Anar Hafiz oğlu Rəhimov 1984-cü ildə anadan olub. Bakıda 45 saylı orta məktəbi bitirib. Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsində bakalavr pilləsi üzrə təhsil alıb, həmin universitetdə Dilşünaslıq üzrə magistr təhsilini tamamlayıb. Daha sonra Norveçin Oslo Universitetində Skandinaviyaşünaslıq ixtisası üzrə təhsilini davam etdirib. 2013-cü ilin sentyabrından ADU-da müəllim və baş müəllim vəzifələrində çalışıb. Avropanın müxtəlif ölkələrində dəfələrlə beynəlxalq konfrans və seminarlarda iştirak edib. Bədii tərcümə fəaliyyətinə 2016-cı ildən başlayıb. İndiyədək Skandinaviya dillərindən 6 tərcüməsi çap olunub. Daq Sulstadın “Həya və Dəyər”, Roy Yakobsenin “Görünməzlər” və müasir Danimarka ədəbiyyatının nümayəndəsi İda Yessenin “Yeni Çağlar” əsərini misal olaraq göstərmək olar. Anar Rəhimov hal-hazırda ADU-da dissertantura pilləsi üzrə təhsil alır.
Tanımadığım bir kişidən sorğu almışam. Sorğu məktub şəklində gəlmişdi və mənim səhər süfrəmdə fincanımın yanında qoyulmuşdu. Məktub “Danimarka həkimlər birliyindən” gəlmişdi. Yeni işə girmiş redaktor idi, həkim dəyişikliyi ilə bağlı antalogiya yazmaq istəyirdi. Yazmışdı ki, antalogiyasının adı “Həkimin zamanından” adlanmalı idi.
O yazırdı: “ Bizlər, Əskulapın işçiləri yazı yazmaq işində heç də səriştəli deyilik. Bizim haqqımızda belə deyilir: Bizim roman yazmağa ehtiyacımız yoxdur, bizlər romanı yaşayırıq”.
O ümid edirdi ki, mən onun dəvətini qəbul edəcəm. O, ümid edirdi ki, mən heç olmasa cəhd edəcəm. “Nə qədər konkret və şəxsi olsa, bir o qədər yaxşı olacaq”. O yazırdı.
Bu barədə arvadımla söhbətləşdim. -Öz-özümə götür-qoy etdim və yox dedim. Mən qərarımı arvadıma bildirdim.
– Niyə görə axı?– o soruşdu.
– Özüm haqqımda heç nə yazmaq istəmirəm,– cavab verdim.
– Niyə görə axı?– o təkrar soruşdu.
On dörd gün bundan qabaq idi. Dünən axşam iş otağımda oturmuşdum, stolumun üzərinə dörd qutu bağlama qoyulmuşdu. Qutular qara kağıza bükülmüşdülər. Bükmək üçün istifadə edilən kağızın keyfiyyətinə baxanda bilinirdi ki, Veyledəki kitabxanadan alınıb gətirilib. Axşam süfrəsində o, bağlamalar haqqında heç söz salmadı, heç mən də danışmadım. İndi düşünürəm: “Hə, niyə də yox? Camaatın bilməli olmadığı şeyləri buraxa, yazmaya bilərəm. Amma , onun gətirdiyi həmin kitablara yazmayacam”. Kitab bağlamalarını stolun üstündə bir kənara itələdim, indi əlimə keçən kağız parçalarının arxasına yazacam. Sanki gizli məlumat yazırmışam kimi. Heç kəsi yazdıqlarımın sayəsində ovundura bilməyəcəm. Uzanan soyuq əlləri görürəm.
Yox. Əslində yüngül məlumat və anaqramla kifayətlənmək istəyirəm, bu barədə başımı çox ağrıtmayacam. Kitabı açıb bağlayıram, hələ ki tərəddüd içindəyəm. Fərredə qanı zəhərlənən vardı, ordan gəlirdim. O qədər qoca idi ki, iynə vurmağa damarını da tapa bilmirdim. Qonaq otağındakı divardan müqəddəs zeytun ağacı asılmışdı. Onun arvadı Sören Kuldbyerqgildə olmuşdur və orada əlini yağlayıb ağartmaq üçün qurğuşun almışdır. Sanki təndirə girib çıxmış kimi qızarmışdı və indi qızdırmadan yanırdı, kişi arvadına görə əməlli-başlı panikaya düşdü. Onu aşağı endirib mətbəx stolunun üzərində əməliyyat etməyi götür- qoy edirdim, amma buna ehtiyac olmadı. Bir əlimdə paltom, o biri əlim isə qapının dəstəyində onları çıxıb gedəcəyimlə hədələdim.” Sizə iki gün vaxt verirəm mən” dedim. “Sonra siz kölgələr vadisində sərgərdan gəzib dolaşacaqsınız. Məndən heç bir gül çələngi ala bilməyəcəksiniz, buna əmin ola bilərsiz, ola bilsin Sören Küldbyreqdən bir dənə ala biləsiz”.
Bu kömək etdi.
İndi onun sol əlində iki barmağı qıc olmuşdu, baş barmaq və şəhadət barmağında, hə bir də əməlli tibbi fakturası da vardı ödənməli. O nəzakətlə bundan yayınmışdı. Gecədən keçib artıq, heç kəs bilmir ki, mən gecəni oyaq qalacam. Ağlı başında olan bir oğlan kimi yatağıma girib yatmalıyam. Çarpayımda hüzur və sakitlik var. Gündəlik həyatımda mən sakitlik, rahatlıq nədir bilmirəm. Pasientlərim, telefon zəngləri, fasiləsiz narahatedici suallar, sorğular, hadisələr, arvadım və təmizləyici qadın. Mən evə qayıdanda gördüm ki, nərdivan çardaqdan aşağı endirilib, içində yay pərdələri olan qutular isə çıxardıb üzə qoyulub. Hər şey dərin təmizləmə işlərinə işarə idi.
Həkim kabineti.
Kələ-kötür həyət.
Pis ayaqqabılar.
Bacarıqlı oğlanam ha… artıq iki səhifə yazmışam.
“Gündəlik həyatından danış”– cavan redaktorun sorğusunda belə yazılmışdı. Həkimin gündəlik iş həyatını təşkil edən fəaliyyətindən yaz.
Gündəlik həyatımda nə baş verirdi ki?
Yaz təmizlik işlərinin ikinci günündəyik. Eqil Madsen dünən də, bu gün də burada olmuşdur və mebelləri çölə daşımağa kömək etmişdir. Bu arada o gözləmə otağındakı vedrəyə möhkəm bir zərbə endirir və öz qəlyanını vedrədən tökülənlərlə doldurur. O düşüncəli insandır, nəsə köməyi dəyə bilərsə heç zaman onu əsirgəməz. Onun yoldaşı mənim yoldaşıma və qızıma yır-yığış işlərini etməyə yardım edir. Mən kabinetimdə pasientlərimlə məşğul olduğum vaxtda bağ tərəfdən qapının döyülməsini eşitdim. Onlar araba ilə gəlmişdilər, arabaya yastı, düz çubuqlar düzmüşdülər, növbəti dəfə onlara göz yetirəndə gördüm ki, ştativləri qaldırlar, bu ştativləri arvadım istəmişdi, eşitmişdim ki, çarpayılara görə lazımdır. Təmizlik sənayesinə aid olan aqreqatların da sayı-hesabı olmur, idarəolunmaz dərəcədə çox kimyəvi maddələrdən gedir söhbət. Elə təkcə fırçaların və xalça-palaz təmizləyicilərin adlarını çəkmək kifayət edər. Arvadımın yanaqları qızarıb, başına hörümçək torundan qorunmaq üçün yaylıq bağlayıb ciddi-cəhdlə işə girişib. Səhər yeməyi çubuq üzərində yeməkdən ibarətdir. Arzular-istəklər vaxtı deyil, nə də düz -əməlli yemək hazırlamağa imkan var. Boş qonaq otaqları və pərdəsiz pəncərələr… mətbəxdə böyük qazanlar qaynayır, ətrafa yağ iyi yayılır. İylər bir-birinə qarışıb.
Bir vaxtlar şəxsi gigiyena haqqında təlimat kitabının hazırlanması məni yaman məşğul edirdi, bu mənim köhnə ideyalarımdan biridir. Bu ideyanın axıra kimi arxasınca düşməyə cəsarətim çatsaydı, dərindən maraqlana bilərdim, bu məsələ bu günlərdə çox aktualdır. Köhnə mühazirə materiallarıma nəzər salmaqla başlaya bilərdim. Yadımda qaldığı qədər mühazirə materiallarım mənasız kağız-kuğuz deyildi. Hətta deyərdim ki, mühazirə mətnlərimdən 2-3-nü birbaşa, dəyişiklik etmədən götürüb kitaba da salmaq olardı.
Əşşi, qalsın. Narahat deyiləm bu barədə. Evə çatan kimi həkim otağıma keçirəm. Çünki iş otağı da bu günlər ağır qablaşdırılmaya səhnədir. Döşəmədə qalaq-qalaq kitablar yatır. Arvadım məndən öz şeylərimi özümün qablaşdırıb-qablaşdırmayacağımı soruşur. O məndən öz rəflərimi özümün boşaltmağımı xahiş edir və vaxtım olanda bunu etmək üçün bir boş qutu da gətirib qoyub. Çarpayının yanındakı dolabımda olan kiçik şeylər də yığışdırılmalıdır, şüşə güldanlar da. Kardiovaskulyar paketlərim və kiçik açılıb-bağlanan lövhələrim də harasa yoxa çıxmışdı artıq.
Ah, bu təmizlik işləri…
Arvadım elə həyəcanlıdır, təmizlik və qablaşdırma işlərinə elə girişib ki, gözəl başındakı hörümçək toruna belə məhəl qoymadan öz işinə davam edir. Mən bunu ona demiş olsaydım, belə bir cavab alacaqdım:
– Bəlkə ev işlərini görmək keçir könlündən?
Mən hər zaman nəsə deyəndə, o mənə tamam başqa cavab verir. Buna görə də heç nə demirəm.
Ona qida verən əli qapan it misalı… Buna görə də heç nə demirəm.
Natəmizliyə nifrət edirəm, natəmizlikdən natəmizlik törəyər. Hər yer zir- zibil, evin içinə tüpürürlər, natəmizlik baş alıb gedir, ev ayda bir dəfə də düz-əməlli təmizlənmir, mən belə evlər çox görmüşəm. Belə natəmiz, bakteriyalarla zəngin evlərdə çox ölənlər də görmüşəm.
Həkimin günü necə başlayır? Həkimin günü səslə başlayır. Telefonun zənginin səsi ilə ya da qapının döyülməsi ilə. Həkim üçün vaxt dövridir, nə gündüz anlayışı var nə də gecə, hər dəqiqə telefon da zəng çala bilər qapı da döyülə bilər. Biz nəyin harada başladığını bilmirik. Ona fikrimizi yönəldəndə artıq başlanğıc olub keçir.
At-arabanın səsi, hətta yatağımda olanda belə yolların hansı vəziyyətdə olması haqqında məlumat verirlər. Havanı da hətta bu səslərdən müəyyənləşdirmək olar, yollardan gələn səslərə görə demək olurdu: dumandırmı, yağışdırmı, boz tutqun havadırmı yoxsa ki, təmiz havadır. Hətta səsi dinləməklə səmanın buludsuz , ulduzların isə sayrışan olduğunu da müəyyənləşdirmək olur.
Heç vaxt nə yatmağıma, nə də yuxudan durmaq vaxtıma fikir verən adam olmamışam. Uşaq olanda yatmağa getmək istəmirdim. Sadəcə istəmirdim, vəssalam. Bu barədə düşünmək belə içimi təzadlı depressiya ilə doldurur, gör nə qədər vaxt keçib üstündən, təxminən 60 ildən də artıq! Elə adicə yatmağa göndərəndə məni artıq ayaqlarımdan daş asılırdı, sanki sürünə- sürünə gedirdim çarpayıma doğru, nəfəsim də çatmırdı. Axı onlar niyə mənə imkan vermirdilər ki, elə oturduğum stulda lampa yanılı vəziyyətdə, əlimdə də kitab yatam? Niyə axı hər gecə mən min bir əzab- əziyyətlə həmin çarpayıda uzanıb özümü yatmağa məcbur etməliyəm? Hələ xəstəliyə görə yatağa məhkum olduğum günlər… Dişimin şişməsi, qabaqulaq xəstəliyi (svinka), qızılca… Bunların hamısı məndə olub.
Yuxudan durmağın öhdəsindən gəlmək lazımdır. Heç vaxt əynimi geyinmək, soyunmaqdan, paltar dəyişməkdən xoşum gəlməyib.
Hər səhər yorğunluq öz tikanlarını mənə batırardı, indi xəstələrim kabinetimdə məni gözləyirlər, daha sonra isə məni yollar gözləyir. Yuxu mərhəmətin, şəfqətin qaranlığında bir yerdir Amma yollar işıq deməkdir, hansısa işıqlı bir məkana çıxaracaq vasitə deməkdir, yadımdadır bunlar. Elə dəqiq yadımdadır ki…
Bir neçə gündür ki, dəlisov əhval-ruhiyyədəyəm. Amma bu yay ən incə və mülayim yaylardandır, bu gün isə, bu bazar günü hətta arvadımın ad günüdür, biz bu münasibətlə piknik təşkil etmişdik. Qəhvə stolu ətrafında söhbətlər, müzakirələr arvadım üçün uyğun bir ssenari deyildi, amma piknik, hə təmiz havada piknik onun tam ürəyincə idi. Beləcə, hər il mayın iyirmisi işləmirəm, boş oluram. Bu il öncə arvadım Dolerup Bakkerdən ( Danimarkada, Viborq şəhərinin cənubunda, gözəl təbiət mənzərəli yer. A R) danışırdı, amma sonra hər halda Rörbak Sö ( Danimarkada, Mitidlandda ləziz yeməkləri ilə məhşur olan tarixi restoran A R) oldu qərarı. Pikniklər və gəzintilər təşkil edən şirkətdən bir maşın sifariş verib köhnə kələ-kötür yolla bir az irəliləyib, qədim dəyirmanı keçib, əsas magistral yola tərəf şütüməyə başladıq. Həmin gün yollarda sıxlıq yox idi, ara-sıra bir maşın gözə dəyirdi. Çox qədim landşaft idi. Biz avarları olan qayıq tapdıq, kiçik adacıqların arası ilə avar çəkib xarabalıqlar arasında bir divarın yanına gəlib qayığı yedəkləyəndən sonra açıq havada bir yer seçib oturduq. Arvadım vafli, yağlı kökə və bir piroq hazırlamışdı.
– Torağaylar ölkəsi,– o dedi.
Bir az yuxarı hissədə ağıldan buraxılan inəklər gözə göründü.
– Torağaylar əsirlər, inəklər isə yumrulanır,– arvadım dedi. “Düşünürəm ki, biz hələ səninlə belə gözəl ad günü keçirməmişik”.
O, hər il bu sözləri deyir.
Yox, niyə, bir-iki daha yaxşı ad günü xatırlaya bilirəm. Mənim qarnımda ağrılar vardı, bu səbəbdən də mən Rörbak Söya gəlməyi seçdim, üstəlik buradan evə qayıtmaq da Dollerup Bakerdən daha asan və rahatdır. Ad günü hədiyəsi kimi ona parıldayan dana dərisindən bir çanta, bənövşəyi bahar paltosu və bir şüşə “Kölnervasser” hədiyə etdim. İnanmıram ki, ondan istifadə etsin, o heç zaman parfümdən istifadə etmir. Sadəcə, ona belə bir hədiyə vermək istədim.
Suyu isti saxlayan rezin bir qab da hədiyə etdim ona. Arvadımın bir xüsusiyyəti var: o hər zaman üşüyür.
1904-cü il, yanvarın dördündə mən arvadımı lap birinci dəfə görmüşdüm.
Hava soyuq idi, külək isə güclü. Bir yığın məktubla stansiyada dayanmışdım. Stansiyanın damından yerə qar ağ tüstü təki düşürdü. Mən içəridə, poçtalyonun yanında olanda qatar gəldi, rəqs edən qar dənələrinin, çovğunun, stansiyadakı yeşiklərin , çantaların , şiddətli soyuğun arasında platformada hərəkətsiz dayanan bir insan fiquru diqqətimi çəkdi. Poçtalyon ayağa qalxıb pəncərədən çölə nəzər saldı. O da, həmin insan fiqurunu görmüşdü.
– Bu, xalis nərmənazik adamdır ki,– o dedi.
– Haqlısan,– mən cavab verdim.
Biz xəyallar aləminə düşdük.
– Hə, bildim. Tireqord orta məktəbinə yeni təyin olunan həmin müəllimə olmalıdır bu,– o dedi.
– O məktəb indi açılır axı,– Sivertsen davam etdi.
– Səncə, o məktəbdəkiləri idarə edə biləcək ki?– mən soruşdum.
Onun cavabı həddən artıq nəzakətli olsa da, cavabı ilə sanki mənə bir yumruq da ilişdirdi. Üstündən illər keçməsinə baxmayaraq hələ də onun gerizəkalı cavabı yadıma düşəndə əsəbimdən özümə yer tapa bilmirəm.
Bu aralar qrip yaman yayılıb. Deyəsən, orada mən də yoluxdum xəstəliyə. Rahatsızam… rahatsızlığımı gizlətmək məcburiyyətindəyəm, amma bununla rahatsızlığım heç də azalmır. Buna baxmayaraq, mən gecəyarı oyanmalıyam, əkizləri çevirib onları iyrənc dünyaya atmalıyam, daha sonra köməyimə ehtiyacı olan başqa bir insanın bu iyrənc dünyaya tutunmasına yardım etməliyəm. Özüm isə heç yaxşı deyiləm, sağlamlığım getdikcə pisləşir, gecələr dəhşətli dərəcədə pis yatıram. Stolda oturub nəsə bir iş görəndə, ölüm şəhadətnaməsi ya hər hansı hesabat, məruzə yazanda elə bil ki, boğuluram.
Çöldə yazdır…
Gecə yarıdır, pişiklərin bələkdəki körpələr kimi qışqırıb ağladığı zamandır. Mənim isə bədənim od tutub yanır. Mən təslim oluram və üzü üstə yerimə uzanıram. Özümə bir-iki saatlıq istirahət verirəm. Səndən heç yuxu da istəmirəm, uca Allahım! Yalnız bir-iki saat bədənim dincəlsin, yetər!
Durub stakan götürmək istəyirəm özümə. Dolabda çoxlu stəkanımız var. Onlara heç kəs toxunmur. Gedib açıb baxmaq istəyirəm görüm orada nə var. Portvin şərabı, albalı şərabı, hə, bir də, bəxtim gətirsə bir şüşə rom da tapa bilərəm orada.
“Stəkanı axıra kimi iç və ölüm hələ gözləyər,
əzrayıl qılıncını çəksə də, o hələ gözləyər.
Sən, ey insan, səbrli ol, axıra kimi iç
qoy getsin ölüm, bəlkə gələn il gələr”. ( Ölüm haqda, əzrayıl haqda İsveç musiqisi)
Bu mahnını atam oxuyanda eşitmişdim. Özü də bir-iki dəfə yox. Atam bu mahnını oxuyanda mən lap uşaq deyildim, bir az böyümüşdüm.
Qrip…
Faşist qripi…
Yağış milçəkləri yağışlı ayaqları ilə yağmurlu havada uçuşurdular.
İnsanlar danışa bilərdilər ki mən ölümə qarşı özümü peyvənd etdirmiş bir insanam. Bu fikir məndə erkən yaşlarımdan formalaşıb. Mən general Dr. Haynrix Adolf von Bardelbenin rəhbərliyi altında Berlində, Şaritendə könüllü işləyəndə orada səhər çağı bir yığın difteriyaya yoluxmuş azyaşlı uşaq görmüşdüm.
Ölmək mənim heç vecimə də deyil. Amma öləcəmsə, qəfil ölmək yaxşıdır. Arıqlamayım, heydən düşməyim, gözlərim çuxurlaşmasın, elə birdən gedim o dünyaya. Həm də göz yaşı-zad da istəmirəm ölümümdən sonra.
Yox, düzünü demək gərəkirsə, mən ölmək arzusunda deyiləm.
Heç də axmaq biri deyiləm, bir gün öləcəyimi yaxşı bilirəm, amma buna inanmıram nəsə…
Yavaş-yavaş qocalıram…
На этой странице вы можете прочитать онлайн книгу «Doktor Baqqenin əhvalatı», автора Ида Йессен. Данная книга имеет возрастное ограничение 16+, относится к жанру «Зарубежная классика». Произведение затрагивает такие темы, как «реализм», «датская литература». Книга «Doktor Baqqenin əhvalatı» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты