Ey göylərdə doğulan məleykə, toxun mənim şeypuruma,
Çünkü bütün Allahın mələkləri Cənnətlik olurlar.
Yolüstü mən sınmış bir taxta parçası ilə qarşılaşdım,
Mən onu qırmızı lentlə və kəndirlə bağladım…
Suyun vurub sahilə atmış şam ağacını tapdım mən,
Onun gövdəsində mən oyub quş şəkli çəkdim.
Düşüncələrimdə çox zaman mən göylərə üz tuturam.
Əminəm, onlara həyat da verə bilərəm.
O quşlardan bəziləri axınlarda, gölməçələrdə oturublar,
Bəzi balaca quşlar da onların yanında boynubükük…
Gün işığı limanı, körfəzi ilıq şüaları ilə işıqlandırır.
Gün işığı möcüzəvi yerlə birləşib həyat verir dünyaya.
David Stefansson, 1895-1964
Kleppə – dənizin ortasında nəhəng bir tikili kimi ucalan psixiatriya xəstəxanasına qəbul ediləndən sonra, uşaq vaxtlarım yadıma düşdü, kələ-kötür küçədə bir boz, dumanlı gündə dayanan evləri və palçıqlı gölməçələri seyr etməyim yadıma düşdü.
Birdən orta yaşlarında bir kişi diqqətimi çəkdi. O, evin yağışın islatdığı pilləkənlərini bir-bir aşağı enirdi, onunla bərabər arıq, təxminən iyirmi yaşlarında olan oğlu da pillələri enirdi.
Oğlanın qara, qıvrım saçları vardı. O xəzli yaxalığı olan qısa, dəri jaket geyinmişdi, atasının isə əynində yüngül gödəkcə və ona bir qədər boş qalan iş şalvarı vardı.
Ata oğlunun çiynindən tutmuşdu və onu kobud şəkildə irəli doğru itələyirdi. Onun saçı dumanın fonunda qəribə şəkildə rəngsiz görsənir, köynəyinin qolları isə poliverinin qollarının altından çıxırdı.
Onlar küçəyə çatanda qaçaraq özümü onlara yetirdim və atanı çağırdım.
– Sən onu hara aparırsan?
Ata oğlunun çiyninə baxmadan geri çevrildi.
– Kleppə aparıram. – deyə hirslə cavab verdi.
Su damcılarından alnı parıldayırdı. Onun elə bir üz ifadəsi vardı ki, sanki dişlərini xırçıldadırdı. Gözlərinin bozluğunun arxasında qəzəbdən parıldayan, alışıb-yanan bəbəkləri seçmək olurdu.
Sonra onlar dumanın içərisində yox olub itdilər.
Duman onları anamın mənə danışdığı sehrli nağıllardakı kimi uddu. Yadımdadır, həmişə yatmazdan qabaq anamın nağıllarının çoxu bu sözlərlə başlayırdı: “Uzun, uzun zaman bundan öncə....”
Həmin nağıllarda insanlar dağlara və qayalara çevrilərdilər, yaxud da ulduzların göylərdə sayrışdığı vaxtda qaranlıq meşənin yollarında külə dönərdilər.
Onlar qaranlıqdan baxan saysız-hesabsız parıldayan gözlər kimi görünürdülər: sonradan qaranlıq artan sürətlə mənim üzərimə düşəcəkdi qaranlıq… amma ulduzsuz, ay işığı olmayan bir gecədə.
Həmin gündən sonra bir daha həmin ata və oğulu görmədim, hələ də həmin hadisənin ətrafındakı gerçəklikdən xəbərsizəm.
Mən əgər başqa dünyanın içərilərinə baxmalı olsaydım, o mənim gözümdə həyatın özü qədər böyük görünərdi. Amma bu gerçəklik idisə də, mənim bu gerçəklik haqqında zərrə qədər düşüncəm yox idi.
Təbii ki, mənim gerçəkliyi başa düşməyim gerçəkliyin məni başa düşməyi qədərdir. Bu baxımdan biz bərabərik. Bəli, onun mənə heç bir izahat borcu yoxdur və mən ona olan borcumu qaytarmışam.
Əlbəttə ki, nəzəriyyələrinin gerçəkliklə çox pis uzlaşmasını eşidəndə Heqelin (Almaniya,1770-1831) dediyi cavabı verə bilərik: yazıq gerçəklik, mənim gerçəkliyə çox yazığım gəlir.
Bu şairlərin yaza bildiyi bir şeydir.
Bu filosofların deyə biləcəyi bir şeydir.
Amma düşüncələrimizin gerçəkliklə uzlaşmadığı zamanlarda sığınacaqlara məhkum olan və müəssisələrdə saxlanılan bizlərin buna bir cavabı olmur. Çünki bizim dünyamızda doğru və yalnış arasındakı fərqi bilmək haqqı ancaq yad adamlarda olur.
Psixoloji dərmanlar buludu havadan asılı qalıb, sanki günlər keçmir, bir yerdə dayanıb.
– Paul.
Adımı eşidəndə bədənim əsdi, amma heç bir reaksiya göstərmədim. Reaksiyalarım uzaqlarda havada açılıb.
Gözlərimdə sonsuz sakitlik, rahatlıq nəzərə çarpır.
Soyuq bir sakitlikdə fırtına…
Mən əbədiyyətin gözündə dəli bir at idim. Sonradan uzanıb səmanı seyr edirdim.
Günəş sürüşüb ürəyimə düşdü.
Və parıldayan işıqları soldu günəşin…
Bir dəfə, çox-çox uzaq illər bundan öncə anam bir yuxu görmüşdü.
Yuxu ilə bağlı qəribə məqam ondan ibarət idi ki, bu yuxu unuduldu və mən öz yoluma səyahətə başlayana kimi bir daha meydana çıxmadı.
Yox, burada söhbət heç də “Bitlz” qrupunun oxuduğu, sevgi evinə aparan uzun və dolanbac yollardan getmir. Söhbət başqa yoldan gedir, daha uzun, daha qaranlıq yoldan.
Bu dörd at haqqında olan bir yuxu idi.
Anam Qudrun mən anadan olandan bir gün öncə bu yuxunu görmüşdü. Demək həmin məşum gündən qırx ilə yaxın vaxt keçib.
Yuxusunda anam on yaşlı bir qız imiş. O Sudurlandsbraut boyunca gedən bir avtobusda imiş. Məktəbdən evə qayıdırmış.
Avtobus kələ-kötür yollarda yırğalana-yırğalana irəliləyirmiş.
Təkərlərin altından çıxan toz ətrafı toz dumanına bürüyübmüş.
Yaz fəsli idi.
Birdən-birə o, avtobusun qabağından bir itin cərgələrin arası ilə hərəkət etdiyini gördü. İt düz onun oturduğu yerə doğru gəlirmiş. Anam qorxub ayağa qalxdı.
İt arxa ayaqları üzərinə qalxaraq anamın ayaqlarını iyləyir onu tutmaq istəyirdi. Anama “sevgisində” o qədər inadkar imiş ki, yazıq arvad artıq növbəti dayanacaqda düşərək avtobusu tərk etmək məcburiyyətində qalıb.
O Suldurlandsbraunda çatmamış arxın kənarı ilə qaçmağa başlayır. Saçları küləkdə uçuşur. Çarşabı kürəyinə düşür. Paltosu əyninə dar gəlir.
Quşlar aydın, mavi səmada oxuyurdu və müharibə hələ ki, başlamamışdı.
Hazırda Suldurlandsbrautuna tikilən, yaxud tikilməkdə olan binalardan o zaman əsər-əlamət yox idi.
Arxdakı su güzgü kimi hamar və şəffaf idi. Günəş şüası suyun üzərinə düşür və onu parıldadırdı. O, səmanı da canına çəkirdi. Uzaq məsafalərdə mavi dağlar gözə dəyirdi.
Anam arxların arasında hoppanaraq çəmənliyə doğru qaçırdı. Torpaq onun ayaqlarının altında burulurdu. Ot bərq vuran lava axınına bənzəyirdi. Dayansaydı əgər, torpaq anamı udacaqdı.
Çəmənliklə uzun müddət irəlilədikdən sonra o, dörd ata rast gəldi. Onlar hər biri bir-birindən bir neçə metr məsafədə boyunlarını büküb otlayırdılar. Anam əvvəllər bu atları heç zaman görməmişdi. Onlar babamın atları deyildilər.
Amma onlar boy-buxunlu, gözəl və məğrur atlar idi: onlardan biri şabalıdı rəngdə, ikincisi qəhvəyi, üçüncüsü kəhər at, dördüncüsü isə alapaça idi.
Mənim anamda bu atların ona məxsus olması hissi yarandı. Onlar indi təhlükədə idilər. Anam onları xilas etməli idi.
Atlar qaçaraq oradan uzaqlaşanda, alapaça gecikməyə başladı. O qaçaraq dövrə vurur, özünü çox qəribə aparırdı. Sonra o başqa atlar kimi irəliləməyə başladı, amma bunu bacarmadı və səndələyib yıxıldı.
Anam ona çatanda o, yerdə ölü uzanmışdı. Anam bir anlıq onun açıq gözlərinə baxdı. Bir an sonra o artıq yuxudan durmuş, yatağında gözləri açıq uzanmışdı. Çünki mən sonradan yoxa çıxacağım bu dünyaya gəlmək üçün təpik-yumruq atmağa başlamışdım.
Sonra yuxu anamın yadına düşdü.
O, evdə, salonda oturub nəzərini göylərə dikmişdi, sonra təsadüfən qarşısındakı balaca masaya baxdı, mənim şəklimə, gülərək oturduğum şəklimə… şəkil şəhərdə fotoqrafın studiyasında çəkilmişdi.
Anam əlləri ilə gözlərini örtdü. Bir anlıq hiss elədi ki, yuxusu hər zaman onunla birlikdə olub.
Şübhəsiz ki, bu gerçəklikdən yaxşı xəbərim var: öz əhvalatını nənələri, hətta lap ulu nənələri də daxil etmədən nəql etmək mümkün deyil. Bu hər kəs tərəfindən qəbul edilən bir nəzəriyyədir.
Ona görə də bəzi insanların yazdıqları avtobioqrafiyanın bir neçə cild təşkil etməsi elə də təəccüblü olmamalıdır. Çünki onlar özləri doğulana kimi, var olanlardan danışırlar.
Bir şeyi deyim ki, mənə görə heç kəs öz həyatı sona çatmamış avtobioqrafiya yazmamalıdır.
İnsanlar üçün öz avtobioqrafiyalarını bir neçə cilddə yazmaq heç də görünməmiş bir hal deyil.
Qəhrəmanların diri olduğu və sonda kitaba təpik atdığı kilsə şuralarının boş sədrlərinin səhnədən düşdüyü İslandiyada nəticə etibarilə mən ən çox yayılmış avtobioqrafik formaları sevmirəm.
Bundan əlavə islandiyalıların keçmişlərinə, ailə şəcərələrinə və genlərinə olan maraqlarının instinktiv maraq olması haqqında deyilənlər də xəyal məhsulundan başqa bir şey deyil.
Məncə islandiyalıların genologiyaya olan maraqları ağac çatışmazlığı ucbatından baş verir. Ağacların seyrək olması səbəbindən, insanlar məcbur olurlar ailə ağaclarını arayıb-axtarmağa. Bununla da onlar əcdadlarının arasında meşə tapmağa ümid edirlər…
Mən Hrinqbraut milli parental mərkəzində doğrulmuş bir Reykyavik vətəndaşıyam. 30 mart 1949-cu ildə Hringbraut Milli xəstəxanasında dünyaya gəldiyim gün, həm də İslandiyanın NATO-ya qoşulduğu gündür.
Bununla belə mən NATO-nu özümlə müqayisə etmək düşüncəsindən uzağam, onun hərbi gücünü öz gücsüzlüyümlə, onun baş qərargahını isə Klepp psixiatrik xəstəxanası, yaxud reabilitasiya bloku ilə müqayisə etmək gülünc olardı.
Amma bir məqamı da inkar etmək olmaz ki, anadan olmağımdan 40 ildən də çox vaxt keçəndən sonra, mən çantalarımı yığıb dünyəvi varlığa qədəm qoyandan sonra, NATO da yol ayrıcında idi.
NATO-nun, bu qüdrətli hərbi gücün müharibə apardığı hər şey artıq çökmüşdü. Bu müharibələr özündən sonra artıq müharibə etməyə, savaşmağa heç kəsi qalmayan əsgər üçün tənhalıqdan başqa heç nə buraxmamışdır.
Berlin divarının çöküşünü xatırlayıram, ona görə yox ki, bu olay mənə maraqlı idi, ya məni narahat edirdi, ona görə ki, mən bu xəbəri eşidəndə düşündüm:
Bu divar çökə bilər, amma mənimlə dünya arasındakı divar heç zaman çökməyəcək. Heç kəs adi gözlə onu görə bilməsə də, bu divar mətn, sarsılmaz şəkildə bizim aramızda dayanıb, oradadır.
Mənim quşlarım qanadlanır. Ey ədalətli tanrı.
Tanrının mələkləri ilə cənnətdə
yenidən görüşmək naminə…
На этой странице вы можете прочитать онлайн книгу «Kainatin mələkləri», автора Эйнара Гудмундссон. Данная книга имеет возрастное ограничение 16+, относится к жанру «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «общество», «драма». Книга «Kainatin mələkləri» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты
