Читать книгу «İliada» онлайн полностью📖 — Гомера — MyBook.
cover

Homer
İliada

BUNLARI BİLMƏK VACİBDİR

Homerin “İliada” əsəri məşhur Troya müharibəsi haqqındadır. Əsərdə bir çox qədim yunan şəhərlərinin, tayfalarının, qəhrəmanlarının adları çəkilir. Onların hər biri haqqında yunan mifologiyasında geniş məlumatlar tapmaq olar. Hər bir yunan oxucusu bu məlumatlara malik idi. Qoca Homer də öz əsərini, sözsüz ki, məlumatlı yunan oxucusu üçün yaratmışdı.

Bütün bunları nəzərə alaraq öz oxucumuza ünvanlanan bu kitaba ön söz yazıb “İliada”da adı çəkilən qəhrəmanlar, ilahlar, şəhər və tayfalar haqqında kiçik məlumat verməyi lazım bildik.

Qədim Yunanıstan

Qədim Yunanıstan müstəqil şəhər-dövlətlərdən ibarət idi. Bu şəhərlərdən hər birinin öz hökmdarı, ordusu və sərkərdələri var idi.

Ən məşhur şəhərlərdən biri indiki Yunanıstanın paytaxtı olan Afina idi. Bu şəhərin adı müharibə və müdriklik ilahəsi Afinanın şərəfinə qoyulmuşdu.

“İliada”nın əsas qəhrəmanları da müxtəlif yunan şəhərlərinin hökmdarları idi.

Aqamemnon Mikena və Tirinf, qardaşı Menelay isə Sparta şəhərinin hökmdarı idi.

Diomed Arqos şəhərinin hökmdarı idi. Bu şəhər-dövləti məşhur yunan qəhrəmanı Heraklın nəslindən olan hökmdarlar idarə edirdilər.

Odisseyin vətəni İon dənizində yerləşən adalardan biri – İtaka idi.

Axeylilərin müttəfiqi olan İdomeney Krit ada-şəhərinin hökmdarı idi.

Axeylilərin digər müttəfiqi – Nestor Pilos şəhərinin hökmdarı olmuşdur.

Troyalıların müttəfiqi Sarpedon Kiçik Asiyada, indiki Türkiyə Respublikasının ərazisində yerləşən Likiyanın hökmdarı idi.

Yunanıstanın ən qədim tayfaları olan axey, ion, dori və eollar bütün ölkəyə səpələnmişdilər. Onların nümayəndələrinə hər şəhərdə rast gəlmək olardı. Bu tayfalar arasında axeylilər daha məşhur idi. Məhz buna görə də Homer “İliada” poemasında bütün yunanları “axeylilər” adlandırır.

Axilles Yunanıstanın ən məşhur qəhrəmanı və mirmidonlar qəbiləsinin hökmdarı sayılırdı. Mirmidonlar axeylilərin bir hissəsi idi və Fessaliya vilayətində yaşayırdılar.

Qədim yunan ilahları

Öncə sərhədsiz, qaranlıq Haos vardı. Bütün dünya, ilahlar və insanlar Haosdan yaranıblar. Əvvəlcə Haosdan Geya – torpaq ilahəsi yaranır. Sonra torpaqdan çox-çox uzaqlarda yerləşən, sonu bilinməyən qaranlıq dünya Tartar yaranır. Bundan sonra Haosdan Eros – hər şeyi dirildən sevgi, Qaranlıq və İşıq, Uran – mavi səma yaranır. Uran Geya ilə ailə qurur və onların altı övladı olur. Bu övladlar qüdrətli, nəhəng və sarsılmaz titanlar idi. Uran onların gücündən qorxub övladlarını torpağın dərinliklərində zindana salır. Geya bu ağır yükü daşıya bilmədiyi üçün onların Urana qarşı çıxmağını istəyir. Lakin övladları ondan qorxurlar. Təkcə Kron hiylə ilə Urana qalib gəlir və baş ilah olur. Kron ilahə Reya ilə evlənir. Amma uşaqlarının onu devirəcəyindən qorxduğu üçün Reyanın həyata gətirdiyi bütün uşaqları udur. Sonuncu övladını Reya Krit adasında dərin bir mağarada dünyaya gətirir. Bu, Zevs idi. Reya onun əvəzinə Krona bələyə bükülmüş daş verir. Kron aldadıldığından duyuq düşmür.

Zevs isə doğulduğu mağarada böyüyür və boya-başa çatıb qüdrətli bir ilah olur. O, Krondan udduğu övladlarını geri tələb edir. Kron beş övladını bir-bir daxilindən çıxarır. Zevs onlarla birlikdə uca Olimpdə məskunlaşır. Zevs, bacı-qardaşları və onların tərəfində olan titanlar on il Krona qarşı mübarizə aparır, nəhayət, qalib gəlirlər. Bundan sonra onların arasında ən qüdrətli olan Zevs Hera ilə evlənir, Olimpdən bütün dünyanı və insanları idarə edir.

Qədim yunanların sitayiş etdikləri əsas ilahlar aşağıdakılardır:

Zevs – baş ilah, səma ilahı.

Hera – nikah ilahəsi.

Poseydon – dəniz ilahı.

Aid – yeraltı səltənətin ilahı.

Hefest – dəmirçilik ilahı.

İrida – xəbər ilahəsi.

Afrodita – gözəllik və məhəbbət ilahəsi.

Afina – müdriklik və döyüş ilahəsi.

Artemida – ovçuluq ilahəsi.

Apollon – günəş ilahı.

Latona – Artemida və Apollonun anası, analığı qoruyan ilahə.

Nika – qalibiyyət ilahəsi.

Femida − ədalət ilahəsi.

Tanat – ölüm ilahı.

Eros – sevgi ilahı.

Ares – müharibə ilahı.

Hermes – oğurluq, yalan, hiyləgərlik və ticarət ilahı.

Erida – nifaq ilahəsi.

Asklepi – müalicə ilahı.

Demetra – məhsuldarlıq ilahəsi.

Dionis – şənlik ilahı.

Helena

Sparta hökmdarı Tindareyin arvadının adı Leda idi. Onun Helena adlı qızı var idi, lakin əsatirə görə, Helenanın əsl atası Zevs olmuşdur.

Helena evlilik yaşına çatanda bütün Yunanıstandan ona ən qüdrətli sərkərdələr elçi gəldi. Bunların arasında Menelay, Odissey, Diomed, Patrokl və başqaları vardı. Tindarey bu qədər məşhur qəhrəmanın arasından seçim edə bilmir, həm də qorxur ki, hər hansını seçsə, digərləri onunla müharibə aparar. Bu zaman Tindareyin köməyinə İtaka hökmdarı Odissey çatır. Bəzi əsatirlərə görə, Odissey Helena ilə evlənmək üçün deyil, Tindareyə kömək edərək, əvəzində onun qardaşı qızı Penelopa ilə evlənmək niyyəti ilə Spartaya gəlibmiş. Tindareyi çıxılmaz vəziyyətdə görən Odissey ona belə məsləhət verir:

− Qızına elçi düşən bütün qəhrəmanları bir yerə topla. Qoy onlar and içsinlər ki, Helenanın seçiminə hörmətlə yanaşacaq və onun seçdiyi adama həmişə kömək edəcəklər.

Tindarey Odisseyin məsləhətinə əməl edərək qəhrəmanları bir yerə toplayıb onların qarşısında bu tələbi qoyur. Hamı razılaşır. Daha sonra Tindarey Helenanın Menelayı seçdiyini deyir. Zənn olunur ki, Menelayın qardaşı Aqamemnon bu seçimi etməkdə Tindareyə təsir göstərmişdi. Belə ki, Aqamemnon Tindareyin digər qızı Klitemnestra ilə evli idi.

Beləliklə, Menelay və Helena evlənirlər, Tindarey öldükdən sonra isə Menelay Sparta hökmdarı olur. Helena dünyaya bir qız və üç oğul övladı gətirir.

Paris

Paris Troya hökmdarı Priamın oğlu idi. Parisi dünyaya gətirməmişdən öncə Priamın arvadı Hekuba yuxusunda Troyanın yandığını görür. Yuxuyozanlar deyir ki, bu uşaq böyüyüb Troyaya bəla gətirəcək. Buna görə də onu öldürmək məsləhət görülür. Lakin Hekuba övladının öldürülməsini istəmir. Priam öz baş çobanı Agelayı çağırıb uşağı ona verir və onu öldürməsini əmr edir. Agelay ürəyiyumşaq insan olduğundan bunu edə bilmir, körpəni İda dağında tərk edir. Beş gündən sonra həmin yerə gedən Agelay uşağın sağ olduğunu görür. Demə, bu günlər ərzində onu dişi ayı əmizdirirmiş. Agelay uşağı evinə gətirir və adını Paris qoyur. Paris böyüyür və öküzləri otarmaqda çobana kömək edir, həm də tez-tez öküz yarışları keçirir. Bir dəfə Paris deyir ki, onun öküzünə hansı öküz qalib gəlsə, qızıl çələngi onun buynuzlarına taxacaq. Bunu eşidən müharibə ilahı Ares öküzə çevrilir və Parisin öküzünə qalib gəlir. Paris isə bir an belə düşünmədən qızıl çələngi qalib öküzə verir. Bu döyüşü Olimpdəki bütün ilahlar izləyirmişlər. Parisin belə ədalətli olması onların çox xoşuna gəlir.

Troya müharibəsinin əsl səbəbi məhz Parislə bağlı olmuşdur. Belə ki, qəhrəman Peleylə ilahə Fetidanın toyunda bütün ilahlar və ilahələr iştirak edirdi, təkcə nifaq ilahəsi Erida toya dəvət olunmamışdı. Buna görə də Erida üstündə “Ən gözəl xanıma” yazılmış almanı gizlicə bayram masasının üstünə atır. Bu almanı görən üç gözəl ilahə − Hera, Afina və Afroditanın arasında onun kimə aid olması üstündə mübahisə düşür. Onlardan hər biri almanın məhz ona verilməsini istəyir, lakin mübahisəni həll edə bilmədikləri üçün baş ilah Zevsə müraciət edirlər. Zevs onların mübahisəsinə baş qoşmaq istəmir. Elə bu anda onun yadına ədalətli Paris düşür. O, almanı Hermesə verir və ilahələrlə birlikdə İda dağına getməsini əmr edir.

Hermeslə üç ilahə bir göz qırpımında İda dağına − Parisin yanına gəlirlər. Hermes almanı Parisə uzadıb deyir:

− Paris, sən yaraşıqlı və ağıllısan. Zevs istəyir ki, sən üç qüdrətli ilahə arasında yaranmış mübahisəni həll edəsən. Bunun üçün sən onlardan birinə bu almanı verməlisən.

Paris razılaşır, ancaq istəyir ki, ilahələr ondan inciməyəcəklərinə and içsinlər. İlahələr and içirlər. Bundan sonra Paris onlara tək-tək baxır. Birinci Hera onu ələ almağa çalışır. Deyir ki, onu seçsə, bütün Asiyanın hökmdarı olacaq. İkinci Afina gəlir, Parisi ən gözəl və ən müdrik adam edəcəyinə söz verir. Üçüncü Afrodita gəlir və Parisə deyir:

− Sən necə də yaraşıqlısan! Belə bir oğlan bu dərədə çoban olmamalıdır. Niyə şəhərə gedib daha yaxşı yaşamırsan? İstəyirsən lap spartalı Helena ilə evlən. Əminəm ki, o səni görən kimi ərini atıb sevgilin olacaq. Sən heç Helena barədə eşitmisən?

Paris Helena barədə eşitmədiyini deyir. Afrodita isə Helenanı çox tərifləyir və and içir ki, alma ona verilsə, o, Parislə Helenanın qovuşmasına kömək edəcək. Paris çox düşünmədən almanı Afroditaya verir. Bu, Hera ilə Afinanın qəzəbinə səbəb olur və onlar birlikdə Troyanı necə məhv edəcəklərini fikirləşirlər.

Bir müddət sonra Paris və Agelay Troyaya yarışlara öküz aparırlar. Orada yarışlarda iştirak edən Paris üç mükafat qazanır və hökmdar Priamın oğullarına qalib gəlir. Özlərini təhqir olunmuş hesab edən Priamın oğulları onu öldürmək istəyirlər, bunu görən Agelay Priamın yanına qaçıb Parisin onun, yəni Priamın oğlu olduğunu deyir və illər öncə baş verənləri danışır. Bundan sonra Paris atasının sarayına gətirilir və onun haqları bərpa olunur. Lakin baxıcılar buna yenə də etiraz edir, onun Troyanın məhvinə səbəb olacağını söyləyirlər. Priam isə cavabında deyir ki, mənim gözəl oğlum ölməkdənsə, qoy Troya dağılsın!

Paris və Helena

Sparta hökmdarı Menelay bir dəfə Troyaya gəlib oradakı məbəddə qurbanlar kəsir və Parisin sarayında qonaq olur. Bunun əvəzində Paris də Spartaya gedib Menelayın qonağı olur. Ümumiyyətlə, qədim Yunanıstanda qonaq ən hörmətli şəxs hesab olunur və toxunulmaz sayılırdı. Buna görə də Menelay evinə gəlmiş Paris üçün doqquz gün ziyafət təşkil edir. Paris isə bu müddət ərzində Helenaya öz sevgisini bəyan edir. Bu arada Menelay qəflətən ölmüş babasının dəfni üçün Krit adasına getməli olur və qonaqları ilə Helenanı tək qoyur. Bundan istifadə edən Parislə Helena Menelayın sərvətinin çox hissəsini, Helenanın uşaqlarından yalnız oğlu Plisfeni götürüb Spartadan qaçırlar. Onlar Menelaydan qorxduqları üçün aylarla Yunanıstanın bir sıra şəhərlərində gizlənməli olurlar. Nəhayət, gedib Troyaya çatırlar və onların toyu olur. Helenanın gözəlliyi hamını valeh edir, Priam isə and içir ki, onu özü qoruyacaq.

Troya müharibəsi

Helena ilə Paris Spartanı tərk edən kimi ilahlar İridanı Menelayın yanına Krit adasına göndərirlər. İrida olanları Menelaya xəbər verir. O, qəzəb içində Spartaya dönür və Helena ilə birlikdə sərvətinin də aparıldığını görür. Parisdən intiqam almaq istəyən Menelay qardaşı Aqamemnonun yanına yollanır və kömək istəyir. Aqamemnon isə vaxtilə Helenaya elçi düşən sərkərdələri yanına çağırtdırır. Daha sonra onlara Pilos hökmdarı Nestor, Krit hökmdarı İdomeney, mirmidonların hökmdarı Axilles, onun dostu Patrokl və başqa məşhur yunan sərkərdələri qoşulur 29 hökmdarın 1200 gəmisindən ibarət görünməmiş bir donanma Troyaya tərəf üz tutur. Beləliklə, Aqamemnonun başçılığı altında Troyaya qarşı müharibə başlanır.

Bu müharibədə axeylilərə ilahələr Afina, Hera, Fetida, ilahlar Hermes, Hefest və Poseydon, troyalılara isə ilahə Afrodita, Artemida, Latona, ilahlar Apollon və Ares kömək edirdilər.

Homerin “İliada” poeması müharibənin onuncu ilinin təsvirindən başlayır. Əslində, buna qədər hər iki tərəf doqquz il müharibə aparır. Üstünlük vaxtaşırı gah axeylilərə, gah da troyalılara keçir.

Poemanın “İliada” adlanması Troya şəhərinin həm də İlion adlanması ilə əlaqədardır. Amma bu barədə bir çox araşdırmaçıların fikirləri fərqlidir, belə ki, Troyanın ölkə, İlionun isə bu ölkənin əsas şəhərinin adı olduğunu iddia edənlər də var. “İliada” sözü iki hissədən ibarətdir. “İlion” şəhərin adını bildirir, “-ada” isə “dastan” deməkdir – İlion haqqında dastan.

Qədim yunan mifologiyası, inancları, adətləri, eləcə də Troya müharibəsi haqqında məlumat əldə etmək üçün Homerin “İliada” poeması, şübhəsiz ki, ən dəyərli ədəbi nümunələrdən biridir.

На этой странице вы можете прочитать онлайн книгу «İliada», автора Гомера. Данная книга имеет возрастное ограничение 6+, относится к жанру «Мифы, легенды, эпос». Произведение затрагивает такие темы, как «мифология», «история литературы». Книга «İliada» была издана в 2022 году. Приятного чтения!