Читать книгу «Azadlıq Haqqında» онлайн полностью📖 — Джона Стюарта Милля — MyBook.
cover

Con Stüart Mill
Azadlıq Haqqında

Con Stüart Mill və yaradıcılığı haqqında

Təhsil, din, cəmiyyət, siyasət fəlsəfəsi, siyasi iqtisad, etika, epistomotologiya, metafizika və digər mövzularda yazdığı əsərləri ilə filosof, iqtisadçı, siyasi nəzəriyyəçi, siyasətçi, sosial liberal, romantik və bunun kimi bir çox statusları özündə daşıyan Con Stüart Mill 19-cu əsr İngiltərəsində yetişmiş ən böyük ziyalılardan biri hesab olunur. Başda ailəsi olmaqla, yaşadığı cəmiyyət və dövrün təsiri altında yaratdığı bir çox əsərlər, siyasi elmlər, siyasi iqtisadiyyat, sosiologiya və fəlsəfə sahələrində ən çox oxunan və dünya fikir tarixində xüsusi yer tutan əsərlər sırasındadır.

Kitabla keçən bir həyat

Con Stüart Mill 18-ci əsrin ikinci yarısında Böyük Britiyaniyada iqtisadi ekollardan biri olan “fəlsəfi radikallar” (əsas üzvləri: Ceyms Mill, Ceremi Bentham, Devid Rikardo) adı ilə məşhur qrupun üzvlərindən biri Ceyms Millin övladı olaraq 1806-cı ildə dünyaya gəldi. O, uşaqlıq və yeniyetməlik dövrünü atasının verdiyi kitab siyahısını oxumaqla keçirdi. Belə ki, üç yaşında yunan dili öyrənməyə başlayan Mill artıq yeddi yaşında Platonu orijinal dilindən oxumağa və səkkiz yaşında latın dilini öyrənməyə başladı. Artıq 15-16 yaşlarında Adam Smith, Devid Rikardo və atasının əsərlərini bitirmiş, o cümlədən Con Lok, Berkley, Helvetius, Kondillak, Virgil, Sisero, Aristotel, Şekspir, Milton, Spenser və digər düşüncə adamlarının əsərləri ilə tanış olmuşdu. Maraqlısı bu idi ki, atasının hazırladığı bu kitab siyahısında din və əxlaqa aid heç bir əsər yox idi.

Atasının Millin təhsili üzərindəki təsiri sadəcə bununla bitmirdi. Belə ki, bütün gənclik illərini kitab arxasında keçirən Mill kilisənin təhsil üzərindəki təsirlərinə görə universitetə buraxılmır və ev şəraitində özəl təhsil alır. Bununla da yeni bir dövr – kitab arxasında keçəcək gənclik illəri başlayır. Daha sonralar buna görə atasını tənqid etsə də, bir çox əsərləri ilə əlaqədar eşitdiyi tərifləri və bu kitabların ərsəyə gəlməsində əsl səbəbkarın atasını olduğunu deyir. Əgər onun yerində hər hansı bir adam olsaydı, o da eyni təlim və təhsildən keçməklə eyni uğurları, bəlkə də daha çoxunu əldə edərdi deyə Mill qeyd edir.

Bununla yanaşı, Mill üzərində ən böyük təsirlərdən biri də atasının yaxın dostu Ceremi Bentham ilə tanışlığı oldu. Belə ki, Bentham dövlət tərəfindən öz işlərinə görə aldığı böyük məbləğdə pulu içində meşə, göllər, heyvanlar və bağların olduğu saraya bənzəyən Ford Monastrını kirayə götürməyə xərcləyir və orada öz ailəsi və Ceyms Millin ailəsi ilə birlikdə yaşayırlar. Bu periodda Con Stüart atası tərəfindən “assosianizm” adlanan psixoloji testlərdən və təlimlərdən keçir. Bu təlimin məqsədi Millin zehnini insanların xoşbəxtliyinin səbəbi olacaq ən yüksək səviyyəyə gətirmək idi. Bunun nəticəsi olaraq Millə ailədən kənar digər uşaqlarla oynamağa qəti qadağa qoyulmuşdu və bu onun sosial həyatının çox dar olmasına səbəb oldu.

Həyatının sonrakı illərində “Faydaçılıq Cəmiyyəti” və daha sonra isə “London Debat Cəmiyyəti” quraraq vətəndaş cəmiyyətində aktiv iştirak edən Mill İngiltərə siyasi həyatında liberal düşüncələrin daha da güclənməsinə təkan vermiş, müxtəlif partiya və bir başa parlamentə öz təsirlərini etmişdi. O, qanunların yaradılması prosesində bir başa təsirli olan liberal ictimai fikir formalaşdırmaq istəyində idi.

Daha sonralar atasının təsirindən çıxmağa çalışan ama bunu bacarmayan Mill ağır psixoloji depressiyaya girir. Amma fransız sosioloqları Henri Sen-Simon və Oqüst Kontun əsərlərini oxumaqla, o cümlədən şeir və sənətlə daha yaxından tanış olması ilə bu depressiyadan çıxır. Bu, həm də atasının təmsil etdiyi fəlsəfi radikalizm cərəyanından uzaqlaşması ilə nəticələnir. Belə ki, Millin həyatının 1830-40-cı illəri romantizm və konservativ ideyalardan təsirləndiyi dövrü kimi dəyərləndirilir. 1832-ci il Bentham və 1836-cı ildə atasının ölümü isə onu yenidən depresiyaya salır. Mill bu dövrdə elmlə şeiri və sənəti, ağılla hissləri, cəmiyyətin faydası ilə fərdin xoşbəxtliyi arasında orta yol tapmağa, fəlsəfi mənada maarifçilik hərəkatı ilə romantizm hərəkatının ortaya atdığı fərqli azadlıq konsepsiyalarının sintezini yaratmağa cəhd edir. Və bu dövr Millin liberalizm, romantizm və mühafizəkarlıq ideologiyaları arasında “orta yol” axtarışı dövrü kimi qiymətləndirilir.

1840-cı illərdən sonrakı period Millin öz fəlsəfi yetişkinliyinə çatdığı dövr hesab olunur. Belə ki, bu dövrdə onu bütün dünyada məşhur edəcək, “Məntiq Sistemi” və “Siyasi İqtisadın Prinsipləri” kitablarını yazır. Daha sonrakı illərdə isə kitablarda müdafiə etdiyi tezislərlə birlikdə müstəqil şəkildə parlamentə seçilməsi onun cəmiyyətdə nüfuzunu daha da artırır. Öz dövrü üçün bir mənalı qəbul edilməyəcək “qadın hüquqları” və bunun kimi bir çox hüquqları müdafiə edir. Növbəti seçkilərdə məğlubiyyətdən sonra isə bütün həyatını yenidən kitablara və məqalələrə həsr edir və 1873-cü il vəfatına kimi elmi işlə məşğul olur.

Yazarın kitabları haqqında

C.S.Millin kitabları sadəcə onun yaşadığı dövrdə çap edilmiş əsərlərlə məhdudlaşmır, belə ki, Mill külliyatına yazarın yaşadığı dövrdəki kitab və müxtəlif jurnal-qəzetlərdə dərc etdirdiyi məqalələrlə yanaşı, ölümündən sonra toplanan və kitab halına salınan bir çox əsəsrləri də daxildir. Bütün bu əsərlər Con M. Robsonun başçılığı ilə Toronto Universiteti daxilində həyata keçirilən layihə çərçivəsində toplanmış və Toronto Nəşriyyatı tərəfindən 33 cilddən ibarət “Con Stüart Millin Seçilmiş Əsərləri” (“The Collected Works of John Stuart Mill”) şəklində çap edilmişdir. Mill külliyatından azərbaycanlı oxucular üçün maraqlı ola biləcək bir neçə vacib kitabın adını qeyd edək:

“İqtisadi Siyasətin Prinsipləri”, “İqtisadiyyat və Cəmiyyət haqqında Esselər”, “İngiltərə, İralandiya və İmperiya haqqında Esselər”, “Məntiq Sistemi I və II”, “Əxlaq, Din və Cəmiyyət haqqında Esselər”, “Fəlsəfə və Klassiklər haqqında Esselər”, “Siyasət və Cəmiyyət haqqında Esselər”, “Fransız Tarixi və Tarixçilər haqqında Esselər”, “Bərabərlik, Hüquq və Təhsil haqqında Esselər”, “Azadlıq haqqında”, “Nümayəndəli Hökumət haqqında Düşüncələr”, “Faydaçılıq”, “Qadınların Kölələşdirilməsi” və s.

“Azadlıq Haqqında” (On Liberty)

Sosial liberal olaraq tanınsa da, bir çox ideologiyalardan təsirlənən Mill siyasət fəlsəfəsi tarixində azadlıq anlayışının ən ehtirası dəstəkçilərindən biri olaraq tarixə düşüb. Bu mənada, “Azadlıq Haqqında” əsəri bir çoxları üçün fərdi azadlıqlar manifesti kimi dəyərləndirilir.

Giriş və dörd hissədən ibarət olan əsər azadlıq, müzakirə və fikir sərbəstliyi, fərdiyyətçilik kimi əsas dəyərləri faydaçılıq baxışı çərçivəsində izah edir və bu anlayışların insan və cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu müxtəlif arqumentlərlə izah etməyə çalışır. Belə ki, kitabın “Düşüncə və Müzakirə Azadlığına Dair” adlandırılan birinci hissəsi bütün ideya və fikirlərin cəmiyyətdə azad şəkildə ifadəsinin nə qədər vacib olduğunu vurğulayır. Bir fikrin ifadəsi o fikrin səhv və ya düz olmasından asılı olmayaraq, cəmiyyətə fayda gətirir və əksinə fikrin ifadəsinə icazə verməmək həmin şəxsə olduğu qədər həmin cəmiyyətə qarşı da, edilən böyük bir mənfilik kimi dəyərləndirilir.

Mill əsərin növbəti hissəsi olan və “Xoşbəxtliyin Ünsürlərindən Biri Olaraq Fərdiyyətçilik” kimi adlandırdığı essedə siyasətin ən əsas vəzifələrindən biri cəmiyyətləri öz xoşbəxtliklərinə və rifahına çatdırmaq olduğunu bildirir. Liberal ənənəyə sadiq qalaraq, cəmiyyətlərin xoşbəxtliyini fərdiyyətçilikdə görür və bu anlayışı xoşbəxtliyin açarı olaraq təqdim edir. Belə ki, fikir azadlığı qədər vacib olan öz həyat tərzini seçmə azadlığı, fərd ola bilmə, ətrafındakı sərhədlərdən qopa bilmə azadlığı ilk öncə fərdlərin, bunun məntiqi ardıcıllığı olaraq da cəmiyyətlərin xoşbəxtliyinə aparır.

Liberal ədəbiyyatın ən çox üzərində müzakirə apardığı mövzulardan biri olan və demək olar ki, liberalizmin klassik məsələsi kimi tanınan “dövlət-fərd” münasibətləri Mill əsərində yeni bir mərhələyə keçir və Mill “Cəmiyyətin Fərd Üzərindəki Hakimiyyətinin Sərhədləri” essesində liberal ideologiyanın qarşısına yeni bir problem (konspesiya halında yeni bir problem) qoyur. Fərdlər sadəcə dövlət və onun qanunları tərəfindən deyil, həm də bir başa cəmiyyət və onun yazılmamış qanunları tərəfindən məhdudlaşdırıla bilər. Bəs fərdin azadlığının cəmiyyət içərisindəki sərhədləri hansılardır? Və yaxud cəmiyyət hüququn xaricində – əxlaq, qaydalar, mədəniyyət və başqa adlarla fərdin azadlıqlarını məhdudlaşdıra bilərmi və ya haraya qədər məhdudlaşdıra bilər? Ortaya atdığı bütün bu suallara Mill kitabın son hissəsi olan “Tətbiqetmələr” essesində hüquq, təhsil, iqtisadi münasibətlər, ticarət, ailə münasibətləri və s. misal çəkərək cavab verməyə çalışır və fərdi azadlıqların bir cəmiyyət üçün nə qədər vacib və toxunulmaz olduğunu və bunun cəmiyyət üçün faydalarını vurğulayır. Bu mənada “Azadlıq Haqqında” əsəri hürriyyət haqda yazılmış və iki əsrə yaxındır ki köhnəlməyən ideyalar olaraq fikir tarixində öz xüsusi yerini saxlayır.

Xəyyam Namazov
Bakı, 2014

Bu kitabı yazılarımdakı bütün yaxşı şeylərin ilham mənbəyi və qismən də müəllifi olmuş qadının, yüksək haqq və həqiqət duyğusu mənim üçün ən güclü təşviq ünsürü, təqdiri də ən böyük mükafat olan dostumun, həyat yoldaşımın ürəyimi yaxıb-yandıran əziz xatirəsinə ithaf edirəm. Bu illər ərzində yazmış olduğum hər şey kimi bu əsər də mənim olduğu qədər həm də onundur. Lakin hazırkı halı ilə bu kitabım onun baxışlarından keçmək kimi yüksək bir dəyərə təəssüf ki, çata bilməmişdir. Çünki o, əsərin ən əhəmiyyətli hissələrindən bəzilərini daha diqqətli bir şəkildə yenidən araşdırmaq işini gələcəyə saxlamışdı; ancaq ömrü vəfa etmədiyi üçün buna imkan olmadı. Onun özüylə birlikdə məzara apardığı böyük düşüncələrinin və nəcib hisslərinin yarısını dünyaya çatdıra bilsəm, sevimli həyat yoldaşımın bənzərsiz müdrikliyinin təşviq və köməyindən məhrum şəkildə yaza biləcəyim hər hansı bir şeyin təmin edəcəyi faydadan daha böyük bir şeyə imza atmış olacağam.

Con Stüart Mill

Giriş

Bu essenin mövzusu «iradə azadlığı» deyil, mülki və ya ictimai azadlıqdır. Başqa cür desək, bu tədqiqat cəmiyyət tərəfindən fərd üzərində qanuni bir şəkildə istifadə edilə bilən hakimiyyətin «təbiəti və sərhədləri»ndən bəhs edir. Bu, haqqında az danışılan, hətta az qala heç müzakirə edilməyən bir mövzudur. Ancaq unudulmamalıdır ki, bu mövzu potensial varlığıyla dövrün əməli çəkişmələrinə dərindən təsir edən və çox keçmədən də özünü gələcəyin həyati problemi olaraq qəbul etdirməsi gözlənilən bir məsələdir. Əslində bu mövzu insanları ən qədim dövrlərdən bəri ixtilafa salacaq qədər köhnə və dərindir. Ancaq bəşəriyyətin yaşadığı mədəni mərhələnin inkişafına paralel olaraq özünü yeni şəraitlərdə göstərir; buna görə də daha fərqli və daha köklü bir araşdırma tələb edir.

Azadlıq ilə hakimiyyət arasındakı mübarizə başda Qədim Yunanıstan, Roma və İngiltərə olmaqla, tarixin bizə məlum olan ən qədim dövrlərinin diqqəti cəlb edən xüsusiyyəti olaraq qarşımıza çıxır. Qədim dövrlərdə bu mübarizə xalq və ya xalqın bəzi sinifləri ilə hökumət arasında olardı. Bu baxımdan azadlıq başdakı idarəedicilərin despotik hakimiyyətinə qarşı qorunmağı ifadə edirdi. Qədim Yunanıstandakı bəzi xalq hökumətləri istisna olmaqla, digər hakimiyyətlərdə idarəedicilər xalqa qarşı düşmən olaraq qəbul edilərdilər. Bunlar səlahiyyətlərini miras və ya fəthlər yoluyla alan və idarə etdikləri adamların razılığına əsaslanmayan bir nəfərin, qəbilə və ya silkin rəhbərliyi şəklində olurdu. Səlahiyyətin təzyiq yoluyla istifadə edilməsinə qarşı hansı növ tədbir alınmış olursa olsun, idarə olunanlar idarə edənlərin üstünlüyünə nə etiraz etmə cəsarətini, nə də etiraz etmə istəyini göstərirdilər. Onların gücü düşmənə qarşı olduğu kimi, öz xalqına qarşı da işlədilə biləcək zəruri, lakin eyni zamanda son dərəcə təhlükəli bir silah olaraq qəbul edilirdi. Cəmiyyətin gücsüz üzvlərini saysız qırğılara yem olmaqdan qurtarmaq üçün bu qırğılardan daha güclü və onların yüksəlməsini önləməklə vəzifələndirilmiş ovçuya ehtiyac vardı. Ancaq sürünün üzərinə hücuma keçməkdə kiçik çalağanların hər hansı birindən daha az istəkli olmayacağını nəzərə alıb bu ovçunun dimdiyindən və pəncələrindən də mütləq müdafiə olunmaq lazım idi. Bu səbəblə vətənpərvərlərin hədəfi idarəedicinin kütlə üzərində istifadə etməsinə yol veriləcək iqtidarına məhdudiyyət qoymaq idi. Onların azadlıq deyəndə ağıllarına gələn şey bax bu məhdudiyyət idi.

Bu iki yolla həyata keçirilirdi. Birincisi, siyasi hüquqlar və azadlıqlar deyilən bəzi toxunulmazlıqları qəbul etdirmək idi. İdarəedicinin bu haqlara müdaxiləsi vəzifəsindən sui-istifadə etməsi kimi şərh olunur, bu da idarə olunanların etirazını və qiyamını qanuni hala gətirirdi. İkincisi isə konstitusiya tədbirlərinin görülməsi idi. Bunun sayəsində cəmiyyətin və ya onu təmsil edən qurumların razılığını almaq iqtidarın fəaliyyəti üçün zəruri hala gəlmişdi. Avropa ölkələrinin çoxunda iqtidar bu məhdudlaşdırma formalarından birincisinə az və ya çox boyun əyməyə məcbur edilmişdi. Amma ikincisi haqqında bunu demək olmazdı. Buna çatmaq və ya qismən olduğu yerlərdə tam mənasıyla əldə etmək azadlıqsevərlərin əsas məqsədinə çevrilmişdi. İnsanlar bir düşməni başqa bir düşmənlə vuruşdurmaqdan və zorakılığına qarşı bəzi təminatlara sahib olduqları ağa tərəfindən idarə olunmaqdan razı qaldıqları müddət ərzində istəklərində bundan uzağa gedə bilmədilər.

На этой странице вы можете прочитать онлайн книгу «Azadlıq Haqqında», автора Джона Стюарта Милля. Данная книга имеет возрастное ограничение 16+, относится к жанру «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «свобода», «книги для чтения на азербайджанском языке». Книга «Azadlıq Haqqında» была издана в 2022 году. Приятного чтения!