi çuxurlu…»
Elanlar bəzi yerdə almanların hərbi məlumatları ilə yanaşı yapışdırılmışdı. Bu məlumatlarda bildirilirdi ki, hitlerçilər Şərq cəbhəsində hücumu davam etdirir, yeni-yeni şəhərlər fəth edirlər. Mixaylo haqqındakı elan isə bu xəbərin saxtalığını sübut edirdi.
– Bir halda ki faşistlər… hm… hətta Şərq cəbhəsində də hücuma keçiblər, görəsən, nə üçün bir ovuc partizandan qorxub əl-ayağa düşüblər? – arıq bir qoca kinayə ilə gülümsədi.
– Düzdür, – gözlərindən yorğunluq yağan bəstəboy kişi onunla razılaşdı. – Adam bilmir, nəyə inansın. Onların məlumatlarına, yoxsa bu elana…
Qoca qorxu və ehtiyatla yan-yörəsinə baxdı:
– Keçən həftə Suzana qəsəbəsində alman kinoteatrını partladıblar. Deyirlər, səkkiz saat meyit daşıyıblar…
– Yəqin, Mixaylonun işidir, – bəstəboy kişi qorxu qarışıq bir sevinclə pıçıldayıb yenə nəzərlərini elana zillədi. – Eh, heç burada göstərilən nişanələrlə onu tapmaq olar?!
– Yoxsa, onu tapmaq fikrinə düşmüsən? – qoca soruşdu. Onun səsində gizli bir hədə duyuldu.
Qonşusu gülümsünüb pıçıltı ilə dedi:
– Eh, kaş tapaydım…
Qoca daha da şəkləndi:
– Tapsaydın, neylərdin?
– Heç nə. Onun əlini möhkəmcə sıxardım.
Bu zaman səliqə ilə geyinmiş bir alman zabiti həmin elanlardan birinə yanaşdı. O, şinelinin yaxasını açıb yan cibindən dəri cildli qeyd dəftərçəsini çıxardı və partizanın əlamətlərini tələsmədən köçürməyə başladı.
– Deyəsən, yüz min qazanmaq istəyirsiniz, cənab ober-leytenant, – arxa tərəfdən yaxınlaşan leylək kimi uzun və arıq bir zabit soruşdu.
Ober-leytenant başını döndərmədən cavab verdi:
– Nə üçün də qazanmayım, cənab leytenant? – o, dəftəri büküb cibinə qoyduqdan sonra geri çəkildi.
Leytenantın təəccübdən nitqi tutulmuşdu. O, dilini güclə tərpədərək soruşdu:
– Q… qəribədir, sizin ki arxada gözünüz yoxdur, mənim leytenant olduğumu nədən bildiniz?
– Belə yerdə arxanı da görməyi bacarmaq lazımdır, – ober-leytenant poqonların əksini elan yapışdırılan qara mərmər sütunun üzərində görmüşdüsə də, üzə vurmayıb ciddi bir tövrlə əlavə etdi: – Bunu unutmayın.
Leytenant qaşlarını dartdı və «Hayl Hitler!» deyib uzaqlaşdı.
Mərmər sütun ober-leytenantın da şəklini ayna kimi əks etdirirdi.
O, iyirmi beş yaşlarında ortaboylu, enlikürək bir oğlan idi. Bir qədər ətli göz qapaqlarının altından görünən məxmər kimi qara gözləri, düz burnu və çənəsində balaca bir çuxur var idi. Bir sözlə, onun xarici görkəmi elanda göstərilmiş əlamətlərə uyğun gəlirdi: əgər sifətinə soyuq və təkəbbürlü bir ifadə verməsə idi, yəqin, yoldan keçənlərin çoxu ondan şübhələnərdi.
Ober-leytenant ətrafına göz gəzdirdi.
Onun durduğu yerdən qranit daşlarla döşənmiş sahil görünürdü. Gəmilər burunlarını sahilə dirəyib yan-yana düzülmüşdü. Hərbi nəqliyyat gəmilərindəki top və pulemyotların lülələri göyə tuşlanmışdı.
Səma aydın idi. Sahildə cərgələnmiş binaların arasında «Ekzaltcyor» mehmanxanası və qubernatorun evi diqqəti cəlb edirdi.
Yanvar ayına xas olmayan xoş və ilıq bir hava vardı. Ober-leytenant saatına baxıb ağır addımlarla meydanın o biri başına yönəldi. Bir azdan şəhərin fəhlə məhəllələrinə çatdı.
Bazar günü olmasına baxmayaraq şəhərin küçələrində adam o qədər də çox deyildi. Meyxanalar isə, əksinə, səsli-küylü idi.
Nallı çəkmələrini yerə döyə-döyə küçədən bir dəstə hitlerçi keçdi.
Bazara yaxınlaşdıqca küçələrdəki səs-küy çoxalır, tünlük artırdı.
Ober-leytenant şəhərin mərkəzinə çatdı.
Bahar və yay fəsillərində şəhər daha gözəl görünürdü. Akasiya və şabalıd ağacları şəhərə xüsusi rövnəq verirdi; meydanlarda, bağçalarda və bulvarda palma ağacları vüqarla ucalırdı.
İndi bu palmalar solub-ölgünləşmişdi; şəhərin mənzərəsini cansıxıcı edən yalnız boz divarlı evlər və palmalar deyildi. Şəhər deyəndə ilk növbədə insanlar nəzərdə tutulur. İnsanlar isə süst və ölgün yeriyir, son dərəcə qayğılı və qaşqabaqlı görünürdülər.
Almanlar tərəfindən işğal edilmiş şəhərin siması dəyişmişdi, elə bil şəhərə qara bir damğa vurulmuşdu. Küçələrin asfaltı çat-çat olmuşdu – bunlar ardı-arası kəsilmədən şəhərdən keçib-gedən ağır tankların tırtıllarının izi idi.
Via del Akvedotto küçəsində cərgələnmiş dar ağaclarından üzləri kömür kimi qaralmış adamlar asılmışdı. Asılanlardan birinin köynəyi qana batmışdı, boynundaki ip isə düyün-düyün idi. Yəqin, onu asanda ip bir neçə dəfə qırılmışdı.
Revoltello sarayının yanında esesçilər bir neçə zabitin rəhbərliyi altında şəhər incəsənət muzeyindəki şəkilləri maşınlara yükləyirdilər.
– San Custo kilsəsi haradadır? – ober-leytenant italyan sözlərini yanlış tələffüz edərək küçədəki kor çalğıçıdan soruşdu.
Çalğıçı əlini qabağa uzatdı:
– Düz gedin.
Ober-leytenant yoluna davam etdi.
O, bir neçə dəqiqədən sonra San Custo kilsəsində qoyulmuş Müqəddəs Madonnanın2 heykəlinin qarşısında dayanmışdı. Mərmərdən yonulmuş Madonna iki mələyin arasındakı taxtda əyləşmişdi. Onun qucağında balaca bir uşaq vardı.
Zabit bu qədim sənət əsərindən böyük zövq alırdı. Gah yerində donub-qalır, gah bir neçə addım geri çəkilir, gah da heykələ yaxınlaşaraq onu diqqətlə gözdən keçirirdi. Hətta yaxınlaşıb heykəlin ətrafını bəzəyən qədim naxışları barmağı ilə sığalladı.
Zabitin sifətindəki soyuq təkəbbür ifadəsi yox olmuşdu. O, heykəlin qarşısında həddən artıq dayandığını hiss edib özünü ələ aldı və cəld ətrafına göz gəzdirdi.
Kilsə, demək olar, boş idi. Əlində çətir tutmuş şişman bir qocadan və iki cavan qızdan başqa bir kimsə yox idi. Bir keşiş də onun kimi heykələ tamaşa eləyirdi.
Zabit qoca keşişə yaxınlaşıb papağını çıxardı və ona xeyir-dua verməsini istədi. Keşiş əlini qaldırıb xaç çəkdi.
– Müqəddəs ata, deyəsən, siz də mənim kimi sənət əsərlərinin vurğunusunuz…
– Bəli, amma sizin kimi zabit öz vaxtını Via Qeqqa küçəsindəki soldatenhaymda keçirsə, daha yaxşı olar…
– Müqəddəs ata, günün hansı saatlarında ora getmək daha münasibdir?
– Gündüz saat 2-də. Sizin zabitlər orada bu vaxt yemək yeyirlər.
– Təşəkkür edirəm.
Bir neçə dəqiqədən sonra ober-leytenant Via Qeqqanın tinindəki balaca bir dəllək dükanının qabağında durmuşdu: deyəsən, kimi isə gözləyirdi.
Küçə ilə hitlerçi feldjandarmlar keçirdilər. Onlar iyirmi nəfərə qədər olardılar. Başlarında parlaq və hündür kaska, döşlərində isə xüsusi jandarm nişanı vardı. Jandarmlar küçədən keçən bütün hərbi qulluqçuları saxlayır və sənədlərini yoxlayırdılar.
Lakin ober-leytenant yaxınlaşan jandarmlara o qədər də əhəmiyyət vermədi. Gözlərini qarşıdakı səki ilə gedən əli çantalı bir alman əsgərinə zilləmişdi. Əsgər sol əli ilə qaragözlü, qara, qıvrımsaçlı gözəl bir italyan qızını qucaqlamışdı.
Çil-çil sifətli, göygöz, ağımtıl qaşlı əsgər çox cavan idi. Ona 19–20 yaş ancaq vermək olardı. Qız isə oğlana nisbətən bir qədər böyük görünürdü. Əsgərin kefi kök idi: qəhqəhə çəkib gülür, qızı qucaqlayıb qulağına nə isə pıçıldayırdı. Qız onun sözlərini dinləyərək diksinir, çiynindəki şala daha bərk bürünürdü.
Ober-leytenant kinayə ilə gülümsündü.
Əsgər yanındakı qızla birbaş jandarmlara tərəf yeriyirdi. Onlar jandarmlara çathaçatda ober-leytenant əsgərin qabağını kəsdi.
Əsgər təqsirkar bir ifadə ilə gözlərini döyərək qeyri-ixtiyari əllərini yanına saldı. Lakin artıq gec idi. Zabit onu danlamağa, söyməyə başladı. Hətta jandarmlar təəccüblə bir-birinə baxıb ayaq saxladılar. Zabit get-gedə qızışır, özündən çıxır, deyirdi ki, iki saatdır onu axtarır, o isə vəzifəsini unudub Triyestin restoranlarında veyillənir, əxlaqsız qızlarla gəzir. Lap axırda isə əlavə elədi ki, onu ancaq kötəklə işləməyə məcbur etmək olar.
Əsgərin yanındakı qız qorxusundan divara tərəf sıçradı və yaxındakı tini burulub gözdən itdi.
Əsgərin yanağı səyriyirdi. O kəkələyərək nə isə deməyə çalışırdı, lakin zabitin yağdırdığı yeni söyüşlər onu bu mənasız cəhddən əl çəkməyə məcbur etdi.
– Bəsdir yanağını dartdın, axmaq! – zabit qışqırdı. – Əminəm ki, səni döyüş meydanında yox, meyxanada pivə parçı ilə vurub şikəst ediblər. Hələ utanmaz-utanmaz döşündə xaç nişanı gəzdirir. Atasının əziz xatirəsinə görə onu, sadəcə, «Körpə» adlandırıram. Heç təsəvvür eləyə bilmirəm ki, eses zabitinin belə axmaq bir oğlu ola bilər. Marş, dalımca!..
Körpə çantasını çiyninə atıb onun dalınca getdi. Feldjandarmların rəisi çeçələ barmağı ilə qaşının arasını qaşıdı: «Lənət şeytana, bu zabiti belə hirsli vaxtında saxlasan, sənə də ağzından çıxanı deyər».
Rəis əllərində çamadan vağzala tərəf gedən iki əsgəri dayandırıb onların sənədlərini yoxlamağa başladı.
Ober-leytenant ilə Körpə beşmərtəbəli qədim bir evə yaxınlaşdılar. Keçmişdə yerli əhalinin fəxr etdiyi bu gözəl bina indi «Döyçe soldatenhaym» adlanırdı.
Ober-leytenant və onun əsgəri «Döyçe soldatenhaym»a girəndə qarşı səkidəki slovenli bir qarı onlara tərəf baxaraq tüpürdü: «Ah, kaş bu ev başınıza uçaydı. Siz olmasaydınız, mənim Mitrim sağ qalardı. Sizi görüm lənətə gələsiniz, cəlladlar!»
O qədər də böyük olmayan vestibüldən3 yuxarı zərli məhəccərli geniş pillələr qalxırdı. Pillələrin hər iki tərəfindəki mərmər sütunlar, tavandan asılmış büllur çilçıraqlar par-par parıldayırdı.
Yuxarıdan musiqi səsləri eşidilir, xörək ətri gəlirdi. Balacaboylu bir zabit tapança qayışını açıb paltarasana ilişdirməyə çalışırdı. Xörəkpaylayan qadınlar onun yanından ötərək o tərəf-bu tərəfə vurnuxurdular. Nişastalanmış ağ önlüklər və krujeva onlara təntənəli bir görkəm verirdi. Hamısı alman idi. Bu evə ancaq almanlar girə bilərdilər.
Ober-leytenant və Körpə birinci salonun açıq qapısı qarşısında dayandılar. Bura əsgərlərin və kiçik zabitlərin yeməkxanası idi. Hiss olunurdu ki, onlar hələ təzə-təzə yığışmağa başlayıblar. Bir neçə əsgər patefonun yanında dayanıb mahnıya qulaq asır, zarafatlaşıb gülüşürdülər.
Birdən əsgərlər gözlərini onlara zilləmiş ober-leytenantı gördülər. Hamısı farağat durdu.
Zabitin sifəti daş kimi ifadəsiz idi. Əsgərlər xeyli müddət yerlərində donub-qaldılar, səslərini çıxarmadılar. Nəhayət, ober-leytenant onlardan gözünü çəkib üçüncü mərtəbəyə qalxan pillələrə tərəf yönəldi. Körpə əsgərlərə göz vurub öz zabitinin dalınca getdi.
Üçüncü mərtəbədə sakitlik idi, salonun qapısından tünd-qəhvəyi rəngli ağır pərdələr asılmışdı. Zabit etinasız bir hərəkətlə pərdəni aralayıb içəri baxdı. Sonra salona girdi.
O, stolların arasında gəzir, sanki yüksəkrütbəli zabitlərin xörək yeyəcəkləri stolların səliqə-sahmanını yoxlamaq istəyirdi.
– Körpə! – zabit əsəbi səslə əsgəri çağırdı. – Bu dəsmallar xoşuma gəlmir, çox kobuddur!
Körpə zabitin nəyə işarə etdiyini dərhal başa düşüb çiynindəki çantanı yerə qoydu, oradan bir dəstə dəsmal çıxartdı.
Onlar tez-tələsik stollardakı dəsmalları dəyişdirib salonu tərk etdilər.
– Körpə, yeməkdən qabaq əllərini yumaq istəmirsən? – ober-leytenant koridorun o biri başını göstərdi.
Koridorun o başındakı qapılardan birinin üstünə «Yalnız zabitlər üçün» sözləri yazılmışdı.
Körpəyə rast gələn mayor əvvəlcə onu dayandırıb qapıya vurulmuş lövhəni göstərmək istədi. Sonra nədənsə fikrindən daşındı. Bu iyrənc şəhərdə Otto fon Şultsun işi onsuz da başından aşırdı. Vaxtını intizam haqqında boş söhbətlərə sərf etmək istəmədi. Fon Şults özünü daha ciddi işlərdən ötrü qorumalıdır…
Mayor alçaqtavanlı holla4 girdi. Bir neçə zabit piştaxtanın qabağına yığılıb yeməkdən qabaq vermut içirdi.
Balkon qapısının yanında qırmızı peysər qoca polkovnik dayanmışdı. O, əlindəki qayçı ilə siqarın ucunu kəsirdi.
Şults alışqanı yandıraraq onun siqarına yaxınlaşdırdı.
Polkovnik diqqətlə mayora baxdı, onun qaşları təəccüblə yuxarı dartıldı.
– Fon Şults?
Şults yüngülcə baş əydi.
– Hm… – polkovnik gülümsündü. – Mən sizi hələ bığsız kadet5 olduğunuz vaxtdan xatırlayıram. Əgər səhv etmirəmsə, sizinlə atanızın malikanəsində görüşmüşdük. Hafizəm məni çox nadir hallarda aldadır. Triyestə çoxdan gəlmisiniz?
– Xeyr, təzəcə gəlmişəm.
– Yəqin ki, fövqəladə səlahiyyətlə gəlmisiniz?
– Xeyr, bu dairədə partizan hərəkatını yatırmaq işləri üzrə gestapo6 rəisinin müaviniyəm.
– Nə etmək olar! Uğur olsun! – və mətləbə heç dəxli olmadan əlavə etdi: – Sizin rəhmətlik atanız çox yaxşı general idi, bəli, çox yaxşı!
O, baş barmağını kitelinin yaxasına keçirib dabanları üstə dönərək bufetə tərəf yönəldi.
Polkovnikin ötəri dediyi bu tərif mayor fon Şultsu qəzəbləndirdi. O bu sözləri deməklə generala hörmətini bildirməkdən ziyadə, belə bir hörmətli zatın oğlunun, qədim pruss7 nəslinin nümayəndəsi olan fon Şultsun hərbi karyera seçməkdənsə, polisdə xidmət etdiyinə təəssüflənirdi…
Şults bu dəqiqə böyük məmnuniyyətlə qəliz bir söyüş söyərdi… Nə olar, insanın cəmiyyətdə tutduğu mövqe poqonlarındakı ulduzların sayı ilə təyin edilmir!
Yemək vaxtı yaxınlaşırdı. Zabitlər yavaş-yavaş holldan salona keçməyə başladılar. Şults da onların ardınca tələsdi.
Qoz ağacından hazırlanmış naxışlı qutunun içindəki saat ikini göstərəndə yüksəkrütbəli zabitlər almanlara xas olan dəqiqliklə stolların dalında öz yerlərini tutmağa başladılar. Salondakı kiçik orkestr səsləndi, xörəkpaylayan qadınlar səssizcə o baş-bu başa yüyürüşdülər. Salon zarafat-gülüş səsləri və papiros tüstüsü ilə doldu. Ober-leytenantla əsgər içəri girdilər.
Ober-leytenant yaxındakı stollardan birinin boş olduğunu görüb Körpəyə dalınca gəlməyi işarə etdi.
Ağır çanta əsgərə mane olurdu. O, çantanı çıxarıb stolun altına qoydu və yerini rahatladı.
– Bura zabitlər üçündür, – arıq xörəkpaylayan qadın Körpəyə tərəf əyilib pıçıldadı. – Aşağı mərtəbəyə enin.
Ober-leytenant nəzakətlə etiraz etdi:
– Qoyun bunu zabitlər özləri həll etsinlər.
Arxadan kimsə bağırdı:
– Qalx!
Körpə diksinib yerindən elə sıçradı ki, altındakı stul aşdı. Salondakı zabitlərdən bir neçəsi səs-küy eşidib ayağa durdu.
Ober-leytenant yerindən tərpənməyib arxayın nəzərlərlə uzun, sarıbəniz, yağlanmış saçları laklı qadın ayaqqabısı kimi parıldayan kapitana baxırdı.
– Sənin burada nə işin var?! – kapitan qəzəblə qışqırdı.
Körpənin rəngi qaçdı, yanağı yenə də səyriməyə başladı.
– Bu nədir? – kapitan yenə də bağırıb onun üstünə yeridi. – Nə ağız-burnunu əyirsən!
Bu vaxt ober-leytenant sakit və arxayın bir hərəkətlə ayağa qalxdı.
– Cənab kapitan, əlbəttə, yanağın səyriməsi əsgər üçün o qədər də yaxşı bir şey deyil, lakin bu əsgəri reyxsmarşalın özü təbrik etmişdir.
– Anlamıram! – kapitan təkəbbürlə ober-leytenantı süzdü.
Ober-leytenant sözünə davam etdi:
– O məni ölümdən xilas etmişdir. Rus mərmisi yaxınlıqda partlayan zaman bədəni ilə məni qorudu. Özü isə yaralandı. O əsl qəhrəmandır.
– Lakin bu ona burnunu bizim xörək qablarına soxmaq ixtiyarı vermir. Əgər sizin həyatınızı xilas etmişsə, onu istədiyiniz meyxanada qonaq edə bilərsiniz.
Kapitan stulunu çəkib onların stolunun arxasında əyləşdi. Ober-leytenant Körpəyə baxıb gülümsündü və heç bir şey olmayıbmış kimi onun çiyninə vuraraq dedi:
– Nə olar, Körpə, görünür, bu salonu tərk edib aşağıya enməlisən… Gedək, gedək… Yanağın yaman dartılır. Birdən aşağıda da səni incidərlər, – o, başı ilə əsgərə dalınca gəlməsini işarə etdi. Sonra kapitana dönüb yumşaq bir tövrlə sözünü bitirdi: – Cənab kapitan, mən bu dəqiqə qayıdıram.
Onlar salondan çıxandan sonra kapitan yaxındakı stolun dalında əyləşən sinəsi ordenlərlə bəzənmiş qoca polkovnikə müraciət etdi:
– Gördünüz bu cırtqozu?!
– Onunla ciddi danışmaq pis olmaz, – polkovnik cavab verdi. – Yeməkdən sonra mən onunla haqq-hesab çəkərəm.
На этой странице вы можете прочитать онлайн книгу «Uzaq sahillərdə», автора Имран Касумов. Данная книга имеет возрастное ограничение 12+, относится к жанрам: «Документальная литература», «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «реализм», «героизм». Книга «Uzaq sahillərdə» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты
