Bir gün axşam ekzekutor1 İvan Dmitriç Çervyakov ikinci sıradakı kresloda oturub durbin ilə “Kornevil zəngləri”2 operasına baxır və özünü son dərəcə xoşbəxt hiss edirdi. Lakin birdən…
Hekayələrdə “lakin birdən” ifadəsinə tez-tez təsadüf olunur. Müəllifləri qınamaq olmaz: həyat gözlənilmədən baş verən hadisələrlə doludur!
Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi bir anlıq kəsildi… O, durbini gözündən uzaqlaşdırıb əyildi və… asqırdı. Asqırmaq heç kimə heç yerdə qüsur tutulmur. Kəndlilər də, polis rəisləri də, hətta məxfi müşavirlər də asqırırlar. Hamı asqırır. Çervyakov heç pərt olmadı, cib dəsmalı ilə ağız-burnunu sildi və asqırması ilə bir kimsəni narahat edib-etmədiyini bilmək üçün nəzakətli bir adam kimi ətrafına baxdı. Lakin bu zaman ona utanc gətirən bir səhnənin şahidi oldu; qabaqda, birinci sırada oturan bir qoca öz əlcəyi ilə daz başını və boynunu bərk-bərk silir və yavaşcadan deyinirdi. Çervyakov qocanı tanıdı; o, yollar idarəsində işləyən statski general Brizjalov idi.
Çervyakov düşündü: “Asqıranda tüpürcəyim üstünə sıçrayıb! Mənim rəisim olmasa da, hər halda, yaxşı olmadı. Üzr istəmək lazımdır”.
Çervyakov öskürdü və özünü qabağa verib generalın qulağına pıçıldadı:
– Bağışlayın, zati-aliləri, asqıranda üstünüzə sıçrayıb… qəfildən oldu…
– Eybi yoxdur, eybi yoxdur…
– Allah eşqinə bağışlayın. Mən bunu… bilə-bilə eləmədim!
– Eh, oturun yerinizdə, xahiş edirəm! Qoyun qulaq asaq!
Çervyakov pərt olub mənasız bir halda gülümsədi və səhnəyə tamaşa etməyə başladı. O, tamaşa edirdi, ancaq əvvəlki həzzi duymurdu. Çox narahat idi. Tənəffüsdə Brizjalova yaxınlaşdı və onunla yanaşı gedə-gedə astadan dedi:
– Zati-aliləri, mən asqıranda sizin üstünüzə sıçradı… Bağışlayın… Axı mən…
General:
– Ah, bəsdir də… Mən bunu unutmuşam, sizsə yenə də bu barədə danışırsınız, – dedi. Bunu söyləyərkən o, alt dodağını əsəbi halda tərpətdi.
Çervyakov şübhəli-şübhəli generala baxaraq düşünürdü: “Unudubdur, ancaq üzündən zəhrimar yağır, heç danışmaq da istəmir. Onu başa salmalıyam ki, mən bunu bilə-bilə eləməmişəm, bu, təbiətin qanunudur, yoxsa elə güman edər ki, mən onun üstünə tüpürmək istəmişəm. İndi belə düşünməsə də, sonra bu cür düşünə bilər!”
Çervyakov evə gəldikdən sonra öz nəzakətsizliyini arvadına danışdı.
Onun fikrincə, arvadı bu hadisəyə çox ağılsızcasına yanaşdı; o, əvvəl qorxdu, lakin Brizjalovun “başqa” rəis olduğunu bildikdən sonra sakitləşərək dedi:
– Hər halda sən get, üzr istə. Yoxsa elə güman edər ki, sən ictimaiyyət arasında özünü apara bilmirsən!
– Elə də eləmişəm! Üzr istədim, ancaq o, qəribə adamdır… Heç əməlli-başlı bir söz demədi. Danışmağa da vaxt yox idi.
Ertəsi gün Çervyakov təzə vismundirini geydi, üzünü qırxdırdı və izahat vermək üçün Btizjalovun yanına getdi… Generalın qəbul otağına girəndə orada öz işindən ötrü gələn çoxlu adam gördü. General gələnləri yenicə qəbul etməyə başlamışdı. Bir neçə nəfərdən nə üçün gəldiyini soruşduqdan sonra Çervyakova da baxdı.
– Zati-aliləri, dünən, əgər yadınızdadırsa, “Arkadi”də, – deyə ekzekutor izahat verməyə başladı, – mən asqırdım və… sizin üstünüzə sıçradı… Bağış…
– Xataya düşmədik?! Heç dəxli var?! – General o biri adama müraciət etdi. – Sizə nə lazımdır?
Çervyakov rəngi ağarmış halda fikirləşdi: “Heç danışmaq istəmir! Deməli, acığı tutub… Yox, bu məsələni belə qoymaq olmaz… Mən ona izah etməliyəm…”
General axırıncı adamla söhbəti qurtardıqdan sonra içəriyə girmək istəyirdi ki, Çervyakov onun ardınca gedərək mızıldandı:
– Zati-aliləri! Cənabınızın rahatlığını pozmağa cəsarət edirəmsə, bunu məhz peşmançılığımı bildirmək üzündən edirəm!… Özünüz bilirsiniz ki, mən bunu bilə-bilə etməmişəm!
General ağlamsınmış kimi üz-gözünü qırışdıraraq əlini yellədi:
– Cənab, siz məni ələ salırsınız?! – deyərək içəri girdi.
Çervyakov ürəyində düşündü: “Ələ salmaq nədir? Burada heç bir ələ salmaq-filan yoxdur! Özü generaldır, ancaq başa düşmür! İş ki belə oldu, mən daha bu yalançı pəhləvandan üzr istəməyəcəyəm! Qoy cəhənnəm olsun! Ona məktub yazacağam, amma yanına getməyəcəyəm! Vallah getməyəcəyəm!”
Çervyakov evə gedərkən belə düşünürdü. Amma o, generala məktub yazmadı. Uzun-uzadı fikirləşsə də, məktubu necə yazmaq haqqında heç bir qərara gələ bilmədi. Ertəsi gün yenə də özü getməli oldu.
General başını qaldırıb sualedici bir nəzərlə ona baxarkən Çervyakov belə dedi:
– Zati-aliləri, mən dünən sizi narahat edərkən heç də, siz buyurduğunuz kimi, sizi ələ salmaq fikrində deyildim. Mən asqırarkən sizin üstünüzü buladığım üçün üzr istəməyə gəlmişdim, sizi ələ salmaq mənim heç ağlıma da gəlməzdi. Mən sizi ələ salmağa heç cəsarət edərəmmi? Biz başqalarını ələ salırıqsa, belə çıxır ki, böyüklərə heç hörmətimiz yoxdur…
General qəzəbindən göyərərək titrəyirdi. O, birdən:
– Rədd ol buradan! – deyə çığırdı.
Dəhşətdən yerində donub qalmış Çervyakov pıçıltı ilə soruşdu:
– Nə?
General ayağını yerə vuraraq təkrar etdi:
– Rədd ol buradan!
Çervyakovun, elə bil, ürəyi qopdu. O, heç bir şey görmədi. Heç bir şey eşitmədi, yavaş-yavaş qapıya tərəf getdi və küçəyə çıxıb səndələyə-səndələyə yeridi… Evə necə gəldiyini özü də hiss etmədi. Vismundirini çıxarmadan divanda uzandı və… öldü.
Tərcümə edəni: Qılman Musayev
Aydın bir qış günortası… İliyə işləyən sərt şaxtadan qoluma girmiş Nadenkanın gicgahlarındakı qıvrım tellər və üst dodağı üzərindəki zərif tüklər gümüşü qırovla örtülür. Biz uca bir dağın başında dayanmışıq. Durduğumuz yerdən dağın ətəyinə qədər günəşi güzgü kimi əks etdirən hamar eniş uzanır. Qıpqırmızı kətan örtüklü balaca xizək də yanımızdadır. Mən:
– Gəlin, Nadejda Petrovna! – deyə yalvarıram. – Tək bircə dəfə! İnandırıram ki, başımızdan bir tük də əskik olmayacaq.
Nadenka isə qorxur. Kiçik qaloşlarından başlayıb buz dağının ətəyinə qədər uzanan yol ona dəhşətli, ağlasığmaz dərəcədə dərin bir uçurum kimi görünür. Aşağı baxanda, mən onu sürüşməyə çağıranda az qalır ki, Nadenkanın ürəyi düşsün, nəfəsi kəsilsin. Görəsən, uçuruma atılsa, nə olar? Yəqin ki, ya ölər, ya da dəli olar.
– Yalvarıram. Çəkinmək lazım deyil. Başa düşün ki, bu, qorxaqlıqdır, ağciyərlikdir.
Nadenka, nəhayət, yola gəlir, mən onun üz-gözündən görürəm ki, bu razılığın özündə ölüm qorxusu var. Rəngi qaçmış, tir-tir əsən qızı xizəyə oturdub qucaqlayıram və biz birlikdə uçuruma atılırıq.
Xizək güllə kimi uçur. Külək adamın üzünə çırpılır, vıyıldayır, hikkəsindən sanki bizi bərk çimdikləyir, elə bil, başımızı bədənimizdən qoparmaq istəyir. Külək elə möhkəm əsir ki, nəfəs almaq olmur. Sanki, iblis bizi caynağına alıb nəriltiylə cəhənnəmə sürükləyir. Yan-yörəmizdəki əşyalar uzun, sürətlə qaçan bir zolağa bənzəyir… Bax elə bircə an da keçəcək və sanki biz məhv olacağıq!
– Mən sizi sevirəm, Nadya! – astadan deyirəm.
Sürət getdikcə azalır, küləyin hayqırtısı və xizəyin səsi artıq o qədər də vahiməli deyil, nəfəs almaq asanlaşır və axır ki, biz dağın ətəyinə çatırıq.
Nadenka yarımcan haldadır. Rəngi qaçıb, zorla nəfəs alır… Mən onun qalxmasına kömək edirəm.
– Qurtardı! Bir də heç vaxt sürüşmərəm, – deyə o, geniş açılmış, qorxu dolu gözlərini mənə dikir. – Qətiyyən! Az qala, ölmüşdüm!
Bir azdan o özünə gəlir və sual dolu nəzərlərlə gözlərimə baxır: o dörd sözü mənmi demişəm, yoxsa küləyin vıyıltısımı? Mənsə onun yanında durub siqaret çəkirəm, diqqətlə əlcəklərimə baxıram.
O mənim qoluma girir və biz dağın ətrafında bir xeyli gəzişirik. Sirr, deyəsən, ona rahatlıq vermir: o dörd söz deyilmişdi, ya yox? Bu, heysiyyət, şərəf, həyat, xoşbəxtlik məsələsidir, çox vacib, hətta dünyada ən vacib məsələdir. Nadenka səbirsiz, kədərli, nüfuzedici nəzərlərlə üzümə baxır, suallara çaşqın cavab verir, mənim söz açmağımı gözləyir. Ah, bu qəşəng çöhrə necə də dəyişir, haldan-hala düşür! Aydınca görünür ki, Nadenka özüylə mübarizə aparır, nə isə demək, nə isə soruşmaq istəyir, lakin söz tapmır, utanır, qorxur, sevinc ona mane olur…
– Bilirsiniz, nə var? – deyə o mənə baxmadan dillənir.
– Nə var? – soruşuram.
– Gəlin bir də… sürüşək.
Biz pillələrlə çıxırıq. Mən yenə də rəngi qaçmış, tir-tir əsən Nadenkanı xizəyə oturduram, yenə də biz dəhşətli uçuruma atılırıq, yenə də külək hayqırır, xizəyin xışıltısı eşidilir, yenə də enişin ən sürətli və küylü yerində mən pıçıldayıram:
– Mən sizi sevirəm, Nadenka!
Xizək dayananda Nadenka dönüb indicə endiyimiz dağa nəzər salır, sonra diqqətlə mənim üzümə baxır, laqeyd, ehtirassız səsimə qulaq asır və onun bütün varlığı, hətta əlcəyi və papağı belə böyük bir çaşqınlıq ifadə edir. Üz-gözündən sual yağır: “Bu nə işdir? O dörd sözü kim deyirdi? Sən, yoxsa, qulağım səsə düşüb?…”
Bu sirr onu narahat edir, özündən çıxardır. Yazıq qızcığaz suallara cavab vermir, qaşlarını düyünləyir, gözləri dolur. Mən:
– Bəlkə, evə gedək? – deyə soruşuram.
Nadenka:
– Mənimsə… mənim sürüşmək xoşuma gəlir, – deyir və qızarır. – Bəlkə, bir də sürüşək.
Sürüşmək onun “xoşuna gəlir”, bununla belə, xizəyə oturarkən yenə onun rəngi qaçır, nəfəsi qorxudan tutulur, tir-tir əsir.
Biz üçüncü dəfə sürüşürük və mən görürəm ki, o, diqqətlə mənim üzümə baxır, gözlərini dodaqlarımdan çəkmir. Lakin mən dəsmalı ağzıma tuturam, öskürürəm və dağın ortasına çatanda tələsik pıçıldayıram:
– Mən sizi sevirəm, Nadya!
Sirr yenə sirliyində qalır, Nadenka susur, nə haqdasa fikirləşir. Mən onu evə ötürürəm, o, asta-asta getməyə çalışır, addımlarını yavaşıdır, gözləyir, gözləyir ki, mən o dörd sözü deyəcəyəm, ya yox. Mən onun qəlbən iztirab çəkdiyini, “O sözləri külək deyə bilməzdi. Heç istəmirəm də ki, onları külək demiş olsun”, – deməkdən özünü zorla saxladığını görürəm.
Ertəsi gün Nadyadan məktub alıram: “Bu gün xizəklə sürüşməyə getsəniz, məni də aparın. N.” Həmin gündən başlayaraq mən hər gün Nadenka ilə sürüşməyə gedirəm və hər dəfə pıçıltı ilə o dörd sözü təkrar edirəm: “Mən sizi sevirəm, Nadya!”
Tezliklə Nadenka bu cümləyə şəraba, tiryəkə öyrəşən kimi adət edir. Bunsuz yaşaya bilmir. Dağda sürüşmək yenə ona dəhşətli görünür. Lakin indi qorxu və təhlükə hissi sevgi haqqındakı sözlərə, hələ də sirli qalan və qızın ürəyini üzən o dörd sözə xüsusi məlahət verir. Nadenka yenə də ikimizdən – məndən və küləkdən şübhələnir… Ona eşq elan edənin kim olduğunu Nadenka hələ də bilmir, deyəsən, heç bunun fərqinə varmaq da istəmir; hansı qabdan içirsən iç, təki sərxoş olasan.
Bir dəfə sürüşməyə tək getdim. Nadya da burada idi. Gözləri ilə məni arayırdı. Sonra o, ürkək addımlarla yuxarı qalxmağa başladı. Tək-tənha sürüşmək dəhşətlidir, lap dəhşətli. Nadya ağappaq ağarmışdı, tir-tir titrəyirdi, elə gedirdi ki, sanki, bu yol onu edama aparırdı, amma bununla belə o, arxaya baxmadan qətiyyətlə irəliləyirdi. Görünür, qət edibmiş ki, bir də sınaqdan keçirsin. Nağıl kimi şipşirin sözlər mən olmayanda da eşidiləcəkmi? Mən qorxudan rəngi qaçmış qızın xizəyə oturduğunu, gözlərini yumub, həyatla həmişəlik vidalaşıb, yerindən tərpəndiyini görürdüm… “J-j-jj” … xizəyin xışıltısı eşidilir. Nadenka o dörd sözü eşidirdimi, bilmirəm. Yalnız onu görürdüm ki, qız xizəkdən taqətsiz, heysiz halda qalxdı. Amma sifətindən aydın görünürdü ki, Nadenkanın özü də bir şey eşidib-eşitmədiyini bilmirdi. Sürüşən vaxt varlığını bürümüş qorxu onun eşitmək, səsləri seçmək, dərk etmək qabiliyyətini əlindən almışdı.
Budur, baharın ilk ayı – mart gəlir. Günəş daha da ilıqlaşır. Dağın buzu yavaş-yavaş qaralır, öz parlaqlığını itirir və nəhayət, əriyir. Biz daha sürüşməyə getmirik. Yazıq Nadenka daha o sözləri eşitmir, bir də axı kim deyəcəkdi o dörd sözü, artıq külək əsmir, mənsə Peterburqa getməyə hazırlaşıram – uzun müddətə, bəlkə də, həmişəlik.
Bir dəfə, yola düşməyimə iki gün qalmış, axşamüstü bağçada oturmuşdum. Nadenkanın yaşadığı qonşu həyətlə bu bağça arasında hündür hasar vardı… Hava hələ soyuq idi, qar da ki əriməmişdi, ağaclar qış yuxusunda idi, amma baharın ətri aydın duyulurdu, zağcalar da axşamüstü səs-səsə vermişdilər. Mən hasara yaxınlaşıb yarıqdan baxdım. Gördüm ki, Nadenka eyvanda kədərli, intizarlı baxışlarını göyə dikmiş halda dayanıb. Bahar küləyi onun solğun, qəmli çöhrəsini oxşayırdı. Bu külək, bəlkə də, ona buz dağındakı güclü küləyi, o dörd sözü xatırladırdı və onun sifətini sonsuz kədər bürümüşdü, yanağından yaş axırdı. Yazıq qızcığaz əllərini irəli uzatmışdı, sanki küləkdən o sözləri bir dəfə də deməyi xahiş edirdi. Mən küləyin bir azca bərkiməsini gözləyib pıçıltı ilə dedim:
– Mən sizi sevirəm, Nadya!
İlahi, Nadenka necə də dəyişdi! O qışqırdı, güldü, əllərini küləyə sarı uzatdı, o an elə şən, xoşbəxt, elə gözəl göründü ki…
Mən isə yola hazırlaşmaq üçün evə yollandım.
Bu hadisə lap çoxdan olub. İndi Nadenka ərdədir; özümü gedib, yoxsa veriblərmi – bunun əhəmiyyəti yoxdur – artıq onun üç uşağı var. Lakin bizim nə vaxtsa birlikdə sürüşməyə getməyimiz, küləyin ona: “Mən sizi sevirəm, Nadenka!” – kəlmələrini pıçıldaması yəqin ki, unudulmayıb. Bəlkə də, bu onun üçün həyatının ən xoşbəxt, ən zərif, ən gözəl xatirəsidir.
Mən isə artıq yaşa dolmuşam, amma indinin özündə də heç cür başa düşə bilmirəm ki, o sözləri nə üçün deyirdim, niyə belə zarafat edirdim?!
Tərcümə edəni: Dilrüba Rzayeva
На этой странице вы можете прочитать онлайн книгу «Hekayələr», автора Антона Чехова. Данная книга имеет возрастное ограничение 12+, относится к жанрам: «Литература 19 века», «Русская классика». Произведение затрагивает такие темы, как «реализм», «сатира». Книга «Hekayələr» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты