Cavan oğlan kirayələdiyi xırdaca otağından çıxıb ağır-ağır “K” körpüsünə tərəf getməyə başladı. Ev sahibəsinin mənzili oğlanın otağından bir pilləkən aşağıda idi. Naharı da, ev işləri də ev sahibəsinin boynunda idi.
Yoxsulluq onu əldən salmışdı. Hər dəfə küçəyə çıxanda ev sahibəsinin mətbəxinin qarşısından keçməli olurdu. Ev kirəsini çoxdan vermədiyi üçün hər buradan keçəndə əzab çəkir, ona rast gəlməkdən qorxurdu. Hər dəfə qarşılaşanda arvadın kirayə pulu üçün deyinməsi, eyni zamanda ondan yaxa qurtarmaq üçün özünün cürbəcür yalanlar uydurması, üzr istəməsi zəhləsini tökmüşdü. Amma bu dəfə qorxması özünü də heyrətə saldı: “Bir gör nə iş tutmaq istəyirəm, özüm də boş şeydən qorxuram… Yaxşı, bəs indi niyə gedirəm? Bu mənim əlimdən gələndir? Xeyr, xəyal xatirinə özümü əyləndirirəm…”
…Ürəyi döyünə-döyünə bir üzü kanala, bir üzü “N” küçəsinə baxan nəhəng evə yaxınlaşdı. Dar və qaranlıq pilləkənlərlə dördüncü mərtəbəyə qalxıb qapının zəngini çaldı.
İti, acıqlı baxışı və sivri balaca burnu olan bu qarının altmış yaşı olardı. Nazik uzun boynuna cındır parça sarımış, çiyninə yırtıq xəz atmışdı. Qarı şübhə ilə oğlana baxdı. Oğlan azca baş əyib nəzakətlə mızıldadı:
– Raskolnikovam, tələbəyəm. Bir ay öncə yanınıza gəlmişdim.
Qarı baxışlarını ondan ayırmadan:
– Yadımdadır, atam, yaxşı yadımdadır, – dedi.
Raskolnikov özünü itirdi.
– Yenə də elə bir iş üçün gəlmişəm.
Qarı otağın qapısını göstərib qonağı qabağa buraxdı.
Raskolnikov kiçik bir otağa keçdi. Günəş işığı otağı işıqlandırmışdı. O öz-özünə düşündü: “Deməli, onda da otağa belə işıq düşəcək!” Qarı otağa girdi, düz onun qarşısında dayanıb sərt bir ifadə ilə soruşdu:
– Nə lazımdır?
– Girov qoymağa şey gətirmişəm.
Cibindən köhnə bir gümüş saat çıxardı.
– Əvvəlki girovun da vaxtı üç gündür çatıb, ay qurtarıb.
– Bir ayın da faizini verərəm, səbir edin.
– Səbir edəcəyəm, ya sizin şeyinizi indi satacağam – bu öz işimdir, atam.
– Alyona İvanovna, saata nə qədər qiymət qoyacaqsınız?
– Atam, bu heç nəyə dəyməz. Keçən dəfə sizə üzük üçün iki kağız manat vermişəm, ancaq onun lap təzəsini zərgərdən manat yarıma almaq olar.
– Dörd manat verin, mən onu geri alaram, atamdan qalıb. Bu yaxında pul alacağam.
– Manat yarım, faizi də qabaqcadan, istəyirsiniz, verim.
Raskolnikov həyəcanla dedi:
– Manat yarım?
– İxtiyar sizindir.
Qarı saatı ona uzatdı. Oğlan saatı aldı, istədi çıxıb getsin, yadına düşdü ki, bura ayrı iş üçün gəlib axı. Kobudcasına:
– Verin, – dedi.
Qarı əlini cibinə salıb açarı çıxardı, o biri otağa keçdi. Oğlan maraqla qulaq asmağa və düşünməyə başladı. Qarının komodu necə açdığı eşidilirdi. “Komodun, yəqin, yuxarı gözündədir, – düşündü, – deməli, açarları sağ cibinə qoyur. Açarlar hamısı bir yerdədir, polad halqaya keçirilib. Onların içində bir açar var, hamısından böyükdür, özü də diş-dişdir. Bu, əlbəttə, komodun açarı deyil. Deməli, bir mücrü, ya da sandıq var. Bu nə alçaq işdir mən tuturam…”
Qarı geri qayıtdı.
– Budur, atam, hər aya iki şahı faiz tutulsa, onda bir ay üçün sizdən manat yarıma qabaqcadan on beş qəpik, iki əvvəlki manat üçün də bu hesabla qabaqcadan iyirmi qəpik tutmaq lazımdır. Cəmi edir otuz beş qəpik. Saat üçün indi siz məndən bir manar on beş qəpik almalı olursunuz. Buyurun.
– Nə? İndi bir manat on beş qəpik oldu?
– Bəli.
Raskolnikov mübahisə etməyib pulu aldı.
– Alyona İvanovna, bu günlərdə, bəlkə, sizə bir şey də gətirdim. Gümüş papiros qabıdır.
– Sağlıqla qalın…
– Evdə tək olursunuz, bacınız yoxdur? – dəhlizə çıxanda ehtiyatla soruşdu:
– Atam, bunun sizə nə dəxli var?
– Əlbəttə, dəxli yoxdur. Elə-belə soruşdum. Sağlıqla qalın…
Raskolnikov çaşqın halda küçəyə çıxdı. Həyəcanla öz-özünə dedi: “Aman Allah, bu nə iyrənc fikirdir! Yoxsa mən… Yox, ola bilməz! Belə dəhşətli bir şey mənim ağlıma haradan gəldi? Gör mənim qəlbim necə çirkin bir şeyə qabilmiş!”
O, həyəcanını gizlədə bilmir, sərxoş adamlar kimi yeriyirdi. Özünə gələndə gördü ki, içki dükanının qarşısında dayanıb. Raskolnikov indiyə kimi içki dükanına girməmişdi. Ancaq indi başı hərlənirdi. Birdən-birə zəifləməsinin səbəbini isə aclıqda görürdü.
Qaranlıq və çirkli bir küncdə oturub öz-özünə ümidlə düşünürdü: “Bunlar boş şeydir, karıxmaq lazım deyil! Tfu, belə də miskinlik olar?!”
Ətrafına nəzər saldı. Dükanda üç adam qalmışdı. Qonşu stolda iki nəfər oturmuşdu. Onlardan biri kefli idi. Arabir öz-özünə mahnı oxuyurdu. Yanındakı isə ona heç fikir vermir, hətta ədavətlə baxırdı. Üçüncü adam isə tək oturub arabir ətrafına baxırdı. Elə bil həyəcanlı idi. Özü də qulluqdan çıxmış məmura oxşayırdı.
Raskolnikovun fikri də məhz bayaqdan gözünü ondan çəkmədən tək oturan məmurda idi. O, birdən Raskolnikova baxıb:
– Hörmətli cənab, söhbət üçün sizə müraciət edə bilərəmmi? Məncə, siz oxumuş, içkiyə adət etməyən birisiniz. Mən də müşavirəm, familiyam da Marmeladovdur. Qulluq edirsinizmi?
– Xeyr, oxuyuram.
Səndirləyə-səndirləyə gəlib Raskolnikovun yanında oturub həvəslə söhbətə başladı.
– Əyyaşlıq, təbii ki, yaxşı iş deyil, ancaq yoxsulluq ayıbdır. Yoxsul olanda səni insan məclisindən qovub çölə atırlar. Buradan da yol içki dükanına gedir. Bir ay əvvəl cənab Lebezyatnikov arvadımı döyüb… Beş gecədir ki, Nevada ot baraklarında qalıram.
Onun danışığı yavaş-yavaş ətrafdakıları da cəlb etdi. Deyəsən, onu burada çoxdan tanıyırdılar. Dükançı bərkdən dedi:
– Oyunbaz, məmursansa, niyə işləmirsən?
Marmeladov üzünü Raskolnikova tutdu:
– Niyə? Elə bilirsiniz sürünməkdən xoşum gəlir? Lebezyatnikov arvadımı döyəndə, mən də sərxoş halda buna baxanda əzab çəkmirdim? Ancaq arvadım Katerina İvanovna alicənab olsa da, ədalətsizdir. Hərçənd başa düşürəm ki, o mənim saçımı da mənə ürəyi yandığı üçün yolur. Mən heyvanam!
Dükançı əsnəyərək dedi:
– Əlbəttə!
– Onun corabını, ləçəyini satıb içkiyə vermişəm. Üç körpə uşaqla soyuq bir otaqda yaşayırıq. Bu qış ona soyuq dəydi. Öskürəndə artıq sinəsindən qan gəlir. Ciyərləri də zəifdir, hiss edirəm ki, vərəmə tutula bilər. Bərk əzab çəkmək istəyirəm, ona görə içirəm.
O, ümidsizliklə başını stola sarı əyib sözünə davam etdi:
– Cavan oğlan, sizin üzünüzdə kədər gördüm, ona görə dərhal sizə müraciət etdim. Bunlar onsuz da hər şeyi bilir. Arvadım quberniyanın nəcib dvoryanlar institutunu qızıl medal və tərifnamə ilə bitirmişdir. Medalı çoxdan satmışıq. Tərifnamə isə sandıqda yatır. Ona keçmiş həyatından bircə bu xatirə qalıb. Arvadım özünə hörmət edən qadındır. Qara çörəklə dolanar, heç kimin qarşısında əyilməz. Lebezyatnikovun da kobudluğunu cavabsız qoymaq istəmədi, döyüldü. Bu təhqirə dözmədiyi üçün yatağa düşdü. Mən onu dul almışam, üç körpə uşağı var. Əri piyada qoşun zabiti olub. Əri öldükdən sonra ucqar bir qəzada yoxsulluq içində yaşayırdı. Mən də dul idim, onun əzablarına dözə bilmədim. Evlənmək təklif etdim. Mənim də on dörd yaşlı bir qızım var idi. O məni heç sevmədi, bir yandan da işdən çıxarıldım, sonra içkiyə qurşandım. Başımız müsibətlər çəkdikdən sonra bu şəhərə gəlib çıxdıq. Burada da iş tapdım və itirdim, öz xasiyyətim ucbatından. İndi biz Amaliya Fyodorovna Lippevexzelin mənzilində bir küncdə yaşayırıq. Ancaq nə ilə dolanırıq, mənzil kirayəsini necə veririk, bundan xəbərim yoxdur. Katerina İvanovna alicənab olmasına baxmayaraq, qızıma zülm verib. Sonya təhsilsiz bir qızdır. Sizdən soruşuram, namuslu, lakin xüsusi istedadı və savadı olmayan bir qız necə pul qazana bilər? Uşaqlar da acdır. Ağır xəstə olan analığı da ona gün vermir ki, müftə yeyib-içirsən… Mən sərxoş idim, divanda uzanmışdım. Eşitdim, Sonya da ona deyir ki, Katerina İvanovna, yoxsa mən o işə gedim?
Saat altı olardı, Sonya qalxıb yaylığını bağladı, geyinib getdi. Saat doqquzda geri qayıtdı, içəri girən kimi Katerina İvanovnanın yanına gedib stolun üstünə otuz manat pul qoydu. Sonra divana uzandı, üzünü yaylıqla örtüb divara çevirdi. Onun bütün bədəni titrəyirdi. Katerina İvanovna yaxınlaşıb onun ayaqları altında oturdu, ayaqlarından öpdü, sonra qucaqlaşıb yatdılar. O vaxtdan bəri qızım bu yola düşdü. İndi Sonya evə ancaq gecələr gəlir, həm analığına kömək edir, həm də pul gətirir. Özü də çox kasıb və pəltək Kapernaumovun mənzilində bir otaq kirayələyib.
Mən növbəti dəfə İvan Afanasyeviçin yanına getdim. Bir dəfə onu aldatdığıma baxmayaraq, o məni yenə qulluğa götürdü. Çox yaxşı adamdır…Yenə işə girdiyimi, maaş alacağımı biləndən sonra hər kəs qulluğumda durur, mən yatanda barmaqlarının ucunda gəzirdilər. Səhər qaymaqlı qəhvə içirirdilər. Axşam gələndə görürdüm ki, Katerina İvanovna iki cür xörək hazırlayıb. Altı gün əvvəl ilk maaşımı ona verəndə mənə “əzizim” dedi, təsəvvür edirsiniz?
Eh, cənab, bəlkə də, bunlar sizə gülməli gəlir… Düşünürdüm ki, uşaqlara pal-paltar alacağam, qızımı o biabırçı durumdan xilas edib evə gətirəcəyəm. Ancaq gör neynədim? Hiylə işlədib sandığın açarını arvadımdan aldım, maaşdan qalan pulu götürdüm. Budur, beş gündür ki, evdən çıxmışam. İndi evdəkilər məni axtarır, qulluğum da əlimdən çıxdı. Hər şey məhv oldu. Bu gün Sonyanın yanına gedib ondan pul istədim. Olan-qalan otuz qəpik pulu vardı, gətirib verdi. Cənab, indi deyin görüm, mənə yazığınız gəlirmi?
Marmeladov birdən Raskolnikova dedi:
– Gedək, cənab, məni aparın, Katerina İvanovnanın yanına gedirəm, vaxtdır. Saçlarımı yolacağından qorxmuram. Mən onun yalnız gözlərindən qorxuram.
O, Raskolnikova söykənib yeriməyə başladı. Getdikcə onun qorxusu və təşvişi artırdı.
Onlar həyətdən keçib dördüncü mərtəbəyə qalxdılar. Pilləkənin sonundakı his basmış, balaca qapı açıq idi. Yanan şam qırığı uzunluğu on addım olan otağı güclə işıqlandırırdı. Otaq çox tör-töküntü idi. Otaqda cəmi iki stul, üzü cırıq-cırıq divan, qabağında şamağacından düzəldilmiş köhnə mətbəx stolu vardı.
Amaliya Lippevexzelin mənzili qəfəs kimi xırda-xırda otaqlara bölünürdü. Onun mənzilindən çığır-bağır, gülüş səsləri gəlirdi.
Boylu-buxunlu, yaraşıqlı, lakin xəstə simalı, üzgün və solğun Katerina İvanovna Marmeladovun tayı deyildi. Raskolnikovla ərinin gəldiyini görmədi. Sanki huşu özündə deyidli.
Marmeladov qapının astanasında dizləri üstündə yerə çökdü. Raskolnikovu isə qabağa itələdi. Katerina İvanovna ilk dəfə gördüyü adamın qarşısında dalğın halda dayandı. Elə zənn etdi ki, bu adam da o biri otaqlardan birinə keçir, çünki o biri otaqlara onun otağından keçirdilər. Ona fikir verməyib dəhlizin qapısını örtmək istəyəndə ərini görüb çığırdı:
– Qayıtdın? Bəs pul hanı? Paltar da o paltar deyil, hanı paltarın? Pullar hanı?
O, ərinin ciblərini axtardı. Bir qəpik də pul yox idi.
– Aman Allah! Pulların hamısını içkiyə vermisən? Axı sandıqda on iki manat pul qalmışdı!
Katerina İvanovna ərinin saçından tutub sürüməyə başladı. Uşaqlar qorxudan tir-tir əsir, ağlaşırdılar. Yazıq arvad ümidsiz halda fəryad edirdi:
– İçkiyə qoyub hamısını! – Uşaqları göstərib: – Axı bunlar acdır! – dedi.
Birdən o, Raskolnikovun üstünə qışqırdı:
– Sən də bununla içirdin, hə? İtil buradan!
Raskolnikov heç nə demədən aşağı düşdü. Əlini cibinə salıb xırdaladığı son manatlıqdan qalan xırda pulları pəncərənin qabağına qoydu.
На этой странице вы можете прочитать онлайн книгу «Cinayət və Cəza», автора Федора Достоевского. Данная книга имеет возрастное ограничение 6+, относится к жанру «Общая психология». Произведение затрагивает такие темы, как «общество», «азербайджанская литература». Книга «Cinayət və Cəza» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты
