Читать книгу «Kəlilə və Dimnə» онлайн полностью📖 — Bəydəba — MyBook.
image
cover

Bəydəba
Kəlilə və Dimnə

İbn-əş-Şah əl-Farisi adı ilə şöhrət tapmış Behnud ibn Səhvanın müqəddiməsi

…Şükr-sənadan sonra biz bu müqəddimədə brəhmənlərin11 başçısı, hind filosofu Beydəbanın hind padşahı Dəbşəlim üçün tərtib etdiyi «Kəlilə və Dimnə» kitabının yazılmasının səbəbini göstəririk. Bu kitab ona görə heyvanların və quşların dilindən yazılmışdır ki, onun əsl məqsədi cahillərdən və nadanlardan gizli saxlansın. Axmaq adamlara onun məzmunu yüngül görünə bilər, fərasətli adamlar isə onda olduqca dərin, qiymətli və ibrətli bir məna taparlar, mənbələri nöqteyi-nəzərindən isə çox zəngin və gözəl olduğunu görərlər. Bu kitab filosof üçün – əngin bir fəzadır, ağıl üçün – böyük məşq meydanıdır, söz aşiqləri üçün – unudulmaz xatirədir, mənasını dərk edib qananlar üçün gözəl bir ibrət xəzinəsidir. Biz İran padşahı Xosrov Ənuşirəvanın həkimbaşı Bərzuyəni hindlilər ölkəsinə «Kəlilə və Dimnə»nin dalınca göndərməsinin səbəbini göstəririk. Biz, Hindistana gəldikdən sonra, gecələr gizli surətdə şahın xəzinəsində bu kitabın üzünü köçürməyə razılıq verən adamı tapana qədər Bərzuyənin necə kələklər işlətdiyini, hind alimlərinin başqa kitablarını, on xanalı2 şahmatı və bu kitabı İrana necə gətirdiyini təsvir edirik.

Biz burada Büzürgmehr İbn-əl Buxteqanın kitabın mənşəyi haqqındakı müqəddiməni nə üçün yazdığını da söyləyirik. Eyni zamanda kitabın məziyyətlərini də deməkdən çəkinmirik. Biz bu kitabı ələ keçirmiş hər bir adamı təhrik edirik ki, onu öyrənsin, ona dönə-dönə müraciət etsin, onun faydalı və ibrətli cəhətlərinə diqqət versin. Yalnız bu zaman oxucu görəcək ki, bu kitab insan ürəyinin meyl etdiyi bütün əyləncələrdən yaxşıdır. Bunun üçün kitabdakı rəmzli danışıqların sirrini kəşf etmək lazımdır. Əks təqdirdə, oxucu kitabın qarşıda qoyduğu məqsədə nail ola bilməyəcəkdir. Biz burada Bərzuyənin qayıtmasını və kitabı oxumaq üsulunu kəşf etməsini göstəririk. Büzürgmehrin nə üçün xüsusi bir fəsil yazaraq onu «təbib-Bərzuyə» adlandırdığından da danışırıq. Həmin fəsildə Bərzuyənin anadan olduğu gündən necə oxumağa başladığı, dindarlığa meyl etdiyi, fəlsəfəni sevdiyi, müxtəlif fəlsəfi cərəyanlar ilə tanış olduğu göstərilir: Biz bu fəslin kitabın əvvəlində olan «Şir və öküz» fəslindən qabağa salınmasının da səbəbini göstəririk.

Əli ibn-əş Şah Farisi belə nəql edir ki, filosof Beydəba «Kəlilə və Dimnə» kitabını hind padşahı Dəbşəlim üçün aşağıdakı səbəbə görə yazmışdır. Rumlu İskəndəri-Zülqərneyn Qərb şahlarını məğlub etdikdən sonra Şərq padşahlarının, iranlıların və başqalarının üzərinə hücuma başladı. O, düşməni məğlub edib aradan qaldırmayınca və ya özünə tabe etməyincə müqavimət göstərənlərə qəddarcasına divan tuturdu, vuruşanlara qarşı vuruşur, sülh istəyənlər ilə sülh bağlayırdı. İran şahları onun yolu üstündə ilk düşmənlər idi. Tezliklə onlar müxtəlif tərəflərə səpələnməyə və pərən-pərən qoşun kimi dağılmağa məcbur oldular. Bundan sonra İsgəndəri-Zülqərneyn öz qoşunu ilə Çin tərəfə yola düşdü və burada rast gəldiyi ilk ölkə Hindistan oldu. O, hind padşahını özünə tabe edib, dinini və hökmranlığını ona qəbul etdirmək istədi. Bu zaman Hindistanda Forek adlı güclü, igid, məğlubedilməz sayılan tədbirli bir adam şahlıq edirdi.

İskəndəri-Zülqərneynin yaxınlaşması xəbəri ona çatdıqda, Forek vuruşmağı qərara aldı. Müharibə üçün lazım olan bütün tədbirləri gördü, pəhləvanları çağırıb döyüşə hazır olmalarını əmr etdi. Qısa müddətdə onun üçün zirehli fil dəstələri, hücum üçün xüsusi təlim görmüş yırtıcı heyvanlar, damğalanmış atlar, uzun nizələr, iti qılınclar, parlaq mizraqlar hazırladılar.

İskəndəri-Zülqərneyn hind şahı Forekin olduğu yerə yaxınlaşdıqda xəbər çatdı ki, hindlilər İskəndərin vuruşduğu ölkələrin heç birində misli görünməmiş, gecə qaranlığı qədər dəhşətli olan süvari dəstələri hazırlayıblar. İskəndəri-Zülqərneyn bunu eşitdikdə tələsik başlanacaq müharibənin fəlakətlə nəticələnəcəyindən qorxdu. İskəndəri-Zülqərneyn hiyləgər, qəddar olmaqla bərabər, həm də fərasətli və təcrübəli bir adam idi. Bir sıra hiylələri sınaqdan keçirdikdən sonra o, ehtiyatlı olmaq, fənd işlətmək qərarına gəldi. O, ordu qərargahı qarşısında xəndək qazdıraraq hələlik tutduğu mövqedə qalmağı, hind padşahına hücum etmək planını fikirləşib tədbir görməyi qət etdi. İskəndər münəccimləri çağırıb əmr etdi ki, hücuma keçib hind padşahını məğlub etmək üçün hansı günün xoş olduğu haqda rəml atsınlar. Onlar şahın əmrini yerinə yetirdilər. İskəndərin belə bir xasiyyəti var idi: hər şəhəri aldıqda oranın müxtəlif sənətlərdə şöhrət tapmış ustalarını özü ilə götürüb aparardı. İskəndər çox fikirləşdikdən sonra birdən ağlına gəldi ki, yanında olan bu ustalardan istifadə etsin. Ustalara tapşırdı ki, misdən adam şəklində içi boş olan atlı süvarilər qayırsınlar, bu atları elə çarxlar üzərinə qoysunlar ki, itələdikdə onlar sürətlə hərəkət edə bilsin. İskəndər əmr etdi, iş qurtardıqdan sonra atların içi neft və kükürdlə doldurulsun, süvarilərə müharibə paltarları geydirilsin və onların hamısı ordunun mərkəz hissəsinin önündə yerləşdirilsin. İki tərəfin qoşunu toqquşarkən onlara od vurulsun, beləliklə, közərmiş süvariləri xortumları ilə götürən fillər geri qaçmağa məcbur olsunlar.

O, ustalara əmr etdi ki, bu işləri tezliklə başa çatdırsınlar. Ustalar ciddi-cəhdlə işə başladılar. Münəccimlərin təyin etdikləri gün də yaxınlaşırdı. Zülqərneyn öz elçilərini hind padşahının yanına göndərib, ona tabe olmağı təklif etdi. Lakin Forek bildirdi ki, Zülqərneyn düşməndir və ona qarşı qəti müqavimət göstəriləcəkdir. Zülqərneyn Forekin bu qərarını eşitdikdə öz zirehli süvarilərilə birlikdə hücuma başladı. Forek filləri qabağa verdi. İskəndərin adamları mis süvariləri irəli sürdülər. Fillər həmləyə başlayaraq öz xortumları ilə mis süvarilərdən yapışdılar. Lakin xortumlarının yandığını hiss etdikdə üstlərindəki əsgərləri yerə çırpıb tapdaladılar, ağına-bozuna baxmadan qabaqlarına çıxan hər şeyi basdalayıb sürətlə geri qaçmağa üz qoydular. Vəziyyəti belə görən Forek və onun qoşunu müxtəlif tərəflərə səpələndilər. İskəndərin cəngavərləri isə onları təqib edir, ağır zərbələr endirirdilər. Bu zaman İskəndər qışqırdı:

– Ey hind padşahı! Gəl mənimlə vuruşaq, öz qoşununa, adamlarına yazığın gəlsin, onları ölümə sürükləmə! Bədbəxt dəqiqələrdə və fəlakətli yerlərdə qoşunu qoyub qaçmaq şahlara yaraşmaz… Şah öz var-dövləti ilə onları müdafiə etməli, onların nicatı üçün öz canından keçməlidir. Şah öz var-dövlətini və həyatını belə onlara qurban verməlidir. Ordunu burax, mənim meydanıma gəl! Bizlərdən kim-kimi öldürsə, o da xoşbəxt olsun.

Forek Zülqərneynin bu sözlərini eşitdikdə bəxtini sınamaq və qalib gəlmək eşqilə onun üzərinə həmlə etdi, o tərəfdən də İskəndər hücuma keçdi. Meydanda bir neçə saat at çapıb silah oynatdılar. Lakin heç biri üstün gələ bilmədi. Belə vuruşmadan yorulmuş İskəndər başqa hiylə və çıxış yolunun olmadığını gördükdə bərkdən elə bir nərə çəkdi ki, onun zərbindən yer-göy lərzəyə düşdü. Bu qışqırtını eşidən Forek, ordusunun başına bir fəlakət gəldiyini düşünərək, dönüb geri baxdı. İskəndər bu zaman ona ağır bir zərbə endirdi. Bu birinci zərbə Foreki yəhərdən ayırdı. İkinci zərbə isə yerə sərdi. Öz şahlarının başına gələn bu fəlakəti görən hindlilər İskəndərin üzərinə hücuma keçdilər, öz şahları ilə birlikdə ölməyi daha şərəfli hesab edərək qızğın müharibəyə başladılar. Lakin İskəndər onlar ilə mərhəmətli rəftar etməyə söz verdi və buna görə də Allah İskəndərə zəfər qazandırdı. İskəndər hindlilərin ölkəsini ələ keçirdi və özünün inanılmış adamlarından birini onlara şah təyin etdi. Lazım olan tədbirləri görüb öz hakimiyyətini tam bərpa edənə qədər Hindistanda qaldı. Sonra İskəndər həmin inanılmış adamı öz yerində qoyub Hindistandan çıxdı, öz yeni hədəfinə doğru yola düşdü.

O, öz ordusu ilə bərabər Hindistandan uzaqlaşdıqda hindlilər İskəndərin yerində qalan həmin adama müti olmaqdan boyun qaçırdılar. Onlar belə dedilər:

– Hindistan kimi əzəmətli bir dövlətə yaraşmaz, bizim nəsildən olmayan bir adam bizə padşahlıq etsin. Belə adam həmişə bizə etinasız baxıb, bizi təhqir edəcəkdir.

Sonra onlar şahzadələrdən birini padşah qoymaq qərarına gəldilər və Dəbşəlim adlı birisini özlərinə şah seçdilər, İskəndərin təyin etdiyi adamı isə taxtdan saldılar. Bu padşahın hakimiyyəti güclənib vəziyyəti möhkəmləndikcə lovğalanmağa, özünü çəkməyə, təkəbbür və qürurla dolanıb, ətrafındakı şahlara hücum etməyə başladı. O, hamıya qalib gəlir və məğlub edilməz sayılırdı. Ona görə, ətrafda olan bütün şahlar vahiməyə düşür, əhali ondan qorxurdu. Öz qüdrətinin gücünü, hakimiyyətinin möhkəmliyini görən Dəbşəlim rəiyyətin qayğısına qalmır, onları təhqir edir və incidirdi. Zaman keçdikcə onun bu qudurğanlığı artdı və o, uzun müddət belə azğınlıqlar etdi.

Dəbşəlim padşahın vaxtında öz bilik və mərifəti ilə şöhrət tapmış, brəhmənlərdən olan müdrik bir filosof vardı, hamı məsləhət üçün ona müraciət edərdi. Onun adı filosof Beydəba idi. Şahın rəiyyətə qarşı bu ədalətsizliyini görən Beydəba onu ədalət və doğruluq yoluna qaytarmaq haqqında çarə düşünməyə başladı. O, bu məqsədlə öz şagirdlərini toplayaraq dedi:– Bilirsinizmi mən sizinlə nə barədə məsləhətləşmək istəyirəm? Onlar dedilər:– Yox bilmirik! O dedi:– Biliniz və agah olunuz ki, mən Dəbşəlim padşahın həddini aşmış ədalətsizliyi, onun törətdiyi, saysız-hesabsız cinayətlər, alçaq hərəkətlər və xalqla bədrəftarı haqqında çox düşünmüşəm və bu qərara gəlmişəm ki, biz aşağıdakı qaydanı özümüzə adət edək:

– Biz, şahın pis fikrə düşdüyünü görcək şəri xeyrə çevirməyə, şahı ədalətli olmağa məcbur etməliyik. Əgər onu özbaşına buraxıb fikir verməsək, bu, heç vaxt bizim üçün güzəşt edilməz; fəlakətlər baş verər, biz həmişə qorxduğumuz bir vəziyyətə, yəni o axmaq adamların vəziyyətinə düşərik ki, onlar bizi özlərindən daha axmaq sayır və bizə alçaq nəzərlə baxırlar. Mən doğma vətəni tərk etmək fikrində deyiləm. Padşahın yaramaz hərəkətlərini davam etdirib, xalqa zülm etməsinə isə bizim ağıl və kamalımız göz yuma bilməz. Onunla mübarizə etmək üçün dildən başqa bizim heç bir silahımız yoxdur. Kömək toplamaq məqsədi ilə başqa yerə getsək – bu da fayda verməz. Narazılığımızı və onun çirkin əməllərini bəyənmədiyimizi duysa, bizi məhv edər.

Siz bilirsiniz ki, güzəranı gözəl, mənzərəsi qəşəng olan yerdə belə, itin şirlə, ilanın öküzlə qonşuluğu təhlükəlidir. Arzu edilməz müsibətlər və ağır fəlakətlərdən özünü qorumaq, iyrənc şeyləri aradan qaldırıb yox etmək, sevimli şeyləri yaratmaq haqqında düşünmək filosofun borcudur. Deyirlər, bir filosof öz şagirdlərinə belə yazmışdır: «Pis adamla qonşu olub dostluq edən dəniz səyyahı kimidir: batmaqdan yaxasını qurtarsa da, qorxu çəkməkdən qurtara bilməz. Əgər belə adam özü-özünü gətirib təhlükəli və dəhşətli bir yerə çıxarsa, onu idraksız heyvan hesab etmək lazımdır; çünki faydalı və zərərli şeyləri kor-təbii olaraq vəhşi heyvanlar da dərk edirlər. Axı, su içmək üçün heç heyvanlar da öz sürülərini təhlükəli yerlərə aparmırlar, təsadüfən gəlib belə bir yerə çıxdıqda, təbii olaraq oradan qaçır və öz canlarını xilas edirlər».

Mən sizi bu iş üçün yığmışam. Siz mənim ən yaxın adamlarım və sirdaşlarımsınız, siz mənim dayağım və istinadgahımsınız. Məlumdur ki, fikir və əqidədə tək qalan adam harada olur-olsun məhv olar, özünə köməkçi tapa bilməz.

Bu barədə belə bir rəvayət də vardır: «Bir Torağay bir filin yolu üstündə özünə yuva tikib yumurta çıxardı. Filin su içmək üçün gedəcəyi bir yol var idisə, o da bu cığır idi. Adəti üzrə fil bir dəfə su içməyə gedərkən yuvanı tapdalayıb yumurtaları əzdi. Torağay bu bədbəxtliyi gördükdə dərhal anladı ki, bunu edən fildir. Uçub filin başına qondu və dedi: -

Şahım! Sən nə üçün yumurtaları əzib, balalarımı məhv etdin?

Özünə nisbətən məni zəif, gücsüz və yazıq sandığın üçünmü belə edibsən? Fil dedi:

– Bəli məhz ona görə. Torağay bunu eşitdikdə uçub quşların yanına getdi və filin onun başına nələr gətirdiyini nəql etdi. Quşlar dedilər: «Biz ona nə edə bilərik? Biz gücsüz quşuq». Belə olduqda Torağay, sağsağan və qarğalara dedi ki, mən istəyirəm, siz mənimlə gedib filin gözünü çıxardasınız, ondan sonra özüm bilərəm, onun başına nə oyun açaram. Onlar razı oldular. Torağay ilə uçub getdilər, filin gözlərini o qədər dimdiklədilər ki, onlar ovulub yerə töküldü. Bundan sonra fil nə su içməyə bir yol tapdı, nə yemək əldə etməyə? Olduğu yerdə nə var idisə, onunla da dolanırdı.

Torağay bundan xəbər tutcaq çoxlu qurbağası olan bir gölməçənin qırağına gəlib əhvalatı danışdı, fildən qurbağalara şikayət etdi. Onlar dedilər: «Biz güclü filə nə edə bilərik?» Torağay dedi: – Mən istəyirəm, siz mənimlə filin yaxınlığında olan bir uçurumun kənarına gedib, orada quruldayasınız və hay-küy qoparasınız. Fil sizin səsinizi eşitcək orada suyun olduğuna inanıb uçuruma düşər. Qurbağalar buna razı oldular. Uçurumun kənarına toplaşıb, quruldamağa başladılar. Susuzluğa tab gətirməyən fil onların qurultusunu eşitcək o tərəfə yollandı və uçuruma yıxılaraq məhv oldu. Torağay isə uçub, onun başı üstə qanad çalaraq dedi: «Ey gücünə öyünüb mənə həqarətlə baxan zülmkar! Boyumun balacalığı ilə işlətdiyim böyük kələyi, bədəninin böyüklüyü ilə elədiyin kəmağıllığı necə gördün?!»

Sizlərdən kim nə düşünürsə, qoy onu söyləsin. Onlar dedilər:

– Ey ağıllı, ədalətli və müdrik filosof, bizim aramızda ən bilikli və ən ləyaqətli sənsən. Bizim mülahizəmizin və fikrimizin sənin əqidən və düşüncən yanında nə əhəmiyyəti ola bilər? Biz bilirik ki, suda timsah ilə bir yerdə üzmək təhlükəlidir. Lakin günah burada timsahda deyil, onun yaşadığı yerə girmiş adamdadır. Əgər sən ilanın dişindən zəhəri çıxarıb, onu öz üzərində sınaqdan keçirsən, bu işdə ilanın heç bir təqsiri olmaz. Kim şirin mağarasına girirsə, o, parçalanmağı da gözünün qabağına gətirməlidir. Fəlakətlər padşaha ibrət olmur, bədbəxtliklər onu sarsıtmır. Şahın keyfinin kök vaxtına rast gəlməsən, inanmırıq ki, həm sən, həm də biz onun qəzəbindən xilas ola bilək.

Beydəba dedi: – Həyatıma and içirəm ki, siz yaxşı dediniz, gözəl cavab verdiniz. Lakin mərifətli və ehtiyatlı adam həm özündən aşağı, həm də özündən yuxan vəzifəli adamlarla məsləhətləşməlidir. Bir ağıl xüsusi məsələləri həll etməkdə bəs olmadığı kimi, ümumi məsələləri həll etməkdə də kifayət etməz. Mənim Dəbşəlim şahla görüşmək qərarım düzgündür.

Mən sizin çıxışlarınızı dinlədim, sizin mənə səmimi dost olduğunuzu, eləcə də, həm mənim həyatım, həm də öz həyatınız üçün narahat olduğunuzu anladım. Lakin mən bir tədbir fikirləşib, bir qərar qəbul etmişəm ki, siz onun nəticəsini mən padşahla görüşüb söhbət etdikdən sonra biləcəksiniz. Şahın sarayından qayıtdığımı eşitsəniz, mütləq mənim yanıma toplaşın.

На этой странице вы можете прочитать онлайн книгу «Kəlilə və Dimnə», автора Bəydəba. Данная книга имеет возрастное ограничение 16+, относится к жанру «Мифы, легенды, эпос». Произведение затрагивает такие темы, как «дидактика», «басни». Книга «Kəlilə və Dimnə» была издана в 2022 году. Приятного чтения!