Telefon zənginə yuxudan ayılan Elmurad yataqdan qalxmadan yarıyuxulu halda ekrana baxdı, qayınanası Sevil xanım idi.
“Görəsən, səhər tezdən nə olub, xeyirdir inşallah” deyərək tələsik telefonu qulağına qoydu.
– Salam, sabahınız xeyir.
– Salam Elmurad, Günel hardadı? Zəng edirəm zəng çatmır.
– Saat neçədir ki?
Elmurad ekrana baxdı, saat 9:05-i göstərirdi, çönüb yatağının sol tərəfinə baxdı. Təəccüblü də olsa, Günel hələ yataqda idi.
– Günel yatıbe, narahat olmayın, burdadır.
– Hə yaxşı, yuxumu pis görmüşdüm, zəng çatmadı, lap ürəyim üzüldü. Votsapa da baxdım son dəfə gecə saat 3-ə işləmiş girib, narahat oldum o vaxt niyə oyaq olub, yəqin gec yatıb yorğundur qoy yatsın. Bağışla səni də narahat elədim .
– Yoo, əstəğfrullah, xoşdu…
Elmurad sağollaşıb telefonu kresloya atdı. Başını balışa qoyub istədi təzədən yatsın, amma o, özü də narahat oldu. Axı Günel indiyə qədər yatıb qalmazdı, həm də gecə saat 3-ə işləmiş votsapda olmağı da Elmurada bir az qəribə gəldi. Günel hara gecə 2-də, 3-də votsapda olmaq hara. Normalda yatma saatları 12 idi. Başını qaldırıb üzü əks tərəfə olan Güneli asta səslə çağırdı sonra əli ilə belinə toxundu. Cavab vermirdi və bədəni də buz kimi idi, üzünü özünə çevirəndə ağzından köpüklü qan töküldüyünü görüb dəhşətə gəldi. Günelin ruhu artıq bədənində yox idi. Çoxdan canı çıxmış və bütün bədəni də soyumuşdu. Lakin daha dəhşətlisi isə bu idi ki, Günelin üzündə və bədənində qaraqançır olmuş yerlər açıq-aydın görünürdü. Döyüldüyü aşkarca hiss olunurdu. Elmurad onun buz kimi üzünü ovucları arasına alıb var gücü ilə çığırdı – “Güneeeeel” – “Yooox, bu ola bilməz”. Bəlkə, oyanar deyə Günelin üzünü sillələməyə başladı, lakin artıq gec idi. “İlahi, bu necə ola bilər axı?” deyə qışqırıb ağlayırdı.
Evdə yalnız başına nə edəcəyini bilməyən Elmurad şok vəziyyətində bir saatdan çox səssizcə oturub Günelin cansız cəsədinə baxıb qalmışdı. Bir müddət sonra düşdüyü şokdan ayılsa da, dili-dodağı quruyub bir kəlmə də kəsə bilmirdi. Qışqırıb bağırmaq, çığırmaq istəsə də, bacarmırdı. Telefonu götürüb ancaq dost tanışlara, ata-anasına bunu yaza bilmişdi: “təcili bizə gəlin, evim yıxıldı”.
Gözlərindən yaş süzülsə də, ağzını aça bilmirdi, elə bil ağzı kilidlənmişdi. Tələsik əynini geyinib mətbəxə keçdi. Üzünə su vurub az da olsa, ayılmaq, nələr baş verdiyini anlamaq istəyirdi. Elə bilirdi yuxu görür… Əl-üzünü yuduqdan sonra gözü stolun üstünə sataşdı, külqabıda yarı çəkilmiş siqaret və stolun digər tərəfində dəftərlə qələm var idi. Dərhal dəftəri götürüb varaqladı. Bu Günelin yemək reseptləri və dükandan-bazardan aylıq alacaq ərzaqları yazdığı dəftər idi. Başqa qeyri-adi bir yazı yox idi. Öz içində danışmağa, suallar verib cavab axtarmağa başladı. “Bu dəftər həmişə soyuducunun üstündə olurdu. Gecə yarısı Günel bu dəftəri neyləyirdi ki? Bəs bu külqabıdakı siqaret nə idi?” Ard-arda cavabsız suallar gəlirdi beyninə. Axı Elmurad siqaret çəkən deyildi. Hərdənbir dost-tanışla ad günündə, bayramlarda azacıq içməyi var idisə, amma siqaretə nifrət edirdi. Hətta Elmurad özündən şübhələnməyə başlamışdı. Ötən gecəni xatırlamaq istəyirdi, harda olduğunu, içkili olub-olmadığını… Başında sanki bir tufan qopurdu, heç nə yadına gəlmir, heç bir cavab tapa bilmirdi. Əli ilə başını yumruqlayırdı…
Yox, o heç vaxt özünü itirəcək qədər içkili olmamışdı. Heç nə anlaya bilmirdi. Gördüklərinə heç bir anlam qata bilmirdi biçarə Elmurad.
Qapının qəfil zənginə diksinib özündən asılı olmayaraq tez qapıya tərəf qaçdı. Gələn qonşu bina da yaşayan uşaqlıq dostu Tural idi. Onu görən kimi qucaqlayıb hönkürtü ilə ağlamağa başladı. Qapının ağzındakı səs-küyə qonşular da gəldi…
Tural vəziyyəti anlayandan sonra polisə zəng vurmağı məsləhət bildi. Çünki o dostu Elmuradı yaxşı tanıyırdı, xasiyyətinə bələd idi. Ümümiyyətlə heç bir canlıya ziyan verməyən, məxsusən qadınlara hörmət və sayqı mövzusunda çox həssas olan Elmurad özünün seçdiyi, sevdiyi bir xanıma belə işgəncə verib öldürməsi mümkün deyildi. Nəsə bir qəribəlik var idi bu işdə, bunu da yalnız polis çözə bilərdi. “Onsuz da polisə zəng vurmasaq da, gələcəklər, elə bizim öncədən zəng vurmağımız daha münasibdir”, deyə düşünüb zəng vurdu.
Artıq Elmurad gilin mənzili insanlarla dolu idi. Eşidən, bilən bütün qohum-qonşu gəlib özünü çatdırmışdı. Ağlaşma səsləri binanı götürmüşdü…
Günelin anası Sevil xanımın isə ah-naləsi kəsilmirdi. Ən çox da Elmuradı söyür, qarğış edirdi…
– Sənin əllərin qurusun, səni görüm tikə-tikə olasan, balamı bu günə qoyduğun yerdə. Sən mələk cildinə girmiş şeytansan, əzrayılsanmış bizim xəbərimiz olmayıb. Hamı səni tərifləyirdi, görsünlər indi sənin kimi ilanı, tanısınlar. Mənə telefonda deyirdin Günel yatıb… demək axşamdan bilirmişsən… Sən mənim balamı bədbəxt elədin səni görüm bədbəxt olasan. Qadını da bu cür döyərlər, ay biqeyrət? Neyləmişdi, sənə pis baxırdı, pis arvad olmuşdu sənə?
Qohumların mane olmağa çalışmalarına baxmayaraq Sevil xanım əlləri ilə Elmuradın üzünü cırmaqlayıb cırmışdı, üzündən qan axırdı. Elmurad isə ancaq ağlayır və bir kəlmə belə demirdi. Polislər gələnə kimi bir neçə qohum, dost-tanış əsəbdən özünü saxlaya bilməyib, kimi söydü, kimi üzünə tüpürdü Elmuradın… Amma Elmuradın valideynləri isə qəti heç nə danışmır, sakitcə durub baxır, nə olduğunu anlamağa çalışırdılar.
Polislər evdə bəzi axtarışlar edib, fotoşəkillər çəkib, mənzildən hamını çıxardıb qapını möhürlədilər. Elmuradı da, meyiti də maşınlara qoyub apardılar.
Ekspertiza müddəti nisbətən uzun çəkdi…
Günel, kasıb bir ailədə dünyaya göz açmışdı. Üçüncü qız olduğu üçün valideynləri tərəfindən hələ ana bətnində olarkən arzuolunmaz bir övlad olmuşdu. Dünyaya gəlişi də sevincli, bayramlı deyildi. Allah nə gözəllik, nə şirinlik desən bu qıza bəxş etmişdi. Dil açandan sonra çoxlarını şirin söhbətləri ilə özünə cəlb edirdi. Məxsusən bacıları ondan ötrü ölürdülər. Qucaqlarından yerə qoymurdular. Gah güldürür, gah ağladıb hər iki halından həzz alırdılar.
Günel, kasıblıq nə olduğunu 4-5 yaşlarında artıq başa düşməyə başlamışdı. Evdə valideynlərin uşaqların yanında aşkarca bütün problemləri danışması onların saf, təmiz beyinlərində çox erkən “nisyə”, “borc”, “pulsuzluq”, “yoxluq” və s. neqativ fikirlərin toxumlarının cücərməsinə səbəb olmuşdu.
Kaş ki, bütün valideynlər biləydi, biləydi ki, bilməyərək danışdıqları, etdikləri ən xırda saydıqları səhvlər övladlarının həyatında böyük fəsadlar yaradır. Elə fəsadlar ki, o fəsadların övladın şəxsiyyətinin formalaşmasında saysız mənfi təsirləri olur. Hansı ki, övlad bu təsirlərin kökünü şəxsiyyətindən, ruhundan təmizləmək üçün çapalasa da, çox vaxt mümkünsüz olur. Böyüdükcə özünə güvənməmək, qorxaqlıq, tənbəllik, özünü ifadə edə bilməmək, danışmağa çəkinmək, özünə qapanmaq, acıqlı-stressli olmaq, kobudluq və s. psixoloji problemlər valideynlərin həmin səhvlərinin nəticəsi olur.
Günel kasıblığın necə böyük bir bəla olduğunu məktəbə gedəndən sonra daha yaxşı anlamağa başladı. Hər il sentyabr ayı gəlməmiş uşaqların məktəb paltarları, məktəb ləvazimatlarına maddi imkan olmadığından evdə söz-söhbətlər, dava-dalaşlar başlayırdı. Atası taxta ustası idi, evlərdə döşəmə, tavan və başqa taxta işləri görürdü. İş burasında idi ki, daimi işi yox idi, ayda bir dəfə işi olurdu, ya da bəzən heç olmurdu. Atası işləyəndə də çox vaxt pulunu ya yarımçıq alırdı, ya da müştərilər ödənişi gecikdirirdilər. Pul alanda da borcların bir qismini verirdi və evə yalnız vacib ərzaqları alırdı, vəssalam.
Günel çox vaxt özündən böyük bacılarının paltarları ilə məktəbə getməli olurdu. Əslində bacıları da heç təzə paltar geyinmirdilər, hansısa imkanı yaxşı olan qohumlar öz uşaqlarının geyinib istifadə etmədiyi paltarları onlara göndərirdilər. Günel 6-ci sinifdə oxuyanda oğlanlardan biri ona “bu koftanı keçən il bacın geyinirdi, indi sən geyinirsən” dediyi üçün utandığından ağlaya-ağlaya evə qayıtmışdı. Çox pərt olmuşdu, sinif yoldaşılarının yanında alçalmışdı.
Bu kimi olaylar onun üçün nə qədər çətin olsa da, qüruru tapdansa da, birtəhər dişini sıxıb dözməliydi. Necə olur-olsun məktəbə getməli, təhsilinə davam etməliydi. Heç məktəbdə baş verənləri də evdə danışmazdı ki, valideynləri ona görə üzülməsinlər. Ümümiyyətlə ailəsinə yük olmaq, üzüntü yaşatmaq istəmirdi. Elə evdəki hər söz-söhbətdə özünü günahkar bilirdi. Düşünürdü ki, ata-anam çalışır natamam da olsa, məni yedirir, içirir, geyindirirlər, amma mənim ailəyə heç bir xeyrim dəymir. Yaşı az olduğu üçün əlindən heç nə gəlmirdi. Qərar vermişdi ki, mən yalnız oxuyub savadlı olmaqla həm özümü, həm də ailəmi sıxıntılardan qurtara bilərəm. Çünki, Günel böyüdükcə, özünü və ətrafı anladıqca ailəsinin kasıblıq durumunun səbəbini ata-anasının heç birinin savadlı olmaması, təhsildən kənar qalmasında görürdü. Odur ki, nə olursa-olsun bütün çətinliklərə dözəcəyinə və oxuyub ali təhsil alacağına söz vermişdi. Baxmayaraq ki, məktəbdə kasıblığına, pulsuzluğuna görə çox aşağılanmış, çox üzüntülərə qatlanmışdı. Böyüdükdən sonra da, illər keçsə də, həmin günlər heç yadından çıxmırdı. Bir olay isə onu çox sarsıtmışdı.
8-ci sinifdə oxuyarkən bütün digər siniflər kimi onların da sinfi “Yeni il” karnavalı keçirməyi planlayırdı. Hər kəs bir təklif edirdi, biri deyirdi tortu mən gətirəcəm, digəri deyirdi şarları mən alacam, adam sayına nə qədər pul yığılmalıdır deyə hesablama aparanlar kim və. s. Günel isə həmişəki kimi heç nəyə qarışmırdı. Çox belə tədbirlər olmuşdu, o, heç birinə qatılmırdı. Düzdür, könlü istəsə də, amma valideynlərini heç vaxt öz könül istəyinə görə narahat etmək istəmirdi. O, uşaq yaşlarından möhkəm olmağa çalışırdı. Çox vaxt özünə belə təsəlli verirdi, 1 saatlıq tədbirdi də, yeyib-içib oynayıb bitirəcəklər. Guya nə dəyişəcək ki? Onlar da həmin adam olacaqlar, mən də…
Bu dəfə isə fərqli oldu. Qızlardan ona ən yaxını olan Asudə çox təkid etdi ki, sən də gəl qatıl tədbirə, heç nə lazım deyil, özümüz hər şey düzüb-qoşmuşuq, evdən də heç nə istəməyinə gərək yoxdur. Bir dəfə mənim xətrimə gəl, qoy bizim ürəyimiz də rahat olsun. Çox çək-çevirdən sonra Günel razı oldu. Kaş razı olmayaydı…
Əvvəlcə hər şey öz axarında idi , musiqi, çal-çağır, yemək-içmək, stolda, demək olar ki, hər şey var idi, Günelin aylarla, bəlkə, illərlə yemədiyi banan, kivi, cürbəcür şirniyyatlar… nə qədər gözütox olsa da, nəfsin istəyi qarşısında dünyanı hələ doğru-düzgün dərk edə bilməyən bu cılız qızcığaz hərəsindən azacıq da olsa, dadmışdı. Hələ ürəyindən keçirmişdi ki, kaş bacılarıma və ata-anama da bunlardan bir diş daddıra biləydim, mən burda onlarsız yeyirəm. Ömründə birinci dəfə idi ki, belə sevincli, şən görünürdü, sinif yoldaşları ilə qaynayıb-qarışırdı. Niyə də sevinməsin axı, onu da təd birə çağırmışdılarsa, demək ona dəyər verirdilər, onun pulu, imkanı olmasa da, yanlarında görmək istəyirdilər. Bəlkə də ilk dəfə idi ki, pulun deyil şəxsiyyətin, insanlığın önəmli olduğunu görürdü. Lakin bu sevinc çox çəkmədi.
Karnaval bitəndən sonra süfrəni yığmaq, batmış stəkanları və qabları yumaq işini elə məhz Günelə tapşırmaq onun bütün sevincini, etimadını alt-üst etdi. Mesajı anlasa da, hətta bilərəkdən qızlardan soruşdu ki, bu qədər qabı mən tək necə yuyum, birlikdə köməyləşib yusaq olmazmı? İçlərindən həmişə bahalı-bahalı geyimlər geyinən, sağa-sola pul xərcləyib forslanan Sevinc dodaqaltı mızıldandı: “havayı gəlib yeyib-içmisən, təmizlə də, mən təmizləyən deyiləm ki…” özünü güclə sıxıb saxlasa da, birtəhər qabları yuyub bufetçiyə təhvil verdikdən sonra heç kim onu görməsin deyə məktəbin tualetinə girib qapını bağlayıb hönkürtü ilə ağlamışdı. Ağlamışdı ki, ürəyi boşalsın evə bu halda getməsin, əsəbləşib başına gələnləri danışmasın. Həm narahatçılığa və üzüntüyə səbəb olmaq istəmirdi, həm də onsuz da evdə onun oxumağına, məktəbə davam etmələrinə razı deyildilər. Belə şeyləri eşidib ümümiyyətlə məktəbə qoymayacaqdılar. Anası tez-tez deyirdi, nə vaxt 9-cu sinfi bitirər digər bacıları kimi bu da oturar evdə, canımız qutarar bunun paltar, kitab-dəftər problemlərindən. Amma Günelin oxumağa həddindən çox həvəsi var idi. Bacılarından fərqli olaraq o heç vaxt kitab dəftər olmadığını bəhanə etməzdi, olmayan kitablarını sinif yoldaşlarından alıb dərslərini oxuyar, tez də qaytarıb verərdi. Yaddaşı da çox güclü idi. Bütün müəllimləri onun ağıllı, mərifətli olduğunu, ən əsası da, yaxşı zehninin olduğunu deyirdilər.
Bu karnaval olayından sonra Günel qızların heç biri ilə danışmadı, hətta rəfiqəsi Asudəni də daha yaxına burxmadı.
Məktəb də gözündən düşmüşdü, heç kimə etibarı qalmamışdı. Müəllimlərin də pullu uşaqlarına, varlı şagirdlərə necə yaltaqlandıqlarını, şişirdilmiş qiymətlər verib oxumağa həvəsləndirdiklərini, dərsi pozsalar belə, imkanlı şagirdləri heç vaxt cəzalandırmadıqlarını görüb məktəbdən iyrənirdi. Məktəbli olmasına baxmayaraq dünyadakı ədalətsizlikləri artıq dərk edirdi. Amma bu yaşaqdıqlarını kənarda saxlayaraq dərslərini axsatmamağa çalışır, daim çox oxumağa, fənləri yaxşı öyrənməyə çalışırdı.
“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqlarını verməyi əmr edir…” (“Nəhl” surəsi, 90.)
На этой странице вы можете прочитать онлайн книгу «Qızlar oxumasın», автора Eldar İlqaroğlu. Данная книга имеет возрастное ограничение 16+, относится к жанрам: «Книги о войне», «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «образование», «драма». Книга «Qızlar oxumasın» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты
